Etiket arxivi: Ramiz Qusarçaylı

Müasir nəsrimizin Yunus Oğuz yolu

Müasir nəsrimizin Yunus Oğuz yolu

Yunus Oğuzu mənə doğmalaşdıran ən ümdə amillərdən biri müasir və mürəkkəb ədəbi məkanda bizim ruhdaş olmağımız, düşüncədaş olmağımız, sözdaş olmağımız, başlıcası isə vətənpərvər və əbədi tarixdaş olmağımızdır. Bu bağlılığın başında təbii ki, Yunus Oğuzun tarix fəlsəfəsinin türkçülük şüurundan, türk kimliyindən yol alan tarixi reallıqların, yazıçı təxəyyülündən doğan və bu reallıqların içindən boylanan ciddi hadisələrin və olayların, dramatik səhnələrin və baş obrazların kamil bədii təsvirini ustalıqla yarada bilmək bacarığı xüsusi yer tutur.

Bu ədəbi xəzinənin təməl daşlarını Yunus Oğuzun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasına yiyələnmasi, baş redaktor kimi milli mətbuatımızın inkişafındakı müstəsna xidmətləri, yüzlərlə elmi və publisistik məqalənin müəllifi olması və çoxşaxəli yaradıcılıq fəaliyyəti təşkil edir, eyni zamanda ədibin Böyük türk dünyası naminə göstərdiyi əməli işlər və əldə etdiyi uğurlar da bu xəzinəni bir az da  zənginləşdirir.

Bu baxımdan onun Azərbaycan və Özbəkistan  arasındakı ədəbi əlaqələrin inkişaf etdirilməsinə, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsinə verdiyi töhfələr təqdirəlayiqdir.

Elmi-tarixi qatlara baş vurmadan və hər dövrün özünəməxsus tarixi proseslərinə dərindən bələd olmadan müasir tarixi əsər yazmaq müşkül məsələ olduğunu dəqiq bilən Yunus Oğuzun tarixin qaranlıq hücrələrini qəlbinin və əqidəsinin işığıyla işiqlandırıb tarixi roman ənənəsinin yeni mərhələsinə qədəm qoymasını çox bəyənirəm. Türkiyə türkcəsinə çevrilib İstanbulda və İngilis dilinə çevrilib Londonda işıq üzü görən “Qızıl kəlmə” mükafatlı “Nadir şah” romanı mənim də ruhumun əsəridir. Üzərində beş ilə yaxın bir zaman sərf etdiyim  “Vətən” poemasında mən də Nadir Şah Əfşarı Yunus Oğuz kimi müasir bədii təfəkkürün həqiqət süzgəcindən keçirməyə çalışmışam. Bu süzgəcin təxəyyül mərkəzi tarixi əsər ənənələrinin yeni formada inkişaf istiqamətlərini müəyyən edir ki, əsas istiqamət yönü də Azərbaycan, Azərbaycançılıq və Azərbaycanşünaslıq səmti olur. Bu səmtin elmi-tarixi fəlsəfəsi və ictimai-siyasi mahiyyətli türkçülük və azərbaycançılıq ideyalarının monolit birliyində bərqərar olur.

Yunus Oğuzun “Nadir şah” tarixi romanı ilə yanaşı bir-birindən mükəmməl və müasir bədii təfəkkürün məhsulu olan,- iki cildlik “Əmir Teymur-zirvəyə doğru” və “Əmir Teymur-dünyanın hakimi”, “Təhmasib şah”, “Atabəy Eldəniz”, “Attila”, “Ovçu”, “Səfəvi Şeyxi”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan” kimi tarixi romanları da nəsr tariximizin yeni və özünə məxsus mərhələsini müəyyənləşdirməyə yönəlib və bu missiyanı uğurla həyata keçirir. Yunus Oğuzun Zəfər savaşımızdan bəhs edən “Cığır” romanı, bir-birindən marağlı və məzmunlı pyesləri və digər əsərləri də müasir nəsr məkanımızın ayrılmaz hissəsi kimi əbədi yaşam dövrünə qədəm basmaqdadır.

Mən qüdrətli qələmdaşıma yeni və bənzərsiz ədəbi uğurlar diləyirəm.

Ramiz QUSARÇAYLI,

şair

RAMİZ QUSARÇAYLININ YAZILARI

Ramiz Qusarçaylı – İki gül

İki gül

Qərənfil şəhid qanı,
Xarı bülbül göz yaşı,
İki güllə yazıldı Vətənin qan yaddaşı…


Qönçə-qönçə güllənən qızıl qaşlı sevginin,-
Üfüqlərdən boylanan eşq danıydı qərənfil.
Hər sevginin gəlişi çiçək günü, gül günü
İki sevən ürəyin peymanıydı qərənfil.

Qərənfil gül deyildi,
ilk sevginin gözündən
Süzülüb damla-damla düşən od dənəsiydi.
Beləcə boylanırdı sevənlərin üzündən
Həyalı duyğuların gizli baxış səsiydi.

Payızın boz çənində,
qışın bəyaz qarında,
Yanırdı Günəş olub hər fəsildə Qərənfil.
Alışırdı şam təki gəlin xonçalarında
Xoşbəxtlik aktı idi hər nəsildə Qərənfil.

Qərənfil bir qış günü yol alıb Şüvəlandan
Səpələndi Sibirdə Cavidin nəşi üstdə.
Göy yerə yelkən açdı, yer göyə havalandı
Vətən gül-gül parladı sözün Günəşi üstə.

Gəldi, gül kimi gəldi düz iyirmi yanvara,
Gəldi süngü başında, tankların lüləsində.
Rənginin al yerindən tutub çəkdilər dara
Güllələr çiçəklədi gözünün giləsində.

Hər ləçəyi boyandı günahsız axan qana,
Qaboy sədası üstə can xışladı Qərənfil.
Azadlıq meydanından Dağüstü xiyabana
Tabut-tabut güllənib yol başladı qərənfil.


Canını çox üşütdü həsrət Xarı bülbülün
Ləçək-ləçək dilləri için-için sızladı.
Sudan duru gözləri aydan arı bülbülün
Naləsinin şehində ümid yeri buzladı.

Rəng alıb rəng qatırdı Tanrının bəstəsindən
Rəngi solan güllərin ölü qonşuluğunda.
Əsir düşən səslərin şikəst şikəstəsindən
Hallanırdı Turş sunun şirin turşuluğunda.

Diksinib ahlarından ətrafdakı güllərin,
Çəkirdi ciyərinə tövşiyən yağışları.
Bağrının gül başında buğlanan niskillərin
Üşənirdi nəmindən pərişan baxışları.

Açdı qırışlarını doğma əzan sədası,
Axdı ilahi səslər donan minarələrdən.
Qopardı mehvərindən “Dəmir yumruq” nidası
Qarabağ silkəlkəndi alovlu nərələrdən.

Yetişdi imdadına xilas ruhlu əsgərim
Gül ətirli qanıyla öpdü Xarı bülbülü.
Qəzəbindən qan daman qisas ruhlu əsgərim
Gözünə məlhəm kimi təpdi Xarı bülbülü.


Qərənfil ta qan deyil,
Ah deyil Xarı bülbül,
Daha qəmin taxtında şah deyil Xarı bülbül,
Qərənfil gül bayrağı, Xarı bülbül aypara,
Qərənfili yozmayın ta iyirmi yanvara!

Qərənfil döyüş ruhu,
Xarı bülbül Qələbə
İki gül keşik çəkir bu müqəddəs qəlibə!
Xarı bülbül qayıtdı Şuşada gül yerinə,
Qərənfil də qayıtsın eşqin könül yerinə…

Qərənfil ta qan deyil, Xarı bülbül göz yaşı,
İki güldən boylanır Vətənin qan yaddaşı!..

Müəllif: Ramiz QUSARÇAYLI

RAMİZ QUSARÇAYLININ YAZILARI

AĞDAM – QARABAĞ – A ZƏRBAYCAN

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru