Mahirə Nağıqızının hekayələri – həyat həqiqətlərinin ədəbi ifadəsi

Mahirə Nağıqızı – 65

Əvvəli burada: Mahirə Nağıqızının poeziyası: Sözün sehrində insan ruhu

İNSAN, YURD VƏ ANA DİLİ

(dördüncü yazı – hekayələr)

Salam olsun, çox dəyərli oxucum! Mahirə Nağıqızının 65 illliyinə həsr etdiyim silsilə yazının dördüncü bölümü – hekayələr haqqında olan hissə ilə söhbətimizə davam edirik.

Azərbaycan ədəbiyyatında qadın müəlliflərin imzası hər zaman xüsusi bir duyğu, zəriflik və həyatın incəliklərinə həssas yanaşma ilə seçilmişdir. Bu baxımdan yazıçı Mahirə Nağıqızının hekayələri də müasir bədii düşüncəmizin qiymətli örnəklərindəndir. Onun hekayələri yalnız bədii təxəyyül məhsulu deyil, həm də həyatın canlı lövhələrinin, insanların taleyindən süzülmüş gerçəklərin ifadəsidir.

Giriş yazısında bu barədə qeyd etmişdim;  Mahirə Nağıqızının hekayələrində diqqəti çəkən əsas xüsusiyyət mövzuların həyatın özündən götürülməsidir. Onun qəhrəmanları sadə insanlar – kənd qadınları, ailəsinin yükünü çiyinlərində daşıyan analar, həyatın keşməkeşləri ilə mübarizə aparan övladlar, vətən həsrəti ilə yaşayan insanlar və gündəlik qayğıların arasında yaşamağa çalışan sadə insanlardır. Yazıçı oxucuya tanış olan bu obrazlarla sanki hər kəsi öz hekayəsinə qoşur, oxucunun həyat təcrübəsi ilə bədii mətn arasında körpü yaradır. Öz yaratdığı qəhrəmanlarını və onun yazdıqları ilə gələcəyə baxan oxucularını ümidləndirir. Sabaha inamını və yaşamaq-yaratmaq həvəsini artırır.

Mahirə Nağıqızının hekayələrinin dili sadə, anlaşıqlı, eyni zamanda bədii çalarlarla zəngindir. Onun hekayələrində dialoqlar təbii səslənir, təsvirlər oxucunu hadisələrin içinə çəkir. Ən önəmlisi isə yazıçının qələmində səmimiyyət var. O, süni pafosdan uzaq duraraq, insan ruhunun incə qatlarını açmağa çalışır. Bu səbəbdən də hekayələr oxucunu həm düşündürür, həm də duyğulandırır.

Hekayələrdən bəhs edən bu yazımda konkret olaraq Mahirə Nağıqızının “İpək köynək”, “Saz havası”, “Sandal”, “Mənim çəkmələrim” adlı hekayələri haqqında söhbət açacaq, söhbətimizi yenə “İnsan”, “Yudr” və “Ana dili” adlı mövzular üzərindən davam etdirəcəyik.

HAŞİYƏ:

Mahirə Nağıqızının (Hüseynova) İpək köynəkSaz havası Sandal, Mənim Çəkmələrim  və digər ovsunlu hekayələri necə deyərlər, “adamın iliyinə işləyir (yaşıl rəngli hekayə adlarına toxunub oxu).”

Mahirə Nağıqızının hekayələrində yalnız fərdi talelər deyil, bütöv bir cəmiyyətin ruhu əks olunur. Müharibənin acıları, ayrılıqlar, insanın öz doğma torpağına bağlılığı, ailə münasibətləri, qadının ailədəki rolu, həyatın çətinlikləri qarşısında insan ləyaqətini qorumaq kimi dərin mövzular yazıçının yaradıcılığının əsas leytmotivini təşkil edir. Hər bir hekayədə oxucuya mənəvi bir mesaj, həyat həqiqəti ötürülür.

Azərbaycan hekayəçiliyi Cəlil Məmmədquluzadədən başlayaraq uzun bir inkişaf yolu keçib. Mahirə Nağıqızı da bu ənənənin davamçısı olaraq, klassik hekayəçiliyin bədii prinsiplərini qoruyur, amma mövzulara müasir yanaşma gətirir. Onun əsərlərində milli ruhla yanaşı, ümumbəşəri dəyərlər də öz əksini tapır.

Ən yaxşı hallardan biri də odur ki, Mahirə Nağıqızının hekayələri ədəbiyatşünasların, ədəbiyyat tənqidçilərinin, xüsusilə gəncləırin diqqətini cəlb etmiş və təhqiqat mövzusuna çevrilmişdir. Belə nümunələrə söhbətimizin gedişində toxunacaq və yeri gəldikcə misallar gətirəcəm.
Bəli, əvvəlki yazılarımda da dəfələrlə vurğuladığım kimi, Mahirə Nağıqızının yaradıcılığında mövzusundan və janrından asılı olmayaraq, əsas müzakirə obyekti, mərkəzdə dayanan problem, söhbətin predmeti  insandır.

İNSAN

Mahirə Nağıqızının hekayələrində insan anlayışı onun bədii dünyasının mərkəzində dayanır. Yazıçı insanı yalnız bir fərd kimi deyil, həm də xalqın, millətin, zamanın daşıyıcısı kimi təqdim edir. Onun hekayələrində insan (insanlar, obrazlar)  həm daxili aləmi, həm də sosial mühiti ilə birlikdə təsvir olunur.

Mahirə Nağıqızı üçün insanın ən əsas ölçüsü onun ruhu, vicdanı və mənəviyyatıdır. Hekayələrində qəhrəmanlar çox vaxt həyatın sınaqları qarşısında öz insani dəyərlərini qorumağa çalışır. Yazıçı insanı mənəvi təmizlik, mərhəmət, səmimiyyət kimi keyfiyyətlərlə dəyərləndirir. Bəzən müxtəlif bədii fəndlər tətbiq edərək oxucunu düşünməyə vadar edir.

Onun hekayələrində insanın taleyi çox vaxt ictimai dəyişikliklər, həyatın sərt reallıqları ilə sıx bağlı olur. Müəllif kənd həyatından, ailə münasibətlərindən, qadın və kişinin cəmiyyətdəki yerindən bəhs edərkən hər bir obrazın iç dünyasına dərindən nüfuz edir. Mahirə Nağıqızının qəhrəmanları çox vaxt adi, lakin mənəvi baxımdan dərin insanlardır — onlar həyatın çətinlikləri içində öz ləyaqətlərini qorumağa çalışırlar.

Yazıçının hekayələrində insan torpaqla, yurdla, təbiətlə bir bütöv varlıq kimi göstərilir. Qəhrəmanların yurd həsrəti, doğma yerlərə bağlılığı, torpaq sevgisi insan anlayışının ayrılmaz hissəsidir. Burada insan yalnız bioloji və sosial varlıq deyil, həm də milli-mənəvi yaddaşın daşıyıcısıdır.

Mahirə Nağıqızı xüsusilə qadın qəhrəmanları ilə yadda qalır. Onun qadın obrazları zəhmətkeş, dözümlü, mərhəmətli və müdrikdir. Yazıçı qadının taleyi fonunda bütövlükdə insanın mənəvi dirənişini, həyatla mübarizəsini əks etdirir. Bu obrazlar vasitəsilə o, insanın daxili gücünü, mənəvi dayanıqlığını göstərir. Mahirə Mağıqızının “Mənim adım Süsənbərdir – Süsənbər Mahiyyəddinqızı.”cümləsi başlayan “Mənim çəkmələrim” adlı hekayəsi buna ən gözəl misaldır. Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Aynur Bədəlovanın bu hekayə haqqında “Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayəsində vətən həsrətinin təcəssümü” adlı elmi məqaləsi dərc olunub (tall.edu.az – 23.08.2025). “Mənim çəkmələrim” hekayəsinin və onun haqqında olan Aynur Bədəlovanın məqaləsinin bizim söhbətimizin bu məqamında əhəmiyyəti ondan ibarətdir ki, “insan”“yurd” anlayışları hər iki mətndə gün işığına çıxıb, öz barını yetişdirmək üçün böyük bir palıd ağacına dırmaşan meynə misalı görünür. Bu duyğunun bir adı var. O da “yurdsevərlik”dir.

Mahirə Nağıqızının hekayələrində insan keçmişi ilə bu gününü müqayisə edir, zamanın axarında mənəvi dəyərlərin qorunmasının vacibliyini anlayır. Bu mənada yazıçı insanı həm “keçmişin şahidi”, həm də “gələcəyin daşıyıcısı” kimi təsvir edir.


Mahirə Nağıqızının hekayələrində insan — ruhu ilə yaşayan, mənəvi dəyərlərə söykənən, torpağına, ailəsinə, yaddaşına sadiq bir varlıqdır. Onun bədii dünyasında insan həm həyatın mənası, həm də bu mənanı dərk edən əsas qüvvə kimi təqdim olunur.

YURD

Azərbaycan ədəbiyyatında yurd, torpaq və vətən anlayışları hər zaman müqəddəs məfhum kimi yaşayıb. Bu duyğular, xüsusilə də yurd həsrəti, həm poeziyada, həm də nəsrdə millətin yaddaşının, ruhunun ifadəsinə çevrilib. Mahirə Nağıqızının hekayələri də bu ruhun daşıyıcısı, milli yaddaşın səsi kimi çıxış edir. Onun yaradıcılığında yurd itkisi, doğma torpağa sevgi və bu sevginin ağrılı nostaljisi həm bədii, həm də mənəvi dəyər qazanır.

Mahirə Nağıqızının hekayələrində yurd sadəcə coğrafi məkan deyil – insanın kimliyidir, ruhunun dayaq nöqtəsidir. Yazıçı qəhrəmanlarını tez-tez uzaqlarda, yad ellərdə yaşadan, lakin ruhən doğma torpağa bağlı saxlayan hadisələr fonunda təqdim edir. Onun qəhrəmanları üçün yurd itirmək – özünü itirməkdir. Bu baxımdan, Mahirə xanımın hekayələrində yurd həsrəti həm fərdi, həm də ümummilli bir ağrı kimi səslənir.

Hekayələrində kənd həyatı, uşaqlıq xatirələri, dağların, bulaqların, torpağın qoxusu bir növ müqəddəs rəmz kimi təqdim olunur. O yerlərə qayıdış arzusu – bəzən real, bəzən xəyali səfər şəklində oxucuya ötürülür. Yazıçı bu arzunu poetik dillə, səmimi ifadələrlə, dərin nostalji ilə təsvir edir.

Mahirə Nağıqızı üçün “yurd həsrəti” yalnız keçmişin xatirəsi deyil – bu, gələcəyə ümidin də ifadəsidir. Onun hekayələrində qəhrəmanlar bəzən o torpaqlara fiziki olaraq qayıda bilmir, amma yaddaşlarında, xəyallarında, dualarında o yerləri yaşadırlar. Hekayələrin dili sadə olsa da, içindəki duyğu qatları çox dərin və təsirlidir.

Bu hekayələrdə yurd itkisi yalnız bir ailənin və ya fərdin dərdi deyil – bütöv millətin ağrısı kimi qavranılır. Yazıçı bu ağrını nə faciəvi, nə də pafoslu şəkildə deyil, incə, səmimi və insanı düşündürən tonla çatdırır.

Mahirə Nağıqızının hekayələrində qadın obrazları xüsusilə diqqət çəkir. Onlar həm ana, həm gözləyən, həm qoruyan, həm də xatırlayan fiqurlardır. Ana və yurd obrazı bir-birinə bənzər şəkildə işlənir – hər ikisi müqəddəs, hər ikisi həyatın mənasıdır. Ana öz balasından, yurd isə öz övladlarından ayrı düşüb. Yazıçı bu paralelliyi hekayələrinin ruhuna o qədər təbii hopdurur ki, oxucu həm ana ağrısını, həm də yurd həsrətini bir ürək döyüntüsü kimi hiss edir.

Yazıçının əsərləri oxucunu həm düşündürür, həm də ruhlandırır. Hər bir hekayə – bir xalqın torpaq sevgisinin, öz kimliyinə bağlılığının, kökdən gələn gücün bədii ifadəsidir.

Mahirə Nağıqızının hekayələrində yurd həsrəti milli yaddaşın canlı forması kimi təqdim olunur. Onun söz dünyasında torpaq sevgisi, doğmalıq duyğusu və yurdun itkisinin acısı birləşərək bədii gücə çevrilir. Bu hekayələr oxucunu həm duyğulandırır, həm də düşündürür – çünki hər bir azərbaycanlının qəlbində bir parça yurd həsrəti var.

İnsan – Ana, insanın düşünməyə vadar edən, daim intizarda saxlayan həsrət – Yurd həsrəti, bütün bunların təzahür vasitəsi- inikası dil – Ana dili.

ANA DİLİ

Mahirə Nağıqızı müasir Azərbaycan ədəbiyyatında özünəməxsus bədii üslubu, duyğusal təhkiyəsi və mənəvi dəyərlərə sədaqəti ilə seçilən yazıçılardandır. Onun hekayələrinin əsas ideya xəttində insanın mənəvi bütövlüyü, yurd sevgisi, milli kimlik və ana dilinə bağlılıq kimi mövzular xüsusi yer tutur. Mahirə Nağıqızının yaradıcılığında ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığın, mənəvi yaddaşın və xalqın ruhunun daşıyıcısı kimi təqdim olunur.

Yazıçının hekayələrində qəhrəmanların dili, danışıq tərzi, ifadə üslubu onların kimliyini müəyyənləşdirir. Mahirə Nağıqızının qəhrəmanları doğma dildə düşünür, sevir, ağrıyır və öz varlığını ana dilində ifadə edir. Onun bədii təhkiyəsində dil – xalqın gen yaddaşı, tarixi və mənəvi dayağı kimi görünür. Ana dilinə sədaqət yazıçı üçün milli mənəviyyatın əsas sütunlarından biridir. “İpək köynək” hekayəsi bu baxımdan xüsusilə diqqətəlayiqdir. Onu əhəmiyyətli edən insanın–Ananın hisləri, onun bayatılı dili və ipək – baramaqurdu (“yurd”)  haqqında ötürdüyü faydalı məlumatların əmsalıdır: Sultan üçün söz verdiyim ipək köynəyi almaq istəyirdim. Hesab edirdim ki, bu dəfə Sultanı görəndə “yenə vaxt darlığı imkan vermədi”- deyib, özümü danlamayacaq əvəzində hər dəfə yoldan gələndə özünü üstümə atan balamı ürəklə qucaqlayacaq və az qala, ovcuma yerləşən zeytunrəngli köynəyi təntənə ilə ona təqdim edəcək, ürəyimdəsə nə vaxtsa yazdığım bayatını özüm eşidəcəyim səslə oxuyacam:
Köynəyin kətandımı,
Canına yatandımı…
Mən sənə qurban olsam,
Bu dünya batandımı…”

və ya “Saz havası”na baxaq:

Anamın yanıqlı bayatıları adamın iliklərinə işləyərdi:
Tökmə, surahı tutmaz,
Daşar, günahı tutmaz.
Haqqı olan kəsləri,
Haqsızın ahı tutmaz.
Hər dəfə özünə qapanıb fikirli -fikirli gözləri yol çəkəndə bilirdik ki, yenə xəyallar doğma yurddadır…
1971-ci il idi. Yenə sazaqlı payız qapını kəsdirmişdi. Payız da tələsirdi, anam da.” 

Bu mətndə konkret zaman göstəricisinin olması nümunənin əhəmiyyətini birə on artır. Və yenə bu kiçicik parçada “insan”, “yurd” və “ana dili” anlayışlarının birlikdə gücünü görür və damarlarımızda hiss edirik.

Adət-ənənələrin milli dəyər kimi ortaya qoyulduğu “Sandal” hekayəsindən giriş məqaləsində bir parça təqdim etmişdim. Ümumilikdə Mahirə Nağıqızının bir çox hekayələrində ana dilinə hörmət təkcə obrazların nitqində deyil, müəllifin bədii təsvirində də hiss olunur. O, xalq danışıq üslubunun incəliklərindən, deyimlərdən, atalar sözlərindən, folklor motivlərindən məharətlə istifadə edir. Bu, həm dilin saflığını qorumağa xidmət edir, həm də oxucuda doğmalıq hissi yaradır. Yazıçının fikrincə, dilini sevən insan köklərinə, xalqına və vətəninə sahib çıxmış olur.

Hekayələrində müəllif tez-tez unudulan sözlərə, saf ifadələrə, dilin poetik gücünə qayıdışa çağırır. Mahirə Nağıqızının qəhrəmanları çox vaxt müasir dünyanın yad təsirlərinə qarşı ana dilinə sığınmaqla mənəvi təmizlik tapırlar. Bu mənada, onun yaradıcılığında dil — mənəvi dirçəlişin simvoludur.

Mahirə Nağıqızı ana dilində yazmağı sadəcə ədəbi seçim kimi deyil, milli borc kimi qəbul edir. Onun bədii üslubundakı təmizlik, xalq danışığının canlılığı və dilin obrazlı gücü Azərbaycan dilinin gözəlliyini və dərinliyini nümayiş etdirir. O, hər bir hekayəsi ilə ana dilinə məhəbbəti tərənnüm edir, oxucunu dilinə və milli kimliyinə sahib çıxmağa səsləyir.

Mahirə Nağıqızının hekayələrində ana dili milli ruhun aynası, xalqın yaddaşı və mənəvi varlığın əsası kimi təqdim olunur. Yazıçı oxucuya göstərir ki, ana dilinə məhəbbət – vətənə, xalqa və insana olan sevginin ən saf formasıdır. Onun yaradıcılığı bir daha sübut edir ki, dilini yaşadan xalq heç vaxt unudulmaz, dilini sevən insan isə heç vaxt köksüz qalmaz.

Mahirə Nağıqızının hekayələri müasir Azərbaycan nəsrində sadəliyi, səmimiyyəti və həyat gerçəklərini əks etdirməsi ilə seçilir. Onun hekayələri oxucunu düşündürür, emosional təsir gücü ilə yadda qalır, insanları öz həyatına, dəyərlərinə bir daha nəzər salmağa vadar edir. Bu yazıçının yaradıcılığı həm ədəbi baxımdan, həm də publisistik-estetik məzmun baxımından ədəbi cameəmiz üçün dəyərli töhfədir.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda beşinci – məqalələri haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.

Ardı burada: Mahirə Nağıqızının publisistik məqalələri haqqında

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir