Etiket arxivi: Qəşəm İsabəyli

Qəşəm İsabəyli – BƏY QIZI VƏ SOĞAN ORTAQLIĞI

BƏY QIZI VƏ SOĞAN ORTAQLIĞI
(hekayə)

Kürdəmirin Xəlsə kəndində yaşayırdıq. Baxmayaraq ki, ailədə üç qardaş idik – Oqtay, Abdulbağı, mən, gəl ki, bir-birimizlə dost deyildik. Əslində kiçik qardaşlarımn arasından su keçməzdi. Demirəm ki, məni özlərinə yaxın buraxmırdılar, sadəcə mənim özümə görə dostlarım vardı. Kim idi? Kitablar. Odur ki, hərdən oxumaqdan yorulanda darıxırdım. Darıxmaya başlayan kimi də kepkamı başıma qoyub, su tramvayı deyilən gəmiylə Kür aşağı Sabirabadın Türkədi kəndinə – İngilis bibimgilə gedirdim.
Bibimin iki oğlu vardı. Böyüyünün adı Ehtibar, kiçiyinin adı Yengibar idi. Onlar da məni görəndə bərk sevinərdilər. Düzdü, bu iki qardaşın da sözü bir-birinin boğazına getməzdi. Mən də həftə səkkiz, mən doqquz, onların yanında olduğumdan, elə onların kiçik qardaşı da sayıla bilərdim. Həmyaş olduğumuzdan həmişə də Yengibarın tərəfini tutardım.
Bəzən hər adi söhbətdən mübahisə yaranardı aramızda. Bir gün bəxt-tale haqqında fikirlərimiz haçalanmışdı. Ehtibar deyirdi, insanın gərək bəxti-taleyi olsun, onda işləri də yaxşı gedəcək. Yengibarla mən, acığa düşüb, onun əksini deyirdik – boş söhbətdi bəxt-tale, hər şey insanın özündən asılıdır. Axırda səsimiz göyə ucalanda bibim qapını açıb girərdi içəri:
–Nəyiniz artıq düşüb, a köpəyuşağı?!
–Ana, – Ehtibar soruşdu, – bəxt-tale var?
Bibim ikibaşlı cavab verdi:
–Kim deyir ki, yoxdu?!
–Budur ey, bunlar, – Ehtibar hirslə əlini bizə tərəf uzatdı, – hər şey adamın özündən asılıdır, boş şeydi bəxt-tale, deyirlər!
–Ana, – Yengibar dedi, – böyak oğlundu deyə, onun tərəfini tutma, ha, düzü – düz, əyrini əyri…
–Baş üstə, – bibim yanını qoydu sandığın üstünə.
–Atam Hacmayıl bəy Kür sahilində ən varlı, ən səxavətli bəylərdən, bəlkə də birincisiydi.
Bayaq Ehtibarla Yengibar aralarındakı “düşmənçiliy”i unudub, birləşib düş-dülər bibimin üstünə:
–Ay arvad, gənə də başladın nəslinizi tərifləməyə?! Bəsdi da-a-a!Hacmayıl bəy burdan gəldi, Qəhrman bəy ordan getdi.
Mən də o dəqiqə Yengibarla qardaşlığı pozmalı oldum:
–Bibim yalan demir ki, bəy nəsli olub da nəslimiz?!
–Adə, sən mumla! – Bu dəfə də Ehtibarla Yengibar gözlərini bərəltdi mənə, – kulak oğlu, kulak, elə eləmə, yazaq, Sibirə sürgün eləsinlər ha, sizi!
–Niyə Sibirə sürgün eləyirlər bizi?!
–Ona görə ki, kulaksınız!
–Kulaq nədi, ay bibi? – Soruşdum.
–Bala, Sovet hökuməti gələndə bəylərə, varlı kəndlilərə “kulak”, yəni qolçomaq adı qoyub, tutub ya dama basırdı, ya da Sibirə sürgün eləyirdi. Bunların da babası kasıb olub, bəy adı eşidəndə, elə bil düşmənlərini görürlər! Şükr Allaha, indi elə şeylər yoxdu! Fikir vermə!
–Ana, sözünü de!
–Sovet hökuməti gələndə varlı olduğumuz üçün səsimizi alıb, yəni bizi səs vermək hüququndan məhrum eləyib, az qala vətəndaşlıqdan çıxardıb, özümüzü də Ağsu rayonunun Ağalarbəyli kəndinə sürgün eləmişdilər. Hacmayıl bəyin ikimərtəbə evindən gəlib düşmüşdük yer damına. Qardaşlarım Hacalıyla İsa da mənim yanımdaydı. Hacalı kəndin mal-qarasını otarardı, İsa da adamların qoyun-quzusuna gedirdi. Mən də dərzilik eləyirdim. “Zinger” adlı əl maşınım da vardı. Bəyim nənəm atamdan qalan qızıl-gümüş payımızı vermişdi özümüzə. Kirayə qaldığımız evin ortasında quyu qazıb, var-dövlətimizi basdırmışdım torpağa. Yerini şirələyib, üstünə palaz sərib, əl maşınımı da qoymuşdum ortasına, pal-paltar tikməklə məşğul idim. Onda hazır paltar nə gəzirdi ki, adamlar alıb geyinəydi. Hamının dərziyə ehtiyacı vardı. Kəndin qız-qadınları üçün göydəndüşmə olmuşdum. Allah bərəkət versin, müştərilərim də gün-gündən artırdı. Üçümüzün qazancıyla yaxşı da dolanırdıq.
Bir gün gördüm qonum-qonşu soğan əkir. Amma kirayədə qaldığımız evin sahibi boş-bekar oturub.
–Sən niyə soğan əkmirsən, ay qardaş? – Soruşdum.
–Nəyim var ki?!
–Necə nəyim var ki?!
–Soğan əkmək üçün toxum lazımdı, ay bacı.
–Bilirəm.
–Toxumum yoxdu axı.
–Alsana.
–Toxumu almaq üçün pul lazımdı, ay bacı, pulum da yoxdu! – Kişi fağır-fağır üzümə baxdı.
–Gəlsənə şərik olaq?
–Şərik nədi?
–Pul məndən, əkmək səndən, məhsulu da dədə malı kimi bölək!
Kişi sevincindən papağını göyə atdı:
–Allah köməyin olsun, bacı!
–Nə qədər verməliyəm?
İndi yadımda deyil, nə istədi, elə ordaca pulu çıxardıb uzatdım ona. Həmin günü də hardansa kotan tapıb gətirdi, atı vardı, qoşdu, həyəti başdan-başa şumladı. Səhəri günü gedib soğan tumunu da alıb, “Ya Allah!” deyə səpib qurtardı.
–Göyərər, inşallah! – Dedik!
–Allah ağzınızdan eşitsin! – Dedi.
Kəndimizdə, Xəlsədə deyirəm, atamın torpaqlarında işçilər soğan əkəndə görmüşdüm, səpindən sonra samanqarışıq peyin verərdilər əkinin üstünə ki, həm toxumu şaxtadan qorusun, həm də tez cücərsin. Ev sahibi dediyim kimi də elədi. Soğan 1 aydan da tez did vurub cücərdi. Özü də necə – it tükü kimi.
Yaz başı kişi soğanı seyrəldir, dəstə-dəstə bağlayıb, yığıb aparırdı bazara. Hiss eləyirdim ki, cibinə pul girib, kefi kökəlib.
Havalar ki, qızdı, soğan kök bağlayıb, gövdəsini yerə qoymağa başladı, kişi bir dəstə adam gətirib, 3-4 günə quru soğanı çıxardıb yığdı dam-daşa. Alıcısı da başının üstündə. İnsafən, satıb, həm mənə olan borcunu qaytardı, həm də qazancdan payıma düşən məbləği gətirib qoydu qarşıma.
O ili yaxşı məhsul götürmüşdük. Payıza qədər kefi kök, damağı çağ dolandıq. Qış keçib, yaz gələndə, bir səhər gördüm sərçə-sığırçının səsi həyəti başına götürüb. Pəncərədən baxdım ki, bu dəfə at əvəzinə öküz qoşulmuş kotan yerin altını üstünə çevirir. Öz-özümə sevindim də – nə yaxşı mənə demədən kişi yeri əkinə hazırlayır?! Axşama yaxın qapımız döyüldü. Eşiyə çıxanda gördüm ev sahibidi:
–Salam, bacı!
–Sala-a-m.
–Gəldim ki, deyim, mənə arxayın olmayasan, bu il yeri təkbaşına əkəcəm.
Düzü heç ürəyim burulmadı da.
–Allah xeyrini versin, qardaş, dədə malımız yoxdu ki, arxayın olam, yer sənin, toxum sənin, ək, xeyrini görəsən! – Dedim.
–Çox sağ ol.
Day nə mən soruşdum ki, niyə məni ortaq eləmirsən, nə də özü dedi.
İki günün içində toxumu səpib qurtardı. Nə gizlədim, ay tamam olana yaxın pəncərədən baxırdım görüm, soğanın çıxışı necədi. Amma soğandan çox ot-alaq gözümə dəydi. Evin sahibi də itiyi itmiş kimi əkinin həndəvərindən aralı düşmürdü. Aprelin axırına az qalmış, türkmən saqqalı kimi təkəm-seyrək soğan çıxmışdı, seyrəltməyə ehtiyac da yox idi.
Havalar qızmağa başlayanda kişini təkbaşına əlində dördqulaq yaba soğan çıxardan gördüm. Day sonrasıyla maraqlanmadım. Bir səhər mağazaya parça almağa getmişdim, evə qayıdanda gördüm kişi həyətdə tut ağacına söykənib durub.
–Vaxtın xeyir, qonşu.
Diksinən kimi oldu. Bildim fikirdən ayıltmışam onu.
–Vaxtın xeyir, bacı, – çiynini ağacın gövdəsindən çəkib, məzlum-məzlum üzümə baxdı.
–Niyə kefin yoxdu?
–Kefim hardan olsun, ay bacı, heç soğanın toxumuna verdiyim pulu da çı-xarda bilmədim.
–Fikrin var idi çıxardasan?!
Mat-mat üzümə baxdı:
–Bəs keçən ilki qazancımıza nə deyirsən?!
–Keçən ili şərikli əkmişdik axı.
–Nə olsun?!
–Nağıllarda Şahlıq quşu deyirlər ey, eşitmisən?!
–Bu nə sözdü?!
–Bu o sözdü ki, şahı ölmüş ölkədə Şahlıq quşu uçurdaurlar ki, kimin ba¬şına qonsa, onu padşah eləsinlər. Qonşu ölkənin taxtdan salınmış şahı da səfil günündə oturubmuş bir daşın üstündə. Quş da uçub gəlib qonur onun başına. Adamlar yer-yerdən bağırışır: “Şahlıq quşu çaşıb, bundan bizə şah olmaz!”. Kişini aparıb bir evdə gizləyirlər. Quşu yenidən uçurdurlar, quş bu dəfə də gəlib qonur səfil padşahın gizlədildiyi evin üstünə…
–Bacı, uzun oldu, ey.
–Qardaş, keçən il götürdüyümüz məhsul sənin çəkdiyin zəhmətdən əmələ gəlməmişdi, mənim ayağımın ruzisiydi. Yəni Şahlıq quşuydu, gəlib qonmuşdu mənim başıma.
Ev sahibi üzümə baxa-baxa qaldı.
Mənim isə dərzilikdən qazancım gündən-günə artırdı. Bir həftə sonra gecə o qədər işləyərəm, oturduğum yerdə də yataram. Səhər üzü elə bil mənə dedilər, oyan, nə yatmısan. Gözümü açanda gördüm, Lələ köçüb, yurdu qalıb. Qarşımda olan tikili-biçili nə var elə bil göyə çəkilib, bu azmış kimi tikiş maşınımı da aparıblar. Allaha şükür elədim ki, oğrular qızıl-gümüşün yerini bilməyib. Yoxsa iki qardaş, bir bacı indi Ağalarbəyli qəbiristanlığında yatırdıq.

02.11.2024-20.01.2025

Müəllif: Qəşəm İsabəyli

Qəşəm İsabəylinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm İsabəylinin yeni hekayəsi – Maraqlı


SƏRÇƏNİ TANIMIYAN ADAM
(hekayə)

Cəfər Cabbarlı adına Kinostudiyanın Xronika şöbəsində redaktor işləyirdim. Bir səhər, əlimyandı işimiz olmadığından, yığılıb koridorda, söhbət eləyirdik. Məndən başqa daha kim var idi orda, bir az bəstəboy, bir az dolubədən kinooperator Köçəridən yana heç kim yadımda qalmayıb indi. Tappıltı səsinə çevrildik – bir qədər arıq, bir qarış bizdən uca, bir az da boyun tərəfindən beli donqarlaşmış bir adam keçib getdi yanımızdan. Heç salam da vermədi bizə. Köçəri min ilin sirrini deyəcəkmiş kimi pıqqıldayıb gülmək üçün zurna çalanlar kimi ordlarını köpürdüb, qıyılmış gözlərini üzümüzə dikib, başını qabağa əyib, pıçıldadı:
–Gördünüz?!
Orda duranlardan kimi gülümsədi, kimi siqaretinə bir qullab vurub, başını aşağı saldı, kimi də, yəni mən özümü saxlaya bilmədim:
–Nədi ki?
–Sərçəni tanımır ey bu adam.
–O nə deməkdi, ay Köçəri?
– laboratoriyada işləyir, işi-gücü kino-plyonka aşkarlayıb yumaqdı. Həmişə də başı aşağı. Göyə baxmağı da yadından çıxarıb! O qədər vərdiş eləyib işə, imkanı olsa istirahət günü də gələr. Səhərdən girir, bir də axşam çıxır. Baxmayaraq ki, qaratikan kolu kimi düşüb qız-qadınların arasına, elə hırıldayıb gülməyi bilir zalımın balası. Birinin də yanından bir çimdik götürməyir ki, həm barmaqları isti ətə dəysin, həm də qız-qadınlar onlara göstərilən nəvazişdən məmnun olsun. Bir sözlə… kötük. Burdan çıxmağıyla da 400 addım gedib, girir yuvasına girməyi bir olur. Toy bilməz, vay bilməz, araq içməz, siqaret çəkməz, qadınla da məlum… bir sözlə – varlıq.
–Deməli araq içib, siqaret çəkib, qadına tamah salmaqdı həyatın mənası, deyirsən?!
–Bunlar da olmasa, bəs onda niyə gəlmişik dünyaya?!
Gülüşdük.
–Adam kimi yaşamaq lazımdı. – Köçəri koridordan bizə tərəf gələn direktorumuz Fəraməz müəllimi görən kimi nöqtəni qoydu.
–Yenə də nə filosofluq eləyirsən, ay Köçəri?!
–Salam, Fəraməz müəllim, sərçəni tanımayan adamdan danışıram.
–Köçəri, sən mənim canım, onsuz da bilirəm arxamca deyirsən, bəs mənə nə ad qoymusan?
–Yox, Fəraməz müəllim, üz vurmayın!
–Bax, bu dəqiqə çəkilişə getmək lazımdı, desən, səni göndərəcəm, beş-on manat qabağa düşə¬cəksən!
–Qorxuram axı.
–Qorxma!
–Fəraməz müəllim, sizə gözəl ad qoymuşam.
–Nədi?
–“Balamın canı!”
–Ay səni, qırışmal! – Fəraməz müəllim gülə-gülə çıxıb getdi.
–Bəs çəkiliş?
–Yarım saatdan sonra gələrsən yanıma.
–O nə deməkdi, ay Köçəri? – Soruşdum.
–Fəraməz müəllim and içəndə, “balamın canı” deyir həmişə.


Hər ilin sonu kinostudiyanı həyəcana salırdı Məlik-Yeqanov. Hazır olun, kadrların ixtisarı gəlir. İxtisardan qorxan kimi də heç nədən qorxmurduq. Axı bu, bir işçini tutduğu vəzifədən azad eləmək deyildi ki, haqqını müdafiə üçün məhkəməyə üz tutasan. Onlarla adam, həmkarlar təşkilatının razılığı ilə bir parça çörəkdən məhrum edilirdi.
Bu söhbətdən bir həftə keçməmiş səhər kinostudiyanın yaşayış binasının qarşısından keçib, işə gələndə, elə bil mənə dedilər, başını qaldır, yuxarı bax. Gördüm bir cüt imdad diləyən göz dikilib üzü¬mə. Belə baxışları dilənçilərdə görmüşdüm əslində. Ürəyimdə “bu kimdi, bu nə istəyir, görəsən”, deyə bir şey anlamadan keçib getdim. 10-15 addımdan sonra yenidən çevrildim arxaya. Bayaqkı adam qəfəsə salınmış aslan kimi balaca balkonda ora-bura vurnuxurdu.
İşə gələndə Allahdan olan kimi Fəxrəddin qarşıma çıxdı.
–Kinostudiyanın yaşayış binasının üçüncü mərtəbəsində bir kişi gördüm, eni-uzunu bir qarış balkonda fırfıra kimi fırlanırdı.
Fəxrəddin sağ əlini gözünün üstünə qoyub, güldü.
–Nəyə gülürsən?!
–Bilmədin kimdi?!
Başımı yellədim.
–Məlik-Yeqanovun qurbanlarındandı. – Qaşlarımı çatdığımı gördü. – “Sərçəni tanımıyan adam”.
–Onu da ixtisara salıblar?
–Bəs nə bilmişdin?!
Bütün günü fikrim o adamın yanında qaldı. Arada ürəyimdə gileylənirdim də: “Belə işgüzar adamı da ixtisara salarlar?!”.
Səhəri günü yenidən yolum Kinostudiyanın yaşayış binasının qarşısından düşdü. Dünənki maraqla başımı qal¬dırıb üçüncü mərtəbəyə baxdım. Balkonda heç kim gözə dəymirdi. Amma evdən zümzüməyə oxşayan səs gəlirdi.
Qapıçı Xanım xalaya “sabahınız xeyir!” deyib, ehtiramla Cəfər Cabbarlının büstünə baxıb, kinostudiyaya girəndə kinooperator Azərlə üz-üzə gəldim.
–Xəbərin var?! – Dedi.
–Nədən?
–Sərçəni tanımayan adam rəhmətə gedib.
10-12.12.2024

Müəllif: Qəşəm İsabəyli

Qəşəm İsabəylinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru