Etiket arxivi: Rafiq Hüseynov

Səlim Babullaoğlu – Klassik

Klassik

Bu esse 18 il əvvəl görkəmli televiziya ustası, diktor Rafiq Hüseynovun 60 illiyi münasibətilə tərtib etdiyim kitab üçün son söz əvəzi olaraq yazılıb. Bu gün Rafiq müəllimin doğum günüdür.

Bu kitabı iki tip oxucu əlinə alacaq: Rafiq Hüseynovu tanıyanlar və onu heç tanımayaraq kitabdan tanımaq istəyənlər. Rafiqi tanıyanlar, onun həyatına bələd olanlar heç nəyə təəccüblənməyəcək və bu kitab onlar üçün uzun müddət tanıdıqları, yüksək qiymətləndirdikləri adamın – dostlarının- enişli-yoxuşlu, iztiarblı, sevinclərlə və zərbələrlə eyni qədər zəngin həyat yaşamaqda olan Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı və professorun 60 illik yubileyi üçün hazırlanmış xatirat təəssüratı yaradacaq, buna sevinəcəklər. Rafiqin haqqında dost sözlərini, kitab içindəki kitabı- Rafiq Səməndərin qələmə aldığı və yubilyarın həyatını müfəssəl şəkildə göstərən «Salam,əziz tamaşaçılar» kitabını, onun haqqında yazılan bəzi məqalələri, Rafiq Hüseynovun müxtəlif illərdə verdiyi müsahibələrini oxuyan ikinciləri isə bir şey hökmən təəccübləndirəcək: təkrar. Rafiqin düşüncələrində, onun haqqında deyilən fikirlərdə və yazılan yazılarda özünü göstərən, ilk baxışdan adı təkrar olan şey əslində Rafiq müəllimin öz ömür yoluna sədaqətinin, öz əqidəsində və düşüncəsində, sözlərində, peşəkarlığında sabitliyin, birliyin, dəyişməzliyin təzahürüdü.
* * *
Ətrafımızda gördüyümüz hər şey əslində bizi əhatə edən əşyaların əks edib geri qaytardığı şüalardan başqa bir şey deyil. Ona görə də əks olunmaq üçün işıq şüuaları yoxdur deyə qaranlıq otaqda biz heç nə görmürük. Əşyanın əks etdiyi müxtəlif spektrli və intensivliyə malik şüalar həmin əşya haqqında informasiya daşıyır. Bu informasiyanı elektrik siqnalları kimi ( radiosiqnallar qismində ötürülən səs kimi) uzaq məsafələrə ötürmək olar. Elə məhz bu düşüncə də televizorun, televiziyanın yaranması üçün əsas ideya rolunu oynadı. Həmin siqnalları sonradan nazik horizontal zolaqlara- sıx sətirlərə çevirmək mümkün oldu ki, bu da artıq kadr deməkdi; sonradan bir nöqtəyə cəmlənən elektrik siqnalları həmin nöqtədən milyonlarla nüsxələrlə paylanmağa başladı; kameranın ehtirassız gözü də hamını olduğu kimi gösətərirdi.
Əslində adamların bir- biri ilə münasibəti də bu prinsiplə «işləyir» desəm yanılmaram. Və Rafiq Hüseynov da bəzi prinsipial məqamları çıxmaq şərtilə başqa aparıcılar kimi (mən müəllif proqramlarını və aparıcılıq edərkən improvizələrini nəzərdə tutmuram) adətən ona təqdim olunmuş mətni oxuyurdusa, bəs necə olurdu ki, bizim ona göndərdiyimiz, horizontal sətirlərdən ibarət yazı, mətn şəklində verdiyimiz ruhi-mənəvi enerji onun qiraətində sanki başqalaşır, zənginləşir və estetik tərəfdən daha dolğun şəkildə geri qayıdırdı ? Demək fiziki prosesi adekvat metafiziki prinsipə çevirməklə o, «Rafiq Hüseynov televiziyanın özü idi» deyənləri haqlı çıxarmışdı.
* * *
Görkəmli italyan yazıçısı Dino Buzzati yazır «Məşhur (populyar – S.B.) adam kimdir? O kəsdir ki, küçəyə çıxanda sən çevrilib ona baxırsan və yanındakına deyirsən :- Bax, bu odur… Vəssalam». İndi bir çoxları yalnız ona görə məşhurdular ki, iş prinsipi bir təsviri çoxaltmaq olan televiziya vasitəsilə onları əksəriyyət görə bilir. Sonradan bu prinsipi gerçəkləşdirməyə imkan verən, 1843-48- cı illərdə bütün televiziya cihazlarının sələfi olan «surətçıxaran teleqrafı» kəşf edən Ben və Bekuel güman etməzdilər ki, onların əsasını qoyduqları televiziyada görünmək ehtirası bir çox adamların gözünü kor edəcək; onlar səhv və ya düz danışmaqlarını, çılpaq və geyimli olmalaqlarını belə düşünməyəcəkdilər. Əsas odur ki, onları görsünlər; onlar mantar kimi çəkisiz olsalar belə suyun üzündə qalmağa üstünlük verəcəkdilər. Bu indi də belədi. Amma Ben və Bekuelin kəşfindən 100 il sonra, 1946-cı ildə bir uşaq doğulacaqdı ki, sonradan o məşhurluq haqda düşünmədən məşhur olacaqdı. Və həm də bu günün ən təsirli vasitəsi olan televiziyada davranışı, danışığı, sifəti ilə normaya çevriləcəkdi.
İllər sonra ondan soruşanda « necə bilirsiniz, bu populyarlığı və hörməti sizə televiziyamı qazandırıb», cavabında deyəcəkdi ki, mən altı ay Daşkənddə film çəkilişlərində olmuşam; orda da təbii , məni tanımırdılar, amma qəribədi, hiss edirdim ki, adamlar mənimlə ünsiyyətə can atır, mənə tərəf gəlirlər.
Bu çox sonra olacaqdı. Hələliksə altmışıncı illər idi.Və atasının ölümündən sonra yalnız ailələrinə kömək etmək düşüncəsində olan bir gənc, adi bir işə girmək üçün o vaxtlar nə qədər böyük qüvvəyə malik olduğu inidiki kimi sezilməyən televiziyaya üz tutur. İşıqçı kimi işə düzəlir. Verilişə çəkilən insanların, diktorların üzünə işıq tutmağa başlayır, əslində özü demişkən öz həyat yoluna işıq salır. Az keçməmiş diktorlar müsabiqəsi. Uğursuzluq. Növbəti cəhd. Və o artıq diktordu… İlk çıxışları birmənalı qarşılanmasa da sonradan hamının-aşağıların da, yuxarıların da qəbul etdiyi diktor olur.
Kimdi diktor? Peşənin izahı ilə bağlı dərsliklərdə belə yazılıb: inofrmativ, siyasi, reklam materiallarını, habelə rəhbərliyin qərarlarını efirdə mikrofona oxuyan adam. Bilməli olduğu şeylər isə jurnalistlik və akyor ustalığıdır. Vacib peşəkar keyfiyyətlərinin qarşısına gözəl nitq bacarığı, yaddaş, emosianallıq, bədii zövq, məntiqi mühakiməlilik qeyd olunub. Təbii ki, Rafiq Hüseynovun keyfiyyətləri sırasında həm bunlar, həm də o vaxtkı siyasi sistemin arzulamadığı şeylər də vardı: əqidəlilik, prinsipallıq, vicdanlılıq. Amma elə şey vardı ki, onu yazmasan belə görməmək mümkün deyildi: bu sonradan o vaxtkı televiziyanın özü ilə belə identifikasiya olunan, televiziyanın özünün simasına, üzünə çevrilən Rafiq Hüseynovun xarici görkəmi idi. Və bu görkəm televiziyanın o vaxta qədər qəbul olunmuş qadın simasını dəyişdi, ilk dəfə və üç onillikdən artıq bir müddətə onun simasını kişiləşdirdi. Özü də bu sözün bütün mənalarında və çalarlarında.
Ucaboylu, olduqca yaraşıqlı, xarizmalı, səsi ilə danışdığı dilin arasında əlahiddə dərəcədə uyarlıq, harmoniya olan, savadlı, azərbaycan və rus dillərində eyni qədər uğurla danışan, yəni bunu efirdə edə bilən bir adam, özü də mənşəcə iki qalanın (o Şuşada anadan olmuş, İçərişəhərdə böyümüşdü) yəni, bəlkə də «iki dəfə xalqın oğlu olan adam» – diktor Rafiq Hüseynov, böyük sovet dövlətinin heç də sevilməyən bir hissəsində hələ on yaşı tamamlanmamış bir televiziyada sistemlə xalqın arasında körpü olmalı idi. Bu həm təbii idi, həm də bir qədər parodoksaldı: sadalanan keyfiyyətlərilə bunu Rafiqdən daha yaxşı kimsə edə bilməzdi; hərçənd ki, ilk dövrlərdə onun efirdən vərdiş olunan pafosla heç bir əlaqəsi olmayan tərzdə danışması qəbul olunmurdu, bu imperiyanın kənarlarında mərkəzin xofunu azaldır kimi görünürdü nəzarətçi məmurlara. Niyə? Bunun üçün sovet televiziya tipini faş edən məşhur iki cümlə yadıma düşür:
«Sovet televiziyalarında reklam yoxdu; pauzalarda Leninin fotoşəkillərini və portretlərini, bir də belə desək, “Yaz”, “Payız” mövzusunda fotoetüdlər göstərilirdi. Üstəgəl, müəllifi heç vaxt olmayan, səsgücləndiricinin özünün bəstələdiyi “yüngül” vızıltıyabənzər musiqi.»
Amma hər kəs yalnız öz işini gördüyünü və ümumi səhnənin isə məhz gördüyü işdən ibarət oluğunu zənn etdiyi halda, son nəticə elə görünür qabaqcadan müəyyənləşən kimi idi: bu hamını razı salmasa da başqa variant yoxuydu. Sistem Rafiq Hüseynovun şirin və ürəyəyatımlı ləfziylə həm kökündə ədalətsiz olan ( bunu isə siyasi sistemə inanmasa belə nə total hipnoz altında olan fərdlər , nə də inandığından alternativi olmayan xalq anlaya bilərdi) qərarlarını, həm sosializm yarışmalarının statistikasını səsləndirirdisə, xalq da (=adi teleseyçilər) özünün düşünən və çalışan fərdlərinin elm, ədəbiyyat, musiqi, kino, idman və bütün digər sferalardakı həqiqi uğurları haqda informasiyanı yenə də məhz Rafiq Hüseynovun dilindən eşitmək istəyirdi. Əslində onun diliylə yuxarıdakılar aşağıdakılara mesaj göndərmək istəyəndə bu Rafiq Hüseynovun xalqayaxın diliylə çox qorxulu olmur, aşağılar milli nailiyyətləri və irsini öz içindən çıxan oğlunun diliylə yuxarılara çatdıranda bu çox təsirli olurdu. Rafiq Hüseynovun xalq arasındakı hədsiz böyük hörməti və populyarlığı da məhz bununla bağlı idi. Xalq onun dilindən zələzələdə ölən adamlar ( sovet dövründə belə rəqəmlərdən daha çox «qardaş» respublikaların köməyi haqda sicilləməyə üstünlük verilirdi), hətta sabahın necə ola biləcəyi və bütün gizlinlərlə bağlı ən düzgün informasiyanı ala biləcəyini sanırdı. Belə olmasaydı onillər sonra, Rafiq Hüseynov televiziyanı atıb gedəndə qoca bir qadın onun qarşısını kəsib «Sən heç bilirsən neyləmisən, oğul ? Sən bizi tək qoymusan…» deməzdi. Bəlkə elə bu söz üçün işləmişdi Rafiq Hüseynov.
Rafiq Hüseynov anlayırdı ki, diktator kəlməsi ilə eyni kökdən olan bu latın kəlməsi- diktorluq xisləti etibarilə qədim carçılardan az fərqlənir, ona görə o potensialında olan yaradıcılıq qabiliyyətini aparıcı kimi, müəllif proqramlarında, onlarla xalqalazım mədəni, ictimai proqramlar vasitəsilə reallaşdırmağa can atır və buna müvəffəq olurdu. Təbii ki, xarici görkəmi ilə yanaşı diktorluq fəaliyyətinin,illərin onda aşıladığı peşəkar vərdişlər həmin proqramlarda özünü yeni keyfiyyətlərdə biruzə verirdi.
* * *
Rafiq Hüseynovun müəllifliyi, quruluşu və aparcılığı ilə 18 il bundan əvvəl çəkilmiş, efirə getmiş «Televiziyanın qonaq otağı»na baxandan sonra- Rafiq Hüseynovun müsahibi böyük bəstəkarmız Tofiq Quliyevdi- düşündüm ki, qəribədi, elə bil «kamernı» filmə tamaşa eləyirsən , baxmayaraq ki, bu qədər vaxt keçib, müasir televiziya indi başqa keyfiyyətdə təsvirlərlə işləyir, üstəgəl müsahibə verən adam da artıq yoxdur, amma bu verilişi elə indi, bu dəqiqə efirə vermək olar- sonuncunu dostuma dedim; və bu veriliş aktuallığını zərrə qədər itirməz ; dostum cavabında dedi ki, bu klassikadı… Yəni, haqlı olaraq «Rafiq Hüseynov klassikdi» anlamına gəlirdi bu cavab.
Bir dəfə ağlıma gəlmişdi ki, əgər bütün dillərdəki lüğətlərdən və yaddaşlardan hər hansı bir sözü silmək mümkün olsaydı- tutalım, bütün sinonimləri ilə birlikdə dava sözünü- həmin hadisə (akt; əşya və s.) mütləq itməliydi. Yəni, insanlar davanın nə olduğunu unutmalı, bir daha müharibə etməməliydilər. Sonra, bu düşüncənin qat-qat əvvəl Borxesin ustalıqla yazdığının şahidi oldum; eyni məntiqi nəticəyə gəlmək üçün dini kitablarda xeyli əsaslar var. Rafiq Hüseynovun altmış illik yubileyi üçün hazırlanan kitaba «son söz yerinə» yazısını yazamağa başlayar-başlamaz nədən bunları düşündüyümün fərqindəyəm. İyirminci əsri nə cür adlandırmayıblar, bir düşünün: atom əsri, kosmos əsri, kibernetika əsri, müharibələr əsri, terror əsri və s. Məncə bütün bunlar təyiniedici kateqoriyalardan daha çox, belə deyək, «otağa açar deşiyindən baxaraq» yazılan publisistikadı. Əslində bütün bəşər tarixini «anlaşılmazlıq», «anlamazlıq», «sözlərin mahiyyətinə varmamaq» tarixi adlandırmaq daha düz
olardı. İndi biz «Sülh naminə müharibə (?) və bombardman (?)» və « sağlam uşaqlara tibbi sığorta lazım deyil» kimi məntiqsiz hökmlərin, cümlələrin tüğyan etdiyi dövrdəyik. İndi biz – ən adi fakt, «Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuşdur» cümləsinin müasiriyik və bir kimsə «qanunvericiliyin» bu halda nə demək olduğunu soruşmur, niyə «Azərbaycan qanunlarında…» yazılmasın, axı. Məncə bütün pisliklər sözlərin yalnış istifadəsindən başlayır …
Ötən il «Respublika sarayında» İlyas Əfəndiyevin yubiley tədbirində idim. Çıxışçılar böyük ədib haqqında danışarkən məndən arxa sırada oturmuş Rafiq Hüseynovun Elmira Şabanova ilə əsəbi danışığınının istər-istəməz dinləyicisinə çevrilirdim : «Niyə axı «Efendiyiev» kimi rus vurğusu ilə tələffüz edirlər soyadı? Axı, əsas olan «əfəndi» sözüdü, soyadda da vurğu «i» yə düşməlidi». Bir neçə çıxışçı eyni səhvi edir, Rafiq müəllim də hər dəfəsində əsəbiliyini ifadə edirdi. Çıxışçılardan yalnız biri böyük yazıçımızın familini doğru tələffüz elədi və onda da mən arxa sıradan uşaq tövrülə deyilmiş sözləri eşitdim: «Ay, səni sağ olasan!»
Bu sözü o adam deyirdi ki, onillər əvvəl keçmiş SSRİ-nin böyük studiyalarında, mərkəzi telekanallarda rus dilində verilişlər apararkən, danışarkən rus həmkarları «davayte pobolşe aksenta, nado çtob poçuvtsvovali vı iz Kavkaza…». O yaraşıqlı simasının Qafqazdan oluğunu bildirəcəyinə əminliklə – bunu onlara sözlə də deyirdi, səlis, savadlı rus dilində çıxışını davam eləyirdi. Və tamaşaçı məktublarının birində «…bilmirsən ona ədəbiyyatçı deyəsən, iqtisadçı deyəsən, yaxud da ki, siyasi icmalçı…» yazılması təsadüfi deyildi.
.
Azərbaycan Dövlət Televiziyasının 1980-cı illərin sonuna doğru hazırladığı yeni il proqramından fraqmentlərə baxıram. Rafiq Hüseynov və yanında daha bir aparıcı. Birlikdə dayanıb danışırlar. Növbə ilə. Hiss edirəm ki, Rafiqin danışığının fonunda(=yanında) həmin aparcının nitq qüsurları , daha doğrusu aktyorluqla oynanılmağa çalışılan emosiyaların gətirdiy yersiz, saxta vurğular gözə girir. Sonra aparıcılar ayrılırlar, ayrı-ayrılıqda, yaxud söhbətə çəkmək istədikləri öz yeni il qonaqlarının yanında danışırlar. Təklikdə o biri aparıcının qüsuru hiss olunmur, düzü müqayisə imkanı olmadığından. Həmin aparıcı qonaqla söhbət edir, qəribədi, bu dəfə qonaq onu söhbətə çəkən diktorun yalançı pafosu ilə danışmağa başlayır. Sonra Rafiq tək danışır. Üz- gözündən görmədiyi tamaşaçısna sevgi və sayğı tökülür. Sonra Rafiq müəllim öz qonağını söhbətə çəkir. Bu dəfə isə geyimindən əyalətdən gəldiyi o dəqiqə hiss olunan qonaq ləhcəsinin qarşısını almağa cəhd edərək, Rafiq Hüseynovun ədaları ilə qüsursuz danışmağa çalışır. «Niyə belədi?»-deyə düşündüm. Yəqin ona görə ki, Rafiq Hüseynov öz qonağına, həmsöhbətinə səmimiyyət və hörmətlə yanaşırdı.
Müqayisə olmasın, «Məşədi İbadın» mənfi personaj olduğunu hamı yaxşı anlasa da, inanmıram ona nifrət edən bir adam tapılsın, çünki böyük Üzeyir bəy özü öz personajına nifrət eləmirdi, əksinə bəlkə ona sevgiylə yanaşırdı.
« Sizin istəyinizlə» verilişində Vaqif Səmədoğlu ilə Rafiq Hüseynovun söhbəti. Söhbətə aparıcı başlayır. Elə girişdəcə adi bir məqam: Rafiq Hüseynov həmsöhbətinə siz deyə müraciət edirsə, Vaqif Səmədoğlu iyirmi ildən artıqdı tanış olduğu dostuna siz deyə müraciət edərək danışa bilməyəcəyini, bununla da Rafiqə «sən» deyə müraciət eləmək üçün sanki icazə istəyir. Rafiq Hüseynov icazəni təbəssümü ilə verir və çox mərhəm səslə, «nə deyirəm ki…» kimi qısa, amma zərgər dəqiqliyi ilə ölçülüb- biçilmiş kəlmələr əlavə edir. Bu söhbətdə diqqətimi çəkən pauzaların sözlər və replikalar qədər maraqlı olması, birinin digərini gücləndirməsini müşahidə eməkdi.
Eyni adlı proqramda Rafiq Hüseynovun qonağı Bəxtiyar Vahabzadədi. İlk sual. Mövzu muğamla bağlıdı. Sual axıra qədər verilmir. Bəxtiyar müəllim təbəssümlə « yəni, demək istəyirsən ki, …» deyib Rafiq Hüseynovun ona ünvanladığı sualı axıra çatdırır. Analyırsan ki, aparıcı bilərəkdən sualı axıra qədər vermir, sözə ifrat həssas olan böyük şairin «lüğət ehtiyatını» beləcə fəndlə silkələyir, «böyük söz mexanizmini» hərəkətə gətirir….
«Dalğa» verilişi. Başqa bir qonaq. Söhbət rus dilində aparılır. Nadejda İsmayılova ilə Rafiq Hüseynov çox maraqlı tandemdədirlər. Peşəkar futbolçular kimi söhbətin ümumi qayəsinin doğurduğu törəmə mövzuları bir-birilərinə ustalıqla ötürürlər. Nadejda İsmayılovanın sualları daha çox mövzunun faktoqrafik tərəfi ilə bağlıdı. Rafiq Hüseynov isə «həqiqi təmas ustası» kimi sualın özünün doğurduğu digər sualları ustalıqla tapır, cavab verənin az əvvəl gizlətməyə- bəlkə də sadəcə olaraq unudub demədiyi məqamları qabardır, həmsöhbətini bacardıqca açılmağa təşviq edir.
Yaxud yenə «Dalğa» verilişi. Veriliş Nəriman Nərimanova həsr olunub. Fotokinosənədlərdən ibarət təsvir sırasının üzərində Nadejda İsmayılova Nərimanovun həyatının o vaxta qədər bəlli olmayan məqamları ilə bağlı kadrarxası mətni oxuyur. Sonra kadrda Rafiq Hüseynov Nəriman Nərimanovun oğlu Nəcəfə yazdığı məktubu səsləndirir. Səsin tembri, ahəngi və musiqisində, üctəgəl vurğularda oxunan sözlərin həm böyük mütəfəkkirə və siyasət adamına aid olduğu, həm də sevən atanın oğula yazdığı hiss olunur. Məhz bu qiraəti dinləyə-dinləyə anladım ki, səs-sözün əvvəli beləcə sözün özünə çevrilir, sözünə özünə qədər böyüyür, əslində Rafiq Hüseynovun qiraətində yazılı söz ilkin diriliyinə beləcə qayıdırdı ki, bu yazılı sözün şifahi nitqə həmişə uduzduğu düşüncəsini birdəfəlik yox edirdi. İstənilən söz, xüsusən köməkçi sözlər, «bəli»lər, «xeyr»lər bir cür yazılsa da min cür oxuna bilər, Rafiq müəllimin ifadəsiylə desək, yalnız «sözə səthi yanaşmayanlar» bunu məqamında və ən düz şəkildə ifadə edə bilərdilər. Bu səmimiyyət tələb edirdi. Səmimi olmaq, səmimiyyət isə əslində sevgiylə yanaşmaq , sevgiylə yanaşmaq fitrətə qoyulmuş niyyətdi. O yalnız sonra yaddaşlarda uzun müddət yaşayacaq doğrucul, düzgün sözə çevrilirdi. Rafiq Hüseynovun təcrübəsində danışmaq və söz demək həm də əməldi.
Təkrar «Televiziyanın qonaq otağı»nın fraqmentlərini seyr edirəm. Bu dəfə sözlər yox, Rafiq Hüsenovun bütün söhbət boyu şahanə şəkildə dik saxladığı beli, danışarkən biləyinin «oxu» ətrafında ehmalca qövslər cızan əlləri, sahmanlı, cəlbedici jestləri diqqət çəkir. Onlar sözlər qədər əhəmiyətlidi. Öz-özünə söylənən «yanıltmaclar» düzgün nitqi formalaşdırdığı kimi fitrətdə olsa belə bu keyfiyyətlər də ekrandakı uzun illərdən və pərdə arxasındakı üzücü məşqlərdən sonra oturuşmuşdu.
Rafiq Hüseynov isə bu dövrdə artıq öz imkanlarının o vaxta qədər olmadığı zivəsindəydi ki, indi burdan o illərə baxanda anlayırsan ki, o bəlkə özü də bilmədən normalar diqtə edirdi. Efir davranışı diktatoruna çevrilmişdi diktor, klassikə. Klassik- danışmaq sözünün «qiraət», «söhbət», «mütaliə», «ünsiyyət» və başqa bu kimi bütün təzahürləri zamanı həm də artıq danışmayan adam deməkdi. Artıq sözlər olmayanda, artıq hərəkətlər də olmur, ən azı ona görə ki, hər bir hərəkətin adı kimi söz qarşılığı vardır. Düzgün olan hərəkət isə elə düzgün olan sözdür.
* * *
Rafiq Hüseynov televiziyaya gəlişi haqda yazır: «Elə mənim televiziyaya gəlişim təsadüfi olub, həyat təsadüflər üzərində qurulub …»- mən Rafiq müəllimin fikrini bura qədər oxuyandan sonra duruxmuşdum, çünki dəfələrlə müxtəlif müsahibələrində o, «mən Allaha inanıram», «həmişə məni qoruyan gözəgörünməz qüvvənin varlığına inanmışam və onu hiss etmişəm» deyirdi, axı. Allaha inamla, təsadüfü bir araya necə gətirirdi Rafiq müəllimin məntiqi? Fikri bir daha davamı ilə birgə oxuyuram: «Elə mənim televiziyaya gəlişim təsadüfi olub, həyat təsadüflər üzərində qurulub. Əgər insan tale yazısından xəbərdar olsaydı, həyat mənasız olardı…»… Yəni, təsadüf bizim tale yazımızdan xəbərsizliyimizin təzahürüdür, daha doğrusu bizim həmin xəbərsizliyimizə verdliyimiz addır.
Rafiq Hüseynov mənim üçün bundan sonra həm də təsadüf kateqoriyasına verdiyi ən doğru təriflə yadda qalacaqdır.
«O qəlbini bir ev kimi daima səliqə-sahmanlı saxlayır »- bunu 4 yaşlı gözəl Leylinin anası Səbinə xanım deyir, Rafiq müəllimin həyat yoldaşı. Bəlkə də bu günkü sahmanı sabahkı sahmanına təminataçı olanı yeganə və həqiqi ev elə insan qəlbidir. Bu ifadələr də mənim üçün unikaldı. Həm də bir qadının sevgisinin dərəcəsini göstərmək baxınmından yeniydi.
Rafiq müəllim 1946-cı ildə anadan olub. Yəni 1+ 9+4+6= 20 = 2+0= 2. 1966-cı ildə televiziyaya işə girib.1+9+6+6= 22=4. 1979-cu ildə əməkdar artis adını alıb.1+9+7+9=26=8. Fikir verirsiz: cüt rəqəmlər və hər sonrakı rəqəm əvvəlkindən iki dəfə böyükdü. 1991-ci ildə Rafiq müəllim televiziyadan gedib. Ədəd onun təşkil edən rəqəmlərilə simmetrikdi. Elə bil kimsə güzgüdə özünə baxır, özünə hesabat verir . Cəm isə ikiyə bərabərdi: çünki Rafiq müəllim televiziyadan gedib və hər şey yenidən başlamalıdı.
Rafiq müəllimin həyatında belə pozitiv və neqativ simmetriyalar çoxdu. Misalçün, 17 yaşındaykən oğlu Rövşəni itirib (Allah rəhmət eləsin!), 17 il sonra qızı anadan olub. Yaxud başqa cüt rəqəmlər:
1961 (=4) və 1984 (=8) ; birinci tarix atası Əyyub kişinin dünyadan köçdüyü ili göstərir, ikinci tarixdə rəqəmlərin cəmi iki dəfə böyüyür və bu il Rafiq Hüseynov iki ən əziz adamını son mənzilə yola salır- anasını və oğlunu. Düşünə bilərsiniz ki, bu rəqəmpərdazlıqdı və təsadüfdü. Təsadüf haqqında isə biz az əvvəl danışmışdıq.
Rafiq müəllimin həyatındakı ən böyük simmetriyası və harmoniyası onun sifətininin düzgün cizgilərindən, doğru, səlis danışığından gözə dəyir. Bir də həyatından. Adından. Bizdə «Rafiq» kimi işlənən, əslində «Rəfiq» olan bu ərəb kəlməsi «dost, yoldaş» anlamına gəlir. Rafiq Hüseynovun həyatında dostları bəlkə də ən (!) əhəmiyyətli yer tutur. Ən çətin günlərində həyat eşqini ölməyə qoymayan dostları. Dostluq isə Nütonun ikinci qanunu ilə işləyən yeganə metafizik hadisədir bəlkə: sən nə qədər verirsənsə o qədər də alırsan. Kim bilir bəlkə də tərsinədi, yəni fizika metafizik qanunların təzahürüdü. …
Həyatı boyu təkcə dostlarının deyil, həm də dilində danışdığı xalqının dostuna çevrilən Rafiq Hüseynovun ən böyük uğurlarından biri də elə ona verilən adı dolğrultması idi; çünki bizim adımızı Dədə Qorqud dastanındakı kimi qoymurlar.
* * *
Öz çevrəmizdə tez-tez misal gətirdiyimiz bir ifadə var: «Yaxşı şeir ucadan və gözəl oxunmağı tələb edir. Çünki şeirin yadındadı ki, onun əvvəli nəğmə olub». Bunun belə olub-olmadığını bir şairlər və yazıçılar, bir də Rafiq Hüseynov kimi nitq ustaları hiss edə bilərlər. Bəlkə bu hiss Rafiq Hüseynovun öz həyat hadisələrini mahnıya, nəğməyə çevirmək, ifa eləmək zərurətini də doğurmuşdu. Digər tərəfdən sənət faktına çevrilən təcrübə, hisslər-hətta ağrı-acı belə, sənətə çevrilmək, yaşandığı anda hətta «bizi öldürəcək», «bu dərdlə yaşaya bilmərik» deyə düşündüyümüz olayları sonradan həyatın özüylə müqayisədə çox «yüngül» , daha doğrusu olan «çəkidə yüngül, qiymətlə ağır» bir şeyə çevirmək bacarığı insandan alicənablıq və mətinlik tələb edir.
Təxminən belə də demək olar ki, bəzən «Hamlet»ə tamaşa etmək bir ömür yaşamaq qədər faydalı olur.
Rafiq Hüseynov öz ifasında oxuduğu mahnıları «Sevərəm təzədən səni» adlı diskə topladı və arxasında bu sözləri yazdı: « Mən bu nəğmələri <…> ona görə oxudum ki, ekrandan tanıyıb sevdiyiniz Rafiq Hüseynlinin ürəyinin səsini eşidəsiniz. İnanıram ki, bu nəğmələri dinləyəndən sonra məni göründüyüm kimi yox, olduğum kimi tanıyacaqsınız…» Qoy bu da Rafiq müəllimin hələlik sonuncu müəllif proqramı olsun, axı o deyirdi ki, veriliş mahnı kimi olmalıdı.
* * *
Kitaba daxil edilmiş müsahibələri bir dəfə də vərəqləyirəm. Sonra nədənsə müsahibələrindən oxuduğum bir fikri sanki mənimlə üzbəüz oturub danışırmış kimi, yəni Rafiq müəllimin öz səsi lə eşidirəm: « Mən bir dəfə öz xatirələrimi yazmaq fikrinə düşmüşəm. Hətta bir qədər yazmışam da. Amma ilk cümlələrdən anladım ki, özümü tərifləməklə məşğulam…». Rafiq müəllimin elə yazılmış bir kitab qədər əhmiyyətli olan bu etirfından sonra rejissor Konçalovskinin memuarlarının ilk cümləsi yadıma düşdü: mən özümü çox sevirəm. Şəxsən mən indiyə qədər bu kitabın mütaliəsini yalnız bu sözə görə davam etdirə bilmirəm…
Tərtib olunmuş bu kitabın ən dəyərli hissəsi Rafiq Hüseynovun müsahibələridir. Burda onun maraqlı həyaın təcrübəsi, yenicə fəaliyyətə başlayan telejurnalistlərə hədsiz gərək ola bilən fikirlər var:
«Aparıcı tamaşaçının gözü qarşısında qocalmalıdır».
«Sözə səthi yanaşmaq olmaz».
«Veriliş mahnı kimi olmalıdı».
«Hər bir verilişə həm görmə, həm eşitmə qavrayışlarına əsaslanan kiçik bir sənət əsəri kimi baxmaq lazımdır».
« Məncə ağır dövrdə sənətkarın özünü göstərmək imkanı daha böyük olur».
«Hər dəfə kamera qarşısına çıxanda ekrana baxan tamaşaçıları gözlərim önünə gətirirəm».
* * *
Rafiq Hüseynovun «Televiziyanın qonaq otağı» müəllif proqramında böyük bəstəkarmız Tofiq Quliyevlə müsahibəsinin fraqmentlərinə bir də baxıram. Tofiq müəllim şəhərə gəzməyə tez-tez çıxa bilməməsindən şikayətlənir, «günahı» televiziyadakı onu maraqlandıran yaxşı verilişlərlə bağlayır.
Qəribədi, indi bizim telekanallar bolluğunda eyni şeyi deyərdimi Tofiq müəllim ? Şəxsən mənim televiziyada görmək istədiyim və məni gəzməkdən saxlaya biləcək proqram və sima çox təssüf ki, yoxdu. Bəlkə elə yenə bu verilişin özü…
Yenə, dostum Rafiq Həşimovun «bu klassikadı» sözünü xatırlayıram; yəni Rafiq Hüseynov klassikdi.
Rafiq müəllimin Emin Eminbəyliyə verdiyi müsahibəsindən bir fraqment:

-Sizin fikrinizcə vəzifənizdən kənarlaşdırılmanıza əsas səbəb nə olub?

-Bilmirəm.

-Bəlkə Respublikanın Xalq artisti, Dövlət Mükafatı laureatı olmanız və öz şəxsi nüfuzunuz?

-Bilmirəm.

-Bəlkə sədr müavini Rafiq Hüseynovun daim sıravi işçilərin arasında olması, özünü sədr müavini kimi aparmaması, yəni çox sadə aparması?
-Bilmirəm.
-Bəlkə rəhbərlikdə sizdən başqa peşəkar televiziya işçisinin qalmaması?
-Bilmirəm.
(bu Rafiq Hüseynovun sualları cavablandırmadığı yeganə müsahibəsi idi)
Rafiq müəllimin ən yaxın dostu, görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovun özünəməxsus dəqiqliklə söylədiyi həqiqət təssüf doğurur:
«Və əgər onu son on-on beş ildə televiziyadan ayrı salıblarsa, bu təxminən o deməkdi ki, yaxud o demək olardı ki, Rəşid Behbudova, və ya Bülbülə oxumağı qadağan edirsən, Qara Qarayevə musiqi yazmağı qadağan edirsən. Mən bilərəkdən bu böyük adları götürürəm. Çünki bu böyük adlar, adamlar öz sahələrində hansı yerləri tuturdularsa, Rafiq Hüseynov da televiziya üçün həmin adamdı».
* * *
Şərq hakimlərindən biri (bəzi mənbələrə görə Sultan Mahmud) səfərdən qayıdırmış. Bu sultanın ilk müstəqil yürüşüymüş. Xarabazar kəndlərin birindən keçən sultanın diqqətini kasıb və nimdaş geyimdə, amma simaca çox gözəl və düz qamətli bir uşaq (sonradan uşağın gözəl səsi olduğu və avazla Quran oxumağı da bəlli olacaqdı) özünə cəlb edir. Hətta vəzirinə bu uşağı sanki bir daha xatırlamaq istəmədiyi yuxusunda da gördüyünü deyir. Yusif üzlü uşağın sifətinə baxan kimi sultan ruhunda bir təlatüm, içində ilıq-isti duyğular hiss edir. Atasının öldüyünü, anasının isə burdan uzaqda olduğunu öyrənib uşağı özüylə saraya götürməyi əmr edir vəzirə. Yeni həyat, təmiz əlbisələr uşağın gözəlliyini birəmin artırır. Bu vaxta qədər işi-gücü yalnız avazla Quran oxumaq olan uşağın saraydakı yeganə vəzifəsi hər gün səhər sultan oyanandan sonra onun otağına gəlmək, salam vermək, üzünü göstərib hal-əhval tutub bir-iki kəlmə kəsdikdən sonra getmək olur. Bu uşaq (sonradan gənc və dəliqanlı) uzun illər sultanın hər səhər ilk gördüyü simaya çevrilir. Ən vacib qəbullar, hərbi yürüşlərlə, xanimanın taleyi ilə bağlı bütün ən vacib məşvərətlərdən əvvəl sultan onu görməyi, kəlmə kəsməyi arzu edirmiş. Saray əyanlarının bir çoxunun xoşuna gəlməyən bu iş illər uzunu davam edir, deyilənə görə onların arasından elələri olur ki, uşağın danışığı və qiraəti yanında öz nitqlərini kəkələməyə oxşadır, onun işıq saçan üzünə baxanda gözlərini gizlətməyə çalışır, qəzəblənir, gecə kimi qaralırlarmış. Onu da deyirlər ki, sultan hökmlərini canişinlərə, vassallara, xalqa çatdırmaqla məşğul olan qasidlər və carçılar tapşırıq dalınca getməmişdən əvvəl həmin gənci görməyə çalışır,onun simasının əksini öz üzlərində olmasını istəyirmişlər.
Deyilənə görə bir səhər sultanın otağına gecikən gənc onun qəzəbli sözlərinin müqabilində özünü itirmir, susmaq yerinə isə tövrünü pozmadan məntiqli cavab verir. Hər vacib qərardan və görüşdən əvvəl gözəl üzünü görməklə ruhunu təzələyən, bu gözəl üzün Böyük Müəllifini xatırlamaqla içini ədalət və xeyirxahlıqla dolduran sultan yalnışını anlayır deyirlər.
Digər tərəfdən camaat da o gözəl simanın bəhrəsini görmüşdülər: hər halda carçılar ən acı xəbərlərini belə onlara çatdıranda o gözəl üzün hesabına niqtlərinə şəkər qatmış kimi davranmış, elə Sultanın özü də carçıların səsləndirəcəyi qərarlarını katiblərinə oxuyanda hökmünü dəfələrlə yumşaltmış, kəsməyi düşündüyü başları çiynində saxlamışdı.
Müdriklər deyir ki, o gözəl sima qocanı gəncə, gənci uşağa, uşağı mələyə çevirir; gözəl üz, gözəl xasiyyət sahibini həm Allah sevmiş, həm bəndələr sevərmiş.
Amma saraydakı paxıllar sultana təlqin etməyə çalışırlarmış ki, rəiyyət o gənci daha çox sevir, iş-gücünü atıb onun səninlə tez-tez görüşməsini, şəhərə tez-tez çıxmasını arzulayır, dua edirlər; qəbul edilən qərarlara görə sənə yox, ona borclu olduqlarını sanırlar; hətta onu sultan görmək istəyirlər deyənlər də vardı.
Sultan bunun belə olmadığını gözəl bilirdi, amma bir vaxtlar qayıtmaq istəmədiyi yuxusunda gördüyü və ona xoş təsir bağışlayan, sonra isə xarabazar kənddən götürüb saraya gətirdiyi uşağı ona cavab qaytardığına görə bağışlamadı.
Bəziləri isə əksinə danışırlar ki, sultan gənci nəinki bağışlayır, hətta ona bəylik də verir.
Hər halda onların münasibətlərinin gerçək tarixçəsi naməlumdu. Yalnız nağılçıların, aşıqların bizə ötürdüyü əhvalatda o «gözəl sima»nın indi çoxlu yozumu, çoxlu cizgiləri var, hətta onu görməyənlər belə onu xatırlayırmışlar kimi davranırlar.

Müəllif: Səlim BABULLAOĞLU

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru