Etiket arxivi: Cavid Quliyev

Cavid Quliyev – Azərbaycanda kitab

Azərbaycanda kitab, xüsusilə də elmi kitabların, monoqrafiyaların (tərcümə və ya yerli müəllif məhsulu olmasından asılı olmayaraq) çatışmazlığı uzun illərdir deyilən, yazılıb-pozulan, aydınlığı şübhə doğurmayan məsələlərdəndir.

Bir dəfə mən sertifikasiya üçün Tehranda qaldığım vaxtlarda Təbrizdən olan bir tanışım yataqxanada yanıma gəldi. Tehran İncəsənət Universitetinin magistratura pilləsində oxuyurdu. Mənə dedi ki, Cavid sənə bir işim düşüb. Dedim, buyur. Dedi, mən dissertasiya mövzumu Azərbaycan kinosu haqqında götürmüşəm. Xüsusilə sovet Azərbaycanından başlayaraq Azərbaycan komediya kinolarının tarixini araşdırmalıyam. Amma, açığı, peşman olmuşam bu mövzunu seçməyimə. Səbəbini soruşdum, qayıtdı ki, qardaş, kitab tapmaq mümkün deyil. Hansı sayta girirəm, xeyri yoxdur, sizdə, deyəsən, pdf kitab saytı və ya dissertasiya işlərinin toplandığı vahid informasiya bazası yoxdur. Bəlkə mən səhv eləyirəm, sən mənə kömək elə, bir az da olsa, mənbə tapım. Mövzunu artıq ləğv də eləmək olmur, vaxtını ötürmüşəm, elmi rəhbərimin çox xoşuna gəlib mövzu, indi ilkin tanışlıq üçün məndən “xülasə” gözləyir. Əlimdə mənbə yoxdur ki, nəsə yazım.

Oturdum kompüterin qarşısında, arada Azərbaycan kinolarından danışa-danışa (yeri gəlmişkən, sovet dövrü Azərbaycan kinosunu çox yaxşı bilirdi, aktyor-aktrisa heyətini, rejissorları yaxşı tanıyırdı, problemi nəzəriyyə idi) Milli Kitabxanadan bəri hər yerə baş vurdum, birlikdə üç saata yaxın vaxt sərf eləsək də, necə deyərlər, dişə dəyər heç nə tapmadıq. Bu məni çox utandırdı. O əvvəlcə deyirdi, ola bilsin, mən sizin əlifba ilə düz yazmıram, ona görə nəsə çıxmır, çünki mümkün deyil ki, kitab olmasın; amma, belə göründü ki, mümkün imiş. Azərbaycan kinosunun tarixçəsi ilə bağlı ümumi məlumatların olduğu qalın bir kitab tapmışdım, (pdf yox, sadəcə şəkil idi), onda da qayıtdı ki, bu kitabı çoxdan farsca oxumuşam. İranda kimsə o kitabı farscaya tərcümə edibmiş.

Bizim kitab bazarımız bir kənara, elektron informasiya məkanımız da ürəkaçan deyil, yəni olan kitabı da tapmaq olmur, dəqiq bilirsən ki, filan kitab Azərbaycanda, azı, 70 il əvvəl çap olunub, sonra transliterasiya olunaraq bir də çap olunub, amma yenə də pdf-i yoxdur. Mənə maraqlıdır ki, digər dillərdə pdf-lər necə yığılır, necə o yüz minlərlə kitabı teleqram kanallarında-filan toplayırlar, bunu eləmək iri dövlət vəsaiti-filan tələb edir ki, bizdə müşkül məsələyə çevrilir? XXI əsrdə, kağız daşıyıcılara ehtiyacın azaldığı dövrdə belə primitiv şeylərin hələ də bizdə olmamasından baş açmıram. Keçən dəfə Əbdüləzəl Dəmirçizadənin, Bəkir Çobanzadənin bəzi kitablarını axtarırdım, bir-iki yöndəmsiz formada hazırlanmış pdf materialından başqa heç nə tapmadım, hətta, az qala, quqlun Azərbaycan seqmenti bu adamları tanımadı.

Müəllif: Cavid Quliyev

Cavid Quliyevin yazıları