
PAYIZ
Ömrümün daha bir baharı keçdi,
Şirin meyvələrdən kəsildi payım.
Daha təzəhəvəs olmaq da gecdi,
Yaman ağlamalı fəsildi payız.
Sərgərdan bir xəzəl qondu çiynimə,
Həsrət sarısını geydim əynimə.
Qəmli “Qaragilə” düşdü beynimə
Yaman ağlamalı fəsildi payız.
İllər bir-birini nə yaman qovdu,
Aylarmı ovçudu, günlərmi ovdu?
Qərib duyğulara könlüm girovdu,
Yaman ağlamalı fəsildi payız.
Zirvələr başına yığar dumanı,
Dərələr köksünə sıxar dumanı.
Mənim otağımda siqar dumanı…
Yaman ağlamalı fəsildi payız.
Yağışdan-yağmurdan dünya nəm çəkir,
Dönüb ada olur hər daş, hər səki.
Bir qız da yollara baxıb qəm çəkir,
Yaman ağlamalı fəsildi payız.
Etdiyim günahlar düşür yadıma,
Peşiman padşahlar düşür yadıma,
Ağlayan timsahlar düşür yadıma,
Yaman ağlamalı fəsildi payız.
Elə sürüşkəndi diklər, yoxuşlar,
Viranə könlümü döyür yağışlar.
Hələ harasıdı, qabaqda qış var,
Yaman ağlamalı fəsildi payız.
Müəllif: Əli Nəcəfxanlı