
GÖZLƏYİR
Bu baharın çiçəkləri daha tər
Dağda,düzdə yığanını gözləyir.
Daş altından bənövşələr boylanar,
Yeni gələn növrağını gözləyir.
* * *
Məclis üstə ürək isti, söz narın,
Kim dərəcək söz meyvəsin,söz narın?
Yolda qalan baxışları qızların,
Öz ağatlı oğlanını gözləyir.
* * *
Qaranquşlar dəstə-dəstə qayıdar,
Yaz eşqinə olsa xəstə,qayıdar.
Vüsalına boyu bəstə qayıdar,
Uçan ruhu oylağını gözləyir.
* * *
Köç yoludu dünya başdan binadan,
Qayaları libas geyər xınadan.
Əl uzadan sənə,böyük yaradan,
Quzu kimi yaylağını gözləyir.
* * *
Sellər,sular bərəkətin təhnəsi,
Çaylar olar,dəniz olar binəsi.
Kainatın,Mahirənin nənəsi,
Nihad ilə bal-qaymağın gözləyir.
ƏLLƏRİN
Özümü biləndən qədrini bildim,
Ruhumu gətirdi cana əllərin.
Tək sığal çəkməyib hər birimizə,
Doldurubdu ətə, qana əllərin.
* * *
Bir kərə demədin bu hansı sirdi,
Nə ata mindirdi, atdan düşürdü?
Çörək bişirmədi, qismət bişirdi,
On bir övladına sona əllərin.
* * *
Qıymadın tək yükü Ağam daşıya,
Dayandın fələknən qarşı-qarşıya.
Qorxmadın istidə bişə, qarsıya,
Ayazda, şaxtada dona əllərin.
* * *
Könlüm bir yavru quş, yuvası çatmır,
Qalxa ha dağlara, havası çatmır.
Ömrümün dərmanı, davası çatmır,
Davadır, dərmandır, ana, əllərin.
* * *
Kimiydi taleyin ovçusu oldu?
Mahirə hikmətin yolçusu oldu,
Sənin dərdlərinin suçlusu oldu,
Ay ana, sallama yana əllərin.
QALIM
Bu dünya deyilən nə idi bildim,
İstəməm büksən də qumaşa, qalım.
Baş alıb göylərə çoxdan gedərdim,
Dedim bitənəcən tamaşa, qalım.
* * *
Zülmətdir, görməyə çıraq tapmadım,
Nə gəzdim-axtardım, soraq tapmadım,
O boyda kitabda varaq tapmadım,
Oxuyam, düşməyəm savaşa,qalım.
* * *
Deyirəm mən ölü, sən isə diri,
Həyat oyunbazdır, dünya kəndiri.
Neyniyim tapmadım sən deyən yeri,
Adına, adıma yaraşa, qalım.
* * *
Payı paylayan var, quru ürək ver,
Uzaqdan-uzağa arzu, dilək ver.
Nə mən əl uzadım, nə sən bilək ver,
Qalım, qismətimlə baş-başa qalım.
* * *
Haqq fərman verirsə qarşı kim çıxar,
O özü dikəldər, o özü yıxar.
Ay əcəl, yoxluğum anamı sıxar,
Dərd olar baciya, qardaşa, qalım.
* * *
Yenə Mahirəni dara çəkirsən.
Hardan gətiribsən, hara çəkirsən ?
Bilirəm qəlbində qala tikirsən,
Atılmış bir daşam, hör daşa, qalım.
YARPAQ-YARPAQ
Yay da bitir, indi payız.
Bilinəcək yarpaq-yarpaq.
Xəyallarımız xəzana
Bürünəcək yarpaq-yarpaq.
* * *
Kim söyləyər yaş o yaşdı,
Bu yaş o yaşdan da başdı.
Demə, gözlədiyim qışdı.
Görünəcək yarpaq-yarpaq.
* * *
Çovğun ötüb qar gələcək,
Sınağa nə var, gələcək.
Sevirsə də yar gələcək,
Sürünəcək yarpaq-yarpaq.
* * *
Hansı qar var, ərimədi,
O nə dərddi kirimədi.
Nə diləkdi yerimədi,
Yeriyəcək yarpaq-yarpaq.
* * *
İstədiyin qəlbdi, candı?
Can deyilən əl-amandı.
Zaman özü kim ki yandı,
Kürüyəcək yarpaq-yarpaq.
* * *
Olan olacaq, gözdəmə,
Odda olanı közdəmə.
Mahirə, dərdə döz demə,
Kiriyəcək yarpaq- yarpaq.
LEYSAN YAĞIŞI
Dünya toz-torpaqnan dolu,
Çarəm, yağ, leysan yağışı.
Sinəmi yolların boyu,
Sərəm, yağ, leysan yağışı.
* * *
Yer fanidi, göy əbədi,
Göy ömrü yerin mabədi.
Yetirə bizlərə ümidi,
Kərəm, yağ, leysan yağışı.
* * *
Göylərə əl qaldıran biz,
Haqqa inamdı çarəmiz.
Gəl elə yeri tərtəmiz,
Görəm, yağ, leysan yağışı.
* * *
Yağ vüsala yetirməyə,
Eşq ağacın bitirməyə,
Nə yağıb yer götürməyə,
Yerəm, yağ, leysan yağışı.
* * *
Bacarmadım göyə çıxam,
Buludun gözünmü, sıxam,
Səninlə dənizə axam,
Kürəm, yağ, leysan yağışı.
* * *
Tanrı tək- işıq yoludu,
Mahirə onun quludu.
Sinənmi söznən doludu,
Dillən, yağ , leysan yağışı!
NƏ DAYANIRSAN?
Hələ qabaqlarda ömür yolları,
Yeri, ayaqlarım, nə dayanırsan?
Başa vurmadıq ki, sənlə ilqarı,
Yeri, ayaqlarım, nə dayanırsan?
* * *
Ümid- qapısıdır əhdin, niyyətin,
İnam bələdçisə, o nədir çətin?
Hər yeni qələbə dizə taqətin,
Yeri, ayaqlarım , nə dayanırsan?
* * *
Qəlb dedi, sən çəkdin, yuvamı qurdum,
Arzu yollarında ayaqda durdum.
Ağrıdım söyləmə, demə yoruldum,
Yeri, ayaqlarım, nə dayanırsan?
* * *
Eşq ilə təpərin bir də tapılar,
Axtarsan dərmanı dərdə, tapılar.
Göydə axtardığım yerdə tapılar,
Yeri, ayaqlarım, nə dayanırsan?
* * *
İnandım qəlbimə, gücünə sənin,
Tanrı yazısına ömürdü zəmin.
Qoyduğu hədəf var Həsən Mirzənin,
Yeri, ayaqlarım, nə dayanırsan?
* * *
Mahirə olmayıb haqqı itirən,
Ana baxışı var, bizi ötürən.
Ürək istəyəndi, ayaq yetirən,
Yeri, ayaqlarım, nə dayanırsan?
DÜNYA
Gözümü açandan özümü gördüm,
Gördüyüm özüməm, ya baxtdı, dünya.
Anam deyəndimi, atam söyləyən,
Cavab axtarıram nə vaxtdı, dünya.
* * *
Yeridim, hər addım bir mənzilbaşı,
Açdığım hər varaq bir divar daşı.
Haraya çatdımsa ömrün yaddaşı,
Dedi gecikibsən, bivaxtdı, dünya.
* * *
Yaşam hikmətinin nəyidi dərin,
Ən böyük biclikdi düzlük- deməyin.
Tanrı göndərdiyi peyğəmbərlərin,
Hansı demədi ki, nə haqdı, dünya?
* * *
İnsanı ağladan, güldürəndimi,
Güldürən ağladıb dərd verəndimi?
Zalım öləndimi, öldürəndimi,
Düz deyən mərddimi, namərddi, dünya?
* * *
Axtardım özümü mən addım-addım,
Od əgər haqdısa odda yanırdım.
Nələri tapmışam, nə axtarırdım,
Bu ya təsəllidi, ya dərddi, dünya.
* * *
Dizə çökdürənin amanı yoxdu,
Aman istəyənin gümanı yoxdu.
Mizan-tərəzinin zamanı yoxdu,
Mənmi belə gördüm, ya mərddi dünya?
* * *
Harada zilindi, harada bəmin,
Tutmadım, yolların qəribə sənin.
Mahirə – övladı Həsən Mirzənin,
O mənə dünyanı öyrətdi, dünya!
Müəllif: Mahirə NAĞIQIZI
MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru