
YORĞUN KÖNLÜMÜN SƏSİ
Saçlarıma dən düşüb,
Ürəyimə qəm düşüb.
Ruhumun aynasına
Taleyimdən nəm düşüb…
Göz yaşım səssiz axar,
Həsrət içimi sıxar,
Dünya bir pəncərədir,
Dərd ordan mənə baxar.
Fələk qurub kələyi,
Süzüb keçir ələyi.
Kədərlə həmdəm olub,
Yorur kövrək ürəyi…
Ağrım qəlbimi didir,
Ömrümü talan edir.
Getmir can yorğunluğum,
Dizimin fəri gedir.
Vüsalam, tək qalmışam,
Kölgəmə sığınmışam.
Bu kövrək canım ilə
Dərdə sirdaş olmuşam.
Müəllif: Vüsal Ağa
9 may 2026-cı il / Sumqyıt
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında