“Ruhi sağlam” – Aytac İbrahim

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI

(Real həyatdan)     

Salam, dost…
Bu məktubu sənə, bir ağıl xəstəxanasının 2-ci mərtəbəsindən yazıram…
Məni görsən, yazığın gəlməsin.Saçlarım tökülüb, göz altlarım qaralıb, rəngim solğunlaşıb, gözlərim iriləşib, arıqlamışam…Və buralar…
Buralar soyuqdur…
Bəzən çox üşüyürəm…
Yeməklər də soyuqdur.Bir də tibb bacıları var, vaxtı çatdıqca qəribə dadlı həblər verirlər, iynələr vururlar.Qışqırıram,  “Mən dəli deyiləm” – deyirəm , inanmırlar.Əsəbləşirəm, sakitləşdirici iynəni yeridirlər canıma…
Əlimdən heç nə gəlmir,gözlərimi qapadaraq gülümsünürəm…
Və sabahısı gün hər şey yenidən təkrarlanır.Hər gün dünənkindən daha çox ölürəm….
Mən evimi istəyirəm, dost! İtirdiyim anamı, atamı, qardaşımı, bacılarımı istəyirəm! Qurtar məni bu uçurumdan, taqətim qalmıyıb artıq ,ölümlə üz-üzəyəm…
23.07.2018.

Bu  iki absazlıq məktubu sənə yazdıqdan sonra illər bir-birini qovdu.Nə sən gəldin, nə də mənim həyat tərzim dəyişdi.Əvvəlki qədər  üsyankar deyiləm.Bu ağ xalatlı həkimlərə, xəstəxananın bir köşəsində gah özünü Hitler sayıb “salam ” verən , gah da özünü hələ də evində sayıb, qohumlarının adını bir-bir çağıran aciz amma azad xəstələrə , dörd divara çox öyrəşmişəm.Doğlamaşmışıq.Qəribədir,  canımdan, qanımdan olanlarım bir yaddı, onlar isə özüm, ən yaxınım…
Sizin dilinizlə desəm  dəli olduğuma özümü inandırmışam, ya da deyəsən, zaman keçdikcə həqiqətən ruhum xəstələnir…
Artıq heç nəyə sıxılmıram, soyuq yeməklərə də öyrəşmişəm.Deyirəm bircə yaz gəlsəydi, bizi həyətə çıxarardılar.Yazı sevirəm, o fəsli sevməyən insan olmaz.Şəxsən mənə yaşamaq həvəsi verir.Hələ günəşin isti şüaları, quşların civiltisi,torpaqdan təzə boylanan xırda çiçəklər, o çəmənlik …
Ruhum tazələnir…
Hətta deyərdim ki, hər bu fəsil gələndə var olmağıma sevinirəm…
Hərdən ildə iki , ya üç dəfə sizinkilərdən yanıma  gələnlər olur…
Əvvəllər  bu hala sevinirdim ki, gəlirlər.Gəlirlər ki, çıxararlar məni burdan.Amma istədiyim kimi olmur.Yeməklər gətirirlər, cürbəcür şirələr, şirniyyatlar…Dadıram,çıxıb gedirlər.Yəqin vicdanlarını rahatlatmaq üçündü bütün bunlar…
İndi oturmuşam soyuq xəstəxanın buz küncündə.Kiminsə gəlib məni burdan çıxarmağını arzulamıram …
Yanımda bir neçə mənim kimilər var.Bura evimdir, onlar da itirdiyim sizlər-ailəm …
Mən siqaret çəkənləri anlamırdım heç vaxt.”Axı o tütün qurusundan nə ləzzət ala bilərlər?”-deyə düşünürdüm.İndi isə özüm aludəçisi olmuşam.Burdakıların xasiyyətini də götürmüşəm,
yad adam görən kimi siqaret istəyirik. Götürürük, çəkirik, vaxt gedir, gün bitir…
16.07.2019.


Bu sənə yazdığım 3-cü məktumdu….
Bilirəm, hərdən yuxularına girirəm.
Bilirəm, hələ uşaqsan.Məni xilas edə bilməyəcəksən….
Mənim ruhum bütün orqanlarımla birgə xəstələndi.Budur, o məşhur “xərçəng” xəstəliyindən əziyyət çəkirəm…
Ən pisi isə əvvəllər mənə yardım edən həkimlər, artıq bir ölü kimi kənara tullayıblar məni…
Doğmalarım yanımda yoxdur.Mən əzab çəkirəm. Elə əzab çəkirəm ki…
Yarımcan qalmışam…
Siz yoxsunuz, son nəfəsimdə əlimi tutacaq insanlar yoxdur…
Yoxluğumla baş-başa, ruhumu da aparıb gedirəm…

Əlvida, gözümün nuru ….
2021.
 


Müəllif:
 Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir