Etiket arxivi: Vəsimə İsmayılqızı

XEYİRXAHLIQ HAQQINDA ÜÇ EPİZOD

XEYİRXAHLIQ HAQQINDA ÜÇ EPİZOD

Bu gün onun doğum günüdür. Xalq yazıçısı, AYB-nin sədri Anarın.

Onun haqqında düşüncələrimi bu doğum günündə bölüşmək istədim.

Onu ilk öncə əsərlərindən tanıdım. Dəyər verdiyim yazıçılardandır.

Bu gün onun nə əsərlərindən yazacam, nə də şəxsiyyətindən. Yazacaqlarım onun bir rəhbər, bir insan kimi şahidi olduğum keyfiyyətlərindən və bizim ailə üçün etdiklərindən olacaq.

İl 1989. Atam, yazıçı İsmayıl Qarayev ağır xəstə idi, son aylarını, günlərini yaşayırdı. Onun dostu, jurnalist Əhməd İsayev məni baş verəcək hadisələrə hazırlamışdı (çünki uşaqların böyüyü mən idim və demək olar ki, ata bir çox məsələlərdə mənim fikrimi alırdı. Əhməd əmi də bunu bilirdi). Atanın son vaxtlarında onun nəşriyyat, kinostudiya, ədəbi qəzet və jurnallarda olan əlyazmalarının siyahısını tutdurmuşdu, telefon kitabçasını götürməyimi istəmişdi.

Mən də atanın qəlbinə dəymədən, “Əhməd əmi sənin yazılarınla maraqlanmaq üçün bunları istəyir” demişdim. O da istənilən hər şeyi çətinliklə də olsa deyə bilmişdi (çünki son vaxtlar nitqində qüsur yaranmış, həmişə ona xidmət etmiş, qələm tutan sağ əli iflic olmuşdu).

Həmin il atam dünyasını dəyişdi. Anam Leyla xanım ondan 3 il əvvəl haqqın rəhmətinə qovuşmuşdu. 4 uşağın böyüyü mən idim, universitetin 3-cü kursunda oxuyurdum. Ailəmizdə baş verən itkilərdən sanki başımı itirdim, bir boşluğa düşdüm, kimsəsiz, köməksiz olduğumuzu anladım… Bir müddət sonra toparlandım.

Mən özümdən kiçik bacı-qardaşlarımı bir tərəfə çıxarmalı idim. Rayonda yaşamaq çətin olduğu üçün uşaqları Bakıya çıxarmağı qərara aldım. Bunun üçün Bakı qeydiyyatı olmalı idi.

Bu zaman atanın telefon kitabçası, tutduğumuz siyahı, atanın son iş yeri, qeydiyyatda olduğu ünvan, 3 uşağın qeyd olunduğu orderi xatırladım.

Kimdən kömək istəyim?

Telefon kitabçasını vərəqlədim. Adlara baxdım. AYB sədri Anarın nömrəsini götürdüm. Gəncədəki telefon danışıq məntəqəsindən zəng etdim. Dəstəkdən Anarın səsi eşidildi. Mən, yazıçı İsmayıl Qarayevin qızı olduğumu, atamın rəhmətə getdiyini, problemimiz olduğunu dedim və kömək istədim. Anar müəllim məni diqqətlə dinlədi, bir gün sonra zəng etməyimi tapşırdı.

Zəng etdim. Problemin həllinə AYB-nin katibi Çingiz Abdullayev də qoşuldu. Uşaqlar order əsasında həmin ünvana qeydiyyata götürüldü. Qardaşım Qoşqar atanın son iş yerinə işə düzəldildi, atanın ev növbəsinə salındı.

Bu, Anarın bizim ailə üçün etdiyi birinci dəstək oldu.

İl 1993. Anar yenə AYB-nin sədri idi. İsmayıl Qarayevin tapdanmış haqqını bərpa etmək biz övladların ən böyük arzusu idi.

Ailə adından məktubu hazırladım, hərəkəti qardaşım Qoşqar etdi.

İsmayıl Qarayev AYB üzvlüyünə bərpa olundu (10.06.1993. Ədəbiyyat və İncəsənət Arxivində araşdırma apararkən AYB-nin fonduna da baxdım və həmin protokolun aidiyyəti səhifələrinin fotosunu da buraya əlavə edirəm).

Bu, Anarın bizim ailə üçün etdiyi ikiinci dəstək oldu.

İl 2024. 4 dekabr. İsmayıl Qarayevin doğum günündən bir gün öncə, AYB-nin Natəvan klubunda onun “Ömürdən sonra…” adlı xatirə gecəsi və 70 kitabının təqdimatı keçirildi. Bu tədbir bu müqəddəs ocaqda yazıçının ilk tədbiri və ilk kitab təqdimatı idi.

Tədbiri xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayev açdı. Yuxarıda yazdığım xatirəni də danışdı.

Çox böyük coşqu ilə keçən tədbirlə sanki İsmayıl Qarayev yenidən AYB-yə qayıtdı.

Bu, Anarın bizim üçün etdiyi üçüncü dəstək oldu.

Mən doğum günündə Anar müəllimə ailəmizə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirir və deyirəm:

Dəyərlimiz Anar müəllim!

İsmayıl Qarayevin ailəsi adından, şəxsən öz adımdan Sizi təbrik edir, sağlam can, uzun ömür, yaradıcılıq uğurları arzulayıram.
Var olun! Varımız olun!

Bəlkə də bu kiçik təbrik 88 yaşınızın ilk təbriki oldu.

Qədəmləri uğurlu, ömrünüzdə qoşa rəqəmlərin sayı isə çox olsun!

Təbrikə İsmayıl Qarayevin AYB üzvlüyünə bərpasından sonra üzvlük vəsiqəsini qardaşım Qoşqara təqdim etdiyiniz bir videogörüntünü də əlavə edirəm:

Dərin hörmətlə,

Vəsimə İsmayılqızı

yazıçı, publisist

AYB və AJB üzvü