Etiket arxivi: Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov

Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov

Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanovun fotolarda hər zaman eyni pozada dayanmasının maraqlı bir səbəbi var. O, Odessa Universitetində təhsil aldığı illərdə küçədə rast gəldiyi hadisə nəticəsində ciddi şəkildə yaralanmışdı. Belə ki, bir gün küçədən keçərkən bir rus zabitinin yoldan keçən gənc qıza sataşdığını görür və dərhal qızı müdafiə edir. Bu hadisə nəticəsində Xosrov bəy rus zabiti ilə duelə çıxmalı olur. Dueldə rus zabiti ona atəş açaraq gözünü ağır şəkildə yaralayır. Lakin yaralı olmasına baxmayaraq, Xosrov bəy də atəş açaraq zabiti öldürür.
Sonradan məlum olur ki, həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Xosrov bəy sonradan həmin qızla ailə qurur. Xəsarət almış gözünə görə o, şəkil çəkdirərkən həmin gözünün görünməməsinə diqqət yetirir və buna görə də fotolarda həmişə bir pozada dayanır. Şəkillərinə diqqətlə baxdıqda digər gözünün ya qismən örtülü, ya da tamamilə yumulu olduğunu görmək mümkündür.
Qeyd edək ki, Xosrov bəy Sultanov Odessa Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olmuşdu.
* * * * * * *
Xosrov bəy Sultanov 1879-cu il martın 23-də Zəngəzur qəzasının Hacısamlı bölgəsində anadan olub. Orta təhsilini əvvəlcə Şuşa şəhərindəki edadi məktəbində (1887–1889), sonra isə Gəncə klassik gimnaziyasında (1889–1897) alıb. Gimnaziyanı qızıl medalla başa vurduqdan sonra 1897-ci ildə Xarkov Universitetinə daxil olub və burada 1899-cu ilin yayına qədər təhsil alıb. Daha sonra Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə keçib və 1904-cü ilin yayında oranı bitirib. Təhsilini başa vurduqdan sonra Tiflisə köçən Xosrov bəy uzun illər bu şəhərdə həkim kimi fəaliyyət göstərib.
1918-ci il mayın 28-də Xosrov bəy Azərbaycanın İstiqlal Bəyannaməsini imzalayan şəxslərdən biri olub. Tiflisdə yaradılan Azərbaycan Milli Şurasının təsdiqlədiyi birinci hökumət kabinetində hərbi nazir vəzifəsinə təyin edilib. Sonrakı – ikinci və üçüncü hökumət kabinetlərində isə torpaq naziri kimi fəaliyyət göstərib. O, 1919–1920 – ci illərdə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının üzvü olub.
1919-cu ilin yanvarında Bakıya gələn ingilis qoşunlarının komandanı general Tomson tərəfindən Xosrov bəy Qarabağın hərbi valisi təyin edilib. O, fevralın 12-də Şuşaya gələrək vəzifəsinin icrasına başlayıb.
1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Xosrov bəy qısa müddət Şuşa İnqilab Komitəsinin rəhbəri təyin edilib. Lakin tezliklə mühacirətə gedərək Azərbaycanın istiqlal mübarizəsinə xaricdən davam edib.
Sonrakı illərdə Trabzona yerləşən Xosrov bəy 1925–1926 – cı illərdə Təbrizdə və Tehranda yaşayıb. Daha sonra bir müddət Polşa və Almaniyada fəaliyyət göstərib…
Xosrov bəy Sultanov 1943-cü il yanvarın 7-də İstanbulda vəfat edib.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru