Etiket arxivi: Həjar Şamiloğlu

Həjar Şamiloğlunun “Heç bilmədik necə sevdik sevəndə” adlı Azərbaycanda çap olunan ilk kitabının imza günü 25 oktyabr 2026-cı il

Uzun illər vətəndən uzaqda yaşayan tanınmış yazıçı, şair Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabı çap edilib. Kitab “Mücrü” nəşriyyatında işıq üzü görüb. Müstəqil.Az bu münasibətlə ədəbi tənqidçi Rəqsanə Süleymanın şairlə etdiyi qısa söhbəti təqdim edir:

-Azərbaycanda, vətəndə ilk şeir kitabınız çıxdı. “Gecikmiş kitab” desək?.. Kitabdakı şeirlərin çoxu 80-ci və 90-cı illərdə yazılıb. Niyə bu qədər gecikdiniz?

– Bəli, ilk kitabım, səhv etmirəmsə, 1992-ci ildə “Gənc şairin ilk kitabı” seriyası adı altında dövlət nəşriyatlarının birində çap olunmalıydı. Nəşriyyatın rəsmi planında vardı. Çap etmədilər… Bu haqda bir şeirim də var, həmin şeir əlinizdəki bu kitaba salınıb. Nəysə bu məsələlərə girməsək yaxşıdır, irəliyə baxacağıq. Keçən keçdi, olan oldu. Keçmişlə yaşamaq, bir şey qazandırmaz, gələcəklə və gələcəkdə yaşamaq lazımdır.

-Lakin bu sizin ilk kitabınız deyil, fərqli ölkələrdə və fərqli dillərdə onlarla kitabınız çap olunub; roman, elmi araşdırma, publisistika, lüğət, tərcümə və s. müəllifi olduğunuz kitablar var. Son kitabınızda 25 kitabın müəllifi olduğunuz yazılıb.

-Bəlkə də, 25-dən də çoxdur… Ancaq “Heç bilmədik necə sevdik sevəndə” adlı Azərbaycanda çap edilən bu son kitabın xüsusi bir yeri və mənası var mənim üçün. 40 illik duyğuların toplamıdır. Ordakı hər şeirin xüsusi bir tarixçəsi, ölkəsi, rayonu, kəndi, dağı, dərəsi, ağacı, gülü-çiçəyi var.

-Bir də vətəndə çap olunan ilk kitabdır… Kitabda xüsusi marağımı çəkən detallardan biri budur ki, şeirlər xeyli bir-birindən fərqli şəhərlərdə yazılıb. Sərgərdan bir şeirlər kitabı… Məncə, ədəbiyyatımızda bu qədər çox şəhərlərdə yaşayaraq yaratmış şairin şeirlərindən ibarət belə bir kitab yoxdur.

–Bu fikrimi və inancımı bir neçə dəfə demişəm və yazmışam: Vətən, hər şeydən qabaq insandır, insanlardır. Yəni sevdiyin, səni sevən insanların yaşadığı torpaq parçasıdır vətən. Çoxları doğulub böyüdüyün yerə vətən deyirlər. Heç bir etirazım yoxdur bu yanaşmaya. Əlbəttə ki, doğulduğun kənd, rayon, ölkə Vətəndir! Ancaq insan dünyanı, insanı, insanlığı daha dərindən anladıqca heçbir yerə aid ola bilməməyin və hər yerə aid olmaq istəyinin, ərdəminin lənətli dilemması ilə iç-içə, üz-üzə qalır.
Mən 10 il yaşadığım Qırğızıstanı da vətən hesab edirəm. Çünkü tanıdığım, sevdiyim gözəl insanlar var orda.
Azərbaycanı mənə vətən edən burdakı yaxşı insanlardır, Kəlbəcərdə bitən əzgil ağacı, qantəpər gülü deyil…
Azərbaycanı mənə vətən edən Sizsiniz… bütün sevdiklərimdir.
Dünən bir məclisdə belə bir cümlə işlətdim: “Bəlkə də, Azərbaycanda Faiq Balabəyli adında bir insan olmasaydı, bu gün bu kitab əlinizdə olmayacaqdı.” Əlbəttə ki, Faiqdən başqaları da var. Sevdiyim kişi adamlar, nazlı-ismətli xanımlar var…
Faiq qardaşım bariz nümunə olduğu üçün adını hallandırdım. Adıma min bir qara yaxıldığı zamanlarda, Faiq Balabəyli qorxmadan, çəkinmədən dostluğumuzun, vətəndaşlığın arxasında durdu, məndən müsahibələr aldı, şeirlərimi çap etdi. Faiq elə vətənin özüdür.

–Kitabınızdakı şeirlərin çoxu 30-40 il əvvəlkilərdir. Amma son bir ildə yazılmış şeirlər də var. Şeirə qayıtdınız?

–Bilmirəm. Bu cümləni deyərli Aybəniz Kəngərli xanımla söhbətimdə də demişdim: Hər zaman şair oldum. Ancaq şeir yazmayan şair. Şeir yazmaq iztirabdır, müsibətdir. Başqalarını bilmirəm, amma mənim hər şeirim bir ton göz yaşı ilə yazılıb.
Şeir yazmasam da, “Hər zaman şair oldum” dedim.
30 il aradan sonra son bir ildə on minlərlə şeir oxudum, Azərbaycandakı əksər şairi oxudum demək olar. 30 illik boşluğu doldurmaq hərisliyi bəlkə. Nəticədə 30 ildə çox şey itirmədiyimi gördüm. Amma ciddi qələmlər kəşf etdim! Xüsusi iIə qadın şairələr arasında. Nə qədər sevindiyimi təsəvvür etməzsiniz! 1980-1990-cı illərdən bu qədər güclü qadın şairələr yoxdur mənə görə. İndi var. Üç imzanı xüsusi ilə izləyirəm.

– Adları?

-Yox, deyə bilmərəm, başqalarını incidər… Qadın duyğusunun şeirə gətirilməsi başlı-başına hadisədir. Hamısı yaxşı yazır.

– Son sual. Özünüz imza günündə iştirak edəcəksiniz?

– Siz imza günündə iştirak etməyimə necə baxırsınız?

– Çox yaxşı. Sizi öz imza gününzdə gözləyirik!

-Yaxşı gününüz olsun. Demək ki, hər şey yaxşıdır. Bir də zəhmət olmasa Faiq Balabəyliyə deyin ki, imza gününün sahibi Odur.

P.S XÜSUSİ TANITIM

Həjar Şamiloğlu (Hejarê Şamil) kimdir?

Özündən soruşduq: Sizi necə təqdim edək? Belə cavab verdi:
1966-cı ildə Kəlbəcərdə dünyaya göz açıb.
Bakıda filologiya fakültəsində oxuyub. Şeir, məqalə və kitablar yazıb. Azərbaycan və Kürdüstan arasında körpü olmaq misiyasına inanıb və hələ də inanmaqdadır. Ancaq ən böyük inancı Eşqdir. Həyatın mənasını tapıb: Sadəcə Eşq!

Zəruri xatırlatma:

Həjar Şamiloğlunun “Heç bilmədik necə sevdik sevəndə” adlı Azərbaycanda çap olunan ilk kitabının imza günü 25 oktyabr 2026-cı il, bazar günü saat 14:00–15:00 aralığında keçiriləcək. Tədbir 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində, “Mücrü” nəşriyyatının stendində baş tutacaq.

Bakı Ekspo Mərkəzi Heydər Əliyev prospekti, 515 ünvanında, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində yerləşir.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I