Professor Mahirə Hüseynovanın Şamaxıda tələbələrlə görüşü olub
Şamaxı Rayon İcra Hakimiyyəti, ADPU və universitetin Şamaxı filialının, eləcə də Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində filologiya elmləri doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şairə Mahirə Nağıqızının Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələri ilə görüşü keçirilib.
Tədbir həm görüş, həm də ədəbi-bədii məzmunlu yaradıcılıq gecəsi formatında təşkil olunub.
Tədbirdə Milli Məclisin deputatları, ADPU-nun və Şamaxı filialının professor-müəllim heyəti, tələbələr, məzunlar,mədəniyyət işçiləri və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova və Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın, o cümlədən Şamaxının poeziya mühitindən, ədəbiyyatın cəmiyyətin inkişafında rolundan, şairə Mahirə Nağıqızının Azərbaycan ədəbiyyatına, elm və təhsilin inkişafına verdiyi dəyərli töhfələrdən, ziyalı mövqeyindən və gənclərin mənəvi dünyasının formalaşmasındakı xidmətlərindən danışıblar.
Tədbirdə Əməkdar artistlər Elnur Zeynalov, Elnarə Abdullayeva, Güllü Muradova, “Cahan” muğam qrupu və “Eşq” ansamblı şairənin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.
ADPU Şamaxı filialının tələbələri Mahirə Nağıqızının şeirlərini səsləndirib. Müəllif tələbələrin çoxsaylı suallarlarını cavablandırıb. Görüşün sonunda Mahirə Nağıqızı tələbələrə təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayaraq, gənclərin mənəvi-estetik tərbiyəsində ədəbiyyatın və müəllim əməyinin rolundan danışıb.
NDU-da prof.Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi ilə bağlı möhtəşəm tədbir keçirilib
NDU-da tanınan alim-şair, professor, ictimai xadim, təhsil təşkilatçısı Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək
20 oktyabr 2025-ci il saat 11:00-da Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, tanınan şairə, ictimai xadim, təhsil təşkilatçısı, Qərbi Azərbaycan İcmasının üzvü, professor Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi münasibəti ilə onun elmi, bədii, ictimai yaradıcılığını əks etdirən möhtəşəm tədbir keçirilib.
Çox hörmətli, alicənab, Azərbaycaanımızın dəyərlərinə dərin hörmət bəsləyən Elbrus Isayevin bu gözəl təşəbbüsü, Azərbaycanın Tomris qeyrətli, Qərbi Azərbaycan nisgilli, dəyər sahibi, elm və təhsil təşkilatçısı, Həsən Mirzə kökənli, saz, söz, təhsil adamı, əvəzolunmaz xanım şairəsi Mahirə Nağı qızı Hüseynovanın yubiley tədbirinin NDU-da keçirilməsi örnək hadisədir. Gənclərimizə dəyərlərimizin, söz adamlarımızın, dövlètimiz, xalqımız, təhsilimizdə əməyi olan insanların tanıdılması, qiymətləndirilməsi baxımından əhəmiyyətli və yaddaqalan hadisədir. ADPU ziyalıları adından Sizə minnətdarıq, dəyərli Elbrus müəllim. Keçirdiyiniz hər bir tədbirinizlə, fəaliyyətinizlə nümunə insansınız! Var olasınız!
Salam olsun, çox dəyərli oxucum! Mahirə Nağıqızının 65 illliyinə həsr etdiyim “İnsan, yurd və ana dili” adlı silsilə yazımın yekun – altıncı bölümü ilə qarşınızdayam.
Mahirə Nağıqızının yaradıcılığı Azərbaycan ədəbi düşüncəsində milli dəyərlərin, mənəvi bütövlüyün və insanilik fəlsəfəsinin parlaq ifadəsidir. Onun poetik və nəsr əsərlərində “insan”, “yurd” və “ana dili” anlayışları yalnız bədii motiv deyil, həm də milli kimliyin, varlıq fəlsəfəsinin əsas dayaqları kimi təqdim olunur. Bu üç mövzu – insan, yurd, ana dili – Mahirə Nağıqızının bütün yaradıcılıq istiqamətlərini birləşdirən mənəvi üçbucaqdır. Biz bu çuğlaşmanı ümumilikdə “yurdsevərlik” – vətənpərvərliyin ən ali mərtəbədə təzahürü kimi dəyərləndirdik. Bu yekun yazımda bir daha Mahirə Nagıqızının yazdıqlarını bu üç aspektdən nəzərdən keçirib, ümumi tezislərlə silsilə yazımı yekunlaşdıracam.
İnsan – ruhun güzgüsü
Mahirə Nağıqızının əsərlərində “insan” anlayışı sadəcə bioloji varlıq kimi deyil, mənəvi dünyası, vicdanı və ruhu ilə dərk olunan canlı varlıq kimi təqdim olunur. O, insanı həm cəmiyyətin, həm də tarixin daşıyıcısı kimi görür. Yazıçının qəhrəmanları çox zaman daxili mübarizə aparan, mənəvi seçim qarşısında qalan insanlardır. Onlar həm öz “mən”lərini, həm də toplumun ağrısını daşıyırlar. Nağıqızının qələmi ilə insanın həyat yolunun, taleyin və inamın toqquşduğu nöqtələr açılır. O, insanı əzabları ilə sevir, onun zəifliyində böyüklük, səssizliyində müdriklik görür. Beləliklə, insan Mahirə Nağıqızının yaradıcılığında bəşəri varlığın mənəvi güzgüsünə çevrilir.
Yurd – ruhun məkanı
Mahirə Nağıqızının ədəbi aləmində “yurd” anlayışı sadəcə coğrafi məkan deyil, sevginin, kökün və yaddaşın ünvanıdır. Onun şeirlərində və hekayələrində yurd həsrəti insanın ən dərin hisslərindən biri kimi ifadə olunur. Bu həsrət həm doğma torpağın itkisi, həm də mənəvi uzaqlaşmanın ağrısıdır. Nağıqızı üçün yurd – təkcə torpaq deyil, həm də tarixdir, milli kimlikdir, keçmişlə gələcəyi bağlayan körpüdür. Onun qəhrəmanları vətənə qovuşmaq, torpağın qoxusunu duymaq, uşaq səsinə, ana nəfəsinə qayıtmaq arzusu ilə yaşayır. Yazıçı üçün yurd sevgisi millətin yaşamaq iradəsidir.
Ana dili – ruhun səsi
Mahirə Nağıqızının yaradıcılığında ana dilinə münasibət xüsusi bir sevgi və məsuliyyətlə ifadə olunur. O, dili sadəcə ünsiyyət vasitəsi kimi deyil, milli varlığın qoruyucu qalxanı kimi təqdim edir. Nağıqızının fikrincə, ana dilinə sevgisi olmayan xalqın gələcəyi də ola bilməz. Onun şeirlərində dilin saflığı, milli sözün gücü, ana laylasının sehri təntənə ilə tərənnüm olunur. Ana dili onun üçün həm şəxsiyyətin formalaşması, həm də millətin öz kimliyini, milli mənsubiyyətini yaşatması və milli özünüdərkin tamamlanması üçün ən vacib amildir.
Yekun – yurdsevərlik
Mahirə Nağıqızının yaradıcılığında insan, yurd və ana dili bir-birindən ayrı mövzular deyil, bir bütöv mənəvi sistemin parçalarıdır. İnsan – o dili danışan, o yurdda yaşayan və o torpağın ağrısını duyan varlıqdır. Yurd – insanın ruhunda yaşayan torpaq, dil isə həmin torpağın nəfəsidir. Nağıqızının yaradıcılığı oxucunu mənəvi oyanışa, milli özünüdərkə və insanlıq dəyərlərinə çağırır. Onun qələmində hər söz bir dua, hər obraz bir yaddaş, hər fikir bir çağırış kimi səslənir.
Mahirə Nağıqızı bu üç mövzunu — “insan”, “yurd” və “ana dili”ni — milli ruhun təməl sütunları kimi ucaldaraq Azərbaycan ədəbiyyatında özünəməxsus bir mənəvi xətt yaratmışdır.
Bununla da bu mövzuda söhbətimizin sonuna gəldik, əziz və çox dəyərli oxucum. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun!
Salam olsun, çox dəyərli oxucum! Mahirə Nağıqızının 65 illliyinə həsr olunmuş silsilə yazımın beşinci bölümü ilə söhbətimizə davam edirik.
Azərbaycan ədəbiyyatında publisistika xüsusi bir mərhələdir. Bu janr həm tarixi yaddaşın qorunmasına, həm ictimai-siyasi hadisələrin işıqlandırılmasına, həm də milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. Müasir publisistikamızda bu missiyanı özünəməxsus üslubu, duyğusal səmimiyyəti və eyni zamnada elmi-nəzəri, analitik baxış bucağı ilə davam etdirən qələm sahiblərindən biri də Mahirə Nağıqızıdır.
Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının (Hüseynovanın) elmi məqalələri belə demək olar ki, onun can-dildən sevə-sevə həyata keçirdiyi yurdsevərlik (ana dilimizin qayğıları çərçivəsində) missiyasının tərkib hissəsinə çevrilir. Bu baxımdan Mahirə Nağıqızının qələm təcrübələrinin böyük əksəriyyəti özündə tamam fərqli və yeni çalarlar əks etdirir. Elmlə bədiiliyin çuğlaşmasından yaranan faydalı və ecaskar belə nümunələri elmi-publisistik üslubda qələmə alınmış ədəbiyyat salnamələri adlandırmaq olar.
Mahirə Nağıqızının publisistik məqalələrinin əsas məziyyəti onların oxucu ilə canlı ünsiyyət qurmasıdır. Onun yazılarında quru faktlardan daha çox hadisələrin arxasındakı mənalar, insan taleləri, milli yaddaşın izləri və dil məsələləri ön plana çəkilir. Müəllif oxucunu hadisənin sadəcə şahidi deyil, həm də iştirakçısı, problemin daşıyıcısı kimi görür
Mahirə Nağıqızının publisistik yazılarında bir neçə əsas mövzu diqqəti cəlb edir:
-Milli kimlik və vətənpərvərlik – Onun məqalələrində Azərbaycan torpaqlarının tarixi, xalqın mübarizə yolu, şəhidlik zirvəsinə ucalan qəhrəmanların həyatı geniş işıqlandırılır.
-Mədəniyyət və ədəbiyyat – Müəllif Azərbaycan ədəbiyyatının və folklorunun unudulmaz dəyərlərinə, söz sənətinin böyük nümayəndələrinə tez-tez müraciət edir.
-Sosial problemlər və insan taleləri – O, yazılarında sadə insanların həyat hekayələrini, gündəlik problemlərini, ictimai ədalətsizliklərə münasibətini, qürbətçiliyi qələmə alır.
-Qadın mövzusu – Məqalələrində Azərbaycan qadınının (Ana obrazının) cəmiyyətdəki rolu, onun ailə, ictimai və yaradıcı mühitdəki yeri xüsusi vurğulanır.
-Qayğıkeşlik və səmimilik – Mütləq nəzərə almalıyıq ki, Mahirə Nağıqızı elmi-pedaqoji fəaliyyəti (+rəhbərlik) ilə yanaşı bədii yaradıcılıqla, aktiv ədəbi fəaliyyətlə (heç birini axsatmadan – necə deyərlər birini o birinin ayağına vermədən) məşğuldur. İndiki vaxt qıtlığı şəraitində bu işin necə çətin olduğunu, hər bir şəxsdən əlavə güc, qüvvət tələb etdiyini hamımız (yaradıcı insanlar) yaxşı bilirik. Hər iki sahəni qoşa qanad kimi söz səmasında məharətlə süzdürən Mahirə Nağıqızının bu sonsuz kəhkəşanda heç bir təbəddülat şahin kimi iti nəzərlərindən yayınmır. Bu məsələdə də o qadın ürəyinin həsaslığına, ana qayğıkeşliyinə və səmimiliyinə arxayın olaraq hərəkət edir.
İNSAN
“Bəli, Faiq Balabəyli haqqında yazmağın məqamıdır, anıdır. “Böyük” sözündən daha böyük ifadə olsaydı Onun haqqında deyərdim, yazardım. Gözəl insan, gözəl ata, gözəl ailə başçısı, öz işinin öhdəsindən məharətlə gələn bacarıqlı bir mütəxəssis, nəhayət, gözəl şair.
Yelkənlər, gəminin bəyaz duvağı
nə bilim, gördüyüm yuxudu, bəlkə
Gecələr yuxuma girən qağayı
Ölən dənizçinin ruhudu, bəlkə.
Müəllif dənizçi olmasaydı belə mən onu dənizi sevən, dənizə vurğun, hər an dənizlə nəfəs alan biri təsəvvür edərdim. İfadənin səmimiliyi, reallığı bunu deyir. Necə də yerndədir: “Yelkənlər, gəminin bəyaz duvağı”. Amma elə “şeir” sözü özü də həyatın gözəlliklərini əks etdirən söz deməkdir. Bir də şeir, yəni söz insan qəlbinin göstəricisi, güzgüzü deyilmi?! də doğruluğu, dürüstlüyü, səmimiliyi, cöqunluğu təbliğ edən insan başqa nə cür ola bilər ki?! Hər bənd və ya bütöv bir şeir onu yazan müəllif haqqında nələr deyir. Qəlbinin təmizliyi, mərdliyi, vətənpərvərliyi, sevgisi qəlbindən süzülüb qələminə, oradan da ağappaq vərəqlərə süzülən şair , məncə, elə özü haqqında danışır. Gah vətənini sevən bir vətəndaş, gah sevgisi aşıb-daşan bir aşiq, gah sənətinə vurğun mütəxəssis-bir dənizçi, gah da nəvələrini oxşayıb-tumarlayan baba olur şeirlərində Faiq Balabəyli. (Olaylar.- 2024.- 16-22 avqust, №29.- S.15.)”
Bu təqdim etdiyim parça “Olaylar” qəzetinin ““Böyük” sözündən daha böyükifadə olsaydı…” başlığı ilə dərc etdiyi filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı” məqaləsindən kiçik bir hissədir. Biz bu kiçik hissədə nələri görürük? Əvvəlki; bayatılar, şeirlər, hekayələr haqqında olan yazılarımda da dəfələrlə qeyd etmişəm ki, Mahirə Nağıqızı böyük məharətlə (ustalıqala), yüksək peşəkarlıqla bir yazıda (janrından asılı olmayaraq) mövzunu bir neçə aspektdən ümumiləşdirərək işləyir. Gələk, yuxarıdakı gözəl insan, gözəl şair, gözəl ailə başçısı Faiq Balabəyli haqqında olan yazıya (Mahirə Nağıqızının baxş bucağına diqqət edək):
-Ön planda şairin (Faiq Balabəylinin) insanlığı gəlir. Ö, səmimi, həsas insan, gözəl ailə başçısıdır. Artıq həyatın keşməkeşlərindən keçmiş yetkin insandır (60 yaşı var).
-O, özü sakit olduğu qədər, təlatümlü dənizin yol yoldaşıdır. O, dənizçidir, dənizin sirdaşıdır.
-O, kövrək, həsas və olduqca duyğusal bir şairdir.
Müasir dövrümüzdə bu qədər yazan-pozanın içində Faiq Balabəylinin söz sərrafı olan Mahirə Nağıqızının diqqətini cəlb etməsi təbiidir. Və mən bir qələm adamı kimi bu halı təqdir edir, alqışlayıram. Qeyri-iradi ustad Cabir Novruzun (Allah rəhmət eləsin) “Sağlığında qiymət verininsanlara” ifadəsini (şeirini) xatırlayıram. İnsanlara sağlığında qiymət verməyi bacarmaq üçün ilk növbədə səmimi, həsas, ədalətli insan olmaq lazımdır. Mahirə xanım ən yüksək qiymətə layiq çox dəyərli xanım-xatın ziyalımız, gözəl insan, mahir söz ustası, peşəkar mütəxəsisidir (dilçi).
YURD VƏ DİL (ŞEİR)
“…Hidayətin şair və insan taleyini şərtləndirən tale yazısıdır. Qəlbində ancaq doğmalarına deyil, xalqına və Vətəninə boylanan sərhədsiz sevgi yüküylə qoşulduğu ömür karvanı dünyanın harasından keçir keçsin, onu çəkən bircə ünvan üçün qəribsəyir:
…Sənin Vətənini sevdim ürəkdən,
Sevdim ilk addımdan, ani baxışla.
İndi qucağına çağırır Vətən,
Həsrətim qor olub, məni bağışla!
Onu demək çətindir ki, Hidayətin fikir və həmin fikrin ifadə forması olan söz potensialını ilk dəfə kim görüb və onun şeirlərinin arxasınca kim su atıb. Bunu bilmirik, bildiyimizsə o faktdır ki, ötən əsrin 70-ci illərində o, mürgülü İrəvan ədəbi mühitini silkələyə bilib. Bu, tamam başqa mövzudur, lakin yeri gəlmişkən qeyd etməyi lazım bilirik ki, o ədəbi mühit öz inersiyası hesabına 50-ci illərə qədər qorunub saxlanılıb və bu “saxlanılmaq” Sovet Ermənistanında 1948-53-cü illərə qədər ancaq dözülə bilən siyasi ab-hava ilə sinxronlaşmadan başqa bir şey olmayıb. Həmin ədəbi mühitin solğunlaşması, ilk növbədə, təzədən boy verən daşnak təfəkküründən qidalanan və azərbaycanlı ziyalıları tarixi yurdlarından perik salan gerçəklik idi. Daha pis olansa, əlbəttə, işinin sürünə-sürünə də olsa, keçməsi üçün “erməniyə dayı deyənlərin” sırasının genişlənməsi idi.
Onun “Şahmat taxtası önündə” şeiri yaşadığı emosiyanı bu cür təqdim edir:
Sənin topun da var, zabitin də var,
Mənim ümidimsə piyadalardır.
Şahıma tuşlanan başsız hücumlar,
“Dirsəklər”ə dəyib qayıdacaqdır.
“Şeir nədir” – sualının cavabı da elə beləcə tapılır: “Şeir, nəinki yadında qalan, zaman-zaman içində təkrarlamağa ehtiyac duyduğun misralar və insanın daxili dünyasının ətraf mühitə poetik münasibətidir”. Şair “Şahmat taxtası önündə” dayanarkən həmin münasibətin ifadəsini görürük. Buna görədir ki, Kantın həmyerlisi və fəlsəfi baxışlarının ən görkəmli davamçısı Humboldt poeziyanı “insan təfəkkürünün ən qüsursuz ifadə vasitəsi” olaraq qəbul edirdi. (Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.12-14.)”
“Ədəbiyyat qəzeti”ndə “Həqiqət pıçıltılarının poeziyası” adı altında Hidayətin (Hidayət Xuduş oğlu Orucov) yaradıcılığı (şeirləri) haqqında dərc olunmuş geniş yazısında Mahirə Nağıqızının bird aha “İnsan”, “Yurd” və “Dil” qavramlarının vəhdətindən necə bəhrələndiyinin şahidi oluruq. Geniş məqalədən təqdim etdiyim bu kiçik parçada yurdsevərlik haqqında uzun-uzadı danışdığım məqamlardan əlavə gələcəyə olan böyük ümidin işartılarını görürük. Bu işartılar uzaq üfüqdə doğmaqda olan birlik, bütövlük, vəhdət Günəşinin ilk şəfəqləridir.
Mahirə Nağıqızı publisistik məqalələrində həm analitik təhlil, həm də emosional çalarları bacarıqla birləşdirir. Onun yazıları oxucunu düşündürməklə yanaşı, emosional təsir gücü ilə də fərqlənir. Bu onun özünün bəzi məqamlarda, xüsusilə söhbətin mövzusu Vətən, torpa, Ana dili olanda emosianal davranması ilə bağlıdır (bu barədə birinci–giriş yazımda da qeyd etmişəm). İstər-istəmz o, bu hissləri qələmə aldığı mətnlərlə oxucusuna da ötürür. Hər bir məqalə həm faktların dəqiqliyi, həm də səmimi üslubu ilə yadda qalır, olduqca əhəmiyyətli və faydalıdır.
Mahirə Nağıqızının publisistik yaradıcılığı bir daha sübut edir ki, publisistika yalnız hadisələri işıqlandırmaq yox, həm də oxucunu düşündürmək, milli mövqeyini möhkəmləndirmək, gələcək üçün məsuliyyət hissini artırmaq missiyası daşıyır. Onun məqalələri milli yaddaşı qorumaq, gənc nəslə ibrət dərsi vermək baxımından xüsusi dəyərə malikdir.
Beləliklə, Mahirə Nağıqızının publisistik məqalələri Azərbaycan publisistikasının çağdaş nümunələri arasında seçilir. Onun qələmi ilə yazılan yazılar həm tarixi faktların salnaməsi, həm də mənəvi gücün ifadəsidir. Bu məqalələr oxucunu təkcə məlumatlandırmır, həm də düşündürür, ruhlandırır, milli mənsubiyyətini xatırladır və bu milli kimliyə bağlayarq gələcəyə böyük ümidlər yaradır. Onun bütün yazdıqlarının və fəaliyyətinin yekun sözünü – tezisini belə dəyərləındirmək olar: “Ey uca millətin böyük övladı sənin şərəfli keçmişin olduğu kimi şanlı gələcəyin var (bu həqiqətən belədir –heç çübhəniz olmasın)!”
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzda növbəti altıncı – yekun yazımızı oxumağı unutmayın. Hələlik.
Salam olsun, çox dəyərli oxucum! Mahirə Nağıqızının 65 illliyinə həsr etdiyim silsilə yazının dördüncü bölümü – hekayələr haqqında olan hissə ilə söhbətimizə davam edirik.
Azərbaycan ədəbiyyatında qadın müəlliflərin imzası hər zaman xüsusi bir duyğu, zəriflik və həyatın incəliklərinə həssas yanaşma ilə seçilmişdir. Bu baxımdan yazıçı Mahirə Nağıqızının hekayələri də müasir bədii düşüncəmizin qiymətli örnəklərindəndir. Onun hekayələri yalnız bədii təxəyyül məhsulu deyil, həm də həyatın canlı lövhələrinin, insanların taleyindən süzülmüş gerçəklərin ifadəsidir.
Giriş yazısında bu barədə qeyd etmişdim; Mahirə Nağıqızının hekayələrində diqqəti çəkən əsas xüsusiyyət mövzuların həyatın özündən götürülməsidir. Onun qəhrəmanları sadə insanlar – kənd qadınları, ailəsinin yükünü çiyinlərində daşıyan analar, həyatın keşməkeşləri ilə mübarizə aparan övladlar, vətən həsrəti ilə yaşayan insanlar və gündəlik qayğıların arasında yaşamağa çalışan sadə insanlardır. Yazıçı oxucuya tanış olan bu obrazlarla sanki hər kəsi öz hekayəsinə qoşur, oxucunun həyat təcrübəsi ilə bədii mətn arasında körpü yaradır. Öz yaratdığı qəhrəmanlarını və onun yazdıqları ilə gələcəyə baxan oxucularını ümidləndirir. Sabaha inamını və yaşamaq-yaratmaq həvəsini artırır.
Mahirə Nağıqızının hekayələrinin dili sadə, anlaşıqlı, eyni zamanda bədii çalarlarla zəngindir. Onun hekayələrində dialoqlar təbii səslənir, təsvirlər oxucunu hadisələrin içinə çəkir. Ən önəmlisi isə yazıçının qələmində səmimiyyət var. O, süni pafosdan uzaq duraraq, insan ruhunun incə qatlarını açmağa çalışır. Bu səbəbdən də hekayələr oxucunu həm düşündürür, həm də duyğulandırır.
Hekayələrdən bəhs edən bu yazımda konkret olaraq Mahirə Nağıqızının “İpək köynək”, “Saz havası”, “Sandal”, “Mənim çəkmələrim” adlı hekayələri haqqında söhbət açacaq, söhbətimizi yenə “İnsan”, “Yudr” və “Ana dili” adlı mövzular üzərindən davam etdirəcəyik.
HAŞİYƏ:
Mahirə Nağıqızının (Hüseynova) İpək köynək, Saz havası, Sandal, Mənim Çəkmələrim və digər ovsunlu hekayələri necə deyərlər, “adamın iliyinə işləyir (yaşıl rəngli hekayə adlarına toxunub oxu).”
Mahirə Nağıqızının hekayələrində yalnız fərdi talelər deyil, bütöv bir cəmiyyətin ruhu əks olunur. Müharibənin acıları, ayrılıqlar, insanın öz doğma torpağına bağlılığı, ailə münasibətləri, qadının ailədəki rolu, həyatın çətinlikləri qarşısında insan ləyaqətini qorumaq kimi dərin mövzular yazıçının yaradıcılığının əsas leytmotivini təşkil edir. Hər bir hekayədə oxucuya mənəvi bir mesaj, həyat həqiqəti ötürülür.
Azərbaycan hekayəçiliyi Cəlil Məmmədquluzadədən başlayaraq uzun bir inkişaf yolu keçib. Mahirə Nağıqızı da bu ənənənin davamçısı olaraq, klassik hekayəçiliyin bədii prinsiplərini qoruyur, amma mövzulara müasir yanaşma gətirir. Onun əsərlərində milli ruhla yanaşı, ümumbəşəri dəyərlər də öz əksini tapır.
Ən yaxşı hallardan biri də odur ki, Mahirə Nağıqızının hekayələri ədəbiyatşünasların, ədəbiyyat tənqidçilərinin, xüsusilə gəncləırin diqqətini cəlb etmiş və təhqiqat mövzusuna çevrilmişdir. Belə nümunələrə söhbətimizin gedişində toxunacaq və yeri gəldikcə misallar gətirəcəm. Bəli, əvvəlki yazılarımda da dəfələrlə vurğuladığım kimi, Mahirə Nağıqızının yaradıcılığında mövzusundan və janrından asılı olmayaraq, əsas müzakirə obyekti, mərkəzdə dayanan problem, söhbətin predmeti insandır.
İNSAN
Mahirə Nağıqızının hekayələrində insan anlayışı onun bədii dünyasının mərkəzində dayanır. Yazıçı insanı yalnız bir fərd kimi deyil, həm də xalqın, millətin, zamanın daşıyıcısı kimi təqdim edir. Onun hekayələrində insan (insanlar, obrazlar) həm daxili aləmi, həm də sosial mühiti ilə birlikdə təsvir olunur.
Mahirə Nağıqızı üçün insanın ən əsas ölçüsü onun ruhu, vicdanı və mənəviyyatıdır. Hekayələrində qəhrəmanlar çox vaxt həyatın sınaqları qarşısında öz insani dəyərlərini qorumağa çalışır. Yazıçı insanı mənəvi təmizlik, mərhəmət, səmimiyyət kimi keyfiyyətlərlə dəyərləndirir. Bəzən müxtəlif bədii fəndlər tətbiq edərək oxucunu düşünməyə vadar edir.
Onun hekayələrində insanın taleyi çox vaxt ictimai dəyişikliklər, həyatın sərt reallıqları ilə sıx bağlı olur. Müəllif kənd həyatından, ailə münasibətlərindən, qadın və kişinin cəmiyyətdəki yerindən bəhs edərkən hər bir obrazın iç dünyasına dərindən nüfuz edir. Mahirə Nağıqızının qəhrəmanları çox vaxt adi, lakin mənəvi baxımdan dərin insanlardır — onlar həyatın çətinlikləri içində öz ləyaqətlərini qorumağa çalışırlar.
Yazıçının hekayələrində insan torpaqla, yurdla, təbiətlə bir bütöv varlıq kimi göstərilir. Qəhrəmanların yurd həsrəti, doğma yerlərə bağlılığı, torpaq sevgisi insan anlayışının ayrılmaz hissəsidir. Burada insan yalnız bioloji və sosial varlıq deyil, həm də milli-mənəvi yaddaşın daşıyıcısıdır.
Mahirə Nağıqızı xüsusilə qadın qəhrəmanları ilə yadda qalır. Onun qadın obrazları zəhmətkeş, dözümlü, mərhəmətli və müdrikdir. Yazıçı qadının taleyi fonunda bütövlükdə insanın mənəvi dirənişini, həyatla mübarizəsini əks etdirir. Bu obrazlar vasitəsilə o, insanın daxili gücünü, mənəvi dayanıqlığını göstərir. Mahirə Mağıqızının “Mənim adım Süsənbərdir – Süsənbər Mahiyyəddinqızı.”cümləsi başlayan “Mənim çəkmələrim” adlı hekayəsi buna ən gözəl misaldır. Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Aynur Bədəlovanın bu hekayə haqqında “Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayəsində vətən həsrətinin təcəssümü” adlı elmi məqaləsi dərc olunub (tall.edu.az – 23.08.2025). “Mənim çəkmələrim” hekayəsinin və onun haqqında olan Aynur Bədəlovanın məqaləsinin bizim söhbətimizin bu məqamında əhəmiyyəti ondan ibarətdir ki, “insan” və “yurd” anlayışları hər iki mətndə gün işığına çıxıb, öz barını yetişdirmək üçün böyük bir palıd ağacına dırmaşan meynə misalı görünür. Bu duyğunun bir adı var. O da “yurdsevərlik”dir.
Mahirə Nağıqızının hekayələrində insan keçmişi ilə bu gününü müqayisə edir, zamanın axarında mənəvi dəyərlərin qorunmasının vacibliyini anlayır. Bu mənada yazıçı insanı həm “keçmişin şahidi”, həm də “gələcəyin daşıyıcısı” kimi təsvir edir.
Mahirə Nağıqızının hekayələrində insan — ruhu ilə yaşayan, mənəvi dəyərlərə söykənən, torpağına, ailəsinə, yaddaşına sadiq bir varlıqdır. Onun bədii dünyasında insan həm həyatın mənası, həm də bu mənanı dərk edən əsas qüvvə kimi təqdim olunur.
YURD
Azərbaycan ədəbiyyatında yurd, torpaq və vətən anlayışları hər zaman müqəddəs məfhum kimi yaşayıb. Bu duyğular, xüsusilə də yurd həsrəti, həm poeziyada, həm də nəsrdə millətin yaddaşının, ruhunun ifadəsinə çevrilib. Mahirə Nağıqızının hekayələri də bu ruhun daşıyıcısı, milli yaddaşın səsi kimi çıxış edir. Onun yaradıcılığında yurd itkisi, doğma torpağa sevgi və bu sevginin ağrılı nostaljisi həm bədii, həm də mənəvi dəyər qazanır.
Mahirə Nağıqızının hekayələrində yurd sadəcə coğrafi məkan deyil – insanın kimliyidir, ruhunun dayaq nöqtəsidir. Yazıçı qəhrəmanlarını tez-tez uzaqlarda, yad ellərdə yaşadan, lakin ruhən doğma torpağa bağlı saxlayan hadisələr fonunda təqdim edir. Onun qəhrəmanları üçün yurd itirmək – özünü itirməkdir. Bu baxımdan, Mahirə xanımın hekayələrində yurd həsrəti həm fərdi, həm də ümummilli bir ağrı kimi səslənir.
Hekayələrində kənd həyatı, uşaqlıq xatirələri, dağların, bulaqların, torpağın qoxusu bir növ müqəddəs rəmz kimi təqdim olunur. O yerlərə qayıdış arzusu – bəzən real, bəzən xəyali səfər şəklində oxucuya ötürülür. Yazıçı bu arzunu poetik dillə, səmimi ifadələrlə, dərin nostalji ilə təsvir edir.
Mahirə Nağıqızı üçün “yurd həsrəti” yalnız keçmişin xatirəsi deyil – bu, gələcəyə ümidin də ifadəsidir. Onun hekayələrində qəhrəmanlar bəzən o torpaqlara fiziki olaraq qayıda bilmir, amma yaddaşlarında, xəyallarında, dualarında o yerləri yaşadırlar. Hekayələrin dili sadə olsa da, içindəki duyğu qatları çox dərin və təsirlidir.
Bu hekayələrdə yurd itkisi yalnız bir ailənin və ya fərdin dərdi deyil – bütöv millətin ağrısı kimi qavranılır. Yazıçı bu ağrını nə faciəvi, nə də pafoslu şəkildə deyil, incə, səmimi və insanı düşündürən tonla çatdırır.
Mahirə Nağıqızının hekayələrində qadın obrazları xüsusilə diqqət çəkir. Onlar həm ana, həm gözləyən, həm qoruyan, həm də xatırlayan fiqurlardır. Ana və yurd obrazı bir-birinə bənzər şəkildə işlənir – hər ikisi müqəddəs, hər ikisi həyatın mənasıdır. Ana öz balasından, yurd isə öz övladlarından ayrı düşüb. Yazıçı bu paralelliyi hekayələrinin ruhuna o qədər təbii hopdurur ki, oxucu həm ana ağrısını, həm də yurd həsrətini bir ürək döyüntüsü kimi hiss edir.
Yazıçının əsərləri oxucunu həm düşündürür, həm də ruhlandırır. Hər bir hekayə – bir xalqın torpaq sevgisinin, öz kimliyinə bağlılığının, kökdən gələn gücün bədii ifadəsidir.
Mahirə Nağıqızının hekayələrində yurd həsrəti milli yaddaşın canlı forması kimi təqdim olunur. Onun söz dünyasında torpaq sevgisi, doğmalıq duyğusu və yurdun itkisinin acısı birləşərək bədii gücə çevrilir. Bu hekayələr oxucunu həm duyğulandırır, həm də düşündürür – çünki hər bir azərbaycanlının qəlbində bir parça yurd həsrəti var.
İnsan – Ana, insanın düşünməyə vadar edən, daim intizarda saxlayan həsrət – Yurd həsrəti, bütün bunların təzahür vasitəsi- inikası dil – Ana dili.
ANA DİLİ
Mahirə Nağıqızı müasir Azərbaycan ədəbiyyatında özünəməxsus bədii üslubu, duyğusal təhkiyəsi və mənəvi dəyərlərə sədaqəti ilə seçilən yazıçılardandır. Onun hekayələrinin əsas ideya xəttində insanın mənəvi bütövlüyü, yurd sevgisi, milli kimlik və ana dilinə bağlılıq kimi mövzular xüsusi yer tutur. Mahirə Nağıqızının yaradıcılığında ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığın, mənəvi yaddaşın və xalqın ruhunun daşıyıcısı kimi təqdim olunur.
Yazıçının hekayələrində qəhrəmanların dili, danışıq tərzi, ifadə üslubu onların kimliyini müəyyənləşdirir. Mahirə Nağıqızının qəhrəmanları doğma dildə düşünür, sevir, ağrıyır və öz varlığını ana dilində ifadə edir. Onun bədii təhkiyəsində dil – xalqın gen yaddaşı, tarixi və mənəvi dayağı kimi görünür. Ana dilinə sədaqət yazıçı üçün milli mənəviyyatın əsas sütunlarından biridir. “İpək köynək” hekayəsi bu baxımdan xüsusilə diqqətəlayiqdir. Onu əhəmiyyətli edən insanın–Ananın hisləri, onun bayatılı dili və ipək – baramaqurdu (“yurd”) haqqında ötürdüyü faydalı məlumatların əmsalıdır: “Sultan üçün söz verdiyim ipək köynəyi almaq istəyirdim. Hesab edirdim ki, bu dəfə Sultanı görəndə “yenə vaxt darlığı imkan vermədi”- deyib, özümü danlamayacaq əvəzində hər dəfə yoldan gələndə özünü üstümə atan balamı ürəklə qucaqlayacaq və az qala, ovcuma yerləşən zeytunrəngli köynəyi təntənə ilə ona təqdim edəcək, ürəyimdəsə nə vaxtsa yazdığım bayatını özüm eşidəcəyim səslə oxuyacam: Köynəyin kətandımı, Canına yatandımı… Mən sənə qurban olsam, Bu dünya batandımı…”
və ya “Saz havası”na baxaq:
“Anamın yanıqlı bayatıları adamın iliklərinə işləyərdi: Tökmə, surahı tutmaz, Daşar, günahı tutmaz. Haqqı olan kəsləri, Haqsızın ahı tutmaz. Hər dəfə özünə qapanıb fikirli -fikirli gözləri yol çəkəndə bilirdik ki, yenə xəyallar doğma yurddadır… 1971-ci il idi. Yenə sazaqlı payız qapını kəsdirmişdi. Payız da tələsirdi, anam da.”
Bu mətndə konkret zaman göstəricisinin olması nümunənin əhəmiyyətini birə on artır. Və yenə bu kiçicik parçada “insan”, “yurd” və “ana dili” anlayışlarının birlikdə gücünü görür və damarlarımızda hiss edirik.
Adət-ənənələrin milli dəyər kimi ortaya qoyulduğu “Sandal” hekayəsindən giriş məqaləsində bir parça təqdim etmişdim. Ümumilikdə Mahirə Nağıqızının bir çox hekayələrində ana dilinə hörmət təkcə obrazların nitqində deyil, müəllifin bədii təsvirində də hiss olunur. O, xalq danışıq üslubunun incəliklərindən, deyimlərdən, atalar sözlərindən, folklor motivlərindən məharətlə istifadə edir. Bu, həm dilin saflığını qorumağa xidmət edir, həm də oxucuda doğmalıq hissi yaradır. Yazıçının fikrincə, dilini sevən insan köklərinə, xalqına və vətəninə sahib çıxmış olur.
Hekayələrində müəllif tez-tez unudulan sözlərə, saf ifadələrə, dilin poetik gücünə qayıdışa çağırır. Mahirə Nağıqızının qəhrəmanları çox vaxt müasir dünyanın yad təsirlərinə qarşı ana dilinə sığınmaqla mənəvi təmizlik tapırlar. Bu mənada, onun yaradıcılığında dil — mənəvi dirçəlişin simvoludur.
Mahirə Nağıqızı ana dilində yazmağı sadəcə ədəbi seçim kimi deyil, milli borc kimi qəbul edir. Onun bədii üslubundakı təmizlik, xalq danışığının canlılığı və dilin obrazlı gücü Azərbaycan dilinin gözəlliyini və dərinliyini nümayiş etdirir. O, hər bir hekayəsi ilə ana dilinə məhəbbəti tərənnüm edir, oxucunu dilinə və milli kimliyinə sahib çıxmağa səsləyir.
Mahirə Nağıqızının hekayələrində ana dili milli ruhun aynası, xalqın yaddaşı və mənəvi varlığın əsası kimi təqdim olunur. Yazıçı oxucuya göstərir ki, ana dilinə məhəbbət – vətənə, xalqa və insana olan sevginin ən saf formasıdır. Onun yaradıcılığı bir daha sübut edir ki, dilini yaşadan xalq heç vaxt unudulmaz, dilini sevən insan isə heç vaxt köksüz qalmaz.
Mahirə Nağıqızının hekayələri müasir Azərbaycan nəsrində sadəliyi, səmimiyyəti və həyat gerçəklərini əks etdirməsi ilə seçilir. Onun hekayələri oxucunu düşündürür, emosional təsir gücü ilə yadda qalır, insanları öz həyatına, dəyərlərinə bir daha nəzər salmağa vadar edir. Bu yazıçının yaradıcılığı həm ədəbi baxımdan, həm də publisistik-estetik məzmun baxımından ədəbi cameəmiz üçün dəyərli töhfədir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda beşinci – məqalələri haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.
Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığımız yerdən davam edirik.
ŞEİRLƏRİ HAQQINDA
Bilirik ki, Azərbaycan poeziyası tarixən zəngin irs, dərin duyğular və mənəvi dəyərlərin ifadə meydanı olub. Bu poeziyada qadın şairlərin yaratdığı poetik dünya isə öz zərifliyi, səmimiyyəti və insana yaxınlığı ilə seçilir. Onlardan biri də müasir poeziyamızda öz dəst-xətti ilə tanınan Mahirə Nağıqızıdır. Onun şeirləri bir tərəfdən həyatın reallığını, digər tərəfdən isə insan qəlbinin gizli qatlarını işıqlandırır.
Azərbaycan ədəbiyyatında vətən mövzusu hər zaman aparıcı xətt olmuşdur. Xüsusilə XX əsrin sonlarından etibarən milli mübarizə, azadlıq arzusu və torpaq sevgisi poeziyanın ən ali ideyaları sırasında dayanmışdır. Bu mənada çağdaş poeziyanın önəmli simalarından biri olan şair Mahirə Nağıqızının yaradıcılığında da vətən sevgisi mərkəzi mövzudur. Onun şeirlərində bu sevgi yalnız romantik duyğularla məhdudlaşmır, həm də milli kimlik, tarixi yaddaş, mənəvi borc və gələcək nəsillərə nəsihət kimi təqdim olunur:
Eşq ilə dikələn dərd sarayıymış, Başqa cür deyilən hay- harayıymış. Sənsiz yaşadığım gün haramıymış, Ömrümün-günümün hər anı sənsən. (Sənsən)
və ya
Dünyadan nə diləyirsən, Yetişməz kara dünyadı. Təzim edib baş əyirsən, Etmə, bekara dünyadı. (Dünyadı)
Mahirə Nağıqızı üçün vətən anlayışı yalnız coğrafi məkan deyil, həm də müqəddəs bir idealdır. Onun poetik dünyasında vətən torpağın özü qədər müqəddəsdir; dağları, çayları, meşələri, kəndləri həm uşaq yaddaşının işığı, həm də mübarizə meydanının izləri ilə doludur. Şairin poetik düşüncəsində vətən sevgisi insana nəfəs qədər vacibdir:
Dünyanın sirri bir, sualları çox, Boy verən nə qədər… cavab verən yox. Oğlunun, qızının gözü-könlü tox, Bir ümid yerinin canı vətəndir. (Vətəndir)
Nağıqızının poeziyasında Qarabağ və Qərbi Azərbaycan mövzusu xüsusi yer tutur. Onun şeirlərində işğal ağrısı, ata yurdunun həsrəti, doğma elin gözüyaşlı xatirələri tez-tez qələmə alınır. Bu misralarda şairin şəxsi dərdi bütöv bir xalqın dərdi ilə qovuşur. Hər misra həm bir nəsil fəryadı, həm də gələcəyə ümid kimi səslənir. Poeziyada torpaq itkisi yalnız nostalji deyil, həm də haqqın, ədalətin bərpa olunacağına inamla ifadə edilir. Qarabağla bağlı olan arzuların artıq həyata keçdiyi bir vaxtda Qərbi Azərbaycan reallığı gündəmə gəlir və hər gün Yurda qayıdış arzusu, istəyi daha da artır:
O da dağ, bu da dağ, ayrı-ayrıdı, Çayını aparan dərəsi birdi. Yalında gözləyə, yan-yörəsində, Yüz ovçu dayana, bərəsi birdi. (Birdi)
Mahirə Nağıqızı çox vaxt vətəni “ana” obrazında təqdim edir. Onun şeirlərində torpaq analıq rəmzi ilə işıqlanır. Bu yanaşma xalqımızın ən qədim köklərinə dayanır – torpaq ana kimi doğur, bəsləyir, qoruyur. Şairin poetik təxəyyülündə vətən həm də şəhidlərin qanı ilə yoğrulmuş müqəddəs məbəd kimi ucalır. Bu barədə birinci – giriş yazımda qeyd etmişdim:
Bu vətən deyilən torpaq deyil ki, Ananın dizinin yanı-vətəndir. Başını qoymağa bir sinə varsa, Ruhuna beşiksə, tanı, vətəndir. (Vətəndir)
Şairin vətən sevgisi yalnız poetik duyğuların ifadəsi deyil, həm də vətəndaşlıq mövqeyidir. Onun misralarında oxucuya səslənən çağırış – torpağı qorumaq, milli dəyərlərə sahib çıxmaq, gələcək nəsillərə vətən sevgisi miras qoymaqdır. Mahirə Nağıqızı poeziyası oxucunu yalnız düşündürmür, həm də vətən uğrunda mübarizəyə ruhlandırır:
Ucsuz Qıpçaq çöllərindən havalandın, Qədim Oğuz ellərindən havalandın, Qopuzumun tellərindən havalandın, Sənlə atdım qaramatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim! (Ana dilim)
Şair Mahirə Nağıqızının poeziyası milli poeziyamızda vətən mövzusunun canlı davamıdır. Onun əsərlərində vətən sevgisi həm emosional, həm də ideya baxımından zəngin ifadə olunur. Bu poeziya oxucunu həm keçmişin ağrı-acılarını anlamağa, həm də gələcəyə inamla baxmağa çağırır. Nağıqızının misraları xalq yaddaşında vətənə sevgi, torpağa sədaqət, milli varlığa hörmət kimi uca dəyərlərin daşıyıcısı olaraq yaşayır:
Doğulub düşmənə daş atmaq üçün, Ürəyi qorxudan boşaltmaq üçün. Ölərlər vətəni yaşatmaq üçün, Hər qəlbdə bir qala tikər şəhidlər. (Şəhidlər)
Mahirə Nağıqızı poeziyasında insanın taleyi, zamanın axarı, qadın qəlbinin çırpıntıları, Vətən sevgisi, ana obrazı və sevgi motivləri ön plandadır. O, adi hadisələrə belə fərqli poetik baxışla yanaşır, gündəlik həyatın ən sadə məqamlarında belə bədii məna tapır. Şairin misralarında səmimiyyət, doğmalıq və ruhun saf çırpıntıları üstünlük təşkil edir:
Qıymadın tək yükü Ağam daşıya, Dayandın fələknən qarşı-qarşıya. Qorxmadın istidə bişə, qarsıya, Ayazda, şaxtada dona əllərin. (Əllərin)
Nağıqızının şeirləri həm də milli dəyərlərə söykənir. Onun poetik dünyasında Azərbaycan qadınının zəhməti, sədaqəti, mərdliyi və incəliyi yaşayır. Bu xüsusiyyətlər həm məişət həyatına, həm də fəlsəfi duyumlara hoparaq poeziyada özünəməxsus bir harmoniya yaradır:
Analar içində başdın, xasıydın, Sözün də, işin də yerli-yerində Təkcə bizim deyil, el anasıydın, O adı yaşatdın əməllərində. (Anam üçün Gün)
Mahirə Nağıqızı yaradıcılığında ən çox rast gəlinən və dərinliklə işlənən obrazlardan biri anadır. O, ananı yalnız ailənin dayağı deyil, həm də bütöv bir dünyanın simvolu kimi təqdim edir. Ananın qolları sığınacaq, sözü hikmət, sevgisi isə əbədiyyət kimi qavranılır. Şairin ana, ana dili mövzularında yazdığı şeirlərdə milli dəyərlər, ailə bağları və müqəddəs duyğular poetik biçimdə ifadə olunur:
Atamnan yanaşı daş qaldırardı, Deyərdi bu daşlar ocaq daşıdı. Bezmədi, qəlbində nə gücü vardı, Anam sinəsində ocaq daşıdı. (Onun daş nağılı)
Onun poeziyasında Vətən motivləri xüsusi bir vətənpərvərlik notları ilə ifadə edilir. Mahirə Nağıqızı üçün Vətən yalnız coğrafi məkan deyil, həm də mənəvi dəyər, insanın kökü və ruhun dayağıdır. O, şeirlərində torpağın müqəddəsliyini, şəhidlərin xatirəsini, doğma yurda olan sevgini misralara hopdurur. Bu şeirlərdə pafosdan uzaq, səmimi və ürəkdən gələn bir milli duyğu hiss olunur:
Analar ər doğar,oğul böyüdər, Hər oğul dünyası- nağıl, böyüdər. Yurdunu sevərlər analar qədər, Düşmənin qəddini bükər şəhidlər. (Şəhidlər)
Şair Mahirə Nağıqızının poeziyasında ana dili və yurd həsrəti mövzuları mühüm yer tutur. Onun poetik dünyası həm fərdi, həm də milli duyğuların qovşağında formalaşır. Mahirə Nağıqızı üçün ana dili sadəcə ünsiyyət vasitəsi deyil, bir millətin varlığının, kimliyinin qorunması deməkdir. O, ana dilinə məhəbbəti, ona olan sədaqəti bəzən ana obrazı ilə eyniləşdirir. Dilin hər bir kəlməsi şairin qəlbində müqəddəs sayılır, onun poeziyasında ana dilinə hörmətsizlik milli yaddaşa xəyanət kimi qiymətləndirilir:
Bu dünyanın yaşı qədər tarixin var, Sonu qədər, başı qədər tarixin var. Dağı qədər, daşı qədər tarixin var, Ha baş vursam bitməz qatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim!(Ana dilim)
Yurd həsrəti isə Mahirə Nağıqızının yaradıcılığında daha çox nisgil, ayrılıq və xatirə çalarları ilə verilir. Onun misralarında doğma torpağın daşı, çiçəyi, çəməni, bulağı, dağları və təbiəti yalnız fiziki məkan deyil, həm də ruhun, xatirələrin məbədi kimi təqdim olunur. O, yurdundan ayrı düşən insanın halını, qürbətdə çəkilən nisgili poeziyasında canlı obrazlarla təsvir edir:
Yurd yaratdın, xalqıma ev-eşik oldun, Laylalarla ruhumuza beşik oldun. Dünyamızın sərhədinə keşik oldun, Millət etdin el-elatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim! (Ana dilim)
Mahirə Nağıqızının şeirlərində ana dili – yurd – vətən anlayışları bir-birini tamamlayan vahid poetik sistem kimi çıxış edir. Ana dilini qorumaq yurdu qorumaqla eyni dərəcədə müqəddəsdir; yurd həsrəti isə dilin yaşadılması ilə azaldıla biləcək bir nisgildir.
Beləliklə, şairin poeziyasında:
–Ana dili millətin varlıq simvolu kimi ucaldılır.
–Yurd həsrəti poetik duyğuların aparıcı xəttinə çevrilir.
Hər iki mövzu vəhdət təşkil edərək, oxucuda həm milli kimlik, həm də vətən sevgisi hissini gücləndirir.
Nağıqızının şeirləri həm də insan qəlbinin incə duyğularına toxunur. Eşq onun poeziyasında yalnız sevgi münasibəti deyil, həm də insanı saflaşdıran, ülviləşdirən böyük bir hiss kimi təqdim edilir. O, məhəbbəti bəzən sevinc, bəzən kədər, bəzən də ümidlərlə yanaşı göstərir:
Bu dünyanın hikmətini bilən az, Bu dünyada ağlayan çox, gülən az. Deyirlər ki, axar, axar, qurumaz, Başdan- başa göz yaşıdı “Kərəmi”. (Göz yaşıdı “Kərəmi”)
Mahirə Nağıqızının poeziyasının mühüm özəlliklərindən biri də folklorla bağlılığıdır. Onun şeirlərində bayatı üslubu, xalq deyimlərinin səmimiyyəti və sadəliyi tez-tez görünür (bu barədə əvvəlki yazıda ətraflı söhbət etmişik). Bu da onun poeziyasını oxucuya daha doğma edir. Sadə sözlərin arxasında böyük mənalar gizlənir və oxucu həmin mənaları özü kəşf edir.
Şairin şeirlərində süni pafos, bədii təmtəraqdan çox, həyatın özü var. Onun poeziyası oxucu ilə ünsiyyət qurur, oxucunu düşünməyə, hiss etməyə, öz mənəvi aləminə qayıtmağa sövq edir. Mahirə Nağıqızı sözün gücünə inanır və bu gücü ilə oxucuya təsir etməyi bacarır. Biz bunu onun qələbə münasibətilə qələmə aldığı şeirlərində daha aydın görürük:
Türkə qurban, nə cür aldır bayrağı?! Bədirlənmiş tək hilaldır bayrağı. Xankəndində özün qaldır bayrağı, Bayraq Sənə, Baş Komandan, yaraşır! (Yaraşır)
Mahirə Nağıqızı yaradıcılığı Azərbaycan poeziyasına səmimiyyət, incə duyum və qadın sözünün təmiz işığını gətirir. Onun şeirləri insan ruhunu oxşayır, milli dəyərləri yaşadır və oxucunu öz dərinliklərinə çəkir. Mahirə Nağıqızının poeziyası yalnız bu günün deyil, gələcəyin də poeziyasıdır. Çünki sözün əsl gücü zamana qarşı dayana bilməkdədir.
HAŞİYƏ:
Mahirə Nağıqızının yaradıcılığı, xüsusilə dilinin şirinliyi və axıcılığı ilə seçilən şeirləri həmişə diqqət mərkəzində olub. İstər ədəbiyyat tənqidçiləri, istərsə də öz qələm yoldaşları, alim həmkarları zaman-zaman onu yazdıqlarına münasibət bildiriblər və bu proses davam edir. Giriş məqaləsində şeirlərdən söhbət açarkən görkəmli vurğunşünas ədəbiyyatçı alim, tənqidçi Qurban Bayramovun adını şəkmişdim. Onu qeyd edim ki, Qurban Bayramovun Mahirə Nağıqızının yaradıcılığına həsr olunmuş “Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə…” adlı bir neçə məqalədən ibarət silsilə yazıları (adalet.az – 19.08.2019) dərc olunub. Bundan əlavə ədəbiyyatçı alimlər; Vüqar Əhməd və Gülbəniz Babayevanın birlikdə yazdılqarı “Poeziya zəfərin təntənəsi kimi” (“Ədəbiyyat qəzeti”.-2022.-12 fevral.S.19.) adlı məqalə, Ramiz Qasımov və Zülfiyyə İsmayılın birlikdə yazdıqları “Sözün daş nağılı və daş ağırlığı” (“İki sahil”.-2022. – 5 noyabr.-S.6.) adlı məqalə, Leyla Səfərovanın “Mahirə Nağıqızı yaradıcılığında Qərbi Azərbaycan motivləri” (ikisahil.az – 20 noyabr 2023) adlı məqalə, Elxan Yurdoğlunun “Çağdaş poeziyamızda zərif meh səsi” (525.az -17.10.24) adlı məqalə, Aynur Qafarlının “Sözün mahir xanımı” (edebiyyatveincesenet.az -31.10.24) adlı məqalə, yenə Ramiz Qasımovun “Şairə Mahirə Nağıqızının bədii söz ustalığı” (olaylar.az – 29 noyabr 2024) adlı məqalə və digər yazılar müxtəlif vaxtlarda dövri mətbuatda dərc olunb. Bütün bu yuxarıda sadaladığım müəlliflərin yazılarında və adlarını çəkmədiyim müəlliflər də həmçinin öz yazılarında ya ayrı-ayrılıqda Mahirə Nağıqızının yaradıcılığında “İnsan”, “Yurd”, Ana dili”, “Vətən həsrəti” haqqında söhbət açır, ya da məsələyə ümumilikdə münasibət bildirirlər. Mövzu nə olsa da mətləb dəyişmir.
Mahirə Nağıqızının şeirlərinə “İnsan, yurd və ana dili” mövzusuna uyğn müxtəlif səpkili nümunələr əsasında nəzər saldıqdan sonra fikirlərimi kontekstə uyğun yekunlaşdırmaq istəyirəm:
İNSAN, YURD VƏ ANA DİLİ – MAHİRƏ NAĞIQIZININ YARADICILIĞINDA MƏNƏVİ BÜTÖVLÜYÜN ÜÇ SÜTUNU
Mən “yurdsevərlik” anlayışını məhz bu kontekstdə duyğularla əməllərin çuğlaşması kimi qəbul edirəm. Azərbaycan ədəbiyyatının müasir dövründə öz poetik nəfəsi, milli duyğuları və ruhani dərinliyi ilə seçilən imzalardan biri, deyərdim ki, ən öncüllərindən olan şair Mahirə Nağıqızının poeziyası yalnız söz zövqünün məhsulu deyil, həm də mənəvi kimliyimizin, milli yaddaşımızın, xalqın ruh aynasının ifadəsidir. Şairin yaradıcılığında insan, yurd və ana dili bir-biri ilə sıx bağlı, bir-birini tamamlayan ideya və duyğu mənbələridir. Bu üç mövzu Mahirə Nağıqızının poetik dünyasının əsas fəlsəfi dayaqlarını təşkil edir. Həmişə mərkəzdə insan dayanır:
Doğman zalım olar, içər qanını, Fələk də eşitməz and-amanını. Qəlbində əkdiyin eşq fidanını, Suvar göz yaşınla, nübar gələcək. (Gələcək)
Altı bənddən ibarət olan “Gələcək” şeirinin möhürbənddən əvvəlki (beşinci) bəndinə diqqətlə nəzər saldıqda insanın fitrəti, həyatı, duyğuları, ümumilikdə insanlıq, onun asılılıqları – yaşam fəlsəfəsi bütün çılpaqlığı ilə gözlər önündə canlanır. Bu canlı visual təsvirləri biz Mahirə Nağıqızının ecaskar dili ilə qəbul edib, görə bilirik.
Nümunələr üzərindən fikrimizi daha da konkretləşdirməyə çalışaq.
İnsan – Yaradıcılığın mərkəzində duran varlıq
Mahirə Nağıqızının poeziyasında insan sadəcə bioloji varlıq deyil, mənəviyyatın daşıyıcısı, düşünən və hiss edən ruh kimi təqdim olunur. O, insanı həm yaradıcı qüvvə, həm də ilahi sevginin təcəssümü kimi dəyərləndirir. Şairin misralarında insanın borcu yalnız yaşamaq deyil, insan kimi yaşamaq, vicdanla, ədalətlə, mərhəmətlə davranmaqdır. İstənilən mövzu üzrə söhbət açan şair insanı əsas obyekt kimi təqdim edir. Bu onun doğmaları (anası, qızı, qardaşı) timsalında, onlara xitabən yazılmış şeirlərindən tutmuş, əsgərə, şəhidə, Ali Baş Komandana müraciətlə yazılmış şeirlərinin hamısında belədir. O hətta quru yarpağı, təravətli çiçəkləri də insan misalında danışdırır, onları dilə tutur, tərənüm edir. İnsan, insan, insan:
Kimdi ox olanı, kimdi yay çəkir, Kimdi qazan asan, kimdi pay çəkir. Neçə min ildir ki, ərlər hay çəkir, Dərdləri cürbəcür, nərəsi birdi. (Birdi)
Və ya
Yay da bitir, indi payız, Bilinəcək yarpaq-yarpaq. Xəyallarımız xəzana, Bürünəcək yarpaq-yarpaq. (Yarpaq-yarpaq)
Bu qədər təbii və səmimi təsvir:
Hər bacıya qismət olmaz neməti, O, bacının adı-sanı, qiyməti, Anamızın dizlərinin taqəti, Dünyasının boyağıdır qardaşım . (Qardaşım)
“Qardaşım” adl bu şeirində Mahirə Nağıqızı ailə; ana, bacı yanında ümumiləşdirilmiş qardaş obrazını böyük ustalıqla yaratmışdır. Dörd misralıq bu bir bənddə üç insan və onların vəhdətindən yaranan Azərbaycan ailəsi, milli dəyərlər, milli kimlik sərgilənir. Və bütün bunların hamısı axıcı, şipşirin bir dillə təsvir olunur.
Və ya şəhidlərlə özü arasında dərin anlamlı səsiz dialoq:
Vətən,qurbanınam- üzdə demədi, Əməldə göstərdi,sözdə demədi. Mahirə,ağlamaq,sızlamaq nədi, Sənin göz yaşından küsər şəhidlər. (Şəhidlər)
Ümumiyyətlə, onun şeirlərində insanın ağrısı, ümidi, qorxusu və sevgisi bir-birinə qarışır, bəşəri dəyərlərlə milli duyğular birləşir. Mahirə Nağıqızı üçün insan ruhunun kamilliyi — Tanrıya, Vətənə və dilə sadiqliklə ölçülür.
Yurd – kimliyin başlanğıcı və dönüş nöqtəsi
Mahirə Nağıqızının şeirlərində yurd anlayışı sadəcə coğrafi məkan deyil, mənəvi ana beşiyi, kökün və yaddaşın rəmzi kimi təqdim olunur. O, Vətən sevgisini pafossuz, səmimi və ruhani tonda ifadə edir. Şairin misralarında dağların əzəməti, kəndin sükutu, torpağın qoxusu, elin xatirəsi bir bütöv yurd obrazı yaradır. Lap körpəlikdən yaddaşına həkk olunmuş bayramlar, adətlər, gözünün önündən getməyən milli geyimlər, uşaq vaxtı oynadığı oyunlar, dərdiyi çiçəklər hamısı onun üçün yurdu, qürbətdə qalmış vətəni xatırladır:
Yüz hikməti bir dağında, Sınmam dağın qabağında. Tanrı olan tabağında, Düzdü mənə çiçək-çiçək. (Çiçək-çiçək)
Və ya
Kəsik duaları sığışmaz yerə, Ün salmaz, sakitcə hopar göylərə. Dur ayaq üstündə, yeri, Mahirə, Qış çıxıb gedəcək, bahar gələcək. (Gələcək) Yurd Mahirə Nağıqızı üçün həm doğmalığın, həm də həsrətin ünvanıdır. O, uzaqda olan, unudulan, dağıdılan yurdlara ağrıyla baxır, amma ümidi və inamı heç vaxt itirmir. Onun poeziyasında yurd sevgisi, insanın kimliyinə, dilinə və tarixə bağlılığının göstəricisinə çevrilir.
Ana dili – ruhun səsi, yaddaşın qapısı
Mahirə Nağıqızının yaradıcılığında ana dili mövzusu xüsusi yer tutur. O, dili yalnız ünsiyyət vasitəsi kimi deyil, ruhun, düşüncənin, milli yaddaşın ifadəsi kimi dəyərləndirir. Ana dili onun üçün həm müqəddəs emanət, həm də mənəvi qaladır:
Yurd yaratdın, xalqıma ev-eşik oldun, Laylalarla ruhumuza beşik oldun. Dünyamızın sərhədinə keşik oldun, Millət etdin el-elatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim! * * * Nizaminin hikmətini sən yaratdın, Nəsiminin qüdrətini sən yaratdın, Füzilinin fitrətini sən yaratdın, Hikmət dolu söz büsatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim. (Ana dilim) Şairin misralarında dilin gözəlliyi, zənginliyi və qorunmasının vacibliyi vurğulanır. O, sanki oxucuya səslənir: “Dilimizi yaşatmaq – varlığımızı yaşatmaqdır.” Mahirə Nağıqızı üçün dilin saflığı, onun xalqın ruhuna uyğun təmiz saxlanılması mənəvi borcdur.
Üçlükdə bir bütövlük (yurdsevərlik)
Mahirə Nağıqızının poeziyasında insan, yurd və ana dili bir-birindən ayrılmaz mənəvi üçlük təşkil edir. Bu üç dəyər arasında dərin əlaqə vardır: dilsiz insan köksüz ağac kimidir, yurdsuz insan köksüz dağ kimidir. Şairin baxışında insanın mənəvi bütövlüyü yalnız öz dilinə, torpağına və ilahi mənşəyinə sadiq qalmaqla mümkündür. Ona görə də Mahirə Nağıqızının yaradıcılığı təkcə poetik mətnlərdən ibarət deyil, həm də bir mənəvi vətənçilik – yurdsevərlik manifestidir.
Mahirə Nağıqızının yaradıcılığı Azərbaycan ruhunun diriliş çağırışıdır. Onun poeziyası bizə insanın mahiyyətini, yurd sevgisinin müqəddəsliyini, ana dilinin ilahi dəyərini xatırladır. Bu poeziyada söz təkcə ifadə vasitəsi deyil, ruhun nəfəsidir. Hər misrada bir çağırış, hər sətirdə bir dua var: İnsanı unutma, yurdu qoruyun, dili yaşadın!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda dördüncü – hekayələr haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.
Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığı yerdən davam etdirək.
Azərbaycan xalq poeziyasının ən möhtəşəm incilərindən biri bayatıdır. Dörd misralıq, lakonik formaya malik olsa da, bayatı minilliklərin yaddaşını, xalqın dərdini, sevincini, amalını özündə cəmləyən zəngin bir xəzinədir. Bu poeziya janrında hər sözün çəkisi var, hər misranın arxasında bir dünya dayanır. Məhz bu səbəbdəndir ki, bayatı xalqın ruhunu, milli varlığını qoruyub saxlayan müqəddəs söz yadigarı kimi yaşayır və bu gün də çağdaş şairlərin yaradıcılığında öz bədii-estetik gücünü qorumaqdadır.
Azərbaycan ədəbiyyatının zəngin folklor xəzinəsində xüsusi yer tutan bayatılar əsrlər boyu xalqın ruhunu, ağrısını, sevincini, hikmətini özündə yaşadıb. Bu qədim janr həm xalqın yaddaşını qoruyur, həm də bədii təfəkkürün saf forması kimi nəsillər arasında körpü yaradır. Müasir poeziyada da bu milli irsin davamçıları var. Onlardan biri də istedadlı şairə Mahirə Nağıqızıdır — onun bayatıları həm milli ruhu yaşadır, həm də müasir insanın düşüncə və duyğularını ifadə edir.
Mahirə Nağıqızının bayatı yaradıcılığı, ilk növbədə, xalqın səsinə, təfəkkür tərzinə söykənir. O, bayatılarda xalqın dilini, onun metaforik düşüncə tərzini, ruhunun incə titrəyişlərini duymağı bacarır. Onun bayatıları el dili ilə yazılsa da, orada dərin mənəvi qatlar, fəlsəfi duyğular, vətən sevgisi və insan təbiətinə xas saf hisslər gizlənib.
Mahirə Nağıqızının bayatıları ilk növbədə xalq ruhunun daşıyıcısıdır. Onun bayatılarını oxuyanda elə bil qədim ozan nəfəsi, aşıq səsi duyulur. Hər misrada səmimiyyət, hər ifadədə təbiilik özünü göstərir. Bu bayatılarda sevgi də var, həsrət də, qəhrəmanlıq da, ana torpağa – dilə bağlılıq da. Şairə xalqın yaratdığı bu miniatür formanın imkanlarından məharətlə istifadə edir, az sözlə dərin mənanı çatdırmağı bacarır:
Sordum yaşını, dünya, Çatma qaşını, dünya. Kimi kəsdi göbəyin, Kimi başını, dünya.
Bu kimi bayatılar sadə görünür, amma arxasında bir xalqın sevgi fəlsəfəsi, gözlənti mədəniyyəti və təbiətlə vəhdəti dayanır. Şairə xalq danışığının ruhunu qoruyur, lakin onu müasir bədii düşüncə ilə birləşdirir.
Mahirə Nağıqızı bayatı formasına yeni nəfəs gətirən sənətkarlardandır. O, ənənəvi poetik ölçüləri saxlayaraq müasir insanın duyğularını, qadın qəlbinin sükutlarını və dövrün ağrılarını ifadə edir. Onun bayatıları sanki həm keçmişin səsi, həm də bu günün nidasıdır.
Bu yaradıcılıqda ana, dil, yurd və sevgi motivləri əsas yer tutur. Bayatılarda ana obrazı müqəddəslik rəmzidir, dil və yurd isə kimliyin təməlidir. O, hər bir sözündə milli ruhun daşıyıcısı kimi çıxış edir.
Mahirə Nağıqızının bayatıları oxucuya həm sükunət, həm də mənəvi dərinlik bəxş edir. Onlarda nə süni pafos var, nə də bəzəkli ifadə — hər şey səmimi, təbii və yığcamdır. Bu, həm də şairənin sənətkarlıq ustalığını göstərir: az sözlə çox məna demək bacarığı onun poeziyasının əsas gücüdür. Onun bayatıları yalnız dil-üslub baxımından deyil, mənəvi və fəlsəfi yükünə görə də diqqət çəkir. Bu bayatılarda insan anlayışı — onun daxili aləmi, mənəvi kamilliyi, sevinc və kədəri, vicdanı və taleyi — əsas mövzulardan biri kimi ön plana çıxır.
İNSAN
Mahirə Nağıqızının bayatıları insanın mənəvi bütövlüyünə, onun varlıq anlamına işıq tutur. Şair üçün insan yalnız bioloji varlıq deyil, düşünən, duyan, yaradan bir ruhdur. Onun bayatılarında insanın Tanrıya yaxınlığı, vicdanla yaşamın dəyəri, halallıq və mərhəmət kimi anlayışlar əsas yer tutur. Məsələn, belə bir bayatıda bu düşüncə aydın duyulur:
Dayanıb marığında Gülləsi darağında Fələk, yenə gəzirsən De kimin sorağında Bu misralarda insanın təbiətə, həyata və sevgiyə bağlılığı poetik dildə ifadə olunur. Mahirə Nağıqızı üçün insan həm ağrıdan, həm sevgidən doğulur — yəni onun kamilliyi sınaqlardan keçir.
Mahirə Nağıqızı insanı təkcə sevgi və duyğu varlığı kimi deyil, məsuliyyət daşıyan bir varlıq kimi təqdim edir. Onun bayatılarında insan öz əməllərinə, sözünə və davranışına cavabdehdir. Bu, Azərbaycan xalq poeziyasının mənəvi qaynaqları ilə səsləşi: Fələk, yenə gəzirsən De kimin sorağında.
Bu bayatıda insanın mənəvi mühakimə mərkəzi kimi vicdan anlayışı ön plana çıxır. Şair insanı içindəki səsə qulaq asmağa, düz yol seçməyə çağırır.
Mahirə Nağıqızının bayatılarında insan təbiətdən ayrı deyil — o, təbiətin bir parçası, onun canlı simasıdır. Dağ, çay, külək, quş, gül, dəniz kimi təbiət obrazları insanın daxili halını ifadə edən poetik vasitələrdir. Bu son iki misranın təsirində qıvrılarkən (sözün əsl mənasında – 06.10. 2025 saat 04:48) lap çoxdan “Bilsin” adlı şeirimin son iki misrasını qeyri – iradi xatırlayıram: Dünyadan nə gəlsə bizə, Arar bizi, bizi bilsin…
Maraqlıdır ki, filologiya elmləri doktoru, professor Zahid Xəlil Mahirə Nağıqızının bayatılarını ayrıca təhlil etdiyi geniş məqaləsində bu bayatı haqqında özünün xüsusi qənaəti olduğunu bildirir: – “Mahirə xanım bəzi bayatılarında sonda deyiləcək fikri əvvəlki misralara gətirməklə diqqəti cəlb edir. İlk iki misranı oxuyanda gözümüzün qabağına belində patrondaşı, çiynində tüfəngi olan,ovunu izləyən (ovunun marığında dayanan) ovçu canlanır. Son iki misra isə taledən,onun qəzavü qədərindən danışır.Bu bayatılar göstərir ki, şair folklor ənənələrini izləməklə yanaşı ondan korkoranə bəhrələnmir, xalq ədəbiyyatına yaradıcı yanaşır.”
Məncə ümumi qənaət burada insanın təbiətlə eyni taleyi yaşaması, onun hisslərinin təbiət hadisələri ilə səsləşməsi duyulur.
Mahirə Nağıqızının bayatılarında insan həm bəşəri, həm milli dəyərlərin daşıyıcısıdır. O, xalqın vicdanını, sədaqətini, mərhəmətini və azadlıq istəyini öz varlığında cəmləyir. Şairin poetik dünyasında insan Tanrı ilə, təbiətlə, vətənlə və öz vicdanı ilə daim dialoqdadır. Mahirə Nağıqızının bayatıları oxucunu daha saf, daha düşüncəli və daha mərhəmətli insan olmağa səsləyir.
YURD
Azərbaycan poeziyasında bayatı janrı xalqın ruhundan, yaddaşından süzülüb gələn bənzərsiz bir ifadə formasıdır. Hər bir bayatıda həm sevinc, həm nisgil, həm də Vətənə bağlılıq duyğuları öz əksini tapır. Mahirə Nağıqızının yaradıcılığında da bu ənənə müasir tərzdə davam etdirilir. Onun bayatılarında yurd və vətən həsrəti aparıcı xətt kimi keçir və oxucunu dərin duyğular aləminə aparır.
Mahirə Nağıqızı Vətəni təkcə torpaq, dağ, çay kimi deyil, ana yurd, mənəvi dəyərlər, xalqın ruhu kimi görür. Filologiya elmləri doktoru, professor Məhərrəm Hüseynov Mahirə xanımın bayatıları haqqında yazdığı geniş təhlil məqaləsində bu məqamı xüsusi vurğulayır: – “Təbiətə, ana yurda tükənməz sevgi Mahirə Nağıqızının bayatı yaradıcılığının əsas leytmotivlərindən biridir.” Onun bayatılarında doğma yurddan uzaqlıq, itirilmiş kəndlərin, dağların, obaların həsrəti sətirlərin arasından boylanır. Bu həsrət bəzən sakit bir sızı kimi, bəzən isə alovlu bir fəryad kimi duyulur:
Hər yanın çeşmədi, dağlar,
Suların seçmədi, dağlar.
Dünyada çox şeydən keçdim,
Bir səndən keçmədim, dağlar.
Bu kimi bayatılar sadəcə kədər ifadə etmir, həm də Vətən sevgisini qorumaq, onun azadlığına inamı itirməmək kimi bir çağırış daşıyır. Mahirə Nağıqızının söz dünyasında yurd həsrəti ilə yanaşı, dönməz ümid, xalqın ruh gücü və torpağın müqəddəsliyi də yer tutur.
Onun bayatıları həm də köklərə bağlılıq, doğma elin unudulmaması ideyası ilə zəngindir. Bu bayatılarda yurdun hər daşı, hər çiçəyi, hər nəfəsi doğmadır, müqəddəsdir:
Qismətim ilmədi, dağlar,
Qəm yazdı, silmədi, dağlar.
Dərdim anamdan savay,
Kimsənə bilmədi, dağlar.
Təkcə bu bayatı haqqında səhifə-səhifə yazılar yazmaq olar. Və ya mənim bu sicilləmə yazımı elə bu dörd misra tam əvəz etmək qüdrətindədir. Bu bayatıda ilk növbədə Tanrı misalı Dağlara xitab (bu barədə “Dağlar” haqqında olan məqaləmdə Dədə Ələsgərin “Dağlar”ı üzərindən geniş yazım var) diqqət çəkir. Bayatının məzmununa gəlincə bu dörd misrada insan da var, yurd da var, dil də. Bu misralarda təkcə həsrət deyil, həm də dönüş arzusunun poetik inikası görünür. Şairin ruhu doğma yurdsuz tam ola bilmir, sanki onun nəfəsi də Vətən havasına bağlıdır. Bu bayatıda bir fərd – insan öz şəxsi problemləri ilə barabər Yurdun harayına qalxır və bu nisgili özünəməxsus kəlmələrdən ibarət dili ilə anladır.
Beləliklə, Mahirə Nağıqızının yurd həsrətli bayatıları Azərbaycan xalqının tarixi yaddaşını, torpaq sevgisini, milli ruhunu yaşadan mənəvi xəzinədir. Onun bayatılarında yurd həsrəti – həm bir xalqın ağrısı, həm də ümidi kimi səslənir. Ancaq bütün hallarda böyüklüyündən asılı olmayaraq, istənilən dərdin, nisgilin, bəlanın izharında milli mənsubiyyət, mərdanəlik, qürur özünü bariz şəkildə göstərir:
Eləmə,naşı dillənər Hər kəlməbaşı dillənər Deməyə kəlmə tapmaram Gözümün yaşı dillənər.
Bu barədə giriş məqaləsində qısa bir qeydim var idi. Zahid Xəlil Mahirə Nağıqızının bu bayatısı haqqında belə yazır:
“Bu gün Mahirə xanımın bir bayatısını oxudum. Oxudum və düşündüm.Yadıma saldım ki,bayatı poetikasının başlıca xüsusiyyətlərindən biri geniş və ibrətamiz bir hadisəni cəmi dörd Mahirə Nağıqızı Azərbaycan xalq ədəbiyyatının dərin köklərindən qidalanan, milli ruhu, vətən sevgisini və dilə sədaqəti yaradıcılığının əsas xəttinə çevirən istedadlı şairlərimizdəndir. Onun bayatıları sadəcə poetik nümunələr deyil, həm də xalqın mənəvi dünyasının, milli kimliyinin ifadəsidir.” Xüsusilə ana dili mövzusu Mahirə Nağıqızının bayatılarında həm mənəvi, həm də milli bir amal kimi ön plana çıxır.
Mahirə Nağıqızı üçün ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli mənsubiyyətin, mənəvi varlığın əsas daşıyıcısıdır. Onun bayatılarında dil – ana kimi müqəddəs, Vətən kimi doğma, xalq kimi əziz bir dəyər kimi təqdim olunur. Şair ana dilini sevgi, qürur və məsuliyyət duyğuları ilə tərənnüm edir.
Məsələn, bu ruhu ifadə edən bir bayatısında belə deyilir (tipik Mahirə Nağıqızı üslubunda):
Bilmədi, naşıdı , qaldı,
Dərdimi daşıdı qaldı.
Bu dərdə kimsə qalmazdı,
Gözümün yaşıdı, qaldı.
Məhərrəm Hüseynov bu barədə yazır: – “ M.Nağıqızın dil lakonikliyi sintaktik qəlblərin obrazlaşdırma üsullarından biridir. Bu üsul daxilində mükəmməl leksik boyalar poetic təfəkkürün gücü ilə şairin daxili məzmununa. Simmetriya və ümumiyyətlə bədii mükəmməlliyinə çökür.”
Bu cür bayatılarda dilin qorunması, saf saxlanılması milli borc kimi göstərilir.
ANA DİLİ
Zahid Xəlil bayatılar haqqında olan məqalıəsində bayatıların dili haqqında yazır:
“Şairin bədii dilində maraqlı bir çeviklik var. Mahirə xanımın bayatılarından biri belədi: Baxma ki,daşdı yolların Dərə, düz aşdı yolların Fikir etmə qurban olum Hamıdan başdı yolların İlk iki misra sevimli adamın ünvanına gedən adi yollardır. Bu misralar müstəqim mənada işlənib. Sonrakı iki misra məcazi məna kəsb edir: Fikir etmə,qurban olum Hamıdan başdı yolların. Bu misralarda yoldan yox, sevgidən söhbət gedir. Sənin yolun (gəlişin, təbəssümün, məktubun, ismarıcın və s.) hamınınkından başdı! Evinə gedən yollar daş kəsək olsa da sevgin yüksəkdi. Beləliklə “Yol”sözü poetik mərtəbəyə yüksəlir.”
Mahirə Nağıqızının poetik düşüncəsində ana dili xalqın tarixi yaddaşı ilə birləşir. O, bayatı forması ilə qədim xalq ruhunu yaşadır, eyni zamanda dilin köklərinə, onun saflığına və qədimliyinə diqqət çəkir. Bayatılarında hər bir söz sanki dilin yaddaşından gəlir, xalqın keçmişini yaşadır:
Görmədim qar, amandı,
Həsrətim qaramandı.
Istanbul yolum üstü.
Gözləyən Qaramandı.
Burada dilin itməsi xalqın ruhunun zədələnməsi kimi təqdim olunur.
Mahirə Nağıqızının bayatılarında ana dili mövzusu çox zaman ana obrazı ilə vəhdətdə verilir. Ana dili — ana südü, ana nəfəsi, ana laylası ilə eyniləşdirilir. Bu, dilə olan sevginin kökündə mənəvi bağlılığın dayanmasından xəbər verir:
Əlinin canı, gəlmişəm,
Vəlinin canı, gəlmişəm.
Ay ana, laylan dərmanım,
Ver dərmanı gəlmişəm.
Mahirə Nağıqızının bayatı yaradıcılığında ana dili mövzusu həm milli ideya, həm də mənəvi təməl kimi çıxış edir. Onun üçün dil — xalqın ruhudur, kimliyidir, yaşamaq haqqıdır. Şair bu mövzu ilə oxucusuna bir mesaj verir: ana dilini sevmək – ana torpağı, ana ruhunu qorumaq deməkdir.
Bu baxımdan, Mahirə Nağıqızının bayatıları həm poetik, həm də publisistik məzmun daşıyır – onlar çağırış, xəbərdarlıq və eyni zamanda sevgi nəğməsidir.
Mahirə Nağıqızının bayatı yaradıcılığı həm folklorun davamı, həm də müasir poeziyanın bədii yüksəlişidir. Onun bayatıları xalq ruhunun bu günə daşınmış şəklidir. Bu əsərlər bir daha sübut edir ki, Azərbaycan bayatıları nə qədər qədim olsa da, müasir insanın qəlbində yaşayır və yenidən doğulur. Mahirə Nağıqızının bayatılarını fərqləndirən əsas cəhətlərdən biri onların qadın ürəyinin səsi olmasıdır. O, qadın duyğularını, qadın zərifliyini, ana yanğısını bayatılara hopdurur. Bu səbəbdən də onun bayatıları həm yumşaq bir lirik duyğu ilə, həm də qətiyyətli bir üsyanla səslənir. Həm sevgi doludur, həm də milli qeyrət hissi ilə yoğrulub:
Bir parça daş Vətəndir,
Hər şeydən baş Vətəndir.
Nənəm, ay Nazlı anam,
Bacıya qardaş Vətəndir.
Şairənin bayatı yaradıcılığında ana, vətən mövzusu xüsusi yer tutur və qoşa addımlayır. O, bu qədim janr vasitəsilə xalqın keçmişini, azadlıq arzularını, milli kimliyini – mənsubiyyətini ifadə edir. Onun bayatıları oxucuya sadəcə bir poetik mətn təsiri bağışlamır, həm də milli yaddaşın diriliyini göstərir.
Mahirə Nağıqızının bayatılarına publisistik prizmadan yanaşdıqda, onları milli-mənəvi dəyərlərin təbliği, xalqın mənəvi enerjisinin qorunması baxımından mühüm hadisə kimi qiymətləndirmək olar. Bayatı, sözün ən yığcam, amma ən təsirli formasıdır. Mahirə Nağıqızı bu formadan publisistik güc kimi xalqı oyatmaq, milli kimliyi qorumaq, gənc nəsli ana dilinə, folklor köklərinə bağlamaq üçün böyük ustalıqla, xüsusi məharətlə istifadə edir.
Mahirə Nağıqızının bayatı yaradıcılığı yalnız bir şairin şəxsi uğuru deyil, həm də xalq poeziyasının davamlılığı və yaşarlığı deməkdir. O, bayatını müasir düşüncə ilə yoğuraraq həm klassik ənənəni yaşadır, həm də bugünkü oxucunun ruhuna yaxınlaşdırır. Bu mənada onun bayatıları milli söz dünyamızın işıqlı səhifələrindən biri kimi dəyərləndirilməlidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda üçüncü – şeirlər haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.
Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizin mövzusu tanınmış Azərbaycan şairi, ədəbiyyatçı alim, xanım-xatın ana, yurdsevər ziyalı, ictimai xadim (ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, AYB-nin üzvü) Mahirə Nağıqızı (Hüseynova) yaradıcılığında “insan”, “yurd” və “ana dili” anlayışlarının cuğlaşması nəticəsində ortaya çıxan özünəməxsus ifadə tərzinin – yurdsevərliyin təcəssümnün araşdırılması və təbliği olacaq. Bu mövzuya həsr etdiyim birinci – giriş yazımda gələcəkdə davam edəcək silsilə yazılarım üçün struktur sxem – növbəti monoqrafiyamın möhtəviyyatını təqdim etməyə çalışacağam.
Mahirə Nağıqızı müasir Azərbaycan ədəbiyyatının diqqət çəkən, eşidilən və oxunan səsi, qəbul edilən avazıdır. Dədə Qorqud öyüdü, ulu ozanların nəsihətləri, qədim tariximizin ən dərin qatlarından (min illərin ötəsindən – bəlkədə milyon illərin) süzülüb gələn ana hökmü, xanım zərifliyi onun yaradıcılığının (nitqinin, bayatılarının, şeirlərinin, hekayələrinin, publisistikasının, metodikasının) əsas məziyyətlərindənidir. Onun şeirləri ənənə ilə çağdaş duyğular arasında körpü qurur, sadə və eyni zamanda qatmanlı dil ilə oxucunu daxili səyahətə çıxarır:
İbadətdir şeirlərim, Hər sətrində sənin yerin. Kağız üstə düşən tərim, Bir cəhlil-cəlal, yığıram. (“Yığıram”)
Bu məqalədə (silsilə yazımda) Mahirə Nağıqızının yaradıcılığını — bədii-estetik xüsusiyyətlərini, əsas mövzularını, poetik üslubunu, ictimai və mədəni təsirini, həmçinin oxucu ilə münasibətini geniş şəkildə araşdırmaq istəyirəm.
Mahirə Nağıqızı həm fərdi, həm də kollektiv yaddaşın şeir dili ilə təcəssümü olan şairdir. Onun şeirlərində şəxsi xatirələr, qadın təcrübəsi, ailə və məişət, vətən (yurd) və tarixi yaddaş elə bir ahənglə verilir ki, oxucu onları həm öz həyatında tapa bilir, həm də ümumbəşəri səviyyədə qəbul edir. Mahirə xanımın poeziyası həm incə duyğuya, həm də prinsipial ictimai mövqeyə malikdir; o, kiçik insan hekayələrindən böyük mənalar çıxarmağı bacarır. İstənilən məzmunlu (janrda) və həcmli yazılarında (dördlükləri, bayatılar da daxil olmaqla) insan, onun yaşayışı, yurd yeri, dili əsas mövzu predmeti kimi ortaya çıxır:
Bu səhra dünyamın yuxularının Hər gecə gəzdiyi ormanı sənsən. Yaralı qəlbimin, xəstə canımın, Yeganə davası, dərmanı sənsən. (“Sənsən”)
Mahirə Nağıqızının yaradıcılığında bir neçə dominant mövzu aydın görünür:
–Ailə və ana: Şairənin anaya, analığa həsr olunmuş nüanslı şeirləri onun yaradıcılığında xüsusi yer tutur. Bu şeirlərdə həm təşəkkür, həm də qürur, həm də itki və həsrət duyğuları paralel şəkildə işlənir:
Doğulandan ruhun oldu beşiyim, Abrın oldu, həyan oldu keşiyim. Halallığa ocaq, evim-eşiyim, Sabahıma inam oldun, Nazlı, sən. (“Nazlı, sən”)
–Qadın təcrübəsi və önəri: Mahirə xanımın şeirləri qadınların gündəlik məişəti, daxili dünyası, arzuları və məhdudiyyətləri üzərində düşünməyə sövq edir. O, qadın obrazını stereotiplərdən azad etməyə çalışır, onun gücünü və incəliyini eyni zamanda təqdim edir.
–Yurd və tarix: Şair həm yerli-landşaftın, həm də tarixi yaddaşın şeir dilində canlandırılmasına meyllidir. Vətənə bağlılıq onun poetikasında nostalji və ümid qatları ilə verilir. Mahirə Nağıqızının bu mövzuda olan şeirlərindən əlavə maraqlı nəsr nümunələri də var. Yazarın “Mənim çəkmələrim” hekayəsi yurd – vətən həsrətini təcəssüm etdirən çox qiymətli əsərlərdən biridir.
–Ana dili və milli mənsubiyyət məsələsi: Mahirə Nagıqızına görə Azərbaycan xalqının milli mənsubiyyətinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun dilidir. Ana dilimiz təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısı, min (bəlkə də milyon) illərin ötəsindən günümüzədək gəlib çatan ən müqəddəs əmanət – genetik yaddaşımızdır. Onu qorumaq və gələcək nəsillərə ötürmək borcumuzdur.
–Mühacirət və qayıdış: Modern dünyanın köçərilik, tənhaqalmışlıq və yeni məkanlarda özünü yenidən kəşf etmə kimi problemləri Mahirə xanımın müasir şeirlərində rast gəlinir:
Kimə doğma dedin, kimə yad dedin, Nə haray istədin, nə imdad-dedin? Qürbətin havası verməz dad-dedin, Adının hər adı-sanı vətəndir. (“Vətəndir”)
–Günlük həyatın poetikləşdirilməsi: O, adi məişət səhnələrindən, gündəlik məsələ və münasibətlərdən, yaşlı və cavanlardan, övladlardan (nəvələrdən), əşya və hadisələrdən nümunələr götürərək universalla çevirir. Fərdi məziyyətləri poetik dillə ümumiləşdirir:
Bu vətən deyilən torpaq deyil ki, Ananın dizinin yanı-vətəndir. Başını qoymağa bir sinə varsa, Ruhuna beşiksə, tanı, vətəndir. (“Vətəndir”)
–Əsərlərin dili və üslubu: Mahirə Nağıqızının dili həm sadə, həm də mürəkkəbdir. O, gündəlik danışıq intonasiyasını şeir formasına gətirir, amma dilin sadəliyinin arxasında dərin metaforik qatlar gizlənir.Doğma ana dilimizin zənginliyini, ecazkarlığını hər sözündə, hər misrasında vurğulayır. Milli mənsubiyyətimizin əsas daşıyıcı və qoruyucusu məhz sərhəd tanımayan hakim ana dilimizin olduğunu göstərir.Biz bu yanaşmanın nə qədər doğru olduğunu son illərdə bird aha şahidi olduq (uzun illər özünü düşmən kimi təqdim edən mənfur – rəzil qonşularımız belə əslində dilimizdə necə bülbül kimi cəh-cəh vurduqlarının şahidi olduq.)
HAŞİYƏ: Son günlərdə minaya düşərək şəhid olan Xanı ləqəbli döyüşçünün yayılmış videoların birində belə bir epizod var; ərazinin tərk edən qonşu millətin nümayəndəsi ona “Qardaş” deyir…. Və ya digər məşhur bir videoda isə: – “ə vallah e….i..r adam döylü” – yaşlı kişi elə yaxşı danışır ki,.. bütün bunlar onu göstərir ki, bu regionun, coğrafiyanın bir hakim – əsas dili var, o da mənim ana dilimdir. Məgər biz onları bizim dildə danışmağa məcbur etmişik? Yoxsa, biz onlara dil öyrətmişik?
Üslubu isə janrından asılı olmayaraq bütün mətnlərində fərdi xüsusiyyətlərilə seçilir. O müasir ədəbiyyatımızın öz fərdi üslubu olan qələm sahiblərindən biridir.
–Təsvir və detalların gücü: Mahirə xanım kiçik detalı böyük bir simvola çevirə bilir — adı bir yarpaq, saz, yol, karvan kimi elementlər şeirə geniş mənalar gətirir.
–Səmimiyyət və açıq nitq: Onun şeir dili danışıq tonuna yaxın olduğundan, oxucu ilə birbaşa dialoqa girirmiş kimi təsir bağışlayır.
Mahirə Nağıqızının şeirlərinin əksəriyyəti insanın yaddaşına həkk olunur (düşündürür) — çox vaxt bir misra, bir mənzərə (təsvir) uzun müddət qalan təsir yaradır: “Təkcə bizim deyil, el anasıydın…” və ya “Ürəyə can verən qanı vətəndir.” Bu cür cümlələr oxucuda həm vizual, həm də emosional reaksiya doğurur.
Mahirə Nağıqızının şeirləri yalnız ədəbiyyat güzgüsündə deyil, həm də cəmiyyətin dilində səslənir. Onun yaradıcılığı gənc şairlər üçün nümunədir, ədəbi müzakirələrdə tez-tez istinad edilir və mətbuat-ictimai platformalarda oxucular arasında müzakirə mövzusu olur. Xüsusilə qadın təcrübəsinin ədəbiyyatda görünməsi və bu təcrübənin ehtiramla ifadəsi Mahirə xanımın yaradıcılığını sosial məna daşıyan bir sənət növünə çevirir.
Ayrı-ayrı (fərqli təbəqələrdən olan) oxucuların və müxtəlif nəsillərdən olan ədəbiyyat tənqidçilərinin Mahirə Nağıqızının şeirləri barədə olan qənaətləri müxtəlifdir. Bəzi tənqidçilər onun dilinin bəzən həddindən artıq emosional olması və ya çox şəxsi motivləri poetik ümumiyyətə çevirməyə çalışmasının mübahisəli tərəflərini vurğulayırlar. Lakin əksər oxucular və tənqidçilər onun duyğulara sədaqətli qalmasını, saf və kəskin hisslərini, gələcəyə inamını qiymətləndirirlər:
Kəsik duaları sığışmaz yerə, Ün salmaz, sakitcə hopar göylərə. Dur ayaq üstündə, yeri, Mahirə, Qış çıxıb gedəcək, bahar gələcək. (“Gələcək”)
Ədəbiyyatsevərlər Mahirə Nağıqızının səmimiyyətini, emosional dürüstlüyünü və insan təcrübəsini incəliklə göstərməsini əsas müsbət cəhət hesab edir.
Gələcəkdə Mahirə xanımın yaradıcılığının (fikirlərinin, ideyalarının) daha geniş oxucu (tamaşaçı – izləyici) auditoriyasına çatması üçün, fərqli ədəbi janrlara — məsələn dramaturgiya müraciət etməsi faydalı ola bilər. Onun səsi çağdaş ədəbiyyatda bir nəsil üçün referans nöqtəsinə çevrilə bilər: həm dil, həm dəyər, həm də mövzu baxımından. Əgər o, poeziya məclislərində (tədbirlərdə), ədəbi festivallarda və tərcümə layihələrində daha aktiv iştirak edərsə, onun təsiri region sərhədlərini asanlıqla aşaraq ümumbəşəri dəyər qazana, genişlənə bilər.
Bütün bu yuxarıda sadalanan amillərə əsaslanaraq bu silsilə yazılarımda (gələcək məqalələrimdə) Mahirə Nağıqızının yaradıcılığını dörd əsas istiqamətdə; bayatılar, şeirlər, hekayələr və publisistika olmaq üzrə araşdıracağıq. Janrından asılı olmayaraq təhqiqat mövzusu olacaq əsərlərdə insan, yurd, ana dili, həsrət, inam kimi anlayışlar araşdırılacaq. Bu yazılarda yurd həsrətli yazarın (şairin, yazıçının, publisistin, … Mahirə Nağıqızının) yazdıqlarını digər bir yurd həsrətli yazarın (bəndənizin – Zaur Ustacın) gözü ilə seyr etmək, qəlbi ilə duymaq imkanı əldə edəcəksiniz.
Bayatılar
Mahirə Nağıqızının bayatıları ilk növbədə xalq ruhunun daşıyıcısıdır. Onun bayatılarını oxuyanda elə bil qədim ozan nəfəsi, aşıq səsi duyulur. Hər misrada səmimiyyət, hər ifadədə təbiilik özünü göstərir. Bu bayatılarda sevgi də var, həsrət də, qəhrəmanlıq da, ana torpağa bağlılıq da. Şairə xalqın yaratdığı bu miniatür formanın imkanlarından məharətlə istifadə edir, az sözlə dərin mənanı çatdırmağı bacarır:
Eləmə,naşı dillənər Hər kəlməbaşı dillənər Deməyə kəlmə tapmaram Gözümün yaşı dillənər. Filologiya elmləri doktoru, professor Zahid Xəlil bu dörd misra haqqında belə yazır: -“Oxudum və düşündüm.Yadıma saldım ki,bayatı poetikasının başlıca xüsusiyyətlərindən biri geniş və ibrətamiz bir hadisəni cəmi dörd misraya yerləşdirmək bacarığıdır.” – Zahid müəllimin fikirləri ilə daha geniş formada bayatılar haqqında olan ikinci yazımda ətraflı tanış olacaqsınız.
Şeirlər
Mahirə Nağıqızı poeziyasında insanın taleyi, zamanın axarı, qadın qəlbinin çırpıntıları, Vətən sevgisi, ana obrazı və sevgi motivləri ön plandadır. O, adi hadisələrə belə fərqli poetik baxışla yanaşır, gündəlik həyatın ən sadə məqamlarında belə bədii məna tapır. Şairin misralarında səmimiyyət, doğmalıq və ruhun saf çırpıntıları üstünlük təşkil edir:
…Bu ayları onsuz gördük deyilməz, Üzbəüzdə Həsən Mirzə yaşayır. O nə sirdir, nə hikmətdir, bilinməz, Yüzə-yüzdə Həsən Mirzə yaşayır.
…Gedib çıxıb haralara sədası, Azərbaycan – ora, bura obası. Cild-cild kitablarda yuvası, Qalıb sözdə Həsən Mirzə yaşayır.
Tanınmış ədəbiyyatşünas (vurğunşünas) – tənqidçi Qurban Bayramov Mahirə Nağıqızının “Həsən Mirzə yaşayır” şeirindən olan bu parça haqqında yazır: – “Mahirə Nağıqızının şeir yaradıcılığının çoxçeşidli, özünəməxsus mövzu sistemi mövcuddur. Onun yaradıcılığının əsas leytmotivinin birini də xalqın milli-mənəvi tərəqqisində, ictimai, mədəni düşüncəsinin yeniləşməsində böyük xidmətlər göstərən, xalqın taleyi qarşısında şəxsiyyətin rolu və məsuliyyəti məsələsi kəskinliyi ilə qoyulur.” – Qurban Bayramovun və digər ədəbiyyatçıların fikirləri ilə daha geniş formada şeirlər – Mahirə xanım haqqında olan bu silsilə yazımın poeziyaya həsr olunmuş bölümündə ətraflı məlumat veriləcək.
Mahirə xanımın şeirləri haqqında ayrıca bir neçə bölmədə söhbət açmaq olar. Ancaq bu birinci – giriş yazımın təyinatına uyğun ümumi məlumatla kifayətlənməli olacağıq.
Hekayələr
Mahirə Nağıqızının hekayələrində (hekayətlərində) diqqəti çəkən əsas xüsusiyyət mövzuların həyatın özündən götürülməsidir. Onun qəhrəmanları sadə insanlar – kənd qadınları, ziyalı xanımlarımız, ailəsinin yükünü çiyinlərində daşıyan analar, həyatın keşməkeşləri ilə mübarizə aparan övladlar, vətən həsrəti ilə yaşayan insanlar və gündəlik qayğıların arasında yaşamağa çalışan sadə insanlardır. Yazıçı oxucuya tanış olan bu obrazlarla sanki hər kəsi öz hekayəsinə qoşur, oxucunun həyat təcrübəsi ilə bədii mətn arasında körpü yaradır: “Hamı nənəyə təskinlik verməklə bərabər, hökmən qurban kəsməli olduğumuzu xatırladırdı və mən təəccüblənirdim ki, nəyə görə qurban kəsilməlidir idi. Ağamdan bir az sonra Şərəf arvad gəldi. Ucaboy, qadınlarda nadir hallarda rast gəlinən qartalburunlu Şərəf arvad, görünür, yol boyu Validədən lazım olan məlumatları almışdı deyə, kiməsə əlavə sual vermədən ərik ağacının altında, xırda kilimin üstündə uzadılmış Vəliyə yaxınlaşdı. …”(“Sandal”)
Mahirə xanımın “İpək köynək”, “Saz havası”, “Sandal”, “Mənim çəkmələrim” və digər bu qəbildən olan hekayətləri necə deyərlər, “adamın iliyinə işləyir.”
Hekayələr (hekayətlər) haqqında olan yazıda bu barədə daha ətraflı söhbət edəcəyik.
Məqalələr
Mahirə Nağıqızının publisistik məqalələrinin əsas məziyyəti onların oxucu ilə canlı ünsiyyət qurmasıdır. Onun yazılarında quru faktlardan daha çox hadisələrin arxasındakı mənalar, insan taleləri, milli yaddaşın izləri ön plana çəkilir. Müəllif oxucunu hadisənin sadəcə şahidi deyil, həm də iştirakçısı kimi görür.
Xüsusilə son dövrlərdə Qərbi Azərbaycan mövzusunda yazdığı publisistik məqalələri (çıxışları) soydaşlarımızın maarifləndirməsi və gələcəyə ümidlə baxması yolunda atılan uğurlu addımlardan biri kimi qəbul olunmalıdır. Milli mənsubiyyət məsələsi, yurd həsrəti və qayıdışa inam, dil problemləri (ana dilimizin qayğıları) onun yazılarının (çıxışlarının) özəyini təşkil edir:
“Hər bir xalqın milli kimliyini, tarixi keçmişini, mədəniyyət və adət-ənənəsini nəsildən-nəsilə ötürən ən vacib vasitə onun ana dlidir. Azərbaycan xalqının da milli kimliyinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun dilidir. Azərbaycan dili təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısıdır.” (25 aprel 2025, adpu.edu.az)
Məqalələrdən bəhs edən bölümdə bu barədə daha detallı şəkildə məlumat verməyə çalışacağam.
Mahirə Nağıqızı oxucunu həm sakitləşdirən, həm də düşündürən şairdir (yazardır). Onun yaradıcılığı müasir əhvalatları, şəxsiyyətin incə məqamlarını və cəmiyyətin dəyişən üzünü poetik bir dillə, rəvan təhkiyə ilə səlis şəkildə ifadə edir. Mahirə xanımın şeirləri və hekayələri adi həyat fraqmentlərindən başlayıb özündə böyük mənalar ehtiva edən dəyərli əsərlərə çevirilə bilir. Oxucu hər dəfə o əsərə müraciət edəndə yeni qatlar kəşf edir. Bu səbəbdən də onun yazdıqları sadəcə oxunmamalı — hiss edilməli, danışılmalı və nəsillər arasında ötürülməlidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda ikinci – bayatılar haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.