Etiket arxivi: Firuzə Quliyeva

Qürbət qədər yaralısan

Danış, görüm haralısan?
Fələk ilə aralısan,
Qürbət qədər yaralısan,
Sarı telimin ocağısan.
Son sözümün tüstüsündən
Ovunsun gözlərinin burulğanı.
Yollarını azıb ovcumun içi
Hər biri bir səmtə fırlanır.
Ünvanı səhv düşüb alın yazımın
Hansı məhəbbəti soraqlayım?
Dolanım ayaqlarına qum kimi
Əzib keçəsən bir göz qırpımında.
Yadıma düşürsən,
Yada mı dönüşürsən?
Yasa bürünürsən
İstəyirəm azam
Hisslərində, xəyallarında, həsrətində…
30.10.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları

Sərin baxışlarının işığı

Qoy gözlərimdə otursun
sərin baxışlarının işığı,
ruhumu isidən iqlimin
örtük kimi sarılsın çiynimə.

Dodaqlarının çiçək balı
zindan qapısına düşsə belə,
yenə də içimdə
azadlıq qönçələri açdırar.

Həsrət kor sabahlarıma,
Yadlığın kar nəbzimə
Buruq fəryad qoparır.

Unutmağın damlasını içməyi
Qovrulmuş qəlbim arzulayır.

Dünənin soyuq qar çiçəkləri
Bu gün qırmızı qan ləçəklərinə dönüb…
həm üşüyürəm, həm də havalanaram
Dəftərə söykənən qələmin üstə.

17.09.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları

Gülüşümün çırpınışında

Gülüşümün çırpınışında

Sevməməyə qərar verəndə
zamanı qəlibdə dondurdum.
nəbzini saymaq istəsən
səni də don vurar.

Düşüncəsi –
kələ-kötür aygözlü bir sahə.
Orada
çiçəklər yox,
qızılot boy verir –
toxunsam, əlim saralar.

Sevməmək –
onun üçün qorxu deyil, mərasimdir.
Gicgahımda qara duyğular köklənir,
Bu qarabasmadır ya nədir?

Mən,
yaddaşımı da kəsib tikmişəm.
Xatirələrin yerinə
Tikanlar doldurmuşam.

Qollarının qəfəsi qollarımda
Boğur ruhsuz duyğu işığımı.
Saçlarımın qoxusunu içmə!
Zəhəri dad!
Gülüşümün çırpınışında.
19.07.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları

Firuzə Quliyeva – Uşaqlıq illərim

Uşaqlıq illərim necə də sevincli, kədərli,
Daşların altından sürüşürdü nağıllar,
Hər addımda xəyallar
Əlimdə əriyən sabun köpüyü,
“Dadmaq olar görəsən?” Sualları zehnimdə əzan səsi kimi.
Barmaqlarımda günəşin sarı bənizi,
Torpaq izləri əlimin içində rəqqas.
Hər addımda gözümün önündə qara pişik.
Uşaq könlüm qovmazdı pişiyimi,
Bədbəxtlik insanın düşüncəsindədir.
Sən sarı-qırmızı toyuq yumurtası bənzəri, göyqurşağım.
Gözlərimi bəzəyirdi çəmən naxışların.
Hər səhər dodağıma yapışan balın təravəti,
Anamın zorla “ye” deyən şir baxışları…
Kəpənək tutduğum zamanların sevinci
Aparır məni göyün yeddinci qatına
Özümü tapıram “Balaca şəhzadə”dəki dünyamda.
Atasız olduğumu xatırlamadan…
Anamın layla sığalı,
Nənəmin can qoxusu
Əridir o izi, yaranı hər an.
Yenidən qayıtmaram, köhnə havalara
Dönsəm də
Geri qaytara bilməyəcəm səni, ay uşaq!
07.06.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları

Qırmızı payız yarpağı

Yaşıl yosunlu dənizin
Sahilində gəzən adam!
Baxışın mavi sulartək
Sözlərimə axır, daşır.
Qırmızı payız yarpağı
Gözlərimdə baharlaşır.

Nəfəsin qəlbimə dolur,
Pəncərəmdə buxar solur.
Səni sevmək yasəməndi,
Qışda yazdan gün əməndi.

Mən susanda içimi
Bir baxışın yandırardı.
Əllərimiz yelpək təki
Qovuşanda bükülürdü
Səni oxumaq istəyəndə
Sözlər candan tökülürdü.

Ulduzum bəslənsin şeirlərlə
Hisslərim ahəngli, səsli.
Duyğularım həmişəyaşıl,
Sözlər sarmaşıq həvəsli.

Qamışlara üfləyərəm
Təkliyin sirli qəmini.
Təki gənclik dünyamdan
Qovsun ayrılıq dəmini.
09.06.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları

Firuzə Quliyeva – Anam

ANAM

Saçına bir buket qızılgüllər düşüb, Anam!
“Can balam” sözün ruhumda diyar olub.
Əllərində təndir çörəyinin qoxusu
Ruhuna illərin yorğunluğu köçür.
Gözlərin sisli baxışların ağuşunda
Planetimdə qayğısız hökm sürdürür.
Türküm, andım, fədəkar qadınım!
İllər dodağımda quru daş parçası,
Qüssən sinəmdə məbəd daşı.
Yüklə!Dərdlər topasını mənə
“Yeganə” varlığım, ömrümün anası!
31.05.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları

Min dərdin pıçıltısıyla

Sən heç
bir çayın içində
şüşətək qırılmış arzular görmüsən?
Mən gördüm –
və o gündən bəri
suya baxanda
gözlərim buxarlanır.
Torpaq danışmır,
Udur arzuları qəbir ağzıyla..
və hər dəfə yer titrəyəndə
o qəbir dağılar,
Min dərdin pıçıltısıyla.
Mən bu gün
bir dağın beynindəyəm.
Bəli, beynində!
Çünki dağlar düşünür,
Qələmin ucuboyda təpəsində
və onların fikirləri qayadır –
qırmaq olmur,
ancaq dırmanırsan.
Buludları fikrimin içərisində
paltar kimi sərmişəm.
Günəşə deyil,
bir sözə quruyurlar –
“qayıtma” deyəndə
yağış yağır və dağılırlar başımda.
Bax, təbiət danışsaydı,
səni danışardı mənimlə –
bir quşun qanad çırpmasında.
Sən deyirsən təbiət nədir?
Təbiət –
əllərinə keçməyən
bir insanın içində
illərlə böyüyən
səssiz vulkandır.
04.06.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları

Səni unutmaq üçün

Səni unutmaq üçün yox,
xatırlamaq üçün
bir kometənin quyruğuna məktub bağladım.
Ulduzlar səni oxuya bilər,
göy səni tanıyar —
çünki mən yer üzündə
səni deməyə söz tapmıram.
Adın…
beynimdə yanır,
qırmızı işıqlı bir küçə kimi.
Baxışların —
Ağlayan saatmı ki
Hər izlədikdə zaman durur.
Mən bütün dilləri unuduram.
Susqunluğum ana dilimdir.
Səni dənizdə yox,
bükülmüş bir dəhlizdə tapıram.
Qaşların —
bir cüt qaranquş:
elə baxırsan ki,
o baxışda
qovuşmaq var,
ayrılıq yox.
Bütün bənzətmələr utandı səndən,
Heç biri səni yaşada bilmir.
Sən, mənim heç kimə danışmadığım
bənzətməsiz kəlamsan!
1.06.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları