34 il birlikdə GÜLÜM MƏNİM… Bir zamanlar qönçə idin, gördüm səni gülüstanda… Seçdim səni, min çiçəyin arasından, yüz gözəlin sırasından, Gülüm mənim… Aşiq oldum, “Bir könüldən min könülə”. Uçdum eşqin havasında, “Dəli” kimi sevdim səni, Gülüm mənim… Qoxladım o, gül ətrini, Duydum sevdanın sehrini. Söz verdik ki, biləcəyik Anımızın, günümüzün, sevgimizin, özümüzün biz qədrini… Əzizləyib dərdim səni, Gülüm mənim… Əkdim səni öz bağçamda, Özüm üçün əkdim səni. Gülüm mənim… Çiçək açdın, qəşənğləşdin, ətirləşdin, Sən daha da gözəlləşdin. Gülüm mənim… Demə ətrin azalıbdı, Yarpaqların qırışıbdı… Bütün güllər yarışıbdı. Sən,.. Bağçamın şah gülüsən! Əvvəlkitək ətirlisən, Vəfalı dost, sevgilisən, Gülüm mənim… 09.11.2016 – Truskovets
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
KLASSİK MƏTBUAT SƏHİFƏLƏRİNDƏN: İRƏVAN XƏBƏRLƏRİ I Bayram günlərində Kəndirbaz tamaşalarında rövzəpəz molla Yusif bacısının talaqı verildikdən öz qaynından kəbin pulunu almaq istəyib, qaynı isə haqqına dəğəl olmadığı üçün yanında nağd pul olmayıb, kəbin hesabını ağ qarın üstə yazdırıb, yayın orta ayında o hesabı əda etməyə söz verdi. Amma kəbinin üstündə yazılmış xəncəri nağd edib, fövrən mollanın çiyninə yüklədi. Şayiat var ki, molla Yusif bundan belə övrət mərsiyələrində bir az imamların müsibətindən deyəndə bir-iki ağız da öz müsibətindən deyəcəkdir. II Sport Keçəçi Müslüm bacısını boşatmaq üçün öz qaynı ilə xəncərləşmə sportuna çıxıb. Hər iki pəhləvani-namdar al-qana qəltan olub, tamaşaçıları məmnun etdilər. III Böyük çayın üstə bir mədənçi oğlu öz yeznəsi ki, bunun evinin qabağından yolu varmış, ona bir ehtiram göstərmək üçün istəyirmiş ki, o yola bir məxmər payəndaz salsın. İstilaəti təvil olmağa görə bir dəst qırmızı və bir dəst ağ xalat geydirib, qəbristan səfərinə yola saldı ki, daha nə gözü görsün, nə də xəcalət çəksin. Hökumət nəzərində hüsni-təsir buraxdığı üçün buna həbsdə yeyib-yatmaq pensiyası qərar edilmişdir. IV Şayiat var ki, İrəvan ürəfalarından birinə Buxara bəççəbazlarından bir şəcərə göndəriləcək. O şəcərənin üzərində yazılacaq:
Astafiyovski küçədə papağını itirən səhih ün nəsəb uşaqbaz. V Opravada müsəlman qlasniləri nəhayət dərəcədə fəaliyyət göstəririlər. Belə ki, müsəlman küçələrini təmizlətməyə elə qərar qoyublar ki, əgər birinin əlindən bal tökülsə, yalaya bilsin. Ələlxüsus Tsarski küçədə müsəlman ünas (qadın) məktəbi xatirəsi və məktəbin müəlliməsinin gecələr bulvar səyahətindən sonra dərə-təpədən qurtarıb, qaranlıqda evinə aparmaq zəhmətindən xilas etmək üçün küçəni ciddiyyətlə təmizləyib və işıqlandırmağa hamıdan çox təlaş edirlər. Allah qlasnilərdən razı olsun. Çəkic Ləklək, 21 Aprel 1914.
Sövetlər dönəmində SSRİ-nin paytaxtı- Moskva şəhərində ali təhsil almaq hər sovet gəncinə nəsib olmurdu. O dövrün gəncləri üçün bu, əlçatmaz uğurlarından biri sayılırdı. O da, azsaylı Azərbaycan gənclərindən biri kimi Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib və ona sovet dövründə jurnalistika nəzəriyyəsinin ən böyük nümayəndələri- Zasurski, Proxorov kimi məşhurlar dərs deyiblər…
Deyir ki:- “Ümumən o dövrdə Moskvada və digər müttəfiq respublikaların nüfuzlu ali təhsil ocaqlarında təhsil görmüş azərbaycanlı tələbələr də var idi. Onlar sonradan ölkəmizin ictimai-siyasi, mədəni-iqtisadi həyatında çox böyük rol oynamağa başladılar. Həmin illərdə mənim kimi jurnalistika təhsili almışlar içərisində Arif Əliyev, Mehman Əliyev, Bahadur İmanquliyev, Bəxtiyar Qaraca kimi şəxslərin adlarını çəkə bilərəm. Əksəriyyəti ilə bu gün də sıx münasibətim var. Bu siyahıya yaxın dostum, Moskvada fəaliyyət göstərən çoxsaylı qəzet və jurnalların yaradıcısı Əliş Əvəzi əlavə edə bilərəm. O, Moskva mətbuatında Qarabağ həqiqətlərini yayan fədakar simadır. Allah rəhmət eləsin, Rauf Talışınski bizdən az əvvəl təhsil almışdı…”
Bəli, söhbət bir vaxtlar Azərbaycan Mətbuat Şurasına rəhbərlik edən, sabiq deputat, “Xalq qəzeti”nin baş redaktoru, əməkdar jurnalist Əflatun Amaşovdan gedir. O, 1957-ci ilin aprel ayının 26-da Gücüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. İki il sonra SSRI Silahlı Qüvvələrində əsgəri xidmətə çağrılıb. Xidmətini başa vurandan bir il sonra BDU-nun filologiya fakültəsinə qəbul olunub. Bir müddət burada oxuduqdan sonra ali təhsilini Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində başa vuraraq vətənə dönüb…
“O vaxt Azərbaycanda KİV-lərin sayı az idi. İş tapmaqda da müəyyən çətinliklər yaşanırdı. Redaksiyalardakı ştatlar da müvafiq strukturlar tərəfindən müəyyən edilirdi. Amma Moskvada yüksək təhsil gördüyümə görə mənə iş tapmaq o qədər də çətin olmadı. İxtisasım üzrə çalışdım. Düzdür, bir neçə ay AzərTAC-da korrektor kimi işlədim. Bilirdim ki, tezliklə mənim üçün müxbir ştatı açılacaq. Belə də oldu. Mən AzərTAC-da əsasən ictimai-siyasi şöbədə çalışmışam. İşimiz xəbər yayıcılığı idi. Doğrudur, ayrı-ayrı şəxslərdən müsahibələr də götürürdüm. Mirzə İbrahimov, Yaşar Qarayev, Arif Məlikov, Hüseyn Abbaszadə və digər tanınmışlarla müsahibələrim var. Hamısını arxivimdə saxlayıram. Hər biri ayrılıqda xatirədir, yaşantıdır. Qismət olsun, bu barədə nə vaxtsa kitab buraxmağı düşünürəm.”- söyləyir.
Doqquz il “AzərTAC” Dövlət Teleqraf Agentliyində müxtəlif vəzifələrdə çalışıb. Sonra üç il yaradıcılarından biri olduğu “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədr müavini vəzifəsində işləyib. 1998-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə sədr seçilib. 2003-cü ildən 2009-cu ilədək Azərbaycan Mətbuat Şurası ona həvalə olunub. Sonra da Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına üzv təyin edilib. Ana dili ilə bağlı gözəl fikirləri var…
Deyir ki:- “Ana dili məsələsi olduqca həssasdır. Dil hər bir xalqın mövcudluğunun ən ümdə atributudur. Məsələn, almanlar çalışırlar ki, alman uşağı əsasən ibtidai təhsilini öz ana dilində alsın. Burada yalnız dilin düzgün işlədilməsinin mənimsənilməsindən söhbət getmir. Söhbət ətraf aləmi, insanları məhz alman kimi duymaqdan, alman xarakteri ilə qəbul etməkdən gedir. Yəni baxış alman baxışı olmalıdır. Bu praktika dünyanın bir sıra qabaqcıl ölkələrində də tətbiq edilir. Biz hamımız istəyirik ki, övladlarımız xarici dil bilsinlər. Valideynlər də məhz buna çalışır. Niyə məhz rus dili? Çünki bu dil bizə daha yaxındır. Həm də təhsil sistemimizdə bu dillə bağlı bəlli ənənələr var. Hesab edirəm ki, daha çox rus dilinə fokuslanma bundan irəli gəlir. Həm də diqqət yetirək, ingilis dili də populyardır, ancaq bu dildə təməlli təhsil bahadır. Hamı üçün əlçatan deyil. Bu da bir səbəbdir. Yəni düşünmürəm ki, insanlarımız rus dilində təhsilə sırf dil baxımından yanaşırlar. Ümumən övladlarının xarici dilə yiyələnməsini arzulayırlar…”
Bir məqamı da vurğulayıb bildirir ki, rus və ya ingilis dili- heç bir önəmi yoxdur, əsas olan həmin dildəki təhsilin azərbaycançılıq ideyasına köklənməsidir. Bunu isə təhsilə cavabdeh şəxslər düşünməlidir, ümumən sistem bu ideyanı rəhbər tutmalıdır…
Xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına, “Fəxri mədəniyyət işçisi” döş nişanına, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə”, o cümlədən “Şöhrət” ordenlərinə layiq görülüb. Bir çağırış Milli Məclisin deputatı olub…
“Cəmiyyət məni böyük ölçüdə Əflatun Amaşov kimi tanıyır. Deputat olmazdan öncə də belə tanıyırdı, deputat olandan sonra da. Mənə xüsusi münasibət deputat olduğuma görə deyil, jurnalistliyimə görə olub. Cəmiyyətdəki statusuma görə jurnalistikaya borcluyam. Dostluğa münasibətim hələ lap uşaqlıqdan – dahi Tolstoyun “İki yoldaş” hekayəsini oxuyarkən formalaşıb. Jurnalistikada hər kəsi özümə yaxın bilmişəm. Təbii, Mətbuat Şurasının təşkilatlanmasında birgə çalışdığımız şəxslər mənə daha yaxın olublar. Bəziləri var ki, bu gün məndən incikdilər. Hər halda mən inciklik kimi qiymətləndirirəm. Biz bir çox hadisə və prosesləri görmüş insanlarıq. Müəyyən məsələlərə fərqli baxışımız ola bilər. Ancaq məncə, dövrün tələbinə uyğun fundamental yanaşma ortaya qoyulmalıdır.”- söyləyir.
Deyir ki:- “Medianın maraqları hansısa formada dövlətin maraqları ilə uzlaşmalı idi. Bu gün də başqa yol görmürəm. O zaman da görmürdüm. Ümumən münasibət qurduğum, əlaqə saxladığım adamlar çoxdur. Bunlar insanın həyat statusuna görə azalır və ya çoxalır. Bəzən tamamilə dəyişən simaları görürəm. Artıq belə hallara təəccüblənmirəm. Hətta hər kəsin hansı məqamda hansı cür davranacağını da proqnozlaşdıra bilirəm. Buna görə də heç kəsdən incimirəm. Ancaq fikrimcə, insanda əsl dost ya bir olar, ya iki…”
Bəli, aprelin 26-sı “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun növbəti ad günüdür. Bu dəfə 69 yaşını qeyd edəcək. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram…