Kateqoriya arxivləri: Aysel Eminli

Azərbaycan musiqisində yeni nəfəs

Azərbaycan musiqisində yeni nəfəs

Azərbaycan musiqi mədəniyyəti tarixində yeniliklər və ilk addımlar hər zaman xüsusi əhəmiyyət daşıyıb. Milli musiqi ənənələrinə sadiq qalan və eyni zamanda dünya musiqisinin yeniliklərini diqqətlə izləyən Naxçıvan musiqi mühiti bu dəfə daha bir ilkə imza atdı. Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin kino musiqilərindən ibarət konsertində ilk dəfə olaraq pan fleyta aləti səhnədə səsləndi. Bu yeniliyi auditoriyaya təqdim edən gənc ifaçı Aysel Eminli isə bu uğuru Azərbaycan musiqisinin inkişafına böyük və çox önəmli bir töhfə kimi dəyərləndirir. “Mənim üçün bu addım fərqli ifa ilə yanaşı, həm də məsuliyyət dolu bir missiya idi. Pan fleyta Azərbaycanda indiyədək dinləyiciyə təqdim olunmamışdı və onun ilk səslənişi həm ifaçı, həm musiqi ictimaiyyəti, həm də tamaşaçılar üçün yeni bir təcrübə idi. Simfonik orkestrin müşayiəti pan fleytanın zərif və nəfəsdolu tonunu daha da vurğuladı. Xüsusilə kino musiqilərinin emosional xətti alətin yumşaq tembrinə uyğun gəlirdi. Konsert salonunda yaranan musiqi atmosferi bir çox tamaşaçının ifadə etdiyi kimi “fərqli, incə və ruhu dincəldən” bir auraya çevrildi” , – deyə Aysel bildirir.
Pan fleyta qədimdən müxtəlif xalqların mədəniyyətində mövcud olub. Lakin Azərbaycan musiqisində bu alət indiyə qədər istifadə edilməyib. Aysel Eminli bildirir ki, pan fleyta həm texniki, həm də nəfəs idarəsi baxımından çətin alətdir:“Klassik leytada barmaq və dodaq aparatının rolu əsas yer tutur. Pan fleytada isə barmaq, demək olar ki, istifadə olunmur. Səs başın fərqli istiqamətlərdə hərəkət etdirilməsi ilə alınır və alətin idarəsi, əsasən, əl ilə tutularaq ifa edilir. Nəfəsin hərəkəti, istiqaməti, gücü ayrıca idarə tələb edir. Bir notasız belə səsi təmiz almaq üçün bəzən saatlarla məşq etmişəm”.
Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri ilə hazırlanan konsert həm repertuar seçimi, həm də orkestr uyğunlaşdırması baxımından xüsusi yanaşma tələb edib. Aysel deyir ki, orkestrlə məşqlər zamanı pan fleytanın səslənməsi üçün müəyyən harmonik düzəlişlər də edilib: “Alətin səslənməsi orkestrdə ənənəvi alətlərdən fərqlidir. Dirijorla birlikdə çox işlədik ki, orkestr pan fleytanın zərif səsini örtməsin, əksinə, tamamlasın. Bu, bir komanda işi idi”.
Konsertin sonunda alətin yaratdığı ab-hava həm orkestr üzvləri, həm də tamaşaçılar tərəfindən xüsusi olaraq qeyd edildi.
Aysel Eminli bu təqdimatı sıradan bir çıxış yox, Naxçıvan musiqisi üçün irəliləyiş adlandırır: “Bizim musiqi mühitimiz həmişə yeniliyə açıq olub. Pan fleytanın burada səslənməsi də bunu göstərdi. Naxçıvanda belə bir ifanın baş tutması mənim üçün qürurdur.”
Gənc musiqiçi deyir ki, bu addım gələcək ifaçılar üçün də yeni imkanlar yarada bilər. Çünki pan fleytanın səsi Azərbaycan xalq və kino musiqisi üslubuna olduqca uyğun gəlir.
Aysel Eminli pan fleytanı geniş repertuara daxil etmək, bu aləti həm klassik, həm də xalq musiqiləri ilə uyğunlaşdırmaq və yeni layihələrdə təqdim etmək niyyətində olduğunu bildirir: “İstəyirəm ki, pan fleytanı təkcə bir dəfə yox, davamlı şəkildə eşidək. Azərbaycan bəstəkarlarının əsərlərini bu alətlə ifa etmək, yeni adaptasiyalar hazırlamaq istəyirik. Hətta gələcəkdə pan fleyta üçün xüsusi kompozisiyalar da yazıla bilər”.

Aysel Eminlinin ilk pan fleyta ifası Azərbaycan musiqisində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu alətin səhnəyə gətirdiyi yeni səs, yeni nəfəs musiqi dinləyicilərinin zövqünü zənginləşdirir və yerli musiqi mədəniyyətinin inkişafına töhfə verir.
Gənc ifaçının bu uğuru Naxçıvan musiqi mühitində yeniliyin və yaradıcılığın hər zaman özünə yer tapdığını bir daha sübut edir. Pan fleytanın Azərbaycandakı səsi isə görünür ki, bundan sonra daha tez-tez eşidiləcək.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I