QƏLƏM “O, qələmlə (yazmağı) öyrətdi.” Ələq surəsi (96/4) Silikon vadisinin neon işığında bir uşaq barmaqlarıyla gələcəyi sürüşdürür ekranda, amma dünyanın taleyi hələ də köhnə bir qələmin mürəkkəbində yatır. Bir ata oğluna “Oxu!” — deyirsə, Deməli kitab var, Qələm yaşayır.
Çünki, ilk fikir serverlərdə yox, insanın ruhunda yazılmışdı. Daşa qazılmışdı, gilə yazılmışdı…
“O, qələmlə yazmaq öyrətdi…” — səmanın sonsuz bulud yaddaşından yer üzünə endirilən ilk məlumat kimi. “Oxu” dedi, “yazmaq öyrətdi”… Nicat bundadır dedi.
Qələm — sadəcə taxta, dəmir, mürəkkəb deyil, o, zamanın onurğasıdır. Bir alimin min il əvvəl titrəyən əli bu gün mənim düşüncəmə toxunursa, deməli, qələm ölməyib – Xəzərin sahilində dəniz dalğaları sahilə data kimi çırpılır, insanlar süni intellektdən danışır, amma heç bir algoritm anasının laylasını yazan əlin yerini vermir. Hanı Nəsimi? Hanı Üzeyir!?
Dil külək kimidir — eşidilər və itib gedər. Qələm isə daş kimidir — əsrlərin daş yaddaşında qalır. Həsənoğlunun bir beyti kimi, Əl-Xarəzm, Əl-Biruni, Tusi elmi kimi, İbn Sinanın tibbi — icadları kimi… Mucidləri qələm yaşadır, alimləri qələm yaşadır, şairləri qələm yaşadır… Çünki, qələm min illərin yaddaşıdır…
Bir kitab rəfdə susur, amma içində imperiyalar danışır. Bir cümlə sərhədləri keçir, dinləri, qanunları, elmləri bir nəsildən o birinə daşıyır. Tarix, coğrafiya kitablarda yaşayır…
Əgər qələm olmasaydı, bəşəriyyət hər səhər öz tarixini yenidən icad edərdi. Hamı mucid olardı — olardımı!? Bəşər hələ də İbn Sinanın maqqaşına möhtac! Acdır, ac — insan oğlu yeniliyə ac…
İndi isə gecənin bulvar işıqları altında bir şair yazır: Xəzər, ey Xəzər, mavi gözlüm, İnsan fanidir, mürəkkəb yox. Yaxşı ki, qələm nə vaxtsa yazıb: “İnsan çiy süd əmib”…
Çünki, dünya dəyişsə də Tanrının ilk universiteti hələ də qələmdir, qələm! Son müraciəti isə “Oxu!” olub.
Yağış yağır, Bakı suyun içindədir… Artıq hava işıqlaşıb. Şair hələ yerindədir; Xəzərin su sahilində, Bakının şıx bulvarında, işıq dirəyi altında… İşıq sönüb, Abajuru çətir bilir, şeiri qoynunda gizlədir; yumasın yağış yazısın, çünki, o hələ təzədir — mürəkkəbi qurumayıb… Qələmi də bərk-bərk tutub, Köynəyinin döş cibində… Kağız, qələm sinəsində, Könlü fərah islanır o — bu gün Bakı küçəsində… Fəqət, ruhu Hələbdədir; Nəsiminin yanındadır — orda dinir, şeir deyir Türkün qədim ləhçəsində… Yaşa, Qələm! Yağ, ey yağış! Gücün çatır, di yu getsin min illərin yazısını! Əbəs yerə deməyiblər, — həm də tarixdən bilirik — qoşa qanaddır: qılıncla qələm… Ruhuna min rəhmət, Ulu şah babam, Ələsgər dədəm! Dünya durduqca yaşayacaq söz, Yaşarsa, qələm! 17.05.2026. Bakı.
14 fevral 2026-cı il, Azərbaycanın paytaxtı, Bakı şəhəri. Sübh tezdən “Alov Qüllələri”nin yanından Əyləşdim “10 nomrə”yə… Sağımda dünya carçısı; “Teleqüllə”, Solumda “Alov Qüllələri”… Aşağı düşdükcə, Sağımda; “Şəhidlər xiyabanı”, Məscid, funikulyor, Qəhrəman Ziya Bünyadovun evi, “Teleteatr”…. Sonra qnbərlik; Daşlı, kələ-kötür yol… “Yolki-palki” kafesi, Şeyx Şamil küçəsi, “Azneft meydanı”, Yenə sağımda Mavi Xəzər, Solumda “İlin dörd fəsli”… Yenə solumda qalır “Qız Qalası’… Qoynunda illərin yarası; Müqəddəs Həvari Varoflomey kilsəsi, Uzaqda; Pervimayski və Karqanov küçələrinin kəsişməsində yəhudilərin sinaqoqu, Düz yanında Kərbəlayi Abdullah məscidi, Bir az sonra Dağ Yəhudilərin sinaqoqu ayrıca… Bunlar düşüncəmdə avtobus burulur şəhərin mərkəzinə – ayrılıram “Neftyannik”dən, “Mavi gözlüm” qalır arxada… “Dinamo” və “APİ” qalır sağımda, “Dzerjiniski”, “26-lar”, Milli Kitabxana düşür soluma… Rəşid Behbudovun mahnı teatrı qalır sağımda… Solda Nizami küçəsinin ən qaynar yerində – Bakının düz mərkəzində – Müqəddəs Qriqori Kilsəsi…. sağımda – 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsi dayanıb əsl “Xilaskar” kimi… 28 may küçəsini sürətlə keçib, Mirzə Ağa Əliyevdən dönürük sağa, Konservatoriyanın qarşısında Üzeyir bəy, Milli Bankla üzbəüz Ulu Öndər qalırlar, Solda arxada… 28 may metrosunun qarşısında azca dayanır avtobus… Sağımda qalır “AZİ”, solumda “Vağzal”… Minən minir, düşən düşür… Davam edirik yolumuza… Puşkin küçəsindən dönürük sağa; Solumda qalır dahi Səməd Vurğun, Sağımda “Bakı mehmanxası”nın yeri.. Yeri, “10 nömrə”! Yeri! Sanki sürücü eşidib səsimi Artır sürəti… Yenidən çıxırıq “Neftyannik”ə… Puşkin qalır solumda, “Domsovet” sağımda… “Morvağzal”a çatıb dönürük sola, Mavi Xəzər qalır sağımda… Uzaqda, dənizin qoynunda yuyunur Günəş! Mavi Xəzərimin mavi gözü qan canağına dönüb! Zəfər parkına çatıb sola dönürük, Zəfər tağı qalır sağımda, arxada… Düz gedirik, düz… Qaqarin körpüsünün yerindən – Afiyəddin Cəlilov küçəsindən keçirik… “Raddom” qalır sağda, Neftçilər xəstəxanası solumda… Şah babam Xətai qalır solumda, Ədalət məhkəməsi sağımda… Xocalı xiyabanı ilə düz gedirik, düz… Solumda Xətai metrosu, Sağımda kimyaçılar məbədi; Mendeleyev, Məmmədəliyev – oxşarlıq var… Düz gedirik, düz… Solda arxada; Körpəsini Tanrıya pay verən, Fəryad edən qadın heykəli qalır… Yenə üzü Xəzərə gedirik… Al qırmızı Günəş üfüqdə qızarır… Gecənin bağrı sökülür… Al qırmızı şəfəqin qolları uzanıb gecənin qoynuna, Səma qəribə rəngə çalır -mavi ilə qırmızının qarışığı… Səmanı daha yaxından görmək istəyirəm: -Saxla, saxla – deyirəm sürücüyə… Dayanacağı bəhanə edib, saxlamaq istəmir… Qapıya yaxınlaşıb əlimi ağzıma aparıram, Öyümək imitasiya edirəm… Tez saxlayır sürücü avtobusu. Həmən minirəm “11 nömrə”yə… Üzü dənizə addımlayır ruhum… Səma tərtəmiz, hava azca ayaz… Sübhün mehi dənizdən vurur üzümə. Solda qarşımda, lap yaxında, Parlaq bir ulduz sataşır gözümə… Üzü dənizə gedib, çatıram düz yanına. Qəribə binadır; bir sütun millənib göyə… Lap ucda ulduz kimi parlayır “həyat simvolu”… Günəşin rəngindən rəng qatıb rənginə; Nə qırmızı, nə çəhrayı, nə narıncı… Çox qəribədir rəngi, Lap dünyanın özü kimi… Gedirəm üzü dənizə, Yolumun üstündə qoca qadın oturub, Olar, səksən yaşı, Nimdaşdır üst-başı… Qarşısında 3-4 sarı limon, 5-6 dəstə cəfəri… -bu nə binadır, ay xanım? – soruşuram qarıdan. Sübhün alaqaranlığında eyni açılır qadının… -xanım mən deyiləm, bax, odur! – ay saqqalı ağarmış – mənim də eynim açılır… -Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsidir… – başına dönüm… 14 fevral 2026. Bakı. (06:41) Müəllif: Zaur USTAC
TƏNDİR BAŞI (… qınından çıxıb qınını bəyənməyənlərə…) Tüstü deyil bu qalxan — əsrlərin nəfəsidir. Divara hopmuş dualar isti çörək kimi açılır ovuclarda. Başı bağlı, beli şallı nənə vaxtı yoğurur, xəmiri yox — taleyi yapır. Əli xamırlıdır, amma dünyanı tərpədən barmaqlardır onlar. Təndirin ağzı — Yer kürəsinin ürəyi, oradan çıxan hər kökə bir millətin davamıdır. Burada böyüyür başı papaqlı kişilər, burada sərtləşir səs, baxış, iradə. Buradan qalxır şahın əmri, alimin sualı, həkimin əli, bəstəkarın notu. Aya gedən yol bəzən raketdən yox, təndir başında yeyilən yağlı kökədən başlayır. Nənə bayatı deyir — amma bu bayatı bir millətin həyat yolu, dastandır, səngərdir. Gecələr hamı yatanda təndir başı pıçıltı ilə dolur. Bir ana şəhid balasının adını odun közünə yazır, göz yaşını una qatır, səhəri çörək kimi çıxarır. Təndir başı — evdəkilərdən gizli ağrıların son qalasıdır. Heç kim görməz, amma Vətən bilir. Bura isti bir bucaq deyil, bura ana qucağıdır — ən geniş, ən səssiz, ən müqəddəs. Od sönər, daş dağlar dağılır, amma təndir başı qalır — xalqın yaddaşı kimi. Müqəddəsdir təndir başı! Çünki orada çörək yox, millət bişir.
MƏN BURADAYAM (esse) “Kür qırağının əcəb seyrəngahı var…” M.P.Vaqif
Bağ yolunun sükutu içində dayanmış bir qadın… Ətrafında rənglərin bayramı var: çəhrayı, ağ, bənövşəyi güllər sanki bir-biri ilə pıçıldaşır. Amma bu bolluğun içində ən səssiz, ən dərin çiçək onun dodağındakı təbəssümdür. “Dodağımızdakı təbəssüm, üzümüzdəki ifadə bəzən içimizdəki söhbətlərin səssiz şəkli olur…” Bu cümlə fotonun ruhunu açan açardır. Çünki bu təbəssüm nə sadəcə sevincdir, nə də ötəri bir anın donmuş halı. O, illərin, yaşanmışlıqların, udulmuş sözlərin, vaxtında deyilməmiş etirafların sükutla danışan dilidir. Ağ libasda dayanmaq — bu, təsadüf deyil. Ağlıq burada saflığın yox, barışın rəngidir. İnsan öz daxilində fırtınaları sakitləşdirəndən sonra ağ geyinir. Hər şey keçmişdə qalanda, artıq mübarizə yox, qəbul başlayanda… Üz cizgilərindəki sakitlik “mən bu yolu tanıyıram” deyir. Arxadakı yaşıl tağ isə elə bil bir keçiddir: ötən günlərdən bu ana açılan bir qapı. Bu fotoda baxışlar birbaşa obyektivə meydan oxumur. Onlar sakitcə dayanır, amma qaçmır da. Bu, özünlə üz-üzə gəlməkdən qorxmayan baxışlardır. Bəlkə də içində uzun-uzadı söhbətlər gedir: “Düz etdimmi?”, “Dəyərdimi?”, “Yenidən başlasaq, fərqli olardımı?” Amma cavablar səsə çevrilmir. Çünki artıq səsə ehtiyac yoxdur. Cavablar üz ifadəsinə hopub. Güllər çoxdur, amma o, güllərə qarışmır. Yolun ortasında dayanıb. Yol — insanın taleyidir. Kənara çəkilməyib, amma tələsmir də. Bu dayanış bir anlıq pauzadır: həyatın cümləsində qoyulmuş nöqtə deyil, vergüldür. Bu esse bir qadın haqqında deyil yalnız. Bu, insanın özü ilə apardığı səssiz dialoq haqqındadır. Hər kəsin dodağında bir təbəssüm var, amma hər təbəssüm gülüş demək deyil. Bəzən təbəssüm — “mən danışdım, amma səni sözlə yormadım” deməyin ən zərif formasıdır. Və bəzən bir foto min söz demir… Sadəcə bizi dinləməyə məcbur edir. Biz buna ya “kürrük”, ya da “sükutun səsi” deyirik… Əslində isə bu sadəcə içdən gələn “MƏN HƏLƏ VARAM”, “MƏN HƏLƏ BURADAYAM” hayqırtısıdır.
CÖVHƏR Əgər yoxsa, bircə zərrə o atəşdən; ya ruhunda, ya cismində… Min cür eyib axtaracaq, qoca Turanın ismində. Çaqqal kimi doğulanlar çaqqal kimi sürünəck, dərələrdə sümsünəcək! Zirvələrdir qurdun yeri, şahinlərin yurd-yuvası… Əyri-müyrü nəyiniz var; milyon-milyon sizin olsun… Bizə yetər; uca Türkün tək Tanrısı!!! 23.01.2026. Bakı.
“25” Əsrin dördə birin vermişik yelə, “Əlli aşırmağa” bu qədər də var… “Bu da bir ömürdü yaşadıq belə”, Faili-muxtarıq, ya qədər də var!?
Başımı qaldırdım, dörd bir tərəf dağ, Yaşıl da, qara da, qırmızı da “ağ”, Ümid boğçam hazır, yetişibdi çağ, Od olan sevinci, su kədər də var…
Ustac, Məmməd Araz yolun sağında, Bəhrəsi kal qaldı ömür bağında, Qarası isıqlı, nur var ağında, Ağusu bal dadan “çor-zəhər” də var…. 01.12.2000. Şahbuz – Biçənək (Batabat) yolu.
“50” “Aşırdn əllini”, Ustac nəmxuda, Bu minval sonunda yüzə də varar… Düzü də düz getdin, əyrini də düz… Bu minval sonunda yüzə də varar…
Nəsimi, Xətai yolunda işıq, Yollar çox dolanbac, həm də bulaşıq, İşin çox, kələf də bir az dolaşıq, Bu minval sonunda yüzə də varar…
Zaur, çıxdığın yol heç nə vəd etməz, Bu yolda yolçular kamına yetməz, Hər gün doğan arzu tükənməz, bitməz, Bu minval sonunda yüzə də varar… 11.01.2025. Bakı.