
ADPU-nun Filologiya fakültəsində fəaliyyət göstərmiş məşhur alimlərimiz
Həsən İbrahim oğlu Mirzəyev 26 noyabr 1927-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirdikdən sonra o, 1948-1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır.
Həsən Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlamış, 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957-1959-cu illərdə isə məktəb direktoru işləmişdir. H.Mirzəyev 1959–1962- ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışmışdır. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində işləmişdir.
Həsən Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1990-cı ildə professor elmi adını almışdır.
Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin müstəsna xidmətləri vardır. O, mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb etmişdir. Professor Həsən Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratmış, monoqrafiyalar yazmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat) kimi sanballı monoqrafiyaları o, ilk dəfə yazıb ortaya qoymuşdur. Onun yazdığı 14 cildlik külliyyatı (770 çap vərəqi) dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz bir xəzinədir.
Uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində, AMEA-nın Dilçilik İnstitutunda, Bakı Dövlət Universitetində Dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü olmuş, ömrünün 50 ilini ali məktəb auditoriyalarında mühazirə oxumuş, 60 ildən artıq əmək fəaliyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış, çoxlu qurultay və konfranslarda iştirak etmişdir. Dövlət nümayəndəsi kimi bir neçə ölkədə səfərdə olmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırışlarında deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına, 13 aprel 2009-cu ildə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

Onun ictimai-siyasi fəaliyyəti və şəxsiyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 260-dan artıq mənbədə xoşməramlı fikir və rəy vardır. İxtisasçıların onun yazdığı kitablar haqqında 120, namizədlik və doktorluq dissertasiyaları haqqında 39, elmi məqalələri haqqında 34 müsbət rəy çap olunmuşdur. Respublikanın 90-dan artıq şair və şairtəbiətli adamları onun şəxsiyyətinə və yaradıcılığına 170-dən artıq şeir və 4 poema həsr etmişdir. Bunların ümumi həcmi 6000 misradan çoxdur. Əmək fəaliyyəti dövründə 50-dən artıq rəğbətləndirməyə (fəxri fərman, fəxri ad, yazılı təşəkkür, adresat və s.) layiq görülmüşdür. O, Respublika ali məktəb əlaçısı, əmək veteranı, YAP Siyasi Şurasının, Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Qızıl Qələm və Şərəf media mükafatlarının sahibi olmuşdur. 16 aprel 2010-cu ildə Almaniyanın Hanover şəhərindəki Avropa Akademiyasının həqiqi üzvü, 17 iyul 2010-cu ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü (həqiqi üzvü) seçilmiş və Türk dünyası ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətlərə görə Uluslarası Qızıl Ulduz medalı ilə təltif edilmişdir.
Həsən Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri xiyabanda dəfn edilmişdir.