GƏRMƏ VƏ GERMİC SÖZLƏRİNİN KÖKƏNİ HAQDA
Bir var xəzri, gilavar, bir də var germic/gərmic küləyi. Bu söz Güney Azərbaycanın
Ərdəbil vilayətində (Ərdəbil, Xalxal, Meşkinşəhr, Germi (Muğan), Biləsuvar, Parsabad, Nir, Nəmin və Givi) və Quzey Azərbaycanın əsasən cənub və cənub-şərq bölgələrində daha çox işlənir.
Germic/gərmic sözünün mənşəyi farskökənli “gərm” (istilik) sözü ilə izah olunur. Dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan germic küləyi daha çox payızda və yazın əvvəllərində bir neçə gün davam edir və dağıntılara səbəb olur.
Germic/ gərmic quru, isti, lakin çox şiddətli küləkdir.
Yerli sakinlərin fikrincə, germic küləyi Ərdəbil vilayətinin Germi bölgəsindən əsdiyi üçün onu “germic” adlandırıblar. Bu fikri inandırıcı saymaq olar. Lakin bu, Germi şəhər adının “gərm”lə bağlı olduğu anlamına gəlmir. (Germi adının mənşəyi haqda bax: Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adları)
Yeri gəlmişkən, “istilik” anlamında işlənən “gərm” sözünü yunan mənşəli “term” sözü ilə kökdaş saymaq olar. Ola bilər ki, bu söz də (məsələn, pul sözü kimi) Əhəmənilər dövründə əxz edilmiş və yerli tələffüzə uyğunlaşdırılmışdır.
Onu da qeyd edim ki, “germ/gərm” sözü ilə bağlı Güney Azərbaycanda və Azərbaycan Respublikası ərazilərində çeşidli yer adları mövcuddur. Məsələn: Gərmə (Quzey Xorasan bölgəsində şəhər); Gərmrud şəhəri (başqa adı Gərməri); Quzey Azərbaycanda Gərmətük kəndi (Lənkəran. Tədqiqatçılar oykonimin adını “isti’ və “çəltik” mənasında izah ediblər); Babək rayonu ərazisində Gərməçataq kəndi və dağı, Gədəbəy ərazisində Gərməşöylü kəndi və s. Dilimizdə “gərməşov” sözü də vardır. Mənası “gərilə, yəni əyilə bilən, sınmayan ağac, şiv” deməkdir.
Göründüyü kimi, sözün tərkibindəki “gərmə” hissəsi “gərmək’ feli ilə bağlıdır. Bu və başqa faktlardan çıxış etsək, deyə bilərik ki, bəzi yer-yurd adlarımızın tərkibində işlənən “gərmə” sözü fərqli mənalardadır. Dialektlərimizdə “gərmə” sözünün “təzək” mənası da vardır.
(ardı var)
Müəllif: ŞAHLAR GÖYTÜRK
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru