“SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayev dir.
Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakıda anadan olub. Azərbaycanın xalq yazıçısıdır. Əsasən siyasi detektiv janrında yazır. Əsərlərini rus və azərbaycan dillərində yazır . Bir çox beynəlxalq mükafatların laureatıdır. Dəfələrlə orden və medallarla təltif edilib.Çingiz Abdullayevin əsərləri dünyanın bir çox ölkələrində çap edilib və bir çox xarici dillərə tərcümə olunub. Çingiz müəllim ictimai xadim kimi də fəaliyyət göstərir.
Düşünürəm ki, dünyaşöhrətli yazıçımızın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki onu hamı tanıyır, hamı sevir və əsərlərini sevə- sevə oxuyur. Çingiz Abdullayev mütəmadi olaraq görüşlərdə olur, insanlarla ünsiyyətdən çəkinmir və hər bir görüş onu sevənlər üçün bir hadisəyə çevrilir.
Vaxtının məhdudluğunu nəzərə alıb Çingiz müəllimə sadəcə bir neçə sual verdim və qısa, lakonik cavablar aldım. Qeyd edim ki, Çingiz müəllim çox pozitiv müsahibdir. Onunla ünsiyyətdən sonra insan bir çox problemini unudur . Buyurun, siz də söhbətimizin şahidi olun.
Sual: Sizin yazıçı, ictimai xadim , dövlət qulluqçusu kimi xüsusi təqdimata ehtiyacınız yoxdur. Bəs bir insan kimi özünüzü necə xarakterizə edərdiniz?
Cavab : Qoy başqaları mənə qiymət versin.
Sual: Sosial şəbəkəyə münasibətiniz.
Cavab: Bu gün sosial şəbəkələr insanlara çox lazımdır.
Sual: Sizi sevənlərin sayı sevməyənlərdən daha çoxdur. Hər iki cəbhəyə nə deyərdiniz?
Cavab : Sevənlərə çox sağ ol deyirəm, sevməyənlərə də təşəkkürümü bildirirəm. Onlar mənə yazıb yaratmağa mənəvi cəhətdən dəstək olurlar.
Sual: Taleə, qismətə inanırsınız? İnsan öz taleini dəyişə bilərmi?
Cavab : İnanıram ki, insandan çox şey asılıdır.
Sual: Deyirsiniz ki, bəlkə yaxşı müstəntiq ola bilmədim deyə
detektiv əsərlər müəllifi oldum. Bu zarafatdır yəqin ki.
Cavab : Hər zarafatda bir az zarafat var.
Sual: Axirət dünyasına inanmadığınızı bilirəm. Bu həyatda nələri etməlisiniz bundan sonra?
Cavab : Nəvə toyu görməliyəm.
Sual: Sizinçün insan amili maraqlıdır. Əsl insan necə olmalıdır?
Cavab : İnsan müstəqil və azad olmalıdır.
Sual: “Özümü heç kəsə sübut etməyə ehtiyacım yoxdur” dedikdə nəyi nəzərdə tutursunuz?
Cavab : Yazıçının kitabları onun yerinə onu təmsil etməlidir.
Sual: “Həyatında bir dəfə ürəkdən sevən insan daha məhəbbətsiz yaşaya bilməz” . Bu sizin sözlərinizdir. Bəs sevgisiz yaşayanlar varmı sizcə?
Cavab : Təəssüflər olsun ki, 99% insan sevgisiz yaşayır .
Sual: Siz dəfələrlə ən yüksək tribunalardan Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Rusiya telekanalındaki çıxışınız heç yadımdan çıxmır. Həqiqəti sübut etmək niyə bu qədər çətin olur hərdən?
Cavab : Hər zaman, hər yerdə həqiqəti sübut etmək çox çətindir.
Sual: Möhtəşəm qələbə günümüzün ildönümünə az qalıb. Bu bir il ərzində şəxsən sizin həyatınızda nə dəyişikliklər oldu?
Cavab : Bu il üçüncü dəfə baba oldum.
Sual: Qəhrəmanlarınızın hansı sizsiniz?
Cavab : “ Dronqo”.
Sual: Siz bir neçə dildə sərbəst danışırsınız. Ədəbi tərcümələr də edirsiz. Yazmaq asandır yoxsa tərcümə etmək?
Cavab :Təbii ki, yazmaq.
Sual: Kitablarınızı özünüz redaktə edirsiniz?
Cavab : Əsərlərimi heç vaxt redaktə etmirəm. Ancaq kitablarımın tərcüməsində və redaktəsində hər zaman səhvlərlə qarşılaşıram.
Sual: Bütün müharibələr sülhlə bitir. Sizcə Ermənistanla Azərbaycan arasında sülh
mümkündür?
Cavab : Bəli, belə də olmalıdır, inanıram.
Sual: Dünya miqyaslı yazıçımızsınız. Sizin əsərlər dünyanın bir çox ölkələrində çap edilir. Amma siz ruhən azərbayçanlısınız. Əsərlərinizin hamısında bir çümləylə də olsa azərbayçanlılığınızı bildirirsiniz. Sizn üçün Azərbaycan nə deməkdir?
Cavab : Azərbaycan mənim Vətənimdir, doğulduğum ölkədir, anamın, atamın, nənələrimin və babalarımın qəbri olan məskən, övladlarım və nəvələrimin Vətənidir.
Sual: Olum və ölüm. Nədir bunlar?
Cavab : Ölümün nə olduğunu indiyədək bilmirəm .
Sual: Heç özünüz özünüzə sual vermisiniz? Nə sual verərdiniz özünüzə?
Cavab : Mən həyatda hələ nəyi eləməmişəm?
Çingiz müəllim, bilirəm ki, vaxtınız çox məhduddur . Buna baxmayaraq mənim dəvətimi qəbul edib suallarıma cavab verdiyiniz üçün sizə təşəkkür edirəm. Sizə yaradıcılıq uğurları və şəxsi həyatınızda müvəffəqiyyətlər arzu edirəm.
Söhbətləşdi: Təranə MƏMMƏD
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru