Etiket arxivi: Seyran Səxavət – 80

Sözün və sadəliyin adamı – Seyran Səxavət

Sözün və sadəliyin adamı – Seyran Səxavət

Seyran Səxavət – 80

Bəzən insanları əvvəlcə uzaqdan tanıyırsan – televiziya ekranlarından, ədəbi mühitdən, kitablardan. Sonra həyat elə gətirir ki, yollarınız kəsişir və sən həmin insanın təkcə yaxşı yazıçı deyil, həm də necə gözəl bir insan olduğunu yaxından tanıyırsan.
Mən Seyran Səxavəti ilk dəfə illər əvvəl televiziya kanallarında gördüm. Sonra isə onun əsərlərini oxuyub kitablardan tanıdım. Daha sonra isə Azərbaycan Yazıçılar Birliyində, dəhlizdə tez-tez rastlaşır, sadəcə salamlaşıb keçərdim. Amma onunla ilk yaxın tanışlığımız 2023 – cü ildə Şuşada – “Vaqif Poeziya Günləri”ndə oldu. Mən orada çıxış edərək şeirlərimi söylədim. Çıxışımdan sonra Seyran müəllim mənə yaxınlaşıb dedi: “Gözəl şeir söylədiniz.” Sonra soruşdu ki, həkimsiniz? Dedim: “Bəli, həkiməm, həm də yazıçıyam.” Gülümsəyərək şeirlərimin xoşuna gəldiyini bildirdi.
2024-cü ilin dekabr ayında “Ulduz” jurnalının təsis etdiyi “Narkomaniyaya Yox deyək! ” adlı hekayə müsabiqəsində mən də iştirak etmişdim və hekayəmlə qaliblərdən biri olmuşdum. Bir çox yazarlarla birlikdə mənə də diplom təqdim olundu. Həmin gün Seyran müəllim məni təbrik etdi və hekayəmi oxuyub bəyəndiyini bildirdi. Bu sözlər mənim üçün çox qiymətli və yadda qalan bir xatirədir..
Sonralar Yazıçılar Birliyində bir neçə dəfə qarşılaşdıq, söhbət etdik və tədbirlərdə, kitab təqdimatlarında görüşdük. Hətta onun dəvəti ilə keçən il Natəvan klubunda bir neçə cildddən ibarət seçilməmiş əsərlərinin təqdimatında iştirak etdim və kitablarını aldım. Bir neçə gün sonra tədbirlərin birində Seyran müəllim mənə hekayələrdən ibarət üç kitabını hədiyyə etdi. Həmin kitabları böyük maraqla oxudum. Onun hekayələrinin səmimiyyəti, həyatın içindən gələn sadəliyi və düşündürücü məzmunu həmişə diqqətimi çəkib.
Seyran Səxavət ədəbiyyata ilk olaraq şeirlə gəlib. Onun poeziyasında xüsusi bir səmimiyyət, duyğu və həyat fəlsəfəsi hiss olunur.
Elə sızıldayır qəlbim tar kimi,
Sən kimin eşqini daşıyacaqsan?
Bəlkə də divarlar, maşınlar kimi,
Sən də məhəbbətsiz yaşayacaqsan…

Burda tənhalıqdan lap iyrənmişəm,
Qoy meh sığallasın telini sənin.
Gedib yetmiş iki dil öyrənmişəm,
Hələ tapmamışam dilini sənin…
* *
Gəzirsən dünyada səssiz-səmirsiz,
İnsan azdırmağa duman kiçikdir.
Yenə qarşılaşdıq bir döngədə biz,
Dedim, yer kürəsi yaman kiçikdir!

Gah yerə baxırsan, gah da ki göyə,
Niyə bu dünyada gərək çaşaq biz?!
Niyə qarşılaşdım səninlə, niyə –
Mən ki istəmirdim qarşılaşaq biz…
Seyran Səxavət Azərbaycan ədəbiyyatında özünəməxsus yer qazanıb. Onun “Daş evlər”, “Dar köynək”, “Qızıl teşt”, “Nekroloq”, “Qaçaqaç”, “Kеnquru”, “Qapıların o üzündə qalan dünya”, “Bir stəkan hava” kimi əsərlərini tanıyıram və bir neçəsini maraqla oxumuşam. Bu əsərlərdə həyatın müxtəlif çalarları, insan taleləri və zamanın izləri sadə, lakin təsirli dillə təqdim olunur.
Seyran müəllimlə bir neçə dəfə telefonla da danışmışıq. Hər dəfə onun sakit, təmkinli, mehriban və sadə insan olduğunu bir daha hiss etmişəm.
Seyran Səxavət təkcə gözəl yazıçı deyil, həm də çox dəyərli və səmimi bir insandır.
Bu gün Seyran Səxavətin 80 yaşı tamam olur. Onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və yeni-yeni əsərlər arzulayıram.

MÜƏLLİF: MƏLAHƏT HÜMMƏTQIZI

MƏLAHƏT HÜMMƏTQIZININ YAZILARI

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Seyran Səxavət – 80

Bizim Seyran Səxavət kimi

Seyran Səxavət-80

Deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir. Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəlməyi bacarmır. Gərək doğulanda KİŞİ doğulasan, mərhum xalq artisti Fuad Poladov kimi. Yox, yox, bu dəfəki söhbətim Fuad Poladovdan deyil, sağlığında ona əziz olan bir adam haqqında olacaq. Sadəcə, dostunu göstərdim ki, onun kim olduğunu təsəvvür edə biləsiniz…

Uşaqlıqdan becid və inadkar oğlan olub. Altı yaşında məktəbə gedib. İkinci sinifdə oxuya-oxuya şeirlər, kiçik hekayələr yazmağa başlayıb. Və qələmə aldığı şeir və hekayələri müxtəlif qəzet və jurnallara göndərib…

Deyir ki:- “Oradan gələn cavablar isə hamısı eyni olurdu: “Şeirləriniz bədii cəhətdən zəif olduğuna görə çap edə bilmədik”. Açığı, o vaxt mən heç başa düşmürdüm ki, bu “bədii cəhət” nə deməkdir. Mən yazırdım, ürəyimdən keçəni deyirdim- bəs niyə zəif idi, onu anlamırdım. Beləcə, mənimlə redaksiyalar arasında saysız-hesabsız məktublar gedib-gəldi, amma heç bir nəticə olmadı. Sonra üz tutdum rayon mərkəzinə- “Qızıl Araz” qəzetinin redaksiyasına. İki-üç il də oranın qapısını döydüm. Amma orda da eyni sözləri eşidirdim. Sanki başqa söz bilmirdilər. Hər dəfə o sözləri eşidəndə necə sarsılırdımsa, üç-dörd gün heç nə yaza bilmirdim. Amma nəhayət, bir gün mənim də bəxtimə günəş doğdu. On dörd yaşım olanda “Qızıl Araz” qəzeti mənim ilk şeirimi çap etdi. Bu mənim üçün təkcə bir şeirin çapı deyildi- bütün o illərin, o məktubların, o gözləntilərin cavabı idi…”

O, 1946-cı ilin mart ayının 23-də Füzuli rayonunun Yağlıvənd kəndində dünyaya gəlib. Həmin kənddə orta məktəbi bitirdikdən sonra iki il rayon mərkəzindəki məktəblərdən birində direktorun köməkçisi vəzifəsində çalışıb. 1964-1970-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində ali təhsil alaraq, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnib. 1970-1972-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olarkən, SSRİ Müdafiə Nazirliyinin fars dili üzrə tərcüməçilərindən biri olub. Sonrakı fəaliyyətinin əhəmiyyətli hissəsi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanları ilə bağlıdır. 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrində işləyib.1974-1976-cı illərdə ixtisası ilə əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunub və orada iki il tərcüməçi kimi fəaliyyət göstərib. 1976-1981-ci illərdə “Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Hal-hazırda AYB-də məsləhətçi kimi fəaliyyətini davam etdirir. “Azərbaycan” jurnalının redaksiya heyətinin, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin üzvüdür. 20-yə yaxın kitabı işıq üzü görüb…

Bəli, söhbət hələ də mərhum dostu Fuad Poladovun telefon nömrəsini öz telefonunun yaddaşından silməyən Seyran Əsgər oğlu Xanlarovdan gedir. Ölkəmizdə onu daha çox- Seyran Səxavət kimi tanıyırlar. Şair, yazıçı, dramaturq, publisist və tərcüməçidir…

…Sosial məsələlərdə ədalət və əməkdaşlığa önəm verir. Ani dəyişikliklərdən uzaq durmağa çalışır. Rahat və mehriban adamdır. Planlı və düşüncəli şəkildə hərəkət etməyi xoşlayır. İntuisiyasına çox güvənir və başqalarının görə bilmədiklərini hiss etməyi bacarır. Sərraflığı da var- ətrafdakıları yaxşı və ya pis olaraq zərgər dəqiqliyi ilə dəyərləndirə bilir. Onun üçün şübhəli vəziyyətlər mövcud deyil. Bu insan nəinki öz problemlərini, həm də ətraf mühitin haqsızlıqlarını açıq şəkildə görür və onlara qarşı mübarizə aparmaqdan çəkinmir. Dostlarına qarşı anlayışlı və diqqətcil davranır…

“Bəzən mənə sual verirlər ki, şeirlə ədəbiyyata gələn Seyran Səxavət necə oldu ki yazıçıya çevrildi? Düzünü deyim, mən bunu elə bir “çevrilmə” kimi qəbul etmirəm. Hara getsəm də, söz məni aparırdı. Şeirdə də, nəsrdə də eyni yükü daşıyırdım. Sadəcə, bir gün gördüm ki, söz məndən daha geniş meydan istəyir. Mənim üçün söz birdir- istər şeir olsun, istər nəsr. Sadəcə, onun ifadə forması dəyişir. Bəli, bir vaxt gördüm ki, içimdə yığılanlar şeirin çərçivəsinə sığmır. Şeir daha çox sıxılmış fikirdir, yığcamdır, bir növ partlayış kimidir. Amma həyat o qədər geniş, o qədər çoxqatlıdır ki, onu bəzən bir neçə misraya yerləşdirmək olmur. Mənim gördüklərim, yaşadıqlarım, insanların taleləri, kəndin, şəhərin, zamanın özü- bunlar artıq başqa bir nəfəs istəyirdi. O nəfəsi mən nəsrdə tapdım. Amma şeiri də içimdən çıxarmadım. Mənim nəsrimdə də şeir var- ritm var, ahəng var, sözə münasibət var. Ona görə deyərdim ki, mən şeirdən nəsrə keçməmişəm. Sadəcə, söz məni harada daha rahat danışdırırsa, mən də orada oluram…”- söyləyir…

…Yardımsevər, istiqanlı və ağıllı insandır. Dürüstdür və ona edilən yaxşılıqları heç vaxt unutmur. Çox ciddi və düşüncəli olduğu üçün öz üzərinə məsuliyyət götürməkdən çəkinmir. Bəzən dünyanı yaşamaq üçün ideal yer hesab etmədiyindən tək qalmağa üstünlük verir. Qəzəbli anlarında mühakimə edən və hər şeydə nöqsan axtaran bir xüsusiyyəti də var. Amma buna baxmayaraq, ədalətli və vicdanlı olduğu üçün həmişə hörmət qazanıb. Çox müdik adamdır, sınaqdan keçirməsə heç vaxt qərar vermir. Onun üçün kəmiyyət əsas deyil, keyfiyyətə üstünlük verir…

Deyir ki:- “Mən ədəbiyyatı illərə, onilliklərə bölənlərdən deyiləm. Mənim üçün ədəbiyyat təqvimlə ölçülmür. Ədəbiyyatda tarix yox, əsər var. Bu gün də yazılır, dünən də yazılıb. Amma hamısı ədəbiyyat deyil. Əsər varsa- o yaşayır, yoxdursa, istədiyin qədər tarix yaz, xeyri yoxdur. Əsəri rəqəmlə ölçmək olmaz. Onu ya hiss edirsən, ya da yox. Ədəbiyyat mənim üçün statistika yox, nəfəsdir. Nəfəsi olmayan mətnin isə yaşı da olmur…”

…Əsl səbəbini bilmirəm, amma düşünürəm ki, ikinci dünya müharibəsi zamanı və növbəti illərdə dünyaya gələn insanlar, sonra gələn insanlardan çox fərqlənirlər. Çətin dövrdə, ehtiyac içində böyüyüb boya-başa çatsalar da, heç vaxt ələbaxan, riyakar, namərd olmayıblar. Bəli, deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir. Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəlməyi bacarmır. Gərək doğulanda KİŞİ doğulasan, bizim Seyran Səxavət kimi…

Martın 23-ü Seyran Səxavətin 80 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, qalan ömründə ağrı-acısız günlər, çəliyə möhtac olmamasını arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I