Kateqoriya arxivləri: “ZİYADAR” M.

ƏYALƏTDƏN GƏLƏN OĞLAN – QİSMƏT TAĞIYEV

Qismət TAĞIYEV – yazar.

Əyalətdən gələn oğlan

 II hissə

     İki il olardı tez-tez Azərbaycan Tibb Universitetinin  auditoriyalarında və  tədris korpusunda əlində iş çantası yaraşıqlı, zövqlə  geyinmiş, saçlarına dən düşmüş bir kişiyə rast gəlmək olurdu.Tibb elminə verdiyi töhfə, yazdığı çoxlu sayda elmi əsərləri, monoqrafiyaları nəzərə alaraq  elmi şura ona professor vəzifəsini vermişdi. Universitetdə Anesteziologiya elmindən mühazirələr oxumaqla yanaşı, yeni tikilmiş cərrahiyyə xəstəxanasında  cərrah işləyirdi. Ürək,damar  xəstəliklərindən başqa yerdə qalan əməliyyatların öhdəsindən bacarıqla gəlirdi. Kim idi bu professor? Professorun adı Rauf Məmməd oğlu Quluzadə idi. Bu həmin Rauf idi, düz 20 il bundan əvvəl atası ilə dalaşandan sonra təyyarə ilə Moskvaya uçmuşdu. Onu bura  Almaniyadan Universitetin yeni rektoru dəvət eləmişdi.

Raufu Domodedovo aeroportunda tələbə yoldaşı və dostu Rəşad həkim qarşıladı. Köhnə dostlar möhkəm qucaqlaşdılar. Hər ikisi ayrılaraq bir-birinə  bir dəqiqəlik baxış keçirdilər. Rəşad həkim Raufa:

-Yox, maşallah yaxşı qalmısan. Bu subaylığın əlamətidir. Ailə qayğısı məni qocaldıb.

–Elə demə sən də yaxşısan. Necəsən, uşaqlar, xanımın necədir?

–Heç nə deməyəcəm, indi gedərik görərsən.

–Yox Rəşad uşaqlara əziyyət vermək lazım deyil. Əvvəlcə otellərin birinə gedib mənə yer alaq. Sonra sizə gedərik.

–Rauf sənin başın xarab olub, nədir. Deyəsən, ikimizin də azərbaycanlı olduğumuzu unutmusan.

Onlar gəlib Rəşadın qara rəngli cip Mesedes maşınına oturdular.Aeroportdan şəhərə bir saata,oradan elə Rəşadın evinə də bir saata gəldilər. Rəşad həkim yeni tikilən 30 mərtəbəli yaşayış evlərindən ev almışdı. Həkimlik hər yerdə gözəl sənətdir. Onların qazancı daimidir. Yaxşı həkim olub ad çıxarandan sonra pul öz-özünə axır. Geniş işıqlı otaqlar yaxşı təmir olunmuşdu. Rəşad:

Bunların hamısı bizimkilərin əl işidir.Xəstələrimin çoxu azərbaycandan gəlir. Rauf Rəşadın xanımı, uşaqları ilə görüşdü. Xanımı rus milləti olub, həkim idi. Bir oğlu, bir qızı vardı. Qəribə idi qız atasına,oğlan isə anasına oxşayırdı. Sapsarı yumşaq saçları vardı. Anası kimi onun da qaşları, kipriyi  kürəndi. Üzü, boğazı, sinəsi xırda çillərlə doluydu. Elə Rəşad özü də yaraşıqlı kişilərdən deyildi. Balacaboy, arıq, geniş alınlı çox çevik adamdı. Gözlərinə  taxdığı qalın şüşəli eynəyin ölçüsü bəlkə də 6 olardı. Rəşad universiteti bitirən kimi bura gəlmişdi. Tez evlənmişdi. Düzdür, Raufdan iki yaş böyük idi, amma heç nə itirməmişdi.

Onlar böyük otaqda ikisi oturmuşdu. Rəşad qədəhini qaldırıb:

-Hə Rauf, bizim evə xoş gəlmisən. Mənim vəziyyətimlə tanış oldun. İndi özündən danış.

Rauf arağını içəndən sonra Rəşadla ayrılan vaxtdan bu günə kimi olanları danışdı. Onu dinləyən Rəşad həkim:

–Rauf, sən düz eləmisən bura gəlmisən. Sənə şəhərin mərkəzində olan özəl, həm də məhşur klinikaların birində iş tapacam. O xasiyyətnamə ilə səni hər yerdə işə götürəcəklər. Burdan ev alarsan. Buralarda o qədər azərbaycanlı var biri ilə qohum olarsan.

-Yox qardaşım sən deyənlərin heç birisi mənlik deyil. Bura gələndə  özümə söz vermişəm ki, bundan sonra qalan ömrümü elmə sərf edəcəm. Moskvada o qədər də qalmayacam. Son illər məni  cərrahlıqdan çox anestezioligiya elmi daha maraqlandırır. Bu yaxınlarda bizim akademik Mustafa bəy Topçubaşov haqqında yazılmış kitab əlimə keçmişdi. Əşi həkim elə olar.Deyirəm insanda nə qədər enerji olarmış. Onun tibb elminə verdiyi faydalar hələ uzun illər yaşayacaq. Onun hippokrat andı da tamamilə fərqlidir. Hələlik kirayə evdə qalıb, işləyə – işləyə aspiranturanın axşam şöbəsinə daxil olub namizədlik dissertasiyası yazacam. Sonra Almaniyaya gedib orada  anesteziologiya elmini öyrənəcəm. Elm və texnologiyaların inkişafı özləri ilə yeni xəstəliklər meydana gətirib. İndi köhnə üsullarla işləmək olmur. O ki, evlənmək məsələsinə bu heç vaxt olmayacaq. Annadan  sonra bədənimdə elə bir boşluq əmələ gəlib və boşluğu heç bir qadının sevgisi doldura bilməz.

Kirayə ev məsələsi tez düzəldi. İş məsələsi bir aydan çox çəkdi. Demişdik Rəşad həkim çox çevik adam idi. Moskvadakı Azərbaycan diasporasının və səfirliyinin köməkliyi ilə şəhərin mərkəzində olan məhşur klinikaların birində Raufu işə düzəltdi. Raufun savadı və bacarığı onu tez məhşurlaşdırdı. Yeni dərs ili başlayanda qəzetlərdə verilən elanlara əsasən imtahan verib İvan Mixayloviç Seçenov adına Birinci Moskva Tibb Akademiyasının aspiranturasının axşam şöbəsinə daxil oldu. Elə oxuya – oxuya Akademiyanın elmi şurasına müraciət edib namizədlik dissertiyası üçün mövzu götürdü. Ona mövzu verdilər. Elmi rəhbər təyin elədilər. Rauf qarşısına qoyduğu birinci məqsədinə çatmaq üçün beş il vaxt sərf elədi.

Rauf özünü unutmurdu. Bakıda olduğu kimi burada da yaxşı qazanırdı.İşlədiyi klinika məhşur olduğundan Rusiyanın, habelə MDB ölkələrindən imkanlı adamlar gəlib burada əməliyyat olunurdular. Raufun savadı,bacarığı və habelə əməliyyatın ağırlığından qorxmazlığı onu irəli aparırdı. İş günləri işləsə də şənbə bazar günləri onun özünün idi. Ev işlərinə, xörəklərin bişirilməsinə xidmətçi qadın baxırdı.Həmin günlərdə yeni dostlar, tanışları ilə ən yaxşı restoranlarda axşamlar istirahət edərdi. Rəşad həkimlə dostluğu daha möhkəmlənmişdi və vasitəsi ilə burada yaşayan çox saylı azərbaycanlıların bəziləri ilə tanış olmuşdu. Anna ilə 6 aydan şox davam edən tanışlığı burda daha çox köməyinə gəlirdi. Onun həyatında qadınlar olurdu. Ancaq bu tanışlıq çox uzun çəkmirdi. 5 il ərzində məzuniyyətindən faydalı istifadə etmişdir. Demək olar Avropanın bütün böyük şəhərlərinə səyahət edib oralarla tanış olmuşdu. İlk illərdə Rauf özününkülər üçün çox darıxırdı. Əsasən də anası üçün. Anası sonbeşik olduğu üçün onu çox istəyirdi. Dəfələrlə telofonu əlinə alıb anasına zəng etmək istəmişdi. Ancaq son anda atasının hərəkəti yadına düşürdü və fikrindən daşınırdı.

 O darıxmaqla mübarizə apardı və özü öz üzərində qələbə çaldı. Maraqı burasında idi, onunkular da onu axtarmırdı. Yəqin onun harada olduğunu bilmirdilər. Rauf birinci məqsədinə çatmışdı. İndi o Tibb elmləri namizədi alim idi. Onun elmi məqalələri mötəbər tibbi jurnallarda nəşr edilib bütün ölkəyə yayılırdı. Qalırdı ikinci arzusu. Bir dəfə isti yay günlərində Rəşad həkimin ailəsi birlikdə yaxşı bazarlıq edib Moskva ətrafındakı göllərin sahilində istirahət edirdilər. Rəşad həkimin xanımı yaxşı süfrə açmışdı. Onlar da kabab bişirəndən sonra gəlib əyləşdilər. Uşaqlar göldə çimirdilər. İndi böyümüşdülər. Elə burada ikinci arzusunu yenidən dostuna söylədi.

–Mən sənə demişdim axı anesteziologiya məni cox maraqlandırır. İstəyirəm Almaniya gedib bu ixtisasa yiyələnim. Almaniyada bu elm daha yaxşı inkişaf edib. Bu elm haqqında kitab yazmaq istəyirəm. Elə bir kitab ki, bütün dünyanı dolaşsın. Tələbələr, müəllimlər ondan dərslik kimi istifadə etsin. Mən özümə inanıram. Bilirəm bu işin öhdəsindən gələ biləcəm. Rəşad həkim də öz növbəsində dostunun bu fikrini bəyəndi.

–Get qardaş. Əslində mən də səninlə gedərdim. Amma bilirsən də mən ailəliyəm. Uşaqlar burda oxuyur. Sənin isə belə problemin yoxdur. Tək adamsan. Burda yaşadığın kimi orda da asanlıqla yaşaya bilərsən. İngilis dilini öyrənmisən, alman dili ondan qat-qat asandır. İnanıram sən bu işin öhdəsindən gələ biləcəksən.

O gündən sonra iki dost birlikdə bu işlə məşğul oldular. Almaniyaya necə getmək, hansı şəhərdə iş tapmaq, bunun üçün hansı sənədlər lazımdır. Hamısını öyrəndilər və əldə etdilər. Rauf Bakıdan gətirdiyi pullara toxunmamışdı, əksinə bu beş il ərzində həmin pulları artırmışdı.

Moskva şəhəri. Şeremetyovo aeroportu. Düz beş il bundan əvvəl Raufu qarşılayan Rəşad həkim indi onu Almaniyaya yola salırdı. Təyyarə onu Almaniyanın Köln şəhərinə aparacaqdı. Təyyarəyə minik başlamışdı. Dostlar axırıncı dəfə salamlaşıb qucaqlaşıb ayrıldılar. Üç saat yarımdan sonra o əvvəlcədən sifariş verib bron etdiyi mehmanxananın nömrəsində idi.

Köln şəhəri. Almaniyaniyanın əhalisinin sayına görə 4-cü, sahəsinə görə isə 3-cü şəhərdir. Şəhərin tarixi çox qədimlərə bizim eradan əvvəlki illərə gedib çıxır. Artıq milyonluq şəhərdir. Əhalisinin əksəriyyəti alman olsada burada türklər də çoxdur. 6,6 %.Almaniya Federativ Respublikasının keçmiş paytaxtı Bonn şəhərinə yaxın olduğundan inzibati idarələrin binalarını bu şəhərdə yerləşdirmişdilər.

Rauf digər mühacirlər kimi  ilk  mərhələni keçəndən sonra şəhərin aparıcı klinikalarının  birində işə düzəlib  burada ömrünün 13 ilini işlədi. Bu on üç ildə Rauf nə yedi, nə içdi, hansı adamlarla, haraları gəzdi ondan danışmayacağıq.

Ali təhsili, elmi dərəcəsi, bir neçə dil bilən Rauf alman dilini tez öyrəndi. Xəstəxananın klinikasının müvafiq şöbəsində daha 5 il tam ştatla işləyərək fəaliyyət göstərdi, bütün anesteziya metodlarına və intensiv terapiya tədbirlərinə səlis yiyələndi. Tələb olunan sayda bütün anesteziya və reanimatoloji tədbirləri, intensiv terapiya metodlarını sərbəst icra edə bilirdi. Sonra mütəxəssisliyə iddiaçı kimi müsbət xasiyyətnamə əsaasında Həkimlər palatasında imtahan vermək üçün qeydiyatdan keçərək imtahanı müvəffəqiyyətlə verib anestizioloq  diplomuna layiq görüldü. Bu illər ərzində 2500-dən çox insana anesteziya və reanimatoloji tədbirlər yerinə yetirdi. 

Ayrı-ayrı illərdə qonşu ölkələrə Avstriyaya, İngiltərəyə, Amerikaya səfərlər edib bu işin o ölkələrdə necə təşkil edilməsini öyrəndi. Neçə illərdən bəri arzusunda olduğu kitabın yazılmasına başlamışdı. Kitabın adı sadə idi, yalnız bir sözlə ifadə edilirdi. Anesteziologiya. Ayrı-ayrı  hissələri haqqında dövri mətbuatda  yazıları  gedirdi.Nəhayət, Rauf Almaniyaya gəlişinin on illiyində bu kitabı yazıb qurtara bildi. Kitab üç hissədən ibarətdir. Birinci hissədə anesteziologiyanın tarixi, vəzifələri müalicə metodları, dərmanları göstərilmişdi. Kitab çox mükəmməl yazılmışdı və ictimaiyyət arasında yaxşı qarşılandı. Həkimlər palatası ondan dərslik kimi istifadə edilməsinə  icazə vermişdi. Tezliklə  müxtəlif dillərə tərcümə edilib nəşr edildi. Köln Tibb Universtetinə mühazirələr oxumağa dəvət etdilər. Bu vaxtilə əyalətdən gəlib Bakıda təhsil alan azərbaycanlı balasının qələbəsi idi. Onun sinəsi sevinc hissi ilə dolmuşdu. Sevincini kimlərləsə bölüşmək istəyirdi. Amma o tək idi. Yadına Annası, qohumları düşdü. Kədərləndi. Annanın qaytardığı üzüyü həmişə cibində gəzdirirdi. Hərdən boş vaxtlarında üzüyü cibindən çıxarıb dəqiqələrlə tamaşa edərdi. Daha iki il keçdi. Bir dəfə ona xəbər verdilər. Sizi aşağıda foyedə bir qadın gözləyir. Liftlə  aşağı düşdü. Onlar üç nəfər idi. İkisi qadın, biri cavan oğlandı. Qısa tanışlıqdan sonra Azərbaycan televiziyasından gəldiklərini, onunla söhbət etmək istədiklərini və bunun üçün heç olmasa bir – iki saat vaxt ayırmasını xahiş etdilər. Görüşə razılıq verən Rauf  onun yerini  və  vaxtını da özü dedi. Alman dəqiqliyi Raufa sirayət eləmişdi. Deyilən vaxtda qonaqlarını götürüb sifariş verdiyi Reyn çayında üzən gəzinti gəmilərinin birində oturdular. Belə yaxşıdır dedi. Həm söhbət edərik,həm də şəhərə tamaşa edərik. Ancaq söhbət zamanı məlum oldu, gələn qonaqlar AzTV-dən yox, Xəzər televiziyasındadır. Qadın isə Səni axtarıram verilişinin müəllifi və aparicısı Xoşqədəm xanım Hidayətqızıdır. Məsələ belə olmuşdur. Anası, bacı, qardaşları  onu həmişə axtarmışlar. Ancaq məsələ hər dəfə ciddiləşəndə Məmməd kişi işə qarışıb icazə vermirmiş.

–Dəymiyin, qoy canı çıxsın. Bilsin  tək qalmaq nədir. Harda olsa yenə yanıma qayıdıb gələcək. Atan vəfat edəndən sonra Bakıya gəlib səni axtarmağı  məndən xahiş etdilər. Düz bir ildir səni axtarıram. Təsadüfən  rastlaşdığım Rəşad həkim mənə kömək elədi.Sənin Almaniyada Köln şəhərində  yaşadığını,işlədiyin klinakanın  ünvanını verdi. Almaniyadakı səfirliyin işçiləri sağ olsun. Orada Sizi tanıyırlar. Bax  bu qız bələdçi, bu oğlan isə sürücüdür. Gəlib sizi tapdıq.

Məmməd kişi səhv eləmişdi.Deyirlər ölümqabağı  bir neçə gün xəstə yatır. Evdəkilərə deyir ki, mənim çarpayımı elə qoyun qapı açılanda  içəri girəni  görüm. O Raufu gəzləyirdi. Rauf da Rauf idi. O qayıdıb gəlmədi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün əziyyətlərə sinə gərdi. Yaşamaq üçün onun hər cürə şəraiti var. Yazdığı kitab neçə dillərə tərcümə edilib. Rauf  doğmalarını az  da olsa qınadı. İndi bunların əhəmiyyəti yoxdur. O vaxtdan neçə illər keçib. Hər şey yaxşı  olsa da mən tək qalmışam. İki  saat çəkən gəzinti və nahar  başa  çatdı. Rauf onları evinə dəvət  elədi.Bura ev deyildi, əsl kitabxana idi. Hamısı da elmi kitablar.Amma hər yerdə  alman səliqəsi, təmizliyi vardı. Xoşqədəm xanım

–Bəs vətənə qayıtmaq fikriniz yoxdur.

–Mənim burda işim, universitetim, tələbələrim, dostlarım var. Vətəndə bunları haradan tapacam.

-Doğmalarına nə deyərdiniz. Mən anam üçün həmişə darıxmışam. Ancaq  ordan birdəfəlik çıxmışam. Gəlib görmək istəyirlərsə  gəlsinlər. Gözüm üstə yerləri var.

Xoşqədəm xanım onun haqqında əlavə məlumatlar toplayıb gözəl bir veriliş hazırlamışdı. Raufun qohumlarını studiyaya  dəvət eləyib  hazırladığı  verilişi onlara göstərdi. Bütün veriliş boyu  ana, bacılar, qardaş hamısı ağlayırdı.

Amma  1998-ci ildə  Bakıdan Moskvaya uçan Rauf  18 il sonra 2016-cı ildə  vətənə qayıtdı. Bu belə olmuşdu. Xaricdə yaşayan  azərbacanlılarla işlər komitəsi, səfirlik, Almaniyada yaşayan azərbaycan diasporasının üzvləri ilə görüş təşkil eləmişdi. Nümayəndə heyətinin tərkibində olan Tibb Universtetinin rektoru Həsənzadə  diasporanın rəhbərinin  onlara təqdim elədiyi adamlar haqqında məlumat  verəndə Raufun barəsində çoxlu  xoş sözlər söylədi. Yazdığı kitab haqqında məlumat verdi. Akademik Həsənzadə də uzun müddət  Moskvada işləyəndən sonra vətənə qayıtmışdı.O Rauf müəllimlə yaxından tanış olur, xeyli söhbət edirlər. Rauf   alman, ingilis və rus dillərində  olan kitablarından bir neçəsini ona hədiyyə edir.

Akademik Həsənzadə Bakıya qayıdandan sonra Raufun kitabını azərbaycan dilinə tərcümə etdirib, lazımi razılıq alandan sonra tibb elminə və xalqımıza şöhrət gətirən Raufu universitetə dəvət edir. İndi Rauf iki ildir burdadır. Əvvəl İşlərini qaydasına qoyandan sonra kəndə gedib bir həftə orada qaldı. Köhnə iş yerinə də baş çəkdi. Tanıdıqlarından lap az adam qalmışdı. Ürəyi əsə-əsə  Annanın iş yerinə getdi. Bəlkə rastlaşardılar. Bu arzusu baş tutmadı. Məktub verdiyi qız, Nazik adlandırdıqları həkim orada idi. Onlarla görüşdü. Əvvəlcə qızların hər ikisi onu tanımadı.Tanıyandan sonra məktub verdiyi qız:

–Məktubunuzu Anna xanıma verdim. O da qəbul elədi. Nazik daha çox məlumat verdi.

–Siz gedəndən sonra Annanın bir qızı dünyaya gəldi. Ondan üç il sonra Anna burdan  işdən çıxdı. Dedilər ərə gedib və biz bir daha ondan xəbər tuta bilmədik. Qızlar yaman sevinirdi. Nazik:

-Bəs Siz necə, doktor, evlisiniz? Rauf nədənsə burada izahlı cavab verməyi lazım bildi.

Yox evli deyiləm. Annadan sonra heç kimi sevə bilmədim-dedi.

Universitetdə işləri yaxşı gedirdi. Elə şəxsi həyatı da pis deyildi. Yeni  tanışları yaranmışdı. Yeni tikilmiş binalardan birində   üç otaqlı evi, maşını vardı. Subay olsa da bu ona çətinlik gətirmirdi. 53 yaşı olmasına baxmayaraq əvvəlki  kimi yaraşıqlı, sağlam və gümrah idi.

Bir dəfə universitetdən çıxıb evə gedirdi. Giriş qapısının yanındakı köşkdən qəzet alanda yaxınlıqdakı dördkünc reklam lövhəsindəki  elan  onun nəzərini cəlb elədi. Yaxınlaşıb elana baxdı. Opera balet teatrının elanı idi. Ayın onunda teatrın səhnəsində ayrı –ayrı baletlərdən parçalar olacaqdı. Sonra ifaçıların adı gəlirdi.

–Ölən qu quşu – gənc aktrisa Quluzadə Sabina Raufovna. Rauf gözlərinə inanmadı. Əlləri əsə – əsə barmaqlarını yazının üstünə qoyub  yenidən oxudu. Düz oxumuşdu. Bu ad 20 il bundan əvvəl Annaya yazdığı məktubdakı ad idi. Əlini uzadıb qalstukunu, köynəyinin yaxasını genişləndirdi. Ağacların altında  qoyulmuş oturacağa  yaxınlaşıb oturdu. O illəri yadına saldı. Anna:

–Rauf bizim qızımız olacaq.

–Sən nə bilirsən qızımız olacaq?

-Anam deyir bizim nəsildə həmişə qız uşaqları dünyaya gəlir. Axı o özü də belə yazmışdı. Qızımızın adını ..

Yox bunu aydınlaşdırmaq lazımdır. Mən mütləq o qızla görüşməliyəm. Əlini cibinə salıb nişan üzüyünü çıxardı, bir az baxıb  cibinə qoydu. Durub yenidən elana baxdı. Bu gün ayın yeddisidir. Hələ üç gün var. Maşına minib İnqilab küçəsindəki  ASAN  xidmətdən tamaşaya bilet aldı.

Raufun fikirləşdiyinin əksinə olaraq zalda adam çox idi. Azərbaycan elitasında dəyişikliklər olmuşdu. İmkanlı adamlar ailəsi ilə axşamlar  gəlib belə tamaşalara baxırdılar. Rauf səbirsizliklə Sabinanın çıxışını gözləyirdi. Gül mağazasında çox bahalı gül çələngi hazırlatdırıb yanında saxlayırdı. Nəhayət, tamaşa başladı. Sabinanı lap axırda  dəvət etdilər. Bu rəqs məşhur balerina Anna Pavlova üçün yazılmışdı. Ona uğur gətirən bu kiçik səhnəciyi Anna Pavlova 4000 dəfə ifa etmişdi. Sonralar həmin ənənəni Maya Plisetskaya, Qalina Ulyanova davam etdirmişdi. İndi Sabinanın ifa edəcəyi səhnəcik cəmi iki dəqiqə yarım çəkir. Tamaşa qurtaranda hamı ayağa qalxıb onu  alqışladı. Rauf  gül dəstəsini onun otağına göndərə bildi. Otağına qayıdan Sabina gül dəstəsini görəndə çox xoşuna gəldi. Kimdən gəldiyini oxuyanda məəttəl qaldı.
–Belə çıxır ki, gülü göndərən mənim atamdır. Axı mənim atam yoxdur. Hər dəfə atamı soruşanda anam deyirdi:

— Sabina sənin atan vəfat edib.

Bir azdan onun otağına iki qadın girdi. Bunlardan biri nənəsi Elvira İvanovna, o birisi anası Anna Andreyevna idi. Sabina onları görəndə

–Ana, nənə görürsən mənə nə gözəl gül dəstəsi göndəriblər.

–Hə qızım doğrudan da gözəl gül dəstəsidir.

–Amma göndərənin qəribə adı, soyadı var. Sonra ad yazılmış açıqcanı ona verdi.

–Gözəl Sabinaya. Professor Rauf Quluzadədən. Anna da Rauf kimi əvvəl gözlərinə inanmadı. Yenidən oxudu. Bir anlığa halı pisləşdi. Tez  keçib oturdu. Deməli Rauf sağdır. Özü də Bakıdadır. Gör neçə il keçib. 20 il – deyə öz sualına özü cavab verdi. On dəqiqədən sonra onlar otaqdan çıxdılar. Annanın göstərişi ilə gül dəstəsini də maşına apardılar. Gec də olsa Sabinananın uğurlu çıxışını evdə süfrə başında qeyd etdilər. Sabina otağına keçəndən sonra Anna anasına 

–Ana Sabinanın atası  Rauf  Bakıdadır. Bu gül dəstəsini də  o göndərib.

–Kimi deyirsən. Rauf. Sənə deməmişəm onun adını mənim yanımda çəkmə.

–Ana niyə elə deyirsən, Mən də sənə neçə dəfə demişəm Raufun bu işdə günahı yoxdur. Sadəcə mən hövsələsizlik etdim. Gərək üzüyü qaytarmayayadım.

Elvira İvanovna yaxşı qalmışdı. Yaşı 70-dən yuxarı olmasına baxmayaraq yenə əvvəlki işlərini əllərində saxlayırdı. Tamaşaların hazırlanmasında, premyerasında, şagirdlərin məktəbə qəbulunda, eləcə də buraxılş imtahanlarında münsiflər heyətinin üzvü kimi iştirak edirdi. Eldar Qasanoviç artıq həyatda yoxdur. Vəfat  edəndə var-dövlətinindən ona da pay verilməsini vəsiyyət etmişdi.

Annanın həyatı isə  o qədər də yaxşı alınmamışdı. Raufun yanından  çıxanda öz şöbələrində huşunu  itirib yıxılandan sonra bir müddət  xəstəxanada müalicə olunub işinə qayıtmışdı. İşdə Raufun məktubunu ona vermişdilər. Rauf  Annanı bütün qəlbi ilə sevdiyini, işin belə alınmasına görə bu şəhərdən baş götürüb getdiyini və gələcəkdə heç bir qadınla ailə qurmayacağını yazırdı. Axırda xahiş edirdi qızının adını Sabina qoysun. Annanın qızı anadan oldu və o Raufun xahişini yerinə yetirdi. Qızının adını Sabina qoydu. Bəzi  rus qadınları kimi etməyib  hətta soy adını da Quluzadə yazdırdı. Sabinanın üç yaşı tamam olmuşdu. Bir dəfə onun işlədiyi şöbəyə ağır xəstə gətirdilər. Növbədə Anna idi. Onun adı Çarli familiyası Viliam. O BP şirkətinin işçisi olub  dənizdə quraşdırılmış kəşfiyyat qazma qurğusunda imiş. Dəmir pilləkənlərlə hərəkət edən Çarli ehtiyyatsızlıqdan yıxılır  və yerdə olan nazik dəmir qırıntısı qarnını deşib arxadan çıxır. Yaxşı ki, böyrəyi zədələnmir. Anna onu əməliyyat edərək xilas edir. Təxminən bir ay xəstəxanafda qalır. Anna ingiliscə yaxşı danışa bildiyindən tez-tez  söhbət edirlər.Aralarında yaranan ünsiyyət sonralar da davam edir. İki  il Bakıda qalandan sonra İngiltərəyə köçürlər.Ancaq üç ildən sonra  Anna qayıdıb gəlir. Səbəb bu olur. Anna:

–Burdan getdiyim bu üç ildə Çarlini cəmi üç dəfə görə bildim. İngiltərədə olanda Çarli BP şirkətinin bütün dünyaya səpələnmiş obyektlərində aylarla, illərlə ezamiyyətdə olurdu. Gələndə də pullar necə olub, nəyə xərcləmisən gərək ona hesabat verəsən. Mənə elə ər lazım deyil – demişdi.

Sabina böyüyürdü. 8 yaşına çatanda onu xereoqrafiya məktəbinə qoydular. Sabina yaxşı şagird oldu və nəticəsini bu gün gördük.

Rauf geri çəkilmirdi. Bir neçə cəhddən sonra Sabina ilə görüşə bildi. Özünü ona təqdim edəndən sonra

–Sabina sizdən bir söz soruşacağam. İcazə verirsiniz.

–Buyurun sizi eşidirəm.

—Sizin ananız adı Annadır.

–Bəli nə olub. Raufun qarşısındakı öz qızı idi. Ancaq atası olduğunu  indi ona deyə bilmirdi.

–Heç. Elə belə öyrənmək istəyirdim. Qızım ananızı mən tanıyıram. Çoxdan lap çoxdan bir yerdə işləmişik. Onu necə görə bilərəm?

–Anam indi Mətbuat prospekti tərəfdə yeni tikilən binalardan birinin birinci mərtəbəsində yerləşən özəl klinikaların birində işləyir. Adı deyəsən Evromeddir. Anam orada həkim kardioloq işləyir. İngiltərədə olanda iki il kurslara gedib. Raufa elə bu lazım idi.

–Sağ ol qızım.

Ertəsi gün işdən bir az tez çıxıb axtarıb həmin klinikanı tapdı. Yəqinlik  üçün içəri keçib foyedə gəzişdi. Buranı əla düzəltmişdilər. Növbə gözləyən üçün yumşaq divan, kreslolar, qaşısındakı kiçik stolun üzərində qəzet, jurnallar qoyulmuşdu. Xəstələrin qəbula yazılması da yaxşı təşkil edilmişdi. İki qız, bir oğlan onlar üçün düzəldilmiş yerdə əyləşib,azacıq sual – cavabdan sonra hansı həkimə müraciət etmələrini – deyib növbə kağızı verirdilər və xəstələr seçdikləri həkimin qəbuluna gedirdi. Rauf da yaxınlaşıb:

-Bağışlayın Anna Andreyevna Sizdə işləyir?

–Bəli.7-ci otaq.

–İndi burdadır?

–Bəli otağındadır. Raufun ürəyi çırpınırdı. Onun Annası burdadır. Cəmi 20 addımlıqdadır. Keçib kresloda oturdu.
–Görəsən otağına gedim. Birdən məni tanımadı. Yox hələ gözləmək lazımdır. İş vaxtı qurtarırdı. Həkimlərdən bəzisi gəlib qızlarla sağollaşıb  gedirdilər. Bununla da sanki iş otağında olmadıqlarını bildirirdilər. Rauf içəridə darıxırdı. Binadan çıxıb siqaret yandırdı Və birdən qapıdan çıxan qadını gördü. O Annanı tanıdı. Ötən illər onu o qədər də dəyişməmişdi.Əksinə Anna bir az da xanımlaşaraq gözəlləşmişdi. Üzündə özünəməxsus vüqar vardı. Əynində kip tikilmiş qara don, hündürdaban ayaqqabı, əlindəki kiçik çanta, saçları şabalıdı rəngdə olub ağ sifətinə yaraşan, alın tərəfi səliqə ilə daranmış yanları azca aşağı sallansa da arxada yumrulanıb bağlanmışdı. Tələsik lakin rəvan yerişlə aralıda dayanmış qara rəngli maşına tərəf gedirdi. Elə bu anda Raufun sinəsindən qopan Anna səsi onu saxladı. Dönüb baxdı. Ona tərəf yaraşıqlı lakin bir az yaşlı kişi gəlirdi. Anna da onu tanıdı. Bu Rauf idi. Mən həmişə demişəm və yenə boynuma alıram, insan həyatında elə anlar var ki, o anları təsvir etməyə mənim gücüm çatmır.

O gündən üç ay keçmişdi. Şadlıq evlərinin birində 300-dən yuxarı adamlar yığışıb XXI əsrin bu ən böyük məhəbbətinin şahidi oldular. İndi Anna ilə Rauf birlikdə yaşayırdılar. Sabina isə nənəsi Elvira İvanovna ilə olurdu. Amma  az keçmədi Elvira İvanovna tək qaldı. Sabina teatrda onunla tərəfmüqabili olan Samir Orucova ərə getmişdi. Daha bir il keçdi. İndi hər istirahət günü dörd nəfəri burda tapmaq olardı. Onlardan  ikisi Elvira İvanovna ilə nəvəsi Sabinadır ki,skamyada oturub söhbət edirlər.Elvira İvanovnanın əlində nazik salafan torba var. İçərisi kiçik uşaqların oynaması üçün səsli oyuncaqlarla doludur. Sabinanın əlində isə südlə dolu ucunda əmzik olan butulka var. Onlardan bir  aralıda adamların dəniz kənarı ilə hərəkət etmə zolağında bir kişi yanındakı qadınla söhbət edə – edə əlləri ilə uşaqlar üçün olan kolyaskanı hərəkət etdirirdilər. Bunlar Raufla Anna idi. Kolyaskada olan isə nəvələri Yusif idi. Elvira İvanovnanın söylədiyi ənənə bu dəfə  pozulmuşdu və onların ailəsində oğlan uşağı dünyaya gəlmişdi.

                                                                 Mart   2020-ci il

                                                                   Beyləqan şəhəri.

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ünvanına yetişməyən məktub – Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD – jurnalist, yazar.

(Hekayət)

1993-cü ilin yazı idi. İlıq nəfəsli, bənövşə qoxulu bahar ürkək-ürkək özünü göstərirdi. Əl-ayaq dəyməyən yerlərdə, kolların dibində, cığırların kənarında körpə, yaşıl otlar cücərirdi. Arabir günəş tənbəl-tənbəl buludların arasından görünür, tez də yoxa çıxırdı. Elə bil müharibənin soyuq nəfəsi yazı qorxudur, gəlişinə mane olurdu.Kəndimiz döyüş zolağının 10-15 km-də yerləşirdi. Odur ki, kəndin mərkəzində yerləşən ikimərtəbəli məktəb binası hərbi hissənin ixtiyarına verilmişdi. Kənd camaatı hardansa maşın-maşın gələn əsgərlərə xilaskar kimi baxır, onları əziz adamları kimi qarşılayırdı. Tez bir zamanda əhali ilə hərbçilər bir ailənin övladları kimi qaynayıb-qarışırdı. Əsgərlər döyüşə gedəndə bizim kəndin oğulları, qardaşları, ərləri döyüşlərdə, səngərlərdə olan qadınlar, qızlar onların da sağ-salamat qayıtması üçün Allaha dualar edir, həyəcanla onların geri dönməsini gözləyirdilər.

Döyüşdən geri dönən əsgərlər hələ kəndə çatmamış camaat bilirdi ki, itki var, ya yox! Çünki itki olmayanda əsgərlərin şən hay-küyü, səsi oldu-olmadı oxuması, xülasə, xüsusi coşğunluqları uzaqdan bəlli olurdu. Onda camaat dərindən nəfəs alır, azacıq da olsa rahatlanırdılar. Hələ döyüşün uğurlu olduğunu bilən kəndin yeniyetmələri də gedib onlara qoşulur, sevinclərinə şərik olurdular.

Vay o gündən ki, döyüşdən qayıdıb gələn əsgərləri səs-küy əvəzinə lal sükut içində görəydilər. Maşınlar kəndə çatmamış, kənd ağsaqqalları, ağbirçəkləri özlərini məktəbə yetirər, onların dərdlərinə elliklə şərik olduqlarını bildirərdilər. Kənddə hər evdə o şəhid əsgərin yası tutulardı. Artıq bu, bir növ adət halını almışdı. Evlərdə həm də hər kəsin əsgərlərə hörməti, sevgisi yavaş-yavaş qızlarımıza da sirayət etmişdi. İndi kəhrizə “su gətirməyə” lap tez-tez gedirdilər. Elə o, müharibənin qızğın şağlarında kəndimizə “kürəkən” olan əsgərlər də tapılmışdı. Bir neçə qıza nişan gəldi, bir neçəsi əsgərlərə qoşulub qaçdı. Neçə-neçə əsgər ailəsi yarandı. Xülasə, bəzən kədərlə, bəzən sevinclə müharibə günlərini yaşayan kəndimlz öz qayğıları ilə, əkin-səpinlə də məşğul olurdu. Təbii ki, qəlbində qələbə inamını bərkidərək!

Qəflətən iş yoldaşım Rəsmiyyənin: “Az gejikdik, ey, tez gəl!” cingiltisi məni xəyaldan ayırdı. Ay aman, işə getməyi lap unutmuşam!”

İşlədiyim Mədəniyyət evi məktəbdən yalan olmasın 1-2 km o tərəfdə yerləşirdi. Yavaş-yavaş işə yol aldıq. Rəsmiyyə nəsə danışırdı. Fikrim dağınıq olduğundan, onun nə danışdığının fərqinə varmasam da “hə”, “hı” deyib, başımdan edirdim. Yolu yarı eləmişdik ki, qarşı döngədən üç əsgər çıxdı. Səkinin üstündə üz-üzə gəldik. İki əsgər bizə yol vermək üçün kənara çəkildi. (Səki ensiz olduğu üçün). Ortada dayanmış, həm onlardan ucaboy, həm də yaraşıqlı oğlan barmaqlarının arasında tutduğu papirosu yandırmaq üçün o biri əli ilə ciblərini ələk-vələk edərək kibrit axtarırdı. Başı axtarışa qarışdığından yoldan çəkilməyi ağlına da gətirmirdi. Deyəsən kibrit tapdı! Papirosu damağına qoymaq üçün başını qaldırdı. Qəflətən bizi gördü. Bilmirəm onun “mədəniyyətsizliyinə” qarşı hikkəmizimi, ya gözlənilmədən qarşısında iki gözəl qızmı gördü, hər nəsə bərk çaşdı. Çaşdığından papiros qoymaq üçün ayırdığı ağzı da elə aralı qaldı. Yolun ortasında key-key ağzını ayıraraq, yol göstərmədən baxması Rəsmiyyəni cin atına mindirdi. Mən və o biri iki əsgər isə gülməkdən özümüzü saxlaya bilmədik. Bütün bunlar bir neçə saniyənin içərisində baş verdi. Onun yanından ötüb keçsək də, nə mənim pıqqıltım, nə də Rəsmiyyənin hirsi soyumuşdu.

– Ələm ağacı kimi kəsdirib yolu, huşu da kəsmir ki, adam gəlir, qız keçir, elə bil heykəldi! – Birdən sözünə ara verib, təəccüb qarışıq hirslə: “Az, bəs sən niyə gülürsən? Xoşuna gəlir, kəndin içində biri də görə adımız bata? Dədəm də işi maa haram eliyə!?”

Tez gülməyimi kəsib, ciddiləşdim. Döngəni burulub Mədəniyyət evinə sarı dönəndə qeyri-ixtiyari arxaya dönüb baxdım. Deyəsən “heykəl” durduğu yerdən tərpənməmişdi. Rəsmiyyənin yenə də deyinəcəyindən ehtiyatlanaraq, gülüşümü birtəhər gizlətdim.

Mədəniyyət evində Novruz bayramına həsr olunacaq tədbirə hazırlaşırdıq. Məktəblərdən bacarıqlı uşaqları gətirib, onlara oxumağı, rəqs etməyi, səhnəcik göstərməyi öyrədirdik. Saat 5-də işdən çıxanda o qədər yorulmuşdum ki, heç səhərki hadisə yadıma da düşmürdü. Döngəni dönüb asfalt yola çatanda səhərki yaraşıqlı oğlan, yanında isə bir hərbçi tində durub, kimi isə gözləyirdilər. Rəsmiyyə yəqin ki, səhər diqqətlə fikir verməmişdi – deyə tanımadı, heç o tərəfə baxmadı da. (Doğrusu, kənddə o qədər hərbçi vardı ki…). Mən isə oğrunca, ötəri bir nəzər saldım. (Rəsmiyyənin gözündən uzaq). Ürəyimdə isə fikirləşdim: “Nə göyçək oğlandı, Allah bilir hansı ölmüşü gözləyir!”

Rəsmiyyənin səhərki ciddi tənqidini yadıma salıb arxama dönmədən, elə ciddi-ciddi yoluma davam etdim. Həmin səhərdən bir həftə keçmişdi. “Yaraşıqlı” əsgər hər səhər bizdən çox aralı gəlsə də, bizim üçün gəldiyini hiss edirdim. Hər səhər bizi işə, işdən çıxanda isə evə ötürürdü. Kəndin adət-ənənəsini deyəsən yaxşı götürmüşdü. Yol gələndə bizdən aralı gələr, bizə salam verməz, bir kəlmə də söz deməzdi. Ona görə də onun kimi izləməsi hələ heç birimizə agah deyildi. Əvvəl günlər onun bizi izləməsinə Rəsmiyyə əsəbiləşsə də, oğlanın ölçülü-biçili hərəkətlərini görəndən sonra sakitləşdi. Hələ bir arada onun “əməliyyata” gecikdiyini görəndə: “Əsmər, telexronitelsiz mən bu boyda yolu nətəhər gedim, öyrənmişəm ey, telexronitelə” – deyirdi.

Elə bil sözə bənd idi. Qəflətən görünürdü. Mən də: Gözün aydın, ödey, gəlir “telexronitel”in – cavab verirdim. Beləcə, günlər bir-birini əvəz edirdi. Biz də hər gün bir az da olsa bu “yaraşıqlı” əsgərə isinişirdik. Onu özümüzə doğma hesab edirdik. Arada 2-3 gün olmayanda (hissənin döyüşdə olduğunu bilirdik) əməlli-başlı darıxırdıq. Bəzən fikirləşirdim ki, “yaraşıqlı”nı adi vətəndaş paltarında görsəydim, bəlkə də ona qarşı məndə bu qədər rəğbət, fəxr duyğusu olmazdı. O geyim, o paltar onu mənim gözümdə, əsgərə yox, mələyə çevirirdi. Hərdən fikrimdən keçənlər üçün utanırdım. Birdən Rəsmiyyəlik olar? Ona görə də çalışırdım “yaraşıqlı” haqqında az danışam, az fikirləşəm!

Günlərin bir günü Rəsmiyyə xəstələndi. İşə mən tək gedəsi oldum. Səhər yenə həmişəki kimi mədəniyyət evinin döngəsinə qədər gəldi. Döngəyə az qalmış, onun
addımlarını yeyinlətdiyini hiss etdim. Yəqin Rəsmiyyəni soruşacaq!” fikrimdən keçirdim. Həm tək olmağımın həyəcanı, həm də kəndin içində, qohum- əqrəbanın gözü qarşısında kiminləsə görünməyi istəmədiyimə görə mən də addımlarımı tələsitməyə çalışdım. Gecikdim. O, mənə çatdı:

– Sabahınız xeyir!

– …

– Mənim adım Samirdi. Özüm Bakıdanam! Bəs sizin adınız nədir?

– …

– Bilmək olar?

Tələsik, bir az da ucadan:

– Yox! – dedim. O da eyni templə:

– Niyə?? – soruşdu.

Bilmədim onun sualına cavab verim, verməyim, gülüm, yoxsa ciddi durum? “Hamısından yaxşı elə cavab verməməkdi. Çıxıb gedər”.

 Həə… demək adını demirsən, demirsən ki?.. Onda belə çıxır ki, istəyirsən, mən hər gün sənə yaxınlaşım, salam-əleykim edim, adıvu soruşum sənin? Bunu istəyirsən? Demək adını buna görə demirsən? – dedi və ciddi nəzərlə üzümə baxdı.
Həyəcandan heç nə fikirləşə bilmirdim, gözüm dörd olmuşdu. Tələsə-tələsə:

– Yox, yox! Adım Əsmərdi! Di get! – deyib məlul-məlul, imdadlı baxışlarla onun üzünə baxdım ki, bəlkə insafa gələ, çıxıb gedə. Bu anda onun üzündə elə bir təbəssüm gördüm ki… neçə illər keçsə də, Samiri o təbəssümlə xatırlayıram.
Həmin ecazkar təbəssümlə düz gözlərimin içinə baxaraq, astaca: “Sən bilirsən səni nə qədər çox sevirəm?” – dedi.

Daha mənim qulaq asacaq halım qalmamışdı. İşə çatanda, ürəyim az qalırd yerindən qopub düşsün. Bilmirdim həyəcandan idi, yoxsa az qala yüyürə-yüyürə gəlməkdən idi, yoxsa indiyə qədər eşitmədiyim sözün təsirindən idi. Özümə güclə gəldim. “Canın yansın Rəsmiyyə, xəstələnməyə ayrı vaxt tapa bilmirdin?” İş yoldaşlarım halımın qarışıq olduğunu görən kimi səbəbini bilməyə çalışdılar. Ürəyim dolu olsa da, heç birinə bir kəlmə də demədim. İşdən çıxanda da gözüm dörd olmuşdu. Amma yolda, irizdə heç kəs yox idi. Heç kim deyəndə ki, yol dolu idi. Samir görünmürdü. Arxayınlaşıb adi günlərdəki kimi yoluma davam etdim. Asfaltı keçib döngəmizə dönmək istəyirdim ki, elə bil yer ayrıldı, Samir yerdən çıxıb qarşımda peyda oldu. Məni od götürdü; “Bu oğlanın deyəsən ağlı şəhərə gedib, eybi yox abrını bükərəm ətəyinə, ağlı başına gələr” fikirləşsəm də, titrətmə məni tutmuşdu. Özümü birtəhər ələ alıb, başladım nə başladım:

 Bura bax, nə düşmüsən arxamca! Zırrama! Bizimkilərdən biri görsə, mən cəhənnəm, səni şikəst edəcəklər. Başı xarab! Bir də dalımca gəlmə! Səhərki sözünə cavab verim! Səndən mənim heç xoşum gəlmir. Bildin! Buna bax, nəyə oxşuyur.
Bunları deyə-deyə fikirləşirdim ki, doğrudan da çox göyçəkdi. Qara çatma qaşları, iri, ala gözləri, ağappaq sifətinə elə bil qələmlə çəkilmişdi. Kaş sözlərim xətrinə dəyməyəydi. Arxamca hər gün, hər gün gələydi. Amma axırıncı sözlərim onu deyəsən bərk tutdu.

– Əsmər, doğrudan məndən xoşun gəlmir?

Mən istəməzdim ki, onu mənə görə təhqir etsinlər, döysünlər qardaşım və ya onun dostları bizi heç nə yox, elə söhbət etdiyimizi görsəydilər, dəqiq bilirdim ki, nə onun üçün, nə də mənim üçün yaxşı olmayacaqdı. Odur ki:

– Yox heç bir qırıq da!! – dedim.

Susdu. Üzümə xeyli mat-mat baxdı, sanki pıçıldayırmış kimi:

– Mən elə bilirdim ki, sən də məni istəyirsən? – dedi. Özümdən asılı olmayaraq məndən təəccüb qarışıq qəribə bir səs də çıxdı:

– Paaa…

– Bağışla, Əsmər, deyəsən mən yanılmışam – deyərək iti addımlarla məndən uzaqlaşdı.

Evə çatana qədər heç nə fikirləşə bilmədim. Pilləkənləri qalxdım, qapıya söykəndim. Bayaqkı epizod dəfələrlə gözümün qarşısında canlandı. Elə peşman
olmuşdum ki, epizod yadıma düşəndə qulağımın dibinə qədər qıpqırmızı qızarırdım və anlayırdım ki, Samir hər şeyə nöqtə qoyub getdi. Məhz bu gün, bu dəqiqə, bu an hiss etdim ki, dansam da, gizlətsəm də mən Samirə qarşı etinasız deyiləm. Özümdə təzə kəşf etdiyim bu hissləri anlamadan məhv etdiyimə peşman olmuşdum. Ağlaya-ağlaya özümə söyürdüm – ağılsız, elə zırrama – sənin özünsən, “nəyə oxşuyur”, özün nəyə oxşuyursan! “Bir qırıq da istəmirəm”. Bəs onda niyə hər gün işə gedəndə-gələndə 1-2 saat güzgünün qabağında qalırsan! Yola çıxanda gözün dörd olur, yaxşı olur saa! Di öl ağla, görüm Samir qayıdacaq. Ay qayıtdı hay! Elə iz qoydun ki, qayıda!” Deyirdim, deyə-deyə kövrəlib ağlayırdım.

Sabahı başıma gələnləri Rəsmiyyəyə danışdım. Məni düz hərəkət etdiyimə inandırdı. Hələ bir təsəlli də verdi, “qayıdacaq!”

Təəssüf ki, aradan 10 gün keçsə də, Samir görünmürdü. Hələ də yollarda gözüm onu axtarırdı. Tapmayanda isə pəjmürdə, dilxor vəziyyətdə peşmançılığımı yaşayırdım. Bir gün işə getməmişdim. Rəsmiyyə işdən gələndə yolüstü bizə döndü.

Sevinə-sevinə:

– Muştuluğumu ver, sənə bir söz deyim!

Elə bil ürəyimə nəsə damdı. Taqətsiz-taqətsiz, güclə:

– De, sən Allah, tez de! – dedim.

– Bu gün Samir mənə yaxınlaşdı. Əlində bir zərf. Əvvəl səni soruşdu, sonra da xahiş etdi ki, məktubu sənə çatdırım. İndi nə verirsən, məktubu verim?

Rəsmiyyənin daha nə deyəcəyini gözləmədim. Özümü çantanın üstünə atdım. Əllərim əsə-əsə zərfi açdım. Zərfin içində bir vərəq və bir ovuc bənövşə vardı: “Salam, Əsmər! Hiss edirdim ki, mənə biganə deyilsən. Ona görə sənin fikrini dilindən eşitmək istədim. Sözlərin qol-qanadımı sındırdısa da fikrimdən dönə bilmədim. Bir neçə gün səni gizlicə izlədim. Əgər səni əvvəlki kimi şən, qayğısız görsəydim, səni unudacağımı özümə söz vermişdim. Əksinə, sənin kədərli olmağın, işə gedəndə də, gələndə də gözlərinin kimisə axtarması, tapmayanda üzündəki o məyusluq, hisslərimin məni aldatmadığını yəqin etdim. Əsmər mən səni sevirəm. Kişi kimi sözümü sənə dedim. Sən də etiraf et. İmza: Sənin “Zırraman”. İndi sevindiyimdən ağlayırdım, gülə-gülə. Rəsmiyyə də mütəəssir oldu. “Az di yaxşı, məni də kövrəltdin, get onnansa cavab yaz”. Rəsmiyyəni qapıya qədər ötürüb, dəftər-qələmi əlimə aldım. “Salam, Samir! Əgər mən elə etməsəydim, mənə də, sənə də zərər gələrdi. Qıymaram ki, mənə görə kimsə sənə əl qaldırsın. Mən sənə inanıram. Sən də öz hisslərinə inan. Sağ ol! Allah səni qorusun!”

Kağızı qatlayıb elə Samirin göndərdiyi zərfə qoydum. Çantamda gizlətdim: “Əgər sabah yolda qarşılaşsaq, özünə verəcəyəm!”

Səhər biz asfalta çatanda məktəbin qarşısı qələbəlik idi. Əsgərlər yük maşınlarında əli silahlı oturub, yola düşmək əmrini gözləyirdilər. Zabitlər ora-bura qaçır, nəsə ucadan danışır, əmrlər verirdilər. Qəflətən ürəyim məngənəyə salınmış quş kimi çırpındı. Dərk etmədiyim bir hissin təsiri ilə utanmağı, qorxunu bir kənara atıb, bir-bir maşınların kuzovlarına diqqətlə baxmağa başladım.

Ürəyimə dammışdı ki, Samir burdadır. Birdən pıçıltımı, yalvarışmı, sevincmi (izah edə bilmirəm), bir titrək səs eşitdim:

– Əsmər!!

Elə bil zabitlər Samirin bu kəlməsinə bənd imişlər. Tərpənmək əmri verildi. Mən tələsik səs gələn tərəfə döndüm. Bir an içində əlimi çantaya saldım. Məktubu
çıxartdım. Üzümü o səmtə tutanda, yerimdən tərpənməyə halım olmadı. Gördüyüm o bir neçə anlıq o gülümsər sifət, gülümsər gözlər, o gülümsər gözlərdən selə dönüb çağlayan yaşlar məni durduğum yerə sanki mıxladı. Maşınlar bizdən uzaqlaşdı, gözdən itdi. Məktub əlimdə qaldı.

Həmin gün 26 mart kəndimiz erməni artilleriyası tərəfindən güclü atəşə tutuldu. Qadınları, qocaları, uşaqları kənddən çıxarıb müvəqqəti qonşu rayonlarda yerləşdirdilər. Anamla mən də qohumlarımızın evində qonaq qalası olduq. Təbii ki, atam, qardaşım kəndin başqa başıpapaqlıları kimi kənddə qalmışdılar. Kəndi ermənilərdən müdafiə etmək üçün!

Bir neçə aydan sonra isə bizim kənd də işğal olundu. El-obamız xarabaza çevrildi. Camaatımız pərən-pərən düşdü. Samirlə əlaqəm tamam kəsildi.

Əvvəllər küsürdüm, inciyirdim, məni axtarmadığına görə onu qınayırdım. Sonralar narahat olmağa başladım. Bir müddət onu unuda bilmədim. Sonra özümü inandırdım ki, istəsəydi tapardı məni. Nisbi sakitlikdi, evlərinə qayıdıb, ailə qurub, məni heç fikirləşmir də. Odur ki, Samirsizliyə yavaş-yavaş öyrənməyə başlayırdım!
O hadisələrdən iki il ötmüşdü. Yenə də yaz ayları idi. Günlərin bir günü Bakıya yaxın qohumlarımgilə qonaq getdim. Qohumumdan məni şəhərin görməli yerləri ilə tanış etməyi xahiş etdim. Xahişimi yerinə yetirdi. Məni bulvara, Qız qalasına, Fəvvarələr meydanına – hər yerə gəzməyə apardı. Dağüstü parka qalxdıq. Şəhidlər Xiyabanını görmək istədiyimi bildirdim. 20 Yanvar şəhidlərinin qəbirlərini ziyarət edə-edə gəlib Qarabağ müharibəsində şəhid olanların məzarına yaxınlaşdıq. Cavan, yaraşıqlı oğlanların məğrur çöhrələrinin bir başdaşından görünməsi məni için-için ağladırdı. Adları oxuya-oxuya sıraların arasında gəzinirdim. Birdən —–ov Samir —– oğlu 1970-1993.03.26. oxuduğum ad-familiyanın doğmalığı məni qəfil sillə kimi tutdu. Aman Allah! Həmin sifət, həmin gözlər, həmin təbəssüm! Mən indi anladım, Samirin o vaxtkı göz yaşlarını!! Deməyə fürsət tapmadığı, bəlkə də bir kitablıq sözləri baxışları ilə mənə başa salmışdı. Mən anlamamışdım ki, bu, onun son gedişi imiş! 

Dönüb qohumumdan bu gün ayın neçəsi olduğunu soruşdum.

– Martın 26-dır……… Sənə nə oldu?…..

İki illik bəndini, bərəsini zorla basıb-bağladığım çeşmənin qarşısı açıldı. Hayqırtı qarışıq ağı mənim Samir üçün son hədiyyəm oldu. Ayrılanda qəbrin üstünə bir parça kağız da qoydum. Bu neçə vaxtdır ki, çantamda gəzdirdiyim, atmağa, cırmağa əlim gəlməyən həmin məktub idi. Ünvanına yetişməyən məktub!

Müəllif:Əntiqə RƏŞİD

İlkin mənbə: adalet.az

ƏNTİQƏ RƏŞİDİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SİRLƏRİN TARİXİ – Abbas ƏLİZADƏNİN LAYİHƏSİ

Abbas ƏLİZADƏ – tarixçi.

SİRLƏRİN TARİXİ – Abbas ƏLİZADƏNİN LAYİHƏSİ

Hörmətli oxucular, qondarma “Erməni  qətliamı” haqqında bir maraqlı sirli məlumatı sizinlə bölüşəcəm.Qeyd etdiklərim bəlkə də bu hadisənin kiçik bir tərəfidir. Gəlin birlikdə qondarma “soyqırım” barədə öyrənək.
       Sözdə “erməni qətliamı” iddiasının ilk başlanğıcı İngiltərənin təbliğat maşını olan Wellington House’un “The Treatment of Armenians in the Ottoman Empire” adı ilə yayınlanmış olduğu kitab əslində ermənilərin vəsiləsilə mövzu olmuşdur. Kitab ermənilərin şərqdə üsyan etmədiklərini, lakin Osmanlı hökumətinin ermənilərə üsyan etmək bəhanəsilə bir soyqırım və qətliam fəaliyyətlərinə başladıqlarını qeyd edir və erməniləri təhrik edəcək üslub yaradaraq qara propaqandadan istifadə etməkdə idi. Nəticə etibarilə bu kitab həm Osmanlı, həm də erməni xalqını qarşı-qarşıya gətirməyə yönəlmiş bir üslubla qələmə alınmışdır.
   Beləcə, həm dünya arenasında Osmanlı dövlətini gözdən salmaq, həm də Osmanlı təbəəsi içərisində separatçı fikirlərin yayılmasını təmin etmək məqsədilə “Wellington House”un yürütmüş  olduğu təbliğat az da olsa bir işə yaramışdır (Milçək bir şey olmasa da ürək bulandırır).

Müəllif: Abbas ƏLİZADƏ

ABBAS ƏLİZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – GÖZÜN GÖZÜ

Zaur Ustacın şeiri.

GÖZÜN GÖZÜ

Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər….
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər….
* * *
Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli gözü görünməyən göz görər….

* * *
Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər……
21.09.2015. Bakı

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səma Muğanna – Dəli Fırtına və Gül

Səma MUĞANNA – gənc yazar

Bu gün şəhər soyuq idi. Dəli Fırtına sevdalısını qollarında itirmişdi o gün,o şəhərdə… Bu şəhər Fırtınanın yalnızlığından susmuşdu.Dəli Fırtınanın sevdası məzlum dənizin dalğalarından da böyük idi…

  Fırtına kim idi? Fırtına sizin də təəccüblənəcəyiniz,hətta dəli olacağınız gənc idi.Bu gənci kimiləri xoşbəxt,kimilərisə bədbəxt adlandırardı,ancaq bu gənc sevdalısının gözləri önündə sadəcə bir məzlum çevrilmişdi.O gündən sonra…

  Soyuq qış Fırtınanın qəlbində  acı bir yaraya çevrilmişdi o gün.Fırtına saatın tik-tak səslərində,günəşin üfüqdə görünən vaxtlarında belə gözünü qırpmadan sevdalısını gözləyirdi.Onları bir-birindən ayıran bu şəhərin acımasız sakinləri idi.Onlar bir-birindən ayrılarkən qan izləri ilə deyil,parçalanan ürəklərinin bir-birindən ayrı düşməsi idi.İllər boyunca ayrı idilər,lakin onları isidən,qoruyan Tanrının onlara bəxş etdiyi “sevda” idi!

  Fırtınanın üzünə qarışmış saqqalı,çatlamış əlləri,yatağa bağlanmış ayaqları artıq onun ölüm fərmanı idi.Fırtına sevdalısından sonra yaşaya bilmirdi,ancaq o gün hər şey dəyişdi…

Bu məktub qəlbimdə günəş kimi yanan Fırtınama…

             Əmanətimizi qoru, Fırtınam!

Fırtınam! Bəlkə də ilk dəfədir sənə bu cür müraciət edirəm.Fikirlərimi necə ifadə edəcəm,bilmirəm.Bu kağız göz yaşlarıma şahid oldu,sən şahid olma! Zatən ola bilməyəcəksən,çünki mən burada olmayacam.Unutma ki,sənin qəlbində mən necə varsam,sən də mənim qəlbimdə başımın tacı olaraq qalacaqsan daima!

   Sənin sevgin məndən böyük,söz ola bilməz,amma mənə də bu hissi yaşadan sənin sevdan olduğunu bil!Qəlbimin boşluğa düşdüyü andan səni xatırlayıram hər gecə.Hər gün danışmasaq da,qəlbimin dərinliyində bir qəlbin də nəfəs aldığını eşidirəm.O hər dəfə nəfəs aldıqca,mənim talemə yazılan qara alın yazım,sənin sevdanla gözəlləşir.Yadındamı,bilmirəm,sən söylərkən “qıymaram” sözünü sanki qəlbimdə heç böyütmədiyim o qəlb yenidən doğulur,huzur doğurur dünyama.Sən mənim dəli-dolu Fırtınamsan! Xoşbəxtlik açarı bizi bir-birimizdən ayrı saldı,ancaq mən bilirəm ki,biz bir gün qovuşacağıq! Sən olmasan,mən də olmam! Məni yaşadan qəlbimdə nəfəs alan sevdandır!

   Səndən tək xahişim heç kəsə inanma! Mənim haqqımda söylənən heç bir sözə inanma! Mən yaşayıram! Mən yaşayıram….

 Mən yaşayıram-deyə təkrarladı Fırtına.Gülün məktubunu oxuduqdan bəri dəliyə dönmüşdü.Göz yaşlarına bürünmüş saqqalı parçalanmış əllərini də isladırdı.Dişləriylə sıxıb qan axıtdığı dodaqları sevdalısının adını sayaqlayırdı:-Gül,hardasan? Hardasan axı-deyə bu məhkum olmuş dörd divara üsyan edirdi…

   Artıq illər keçmişdi.Güldən heç bir xəbər yox idi.Fırtına xəstə yatağında kimsəsiz kimi uzanıb adını söyləyirdi.Fırtınanın ölüm vaxtı yaxınlaşmışdı.Əcəli onu gəlib aparacaqdı.Soyuq yatağında uzanan Fırtına əllərini zülmətin üsyanında göyə tutub Gülün onu tapmağı üçün yalvarırdı…Yuxularına qonaq gələn Gül acı fəryadı ilə Fırtınanı səsləyirdi.Hər dəfə yuxudan oyanarkən yatağına bulaşmış qan izləri və göz yaşları Fırtınanın fəryadını gücləndirirdi.Dəli sevdasıyla baş-başa qalan Fırtınanın yeganə çarəsi ölüm idi.

   O gün yatağından zorla da olsa qalxıb qaçdı.Qaçarkən dəfələrlə yara olmuş dizlərinin ağrısını unudub,qaçırdı.Qaçdıqca Gülə olan son etirafını,son sözlərini xatırlayırdı.O əcəlinin qollarına atılacaqdı,artıq gəlmişdi də.

   Qoxusunu hiss etdi.Toxunan kiçik əlləri qəlbində atırmış kimi yanmağa başladı sanki.Bu bir yalan,xəyal idi.Onlar qovuşmadısa,bu yolun sonunda necə qovuşa bilərdilər axı?!

-Sən bir yuxusan,Gül! Tərk et məni..

-Sənin keçmişin,gələcəyin də mən deyiləmmi?

-Mən keçmişimi o küçənin torpağına basdırıb gəldim.Qaranlığın içində böyüməyən qəlbim yaralı göyərçin kimi çırpınaraq gəldi bu intiharın soyuq dərəcəli tempereturuna.Bax,hava da soyuq həmişəki kimi,mənim kimi!

-Sən gözlərini qaçırtmadan izlə məni.İzlə ki,yaddaşından silinməyəcək bir tarixə,qəlbində sönməyəcək işığa,gözlərində itməyəcək xoşbəxtliyə çevrilim!

-Bəsdi! Sən yaşamırsan,Gül,yaşamırsan!

-Mən yaşayıram,artıq anla bunu!

    Göz yaşlarıyla bir-birinə sarıldılar.Gül ona sarıldıqda donub qalan Fırtına alovun içində yanırmış kimi bərk-bərk yapışdı Güldən.Bu iki sevdalı o soyuq insanların məzlumuna çevrilsələr belə,tükənməyəcək sevdalarıyla bir-birilərinə qovuşdular!

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YER CƏZA YERİDİR! – زائـــور اوستاج

Rəsm tərtibatı – Lalə Mikayılzadə.

YER CƏZA YERİDİR!
Ey insan, unutma;
Almanı xatırla,
Adəmi xatırla,
Həvvanı xatırla!
* * *
Ey insan, unutma;
Əzanı xatırla,
Qəzanı xatırla,
Cəzanı xatırla!
* * *
Ey insan, unutma;
Yer cəza yeridir!
Yer cəza yeridir!
Yer cəza yeridir!
14.09.2020. Bakı.
Müəllif: Zaur Ustac

!یئـر جـزا یئـری دیر
ای اینسان, اونوتما؛
آلمانی خاطـیرلا؛
آدمـی خاطیرلا؛
!حــوّانـــی خاطیرلا
* * *
ای اینسان,اونوتمـا؛
اعضـانی خاطیـرلا؛
قضـانـی خاطیـرلا؛
!جـزانـی خاطیـرلا
* * *
ای اینسان,اونوتمـا؛
!یئـر جـزا یئـری دیر
!یئـر جـزا یئـری دیر
!یئـر جـزا یئـری دیر

زائـــور اوستاج

Земля -место казни, знай!
Человек, не забывай!
Яблоко раздора вспоминай,
Адама вспоминай
И Еву вспоминай!
* * *
Человек, не забывай!
Тело свое вспоминай,
Катастрофы вспоминай,
И казнь вспоминай!
* * *
Человек, не забывай!
Земля -место казни, знай!
Земля -место казни,знай!
Земля-место казни, знай!
Перевод:
Теране Меммед –
Təranə MƏMMƏD

The Earth leads punishment!
Man, don’t forgot;
Remember the apple,
Remember the Adam,
Remember the Eve!
* * *
Man, don’t forgot;
Remember the body,
Remember the catastrophe,
Remember the punishment!
* * *
Man, don’t forgot;
The Earth leads punishment!
The Earth leads punishment!
The Earth leads punishment!
Author: Zaur Ustaj – Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Səmimi söhbət”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayevdir.

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Çingiz Abdullayev ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayev dir.
Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakıda anadan olub. Azərbaycanın xalq yazıçısıdır. Əsasən siyasi detektiv janrında yazır. Əsərlərini rus və azərbaycan dillərində yazır . Bir çox beynəlxalq mükafatların laureatıdır. Dəfələrlə orden və medallarla təltif edilib.Çingiz Abdullayevin əsərləri dünyanın bir çox ölkələrində çap edilib və bir çox xarici dillərə tərcümə olunub. Çingiz müəllim ictimai xadim kimi də fəaliyyət göstərir.
Düşünürəm ki, dünyaşöhrətli yazıçımızın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki onu hamı tanıyır, hamı sevir və əsərlərini sevə- sevə oxuyur. Çingiz Abdullayev mütəmadi olaraq görüşlərdə olur, insanlarla ünsiyyətdən çəkinmir və hər bir görüş onu sevənlər üçün bir hadisəyə çevrilir.

Vaxtının məhdudluğunu nəzərə alıb Çingiz müəllimə sadəcə bir neçə sual verdim və qısa, lakonik cavablar aldım. Qeyd edim ki, Çingiz müəllim çox pozitiv müsahibdir. Onunla ünsiyyətdən sonra insan bir çox problemini unudur . Buyurun, siz də söhbətimizin şahidi olun.
Sual:
Sizin yazıçı, ictimai xadim , dövlət qulluqçusu kimi xüsusi təqdimata ehtiyacınız yoxdur. Bəs bir insan kimi özünüzü necə xarakterizə edərdiniz?
Cavab : Qoy başqaları mənə qiymət versin.
Sual: Sosial şəbəkəyə münasibətiniz.
Cavab: Bu gün sosial şəbəkələr insanlara çox lazımdır.
Sual: Sizi sevənlərin sayı sevməyənlərdən daha çoxdur. Hər iki cəbhəyə nə deyərdiniz?
Cavab : Sevənlərə çox sağ ol deyirəm, sevməyənlərə də təşəkkürümü bildirirəm. Onlar mənə yazıb yaratmağa mənəvi cəhətdən dəstək olurlar.
Sual: Taleə, qismətə inanırsınız? İnsan öz taleini dəyişə bilərmi?
Cavab : İnanıram ki, insandan çox şey asılıdır.
Sual: Deyirsiniz ki, bəlkə yaxşı müstəntiq ola bilmədim deyə
detektiv əsərlər müəllifi oldum. Bu zarafatdır yəqin ki.
Cavab : Hər zarafatda bir az zarafat var.
Sual: Axirət dünyasına inanmadığınızı bilirəm. Bu həyatda nələri etməlisiniz bundan sonra?
Cavab : Nəvə toyu görməliyəm.
Sual: Sizinçün insan amili maraqlıdır. Əsl insan necə olmalıdır?
Cavab : İnsan müstəqil və azad olmalıdır.
Sual: “Özümü heç kəsə sübut etməyə ehtiyacım yoxdur” dedikdə nəyi nəzərdə tutursunuz?
Cavab : Yazıçının kitabları onun yerinə onu təmsil etməlidir.
Sual: “Həyatında bir dəfə ürəkdən sevən insan daha məhəbbətsiz yaşaya bilməz” . Bu sizin sözlərinizdir. Bəs sevgisiz yaşayanlar varmı sizcə?
Cavab : Təəssüflər olsun ki, 99% insan sevgisiz yaşayır .
Sual: Siz dəfələrlə ən yüksək tribunalardan Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Rusiya telekanalındaki çıxışınız heç yadımdan çıxmır. Həqiqəti sübut etmək niyə bu qədər çətin olur hərdən?
Cavab : Hər zaman, hər yerdə həqiqəti sübut etmək çox çətindir.
Sual: Möhtəşəm qələbə günümüzün ildönümünə az qalıb. Bu bir il ərzində şəxsən sizin həyatınızda nə dəyişikliklər oldu?
Cavab : Bu il üçüncü dəfə baba oldum.
Sual: Qəhrəmanlarınızın hansı sizsiniz?
Cavab : “ Dronqo”.
Sual: Siz bir neçə dildə sərbəst danışırsınız. Ədəbi tərcümələr də edirsiz. Yazmaq asandır yoxsa tərcümə etmək?
Cavab :Təbii ki, yazmaq.
Sual: Kitablarınızı özünüz redaktə edirsiniz?
Cavab : Əsərlərimi heç vaxt redaktə etmirəm. Ancaq kitablarımın tərcüməsində və redaktəsində hər zaman səhvlərlə qarşılaşıram.
Sual: Bütün müharibələr sülhlə bitir. Sizcə Ermənistanla Azərbaycan arasında sülh
mümkündür?
Cavab : Bəli, belə də olmalıdır, inanıram.
Sual: Dünya miqyaslı yazıçımızsınız. Sizin əsərlər dünyanın bir çox ölkələrində çap edilir. Amma siz ruhən azərbayçanlısınız. Əsərlərinizin hamısında bir çümləylə də olsa azərbayçanlılığınızı bildirirsiniz. Sizn üçün Azərbaycan nə deməkdir?
Cavab : Azərbaycan mənim Vətənimdir, doğulduğum ölkədir, anamın, atamın, nənələrimin və babalarımın qəbri olan məskən, övladlarım və nəvələrimin Vətənidir.
Sual: Olum və ölüm. Nədir bunlar?
Cavab : Ölümün nə olduğunu indiyədək bilmirəm .
Sual: Heç özünüz özünüzə sual vermisiniz? Nə sual verərdiniz özünüzə?
Cavab : Mən həyatda hələ nəyi eləməmişəm?
Çingiz müəllim, bilirəm ki, vaxtınız çox məhduddur . Buna baxmayaraq mənim dəvətimi qəbul edib suallarıma cavab verdiyiniz üçün sizə təşəkkür edirəm. Sizə yaradıcılıq uğurları və şəxsi həyatınızda müvəffəqiyyətlər arzu edirəm.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU – ANA ŞEİRİ

İldırım ƏKBƏROĞLU (Füzuli) – şair, MYK -nın sədri.

ANA
(Dünya işığına həsrət qalan anama…)

Bir ana gözünə işıq nədir ki,
Aldı görməmiş tək, tamarzı təki.
Bəlkə həyat verən istəmədi ki,
Görəsən dünyanın nəsini, ana!

Sən də həyat verən,sən də bir sirsən,
Əllərin göylərdə, hey baş əyirsən.
Yenə də gözünü qurban deyirsən,
Eşitsən övladın səsini, ana!

Nə var göy üzündə, yeddinci qatda,
Behişt də, cənnət də ayağın altda.
Tanrı imtahana çəkər həyatda,
Deyirlər sevdiyi kəsini , ana!

İldırım, o verdi həyatı sənə,
Günəş, Ay nurunu tökdü üzünə.
Nur verə bilməyib nursuz gözünə,
Şad edə bilmədim mən səni, ana!

Müəllif: İldırım Əkbəroğlu

İLDIRIM ƏKBƏROĞLU HAQQINDA

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLUNUN DOĞUM GÜNÜDÜR

İldırım ƏKBƏROĞLU (Füzuli) – şair, MYK -nın sədri.

Bu gün gözəl insan, əsl ziyalı, sevimli şair İldırım Əbəroğlunun (Füzuli) anadan olduğu gündür. Ad günündə şairi rəhmətlə anırıq. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

İLDIRIM ƏKBƏROĞLU HAQQINDA

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Eltun Səfər – Həsrət

Eltu SƏFƏR – şair, gənc yazar.

HƏSRƏT

Sənin gedişinlə öldü ümidlər,
Ağacın qırılmış qolları kimi.
Sənin baxışların azdırdı məni.
Həyatın çıxılmaz yolları kimi.
* * *
Bir günün içində itirdim getdi,
İllərdir ürəkdən sevdiyim kəsi.
Bir zamanlar mənim baxdığım gözə,
İndi saatlarla baxır özgəsi.
* * *
Nə üçün yaranıb, həsrətlə, hicran,
Nə üçün qəlbimi oymağa gəlsin.
Gedin o vəfasız yarıma deyin,
Qəbrimə gülləri qoymağa gəlsin.
* * *
Gecələr həsrətə, dözdüm birtəhər,
Dedim sevinərəm səhər olanda.
Mən axı bilməzdim ümidlər ölür,
Həyatı insana zəhər olanda.

Müəllif: Eltun SƏFƏR

ELTUN SƏFƏRİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru