
BÜTÜN ULDUZLARIN GÖZÜDÜR TƏBRİZ
Sönməyib içimdə vətən həsrəti,
Biraz da kök salıb, dərinləşibdir!
Teşnə ürəyimdə Təbriz niyyəti,
Şükür ki, daha da müdrikləşibdir!
Turana sevdası, sözə ülfəti,
İstiqballa açan səhərindədir.
Qüruru, hünəri, zəfər hikməti,
İnqilablar saçan bəhərindədir.
Parlayan Günəşin özüdür Təbriz.
Tökür Savalana göylərin nurun.
Bütün ulduzların gözüdür Təbriz.
Göstərir məqsədi nədir mənfurun.
Təbrizin sinəsin tufan döysə də,
Müqəddəs amaldan, səfərdən dönməz!
Azadlıq yoluna zalım dəysə də,
İstiqlal nəğməsi dilində sönməz!
Arazın suyunda həyat ətri var,
Axaydım qoynuna sısqa bulaqtək.
O tayda, bu tayda Səttar xətri var,
Taxaydım zirvəyə uca bayraqtək!
16.05.2005.
Müəllif: Şaiq MİSKİNLİ