Etiket arxivi: Qəşəm İsabəyli

Qəşəm İsabəyli – Qazax pomidoru


QAZAX POMİDORU

(hekayə)

Yay ki, oğrun-oğrun burnunu göstərməyə başlayır, ayağım açılır “Meyvəli”yə – çöllər gözəli “Qazax pomidoru”nun sorağına çıxıram.
Adının əvvəlinə haqlı-haqsız “Qazax…” sözünü qoysalar da, insafən onun Qazaxdan heç xəbəri də olmur. Ağstafalılar əkib-becərib, daşıyıb tökürlər Bakı bazarlarına. Hər dəfə ətdi-mətdi-ləzətdi bu gombul “gözəl”i əlimə alanda, üzümə işıq düşür. Ağzımın suyu şoraba olur, desəm, inanmayın, amma… nə deyəcəyimi arif adamlar bilməmiş olmaz.
Şərq alimləri bazara-güzara az-az getməyi məsləhət bilsələr də, mənim ən çox üz tutduğum yer elə “Meyvəli” olur. Üzdən də olsa pomidor satanlar məni yaxşı tanıyır, mən də onları. Amma bir dəfə, həmin bu bazarda çox da təmtəraqlı olmayan taxta qutulardakı pomidorlar diqqətimi çəkdi. Əvvəl bu gözəllərə baxdım, sonra da yanında duran, tanımadığım orta yaşlı xanıma. Göz-gözə gələndə alverçi ədasından çox, xəstə balasını həkimə göstərən ana kimi dilləndi:
–Bizdən də alın…
Bir qədər aralıda dağ kimi qalanmış pomidor qutularının arasından mənə təhdidedici nəzərlərlə baxan köhnə tərəf-müqabilimin zəhmindən çəkinmədim:
–Neçəyədi, bacı?!
–Təki alın.
–Qaşı-gözü olmur ki, almağın. – Arabaçıya göz elədim. Tez iki qutunu seçib qoydu tərəziyə. Hesabı kəsib, hətta xanımın adını da öyrəndim, telefonunu da.
–Neçə yazdı bu pomidorun şitilindən alıb əkmək istəsəm də, bir adam da gətirmir, – dedim.
–Bu il kecdi, gələn il Bəsdi bacın sənə şitil gön¬dərər…
Düz doqquz ay sonra Ağstafadan zəng gəldi:
–Qardaş, axşam avtovağzala dəy, iki yüz şitil göndərirəm sənə…
–Bəsdi bacı, adın qədər göndərəydin gərək, iki yüz çoxdu.
–Danadişi kəsəni, çor vuranı… tor tutanı… alma satan… qoz satan… Hələ ək, görək, nə qalır torpaqda. Üç manat verərsən sürücüyə, dalıyca da… adımı…
–Yox-yox, dərmandı, şitildi, ağac tingidi… pulunu verməsəm götürmürəm.
–Niyə?
–Bitməz.
–Yetim malıdı bəyəm?! Alnımın təriylə becərmişəm.
Axşama yaxın avtobus gəldi.


Aylar ötdü…
Bir gün yenə də “Meyvəli”yə getmişdim. Gördüm bir qadın bir yığın göyəm qutusunu qoyub qabağına, çıxdaş eləyir.
–Neçəyədi? – soruşdum. Nə cavab verdiyini anlamadım, amma əlimlə baxdım ki, göyəm bir az ötüb. – Pomidor satanlar nədənsə gözə dəymir.
–Hələ tezdi.
–Bir Bəsdi bacı var, mənə bu il xeyli şitil göndərmişdi.
–Əkdiniz?
–Çox idi… əkdim. – yenidən əyildim göyəm qutularının üstünə. Birdən telefonuma zəng gəldi. Ordan aralanıb, əlimi sürüşdürdüm ekrana. – Salam, salam, Bəsdi bacı! Nə var-nə yox, necəsiniz?! Adını çək… deyiblər. İndicə bir qadınla sizin haqqınızda danışırdım. Xeyirxahlığınızdan danışırdım.
–Soruş, gör, məni tanıyıb eləyir bəlkə?!
–Bu dəqiqə… – Çevrilib göyəm satan qadına tərəf gəldim, telefon qulağındaydı, məni görüb, gülümsədi.
–Xanım, Bəsdi bacını tanıyırsınız?!
–Ay saqqalı ağarmış, özümü də tanımıram?!
–Nəəə?!… Bəsdi bacııı?! Sən idin indi mənimlə danışan?! – Bir xeyli güldüm.
–Şitillərə gübrə ver, solmasın.
–Pomidoru nə vaxtı gətirirsən?
–“Allah qoysa” de!


15-20 gün keçməmiş yenidən “Meyvəli”yə çevirdim maşının ağzını. Gördüm bir kişinin qarşısında beş-altı qutu pomidor var.
–Bazar olsun!
–Çox sağ olun. Keçən il də sizə pomidor satmışdım.
–Hardansan, nəsə yadıma sala bilmirəm?
–Yarı yerazam, yarı Salyanlı.
–İkili vətəndaşlığın ziyanı dəymir ki, sənə?
–Nə ziyanı, xeyri dəyir hətta. Salyanlı görəndə “Salyanlı” oluram, yeraz görəndə isə – “yeraz”. Deyin, görüm, nə qədər alacaqsınız mənim bu əvəzsiz likopenimdən? Prostatın bundan yaxşı dərmanı yoxdu. Gündə birini yeyin, nuş canın olsun, görün necə sağaldır sizi! Buyurun bu qutuları götürün, götürün, qəhvəyidi.
–“Bəsdi” dedin, Bəsdi bacı yadıma düşdü.
–Allah şəfasını versin!
–Necə yəni?!
–Ağır xəstədi, özü də çox ağır. Bəlkə də son günlərini yaşayır!
–Bu nə deməkdi?! Bir ay qabaq burda görmüşdüm onu, göyəm satırdı!
–At ölüncə otlayar, deyiblər. Göyəm də onun gününü göy əskiyə bükdü. Xeyli ziyana düşdü.
Ürəyimdə, bunun danışığına bax, dedim. Yəqin öz pomidorunu işə keçirtmək üçün Bəsdi bacıya xəstəlik yaxır. Qəribə insanlar var dünyada, vallah…
Pomidor qutularını maşına qoyub, gətirdim evə.
Seçib ayıranda gördüm ki, bir xeyli əziyi, çürüyü var içində. Gül kimi arvadı xərçəng xəstəsi edən bundan artıq olmaz ki!
Sonralar “Meyvəli”yə yolum düşəndə onu görən kimi yolumu dəyişirdim.
Bir gün də Rövşənə rast gəldim.
–Pomidorun var?
–Maşın yarım saatdı ki, gəlib. Zoğal qutularını
boşalt¬sınlar ki, pomidorun da yolu açılsın.
Birdən Bəsdi bacı yadıma düşdü:
–Nə əcəb gəlmir Bəsdi bacı görünmür?
Rövşən mat-mat üzümə baxdı:
–Bəsdi bacı? Bəsdi bacı nə gəzir?!
–Necə yəni?!
–Az qalıb qırxı da çıxa. Yazığın qalmağa evi də yox idi. Hətta Rusiyaya, Türkiyəyə də getmişdi, əli gətirmirdi.
–Nə idi xəstəliyi?
–Nə olacaq, zəhrimardan?!
–Heç oxşamırdı.
–Kasıb olsa da, gözü tox idi. Birimizə də dərdini açmadı. Sanki qorxurmuş, ona kömək eləyərik. Son nəfəsində deyib: “Görünür mən doğulmalı deyiləmmiş! Kiminsə yerinə doğulmuşammış. Ona görə də Allah məni xoşbəxt eləmədi…”. İndi rahatam. Heç olmasa gordan evə gedirəm. Bundan sonra çapalamaram daha!”

01-06.10.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəyli yazır

ÖZÜNÜN ÖZÜNƏ GÖZÜ DƏYƏN ADAM
Demə, adamın özünün özünə gözü dəyərmiş.
Üç il əvvəl, bir səhər yuxudan oyanıb, yerimdən qalxdım. Bir addım atmaq istəyəndə sol ayağım dizdən kilidləndi.
“Ay aman… ay daad…” tappadan arxası üstə gəldim çarpayıya.
Nəfəsimi güclə dərdim.
“Müsəlman kimi yanımı yerə verəndə həkimə getməkdənsə, – fikirləşdim, – yəhudi kimi azarı qabaqcadan ram eləsəm yaxşıdı!”
Rentgenin cavabını qoltuğuma verib, ağzımı çevirdilər “Avrasiya klinikası”na. Adı ölkəmizin ikinci çayının adından olan həkim, baxdım ki, cavandı, ucaboyludu, yaxşı da əzələləri var, baş bar¬ma¬ğıyla adsız bar¬mağının arasına alıb, sıxdı dizimi:
–Oy…
–Ağrıdı?
–O da sözdü?!
–Mən rəmzlə-simvolla danışmağı bacarmaram, cənab pasiyent…
–Onün üçün gərək Şirvanlı olasınız, doktor!
–Kəsəsi… ağrıdı?
Him-cimlə başımı endirib-qaldırdım.
–MRT-likdi… – nəzakətlə dizimi sığallayıb, üzümə baxdı.
Bir saat növbə, saat yarım da müayinə.
Həkim işgüzarlıqla gətirdiyim cavaba göz gəzdirib, qaşlarını çatdı:
–Diziniz… – Gözlərimi bərəltdim üzünə. – Istəsəniz də, istəməsəniz də bıçağın altına girməlidir!
Özümü itirmədim:
–Niyə bıçağın?! Başqa bir əlac tapa bilmədiniz, doktor?!
–Tapdım.
–O nədi?
–Qocalmaq!
–Qocalmaq?! Başa düşmədim.
Əhvalından başa düşdüm ki, məni başa salmaq fikrində deyil.
–Dörd dərman… on gün qəbul… onbirinci günü burada olarsunız.
Cin necə vurdusa başıma:
–Sənin kəllən haqqı, gözlə məni, burada olaram!
– ürə¬yimdə dedim. Eşiyə çıxanda resepti də cırıb atdım zibil qutusuna. – Rəhmətlik orta məktəb yoldaşım
Məzahir demiş “taytıya-taytıya” özümü vurdum yola.
Evə çatan kimi özümü toxudum internetə. Alman fizioterapevtlərinin bir müalicə üsulu… əlimdən tutdu. Beləcə hər səhər uşaq kimi minib oturdum stolun üstündə, ayaqlarımı sallayıb, başladım yelləməyə. Nə qədər? İlk günlər azı min dəfə. Ağrım azalıb, ayaqlarım sözümə baxanda, üçyüzə endim…
O günü “Asan xidmət”ə gedirdim. Bir də gördüm… vallah… uçuram. Elə uça-uça da qayıtdım. Gözaltı sağıma-soluma baxırdım. Adamlar da bərələ gözlə seyr eləyirdilər məni. Qürrələnirdim. Sinəsi qabar¬mış halda parkovkada saxlaığım maşınımın qapısını açıb girdim içəri. Dəli bir gülüş tutdu məni… kişnədim, ha… gözümün sevinc yaşlarını birtəhər quruladım: “Maşallah olsun mənə!”
Kefi kök, damağı çağ gecə yerimə girən kimi başladım xoruldamağa.
Səhər açıldı, baxdım ki, sol dizim köhnə tanışıyla can-canadı. Arada sancır da…
–Ay dizim, vallah, ağrıyan sən deyilsən, nəyə deyirsən and içim, sənə özümün gözüm dəyib!
28-30.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QARŞISINDA “O”SU OLAN DÜNYA

QARŞISINDA “O”SU OLAN DÜNYA

Şam süfrəsindən qalxıb, təzə hekayəmin üstünə əyiləndə, Şəkinin Kiçik Dəhnə kəndindən olan şair Elbrus Mikayılın zəngi gəldi mənə. Ürəyimdən gizilti kimi bir narahatlıq keçdi: “Nə əcəb bu vaxtı…”
– Salam, axşamınız xeyir!
– Salam, salam, nə var, nə yox, qardaş?!
– Nə olacaq?! Yahya müəllimə dəyməyə gəlmişik. Deyir… gedirəm… salamat qalın.
– Necə yəni “gedirəm, salamat qalın”?!
Birdən qulağıma Yahya müəllimin gümrah səsi gəldi:
– Qardaş, yazın-yaradın, beş ildən sonra sizin hekayələriniz əl-əl gəzəcək.
– Bu nə gedişdi, Yahya müəllim?
– Qara ciyərimdən indi xəbər tutmuşam. Deyir, başına çarə qıl, sənə yoldaşlıq eləyə bilməyəcəm!
– Vallah, bir qohumum ümidsiz vəziyyətdə idi. Qaraciyərini dəyişdilər, indi əhvalı da yaxşılığa dəyişib.
– Müəllim babayam, nəyim var ki, mənim?! Bir evdi, bir həyətdi, on-onbeş də bar ağacı. Sata bilmərəm.
– Niyə satasınız ki?!
– Biz Şəkililər nəyi bilməsək də, haqq-hesabımızı yaxşı bilirik. Qara ciyəri dəyişmək Şəki halvasıdı bəyəm, çənə vurub, bir-iki manat da qiymətini salasan?!
– Həəə… Bizim qohumu iki ay süründürdülər burada – ora pul, bura pul… Ölüm ayağında çatdırdılar İstanbula. Orada da azı yüz mini getdi. Yaxşı ki, atasının ona bağışladığı evi varmış.
– Ürəyinə salma, qardaş. Mənimki də buracan imiş. Onsuz da şair dostum, rəhmətlik Qoca Xaliddən ötrü burnumun ucu göynəyirdi. Dünən gecə yuxuma da girmişdi. Yəqin ki, tezliklə görü-şəcəyimiz əyan olubmuş ona.
– Yahya müəllim, Bakıya gəlin, gedək bir yaxşı həkimə…
– Bakıda qara ciyər üzrə ən məşhur həkim H…-dı.
– Olmusunuz yanında?!
– Onsuz da üzüm o yanadı…
– Ay Yahya müəllim, səsiniz gümrah, əhvalınız xoş… Vallah, bu sözlərinizin mənası çatmır mənə.
– Salamat qalın…
Yahya müəllimlə söhbətim günlərlə ürəyimdə dolandı.
Elbrus Mikayıl düz beş gün sonra, dar axşamçağı yığdı məni:
– Yahya müəllimi də dəfn elədik!
– Nə danışırsınız?!
– Heç özünə fikir verən deyildi rəhmətlik. Bəlkə də ömründə ilk dəfəydi həkimə getmişdi. “Ciyərinizə su gəlib, müəllim”, deyiblər…
– Heyf Yahya müəllimdən! Heyf!
– Həyətində iki çarpayı vardı, birində illər xəstəsi olan həyat yoldaşı yatırdı, o birində özü.
Son dəfə sizinlə danışdığım günüydü, yoldaşımla dəyməyə getmişdim. Elə sevindi gəlişimizə. Hətta evimizə qayıdanda yerindən durub, darvazaya qədər bizi ötürdü:
– Ay dost, xəbərin olsun… 3-4 günə gedirəm! – dedi.
– Hara gedirsən, qardaş?!
– Adına dünya deyirlər ey, qabağında bir “O”su da var?!
– İrağ olsun, Yahya müəllim, irağ olsun!
– “İraq”dan keçib…

26.08-29.09.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəyli – Miniatür hekayə

BABANIN TƏZƏ DƏB AYAQQABILARI
(miniatür hekayə)
Təzə ayaqqabımı ayağımda görən kimi nəvəm içini çəkdi:
–Uxxxx… baba….
–Nə olub, a bala?!
–Bu ayaqqabı hardandı səndə?
–Oğurlamşam.
–İnanıram oğurlamağına!
–Şəmşəm, nə demək istəyirsən?!
–A kişi, bu sənin zövqün deyil axı?!
–Zövq də şəxslə bağlıdı, bala?
–Əlbəttə.
Gözlərimi qıyıb, üzünə baxdım.
–Belə ayaqqabıları biz geyə bilərik! Bu bizim yaşımıza yaraşır.
–Sizin acığınıza özüm geyəcəm.
–Gey… qızlar görən kimi… bəyənəcək!
–Məni?!
–Xeyr, ayaqqabını. Üzünə baxanda… incimə… qaqqıldayıb – şaqqıldayacaqlar.
–Qoy ürəkləri açılsın?!
–Səni tələbə yoldaşın çaşdırıb.
– Hansı tələbə yoldaşım?Aydını deyirsən, İxtiyarı deyirsən, Bahadırı deyirsən?!
–Nizami babanı. O günü deyirdin axı, qızı İlahə xa¬nım ona modnı ayaqqabı alıb. Mən də alacam. Deməli, belə ayaqqabıları geyəcəksiniz indən belə… hə?!
–Əmin ola bilərsən!
–Sözüm yoxdu, vallah!
–Bala, nə sözün olacaq?! İndi də geyməsək, haçan geyəcəyik?! Nə paxıllıqdı, qoysana ayaqlarımız sevinə.
–Sağlıqla geyinin. Onsuz da indi komediya yazan yazıçılarımız qalmayıb. Adamların güldürmək də xeyirxah hərəkətdi.
23.09.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəyli – Çaydaçapan

ÇAYDAÇAPAN
(hekayə)
Bakıya köçəndən sonra anam sağlığı kəndimizə qonaq kimi gedib gələrdim. Nə qoysaydı qabağıma, onu da yeyərdim, harda yerimi salsaydı, orda da yatardım. Day şıltaqlıq eləyib, “bunu yemirəm, orda yatmıram!” deməzdim. Amma yuxudan oyanmaq öz ixtiyarımda idi.
Allah xatirinə deyim ki, həmişə anamın əziz qonağı olardım. Eşidəndə ki, kəndə gəlirəm, Hacı əmioğluna çolpa kəsdirər, plov bişirərdi, yanında da yağlıtərə dovğası. Plovun da qarası mütləq turşməzə olmalıydı. Ləziz yeməklər yeməyə vərdiş eləmiş anamın bişmişi yağ içində üzməsəydi, nə özü dilinə vurardı, nə də qonağın qabağına qoyardı onu.
Rəhmətliyin təzyiqi yüksək olsa da, mal ətinə gözünün ucuyla da baxmazdı. Bir dəfə şəhərə gəlmişdi – bacım gildəydi. Dana əti alıb aparmışdım, məndən sonra göndərib qəssaba, qoyun ətiylə dəyişmişdi.
Artıq mən də baba olmuşdum. Anama dəyməyə nəvəmlə gedərdim. O da anamın plovundan yeyib, dovğasından içəndən sonra əlini qoyardı qarnına:
–Doydum, ana, dadlıydı! – adaş olduğumuzdan nəvəm “ana” deyərdi anama.
–Nuş canınız olsun babanla sənin, ay bala! – anam qucaqlayıb hər ikimizin üzündən öpərdi.
Anamın ölümündən bir neçə il əvvəl də getmişdik kəndə. Oturmuşduq eyvanda, o, danışırdı, mən də qulaq asırdım. Deyim ki, qardaşlarım anamla şirin-şirin söhbət eləsələr də, mən sadəcə qulaq asmağı bilirdim.
Birdən anam əlini stola dirəyib, ayağa durmaq istədi. Baxdım ki, stola dayanıqlı əli tir-tir titrəyir. Fikirləşdim ki, anam qocaldığını demək istəyir mənə: “rəhmin gəlsin qocana, tez-tez gəl ona dəy, bala!”.
Gülümsədim…
Bu hadisədən illər keçdi. Artıq mən də, rəhmətlik bibim oğlu Yengibar demişkən, Kürdəmirin turacyemişi kimi qoonumuşam, yetişmişəm. Əlimi stola verməsəm çətin ayağa qalxıram. Baxıram ki, lap elə anamın əli kimi də titrəyir əlim.
İndi anlayıramki, anam mənim ürəyimdə özünə rəhm oyatmaq üçün qəsdən titrədib əsdirmirmiş əlini.
O günü kitabxanamda nəvəmlə oturub danışırdıq. Birdən ayağa duranda stola dayanıqlı əlim biləkdən əsib titrəməyə başladı.
–Ay baba, – nəvəm güldü, – çaydaçapandı ki… əlin.
–G.. atan demək istəyirsən, bala?!
–Ha… ha… ha… nə ayıb adı var bu quşun?!
–Bizim Şirvan bölgəsində, Şamaxıda bu adla çağırırlar onu.
Nəvəm yenidən bir xeyli güldü.
Mənim isə anam yadıma düşdü, uzaq xəyallara dikildi gözüm.
Vaxtilə anama təbəssümlə dediyimi nəvəm sözlə qaytardı mənə.
Ürəyim ağrıdı.
27.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəylinin hekayəsi

BİRDƏFƏLİK ÖLÜM
(hekayə)
Uşaqlıqda ölməkdən qorxardım. Əslində ölməkdən çox dəfn olunmaq qorxusu vardı canımda. Ona görə də arzu eləyirdim – ölsəm birdəfəlik ölüm.
Ölüb-dirilən adamlar haqqında nağıllarda çox oxumuşdum…
Düzdü, öləndən sonra dirilmək yaxşı şey olsa da, adamlar ölüb-dirilənlərə, lap elə paxıllıqdan “xortdan” deyirdilər. Xortdan olmaq qorxusundan mən də birdəfəlik ölüm arzulayırdım özümə.
Amma dəfn… məndən ötrü əsl əzab idi.
Uzaq qohumlarımdan biri sətəlcəmdən ölmüşdü. İslam adətiylə həmin günü də aparıb qoy-muşdular qəbir evinə. Gecə böyük qardaşı yuxu görür. Ölü ağlaya-ağlaya deyir:
–Niyə mənə işıqlı dünyadan elədin, qardaş?!
Səhər yuxudan oyanan kimi beş-altı nəfərlə gedib qəbri açırlar. Kəfənin baş tərəfini qan içində görüb, böyük qardaş içini çəkə-çəkə ağlayır:
–Yazıq ölməyibmiş, demə! Burnundan qan açı-
lıb… dirilibmiş.
Eşitdiyimə görə, xristianlar dəfn məsələsində biz müsəlmanlardan daha uzaqgörəndi. Hətta ölüyə bir neçə gün dirilərlə ünsiyyət sükutu da verirlər. Sonra da aparıb tabutda dəfn eləyirlər. Bu da Əzrayılın əlindən canını qurtara bilənə işıqlı dünyaya çıxmaq imkanı deməkdir.
Müsəlman isə…
Qəbri qazırlar, ləhəd deyilən dar yer açırlar dibində. Mərhumu da sağ çiyni üstə qoyurlar ləhədə. Üstünə çəkil ağacından kəsdikləri qısa ağacları düzürlər, qamış döşəyirlər, yarım ton da torpaq… get… yaşa!
Bundan sonra ayıl, görüm, kimdən ötrü ayılırsan!
Bax, uşaqlıqda məni qorxuya salan da həmin bu ləhəd idi. Gecələr ölüb torpağın altına qoyulacağımı gözümün qabağına gətirəndə az qalırdı ürəyim partlasın. Tez yorğanı çəkirdim başıma.
Amma indi dəfn olunmaqdan, ləhəddən-məhəddən zərrə qədər də qorxmuram.
İndi mən… ölməkdən qorxuram!
Yolu yumrulansın Əzrayılın!

09-11.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəyli – QOCA AYAQQABISI

QOCA AYAQQABISI
(hekayə)

Təzəcə çıxmışdım yola… – Düüt… düüt…
Acıqla heç üzümü də çevirmədim telefona.
İki-üç dəqiqə keçməmiş… – Düüt… düüt…
Kimdi ey bu, zəhləmi tökməsə, əl çəkməyəcək, deyəsən, məndən. Gözümün ucuyla baxıram – bah, nəvəmdi ki… Şəmşəm.
–Ay bala, görmürsən polis ağzımızı güdür?! Cərimə yazdırmaq istəyirsən mənə?!
–Hara gedirsən, baba?
–Bağa.
–Yaşmayaaa?!
–Nədi, olmaz?!
–Ayağına bax.
–Nə olub ayağıma?
–Bax da.
–Ayaqlarım yerindədi.
–Ayaqqabın da?
–Əlbəttə.
–Baba, yaxşı-yaxşı bax.
Baxıram:
–Bıyyy… ayaqqabılarımın üstündə qotazı var.
–A kişi, mənim ayaqqabılarımı geymisən, ey.
–Pah atonnan! Nə yaman çaşmışam.
–Palçığa bulama, ha. Təzə almışam.
–Görəsən pulunu kim verib?!
–Ay baba, çox sağ ol, böyüyəndə sənə on qat bahalı ayaqqabılar alacam, gündə birini geyəcəksən.
–Allah qoysa!
–İndi mən neyləyim bəs, ayaqyalın gedim məktəbə?
–Ayaqyalın niyə, mənimkiləri geysənə.
–Səninkiləriii?!
–Nədi… xəncərinin qaşı düşəcək?!
–A kişi, qoca ayaqqabısı geyim, deyirsən, uşaqlar dolasın məni?!
16-17.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəyli – Miniatür


BALACA PULUN BAŞAĞRISI
(miniatür)
Pul da bel kimi, balta kimi bir şeydi. Nə qədər çox işlənsə, yəni cibdən-cibə girsə, o qədər də damarlarına isti qan yeriyər. Pul ona can verənə “can” deyir. Məni niyə istəsin ki?! Əlimə düşən kimi can qurtarmaq istəyirəm ondan. Ya xərcləyirəm, ya da aparıb tapşırıram yad əllərə – bir sözlə banka qoyuram.
O günü SOCAR istiqrazının dividendini almağa getmişdim. Çox deyildi, pula məhəbbətim qədər ola-olmazdı – cəmi 540 dollar. Əməliyyatçı xanım qəribə bir sual verdi mənə:
–Hamısını götürəcəksiniz?
Düzü, mat qaldım. Birdən fikirləşdim, bəlkə alacağım 540 yox, 5400-dü?!
Yalançı Allahın düşmənidi, düzü bərk sevincək oldum:
–Necə hamısını?! Nə qədərdi ki, alacağım?
–540 dollar.
–Bu qədər yoxdu məgər bankda?
–Bir nəfərin 50 min alacağı var, qoy xəzinəçidən soruşum, görüm nə deyir. – Zəng elədi… – Bir az gözləyin, 10-15 dəqiqəyə fasilədən qayıdacaq.
Başımı əyib, gözümü dikdim əlimdəki kitaba. Çox keçmədi…
–Allo… – əməliyyatçının səsinə diksindim. – 540 dol¬lar var xəzinədə? – Eşitdiyi cavaba dodağını büzdü. – Bəs nə vaxt olacaq? Sabah?! – xanım üzümə baxdı.
–Niyə sabah? – Qaşlarımı çatdım.
–50 minin başı yarımçıqdı. 540 dolları sizə versək, o müştərimizin işi sabaha qalmalı olacaq. Bu da bizim operativlik imicimizə 500 minlik ziyan deməkdi. Sizin alacağınız isə cəmi 540 dollardı. Bunun da bizə elə bir isti-soyuqluğu olmaz.
Mən əlimi ağ saçlarıma apardım.
–Müəllim, sizi yaxşı başa düşürəm. Amma pul insanların saç-saqqalına baxmır.
–Baxsaydı yaxşı olardı!
–Metroya minəndə, ağ saçlarınıza görüb, durub yer verən olurmu sizə?
Ayağa qalxdım:
–Salamat olun, sabah gələrəm…

18-19.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəylinin hekayəsi

ƏZRAYILIN TANIMADIĞI ADAM
(hekayə)
Elə ki, ev işləriylə bağlı bir çətinlik çıxır qarşıma, əlüstü Usta Söhrabı tapıram.
–Xeyirdimi, müəllim?
–Şərə lənət, ay Söhrab! Dəmirçi lazımdı mənə. Sən Allah çalış, halal süd əmmiş olsun!
–Müəllim, indi halal südəmmişdən törəyənlərin çoxu zay çıxır. Ancaq bir dəmriçi tanıyıram, əslən Zəngilanlıdı, Qarabağ müharibəsindən qabaq Xankəndinin yaxınlığında – Kərkicahanda yaşayıblar. Bilmirəm milləti nədi, amma görəcək də adı var – nə Azərbaycan türkcəsinə uyğun gəlir, nə kürdcəyə.
–De, bəlkə kimliyini tapdım?
–Adı Misardı.
–Həəə… doğrudan da görəcək adı var. Yox, başım o dərinliyəcən işləməz. Neyləyək, Misardı, Misar olsun! Təki adı özünə, əlinin dadı bizə qalsın.
Elə səhəri gün Misar gəlib çıxdı. Orta yaşlı, bəstəboy, dolubədənli, gülərüz bir kişiydi. Ətəyi kəmərindən çıxıb şalvarının üstünə düşən köynəyinin qolları əlinin baş barmağınacan sallanırdı. Hiss olunurdu ki, bir az səliqə-sahmansızdı. Salam verməyiylə özünü açıb tökməyi bir oldu:
–Birinci Qarabağ müharibəsi qazisiyəm, müəllim. Ona görə demirəm ki, qədrimi biləsiniz. Tanış olmaq da, vəsiyyət eləmək kimi yüngüllükdü! İki qardaş, bir ata əvvəldən axıracan Qarabağda can qoymuşuq.
–Soruşmaq eyib olmasın, bu nə addı, ay Misar, veriblər sənə?!
–Müəllim, mənə qədər beş oğlan doğubmuş anam. Yazıqlar da bir yaşına çatar-çatmaz valideynlərimin ürəyinə dağ çəkirmiş. Atam da axırda hirslənib deyir, bu səfər də oğlan doğ, söz verirəm ki, qoymayacam bizi peşman eləsin!
Anam mat-mat baxır atamın üzünə:
–Ay kişi, peyğəmbərlik eləmə!
–Deyirəm da sənə!
Anamın karxanası da ənənəni pozmur, bu dəfə də konveyerdən oğlan zühur eləyir.
–Dünyaya, xoş gəlmisən, ay Misar! – Atam mə¬ni boyu bərabəri qaldırıb, boynumu-boğazımı iyləyir.
–A kişi, Misar nədi?
–Bu oğul balanın adı!
Anam zarıya-zarıya etiraz eləyir:
–Ətin tökülməsin, camaatı bizə güldürmə! Uşaqlar bunu lağa qoyacaq, vallah. – Mişar gəldi, Mişar getdi.
–Nə deyirlər desinlər, təki qardaşlarının dalıyca getməsin! – Anam ölüm-dirim söhbətini eşidən kimi “xırp…” səsini kəsir. – Ona görə belə ad qoymuşam ki, Əzrayıl öldürəcəkləri adamlar haqqında Allaha hesabat verəndə çaşsın. Axı “Misar” türk adı deyil. Əzrayıl da Allahın qəzəbindən qorxduğu üçün deməyəcək, bir türkün də canını alacam.
Doğrudan da, necə ki, indi görürsünüz, 50 ildir, Əzrayıl məndən xəbərsizdi! Heç müharibədə də girəvə tapmadı məni qardaşlarımın yanına göndərsin. Burnumun ucu belə qanamadan sağ-salamat çıxdım odun-alovun içindən…
Belə şirin-şirin danışan Misar, darvazanın yarı xərcini alıb, ətli-gombul barmaqlarıyla asta-atsa sayıb, təbəssümlə üzümə baxdı:
–Halal elə, müəllim!
–Halal xoşun olsun!
Pulu qoydu cibinə. Əvə¬zin¬də yağ¬lı bir vədə ilə mənimlə xudahafizləşdi:
–Salamat qalın, əziz insan, 10 günəcən darvaza bəzəkli gəlin kimi gəlib durmasa hasarınızın çərçivəsində… – üzümə baxdı. Mən də sual dolu nəzərlərimi dikdim onun ağzına. – Niyə soruşmursunuz nə olacaq?!
–Nə olacaq?
–Adımı dəyişəcəm!
–Dəyişmə.
–Niyə?!
–Əzrayıl gəlib tapar səni!
–Ha-ha-ha… yaman dediniz, ha, müəllim!
–Ay Misar, öz aramızdı, de görüm, cəbhədə papağını günə yandırmamısan ki?!
–Nə danışırsınız, müəllim?! Kəşfiyyatçıydım, ermənicəni yaxşı bildiyimdən iki gündən bir ya danaboyun eləyib “dil” gətirirdim, ya da aldadıb salırdım tora. Amma sonralar bu fədakarlığımın bəhrəsini görməyəndə it peşmanı oldum. Hirsimi tökdüm “Cəbhə gündəliyi”min üstünə – kibrit çəkdim… cırradan çıxdı.
–“Gündəliyi” yandırmaqda səhv etmisən.
–Gücüm ona çatdı, müəllim! Axı hələ də qazi sənədini vermirlər mənə. Burnuna barıt iyi dəyməyənlərin ürəyi döyünəndə, sinələrinə düzdükləri orden-medalın çaqqıltısından qulaq batır. Gəl ki, mən hələ də “qazi” sözünə tamarzıyam.
–Niyə?
–Pul istəyirlər.
–Palaza bürün, elnən sürün!
–Müəllim, mənim vicdanım qəbul eləməz ki, döyüşüb, vuruşub, gündə yüz dəfə ölüb-dirildiyim cəbhədə olmağımı təsdiq eləyən kazğızı pulnan alım.
–Ay Misar, ölüb-dirildiyin epizodlardan birini danış, hekayədən-zaddan düzəldim.
–Müəllim, hansını deyim, birdimi-ikidimi?! Həəə… Şuşa yaxınlığında əlbəyaxa döyüşdən sonra on beş əsgərdən üç nəfər qalmışdıq. Mən idim, Kürdəmirli Vahid Sərxanoğluydu, bir də adını unutduğum Bakılı balası – doqquz bacının tək qardaşı. Düşmənin sipər kimi çəkdiyi güllələrin arasından keçib, Şuşa türməsinin divarına sığınmışdıq. İnan, müəllim, ölümün ovcundaydıq. Amma minamyotların işığı Əzrayılın gözünə necə düşürdüsə, yerlə-göy arasında çaşıb qalmışdı, görə bilmirdi bizi. Biz isə bərk həyəcana düş¬müşdük. Vahid də özümüzə ürək-dirək vermək üçün atası Molla Sərxanın məzəli söhbətlərindən danışmağa çalışsa da, nə dili söz tuturdu, nə də bizim qulağımız eşidirdi.
Birdən minamyotla bizi vurdular. Xoşbəxtlikdən mərmi divarı tutdu. Toz dumana qarışdı. Doqquz bacının tək qardaşı əvvəlcə diksindi, sonra nə fikirləşdisə, “Qaçmaq da igidlikdəndi” deyə, qəflətən ayağa durdu.
–Adə, otur! – Vahid çığırdı.
Yapışdım ətəyindən:
–Yerimizi er¬mənilərə nişan vermə, qağa!
–Yox, – deyə dartındı. Mənə güc gəlməyindən hiss elədim ki, dəli olmaq dərəcəsinə çatıb. Elə bil bir saat əvvəl gözünü qan tutmuş, şir kimi döyüşən bu deyildi: “Baxın, doqquz bacının tək qardaşı, görün, düşmənin başına nə od ələyir!”…
Doğrudan da sığınacağa girməzdən əvvəl divar boyu erməni meyitlərinin tökülüb qaldığını görmüşdük. Elə özümüzün də itkimiz az deyildi. Tək bir ağacın altında 12 cavan ölüm sükutuna dalmışdı. Düşündüm – müharibə ölüləri sevmir, onları tapdayıb keçir…
–Burax məni! –Doqquz bacının tək qardaşı sıyrılıb, çıxdı əlimdən. 10 metr getməmiş vurdular. Ağzı üstə yıxıldı.
Bayaqdan öldüyümüzə əmin olan ermənilər sağ qaldığımızı görüb, üstümüzə od ələməyə başladı. Birtəhər sürünə-sürünə əks tərəfdən – kol-kosun altından çıxıb, özümüzünkülərə sarı getdik.
Bir də onu gördüm ki, qarşıdan qaratikan yığılmış araba kimi ləngər vura-vura bir nəfər gəlir. Diqqətlə baxanda gördüm atamdı. Kişinin gözləri kəsilməyə aparılan mal gözləri kimi bərələ qalmışdı. Hətta gəlib yanıma çatanda belə üzümə baxsa da, məni tanımadı.
–Ay bala, deyirlər Misargili vurublar, bilmirsən hardaydılar?
–Həəə… dayı, türmənin divarının yanındadı meyitləri, – dedim.
Atam tüfəngin ağzından güllə çıxan kimi tərpəndi.
Durub, dalıyca baxmağa başladım. 30-40 addım getməmiş dayandı. Hiss elədim ki, ağlı üstünə qayıdıb. Çevrilib, mənə tərəf gəldi:
–Adə, köpəyoğlu, məni arıya qoymusan?!
–Dədə, vallah, səni sınayırdım!
–Nəyimi sınayırdın, yaramaz?!
–Deyirdim, görüm ölməyim sənə necə təsir eləyəcək!
Qucaqlaşdıq…

27.05.2025-22.07.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nəfsin meyvəsi – ehtiras və ya hekayə janrınatəzə nəfəs – Yahya ABBASOV

Nəfsin meyvəsi – ehtiras və ya hekayə janrına
təzə nəfəs – Yahya ABBASOV

Əksər hallarda şairin nəsri şeirə, nasirin şeiri də nəsrə bənzəyir. Ona görə də şair poeziyasında, yazıçı da nəsrində daha möhtəşəmdir. Heç dahi Füzuli də nəsr yaradıcılığında poeziyasındakı Füzuli deyil. Çünki onun nəsrində nəzəri müddəlar daha çox qabardılıb. Deməli, cəmiyyət yaradıcı sənətkarı, zatən, şair və ya zatən nasir kimi qəbul etməkdə haqlıdır.
Qəşəm İsabəyli ədəbi ictimaiyyətdə bənzərsiz uşaq şairi kimi tanınmışdır. Diqqət edilsin, tayı-bərabəri olmayan demirəm, bənzərsiz deyirəm. Ədəbiyyatımızda uşaq şairləri və uşaq şeirləri lazımıncadır. Qəşəm İsabəylinin isə uşaq poeziyası həm uşaqlar üçün uşaq şeirləri, həm də böyüklər üçün uşaq şeirləridir. Qəşəmin özü demişkən, o, həm də əvvəli “şir”, sonu “şir” olan nəşriyyatın yaradıcısı və rəhbəri kimi tanınır.
Yazıçının son illərdə iki hekayələr kitabı işıq üzü görüb. “Beş hərflik faciə” (2022) və “İlk məhəbbətin intiqamı” (2024). Görünür, içində yaşadığı zamanın və üstündə yaşadığı torpağın dərdləri, özünün daxili çarpışması, rast gəldiyi insan xarakterləri, cəmiyyətdə bir-birini sürətlə əvəz edən hadisələr müəllifin doğma mövzusuna (uşaq şeirlərinə) sığınmamış və onun nəsrinin yaranmasını şərtlən¬dirmişdir. Doğrudan da, Qəşəm İsabəylinin nəsrindəki vaqeə və hadisələri uşağa təqdim etmək olmaz.
Poeziyada öz dəst-xəttini yaratmış Qəşəm İsabəylinin nəsrə müraciəti gözlənilən idi. İçində Əlahəzrət Ədəbiyyat gəzdirən bir söz adamının qələmi çağımızın həftəbecər olaylarına biganə qala bilməzdi.
Yazıçı müdrik yaşındadır. Əslində, bu yaşda nəsrə keçmək çiynini ağır yükün altına vermək deməkdir; məsuliyyət yükü. Bunun uğuru, uğursuzluğu var, ortalığa qoyduğun mətahın qəbul edilib-edilməməyi var. İstedad, özünəgüvən və yazıçı səmimiyyəti Qəşəm İsabəyliyə nəsrin qapısını azacıq aralayıb içəri boylanmağa yox, bu qapını taybatay açıb daxil olmağa cəsarət verdi. İstər şifahi nitqdə, istər bədii əsərdə, lap publisistikanın özündə də səmimi ol, sənə inanacaqlar.
“İlk məhəbbətin intiqamı” kitabına yazdığı Ön sözdə müəllifin ovqatı bütünlüklə səmimi notlara köklənib. Ön sözü çox ləzzətlə oxudum. Demə, orta həcmli bir hekayələr kitabının on altı səhifəlik Ön sözü ola bilərmiş və bu Ön sözdə müəllif həyatının irili-xırdalı bütün detallarının xülasəsini verə bilərmiş.
Ön sözü oxuyan hər kəs hekayələri oxumağa ruhən məhkumdur. Çünki Ön söz kitab üçün mənəvi açar rolu oynayır və oxucu hekayələrdə də müəllifin səmimiyyətinin axtarışına meyillənir.
“İlk məhəbbətin intiqamı” kitabı öz orijinal nəsr üslubunu mükəmməl şəkildə nümayiş etdirə bilən hekayələr toplusudur. Kitabda müəllifin on dörd hekayəsi, beş novellası və bir povesti yer almışdır. Əslində, kitabdakı bütün əsərlər novella sayıla bilər. Novellaya xas olan yığcamlıq və son dərəcə gözlənilməz sonluq bu yazıların hamısını novella kimi səciyyələndirməyə yetər. Yəni hekayələrin əksəriyyəti novellanın parametrlərini ödəyə bilir. Bircə qalır hekayə ilə novellanın əsas sərhədini ayıran yumor. Qəşəmin hekayələrində güclü yumor da yetərincədir. Lakin hekayələrdə çağın insanının ciddi düşüncəsi və bu düşüncədən doğan etiraflar daha güclüdür. Novellalarda isə müəllif həm mətnlərin fonunu yumorla “hörüb”, həm də finalını yumorla bitirib və beləliklə, bu janrın ən gözəl nümunələrini yaratmaqla çağımızda postmodernist düşüncənin elementlərini də sərgiləyə bilib.
Hekayələrin sırasında verilmiş “Çörək ağacı” və “Qasımov cəbhəyə gedir” povestindəki parçaların hamısı sırf novelladır. Bu mənada müəllif tam səlahiyyətlə povestini “Novellalar povesti” adlandıra bilər.
Hekayələrdə yazıçının üslub faktını şərtləndirən amillər çoxdur. Qəşəmin nəsrini hansı dərgidən oxusan, imzaya baxmadan müəllifini dəqiq deyə bilərsən. Bu fakt üslubu olan yazıçılara aiddir. Üslubun rüşeymi, işartıları yazıçının içində, ruhunda olur. Bu rüşeymi bəsləyib, böyüdüb, qoruyub özünü təsdiq etmək gərgin zəhmətlə başa gəlir. Ona görə də Balzak yazırdı: “Üslub şüşəyə bənzəyir, nə qədər çox silsən, o qədər çox parıldar”.
Onun hekayələrində oxucuya layla çalan nəinki səhifə, abzas, heç cümlə də yoxdur. Hadisələr yüyrək dillə təqdim olunur, ona görə də sürətlə oxunur. Bu əsərlərdə sanki zamanın nəbzi döyünür. Hekayələrdəki sürət çağdaş insanın səbrinə köklənib. Sürəti yaradan dialoqlardır. Qəşəm İsabəylidə dialoqlar təsvir və təfərrüatları, eyni zamanda vizual detalları da öz içinə alıb əridir. Bu dialoqlarda yazıçı realist üslubla ironik üslubu incə ustalıqla bir-birinə qovuşdurub birbaşa özünün üslub parametrlərindən birinə çevirir.
Qəşəm İsabəyli haqlı olaraq kitabını “Ehtiras” hekayəsi ilə açır. Hekayə müəllifin dünyagörüşünü, məlumatının bolluğunu, hadisələrə yanaşma metodunu, nəhayət, bədii cəsarətini tam göstərə bilən nümunədir. “Ehtiras” hekayəsi sonrakı hekayələrə marağı artırır, yəni digər yazılar üçün açar rolu oynayır.
Yazıçı Sadıq Elcanlı yazılarının birində hekayəyə yüksək qiymət verərək abzasın əvvəlində “Ehtiras” hekayəsi, az qala, bir romanın yükünü təqdim edir” kimi dəyərləndirir. Həmin abzasın sonunda bir daha “Bu, kiçik hekayənin böyük roman ağırlığında qələbəsidir”, – deyə səciyyələndirir (“Ədəbiyyat qəzeti”, 1 iyun 2024-cü il, səh. 26).
Təbii ki, Sadıq Elcanlı kimi səliqə-sahmanlı bir qələm sahibinin qəlbən əsərə verdiyi yüksək qiyməti biz də səmimi qəlbdən alqışlayırıq.
Müəllif qısa həcmli hekayəsinə maraqlı süjet qura bilib, məzmun olduqca cəlbedicidir. “Narkotik alverçisi” böhtanı ilə şərlənən Vüsalın azadlığı rəzil bir prokurorun əlindədir. Vüsalın özünü qurtarmağa pulu yoxdur. Prokuror onun yalvarışlarına məhəl qoymur. Əli hər yerdən üzülən Vüsal bacısını və arvadını prokurora təklif edir. Bu epizodda oxucunun əsəbi tarıma çəkilir. Bu nədi? Yoxsa, heka¬yənin müəllifi də, qəhrəmanı da mental dəyərlərin üstündən xətt çəkir?! Hətta bir çoxları düşünür ki, Vüsalın “bacım” və “arvadım” dedikləri, görəsən, onun doğmalarıdırmı? Bəlkə, onlar Vüsalın “təşkil elədiyi” başqa qadınlardır?! Qoy oxucu qərar verməyə tələsməsin və hekayənin finalını oxusun.
Hekayənin finalı bizə tamamilə fərqli rakursdan görünür. Müəllif prokurorun düşdüyü acınacaqlı durumu göstərməklə, ulu Zərdüştdən üzü bəri Əlahəzrət sözün haqqın, ədalətin xidmətində bulunduğunu ifadə edə bilmişdir.
Müdriklərdən biri deyib: “Ədəbiyyat olub-keçənləri, indi olanları və gələcəkdə olasıları özündə ehtiva edən sənət növüdür”.
Əslində bu təsirli hekayə cəmiyyətin sosial-mənəvi deformasiyasına yazıçı baxışıdır. Bu, müəllifin sosial problemlərə yönəlik dərdi və harayıdır.
Qəşəm İsabəyli hekayəni mətnin metaforu üstündə qurmuşdur. Metaforla cəmiyyətə ötürülən mesaj: zalımlıq eləsən, zülm görərsən. Prokurorun Vüsala elədiyi zülmü Tanrı iki qat artıq onun özünə qaytarır; ailəsi dağılır, sərvəti əlindən çıxır, ciyərparası, bircə oğluna həsrət qalır və cəmiyyətdə rüsvay olur.
Əsərdə nəfsin insanın başına gətirdiyi fəlakətlər və harınlamışların heç vaxt ondan sığortalanmadığı da məntiqlə açılır. Çünki ehtiras nəfsin meyvəsidir.
“Ehtiras” hekayəsi nüvədir. Bu nüvənin həlqələri açıldıqca daha çox mətləblər üzə çıxır.
Yazıçının hekayədə yaratdığı təzad da maraqlıdır – həzz-iztirab; hər ikisi qadın əməli ilə. Prokurora həzz verən də qadındır, iztiraba salan da. Həzzi verən yad və haram – iztirab verən doğma və halal. Prokurorla Vüsal təzadı da diqqət çəkir. Vüsalda əvvəl iztirab, sonra həzz – prokurorda əvvəl həzz, sonra iztirab.
Beləliklə, yazıçı insan həyatının iztirabla həzzin növbələşməsindən ibarət olduğunu kiçik bir hekayədə müddəa kimi ortaya qoymuşdur.
Hekayədə mətnaltı ifadələrin işlədilməsi onun bədiiliyini bir daha artırır. Prokurorun Vüsala dediyi “Ora Amerikadı, orada qanun var” fikri prokurorun savadsızlığına işarədir. Səviyyəli hüquq işçisi belə sözü dilinə gətirməli deyil. Və yaxud əsərdəki yekun hadisəyə mətnaltı işarələr verilir: “Həyat yoldaşım mənalı-mənalı üzümə baxdı. Sonra da şaqqıldayıb güldü.

Bu nə gülüşdü, ay qız?!

Tələsmə, səsini eşitdin, dadını da görərsən!”
Hekayədə reallığın mühüm bir faktoru da diqqətə çatdırılır; insan bioloji varlıqdır və bütün canlılar kimi onun da cinsi maraqları təmin olunmalıdır. Prokurorun arvadı Sevinc evdən həmişəlik çıxır, Vüsala qoşulub Türkiyəyə gedir. Oradan da prokurorun telefonuna mesaj göndərir: “Sən də adını kişi qoymusan. Hünərin-zadın da yox idi, ay yazıq. Hardan olaydı ki, onun-bunun arvadıyla oturub-dururdun. İndi baxıram, mən ərdə olmamışam ki! Ərin nə olduğunu da indi bilirəm”.
Amerika yazıçısı, dünyaca məşhur Uilyam Folkner yazır: “Yalan kitablara yol tapa bilər, amma heç vaxt ədəbiyyat ola bilməz. Yalan bir xalqı aldadıb yolundan sapdıra bilər, amma heç vaxt böyük ədəbiyyata çevrilə bilməz”.
Qəşəm İsabəylinin nəsri bu yazının əvvəlində ifadə olunmuş düşüncəyə alternativ variant kimi üzə çıxdı. Yəni o, poeziyasında şair, nəsrində yazıçı kimi görünə bildi. Həm də yazı texnologiyasından tutmuş bədii keyfiyyətə qədər, təzə olan bu nəsr göstərdi ki, maksimal dərəcədə yığcam bir mətnə geniş bir məzmunu yerləşdirə bilmək üçün mütləq mənada yazıçı olmalısan.
Yaradıcılıq məhsulu səni içinə alırsa, ruhuna hopursa, yaddaşına köçürsə, daxili enerjisi sənin enerjinlə uyğunlaşa bilirsə, deməli, əsər də, onun müəllifi də “ədəbiyyata qalan” nominasiyasını yerinə yetirir; Qəşəm İsabəylinin nəsri kimi.
Təbii ki, bir məqalədə kitabın bütün hekayələrindən söz açmaq imkan xaricindədir. Yazını hazırlayarkən məlumat aldım ki, yazıçının üçüncü nəsr kitabı da işıq üzü görüb. Sağlıq olsun, Qəşəm müəllimin nəsri ilə növbəti görüşlərədək.
(“Ədəbiyyat qəzeti”, 17 may 2026)

Müəllif: Yahya ABBASOV

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I