Etiket arxivi: Gülbəniz Babayeva

Poeziya zəfərin təntənəsi kimi

Poeziya zəfərin təntənəsi kimi

Tariximizi vərəqlədikdə görürük ki, Azərbaycan qadınları xalqın tərəqqisində həmişə fəal rol oynayıblar. Onlar gözəllikləri, nəcib əməlləri, ağıl və zəkaları ilə təkcə nümunəvi ailə kultu yaratmayıblar, igid oğullar, qızlar tərbiyələndirməklə yanaşı, milli mənəviyyatın, sosial əxlaqın formalaşması və sağlam, uzaqgörən idarəçilik işinə də öz töhfələrini vermişlər. Öz fədakar əməyi, fəal ictimai mövqeyi, filologiyamızda orijinal yeri olan belə qadınlardan biri də filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, şair Mahirə Nağı qızı Hüseynovadır.

Professor Mahirə Nağıqızı neçə illərdir ADPU-nun Filologiya fakültəsinə rəhbərlik edir. Onun fakültəyə dekan təyin olunmasından sonra fakültədə tədrisin keyfiyyəti xeyli yüksəlib. Vətənə, xalqa, millətə, dövlətçiliyə, milli soykökə bağlılıq onun fəaliyyətinin, ədəbi yaradıcılığının hər səhifəsində təcəssüm olunur. İstər publisistikası, istər nəsri, istərsə də poeziyası xalq, torpaq, vətən sevgisi ilə yoğrulub. O, ilk dəfə olaraq Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətlərini araşdırmış, elmi-ədəbi nəticələr əldə etmişdir.

Mahirə xanım orta məktəbdə oxuduğu illərdən şeir yazıb. Xüsusən də onun bədii yaradıcılığı ali məktəbdə oxuduğu illərdən ardıcıl şəkil alıb və respublikanın müxtəlif mətbuatında dərc edilib, ayrı-ayrı nəşriyyatlarda 20-yə yaxın şeir kitabı çap olunub. Bunlardan “Mənim anam”, “Su at dalımca, ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, “Ana kəndim Xalxalım”, “Ömrün çıraqdır sənin”, “Sözün hikməti”, “Analı dünyam”, “Haqqa çağıran səs”, “Bayatılar”, “Bayatılar və üç şeir”, “Ruhuna beşiksə, tanı, Vətəndir” və s. kitab və topluları göstərə bilərik.

“Ruhuna beşiksə, tanı, Vətəndir” kitabı hələlik onun sonuncu şeir toplusudur və buna seçilmiş əsərlər də demək olar. “Ruhuna beşiksə, tanı, Vətəndir” şeirlər kitabı Mahirə xanımın poetik düşüncə sistemi barədə dolğun təsəvvür yarada bilir.

Ümumilikdə, Mahirə Nağıqızının şeir yaradıcılığına nəzər saldıqda aydın görünür ki, onun lirik qəhrəmanı zamanın, günümüzün, hisslərimizin ən ağır və dərdli məzmununu özündə əks etdirir. Şairənin “lirik “Mən”i qəlbinin hökmü ilə nəfəs alır, düşünür, sevinir. Düşüncələr daha çox hər an pünhan qalmış sirləri açmağa hazırdır. Burada sevginin tərənnümündən çox, insanın iç dünyasının iztirabları önə çıxır. Bu da təsadüfi deyil, bütün bunlar mənən iztirab və əzab çəkmiş insanın artıq gizli saxlaya bilmədiyi duyğularının sözdə poetikləşən müxtəlif çalarlarıdır:

 O da dağ, bu da dağ, ayrı-ayrıdı,

Çayını aparan dərəsi birdi.

Yalında gözləyə, yan-yörəsində

Yüz ovçu dayana, bərəsi birdi.

Kimdi ox olanı, kimdi yay çəkir,

Kimdi qazan asan, kimdi pay çəkir?

Neçə min ildir ki, ərlər hay çəkir,

Dərdləri cürbəcür, nərəsi birdi.

 Mahirə xanıma bu istedad professor, böyük dilçi alim, ictimai xadim, folklorşünas Həsən Mirzədən və anası, el ağbirçəyi, sinəsi bayatılarla dolu olan Nazlı anadan keçib.

Mahirə Nağıqızı həm də nəğməkar şairdir. Bəstəkarların onun sözlərinə bəstələdiyi onlarca mahnı müğənni və xanəndələrimiz tərəfindən sevilə-sevilə oxunur. Eləcə də çağdaş aşıqlarımız Mahirə xanımın qoşmalarına repertuarlarında mühüm yer verirlər. Əməkdar artist, xanəndə Elnur Zeynalov Mahirə Nağıqızının sözlərinə ürəyəyatan mahnılar bəstələyib. Onların birini də sevilən gənc xanəndə-müğənni Almaxanım Əhmədli şövqlə oxuyur. “Sən olaydın” adlanan nəğmə tamaşaçılar tərəfindən rəğbətlə, məhəbbətlə qarşılanır.

Şairin çoxşaxəli yaradıcılığında Vətənin bütün gözəllikləri Azərbaycanın ekvivalenti anlamını ifadə edən müqəddəs bir məkan kimi simvollaşdırılır. Onun vətən sevgisi bitib-tükənməyən, sonsuzluğa qədər davam edən ən ali, ülvi hisslərin məcmusuna çevrilir:

 Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəlmisən, üzürsən eşq dənizində,

Sənə məhəbbətim, Vətən, bitmədi.

 Erməni vandallarının əsrlərdir Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, otuz il düşmən əsirliyində qalan doğma Qarabağımızın talan edilməsi, yağı tapdağı altında inləməsi şairdə acı təəssüf hissi doğurur, lakin insana ümidsizlik təlqin etmir. Şair vətəni, ana yurdu və onun timsalında xalqımızı, vətən övladlarını məğrurluğa, əyilməzliyə səsləyir:

 Qan axan yarana gözüm yaşını

Dərman əvəziydi, səpələdim mən.

Bu da bir sınaqdı, əymə başını,

Sınıq əhvalına dözə bilmərəm.

Mahirə Nağıqızının “Sən döyüşə hazır ol” şeiri Azərbaycan xalqını bir ideya ətrafında birləşməyə, düşmənlərə qarşı eyni mövqedən çıxış etməyə istiqamətləndirən səfərbərlik çağırışıdır. Şeirdə Azərbaycan əsgərinin qəhrəmanlığına, məğlubedilməzliyinə böyük ümidlər bəsləyən, onun gücünə, qüdrətinə güvənən xalqımızın məğrur və təəssübkeş ziyalısının qəlbində əbədi və əzəli torpaqlarımızın azad olunacağına dərin inamı ifadə olunmuşdur:

 Azərbaycan əsgəri, yolun Şuşaya gedər,

O yürüşün naminə son döyüşə hazır ol!

İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər,

Pir görüşün naminə, son döyüşə hazır ol!

Sən vətənin gücüsən, vətənin əsgər oğlu,

Vətən haya çağırmaz, haraylamaz hər oğlu.

Qızlar gül-çiçəyiylə süslər müzəffər oğlu,

O gəlişin naminə, son döyüşə hazır ol!

 44 günlük Qarabağ savaşında hər bir Azərbaycan əsgərinin devizinə çevrilən bu misralar bizi qələbədən-qələbəyə apardı. Azərbaycan xalqı və onun mübariz, cəsur oğulları zülm və istibdada, erməni vandalizminə son qoydu. Həmçinin bu müqəddəs arzu bütövlükdə Azərbaycan xalqının istəyi kimi reallaşdı, Ali Baş Komandan İlham Əliyevin və yenilməz ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ilin 10 Noyabrında tarixi torpaqlarımız, əzəli Qarabağımız mənfur düşmənlərin caynağından qoparıldı. Bu tarixi qələbə bütün həmvətənlərimiz kimi, Mahirə Nağıqızının da hədsiz sevincinə səbəb oldu və onu yeni-yeni vətənpərvərlik mövzusunda əsərlər yazmağa ruhlandırdı.

Ana məhəbbətinin böyüklüyü, müqəddəsliyi də Mahirə Nağıqızı yaradıcılığının əsas leytmotivinə çevrilən mövzulardandır. Bütün çətinliklərə sinə gərərək min bir əziyyətlə övlad böyüdən, qayğıkeş, mərhəmətli, cəfakeş ana obrazı ümumiləşmiş Azərbaycan qadınlarının simvolu təsiri bağışlayır:

 Sənə açılan gün sənin deyildi,

Bizlə bölüşübsən lap əvvəlindən.

Necə saxlayırdın, möcüzə idi,

Yorğun gözlərində təbəssümü sən.

O gözün nuruyla dünya göründü,

Oradan başladı yolumuz bizim.

Həmin təbəssümdür bəlkə də indi,

Ən böyük sərvəti hər birimizin.

Şeirin hər misrasında ana nəvazişinin istisində qızınan övlad qəlbinin hərarətini, üzündə o müqəddəs varlığın çöhrəsindən nur alan təbəssümünü və böyük həyat eşqini, qurub-yaratmaq əzmini, gələcəyə inam hissini görmək mümkündür.

Bir millətin varlığı, kimliyi, keçdiyi şərəfli tarixi yolu digər mənəvi dəyərlərlə yanaşı, həm də onun ana dilinin saflığında, duruluğunda və çoxçalarlığında ehtiva olunur. Mahirə Nağıqızının yaradıcılığında ana dilinə həsr etdiyi poetik nümunələr də xüsusi yer tutur. “Orxonlardan üzü bəri yazın qalıb, // Altaylardan Balkanlara izin qalıb” – deyən şair Azərbaycan dilinin minilliklər boyu çox çətinliklərdən keçərək cilalanıb günümüzə gəlib çatmasını, xalqımızın zəfər salnaməsinin bu dildə yazılmasını böyük qürur hissilə xatırladır:

 Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim.

Mahirə Nağıqızının zəngin söz palitrasında onun təbiətin, cəmiyyətin və idrakın ümumi inkişaf qanunauyğunluqlarının poetik anlamını, dərin fəlsəfi fikir yükünü daşıyan şeirləri diqqəti cəlb edir. Yaradılışdan bugünədək bəşər övladının keçdiyi ömür yolunun mahiyyətini açan, sirlərlə dolu kainatın möcüzələrinə işıq salan bu poeziya nümunələri şairin öz oxucusu ilə ixtilatı təsiri bağışlayır və insanı dünyanı dərk etməyə, onun var- dövlətinə, şan-şöhrətinə uymamağa, həyatın enişli-yoxuşlu yollarında büdrəməməyə, ağıla və idraka arxalanmağa bir çağırış nidasıdır.

Şair “Yol gələr, yol gedər mənzilə çatmaz, // Yollarda başlayar, bitər bu dünya” kimi fəlsəfi deyimlərdə ucu-bucağı görünməyən qoca dünyanın paradoksallıqlarını yüksək sənətkarlıqla açıb göstərir:

 Ümiddən düşməyən dilək yaratdı,

O, Allah yaratdı, mələk yaratdı.

Ev qurdu, bağ saldı – gerçək yaratdı,

Özünü gəzənin duyğusu – dünya.

Nə salam verəndir, nə salam alan,

Ovqatı ötəri, vüsalı yalan.

Mahirə, söylə ki, bizlərə qalan,

Bir addı, onun da suçlusu dünya.

 Mahirə Nağıqızının polifonik yaradıcılığında onun geniş dünyagörüşünü, həyata və cəmiyyətə baxışını, fəlsəfi fikir yükünü özündə əks etdirən “Rənglərin simfoniyası” şeirinin xüsusi yeri var. Şair min illərin dərin mifik yaddaşına söykənərək yeddi rəngin hər birinin spesifik xüsusiyyətini, çalarlarını simvollaşdıraraq onların əsl mahiyyətini açmağa müvəffəq olur:

Ağappaq dünyamdır ruhuma güzgü,

Əminlik – deyəndə, yada Ağ gələr.

Qırmızı rəngində istəklə sevgi,

Gücün, iradənlə yaşamaq gələr.

Yaşıl – düzgünlüyün, cəhü-cəlalın,

İradə, dözümün özüdür ancaq.

Göy rənglə birləşsə ağıl-kamalın,

Səni yüksəklərə o qaldıracaq.

    Mahirə Nağıqızının çəhrayı rəngi təmiz məhəbbətin, boz rəngi ilahi qüvvətin, qara rəngi bəşəriyyətin pisliyə açdığı dava-dalaşın, sarı rəngi dirçəlişin, zəfər və qələbənin rəmzi kimi simvollaşdırması onun öz sələfləri olan Səməd Mənsurdan, Rəsul Rzadan fərqli bir yanaşma sərgilədiyini göstərən maraqlı məqamlardır.

Görkəmli alim, pedaqoq, istedadlı şair, Əməkdar müəllim Mahirə Nağıqızı 30 ildən artıqdır ki, böyük yaradıcılıq yolu keçərək ədəbi fəaliyyətinin kamillik zirvəsinə yüksəlmişdir. Azərbaycan elminin, zəngin və çoxəsrlik ədəbiyyatımızın inkişafına dəyərli töhfələr verən Mahirə Nağıqızına yeni-yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayırıq!

Müəlliflər:

Vüqar ƏHMƏD,

Gülbəniz BABAYEVA,

İlkin mənbə: Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 19.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

GÜLBƏNİZ BABAYEVA – VÜQAR ƏHMƏDİN YARADICILIĞINDA QARABAĞ MÖVZUSU

VÜQAR ƏHMƏDGÜLBƏNİZ BABAYEVA

Vüqar Əhməd çağdaş Azərbaycan ədəbiyyatında zəngin və çoxşaxəli yaradıcılığı, novatorluğu ilə seçilən sənətkarlardan biridir. Müstəqillik dövrü ədəbiyyatının yaradıcılarından olan Vüqar Əhmədin ədəbi fəaliyyəti mövzu, ideya, janr və üslub rəngarəngliyi ilə diqqəti cəlb edir.

Vüqar Əhməd “Rus uşaq ədəbiyyatı və Azərbaycan” (Bakı, 1992), “Mircəfər Pişəvərinin həyatı, mühiti və yaradıcılığı” (Bakı, 1998), “Azərbaycan uşaq ədəbiyyatı” (Bakı, 2006), “Ədəbiyyatşünaslıq” (Bakı, 2007), “Anam mənim” (Tehran, 2008), “Şeyx Məhəmməd Xiyabani” (Bakı, 2010), “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), Cənubi Azərbaycan və Qarabağın tarixini əks etdirən “Qaradağlılar” roman-trilogiyası (2014), M.Ə.Rəsulzadəyə ithaf olunan “Son nəfəsədək Azərbaycan” romanı (2014), “Cənubi Azərbaycan poeziyası” (2014), Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. (M.Şəhriyarın farsca yazılan əsərlərinin poetik və filoloji tərcümələri (2016), “Ədəbi-elmi portretlər” (2017), “Cənubi Azərbaycan şeir antologiyası” (2018), “Plyus bədii yaradıcılıq” (ədəbi almanax) I-II kitab (2017-2018), “Koroğlu” (2020), 2 pərdəli, 5 şəkilli “Salehlər sultanı” librettosu (2022), (Hacı Zeynalabdin Tağıyevə ithaf olunmuşdur), 2 hissəli, 20 şəkilli “Yaşa, Azərbaycan” pyesi (Məhəmməd Əmin Rəsulzadəyə həsr edilmişdir.

Əsər Hayrettin İvgin tərəfindən tərcümə edilərək Türkiyədə çap edilmişdir) və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalənin müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Belçika, İtaliya, Hindistan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz və musiqi müəllifidir.

Vüqar Əhmədin çoxşaxəli yaradıcılığında şairin müxtəlif mövzularda qələmə aldığı ana dilinin saflığını, bədii təsvir və ifadə vasitələrinin zənginliyini özündə əks etdirən poeziyası xüsusi yer tutur. Şairin yaradıcılığının ana xəttini vətən torpaqlarının bölünməzliyi, Qarabağ, Şuşa, Təbriz dərdi, Göyçə nisgili, ana məhəbbətinin ülviliyi, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun qəhrəmanlıqları, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörənliyi sayəsində düşmən üzərində tarixi qələbənin tərənnümü və başqa mövzular təşkil edir. 40 ilə yaxın zəngin və məhsuldar yaradıcılıq yolu keçən Vüqar Əhmədin “Ağsaçlı palma”, (1995) “Mənim nəğmələrim” (2002 ), “Anam mənim” (2002) “İlhamım gələndə…” (2003) “Nəğməli dünyam”, (2004), “Yaxşı günlər öndədir” (2005), “Şuşanın dağları başı vüqarlı” (2022) və başqa şeir kitablarında Azərbaycan, onun tarixi keçmişi, bu günü və gələcəyi, vətən torpağının ağrı-acıları, erməni vandallarının 30 il işğal altında saxladığı əbədi və əzəli Qarabağ torpaqlarının düşmən tapdağı altında öz nicat yolunu gözləməsi, ana yurdun bölünməzliyi və əbədiliyi kimi poetik düşüncələri yüksək şeiriyyətlə qələmə alınmışdır. Azərbaycanın xalq şairi Məmməd Araz Vüqar Əhməd yaradıcılığının özünəməxsus, spesifik xüsusiyyətlərini yüksək dəyərləndirərək yazır: “ O, bizim klassiklərə, yaşlı nəslə mənsub şairlərin yaradıcılığına hər zaman həssas yanaşmış, onların poeziyalarından bəhrələnmiş, öz töhfələrini vermişdir. Şeirlərini nəğmə üstə yazan şairin öz deyim və yazı dili var, heç kimi təkrarlamır. Vüqar poeziyamızda öz inamlı addımlarını atır. İnanıram ki, Vüqar bundan sonra da öz oxucularını təzə-təzə şeirləri ilə sevindirəcək və onlara mənəvi zövq verəcək” .

Azərbaycan xalqının XX əsrin sonunda üzləşdiyi Qarabağ problemi, itirilmiş yurdun, şəhid vətən övladlarının həsrəti, yanğısı, öz torpaqlarında qaçqına, köçkünə çevrilən həmvətənlərimizin köksündə dərin yara açmış yurd həsrəti, doğma el-obanın zirvəsi qarla örtülən əzəmətli dağları, cənnəti andıran qeyri-adi füsunkarlığı, min bir rayihəli gül-çiçəyi, bumbuz bulaqları, çayları, dağların sinəsini dəlib keçən gur şəlalələri şairin yaradıcılığının əsas leytmotivinə çevrilmişdir. Vüqar Əhməd az qala hər bir şeirində Qarabağ adını anmadan, o müqəddəs torpağa sevgi qarışıq nisgilini izhar etmədən keçə bilmir:

Həsrət qalıb ağlar gözüm üzünə,

Nəğmə qoşdum bayatına, sözünə,

Əlim çatmır əsir Cıdır düzünə,

Nəmli yanaq, cənnət-məkan Qarabağ.

Şeirin hər sözünə hopmuş qəm, kədər, həsrət, doğma vətənin dilbər guşəsindən ayrı düşmüş, onun gözəlliklərini seyr etməkdən məhrum olan bir şairin qəlb çırpıntılarıdır. Bu dözülməz ağrını qəlbində yaşadan şair yuxularında vətən torpağının ayrılmaz parçası olan Qarabağı ziyarət etməklə bir təskinlik tapır. Şeirdə insanlarda gələcəyə inam, nikbin hisslər təlqin edilir. Oxucu dərk edir ki, bu yuxu nə zamansa həqiqətə çevriləcək:

Şuşanı yuxumda gördüm dün gecə,

Şəhərim bərbaddır, ilahi necə,

Oyaqkən, röyada, gündüz, həm gecə,

Cənnət bağındayam, Qarabağdayam.

Şair “Şəhidim” şeirində vətən torpaqlarını öz qanları, canları ilə qoruyaraq ən ali zirvəyə-şəhidlik məqamına yüksələn minlərlə qəhrəman oğulların ümumiləşmiş obrazını yaradır, kədərini, ağrısını, həsrətini yana-yana izhar edir:

Vətən torpağını qucan şəhidim,

Ruhları göylərə uçan şəhidim,

Torpağa qovuşdun haçan şəhidim?

Ömrü yarı qalan nakam şəhidim .

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5yanvar 2022 –ci il tarixli sərəncamı ilə bu il “Şuşa İli” elan edilib. Sərəncamda deyilir: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”. Şuşa sevgisi Vüqar Əhməd yaradıcılığının da prioritet mövzusudur.Vüqar Əhmədin oxuculara təqdim edilən yeni kitabı “Şuşanın dağları başı vüqarlı” (2022) adlanır. Şair bu sərlövhəni təsadüfən seçməmişdir. Kitab Azərbaycan musiqisinin qüdrətli sənətkarı, xalq mahnılarımızın və muğamlarımızın bənzərsiz ifaçısı Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı …” misraları ilə başlayan məşhur mahnısının, zəfər salnaməmizin zirvəsini təşkil edən, mədəniyyət və gözəllik beşiyi Şuşanın işğaldan azad olunması və erməni vandalizmi üzərində tarixi qələbəmizin şərəfinə belə adlandırılmışdır:

İndi çəkilibdir dumanı, çəni,

Xarı bülbül dolu çölü, çəməni,

Şuşa başdan- başa uca səməni,

Şuşanın dağları başı vüqarlı.

Yenə havalanır sədası Xanın,

Ruhu şad İbrahim, həm Pənah xanın,

Bu şəhər ruhudur Azərbaycanın,

Şuşanın dağları başı vüqarlı.

Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusunda qələmə aldığı şeirlərini iki mərhələyə bölmək olar. Əgər Birinci Qarabağ savaşına aid şeirlərdə qəm, kədər, qüssə, həsrət kimi həzin, kövrək hiss və duyğular aparıcıdırsa, İkinci Qarabağ savaşında isə bu hüznlü notlar qəhrəmanlıq, cəsurluq, mərdlik, düşmənə meydan oxumaq kimi mənəvi ucalığa, qalibiyyətə, azadlığa çağırış harayı ilə əvəz olunur və onun əbədiliyinə nikbin bir inam hissləri ifadə edilir:

Şəhidlərin ruhu da qələbəyə sevinir,

Millətimin ürəyi tam zəfərlə döyünür,

İndi dünya TÜRKLƏRİ Sizin ilə öyünür,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

Düşmən artıq can üstə, düşmənin verdiyi candır,

Bütün cahan bilir ki, Qarabağ Azərbaycandır!!!

Sayəndə vətənimiz qalib Azərbaycandır,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

“Ali Baş Komandanım”, “Qarabağ Azərbaycandır”,”Qələbə ətirli Qarabağdayam”, ”Şəhidlər”, “Vətəndir”, “Vətənimdir”, “Azərbaycan bayrağı”, “Təbrizlə Qarabağ Azərbaycandır!”, “Torpağımız alınandan”,“Vətən bayatıları”, “Cənnət Qarabağ”, “Vətənimi qorumağa”, Əsgərə məktub”, “Zəfər marşı”, “Qarabağ haqqında esse”, “Vətən torpağımın şanı, şöhrəti, bax, şair eylədi Vüqar Əhmədi” və s. şeirlərinin hər biri məna tutumu, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir. Torpaqlarımız işğaldan azad olunduğu zaman şairin yazdığı bu şeirlər həm düşündürücü, həm də səfərbəredicidir.

Tədqiqatçı Dilbər Rzayeva şairin cənab İlham Əliyevin Vətən Müharibəsinin epiqrafına çevirdiyi məşhur “Qarabağ Azərbaycandır!” aforizminin təsiri ilə qələmə aldığı eyni adlı şeirin təsir gücündən söhbət açaraq yazır: “Vətən savaşı bir daha Azərbaycan xalqının birlik və bərabərliyini dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın savaşa çağırış şüarı-“Qarabağ Azərbaycandır” ifadəsi torpaqlarımızın azadlığı üçün əsas şərtlərdən idi. Vüqar Əhmədin poeziyasında bu birlik və bərabərlikdən doğan sevinc zəfər sevinci qədər önəmli yer tutur. Şair “Qarabağ Azərbaycandır” şeirində zəfərimizin gözəl birlik-bərabərlik, xoşbəxtlik tablosunu yaradır. Şeirdə Rəcəb Tayyıb Ərdoğan və İlham Əliyev birliyinin, qardaşlığının da böyük əhəmiyyəti olduğu vurğulanır”.

Vüqar Əhmədin lirik mahiyyətli “Məhəbbət poeması”nda insanı xoşbəxtliyə, gələcəyə, nəcib və xeyirxah əməllərə, daxili zənginliyə, mənəvi ucalığa, humanizmə səsləyən əsl məhəbbətdən söhbət açılır və onun ayrı-ayrı çalarları çeşidlənərək hər birinin rəngarəngliyi poetik sözün gücü ilə yeni keyfiyyət qazanaraq oxucuya çatdırılır. Uşaqlıq illərində anaya, yeniyetməlik, gənclik illərində sevgiliyə, yetkinlik, kamillik dövründə vətənə bəslənilən bu ülvi hissin insanı gözəllik haqqında düşündürməsi, onu bəşəri duyğularla tərbiyələnməyə sövq etməsi poemanın əsl mahiyyətini açıqlayır. Təbii ki, şair vətən məhəbbətini ön plana çəkərək onu uca, ali bir zirvədə qərarlaşdırır:

Vətən məhəbbəti necə müqəddəs,

Onu sevməlidir, hər insan, hər kəs…

Sözüm odur ki, biz Vətəndən doymayaq,

Düşmən qabağında biz qul olmayaq.

Vüqar Əhmədin şeirləri problematika, mövzu və ideya zənginliyi ilə yanaşı, dil-üslub, bədii-məcazi imkanlardan maksimum istifadə baxımından da diqqəti cəlb edir. Şairin poetik nümunələrində canlı danışıq üslubundan, xalqın zəngin folklorundan istifadə əsərlərinə orijinallıq və lakoniklik gətirir, estetik cəhətdən oxucuya zövq aşılayır. Şeirlərində sözlərdən məqamında, yerli-yerində istifadə edən şair boş sözçülüyə , mənasız ifadələrə, qafiyə xatirinə qafiyələrə yol vermir, sözdən qənaətlə yararlanır, onun məna tutumuna, fikir yükünün ağırlığına önəm verir. Şeirlərindəki təbiilik, axıcılıq, lakoniklik onların bədii təsir gücünü artırır.

Nəğməkar şairin şeirlərinə obrazlılıq gətirən frazeoloji dil vahidlərindən, epitet, təşbeh, metafora, metonimiya, mübaliğə və s. bədii təsvir və ifadə vasitələrindən doğru, düzgün və qədərincə istifadə etməsidir

Bəxtim də qaradı, saçım da qara,

Saçlarım ağardı, bəxt ağarmadı.

Deyin dərd əlindən mən gedim hara,

Saçım ağarınca, bəxt ağaraydı.

Səadətin yenə üzü çönübdür,

Bəlkə elə bəxt ulduzum sönübdür.

Vüqar Əhməd bir dərvişə dönübdür,

Saçım ağarınca, bəxt ağaraydı.

Şair öz əsərlərində bədii təkrirlərdən, istiarələrdən, cinas qafiyələrdən sənətkarlıqla yararlansa da, heç vaxt təkrarçılığa, sxematikliyə yol vermir. Klassik ənənələrə sadiq qalan şairin əruz, heca və sərbəst vəznli şeirlərində poeziya dili üçün səciyyəvi olan ahəngdarlıq, emosionallıq, sərrastlıq, axıcılıq və yığcamlıq xarakterikdir. Vüqar Əhməd poeziyasında ənənə və novatorluğun sintezindən yaranan bir üslub formalaşdırmışdır:

Bir incidir, sədəfdir söz,

Bəd sözlərə bənd olma heç.

Sonu uzun kələfdi söz,

Bulağından doyunca iç.

Vüqar Əhmədin yaradıcılığında onun “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), “Qaradağlılıar trilogiyası” (2014), “Son nəfəsədək Azərbaycan” (2014) və “Koroğlu” (2020) romanlarının xüsusi yeri vardır.

“Qarabağ yuxusu və yaxud yuxuda qələbə” avtobioqrafik romanında vətən torpaqlarının bütövlüyü naminə xalqı mübarizəyə və birliyə çağırış ideyası ön plana çəkilir. Qarabağın azadlığını, qalibiyyətini yuxuda görən yazıçı real gerçəkliklə irreal məkan, röya arasında bir körpü yaradaraq yuxularının gerçəkləşəcəyinə inam ifadə edir: “Bircə onu bilirəm ki, bu yuxu olsa da, ruhum həqiqətən Qarabağa getmişdi. Bu arzu olunan, gerçəkləşən bir röya idi, əfsanəvi həqiqət idi. Mən inanıram ki, uca yaradan bu yuxunu gerçəyə çevirəcək və türk oğlu türk düşmənin burnunu ovub Qarabağı azad edəcək”.

Romanın yüksək məziyyətlərindən bəhs edən Aynurə Əliyeva yazır: “Əsər müqəddəs ruh və ideyaların təbliği fonunda xalqımız, eyni zamanda vətənimiz üçün vacib olan məsələlərin əksi baxımından əhəmiyyətlidir. Romanda memuarçılıq tərzi üstünlük təşkil etsə də, bu ideya Qarabağ qələbəsi üzərində qərar tutur. Müəllif haqlı olaraq Qarabağ “Qələbə marşı” nın “söz-musiqi” kompleksində milli birlik düşüncəsinin vacibliyini irəli sürür. Ona görə də vicdanlı, vətənsevər insanların birliyi əsərdə ideyanı doğuran başlıca amil səviyyəsində təqdim olunur. Romanda müəllif qələbəyə vətəndaş və türk birliyinin reallıqları çərçivəsində yanaşır. Lakin əsərdə bəşəri kontekstin mövcudluğu vətəndaş və türk birliyini dünya sülhsevər qüvvələrinin birliyi xətti ilə üst-üstə qoymağa imkan verir. Bu mənada müəllif dünya siyasi liderləri, nizami ordu və könüllü xalq qruplarını təcavüzkar Ermənistanla son döyüşdə müəyyən mövqe sıralarında problemə həm qlobal müstəvidə yanaşır, həm də qələbənin labüdlüyünü həmrəy olmaqda görür”.

Doğrudan da, yazıçının romanda uzaqgörənliklə əks etdirdiyi tarixi qələbəni Azərbaycan xalqı 8 il sonra, 2020- ci ilin noyabrında qazana bildi.

Tarixi mövzuda yazdığı “Koroğlu”(2020) romanı Vüqar Əhmədin dördüncü romanıdır. Vüqar Əhmədin “Koroğlu” dastanının motivləri əsasında qələmə aldığı romanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunub.

Professor Seyfəddin Rzasoy roman haqqında fikirlərini belə ifadə edir: “Vüqar Əhməd bu əsəri Azərbaycanın qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazmış Mübariz İbrahimova ithaf etmişdir. Buna da səbəb, şübhəsiz ki, ən əlçatmaz zirvələrdən biri olan şəhidlik zirvəsinə yüksəlmiş igidlər igidi Mübariz İbrahimovun milyardlarla insandan birinə nəsib olan fövqəladə şücaəti, məhz çox zaman düşmənin üstünə təkbaşına gedən Koroğlu kimi bir həmlədə yüzlərlə düşmənin leşini leş üstünə qalamasıdır.

Həqiqətən də, Mübariz İbrahimov Koroğluya çox bənzəyir. Etiraf etmək lazımdır ki, biz bir xalq olaraq zəmanəmizin Koroğlusunu çoxdan gözləyirdik və budur, Koroğlu yeni qiyafədə, artıq Misri qılıncla yox, müasir silahlarla silahlanmış, lakin fiziki qüdrətindən, zirəkliyindən, qorxmazlığından, vətənpərvərliyindən, basılmazlığından, yenilməzliyindən, yüksək mənəvi keyfiyyətlərindən, nəcib sifətlərindən, əməlisalehliyindən, işıqlı imanından, eyni zamanda qüsursuz yaraşıqlı görkəmindən Koroğlunu bizə çox xatırladan yeni bir Koroğlu peyda oldu. Və gəlişilə hələ qiyamətə qədər də Koroğluların doğulacağını populist nitqlərlə, alovlu çıxışlarla yox, heyrətamiz ruhu, cəsurluğu və fövqəladə hərbi bacarığı ilə bəyan etdi.”

Vüqar Əhmədin Qarabağ mövzusunda qələmə aldığı şeirləri və nəsr əsərləri gənclərimizə vətənpərvərlik hissi, yurd, vətən sevgisi aşılayan, onları mübarizəyə, qələbəyə səsləyən əsl sənət örnəkləridir.

Müəllif: Gülbəniz BABAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent.

GÜLBƏNİZ BABAYEVANIN YAZILARI

VÜQAR ƏHMƏDİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru