Etiket arxivi: Dost sözü

PƏRVANƏ BAYRAMQIZI – VAQİF OSMANLI NİYƏ SEVİLİR?

VAQİF OSMANLI NİYƏ SEVİLİR?

(dost sözü)

Əminəm ki, cavab vermək istəyən çoxdur. Üstəlik “niyə də sevilməsin?” deyə sual da verəcəksiniz. Elə isə çoxunun əvəzindən özüm cavab verim: saflığı geniş ürəyi olan, təmənnasız adam sevilməzmi? Bir dəfə təklif etmişdim ki, ona “Gənclərin dostu” titulu verilsin. Sonra düşündüm ki, bu çox az olar Vaqif müəllim bütövlükdə insanların dostudur. Onun ədəbiyyat bilgisinə, bədii təxəyyülünə, geniş mütaliəsinə bələd olanlar onu məni kimi filoloq zənn edirlər, əslində isə coğrafiya elminin adamıdır. Elm sahələrinin adamlarını təsnifləşdirəsi olsaq, mübahisəmiz incikliklə yekunlaşar.
Coğrafiyaşünaslar onu ədəbiyyata verməzlər, ədəbiyyatçılar da Vaqif Osmanlını hər vəchlə öz sahələrinə çəkərlər. Vaqif müəllim ona görə sevilir ki, ədəbiyyata “qazancım nə olacaq?” fikri ilə xidmət etmir. Onun insanlara yaxşılıq etmək kimi missiyası var. Mətnin dəyərini hər şeydən vacib sayır. Yazılanı oxuyacaq, yaxşıdırsa, mütləq fikirlərini qələmə alacaq. Çoxu istəyir ki, yazdıqlarını Vaqif Osmanlı təhlil etsin. Çünki sözbəsöz, cümləbəcümlə oxuyur, hər bir ifadəyə münasibət bildirir. Mətnə yazıçının özündən də çox bələd olur. O, həm yazıçının ötürmək istədiklərini olduğu kimi duyur, həm də maraqlı interpretasiyalarla çıxış edir. Adam öz yazdıqlarını Vaqif Osmanlı qələmində təzədən sevir. O qədər gözəl təhlil edir ki, az qalırsan təzədən onun təhlil etdiyi kimi yazasan.

Vaqif Osmanlı nəzərə almır müəllifin vəzifəsi var ya yox, onunçün müəllifin tanınmış olub-olmaması da maraqlı deyil. Yaxşı mətni təbliğ edir, gözləmir kimsə ona yaltaqlansın, o da əvəzində onun yazdığını oxuyub təhlil etsin. Vaqif müəllim paxıl da deyil ki, kiminsə yaxşı yazısını görməzdən gələ. Şöhrətpərəstlikdən uzaq olduğu üçün yalnız məmur yazıçıların yazdıqları haqqında yazmır. Fikrimcə, bu dövrdə ədəbiyyata təmənnasız xidmət edən ən saf adam Vaqif Osmanlıdır.

Ədəbi paxıllıqdan, xəsislikdən uzaq, sözə dəyər verən Vaqif Osmanlı tənqidçi deyil ee, yaxşı mətnlərin ədəbi mühafizəçisidir. Onun yaradıcılıq fondunda xeyli müəllifin əsərləri var ki, öz yazıları qədər onların da “üstündə əsir” Bu kiçik yazı onun nə qədər dəyərli insan olduğunu ifadə edə bilməz. Vaqif Osmanlının kim olduğunu yazdıqları aydınca göstərir. Bütün gənc yazarlar (gənc olmayanlar da) bilirlər ki, o hər tənqidçi ilə müqayisə edilə bilməz. Vaqif Osmanlı Vaqif Osmanlıdır… “o biri “V”lardan deyil”. (Salam Qədirzadənin təbirincə).

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

VAQİF OSMANLININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elxas Comərd yazır

SÖZÜN TALEYİNİ DAŞIYAN ŞAİR — ADİL CƏFAKEŞİN ƏDƏBİ PORTRETİ

Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki, qaşlara düyün vuracaq,
Gözəl söz olsa da, söyləmə, burax!
Nizami Gəncəvi.

Söz hər kəs üçün danışıq vasitəsi ola bilər, amma şair üçün söz — tale məsuliyyətidir. Hər kəs söz deyər, lakin hər deyilən söz yaşaya bilməz. Sözün ölçüsünü bilmək, onun çəkisini daşımaq isə yalnız seçilmiş qələm sahiblərinə nəsib olur. Məhz bu baxımdan çağdaş Azərbaycan poeziyasında Adil Cəfakeş imzası ilə tanınan şairimiz sözə məsuliyyətlə yanaşan, sözü taleyin yükünə çevirən şair obrazı kimi seçilir…
Lap çoxdan istəyirdim ki, sözün dəyərini bilən, sözə və sözünün məsuliyyətinə daim uca yerdən baxan ustad şairlərimizdən olan — “Sarı Aşıq” Ədəbi Məclisinin rəhbəri Adil Cəfakeşin yaradıcılığına münasibətimi qələmə alım. Zaman-zaman onun şeirlərindən seçmələr də etmişəm. Amma nədənsə bu yazı həmişə “sonra”ya qalıb.
Bəlkə də insan taleyində yazılmış qismət kimi, edəcəyimizin, deyəcəyimizin və yazacağımızın da öz zamanı, “qismət vaxtı” var. Hər şeyin bizə etdirənin məsləhəti, buyruğu və vaxtı olduğuna inanaraq, bu gecikməni taleyin İlahinin bir səssiz razılığı kimi qəbul etdim.
Adil Cəfakeş mənim üçün poeziyanı ilahi səviyyədə dərk edən, sözlə düşünən, sözlə taleyini danışan bir şair obrazıdır.
Adil Cəfakeş poeziyada “deyən” yox, “düşünən” şairlərdəndir. Onun şeirləri oxunmur — yaşanır. O, sözü bəzək kimi yox, yük kimi daşıyır.
Sosial şəbəkələrdə dostluğumda olan çoxsaylı yaradıcı insan arasında onun poeziyası bir çox dostların yaradıcılıqı kimi xüsusi çəkisi ilə seçilir. Mükayıl Müşfiqin dediyi kimi: “Şairə ilhamdan maya gərəkdi” — bu həqiqəti Adil Cəfakeşin və digər bir çox şair dostlarımın hər misrasında aydın görmək mümkündür.
Bu gün Adil Cəfakeş yaradıcılığına müraciət edəcəm deyə onun şeirlərindən danışacam. Şairin, “SƏNIN GÜNAHLARIN SU GÜNAHLARI” şeiri bütün təşbehləri özündə cəmləyən, qısa, lakin son dərəcə dolğun bədii təsvirləri ilə seçilən, güclü fəlsəfi sevgi şeiridir. Viktor Hüqonun qənaəti ilə desək: “Gözəl ifadə gözəl fikri qoruyur” — bu şeir həmin fikrin canlı təsdiqidir.

Yenə sillələyir qar sifətimi,
Yenə kaman çalır külək saçımda.
Yazır ayaqlarım altımda səkkiz,
Yorulub əlimdə əl ağacım da.

Burada bədii simvolların dəqiq və yerində seçimi şeirin emosional yükünü artırır. Qar, külək, ayaqların “səkkiz” yazması, hətta əl ağacının yorulması — hamısı daxili gərginliyin, ruhi sarsıntının göstəricisidir.
Şairin yolu yalnız fiziki məsafə deyil, ruhi əzab yoludur.

Arxamca boylanıb qımışır həsrət,
Kür taleyim havalanıb qabaqda.
Çöllərə salmısan yetim eşqimi,
Edam hökmün saxlamısan nə vaxta?

Şair arxada qalan həsrətlə vidalaşıb, qarşıda onu gözləyən qaçılmaz “Kür taleyi”nə doğru gedir. Sevgisinin edam hökmünün nə vaxta saxlanıldığını bilmədən, yetim eşqinin onu çöllərə salmasını obrazlı şəkildə ifadə edir.

Batıb boğulmuşam dərinliyində,
Sənin günahların su günahları.
Heç bir zaman yuya bilməz suyu su,
Nəynən yuyacaqsan bu günahları?

Burada sevginin yaratdığı boğulma halı, günahın yuyulmazlığı və bağışlama ilə unudulma arasındakı fərq ustalıqla təqdim olunur. “Su” həm təmizlik rəmzi, həm də batma və boğulma bənzətməsidir. Günahın özü sudursa, onu yumağa artıq vasitə qalmır. Şairin “sən”i həm günahkar, həm də sevgi obyektidir. Burada ittiham yox, sual və təslimçilik var.

Şairin digər bir şeiri, “BİR YOLÇU SƏNDƏDİ, BİR YOLÇU MƏNDƏ” şeiri struktur, ideya və fəlsəfi bütövlüyü baxımından xüsusi yer tutur.

Qanadı dibindən kəsilən eşqin,
Bir suçu səndədi, bir suçu məndə.
Ortası dolaşıq kələfdi bu suç,
Bir ucu səndədi, bir ucu məndə.

Bu şeir ortaq günah və ortaq tale manifestidir. “Bir suçu – bir suçu”, “bir ucu – bir ucu” təkrarı ilə sevginin bölünmüş məsuliyyət modeli yaradılır.

Adəmin, Həvvanın nəvəsiyik biz,
Bu yolun kiridi, həvəsiyik biz.
Minilmiş bir ömrün dəvəsiyik biz,
Bir yolçu səndədi, bir yolçu məndə.

Adəm–Həvvaya istinad günahın ilkinliyini və insanın təbiətən səhv edən varlıq olduğunu xatırladır. Sevgi burada qurban axtarmır, məsuliyyəti bölür.

Ögey bir məhəbbət doğma kimidi,
Hər söz ağzımızda loxma kimdi.
Dünyamız darısqal daxma kimidi,
Bir küncü səndədi, bir küncü məndə.

Cəfakeş, etginən meyil, özün bax,
Çöküb diz üstünə, əyil, özün bax.
Məzarımız eyni deyil, özün bax,
Bir ölçü səndədi, bir ölçü məndə.

Final isə acı, amma real poetik həqiqəti ortaya qoyur: sevgi həyatda bölünür, ölümdə isə tam birləşmir.

Şairin, YAZIQ ÜRƏYİM”-şeiri, emosional və daxili monoloq, baxımından ən səmimi şeirdir.
Burada şairin “sən” müraciəti – insanın öz ürəyidir, şair özü özünə hökm oxuyur. Çünki, insan ürəyini ən çox öz sahibi incidər. Şair doğru olsraq, ürəyi – əsir, vəzir, sədaqətli qulluqçu kimi, özünü isə, istənilən insan, “mən” – şah, amma zalım şah obrazında verir.
Həmdə bu misrada, – “Mən hər gün bir kəsə vermişəm səni” – deməklə ürəyə nə qədər zülüm etdiyin göstərir. Yəni, hissləri satmaq, ürəyi dəyərsizləşdirmək, sevginin ucuzlaşması, yolun sonu, fani dünya,
özündən bezmə – bütün bunlar yorğun müdrikliyin səsidir.

Həmişə mən sənə əzab vermişəm,
Sənsən ki, dözürsən, yazıq ürəyim.
Sinəmin ən dərin quyusunda sən,
Əsirsən, yesirsən, yazıq ürəyim.

Hərdən bəhsəbəhsə vermişəm səni,
Gah zilə, gah pəsə vermirsən səni.
Mən hər gün bir kəsə vermişəm səni,
Nə ucuz “nəzirsən”, yazıq ürəyim.

Mən səni çox uzuz satmışam, baham
Mən səni göynədən, yandıran aham.
Mən sənin rəyinlə hökm edən
şaham,
Sən ali vəzirsən, yazıq ürəyim.

Mənzil başındayam, yol çatır sona,
Dünya da, həyat da fənadlr, fəna.
Adil Cəfakeşdən ta doyub cana,
Görürəm bezirsən, yazıq ürəyim.

Bu üç şeiri birləşdirən poetik silsilə günah – məsuliyyət – bölünmüş tale, sevgi ilə cəza arasındakı gərginlik, “mən”lə “sən”in qarşıdurması yox, ortaq günahı götürülməsi üzərində qurulmuşdur.
Şair heç yerdə özünü tam haqlı çıxarmır, bu isə poeziyada ən çətin, amma ən qiymətli mövqedir.
Bu misra sevginin ucuzlaşmasını, hisslərin bazara çıxarılmasını sərt, amma dürüst şəkildə ifadə edir. Ürək əsirdir, şair isə hökm edən, lakin vicdan əzabı çəkən şahdır.
Final misralarında isə yolun sonu, fanilik və daxili yorğunluq var. Bu, üsyan deyil — qəbulun səsidir.
Adil Cəfakeş poeziyası texnikadan çox həyat təcrübəsinin məhsuludur.
Bunlar şairin yetkin poeziya düşüncəsinin, daxili məsuliyyətin və taleylə dialoqun məhsuludur.
O, özünü heç yerdə tam haqlı çıxarmır. Bu isə poeziyada ən çətin, amma ən qiymətli mövqedir.
Adil Cəfakeş sözün ölçüsünü bilən, sözün taleyini daşıyan şairlərdəndir. Onun poeziyası oxucuya cavab vermir — sual verir. Və bəlkə də həqiqi poeziyanın əsas missiyası elə budur.

P. S. Bu kiçik yazımla dəyərli ustad şairmiz Adil Cəfakeşə yaradıcılıqında uğurlar diləməklə bərabər, ona, uca Yaradandan sağlam can sağlığı, uzun ömür, sevincli günlər arzulayıram.

Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Təkəbbür və təbəssüm

YETMİŞ BİRİNCİ YAZI

Təkəbbür və təbəssüm

(Valeh Heydərin təmsilləri)

Salam olsun çox dəyərli oxucum. Bu dəfə söhbətimizin mövzusu təmsil – təmsillər barədə olacaq.

Müasir Azərbaycan ədəbiyyatında təmsil janrına yeni nəfəs, yeni üslub gətirən qələm sahiblərindən biri də Valeh Heydərdir. Onun təmsilləri klassik ibrət ənənəsini yaşatmaqla yanaşı, müasir insanın qarşılaşdığı mənəvi, sosial və ekoloji problemləri obrazlar dili ilə çatdırır. Bu təmsillər həm sadə oxucuya, həm gənclərə, həm də cəmiyyətin düşünən təbəqəsinə yönəlmiş bir “Oyanın!” çağırışıdır.

Valeh Heydərin “Aləm savaş içində” adlı təmsili ilk baxışdan təbiət elementlərinin söhbəti kimi görünsə də, əslində insanın yaratdığı fəlakətlərə təbiətin etirazı kimi səslənir. Ağac, Külək və Su – bir-birini tamamlayan üç ünsür – sanki dünyanın müxtəlif bölgələrində baş verən yanğınlara, ekoloji çirklənməyə, su hövzələrinin korlanmasına, iqlim dəyişikliklərinə şahidlik edən canlı təbiət nümayəndələri kimi danışır.

Küləyin “Əsməyə də qorxuram” deməsi, Suyun “Çirkab adlı dərd”dən xəstələnməsi, Ağacın meyvəsinin çürüməsi – bunların hər biri müasir ekoloji böhranın bədii şəkildə ifadəsidir. Təmsil insanı düşünməyə vadar edir: biz təbiəti məhv etdikcə, əslində özümüzü təhlükəyə atırıq. Təbiətin canı ağrıyırsa, insanın da gələcəyi ağrıyır.

“Çox gözəldir təbiət” təmsili isə müasir dövrün əsas problemini – insanların ekranlara əsir düşməsini gündəmə gətirir. Burada Ağ Dovşan bahalı telefonun cazibəsinə qapılıb real dünyadan, ətraf təbiətdən, dostlarından uzaq düşür. Qəfəsdəki Boz Bülbülün ondan narahatlığı təkcə şəxsi qayğı deyil; bu, bütün cəmiyyətə ünvanlanmış xəbərdarlıqdır.

Müəllif obrazlı şəkildə göstərir ki, bəzən biz öz əlimizlə özümüzün “ekran qəfəsini” yaradırıq. Ətraf aləmin, təbiətin gözəlliklərini, həyatın sevinclərini virtual dünyanın kölgəsində itiririk. Təmsilin nəticə mesajı bir çağırışdır: insanlar, ekrandan baş qaldırın, dünyaya baxın – həyat gözəldir, təbiət əvəzolunmazdır.

“Gözəl Qu quşunun səhvi” təmsili isə əxlaqi-didaktik ruhu ilə seçilir. Burada müəllif təkəbbürün insanı hansı vəziyyətə salacağını yumşaq, lakin təsirli şəkildə göstərir. Gözəlliyinə güvənən, lovğalanan Qu quşu qazlara lağ edir, onları kiçik görür. Amma həyatın sərt anında məhz həmin qazlar onun köməyinə gəlir.

Bu təmsil aşağıdakı dəyərləri ön plana çıxarır:

Hər kəsə hörmət

Dostluğun qiyməti

Mərhəmətin gücü

Lovğalığın sonu etirafdır

Hekayətin sonunda Qu quşunun səhvini başa düşməsi vacib bir dərsdir: insan nə qədər istedadlı, gözəl, bacarıqlı olsa belə, təvazö həmişə yüksək keyfiyyətdir.

Valeh Heydərin təmsillərinin:

dili sadə, anlaşıqlı,

məzmunu dərin,

mesajı aydın,

obrazları isə həm realist, həm də simvolikdir.

O, Ezopdan üzü bəri; Nizamini, Füzulini, Krılovu, Seyyid Əzim Şirvanini, Qasım bəy Zakiri, Mirzə Ələkbər Sabiri, Hikmət Ziyanı, Mikayıl Məxfini yada salan bir ibrət ənənəsini bu günün gerçəkliklərinə tətbiq edir. Məsələn, ekologiya, texnologiya asılılığı, insan münasibətləri və mənəvi aşınma kimi müasir mövzular onun təmsillərində həm poetik, həm də publisistik çalarlarla təqdim olunur.

Bu baxımdan Valeh Heydərin yaradıcılığı təkcə ədəbiyyatın yox, həm də cəmiyyətin ehtiyacı olan bir ədəbi məktəbdir – öyüd-nəsihət məktəbi, düşüncə məktəbi, insanlıq dərsi.

Valeh Heydərin təmsilləri günümüzün problemlərinə bədii güzgü tutur. O, insanı təbiəti qorumağa, texnologiyadan ağılla istifadə etməyə, lovğalıqdan uzaq olmağa, dostluğu qiymətləndirməyə çağırır. Bu əsərlər həm uşaqlar, həm gənclər, həm də böyüklər üçün eyni dərəcədə ibrətamiz, düşündürücü və maarifləndirici xarakter daşıyır.

Belə təmsillər cəmiyyətin mənəvi toxumasını möhkəmləndirən nadir ədəbi nümunələrdir — necə ki təbiət safdır, necə ki dostluq müqəddəsdir, necə ki insanlıq ən böyük dəyərdir.

HAŞİYƏ:

Çox dəyərli oxucum, bu yazımı yazarkən çox qəribə bir hadisənin şahidi oldum. Yazı prosesində qeyri-iradi əvvəlki dövrlərdə yazıb yaratmış müəllifləri sıra ilə yazarkən Hikmət Ziya ilə Mikayıl Məxfi arasında qaldım. Hansının əvvəl anadan olduğunu xatırlaya bilmədim. Əlimin altında belə bir ensiklopedik kitab olmadığına görə hamımızın məlumatlar əldə etmək üçün istifadə etdiyi axtarış sistemlərinin köməyi ilə internet üzərindən məlumat əldə etməyə çalışdım. Hikmət Ziya haqqında müəyyən qədər məlumatlar olsa da, Mikayıl Məxfi barədə ümumiyyətlə heç bir məlumat tapa bilmədim. Təsəvvür edirsiniz, bu adımın adı belə yoxdur indiki dövrdə, sərhədsiz internet məkanında… Ani olaraq özüm də tərəddüd içərisinə düşdüm. Bəlkə heç belə müəllif olmayıb. Adları nəsə qarışdırmışam. Bir az fikirləşəndən sonra Ağdam rayonun Yusifcanlı kəndində həyətimizlə bir səpilmiş kitabxanamda olmuş tünd çəhrayı üzlü məzəli həriflərlə yazılmış – Mikayıl Məxfi “Belələri də var” – kitabın cildini dəqiq xatırlaya bildimm. Xeyli düşünəndən sonra təmsil kitablarımın içərisində dəqiq Mikayıl Məxfi və Hikmət Ziya adlı iki müəllif olduğunu özüm üçün yəqinləşdirdim. Və Azərbaycan Milli Kitabxanasının elektron kataloqunda axtarış etdikdən sonra axır ki, heç olmasa bir mənbədən Mikayıl Məxfinin adını tapa bildim. Ancaq təvəllüd məsələsinə yenə aydınlıq gətirə bilmədim. Yazı prosesində avtomatik xatırladığım ardıcıllıqla birinci Hikmət Ziya, sonra isə Mikayıl Məxfi yazdım. Ertəsi gün kitabxanaya getdim və orada olan Mikayıl Məxfinin dörd kitabını götürüb birdə vərəqlədim (o kitablardan ikisi mənim kitabxanamda olub – “Belələri də var”ı düzgün xatırlamışdım), ancaq yenə nəinki təvəllüd barədə, ümumiyyətlə ad, (təxəllüs) soyad və ata adından başqa heç bir məlumat əldə edə bilmədim. Çox ibrətamiz hadisədir və məsələ hələ də açıq olaraq qalır (məhz bu baxımdan müasir müəlliflərin əksəriyyətinin kitabların üzqapağının arxasında özləri haqqında mühüm məlumatları qeyd etməsi təqdirə layiq haldır – məlum hadisədən sonra mən də növbəti kitablarımda mütləq bu variantdan istifadə edəcəm ).

Bu hadisədən sonra kitablarda olan Mikayıl Məxfinin fotolarının şəklini və hər kitabdan seçdiyim müxtəlif şeirləri köçürüb internetə yerləşdirdim. İndi müxtəlif axtarış sistemlərində “Mikayıl Məxfi” yazanda heç olmasa müəllifin adı, fotosu və bir-iki təmsili çıxır.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.

21.11.2025. Bakı .

Müəllif: ZAUR USTAC

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana