Şanlı Zəfərin beş illiyinə QƏLƏBƏ DASTANI (esse) Qələbə təkcə savaş meydanında qazanılan üstünlük deyil. Qələbə bir xalqın ruhunun ayaqda qalması, tarixinin unudulmaması, keçmişindən aldığı güclə gələcəyini qurmasıdır. Qələbə şəhid qanı ilə yoğrulan torpağın yenidən nəfəs alması, əsrlərlə sinəsində köz kimi qoruduğu haqqın gün işığına çıxmasıdır. Azərbaycan xalqı tarix boyu yalnız torpaq uğrunda deyil, haqq uğrunda savaşmış xalqdır. Bu torpağın daşında Babəkin üsyankar ruhu, Nəsiminin həqiqət sevgisi, Xətainin dövlət ağlı, Koroğlunun mərdliyi yaşayır. Zaman dəyişib, əsrlər ötüb, amma xalqın ruhu dəyişməyib. Çünki millətin gücü silahında yox, mənəviyyatında olur. Bu xalq heç zaman zülmə baş əymədi. Babəklər yurdunun hürr övladları əsarətə boyun əyə bilməzdi və əymədi. Nəsimi həqiqəti canından üstün tutdu. Xətai dövlət qurdu, söz yaratdı, kimlik yaratdı. O böyük ruhlar bir millətin qan yaddaşına çevrildi. Hər yeni doğulan övlad özündən əvvəlkilərin irsini daşıdı. Elə buna görə Azərbaycan əsgəri savaş meydanında heç zaman tək olmayıb. Ulu əcdadın müdrik və döyüşkən ruhu daim bu müqəddəs yolda onunla qoşa addımlayıb. Qələbə dastanını birlikdə yazıb. Qələbəyə gedən yol asan olmadı. Hər qələbənin arxasında göz yaşı var, səbir var, inam var. Vətən sevgisi yalnız dildə deyil, əməldə sınanır. Hər əsgər bir ailənin ümidi, bir ananın duası, bir xalqın güvən yeri idi. Onlar Vətən deyəndə sadəcə xəritədə görünən sərhədləri düşünmürdülər. Onlar uşaqlıq xatirələrini, ata ocağını, ana laylasını, baba məzarını, gələcək nəsillərin azad nəfəsini qoruyurdular. Müzəffər ordunun hər bir əsgəri böyük dastanın qəhrəmanına çevrildi. Çünki onlar yalnız silahla yox, inamla döyüşdülər. Onların ürəyində dövlətə sədaqət, millətə bağlılıq, torpağa sevgi vardı. Elə buna görə keçilməz görünən sədlər keçildi, əlçatmaz görünən zirvələr fəth edildi. Bu torpaq igidlər yurdudur. Burada ər sözü qiymətlidir. Burada vətən anlayışı müqəddəsdir. Bu xalqın övladı bilir ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Burada ocaq müqəddəs sayılır. Burada alov yalnız od deyil, həm də ruhun rəmzidir. Azərbaycanın odlar diyarı adlanması təsadüf deyil. Bu xalqın daxilində əsrlərdən gələn bir işıq yaşayır. Azərbaycanın gücü yalnız ordusunda deyil. Onun gücü müəllimində, şairində, alimində, kəndlisində, əsgərində, gəncində, ağsaqqalındadır. Bir xalq birlik göstərdiyi zaman qarşısında heç bir maneə dayana bilmir. Çünki birlik böyük qüvvədir. Şanlı Zəfərin beş illiyini qeyd etdiyimiz bu günlərdə qələbədən danışmaq yalnız keçmişi xatırlamaq deyil. Bu gün qələbədən danışmaq gələcəyə məsuliyyətlə baxmaqdır. Şəhidlərin əmanətini qorumaqdır. Tarixi yaddaşı yaşatmaqdır. Gənc nəslə kim olduğunu anlatmaqdır. Azərbaycanın tarixində çox igidlər olub. Dünən Babək vardı, Koroğlu vardı, Xətai vardı. Bu gün də onların yolunu davam etdirən qəhrəmanlar var. Çünki zaman dəyişsə də, Vətən sevgisinin mahiyyəti dəyişmir. Bu torpaq ozanlar yurdudur. Bu torpaq aqillər yurdudur. Bu torpaq qəhrəmanlar yurdudur. Bu torpaq zəfəri təkcə qılıncla deyil, ruhla qazananların yurdudur. Qələbə bir son deyil. Qələbə başlanğıcdır. Qələbə xalqın özünə qayıdışıdır. Qələbə Azərbaycanın adını tarixə yenidən qızıl hərflərlə yazan milli iradənin dastanıdır. Bu dastanın adı isə birdir: QƏLƏBƏ DASTANI. 05.11.2025. Bakı.
Ana həsrətinin poetik fəlsəfəsi (Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu yenicə işıq üzü görmüş “Ana həsrəti” adlı kitab haqqında olacaq. Azərbaycan poeziyasında ana obrazı hər zaman müqəddəs, toxunulmaz və dərin mənəvi məna daşıyan bir zirvə kimi qəbul olunub. Bu zirvəyə qalxmaq isə yalnız səmimi hiss, daxili ağrı və poetik məsuliyyət tələb edir. Tanınmış şair Nicat Ərtürkün “Ana həsrəti” adlı şeirlər kitabı məhz bu mənəvi zirvəyə doğru atılmış səmimi və məsuliyyətli bir addımdır. QISA ARAYIŞ Nicat Ərtürk – Qasımzadə Nicat Ərrəhman oğlu 1982-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olub. İxtisasca ali təhsili iqtisadçıdır. Azərbaycan Yazıçılar Birliynin üzvü, ədəbiyyat sahəsində müvəffəqiyyətlərə görə təqdim edilən nüfuzlu “Qızıl qələm”, “Ziyadar” kimi mükafatların laureatıdır. “Səsləyir Zəngəzur, Qarabağ bizi” və “Zirvələrin fatehi” adlı kitabların müəllifidir. Haqqında söhbət açdığımız “Ana həsrəti” kitabı müəllifin oxucularla üçüncü görüşüdür. Kitabdakı nümunələr mövzusundan asılı olmayaraq bəzən həddindən artıq pafoslu görünsə də, əslində olduqca səmimi və fərdilikdən uzaq, ümumiləşdirilmiş problemlərin çözümü yolunda atılmış cəsarətli addımlar kimi qiymətləndirilməlidir. Kitabın adından başlayaraq oxucu dərhal anlayır ki, burada söhbət sadəcə fərdi bir kədərdən deyil, ümumbəşəri bir duyğudan – ana həsrətindən, insan varlığının ən kövrək və ən saf nöqtəsindən gedir. “Ana həsrəti” həm konkret bir itkinin ağrısı, həm də insanın mənəvi dayağını itirməsinin fəlsəfi izahıdır. Kitabda toplanmış şeirlərdə insan varlığının mənası, həyatın faniliyi, zamanın amansız axını və mənəvi dəyərlərin önəmi poetik düşüncə müstəvisində təqdim olunur. Şair şəxsi hiss və yaşantılarını ümumbəşəri ideyalar səviyyəsinə yüksəltməyi bacarır. Bu xüsusiyyət Nicat Ərtürkün poeziyasını sırf emosional ağrıdan çıxarıb dərin fəlsəfi qatlara daşıyır. Kitaba daxil edilmiş şeirlər içərisində ondan artıq nümunə adı və məzmunu ilə birbaşa anaya, ana həsrətinə bağlıdır. Bundan əlavə topludakı digər şeirlərin də böyük əksəriyyətinin ya məzmunu, ya da mətn daxilində bəzi fraqmentlər ana adı, ana həsrəti ilə dolayısıyla əlaqəlidir. Ana obrazı şeirlərdə yalnız bir insan deyil, mərhəmətin, qayğının, ilkin saflığın və ruhun sığınacağı kimi təqdim olunur. Ana itkisi isə sadəcə fiziki ayrılıq deyil, insanın iç dünyasında yaranan böyük boşluq, mənəvi yetimlik hissidir. “Ana həsrəti” kitabında dil sadə, anlaşıqlı, lakin dərin məna yüklüdür. Şair bəzəkli ifadələrdən daha çox, oxucunun qəlbinə toxunan səmimi sözlərə üstünlük verir. Bu sadəlik poeziyanın təsir gücünü azaltmır, əksinə, onu daha da gücləndirir. Nicat Ərtürkün şeirlərində daxili ahəng, ritm və emosional tarazlıq diqqəti cəlb edir. Hər misra bir hissin, bir düşüncənin daşıyıcısıdır. Oxucu bu şeirləri oxuyarkən təkcə müəllifin ağrısını deyil, öz daxilində gizlənmiş ana həsrətini də kəşf edir. Kitabın “Anamın əziz xatirəsinə ithaf edirəm” sözləri ilə başlaması bu poeziyanın ideya-mənəvi xəttini əvvəlcədən müəyyənləşdirir. Bu ithaf kitabı sadəcə bir şeir toplusu yox, ruhi etiraf, minnətdarlıq və sədaqət manifestinə çevirir. Oxucu anlayır ki, qarşısında duran misralar yazı masasında deyil, qəlbin ən dərin qatlarında doğulub. “Ana həsrəti” müasir oxucu üçün təkcə poetik zövq mənbəyi deyil, həm də mənəvi düşüncə kitabıdır. Bu şeirlər insanı öz kökünə, dəyərlərinə, valideyn sevgisinin əvəzsizliyinə qaytarır. Sürətli və maddiləşmiş dünyada bu cür əsərlər oxucuya dayanmağı, düşünməyi və hiss etməyi xatırladır. Ana həsrətinin poetik fəryadı, ümumiləşdirilmiş nisgil, milli kimlik məsələləri, əcdadlara ehtiram, özünü tanıma və təqdim etmə yuxarıda qeyd etdiyim kimi demək olar ki, topluda yer alan bütün nümunələrin məğzində dayansa da, söhbətimizi Nicat Ərtürkün “Ana həsrəti” kitabında (səhifə 53) yer almış eyni adlı şeirindən gətirəcəyim misallarla daha da zənginləşdirmək istəyirəm. Ana obrazı Azərbaycan poeziyasının ən müqəddəs, ən kövrək və ən dərin qatlarından birini təşkil edir. Bu obraz təkcə doğmalıq, qayğı və mərhəmət deyil, eyni zamanda insanın daxili dünyasının dayağı, mənəvi sığınacağıdır. Məhz bu baxımdan Nicat Ərtürkün “Ana həsrəti” şeiri ana mövzusuna həsr olunmuş əsərləri (əsərlər) içərisində xüsusi emosional dərinliyi və səmimiyyəti ilə seçilir. Şeirin ilk misralarından etibarən oxucu faciəli bir dönüş nöqtəsi ilə üz-üzə qalır: Dəyişdi gözümdə, dəyişdi zaman, Fırlandı başıma fırlandı dünyam. Bu misralarda zaman artıq adi axarında deyil. Ana itkisi ilə birlikdə zaman anlayışı da mənasını itirir, dünya oxun ətrafında fırlanan ağır bir yükə çevrilir. Şair burada şəxsi ağrını ümumbəşəri hissə çevirir: ana yoxdursa, həyatın nizamı da pozulur. Şeirin növbəti bəndlərində sevincin göz yaşına, evin işığının sönməsinə çevrilməsi təsvir olunur: Xoş günlər bir anda kədər döndü, Sevinc göz yaşlarım qəhərə döndü. Ana evin ruhudur. Onun yoxluğu təkcə bir insanın itkisi deyil, bir ocağın sönməsi, bir ailənin mənəvi sütununun dağılmasıdır. Şair bu həqiqəti bədii dillə, lakin son dərəcə real duyğularla ifadə edir. “Ana həsrəti” şeiri eyni zamanda insanın psixoloji sarsıntısının poetik gündəliyidir: Bir əsər qalmadı səbri-dözümümdən. Burada artıq təskinlik yoxdur. Şair etiraf edir ki, ana həsrəti qarşısında ən möhkəm iradə belə sarsılır. Bu etiraf şeiri daha da səmimi və inandırıcı edir. Əsərin diqqətçəkən cəhətlərindən biri də taleyə və zamana yönəlmiş açıq etirazdır: Etiraz edirəm sənsiz zamana, İstədim ki, artıq zaman dayana. Bu misralar insanın acı qarşısında acizliyini, eyni zamanda üsyankar ruhunu əks etdirir. Şair üçün zaman artıq şəfa verən deyil, əksinə, ağrını uzadan bir gücdür. Şeirin hər bəndinin sonunda təkrarlanan: Anama həsrət qaldığım günü misrası bir növ şeirin ürək döyüntüsünə çevrilir. Bu təkrar oxucunun yaddaşına həkk olunur və ana itkisinin unutulmaz, dəyişməz bir həqiqət olduğunu vurğulayır. Nicat Ərtürkün “Ana həsrəti” şeiri sadəcə bir şəxsi kədərin ifadəsi deyil. Bu əsər ana sevgisinin əvəzsizliyini, ana itkisi ilə insanın daxilində yaranan boşluğu, zamanla belə sağalmayan yaraları poetik dillə ortaya qoyur. Şeir oxucunu həm düşündürür, həm də öz ana xatirələri ilə üz-üzə qoyur. Bu əsər bir daha sübut edir ki, ana həsrəti – zamanla keçməyən, sözlərlə təsəlli tapmayan, yalnız poeziyada nəfəs alan bir dərddir. Nicat Ərtürk bu dərdi səmimi, sadə və təsirli bir dildə ifadə edərək oxucunun qəlbinə yol tapmağı bacarmışdır. Nicat Ərtürkün “Ana həsrəti” kitabı Azərbaycan poeziyasında ana mövzusuna həsr olunmuş səmimi, dərin və fəlsəfi kitablar arasında öz layiqli yerini tutmuşdur. Bu kitab oxucuya təkcə bir şairin daxili dünyasını deyil, hər bir insanın qəlbində gizlənən ana sevgisini və həsrətini göstərir. “Ana həsrəti” – bir kitabdan daha çox, bir qəlbin səsi, bir ruhun etirafı və bir ömrün poetik xatirəsidir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. 28.02 – 01.03.2026. Bakı.
(VəfaBağırzadənin “Duyğuların yürüşü” konsert pyesinifleyta və orkestrin ifasında dinləyərkən)
Musiqi, insan qəlbinin sükut içində danışan dilidir. Mən bu qənaətə ilk dəfə illər öncə Elza İbrahimovanın qəlbi riqqətə gətirən həzin melodiyalarını dinlədikdən sonra gəlmişdim. Elza xanımın yanıqlı bəstələri məni həmişə (bu gün də) düşünməyə vadar edib: insan qəlbini belə riqqətə gətirən, ruhunu coşduran, duyğularını oyadan hansı səbəblərdir (mühitdir)? Bəzən bir səs, bir titrək not, bir nəfəs qədər incə harmoniya bütün bir duyğular selini ifadə edə bilir. Tanınmış gənc Azərbaycan bəstəkarı Vəfa Bağırzadənin “Duyğuların yürüşü” əsəri də məhz bu sükutun içində danışan, dinləyicini düşüncə və hiss dünyasında səyahətə aparan bir musiqi tablosudur.
Haşiyə:
Bəstəkar: Vəfa Bağırzadə Çıxış edir: Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri. Bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev Solist: Nəzrin Əmirli (fleyta)
Bu əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənərkən, hər bir səs milli musiqi düşüncəsinin incəliyini, eyni zamanda müasir bədii təfəkkürün dinamikasını özündə birləşdirir. Orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev, əsərin ruhunu dərinliklə duyaraq, onu həm texniki, həm də emosional baxımdan kamil səviyyəyə çatdırır. Solist Nəzrin Əmirlinin fleyta ifası isə bu kompozisiyaya incə bir nəfəs, şəffaf bir işıq qatır. Fleytanın tənha, bəzən titrək, bəzən ümidli səsi – sanki duyğuların öz yürüşünü, hisslərin insan ruhunda keçdiyi yolları səsləndirir.
“Duyğuların yürüşü” – sadəcə musiqi parçası deyil, həyatın emosional ritmlərindən yoğrulmuş poetik bir etirafdır. Vəfa Bağırzadə bu əsərdə insanın daxili aləmini notlara köçürərək, sevinc, kədər, təlatüm, arzu və sükunət kimi halları bir-birinə bağlayır. Bəstəkarın melodik dili həm klassik ənənələrdən qaynaqlanır, həm də çağdaş musiqi düşüncəsinə açıqdır. Bu sintez onun yaradıcılığında milli və bəşəri ruhun vəhdətini nümayiş etdirir. Vəfa xanım özü “525-ci qəzet “ə verdiyi müsahibədə bu çuğlaşmanı belə dəyərləndirir: “Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim…”(yaşıl rəngli yazılarıın üzərinə toxunub müsahibəni tam oxumaq olar) Əslində isə o, təkcə Şərq və Qərbi deyil, eləcə də keçmişlə gələcəyi məcmu halında müasir dinləyicilərə təqdim edir. Onun yaratdığı həzin melodiyalar eyni ilə Elza İbrahimovanın yanıqlı bəstələri kimi insanın ruh halının portretini, duyğularının rəsmini gözlər önündə canlandırır. Düşüncənin ən dərin qatlarına sirayət edir. Qəlblərimizi riqqətə gətirir. Düşündürür.
Əsərin strukturunda dramatik inkişaf xətti aydın hiss olunur – musiqi əvvəlcə sakit bir axınla başlayır, tədricən güclənir, duyğuların toqquşduğu, emosiyaların bir-birinə qarışdığı zirvəyə yüksəlir və sonra yenidən sakitlik – daxili barış halına qayıdır. Bu dramaturji gedişat, sanki insan ruhunun gündəlik həyatdakı eniş-yoxuşlarının musiqi təcəssümüdür.
Vəfa Bağırzadə musiqisində qadın duyğusallığı, incə estetik baxış və intellektual dərinlik bir araya gəlir. Onun əsərlərində sanki musiqi – danışan, düşünən və hiss edən canlı varlığa çevrilir. “Duyğuların yürüşü” də məhz bu baxımdan müasir Azərbaycan bəstəkarlığının zərif və mənəvi dərinliyə malik nümunələrindən biridir.
Bu musiqi əsəri dinləyiciyə təkcə zövq yox, həm də düşüncə verir. O, ruhun “sözsüz monoloqu”dur. Hər kəs bu əsəri dinləyərkən öz iç dünyasında bir səfərə çıxır – kimisi keçmiş xatirələrinə dönür, kimisi gələcək arzularını düşünür, kimisi isə sadəcə musiqinin sehrinə qapılıb sükutun dincliyinə dalır.
Qısa arayış:
Vəfa Bağırzadə 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olub. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində alıb. 2007-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olub. Kolleci bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olub.
2020-ci ildə musiqi sahəsindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin fəal gənci” mükafatına layiq görülüb.
2022-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub.
Beynəlxalq və respublika müsabiqələri laureatı, “Gənclər mükafatı” laureatıdır. Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Vəfa Bağırzadə – müasir Azərbaycan musiqisində fərdi üslubu, səmimi ifadə dili və estetik baxışları ilə seçilən bəstəkardır. Onun “Duyğuların yürüşü” əsəri, həm musiqi sənətimizin bugünkü inkişaf mərhələsini, həm də qadın bəstəkar duyarlığının dərinliyini nümayiş etdirir.
Bu əsər, həm professional musiqi mühitində, həm də geniş dinləyici kütləsi arasında böyük maraq doğurur. O, sübut edir ki, Azərbaycan musiqisi bu gün də öz ruhunu, dəyərlərini və bədii enerjisini qorumaqla yanaşı, dünya səviyyəli bədii ifadə formalarına sahibdir.
Xüsusi qeyd:
Sadəcə dinləmək lazımdır ki, mənim qeydlərimin Vəfa Bağırzadənin duyğularının kölgəsində itib-batdığına şahid olasınız. Dinləyin:
Vəfa xanıma yeni-yeni nailiyyətlər arzulayır, bir-birindən gözəl yeni bəstələr gözləyirik. Yolunuz açıq, uğurlarınız bol olsun, Vəfa xanım!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Zaur Ustac yaradıcılığında Böyük Zəfərin təntənəsi
Azərbaycan ədəbiyyatının müasir mərhələsində milli ruhun, vətən sevgisinin və qəhrəmanlıq salnaməsinin bədii ifadəsini yaradan sənətkarlar arasında Zaur Ustac xüsusi yer tutur. Onun yaradıcılığı həm bədii dəyəri, həm də ideya-mənəvi məzmunu ilə xalqın yaddaşında əbədi yaşayacaq dəyərli bir məktəbə çevrilib. Ustac poeziyasında Böyük Zəfər, yəni 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, yalnız hərbi hadisə kimi deyil, milli oyanışın, mənəvi birliyin və tarixi ədalətin bərpasının poetik simvolu kimi təqdim olunur.
Zaur Ustacın qələmi ilə yaranan hər misra xalqın ürəyindən doğan, igidlərin qanı ilə yoğrulan bir tarix dastanıdır. O, Zəfəri təkcə səngərlərdə deyil, ruhların dərinliyində, qəlblərin dirçəlişində, millətin yenidən doğuluşunda axtarır. Onun “Ustacam”, “Dağlar”, “Üç qardaş” , “Qardaş”, “Vətən oğlu” kimi poetik nümunələrində söz, məna və duyğu birləşərək vətənpərvərlik ideyasını ucalıq zirvəsinə qaldırır.
Zaur Ustac üçün Böyük Zəfər yalnız bir qələbə günü deyil, Azərbaycan xalqının minillik mübarizəsinin bəhrəsi, şəhidlərin arzusunun gerçəkləşməsi, ədalətin haqqı tapmasıdır. Onun şeirlərində Qarabağ torpağı “müqəddəs ana qucağı”, Şuşa “millətin qürur qalası”, şəhidlər isə “haqqın əsgərləri” kimi tərənnüm olunur. Bu obrazlar həm xalqın tarixi yaddaşını dirildir, həm də gələcək nəsillərə mənəvi örnək yaradır.
Zaur Ustacın poeziyası özündə həm müasir bədii ifadə, həm də klassik ənənələrin davamını daşıyır. O, Füzulinin qəlb yanğısını, Əhməd Cavad və Səməd Vurğunun vətənpərvərlik ruhunu bu günün reallığı ilə birləşdirərək yeni bir estetik cığır açır. Ustacın poetik dili sadə, lakin dərin mənalıdır — hər sözü bir amalın, hər misrası bir ruhun səsini daşıyır.
Böyük Zəfərin tərənnümündə şairin üslubu bir çağırış, bir nida kimidir:
“Hər səngər məbədidir, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!”
Belə misralar yalnız poeziya deyil, xalqın ruhunun səsi, Vətən sevgisinin andı kimidir.
Zaur Ustac yaradıcılığı ilə təkcə bir dövrün bədii salnaməsini yazmır, həm də qələbənin mənəvi fəlsəfəsini formalaşdırır. Onun poetik baxışında Böyük Zəfər – azad torpaqların dirçəlişi ilə yanaşı, insan ruhunun azadlığı, millətin öz kimliyinə qayıdışı deməkdir.
Buna görə də Zaur Ustacın yaradıcılığı bu gün ədəbiyyatımızda Zəfərin bədii dastanı, Vətən sevgisinin müasir manifesti kimi dəyərləndirilir. Onun misralarında Azərbaycan əsgərinin iradəsi, xalqın duası, bayrağın əbədi qaldırılması inamı yaşayır.
Zaur Ustacın poetik yaradıcılığı Böyük Zəfərin tərənnümündə milli düşüncənin, mənəvi dirənişin və ədəbi irsin təntənəsidir. Onun şeirləri xalqın birliyini, şəhidlərin müqəddəs xatirəsini və azadlığın ucalığını əks etdirən bədii bir abidədir:
“Ustacam, vətənim vətən içində,”
və ya
“Hələ nə zəfərlər gözləyir bizi,”
Zəfərin bu poetik səlnaməsi gələcək nəsillərə bir mesajdır: “Bu torpağı qorumaq, onu sevmək, onun uğrunda yaşamaq – Zəfərin əsl mənasıdır!”
Biz bu nidanı onun təkcə şeirlərində deyil publisistik məqalələrində həmişə hiss edirik.
Böyük Zəfəriniz mübarək, Zaur bəy! Gözlədiyiniz bütün zəfərləri görmək-qazanmaq nəsib olsun!
ALQIŞNAMƏ “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Bədii yaradıcılıq sahəsində fərqlənən şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat diplomdan və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur.
Mükafatın ilk laureatı Səma Muğanna olub (№001 21 sentyabr 2025, Bakı ş.).