
Uşaqlıq illərim necə də sevincli, kədərli,
Daşların altından sürüşürdü nağıllar,
Hər addımda xəyallar
Əlimdə əriyən sabun köpüyü,
“Dadmaq olar görəsən?” Sualları zehnimdə əzan səsi kimi.
Barmaqlarımda günəşin sarı bənizi,
Torpaq izləri əlimin içində rəqqas.
Hər addımda gözümün önündə qara pişik.
Uşaq könlüm qovmazdı pişiyimi,
Bədbəxtlik insanın düşüncəsindədir.
Sən sarı-qırmızı toyuq yumurtası bənzəri, göyqurşağım.
Gözlərimi bəzəyirdi çəmən naxışların.
Hər səhər dodağıma yapışan balın təravəti,
Anamın zorla “ye” deyən şir baxışları…
Kəpənək tutduğum zamanların sevinci
Aparır məni göyün yeddinci qatına
Özümü tapıram “Balaca şəhzadə”dəki dünyamda.
Atasız olduğumu xatırlamadan…
Anamın layla sığalı,
Nənəmin can qoxusu
Əridir o izi, yaranı hər an.
Yenidən qayıtmaram, köhnə havalara
Dönsəm də
Geri qaytara bilməyəcəm səni, ay uşaq!
07.06.2025.
Müəllif: Firuzə Quliyeva