SÜLEYMAN ABDULLA – RUH OLMAĞIN ŞEİRİ

RUH OLMAĞIN ŞEİRİ

Kim uduzmadı ki, zamana,
Kim məğlub olmadı ki, faniliyinə dünyanın?
Gidiliyin bətnində bir xəyanət…
gizli də deyil əslində,
açıq-aşkar əli kürəyində gəzir
vaxtı yetişəndə vurmağa son zərbəni.

Sülhlə qurtarır bütün savaşların sonu,
amma,
qədərlə əlbəyaxanın olmur barışığı…
Doğulan andan
son nəfəsinəcən çarpışmalısan taleyinlə…
Əl var ətək axtarır tutmağa,
əl də var yapışmağa yaxa…
Tutsan da eynidir son, yapışsan da…
Bir halda ki, yenilməkdir aqibət,
dəyməz əl yeri axtarmağa
tutunub qalmaq üçün köləliyində fələyin.

Sıx yumruğunu,
nə ola-ola hayqırıb,
ilişdir alnına yazı yazanın öz möhürünü
və…
Və atıl boşluqlara yer kürəsindən…
Yoxsa ki,
nə var yaşamağa qanad çıxaranacan,
sonra da ölməyə atlı qarışqa misalı.

Özü də bilmədən
azadlıq aşiqidir bütün yaradılanların ruhları.
Yaşamağa
qəfəs varsa hər növ faniliklərlə,
qurtulmağa da
göy üzü var hər cür vəfasızlıqlardan.
Adam özünü tapır ruhunu tanıyanda,
insan özünə qovuşur ruhu xilas olanda!

15.05.2024.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir