Xanım Qasımova – Xəyalların yolu ilə

Xəyalların yolu ilə

Qismətimdə uzaq bir ölkədə, özgə bir şəhərdə, qərib bir buluddan yağan yağışın damlaları altında islanmaq varmış. Kim bilir, bəlkə, o buludu da yurdumdan küləklər qovub gətirmiş, ya da hansısa bir damlada Xəzərimin buxarlanan suyundan var… Yurdumda ruhən əsarətdə olan dərdlinin qibtə dolu baxışlarlarını duyuram azad buludlarda, göz yaşına dönub axır bu şəhərdə.. Mənə döğma olan yeganə varlıqsan buralarda, yağış. Sevgi şəhərində dərd ağlayırsan… Məni islatma bu qədər, mən dərdlərdən qaçağam.. İllərlə xəyalında olduğum məkana getməyə imkan ver, yağış…
Kitabın insan həyatında rolu danılmazdır. Uşaqlıqdan ayrılmaz dostum olub. Orta məktəb dövründə oxuduğum kıtablar həyaımda müəyyən izlər qoyub. V.Hüqonun “Paris Notr-Dam kilsəsi” əsərini oxuyarkən arzum oranı görmək olub. Bunu reallaşmayan xəyal sanmışam. Amma sən demə, çox istəyəndə mümkünsüz olan yoxdur.

Parisə ilk səfərimin birinci günü Noterdam kilsəsinə xəyallarımı reallaşdırmağa getdim.
Hüqonun əsərində kilsənin təsviri təfsilatı ilə verilmişdi. Kilsəyə daxıl olanda o təsvirləri yada salmağa çalışdım, Kvazimodo, Esmeraldanı təsəvvürümdə canlandırdım. Kilsə zənginin səsi qulaqlarımda səsləndi.
Dini mərasim keçirilirdi. İçəri daxıl olanlar şam yandırır, sıra ilə düzülmüş skamyalarda öz yerlərini tutub əllərindəki vərəqdən duaları həvəslə oxuyurdular. Yanımda dayanan alçaqboylu yaşlı fransız xanımın çır səslə oxuduğu duaları anlamasam da, üzümdə təbəssüm yaratdı…
Elə o təbəssümlə oranı tərk etdim. Arzum həyata keçmişdi. Paris yağışı altında xəyalımın məkanından uzaqlaşdım…

MÜƏLLİF: XANIM QASIMOVA

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu yazır

Belə adamlar çox az olur

O, həftənin 5-ci günü, yəni cümə günü dünyaya gəlib. Min dörd yüz ildir ki, müsəlman aləmində cümə günü əziz və mübarək bir gün kimi qeyd edilir. Bu günün fəzilətləri çox böyükdür. Bütün bəşəriyyətin atası Adəm peyğəmbər də cümə günü yaradılıb, cümə günü cənnətdən yerə endirilib, cümə günü tövbəsi qəbul edilib və cümə günü də vəfat edib. Deyilənlərə görə, qiyamət günü də cümə günü qopacaq. Bir də cümə günün içində cəmi bir saat zaman var ki, hər hansı bir müsəlman həmin saatda Allahdan nə diləsə, Allah onu arzusuna çatdırar…

Ümumiyyətlə, cümə günü doğulanlar xüsusi adamlar olurlar. Onlar sevib-sevilmək üçün yaranıblar. Həyatdan zövq almaq, doğmalarına gözəl anlar bəxş etmək bu insanların missiyasıdır. İstənilən vəziyyətdə optimist və şəndirlər. Xarici görünüşcə də cəlbedicidirlər. Ailəni, rahat evi, uşaqları çox sevirlər. Onların sayəsində həm olduqları evin, həm də işlədikləri yerin bərəkəti artır…

Bəli, bu gün cəmiyyətimizin çatışmayan cəhətlərindən biri də odur ki, paxıllıq, xəbislik, nankorluq baş alıb gedir. Sanki insanlar bir-birini ruhlandırmağı, xoş söz deməyi yadırğayıblar. Əksəriyyət kimdəsə şahidi olduğu müsbət xüsusiyyətlərdən danışıb təbliğ etmək istəmir. Bunun üçün ya ortada hansısa maraq olmalıdır və ya da ki, təmənna. Amma nə yaxşı ki, az da olsa ürəyigeniş, mərd insanlar var. Onlar tanıdı-tanımadı yaxşıya yaxşı deməyi bacarırlar. Bu isə yaxşılıqların artmasına təkan verir…

Xülasə, bu gün sizə 1982-ci il, aprel ayının 23-də Gədəbəy rayonunun Əli-İsmayıl kəndində dünyaya gələn Pərvanə Bayramqızından danışmaq istəyirəm. Gəlin əvvəlcə onun ömür yoluna işıq tutaq. Pərvanə xanım orta məkətəbi bitirdikdən sonra, 2000-ci ildə ailəliklə Bakıya köçüblər. Sonra filologiya və kitabxanaçılıq ixtisası üzrə təhsilə yiyələnib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında çalışır…

Deyir ki:- “”Kitabxanaçı” deyəndə kitab alıb-vermək işindən başqa ağlına heç nə gəlməyənlər üçün kitabxana işinin elmi-nəzəri biliklərindən mühazirə deyib, onları bu sahədən xəbərdar etmək çətin məsələdir. Dinləməzlər. Amma həmin bilgilər, peşənin məsuliyyəti, maraqlı tərəfləri poeziyaya gətirilsə yaxşı təbliğat vasitəsi olar. Bu bir təşəbbüsdür, dəyərləndirib yazan olsa, mütaliə, kitabxana işinə müsbət təsir göstərər…”

Peşəsinin vurğunudur, mütaliə etməyi, daha çox öyrənməyi xoşlayır. Amma yuxarıda qeyd etdiyim kimi, bir şözəl şakəri də var:- Yazmaq, yazmaq, yenə də yazmaq. Odur ki, saysız-hesabsız publisist yazılar yazıb. Bu yazılarda həm gündəmlə, həm cəmiyyətin ictimai-sosial həyatıyla və həm də yaradıcı insanlarla bağlı fikirlərini mətnlərə çevirib. İndiyədək esselər, resenziyalar, ana dili məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrdən ibarət altı kitabı çap olunub…

“Məncə, yaxşı danışana, ağzından dürr tökülənə, maraqlı söhbət edənə qulaq asan olmur, hətta sözünü kəsib özləri danışırlar. Mənasız məişət söhbəti adamları daha çox cəlb edir. Qonşunun yaşayış tərzindən, qohum-əqrəbasının pisliyindən danışanı, çoxu həvəslə dinləyir. Belələrini söhbətcil adlandırılır. Onların “dinləyici auditoriyaları” üstünlük təşkil edir. Nəylərinə gərəkdir, sənin sağlam mənəviyyatından, zəngin təfəkküründən bəhs edən mövzuların. Qərəzsiz danışırsansa, obyektiv fikirləşirsənsə, özünü tanımadan kiminsə sözü ilə kimisə asıb-kəsmirsənsə maraqsız adam təsiri bağışlayırsan.”- söyləyir.

Uşaq yaşlarından yazıb-yaradır. Amma ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınmağa başlayıb. “Qəlbimin istəkləri” adlı birinci kitabının nəşr tarixi isə 2008-ci ilə təsadüf edir. Vətən, yurd, el-oba sevgisini, müharibənin fəlakətlərini, fərdi yaşantılarını, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı adlı kinci kitabından sonra, pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı isə onun üçüncü kitabıdır. “Bir də gördüm…” adlı dördüncü kitabını atasının xatirəsinə həsr edib. Sonradan ərsəyə gətirdiyi bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər”in ardınca, yalnız hekayələrin sıralandığı “Siz harda yaşayırsınız?” kitabını da oxucuların ixtiyarına verib. “Asan çətinliklər” kitabı naşir Əli Aslani tərəfindən əski əlifbaya çevrilərək, 2025-ci ilin yanvar ayında İranın Miandoab şəhərində “Tərz” nəşriyyatında da çap olunub…

Deyir ki:- “Nadanların yanında dan görünmək üçün gərək onların tayı olasan, yoxsa təklənirsən. Adamın yaxşı insanlara canı yanır, duyğularına, xoş hisslərinə heyfi gəlir. Onların ali keyfiyyətlərini dəyərləndirmək əvəzinə, ya paxıllığını çəkirlər, ya da ruhən öldürməyə çalışırlar. Ətraf doludur bu cür “qatillərlə”.”

Cəmiyyətdə raslaşdığı problemlər- nadanlıq, bir-birinə hörmətsizlik, xəbislik hissləri onu çox narahat edir. Düşünür ki, bunun qarşısını yalnız marifləndirməklə almaq olar…

“Tez-tez qarşılaşdığım məqamdır- hansı qadın kollektivində oluramsa, mənə ağzımı açıb bir kəlmə deməyə imkan vermirlər. Ya hamı eyni vaxtda danışıb xor yaradır, ya da hər kəs özü danışır, özünə maraqlı olan mövzunu ortaya atır. Mən də günahkarcasına onlara baxıram. Özümü danlayıram: necə maraqsız adamam… bu qadınların güldüyü söhbətlərə niyə gülməyim gəlmir? Niyə mən də başqalarının yaşayış tərzi ilə maraqlanmıram? Niyə bunlar özgəni müzakirə edəndə mən “İnsanı öldürmək” hekayəsindən danışmaq istəyirəm? Niyə cəmiyyətin problemlərini özümlə o başa-bu başa daşıyıram? Kimə lazımdır axı? Əcəb olur mənə. Yaxşısı başını aşağı salıb yazmaqdır.”- söyləyir.

Oxucu qıtlığından gileylənir. Gənclərdə kitablar haqqında gözəl təsəvvür formalaşdırmaq, gələcək nəslin mədəni yetişməsi üçün gücümüzü toplayıb yaxşı işlər uğrunda çalışmağı təklif edir. Onun bu təklifinə gülməyi tutanları, mənasız iş sayanları “laqeyd vətəndaşın millətə zərəri” maddəsi ilə mənəvi məsuliyyətə cəlb olunmasını istəyir.
Qəlbi təmiz adamdır. Heç kimə pis nəsə arzulamır. Həyat enerjisi yüksəkdir. Çox məsələlərdə təfərrüatlı və diqqətlidir. Əsas xüsusiyyətləri isə ağıllı, mərd və müdrük olmasıdır. Onu çox bəyənirlər, elə buna görə də ətrafındakı qadınların bəziləri onu qısqanır, paxılığını çəkirlər…

Deyir ki:- “Ürəyimdə, beynimdə nə varsa, dilimə də onu gətirirəm. Bildiyim təkcə obyektivlik və ədalətdir. Günahım olarsa, üzr istəyər, olmazsa adamların pis üzündən sarsılaram. Xoşuma gəlməyən simadan uzaq dursam da özünü ustalıqla gizləyən hiyləgərlərə inanıram. Əgər gözümün qabağındakı saxtakar, hiyləgər özünü saf kimi tanıtmağı bacarıbsa, həqiqətən saf olana da yaxınlaşmağa adam tərəddüd edir.
Neynəyim dodağısözlü, qeybətcil, paxıl, təfəkkürü mətbəxdən o yana inkişaf etməyən qadınlarla sözüm tutmur…”

Duyğularını tam şəkildə hiss etməyi sevir. Olduqca qayğıkeşdir, mehriban xarakterlidir. Etibarlılığı və mülayim təbiəti ilə fərqlənir. Tez qərar verməyi, onu qısa müddətdə həyata keçirməyi bacarır. İnadkar, xarizmatik xanımdır. Bəzən sərt, bəzən isə həssas olur. Duyğusal olduğundan romantik, sakit və ciddi adamları bəyənir. Ümumiyyətlə, insanları tanımaqda çətinlik çəkmir…

“Yaxşı insanlar onlara dəyər verən, yaxşı insanların yanında dəyərlidir. Bir qanmaz, yaxud paxıl əsl insanın layiq olduğu münasibəti ona göstərməz. Xainin gözündə yaxşı insan yaxşı kimi yox, maneə kimi görünər. Paxıl adam insanlığı dəyərləndirə bilməz. Ona gic kimi baxar. Yazıq yaxşı adam yenə günahı özündə axtarır. Hər şey “zər palan”(zəfəran) məsəlidir.”- söyləyir.

Üstün xüsusiyyətlərindən biri də odur ki, o, həmişə qürurludur və sabit bir şəkildə həyatda necə davam edəcəyini yaxşı bilir. Gözəlliklərdən maksimum həzz almaq istəyi bütün varlığına hakim kəsilib. Necə deyərlər, həyatın gözəlliklərini çox sevir. Və gözəl görünən hər şeyə dəyər verməyi bacarır…

…Bilirəm, onun haqqında söhbətim çox uzandı. Yəqin ki, aranızda yorulanlar da oldu. Üzürxahlıq edib söhbətimi burada yekunlaşdırıram. Pərvanə xanımı isə, yeni yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, səadət arzulayıram…

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı Təşkilatının təbriki

Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı Təşkilatının təbriki

Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı Təşkilatı tərəfindən şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs ad günü münasibətilə təbrik edilib. Görüş zamanı ona Həmkarlar İttifaqı Təşkilatı adından xüsusi hazırlanmış təbrik məktubu təqdim olunub, ədəbi-mətbuat sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib.


Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı Təşkilatı Qulu Ağsəsə möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayır.

Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı Təşkilatı

Günay Əliyeva – Ayaqqabı

AYAQQABI
(hekayə)
Dəmir torla hasara alınmış həyətin içərisində çiy kərpicdən tikilmiş bir ev var idi. Evin tavanı quru ağacla örtülmüşdü, döşəməsinə isə seyrək toxunuşlar arasında yaşıl otların baş qaldırdığı həsir salınmışdı.

     Otağın baş tərəfində, qırmızı güllü döşəyi sərilmiş çarpayını yığışdıran, əyinlərində ağ, qırmızı çiçəkli don olan yeddi yaşlı qıyıqgözlü əkiz qızlar, içərisi qaz tükü ilə doldurulmuş yastığı dartıb, onu kimin cehiz aparacağını müəyyən edə bilməyərək bir-biri ilə çəkişirdilər.

    Otağın küncündə, üzərində yamamaq üçün biz, çəkic və müxtəlif mıxlar olan masaya tərəf əyilib işini görən atalarından sanki çəkinirdilər.

    Atasının yanında diz çökərək nəzərlərini onun əlindəki cırıq ayaqqabıya zilləmiş, arıq, gözləri çuxura düşmüş, çopur üzlü, yanaqları batıq, boynunda sapla düzülmüş ləçəklərdən ibarət çobanyastığı boyunbağısı olan altı yaşlı Bahar, hərdən bir bacılarına göz ağardaraq onları sakitləşdirməyə çalışsa da, xəyalında ayaqqabıları ayağında olan Nicatın, üzərinə çobanyastığı düzülmüş taxtadan hazırlanmış tütəyi dodaqlarına sıxaraq arxın suyunu qırçınlayan, yarpaqları əsdirən qırmızı dimdikli, sapsarı ördək balalarını ovsunlamasını xatırlayırdı.

    Ata əlindəki uc tərəfi balıq ağzı kimi açılmış, üstünə qəhvəyi parçadan yamaq vurulmuş, altlığı it qulağı kimi sallanan, bir neçə yerindən ağ kəndirlə bağlanmış qara rəngli cırıq ayaqqabını divar dibində təpə kimi yığılmış ayaqqabıların üstünə atdı. Bunu görən Bahar hövlnak yerindən qalxdı.

     Atılan köhnə, cırıq ayaqqabını bağrına basaraq atasından onu mütləq təmir etməsini yalvara-yalvara xahiş etdi. Bundan əsəbiləşən pinəçi Vəli dedi:
– O əzizlədiyin ayaqqabını apar, alkaş Nəcəfin oğlu Nicatın təpəsinə vur! De ki, avaralanmaqdansa getsin ot yığsın, mal-qaraya baxsın, pul qazansın, özünə bir ayaqqabı alsın. Artıq mən bu ayaqqabılara yamaq üstündən yamaq vurmaqdan bezmişəm. Daha ələ gələsi deyil. Ayaqqabı elə bil adamın əlindən “qaçmaq istəyir”.

       Bahar atasına dedi:
– Ata, bəlkə bir təhər yamaq vurub düzəldəsən? Onlar çox kasıbdırlar. O, bulaqdan su gətirəndə həmişə mənə kömək edir. Axı onun bundan başqa ayaqqabısı yoxdur…

      Bunu deyərkən göz yaşları sel kimi axan qızının halını görən ata sanki bir anlıq yumuşaldı. Lakin dərhal özünü toparlayıb dedi:
– Ay anasına oxşamış həyasız! Onun atası araq içib alkaşlıq edəcək, harda gəldi yıxılıb qalacaq, mən də onun yetimçəsinə ayaqqabı düzəldəcəyəm? Qoy rədd olsun! Elə bilirdim ki, sən saçına hər dəfə çiçək taxıb bulağa gedəndə bir iş çıxacaq. Əlinə bir az yun düşən kimi götürüb bulağa qaçırsan, yırğalana-yırğalana yunu yuyursan ki, Nicat sənə baxsın? Yoxsa indi də alkaş Nəcəfin oğluna vurulmusan?

     Ata qəzəblə danışdıqca səsi daha da sərtləşirdi. Nəhayət, ayaqqabı tayını bağrına basıb hıçqıran qızı açıq qapıdan həyətə itələdi.

     Bu anda əkizlərin dartışmasına dözməyən yastıq cırıldı və içindəki qaz tükləri bütün otağa yayıldı.

    Ağappaq qar kimi görünən qaz tükləri havada süzülərək Vəlinin üst-başına qonanda, o qəzəblə ayağa qalxdı. Qızlar atalarının qəzəbini görüb qorxularından çarpayının altından sürünüb çölə qaçdılar.

    Vəli içində bir qədər tük qalan yastığı götürüb həyətə atdı. Yastığın içindən çıxan ağ tüklər sarı-qırmızı çiçəklərin üstünə üzüqoylu uzanmış Baharın və onun yanındakı ayaqqabıların üzərinə kəfən kimi sərildi. Qız gözlərini yumdu.

     Həyətdəki ördək balalarının dairəyə aldığı qız gözlərini açanda Nicatın qanlı ayaqlarını gördü. O, baş barmağı qanayan sağ ayağı və əlləri ilə tükləri aralayaraq ayaqqabılarını götürüb sakitcə uzaqlaşdı.

     Bahar ayağa qalxıb qapının yanındakı qaloşları götürdü və oğlanın ayağından axan qanın iz saldığı çoban yastıqları arasından onun ardınca qaçdı.

    Arxın kənarında iri bir daşın üstündə oturan Nicat əl atıb, ağ ləçəkləri qana bulaşmış çobanyastığından birini qıza uzatdı. Qızın gözündən axan yaş əlindəki çobanyastığının üzərinə düşərək inci kimi parladı.

    Qız qaloşları daşın yanına qoyaraq, əlindəki çobanyastığı ilə evə qayıtdı.

    Cırıq ayaqqabılarla evə qayıdan Nicat özünü üzüstə çarpayıya atdı. Gecənin bir yarısı ayılarkən, yanındakı çarpayıda saqqallı atasının uzandığını gördü. Başını yana çevirəndə, üzərinə ay işığı düşmüş ayaqqabılar gözünə sataşdı.

    Bir an düşündükdən sonra cəld yataqdan qalxıb ayaqqabıları götürdü və qanı qurumuş ayaqlarına geyindi. Lakin ayaqqabının ucundan barmaqları göründüyü üçün onları çıxarıb kənara qoydu.

     Mıxdan asılmış sırıqlını götürüb yatağına qoydu və üstünə yorğanı örtdü ki, yoxluğunu atası hiss etməsin. Sonra otağın küncündəki kisəni və qırxlığı götürərək həyətə çıxdı.

     Qonşu Mehdi kişinin daşdan tikilmiş tövləsinə daxil oldu. Gətirdiyi kəndirlə tövlədəki qoyunlardan birinin ayağını bağladı və qırxlıqla onun yununu qırxıb kisəyə doldurdu. Daha sonra kisəni çiyninə ataraq, gəldiyi kimi sakitcə tövlədən çıxıb qonşu kəndə tərəf yollandı.

     Səhərə yaxın Sənəm nənəgilə çatdı. Qapını döydü. Başında bir neçə yaylıq dolanmış, əynində gen tuman və arxalıq olan Sənəm nənə qapını açıb Nicatı həyətə çağırdı.

     Nicat həyətdə sərilmiş xalçalara heyranlıqla baxırdı. Onun gözü yan tərəfdə taxtın üzərinə sərilmiş xalçanın üstündəki boyunbağılı qız təsvirinə sataşdı. Heyrətləndi — xalçadakı qız Bahara çox bənzəyirdi.

– Sənə ip əyirmək üçün cins qoyun yunu gətirmişəm, – deyə Nicat kisəni qadına uzatdı.

     Sənəm nənə yunu götürüb boynundakı pul kisəsini çıxardı və ehtiyatla soruşdu:
– Ədə, bu oğurluq deyil ki?

– Yox, Sənəm nənə, öz qoyunlarımızındır, – deyə Nicat cavab verdi.

     Sənəm nənə başını yırğalayaraq dedi:
– Atan sərxoşluğu ilə ananı çərlədib öldürəndən sonra qoyunları satıb arağa verməmişdimi?..

     Buna baxmayaraq, o, Nicatla hesablaşdı. Nicat pulu alıb, qırmızı kərpicdən tikilmiş, bəzəkli qapısı olan dükana daxil oldu.

     Dükanın içində divardan asılmış qəhvəyi rəngli ayaqqabılara baxdı və ən yaxşısını seçdi — təmiz dəridən, üstü qaytanlı, möhkəm tikişli bir ayaqqabı.

    Ayaqqabını ayağına geyinərək sevinclə evə qayıdırdı. Birdən yol üstündə atasının onu söydüyünü eşitdi:
– Köpək oğlu, təzə fırıldağa keçib! Sırıqlını yatağına qoyub, cins qoyunların yununu qırxıb aparıb satıb. Pulu götürüb Allah bilir hara qaçıb!

    Bu sözləri eşidən Nicat ayaqqabıları çıxarıb ot tayasının altında gizlətdi və ayaqyalın halda tarlaya tərəf getdi. Atasının uzaqlaşdığını görüb geri qayıdanda dəhşətə gəldi: ayaqqabının bir tayı yerində idi, digəri isə yox idi.

     Gözlərinə inanmadı. Ayaqqabının digər tayının yaxınlıqda duran alabaşın ağzında olduğunu gördü. Nicat ayaqqabını geri almaq üçün onun dalınca qaçdı. Bu zaman arxın kənarında yun yuyan Baharla rastlaşdı.

– Təzə ayaqqabı almışdım, itimiz bir tayını aparıb! – deyə əlindəki ayaqqabını göstərərək qaçmağa davam etdi.

     Bahar da yunu kənara qoyub onun dalınca qaçdı. Onlar alabaşı bir müddət qovdular. İt böyürtkən kollarının arasından keçib, daşların üzərindən tullandı və gözdən itdi.

     Onlar yorulub kolluğun kənarında oturdular.

      Bir neçə ay keçdi. Nicat əynində topuğundan yuxarı şalvar, rəngi solmuş, qoltuq altı sökülmüş, düymələrinin bir neçəsi qırılmış köynəyi və ayağında cırıq ayaqqabılarla arxın kənarı ilə fikirli halda gedirdi.

      Birdən arxasınca gələn qoyunlardan biri geri qalaraq suyu onun üstünə sıçratdı. Bu, vaxtilə yununu qırxdığı axsaq qoyun idi.

     Bir az sonra əyilib su götürüb üz-gözünü yuyarkən qəribə mənzərə ilə qarşılaşdı: Baharın yuduğu yunlar boyunbağı kimi dolaşaraq qaytanlı qəhvəyi ayaqqabının içində bitmiş yarpız yarpaqlarına sarılmışdı.

     Bu, vaxtilə alabaşın apardığı ayaqqabı idi.

     Bir neçə gün sonra Nicat köhnə ayaqqabılarını iplə tikib ayaqlarına geyindi və kənddəki mağazada işləməyə başladı. İş ağır olsa da, dolanışığını təmin edirdi. O, böyük “Kamaz” maşınından un kisələrini boşaldıb anbara daşıyırdı.

    Bir gün yorğun halda mağazanın qarşısında oturmuşdu. Birdən yerə düşmüş pul gördü. Ətrafa baxıb heç kəsi görmədikdə pulu götürüb cibinə qoydu.

    Az sonra yaşlı bir qadın — Sənəm nənə ona yaxınlaşıb soruşdu:
– Ay oğul, bayaq burada pulumu itirmişəm, görməmisən?

     Nicat çaşaraq yalan danışdı və pulu gizlətdi.

     Gecə güclü yağış yağdı. Səhər mağazaya gələndə su basdığı üçün işin dayandığını gördü. Günlər keçdi. Sonra o, gizlətdiyi pulu götürmək üçün anbara qayıtdı.

     Lakin pullar islanmış, kiflənmiş və yararsız hala düşmüşdü. Bunu görən Nicat çox peşman oldu.

     O, evə qayıdıb tək qalmış ayaqqabı tayını götürdü və bulağa tərəf getdi. Orada Baharla qarşılaşdı.

– Ayaqqabının o biri tayını tapa bilmədin? – deyə Bahar soruşdu.

– Yox, Bahar. Başa düşdüm ki, zəhmətsiz, düzgün olmayan yolla qazandığım pulla özümə yaxşı bir şey ala bilmərəm, – dedi Nicat.

     Sonra əlindəki ayaqqabını təmiz, axar suya atdı. Ayaqqabı suyun üzərində axıb getməyə başladı.

     Nicat özünü yüngülləşmiş hiss etdi. O, cibindən tütəyini çıxarıb həzin bir hava çalmağa başladı.

    Ayaqqabı suyun üzərində axdıqca, bir ördək balası pəncəsini onun içinə qoyub sanki onunla oynayırdı.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I