Zaur Ustac – Qələm.

QƏLƏM
“O, qələmlə (yazmağı) öyrətdi.”
Ələq surəsi (96/4)

Silikon vadisinin neon işığında
bir uşaq barmaqlarıyla gələcəyi sürüşdürür ekranda,
amma dünyanın taleyi hələ də
köhnə bir qələmin mürəkkəbində yatır.
Bir ata oğluna “Oxu!” — deyirsə,
Deməli kitab var,
Qələm yaşayır.

Çünki, ilk fikir
serverlərdə yox,
insanın ruhunda yazılmışdı.
Daşa qazılmışdı,
gilə yazılmışdı…

“O, qələmlə yazmaq öyrətdi…” —
səmanın sonsuz bulud yaddaşından
yer üzünə endirilən ilk məlumat kimi.
“Oxu” dedi, “yazmaq öyrətdi”…
Nicat bundadır dedi.

Qələm —
sadəcə taxta, dəmir, mürəkkəb deyil,
o, zamanın onurğasıdır.
Bir alimin min il əvvəl titrəyən əli
bu gün mənim düşüncəmə toxunursa,
deməli, qələm ölməyib –
Xəzərin sahilində dəniz dalğaları
sahilə data kimi çırpılır,
insanlar süni intellektdən danışır,
amma heç bir algoritm
anasının laylasını yazan əlin yerini vermir.
Hanı Nəsimi? Hanı Üzeyir!?

Dil külək kimidir —
eşidilər və itib gedər.
Qələm isə daş kimidir —
əsrlərin daş yaddaşında qalır.
Həsənoğlunun bir beyti kimi,
Əl-Xarəzm, Əl-Biruni, Tusi elmi kimi,
İbn Sinanın tibbi — icadları kimi…
Mucidləri qələm yaşadır,
alimləri qələm yaşadır,
şairləri qələm yaşadır…
Çünki, qələm min illərin yaddaşıdır…

Bir kitab rəfdə susur,
amma içində imperiyalar danışır.
Bir cümlə sərhədləri keçir,
dinləri, qanunları, elmləri
bir nəsildən o birinə daşıyır.
Tarix, coğrafiya kitablarda yaşayır…

Əgər qələm olmasaydı,
bəşəriyyət hər səhər
öz tarixini yenidən icad edərdi.
Hamı mucid olardı — olardımı!?
Bəşər hələ də İbn Sinanın maqqaşına möhtac!
Acdır, ac — insan oğlu yeniliyə ac…

İndi isə gecənin bulvar işıqları altında
bir şair yazır:
Xəzər, ey Xəzər, mavi gözlüm,
İnsan fanidir,
mürəkkəb yox.
Yaxşı ki, qələm nə vaxtsa yazıb:
“İnsan çiy süd əmib”…

Çünki, dünya dəyişsə də
Tanrının ilk universiteti
hələ də
qələmdir, qələm!
Son müraciəti isə “Oxu!” olub.

Yağış yağır,
Bakı suyun içindədir…
Artıq hava işıqlaşıb.
Şair hələ yerindədir;
Xəzərin su sahilində,
Bakının şıx bulvarında,
işıq dirəyi altında…
İşıq sönüb,
Abajuru çətir bilir,
şeiri qoynunda gizlədir;
yumasın yağış yazısın,
çünki, o hələ təzədir —
mürəkkəbi qurumayıb…
Qələmi də bərk-bərk tutub,
Köynəyinin döş cibində…
Kağız, qələm sinəsində,
Könlü fərah islanır o —
bu gün Bakı küçəsində…
Fəqət, ruhu Hələbdədir;
Nəsiminin yanındadır —
orda dinir, şeir deyir
Türkün qədim ləhçəsində…
Yaşa, Qələm!
Yağ, ey yağış!
Gücün çatır, di yu getsin min illərin yazısını!
Əbəs yerə deməyiblər,
— həm də tarixdən bilirik —
qoşa qanaddır:
qılıncla qələm…
Ruhuna min rəhmət,
Ulu şah babam,
Ələsgər dədəm!
Dünya durduqca yaşayacaq söz,
Yaşarsa, qələm!
17.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir