Etiket arxivi: Sabir Şirvan

YURD NİSGİLLİ ŞAİRİN POETİK DÜŞÜNCƏLƏRİ

YURD NİSGİLLİ ŞAİRİN POETİK DÜŞÜNCƏLƏRİ

(Sabir Şirvan sözünün işığında)

Mən hansı bir şair haqqında yazı, məqalə hazırlayarkən həmişə həmin şairə olan sevgilərimi, hörmət və izzətimi önə çəkirəm. Bu isə onunla bağlıdır ki, həmin şairin poeziya nümunələri məni özünə çəkir, cəlb eləyir və beləliklə bu şairə, onun əsərlərinə səmimi duyğularım baş qaldırır. Bu gün haqqında yazmaq istədiyim tanınmış şair və publisist Sabir Şirvanla da bağlılığım məhz belədir. Sabir müəllim inşaatçıdır-yol inşaatçısı. Azərbaycan İnşaat Mühəndisləri Univetsitetinin məzunudur. Lakin bununla bərabər çox dəyərli və tanınmış bir şairdir. Məsələ burasındadır ki, peşə müxtəlifliyi olanda poeziyanın da mövzu dairəsi genişlənir və çoxalır. Bu baxımdan Sabir Şirvanın poeziyası da mövzu baxımından zəngindir. Sabir Şirvanı ilk dəfə mən təxminən 20 il öncə “Qurbani məclisi” saz-söz ədəbi məclisində görüşmüşəm. Və elə o vaxtdan da bizim dostluq münasibətlərimiz yaranıb və inkişaf edib. Sabir müəllim həm də “Qurbani məclisi” poeziya bölməsinin rəhbəridir. Cəbrayıl rayonunun ən uca zirvəsi sayılan Dağ Xələfli kəndində anadan olan şair “Gordubaba”, “Səs salma əsən külək”, “Ellər məni unutmayın”, “Könlümün közü” şeir kitablarının və “Eyvatlıdan Xələfliyədək” tarixi-etnoqrafik, “Söz ömrü”, “Babam, atam və mən”, “Təbəssüm” kimi müxtəlif mövzulu kitabların müəllifidir. S. Şirvanın doğulduğu kənd relyef cəhətdən elə bir yerdə qərarlaşıb ki, bura daim göylərə baş çəkən buludlarla örtülü olur. Yayın ən qızmar çağında bu kəndə qalxarkən “yayda yorğanını götür, qışda özün bilərsən” atalar məsəlini xatırlamalısan. Belə olan surətdə deməli bu kəndin təbiəti də əvəzsiz və əsrarıngizdir. Təbiətin gözəl və qənirsiz olduğu yerdə isə poeziya, şeiriyyət, romantika başlayır. Təsadüfi deyil ki, bu kəndin ziyalıları içərisində tanınmış şairlər, söz adamları – Əli Rza Xələfli, Əjdər Yunis Rza, Əlibala Zaloğlu, Yusif Dirili, Nəriman Mahmud, Əli Zalov, Fariz Çobanoğlu və digərləri var. Sabir Şirvan da belə bir mühitdə böyüyüb, püxtələşib və bu gün çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olmuşdur. Sabir müəllimin poeziyasında irili-xırdalı epik epizodlarla zəngin şeirlər və poemalar da çoxdur. Lakin onun şeirlərinin əsas hissəsini vətən, torpaq, yurd sevgili yurd itkiləri ilə bağlı nümunələr, təbiətin əsrarəngiz gözəlliklərini əks etdirən lirik lövhələr, vətən və torpaq uğrunda canını qurban verən müqəddəs şəhidlərimizin adını əbədiləşdirən poetik nümunələr üstünlük təşkil edir. Qeyd etdiyimiz kimi Sabir Şirvanın poeziyası daha çox lirik ovqatdadır. Yəni istər vətən haqqında, yaxud digər bir mövzuda olan şeirlərdə lirika üstünlük təşkil edir. Bu isə şeirin bədii-estetik dəyərini daha da artırır. Məsələn dünya haqqında bizim bir çox şairlərimiz şeirlər yazıblar. Əlbəttə bunların hamısının öz yeri, öz dəyəri var. S. Şirvanın “A dünya” şeiri isə bir az da insanı düşünməyə, fikirləşməyə çağırır:

Ən uca dağların boranda, qarda,

Göz açmır dumandan, çəndən, a dünya.

Kimə köhlən atsan, kimə ağır yük,

Həyatı dərk edən gündən, a dünya.

Duyan könülləri hey verdin bada,

Heç əskik olmadı canlıdan qada,

Adəm övladını salırsan oda,

Dayanıb baxırsan gendən a düünya.

Belə şeirlərdə lirika nə qədər güclü olsa da reallıq da öz sözünü deyir. Dayanıb baxırsan gendən, a dünya. S.Şirvanın yurd, vətən sevdalı şeirləri onu bir vətənpərvər şair kimi də oxucusuna tanıdır. “Vətən”adlı şeirində şair yazır:

Mən sənə vurğunam, sənə aşiqəm,

Olsa yüz-yüz belə sevənim, Vətən.

Cismimi cismindən ayrı bilmədim,

Mənim öz vücudum, bədənim, Vətən.

Şairin yaradıcılığında vətən nisgili, Qarabağ həsrəti, doğma Cəbrayılın itkisindən doğan dərin kədər və ağrı-acı, dərin sarsıntı və sonsuz vətən istəyi ilə bədii-emosional lövhələri əks etdirən şeirləri çoxdur:

Eşitsin qanında qeyrəti olan,

Zaman, vaxt cihada çağırır bizi.

Şərəflə yaşayıb Babək, Cavanşir,

Ötən çağ Cihada çağırır bizi.

və bu qanında qeyrət olan Azərbaycan oğulları, igid, qorxmaz, cəsur vətən əsgərləri bu cihada qoşuldular. 2020 -ci il sentyabr ayının 27 də başlanan 44 günlük Vətən müharıbəsi müzəffər Azərbaycan ordusunun şanlı qələbısi ilə başa çatdı. Hələ illər öncə Sabir Şirvanın yazdığı:

Vətəni hər kəsə anadır, ancaq,

Hər kəs vətən üçün sadağa gəlməz.

Yüz bahar yetirə tay Qarabağın,

Perik bulbülləri budağa gəlməz.

şeirindən sonra “Günüdür” adlı şeirini yazdı:

Qarabağ nisgilli el gözün aydın,

Bu gün həsrətinin bitən günüdür.

Ordumuz düşməni dərdə salıbdır,

Yurdumdan rədd olub itən günüdür.

Azərbaycan ordusunun qələbəsindən vəcdə gələn şair onu belə vəsf edir:

Dadsın düşmənlərin döyüşün dadın,

Vermə azğınlara heç aman ordum.

Gül açsın ayağın toxunan torpaq,

Qudurğan yağıya ol yaman ordum.

Doğma yurd yeri işğaldan azad olunandan sonra viran edilərək dağıdılmış, daşı daş üstə qalmayan, xaraba qalmış kəndlərinə gedən şair qəlbində kədər qarışıq bir qürur, sevinc hissi ilə yazır:

Bu xoş gününü də gördük, ilahi,

Sanki qanaq açıb uçmaq istərəm.

Üçrəngli bayrağı düz İrəvanda,

Ən uca zirvəyə sancmaq istərəm!

Dağdağan ağacı ta qədim dövrlərdən müqəddəs ağac hesab olunub. Müqəddəs hesab olunan ağacı heç zaman yandırmayıblar. Hələ deyilənlərə görə onun müalicəvi tərəfləri də var. Dağdağan ağacı ən çox Qarabağ üçün xarakterikdir və daha çox Cəbrayılda da bu ağac özü bitərdi. Təsadüfi deyil ki, Bakıda “Ağ şəhər” parklarında da çoxlu dağdağan ağacı əkiblər. S. Şirvan öz evinin içində bitən dağdağan ağzcını görəndə heyrətamiz bir şəkildə aşağıdakı şeiri yazır:

Müqəddəs bilmişik səni əzəldən,

Evimin içində bitən dağdağan.

Gəlib yer tutmaqda dərdi təzəldin,

Evimin içində bitən dağdağan.

Yurd-yuvam olsa da darda, talanda,

Təbiət azaddır indi hər yanda,

Sən yermi tapmadın çöl-biyabanda,

Evimin içində bitən dağdağan.

Hörmətli Sabir müəllim, bu müqəddəs bitkimiz dağdağanın bəlkə də evinin içərisində bitməsinin də bir rəmzi mənası var. Ümumiyyətlə işğal olunmuş kənd və qəsəbələrimizin uçulmuş divarları arasında susuz, qulluqsuz bitən ən çox ağaclar dagdağan, nar, əncir və o vaxt bizim “bit ağacı” dediyimiz ağaclardır. Bəlkə də burada bitən bu ağaclar rəmzi mənada ocaqları qoruyiblar namərd düşmənlərimizdən.
Sabir Şirvanın ürək ağrıdan şeirlərindən biri də “Çinarım” şeiridir. Bir vaxtlar köklərindən süzülüb çıxan büllur kəhrizin buz kimi soyuq suyu ilə, adamları salamlayan enli yarpaqlarının sərinliyindən yaranan həzin mehlə insanları məhəbbətə çağıran Çinar indi yoxdu. Erməni qəsbkarları bu dilsiz-ağızsız, gözəllik mücəssəməsini də məhv eləyib, 800 yaşlı Çinarı yer üzündən siliblər. Burada mənim yadıma görkəmli şairimiz, ustadımız İsmayıl İmanzadənin hələ illər öncə yazdığı “Salam Çinar” şeiri düşür:

Salam bizim Cəbrayılın

Ağsaqqalı, ulu çinar.

Qorqudumun həmyaşıdı,

Koroğlunun hünərindən halı Çinar.

Yenə manqal qəlyanından

Tüstü qalxar səhər-səhər…

Bu hadisə S. Şirvana da çox ağır təsir edir və o, “Çinarım” adlı şeirdə yazır:

Əsrlər əsmişdir başının üstdən,

Uzaq əsrlərə sirdaş, çınarım.

Əsmişdir sərsəri küləklər kimi,

Ötən tarixlərə sirdaş çinarım.

Ellərin qəlbində eşqin bir dəniz,

Adınla saf,büllur sevgili kəhriz,

Hər kəsə doğmaydın,hər kəsə əziz,

Sadə insznlara qardaş Çinarım.

Doğma yurd yerində həyat öz axarına düşəndə də hər bir cəbrayıllının qəlbində əbədi bir nisgilə çevrilən şəhid Çinar da şəhid oğullar kimi unudulmayzcaq:

Bitsə də bu yara ta yavaş-yavaş,

Sabirə əbədi qismətdir savaş,

Bu ana vətənə fəxrı vətəndaş,

Ecazkar yurduma yurddaş Çinarım.

S. Şirvanın yaradıcılığında doğma yurd uğrunda canını qurban vermiş vətən oğulları-şəhidlərimiz haqqında, vətən uğrundakı savaşlarda yaralanan qazilərimiz haqqında da səmimi duyğulu şeirlərə çox rast gəlirik. Şəhidlərimiz bizim qürur yerimiz, fəxrimizdir. Bu gün Azərbaycan ədəbiyyatı, poeziyası və incəsənətin digər sahələrində yazıla⁹n bütün əsərlərin şah əsəri şəhidlərimiz haqqında yazılan əsərlərdir-şeir və poemalardır, roman və povestlər, tablolar və filmlərdir. S. Şirvan da igid oğullarımızın şəhadətindən doğan ağır kədər və hüznü poetik şəkildə belə qələmə alır:

Bu Babəkin yoludur,

Bu Cavanşir həmləsi,

Qəhrəmanlıq tımsalı

Şəhidliyin cümləsi.

Yurdu sarıbsa bəla,

Olacaq ölən, itən,

Başın sağ olsun Vətən!

Torpaq uğrunda ölən,

Şəhidlər ölməzdilər.

Əbədi qəlbə köçüb,

Ürəklərdə gəzdilər.

Yaxud başqa bir şeirdə:

Hər iş tapar yolun, hər qayğı ötər,

Yad edək yaşasın şəhidlərimiz.

Ömrü əbədidir, unutsaq bitər,

Yad edək yaşasın şəhidlərimiz.

Duraq doğmasına nəslinə dayaq,

Məzarı üstündə məşəl qalayaq.

Qırılmış ömrünə ömür calayaq,

Yad edək yaşasın şəhidlərimiz.

Poeziyanın əzəli-əbədi mövzusu sevgidir, məhəbbətdir. Elə bir şair tapa bilmərik ki, onun yaradıcılığının bəlkə də yarısını sevgi şeirləri təşkil etməsin. Bu cəhətdən S. Şirvanın yaradıcılığında sevgi motivləri aparıcı yet tutur. Klassik ənənələrə uyğun olaraq S. Şirvanın sevgi poeziyasının qəhrəmanı sevgilisinin əzab-əziyyəti yolunda cəfa çəkən, onu ürəkdən sevən, bu əzab-əziyyətə sinə gərən aşiqdir:

Sevən cəfa çəkər eşqi ucundan,

Aşiqin nisgili dövrana sığmaz,

Məcnun dilə düşüb bir dastan oldu,

Mənim məhəbbətim dastana sığmaz.

Yaxud “Düşər”adlı şeirində yazır:

Aləmə bəllidir eşqin qüdrəti,

Həsrətdən aşiqlər yatağa düşər,

Bitməz intizarı, olmaz imanı,

Kim ki, sevdiyindən uzağa düşər.

Nə Fərhad,nə Məcnun deyiləm yarım,

Dağda, biyabanda var nə azarım,

Dövrün aşiqiyəm, düşsə güzarım,

Sən qədəm qoyduğun otağa düşər.

Sabir müəllimin məhəbbət şeirlərində təbiətlə insanın harmoniyası, təbiətin gözəlliyindən doğan dəruni hisslər, bu hisslər əhatəsində gözəlin tərifi, tərənnümü əsas yer tutur:

Sən mənim ömrümə ilahi paysan,

Sənsiz dünya evim boş bir saray san,

Zülmət gecələrə nur saçan Aysan,

Dövrənə mənim tək bir halə gəlməz.

Tarixən insanla təbiət həmişə təmasda olub. İnsan təbiətin gözəlliyindən zövq alıb. Bir az öncə qeyd elədim ki, S. Şirvanın doğulduğu torpaq təbiətin ən gözəl guşələrindən biri idi. Məhz buna görə də onun şeirlərində təbiətin, təbiət gözəlliklərinin təsviri geniş yer tutur. Təbiətin, çəmənin gözəlliklərini artıran vacib amillərdən biri yaşıl çəməni daha da gözəlləşdirən rəngbərəng çiçəklər, güllər, ağaclardır. S. Şirvan bu insan ruhunu riqqətə gətirən çiçəklərin, ağacıarın hər birinə ayrıca şeir həsr etməklə təbiətə, ana torpağa övladlıq borcunu ödəmişdir sanki. Onun çiçəklərə həsr olunmuş şeirləri “Səs salma əsən külək” adlı kitabında ayrıca fəsildə verilmişdir. Burada şairin “Lalə”, “Bənövşə”, “Nərgiz”, “Qızılgüı”, “Qərənfil” adlı şeirləri çap olunmuşdur. “Lalə” şeirinə nəzər salaq:

Səri gülüstanda tutmusan qərar,

Bu nə cəh-cəlaldı, nə dndu lalə?

İncə camalını qüdrətdən qeyri,

Kim yona bilərdi, kim yondu lalə?

“Bənövşə” şeirində isə şair yazır:

Durub keşiyində qalxanın olam,

Üzməyə uzanan qola, bənövşə.

Ürəyim titrədi səni yaz mehi,

Əyəndə hər sağa, sola, bənövşə.

Yaxud “Qızılgül” şeiri:

Sən bu əlamətlə sehrsən əlbət,

Görəni apardın huşa, qızılgül.

Sənə gözəlliyi verib təbiət,

Odur ki, gəlirsən xoşa, qızılgül.

Və yaxud “Qərənfil” şeirundə:

Sənə yaranışdan aləm dost imiş,

Qismət olmadın heç yada, qərənfil.

Əssə xəzan belə olmasın qəmin,

Getməsin həyatın bada, qərənfil.

Bu silsilədən növbəti şeir “Nərgiz” adlanır;

El sənə müştaqdır bir ilk baharda,

Zimistan həyatın yaz ola nərgiz.

Gəldin görüşünə sevən kəslərin,

Hər sevən eşqındə düz ola, nərgiz.

Azərbaycan təbiətinin bəxş etdiyi bu çiçəkləri, gülləri tərənnüm etməklə S. Şirvan özü də bilmədən təbiətin qoynuna bir ekskurs edir və bunun ardınca yurdun ağaclarını-əncir, armud, nar və digər meyvə ağaclarını da unutmur. Bu meyvələrin insan orqanizmi üçün xeyirli cəhətlərini sadalayır. S. Şirvanın şeirlərindən misal gətirdiyimiz” Könlümün közü” kitabında şairin çox dəyərli poemaları da yer alıb. Oxucuların böyük rəğbətini qazanmış “Qarabağ qan ağlayır”, “Qarabağ şikəstəsi” və “Azərbaycan” poemaları bədii-estetik və emosional dəyəri baxımından çox maraqlıdır. Təbii ki, bu poemalar haqqında söhbət başqa bir yazının mövzusudur. İndilikdə isə S. Şirvanın 20 ildən artıq iştirakçısı və üzvü olduğu Qurbani məclisinə həsr etdiyi şeirlə yazını tamamlayıram;

Keçib əsrlərdən, qərinələrdən,

Səs salan haraydı, haydı bu məclis,

Sənət banisinin arzularını,

Car çəkib aləmə yaydı bu məclis.

Unutmaz həsrətdən Xan Arazın da,

Donar qar qışında, yanar yazında,

Diri dərdlərini türkün sazında,

“Kərəmi” üstündə saydı bu məclis.

Yaşadaq əbədi əzəlliklərin,

Odur təcəssümü gözəlliklərin,

Gəlir arxasından yüzilliklərin,

Aşıq Qurbanidən paydı bu məclis.

TARİYEL ABBASLI,

Filologiya üzrə fəlsəfə doktotu, Prezident təqaüdçüsü.

Sabir Şirvanın yazıları

TARİYEL ABBASLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru