DİL MƏSƏLƏSİ

DİL MƏSƏLƏSİ
(1 Avqust: Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı subyektiv baxışlarım)

Ulu Öndər Heydər Əliyevin 09 Avqust 2001-ci il tarixli fərmanı ilə hər il 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Həmin gün ölkədə latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin tarixi ilə əlaqədardır. Dil və əlifba isə əslində hər bir millətin milli kimliyinin bir parçası sayılır.
Milli kimlik – fərdin özünü müəyyən bir millətə, xalqa və ya dövlətə aid etməsi, onun tarixi, mədəniyyəti və dəyərləri ilə eyniləşdirməsi hissidir. Milli kimliyin əsas elementləri isə aşağıdakılardan ibarətdir: 1. Dil; 2. Tarix; 3. Mədəniyyət; 4. Milli-mənəvi dəyərlər; 5. Dövlətçilik və vətəndaşlıq.
Sözümü 1 Avqust: Azərbaycan əlifbası və Azərbaycan Dili Gününə uyğun olaraq milli kimlik mövzusunun dil elementinə yönəltmək istərdim: Azərbaycan dili qrammatik və lüğət tərkibi baxımından türk dillərinə aiddir və bu dil özünəməxsus zəngin lüğət tərkibinə malikdir. Tarixi əlaqələr (ərəb və fars dilli imperiyalar və qüvvələrin istilası) nəticəsində Azərbaycan dilində ərəb və fars mənşəli sözlər peyda olmuş və zaman ötdükcə Azərbaycan dilinin tərkibinə keçmişdir. Nə qədər qəribə səslənsə də bu gün Azərbaycan dilində mövcud olan sözlərin 60-65%-nin ərəb və fars mənşəli ifadələr olduğu bildirilir. Hər bir dildə müəyyən qədər əcnəbi sözlərin mövcudluğu təbii qarşılanır və demək olar ki, dünyanın bütün dillərində belə bir durum mövcuddur. Lakin bir dildə mövcud olan ifadələrin 60-65%-nin xüsusi bir dilə və ya dillərə aid olması məsələsi sözün həqiqi mənasında təəssüfedici bir məsələdir. Bununla bağlı qəribə və acınacaqlı bir misal göstərmək istəyirəm: Azərbaycan ədəbiyyatında tez-tez işlənən “ədəbiyyat”, “şeir”, “şair”, “beyt”, “misra”, “bənd”, “heca”, “nəsr”, “nasir”, “esse”, “hekayə”, “povest” və “roman” kimi açar sözlərin heç biri Azərbaycan türkcəsində deyil, əslində ərəb, fars və latın dillərinə aid ifadələrdir. Halbuki ən azından dilçi alimlərimiz bu qəbil açar sözlər üçün öz dilimizdə oxşar və uyğun ifadələr tapa və təyin edə bilərdilər. Çünki millətimiz ərəb, fars və rus imperiyalarının istilası altına düşməzdən əsrlər öncə ədəbiyyat sahəsində söz sahibi olmuş, öz şairləri və yazarları ilə fəxarət hissi duymuşdur. Azərbaycan Respublikası müstəqil dövlətçilik nemətinə sahib olan ölkələrdən biridir.
Bu gün dünyda 3000-dən çox fərqli xalq və millətlərin mövcud olduğu deyilir. Lakin bu millətlərin hər birinin müstəqil dövlət qurmaq şansı yoxdur. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatında rəsmən tanınmış 193 ölkə, rəsmi olaraq tanınmamış daha iki ölkə (Vatikan və Fələstin) mövcuddur. Xoşbəxtlikdən Odlar Yurdu Azərbaycan da həmin ölkələrdən biridir. Biz ən azından milli dövlətçilik kimi möhtəşəm nemətin sayəsində dilimizə sahib çıxmalı, onu yad ifadələr və kənar təsirlərdən qorumağa çalışmalıyıq.
Azərbaycan Respublikasının əhalisinin mütləq əksəriyyəti, yəni 90%-dən çoxu etnik azərbaycanlılardan (türk soylu xalqdan) ibarətdir. Ölkə əhalisinin 2009-cu il siyahıyaalınmasına əsasən etnik tərkibi 90% üzəri azərbaycanlılar, qalan hissəsi isə digər azsaylı xalqlar (ləzgi, rus, erməni, talış, avar və s.) təşkil edir. Hər halda ölkədə türk kökənli əhali üstünlük təşkil edir. Üstəlik heç bir ölkənin istilası altında da deyilik və müstəqil dövlət sahibiyik. Belə olan halda nədən dilimizin əcnəbi ifadələrdən təmizlənməsi üçün addım atılmır?
Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU mövcud olan halda nədən bu qanunlara qarşı xüsusi biganəliyin şahidi olmalıyıq?
Sonda dil məsələsi ilə bağlı təklifimlə sözümü yekunlaşdırmaq istəyirəm: Bu mövzuda atılacaq əsas addım aidiyyatı orqanlar və təşkilatların öz milli kimliyi və qanuni vəzifələrini dərk etməsi, məsuliyyət və ciddi qərarla işə başlamasıdır. Çünki dövlət qərarı, nəzarəti və gücü olmadan bu problemin aradan qaldırılması mümkün deyil. Hər halda fürsətləri əldən vermədən Odlar Yurdu Azərbaycanda DİL İNQİLABInın həyata keçirilməsi bir milli kimlik və dövlətçilik zərurətidir. Lakin bu inqilab düşünülmüş, məntiqli, eyni halda dilçi alimlər və mütəxəssislərin iştirakı və nəzarəti ilə həyata keçirilməlidir…

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
01.08.2026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir