Etiket arxivi: Zaur Ustacın monoqrafiyaları

Sədulla Şirinovun “Qudalar” romanı haqqında – beşinci yazı

QOHUMLUQDAN BÖYÜK OLAN İNSANLIQ
(Sədulla Şirinovun “Qudalar” romanı haqqında – beşinci yazı)
     Salam olsun sözə, ailə ocağının müqəddəsliyinə, insanı insana bağlayan mənəvi tellərə dəyər verən insanlara!
     Ədəbiyyat yalnız həyatın təsviri deyil. Ədəbiyyat həm də insanın özünə, ailəsinə, cəmiyyətinə, keçmişinə və gələcəyinə tutduğu güzgüdür. Yazıçı bəzən böyük ictimai problemləri nəhəng hadisələrin fonunda deyil, adi insanların gündəlik həyatı, ailə münasibətləri, sevinc və kədəri, küsülülüyü və barışığı, bir sözlə, həyatın ən sadə görünən məqamları vasitəsilə göstərir. Sədulla Şirinovun “Qudalar” romanı da belə əsərlərdən biridir.
       2025-ci ildə Bakıda “Füyuzat” nəşriyyatında çap olunmuş bu roman müəllifin yaradıcılıq yolunda xüsusi mərhələ kimi diqqəti cəlb edir. Kitabın redaktoru araşdırmaçı-yazar, ədəbi təhlilçi və publisist Vaqif Osmanlıdır. Nəşrin təqdimatında da vurğulandığı kimi, Sədulla Şirinov “Qudalar” romanında ailə münasibətlərini, qudalar arasındakı bağlılığı və müasir cəmiyyətimizin mənəvi mənzərəsini ailələr arasındakı münasibətlər üzərindən təqdim edir. Roman eyni zamanda müasir gəncliyə tərbiyə və əxlaq mesajları ötürür.
      Əsərin adının özü diqqətçəkicidir: “Qudalar”. İlk baxışda bu söz bizə toy, elçilik, qohumluq, ailə və məişət münasibətlərini xatırladır. Lakin romanın səhifələrini çevirdikcə aydın olur ki, müəllif “qudalıq” anlayışını yalnız iki ailənin qohumluğu çərçivəsində saxlamır. Burada qudalıq daha geniş mənada insanları bir-birinə bağlayan mənəvi körpüyə çevrilir. Bu körpünün bir tərəfində ailə, digər tərəfində isə cəmiyyət, milli birlik, tolerantlıq və insanlıq dayanır.
       Romanın başlanğıcındakı proloq da təsadüfi deyil. Müəllif insanın yaranmasından, insan övladları arasındakı münasibətlərdən, xeyir və şərdən, ədavət və barışıqdan danışaraq əsərin ideya istiqamətini əvvəldən müəyyənləşdirir. Proloqda insanın şüurlu yaradılması və fitnə-fəsada uymamaq məsuliyyəti ön plana çəkilir. Beləliklə, oxucu qarşıdakı hadisələri yalnız bir neçə ailənin taleyi kimi deyil, daha geniş mənəvi-fəlsəfi müstəvidə qəbul etməyə hazırlanır.
     Romanın ilk bölümünün “Axtaran tapar” adlandırılması əsərin əsas süjet xəttinin başlanğıcını müəyyənləşdirir. Burada ailə qurmaq, oğula və qıza həyat yoldaşı seçmək, valideynlərin övlad taleyinə münasibəti, gənclərin öz seçimləri və böyüklərin bu seçimlərə təsiri kimi məsələlər ön plana çıxır.
       Gülşən obrazı vasitəsilə ailə qayğılarının gündəlik həyatda necə yaşandığını görürük. O, qızlarını ərə verdikdən sonra ev işlərinin ağırlığını öz üzərinə götürür və sonbeşik oğlunun da ailə qurmasını arzulayır. Oğlunun isə özünə uyğun qız tapa bilməməsi, sonra işləmək üçün Rusiyaya getməsi ailə daxilində narahatlıqlar yaradır.
      Bu məqamda yazıçı oxucunu çox tanış bir Azərbaycan ailəsinin içinə aparır. Burada böyük fəlsəfi terminlərə ehtiyac yoxdur. Ana narahatdır, oğul öz həyatını qurmaq istəyir, valideynlər övladlarının gələcəyini düşünürlər. Həyatın özü romanın materialına çevrilir.
       Müəllifin üstün cəhətlərindən biri də budur ki, hadisələri süni şəkildə dramatikləşdirmir. İnsanların danışıq tərzini, gündəlik davranışlarını, zarafatlarını, narahatlıqlarını və bir-birinə münasibətlərini canlı şəkildə təqdim edir. Bu baxımdan “Qudalar” oxucu ilə məsafə saxlamayan, danışıq dili ilə ona yaxınlaşan əsər təsiri yaradır.
      Romanın ən maraqlı tərəflərindən biri uşaqlıq illərində formalaşmış münasibətlərin illər sonra insan taleyinə necə təsir göstərməsidir.
Yadigarla Abdurahmanın keçmişdən gələn incikliyi süjetin əsas gərginlik nöqtələrindən birinə çevrilir. Onlar məktəb illərində avar-muğal qarşıdurmalarına qarışmış, sonradan isə hər biri öz həyatını qurmuş insanlardır. İllər keçsə də, keçmişin müəyyən izləri yaddaşlarında qalır.
     Lakin həyat qəribədir: dünən bir-birinə düşmən münasibət bəsləyən insanların övladları sabah bir-birini sevə, ailə qura və valideynlərini quda edə bilərlər.
      Romanın əsas ideyalarından biri məhz budur: insan həyatının qarşısına elə hadisələr çıxır ki, dünən qurduğun divarları sabah öz əllərinlə sökməli olursan.
     Məryəm və Nazimin münasibəti bu mənada yalnız iki gəncin sevgisi deyil. Onların münasibəti böyüklərin illərlə daşıdıqları inciklikləri də sınağa çəkir.
      Məryəmin təmkinli, abırlı, ağır davranışı onun xarakterini müəyyən edən mühüm cəhətlərdəndir. Nazimin də onun haqqında müsbət düşünməsi təsadüfi deyil. O, Məryəmi uzun illərdən bəri tanıyır və onun xarakterinə bələddir.
     Beləcə, müəllif ailə qurmaq məsələsində xarici görünüşdən, maddi imkanlardan və keçici maraqlardan daha vacib olan mənəvi keyfiyyətləri ön plana çıxarır.
     Romanın ilk bölməsindəki “Axtaran tapar” ifadəsi əsərin fəlsəfi açarlarından biridir.
İnsan həyatda nə axtarır?
     Bəzən var-dövlət. Bəzən rahatlıq. Bəzən şöhrət. Bəzən sevgi. Bəzən isə sadəcə özünə uyğun insan.
      Amma axtarmaqla tapmaq arasında böyük fərq var. Yazıçı göstərir ki, düzgün axtarış üçün insanın özü də nə istədiyini bilməlidir.
     Xanımın oğluna qız axtarması, Maysaratın qızının taleyi ilə bağlı narahatlığı, valideynlərin gələcək qudalıq haqqında düşünməsi bu axtarışın müxtəlif tərəfləridir.
     Burada ailə qurmaq sıradan bir məişət hadisəsi kimi yox, iki nəslin gələcəyini birləşdirən məsuliyyət kimi təqdim olunur.
     Ana obrazları – ailənin görünməyən dayaqları
“Qudalar” romanında qadın obrazlarının xüsusi çəkisi vardır.
       Xanım, Maysarat, Gülşən və digər qadınlar ailə münasibətlərinin formalaşmasında fəal rol oynayırlar. Onlar sadəcə hadisələri kənardan izləyən personajlar deyillər. Əksinə, bir çox mühüm qərarın arxasında məhz onların düşüncəsi, iradəsi, səbri və ana sevgisi dayanır.
       Xanımın oğluna münasibəti bunun bariz nümunəsidir. O, Nazimin gələcəyindən narahatdır, onun düzgün seçim etməsini istəyir. Məryəmi tapması və ailələri yaxınlaşdırmaq üçün təşəbbüs göstərməsi onun ana məsuliyyətinin ifadəsidir.
     Maysarat isə qızının ailə quracağı gün həm sevinir, həm də kövrəlir. Çünki qız övladını böyüdən ana üçün toy yalnız şadlıq deyil, həm də ayrılıq hissidir. Müəllif bu psixoloji məqamı çox təbii şəkildə çatdırır.
     Belə səhnələrdə Sədulla Şirinovun həyat müşahidəçiliyi aydın görünür. Yazıçı ailə psixologiyasını kənardan təsvir etmir; sanki ailənin içində baş verən söhbətləri dinləyir və onları oxucuya çatdırır.
     Romanın növbəti bölmələrində sevgi və ailə qurmaq mövzusu daha da inkişaf edir.
Məryəm və Nazim münasibətlərində müəllif bir mühüm həqiqəti önə çəkir: ailə yalnız hisslər üzərində qurulmur. Ailə üçün qarşılıqlı hörmət, etibar, sədaqət, məsuliyyət və mənəvi uyğunluq da lazımdır.
     Bu baxımdan əsərdəki “Qarşılıqlı sevginin gücü”, “Ümid”, “Doğru seçim”, “Sevginin qaynağı xoş münasibətdir”, “Güvənmək”, “Xoş münasibət” kimi bölüm adları təsadüfi deyil. Bunlar romanın ideya xəttini mərhələlərlə açan ifadələrdir.
Sanki müəllif oxucuya belə bir sual verir: İnsanları bir ailəyə çevirən nədir?
     Cavab isə romanın müxtəlif epizodlarından keçərək formalaşır: sevgi, etibar, hörmət, xoş münasibət, səbir və ən əsası, bir-birini insan kimi qəbul etmək.
     “Qudalar” romanının diqqətəlayiq xüsusiyyətlərindən biri də hadisələrin Balakən mühitində cərəyan etməsidir.
      Yazıçı bölgənin danışıq xüsusiyyətlərini, yerli sözləri, adət-ənənələri, məişət detallarını və insanların gündəlik ünsiyyətini əsərə gətirir. Redaktə qeydlərində də bildirilir ki, romanda işlədilən “ləzgi” və “muğal” sözləri bölgənin yerli müraciət və adlandırma xüsusiyyətlərini əks etdirir və müəllif bu vasitə ilə həmin mühitin ab-havasını qorumağa çalışıb.
     Bu, romanın etnoqrafik və folklorik çalarlarını da gücləndirir.
     Balakən və Zaqatala bölgəsinin özünəməxsus dil mühiti, avar, muğal, zaxur, ingiloy və digər yerli icmaların birgə yaşayışı əsərin bədii fonunu təşkil edir.
     Beləliklə, “Qudalar” həm ailə romanı, həm də müəyyən mənada bir bölgənin sosial-mədəni portretidir.
    Əsərin ən ciddi ictimai qatlarından biri milli münasibətlər məsələsidir.
Müəllif uşaqlıq illərindəki avar-muğal qarşıdurmalarını təsvir etməklə yanaşı, həmin qarşıdurmaların sonradan necə mənasız göründüyünü göstərir. Uşaqlıqda bir-biri ilə dalaşan insanların illər sonra dostlaşması, qohumlaşması, eyni məktəbdə uşaqlarının valideynləri kimi görüşməsi mühüm ideyanı ortaya qoyur:
İnsanlar arasında qurulan süni düşmənçilik zamanın sınağından keçmir.
    Romanın qəhrəmanlarından birinin keçmişdəki münasibətlərini xatırlayaraq “onda başa düşmürdük” məzmunlu etirafı da bu mənada simvolikdir. İnsan yaşlandıqca, həyat təcrübəsi qazandıqca bəzi uşaqlıq və gənclik yanlışlıqlarının nə qədər mənasız olduğunu dərk edir.
    Yazıçı bununla kifayətlənmir. O, milli kimlik məsələsini daha yüksək müstəviyə qaldıraraq insanlıq anlayışını önə çəkir.
    Əsərin sonlarına doğru dünyaya gələn və romanın ideya yükünü öz üzərinə götürən körpə Rəvan xüsusilə diqqətəlayiq obrazdır.
Rəvanın ata və ana tərəflərinin müxtəlif etnik mənsubiyyətlərdən gəlməsi müəllif üçün qarşıdurma səbəbi deyil. Əksinə, körpə iki ailəni, iki nəslin nümayəndələrini, iki fərqli kökdən gələn insanları birləşdirən canlı körpüyə çevrilir.
     Romanın finalında Abdurahmanın körpəyə baxaraq onun üzərində “ləzgi” və ya “muğal” yazılmadığını vurğulaması əsərin ideyasını son dərəcə aydınlaşdırır.
      Müəllif burada insanı əvvəlcə insan kimi təqdim edir.
     Bu fikir romanın ən mühüm fəlsəfi nəticələrindən biridir.
    İnsan dünyaya gələndə onun əlində millətlər arasında düşmənçilik xəritəsi olmur. O, nifrəti öyrənmir; nifrət ona öyrədilir. Sevgi də, düşmənçilik də, tolerantlıq da, ayrı-seçkilik də sonradan formalaşır.
     Bu baxımdan Rəvan yalnız romanın körpə qəhrəmanı deyil. O, gələcəyin simvoludur.
    Əsərin adı ailə münasibətlərini ifadə etsə də, romanın məzmunu ailə sərhədlərini aşır.
     Qudalıq burada cəmiyyətin müxtəlif təbəqələri və insanları arasında əlaqələrin metaforasına çevrilir.
     İki ailə quda olur. Sonra onların uşaqları, nəvələri, dostları, qonşuları və qohumları arasında münasibətlər yaranır. Əvvəlki düşmənçiliklərin yerini qohumluq və dostluq tutur.
     Bu mənada romanın əsas mesajlarından biri belə ümumiləşdirilə bilər:
İnsanlar bir-birinə yaxınlaşdıqca süni ayrılıqlar zəifləyir.
     Məhz buna görə müəllif ailə münasibətlərindən milli birlik məsələsinə keçid edir.
     Romanın son bölmələrində hadisələr daha ciddi ictimai-siyasi məcraya keçir. Əvvəlki səhifələrdə ailə daxilində həll edilən problemlər sonlara doğru cəmiyyətin təhlükəsizliyini təhdid edə biləcək qarşıdurma müstəvisinə yüksəlir.
     Burada müəllif müxtəlif qüvvələrin insanları bir-birinə qarşı qoymaq cəhdlərini təsvir edir. Gərginlik artır, insanlar narahat olur, mümkün qan tökülməsindən ehtiyatlanırlar. Lakin sonda sağlam düşüncə, təmkin və qarşılıqlı münasibətlər daha üstün mövqeyə çıxır.
    Bu hissələrdə romanın ailə mövzusu ilə ictimai mövzu bir nöqtədə birləşir.
   Əgər ailədə insanlar bir-birinə hörmət etməyi bacarırsa, cəmiyyətdə də insanlar arasında qarşılıqlı etimad üçün zəmin yaranır.
    Əgər ailədə köhnə kin-küdurət bağışlana bilirsə, cəmiyyətdə də keçmişin səhvlərindən nəticə çıxarmaq mümkündür.
    Sədulla Şirinovun yazı üslubunda diqqət çəkən xüsusiyyətlərdən biri yumordan istifadədir.
    Romanda ciddi problemlərlə yanaşı, gündəlik həyatın yumorlu səhnələri də geniş yer tutur. Bu yumor əsərin ağırlığını azaldır, obrazları oxucuya yaxınlaşdırır.
    Məsələn, valideynlərin oğullarının xaricdə başqa qızlarla tanış olacağından narahatlığı, toy və gəlin söhbətləri, ailə daxilindəki zarafatlar, yerli danışıq ifadələri əsərin canlılığını artırır.
    Yazıçı bəzən bir cümlə ilə obrazın xarakterini açır. Bəzən isə uzun mübahisə və dialoq vasitəsilə onun dünyagörüşünü göstərir.
   Bu baxımdan “Qudalar”da dialoq yalnız süjeti irəli aparan vasitə deyil, həm də obraz yaratmaq üsuludur.
    Romanın bölmə adlarından biri də “Zaman dəyişdirir”dir.
    Bu fikir əsərin bütöv məzmununa tətbiq edilə bilər.
Zaman insanı dəyişir.
Uşaqlıqda düşmən olanlar böyüyəndə dostlaşırlar.
Bir-birinə qapısını açmayan insanlar sonradan qohum olurlar.
Keçmişin sərt adamları nəvə sahibi olanda ürəkləri yumşalır.
    Bir vaxtlar milli fərqləri qabardan insanlar sonradan anlayırlar ki, insanı insan edən onun etnik mənsubiyyəti deyil, davranışı və əməlləridir.
Beləliklə, romanın zaman anlayışı yalnız illərin keçməsi demək deyil. Zaman burada şüurun dəyişməsi deməkdir.
    “Qudalar” romanının müəllif təqdimatında əsərin müasir gəncliyə tərbiyə və əxlaq mesajları ötürdüyü xüsusi vurğulanır.
    Bu baxımdan əsər ailə münasibətlərinə dair mühüm suallar doğurur:
Ailə qurarkən nəyə diqqət etməliyik?
Valideyn övladının seçiminə nə qədər müdaxilə etməlidir?
Keçmişdəki şəxsi ədavət gələcək nəsillərin münasibətlərinə təsir etməlidirmi?
İnsanın milli və etnik mənsubiyyəti onun digər insanlarla münasibətinin əsas meyarı ola bilərmi?
Bu sualların hər birinə müəllif hadisələr vasitəsilə cavab verir.
     Əsərin tərbiyəvi gücü də məhz bundadır. Yazıçı oxucuya hazır nəsihətlər verməkdənsə, müxtəlif situasiyalar yaradır və nəticəni obrazların davranışları ilə göstərir.
    “Qudalar”ın epiloqu əsərin əvvəlindən gələn ideyanı yekunlaşdırır.
     Müəllif yaxşı və pis insanların, sağlam və zərərli düşüncələrin cəmiyyətə təsirindən danışır. Şimal-Qərb bölgəsində müxtəlif xalqların uzun əsrlər boyu birgə yaşamasına diqqət çəkir və bu birlik ənənəsinin əsərin ideya xəttində mühüm yer tutduğunu göstərir.
     Epiloqda müəllifin əsas fikri daha aydın səslənir: bölgədə yaşayan xalqları bir-birindən ayırmaq cəhdləri uğursuzluğa məhkumdur, çünki əsrlər boyu formalaşmış qonşuluq, dostluq, qohumluq və həmrəylik bağları daha güclüdür.
     Romanın sonundakı körpə obrazı da bu ideyanın bədii yekunudur.
O, müxtəlif köklərdən gələn insanların övladıdır, amma hər şeydən əvvəl insandır.
Bu fikir əsərin bütün süjet xəttini bir nöqtədə birləşdirir.
Sədulla Şirinov yaradıcılığında “Qudalar”ın yeri
“Qudalar” Sədulla Şirinovun yaradıcılıq yolunda mühüm mərhələdir. Kitabın təqdimatında romanın müəllifin beşinci kitabı olduğu göstərilir.
     Əsərin mühüm cəhəti ondadır ki, müəllif böyük ictimai problemləri kiçik həyat hadisələrindən çıxarır.
     Bir elçilikdən milli münasibətlərə,
bir toy hazırlığından ailə dəyərlərinə,
bir uşaqlıq incikliyindən illərlə davam edən kinə,
bir qudalıqdan isə xalqlar arasında həmrəyliyə qədər genişlənən bədii xətt qurur.
     Bu, əsərin publisistik damarını da gücləndirir.
Sədulla Şirinov bir tərəfdən romançıdır, digər tərəfdən müşahidəçi-publisist mövqeyindən çıxış edir. Onun obrazları yalnız hadisələrin iştirakçıları deyil, müəyyən ictimai düşüncələrin daşıyıcılarıdır.
    “Qudalar”ın əsas sözü insanlıqdır
Sədulla Şirinovun “Qudalar” romanını yalnız ailə-məişət romanı kimi qiymətləndirmək əsərin ideya miqyasını daraltmaq olardı.
Bu əsərdə ailə var.
Sevgi var.
Elçilik və toy var.
Ana qayğısı var.
Valideyn narahatlığı var.
Köhnə incikliklər var.
Dostluq və barışıq var.
Milli münasibətlər var.
Cəmiyyətin təhlükəsizliyi ilə bağlı narahatlıqlar var.
Amma bütün bunların üzərində dayanan daha böyük bir anlayış var: insanlıq.
     Romanın bizə söylədiyi əsas həqiqətlərdən biri budur ki, insanları ayırmaq asandır, birləşdirmək isə böyük mənəvi zəhmət tələb edir. Kin bir anda yarana bilər, amma onun yerini sevginin tutması üçün zaman, səbir və həyat təcrübəsi lazımdır.
      “Qudalar”da isə bu dəyişimin mümkün olduğu göstərilir.
Dünən düşmən olanlar bu gün quda ola bilərlər.
Dünən bir-birinə salam verməyənlər sabah eyni süfrənin başında otura bilərlər.
Dünən milli fərqləri qabardanlar sabah nəvələrinin üzündə yalnız insanı görə bilərlər.
    Və nəhayət, romanın mənəvi zirvəsində belə bir həqiqət dayanır: insan dünyaya əvvəlcə insan kimi gəlir.  Onun qarşısına sonradan müxtəlif adlar, sərhədlər, mənsubiyyətlər, ayrılıqlar çıxır. Əgər insanlıq qorunursa, bütün bu fərqlər bir-birinə düşmənçilik üçün səbəbə çevrilmir.
     Bu mənada Sədulla Şirinovun “Qudalar” romanı oxucunu yalnız bir ailənin taleyi ilə tanış etmir. O, oxucunu öz ailəsinə, öz cəmiyyətinə, öz keçmişinə və gələcəyinə başqa gözlə baxmağa çağırır.
     Bəlkə də romanın ən böyük uğuru elə budur:
Qohumluq qanla başlaya bilər, amma onu yaşadan sevgidir; cəmiyyəti yaşadan isə insanlıqdır. Yaşasın yaxşı insanlar! Hələlik!

21.09.2026. Bakı .

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

İki əsrin tək nasiri

Sədulla Şirinoun yazıları

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I
  

ZAUR USTAC – GÜL ƏTİRLİ KİTAB

ZAUR USTAC – GÜL ƏTİRLİ KİTAB – PDF

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Asif Yusifcanlının “Şəhidlər Xiyabanı” şeiri

Asif Yusifcanlının “Şəhidlər Xiyabanı” şeiri

Asif Yusifcanlının “Şəhidlər Xiyabanı” şeiri (səh. 55) milli yaddaşın, tarixi vicdanın və vətənpərvərlik ruhunun poetik ifadəsi kimi oxunur. Bu şeir təkcə bir məkanın – Bakının uca zirvəsində yerləşən müqəddəs ziyarətgahın təsviri deyil, bütövlükdə Azərbaycan xalqının azadlıq salnaməsinin, şəhidlik fəlsəfəsinin və mənəvi gücünün bədii manifestidir.
Şeirin ilk misralarında Şəhidlər Xiyabanı “zinətlənən şəhərin”, “yurdun torpağının” ayrılmaz parçası kimi təqdim olunur. Burada torpaq adi coğrafi anlayış deyil – şəhid qanı ilə müqəddəsləşmiş, tarixə çevrilmiş torpaqdır. Şairin“Düşmənin gözlərində / Dönmüsən gor dağına” deməsi bu məkanın yalnız xatirə yeri yox, həm də düşmən üçün qorxu, ibrət və məğlubiyyət simvolu olduğunu göstərir. Şəhidlər Xiyabanı həm səssiz bir məzaristanlıq, həm də danışan, çağıran, hesabat soruşan bir tarix kitabıdır.
“Vətənə məhəbbətdən, / Vəhdətdən yaranmısan” misrası Şəhidlər Xiyabanının yaranma fəlsəfəsini açır. Bu xiyaban fərdi qəhrəmanlıqların yox, milli birliyin məhsuludur. Qüdrət, cəsarət və qeyrət anlayışları şeirdə bir-birini tamamlayaraq şəhid obrazını formalaşdırır. Burada şəhidlik təsadüfi ölüm deyil, şüurlu seçim, ali amal uğrunda verilən qurban kimi təqdim olunur. Şair oxucuya çatdırır ki, azadlıq təsadüfən qazanılmır – o, məhz belə ünvanlarda yazılır.
Şeirin növbəti hissəsində Şəhidlər Xiyabanı “ziyarət ocağı” kimi xarakterizə olunur. Bu, dini mənadan daha çox mənəvi, əxlaqi ziyarətdir. İnsan buraya təkcə baş əyməyə deyil, həm də hesabat verməyə gəlir: Vətən üçün nə etmişəm, şəhidlərin ruhu qarşısında borcumu necə ödəyirəm?“Azadlıq savaşında, / Qələbə bayrağımsan” misrası isə Şəhidlər Xiyabanını mübarizənin sonu deyil, davamı kimi təqdim edir. Bu məkan qələbəyə aparan yolun başlanğıcı və ideoloji dayağıdır.
Şeirin son bəndlərində Şəhidlər Xiyabanı “Dözümün, dayanətin, / Əzəmət qalası…” kimi təqdim olunur. Bu metafora çoxqatlı məna daşıyır. Qala – müdafiədir, dayaqdır, sarsılmazlıqdır. Xalqın ən ağır anlarda belə sınmamasının səbəbi məhz bu mənəvi qalaların varlığıdır. “Qəlbində bir millətin / Həmişə qalasan” misrası isə Şəhidlər Xiyabanını fiziki məkandan çıxarıb kollektiv yaddaşa çevirir. O, artıq daşda deyil, xalqın qəlbində yaşayır.
Asif Yusifcanlının “Şəhidlər Xiyabanı” şeiri publisistik ruhu, çağırış tonu və dərin vətənpərvərlik enerjisi ilə seçilir. Bu əsər oxucunu yalnız duyğulandırmır, həm də məsuliyyətə səsləyir. Şəhidlər Xiyabanı burada keçmişin xatirəsi deyil, bu günün vicdanı və gələcəyin əmanəti kimi təqdim olunur. Şairin sözü ilə desək, bu xiyaban bir millətin qəlbində həmişə qalacaq qədər uca, əbədi və müqəddəsdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin (Salam olsun!). Amin.

31.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

“Azad etməliyik ana torpağı” şeiri haqqında

“Azad etməliyik ana torpağı” şeiri haqqında
Asif Yusifcanlının “Azad etməliyik ana torpağı” şeiri (səh. 50) Azərbaycan ədəbiyyatında Vətən mövzusunun ictimai-siyasi, mənəvi-psixoloji qatlarını özündə birləşdirən, çağırış və ittiham, etiraf və and mahiyyəti daşıyan sanballı poetik nümunələrdən biridir. Bu şeir təkcə bədii mətn deyil, həm də müəyyən bir tarixi dövrün milli yaddaş sənədidir. 2016-cı il tarixinin şeirin sonunda qeyd olunması onun konkret ictimai-siyasi kontekstdə yazıldığını göstərir, eyni zamanda mətnin publisistik dəyərini və tarixi əhəmiyyətini artırır.
Şeir“bir arzu, bir nisgil” ifadəsi ilə başlanır. Bu iki söz artıq oxucunu emosional baxımdan səfərbər edir. Arzu – gələcəyə yönəlik ümid, nisgil isə itirilmiş keçmişin ağrısıdır. Müəllif bu iki anlayışı “ürəyimizdə” birləşdirərək milli dərdin fərdi yox, ümummilli xarakter daşıdığını vurğulayır. “Ulu diyarımız hələ dardadır” misrası torpaq itkisi problemini sadəcə fiziki işğal kimi yox, mənəvi boğulma, sıxıntı və iztirab kimi təqdim edir.
Şeirdə zaman anlayışı xüsusi yer tutur. “Aranda günümüz necə keçsə də, / Bizim varlığımız o dağlardadır” misraları ilə müəllif rahatlıq və nisbi sabitlik içində yaşamağın belə vicdanı rahatlatmadığını göstərir. Burada “aran” və “dağ” anlayışları yalnız coğrafi deyil, həm də simvolik məna daşıyır: aran – rahatlıq, dağ – mübarizə, qeyrət və müqavimət məkanıdır.
Asif Yusifcanlı növbəti bəndlərdə illərlə davam edən gözləntilərin, boş vədlərin və beynəlxalq laqeydliyin acı nəticələrini publisistik kəskinliklə tənqid edir.“Boş vədlər nə verir, görəsən bizə?” sualı ritorik olmaqla yanaşı, oxucunu düşünməyə məcbur edən açıq ittihamdır. Şair burada yalnız düşməni deyil, susan dünyanı, haqq səsinə səs verməyən beynəlxalq ədalətsizliyi də ifşa edir. “Düşmənin özündən betərdi dünya” misrası şeirin ən sərt və ən ağrılı nəticələrindən biridir.
Şeirin mühüm cəhətlərindən biri də özünütənqid ruhudur. Müəllif“Gəlin özümüzü heç aldatmayaq” deyərək məsuliyyəti təkcə başqalarının üzərinə atmır. Bu çağırış milli oyanışın, ayıqlığın və daxili səfərbərliyin zəruriliyini ortaya qoyur.“Yadlara əl açmaq yaraşmır bizə” fikri isə milli ləyaqət, müstəqil iradə və öz gücünə inam ideyasını ön plana çəkir.
Son bəndlər şeirin ideoloji kulminasiyasıdır. “Başımız üstündə Vətən bayrağı, / Silaha sarılaq bir nəfər kimi” misralarında artıq söz yox, əməl çağırışı var. Bu çağırış emosional təbliğat yox, tarixi zərurətdən doğan milli mövqedir. Şair qələbəni təsadüf kimi yox, məqsədli mübarizənin nəticəsi kimi təqdim edir: “Qoy zəfər olmasın bu zəfər kimi” – yəni bu qələbə təsadüfi deyil, şüurlu, haqqı yerinə qoyan bir zəfər olmalıdır.
Ümumilikdə,“Azad etməliyik ana torpağı” şeiri Asif Yusifcanlının vətəndaş mövqeyini, milli məsuliyyət hissini və poeziyanı ictimai tribuna kimi görmək bacarığını aydın şəkildə nümayiş etdirir. Bu əsər oxucuya təkcə keçmişi xatırlatmır, həm də gələcək üçün mənəvi istiqamət göstərir. Şeir bir çağırışdır, bir anddır və eyni zamanda bir hesabatdır – həm tarix qarşısında, həm vicdan qarşısında.
Bu baxımdan Asif Yusifcanlının sözü yalnız oxunmur, yaşanır; yalnız səslənmir, mübarizəyə səsləyir. Şeir milli ruhun poetik təcəssümü kimi yadda qalır! Bu şeir qələmə alındığı dövr üçün əsl şüar kimi səslənir, bütöv bir xalqı gələcəyə ümidləndirir, öz torpaqları uğrunda mübarizəyə savaşa çağırır. Özü də adi savaşa deyil, sonu möhtəşəm bir zəfərlə bitəcək mübarizəyə: “Qoy zəfər olmasın bu zəfər kimi”!

Daha ümumi, qlobal miqyasda götürəndə “Azad etməliyik ana torpağı” şeiri fərdilikdən, bir xalqın olmaqdan çıxaraq, daha ümumi – bəşəri bir dəyər qazanır və əzilən, haqqı tapdanan xalqlar üçün istiqbal manifestinə çevrilir.

14.01.2026. Qasımbəyli Q.Q. (Ağdam)

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Asif Yusifcanlının “Gedirəm” şeiri

Asif Yusifcanlının “Gedirəm” şeiri (səh. 47)

Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Gedirəm” şeiri müəllifin poetik dünyasının əsas cizgilərini – taleyə münasibəti, insan ləyaqətini, daxili azadlıq ideyasını və mənəvi köklərə sədaqəti dolğun şəkildə əks etdirən sanballı nümunələrdəndir. Bu şeir zahirən sadə, axıcı xalq dili ilə yazılsa da, mahiyyət etibarilə dərin fəlsəfi-psixoloji yük daşıyır və oxucunu düşünməyə vadar edir.

Şeirin ilk misralarından etibarən şair taleyə boyun əyməyən, öz yolunu özü seçən bir “mən” obrazı yaradır:

“Tale tərəqqidən salamməz məni,
Çünki taleyimdən öncə gedirəm.”

Burada “tale” passiv gözləmə, “öncə getmək” isə fəal həyat mövqeyi kimi təqdim olunur. Asif Yusifcanlı taleyi insanın ardınca sürünən, onu idarə edən qüvvə kimi deyil, insan iradəsinin arxasında qalan bir anlayış kimi təqdim edir. Bu yanaşma şairin pedaqoji dünyagörüşü ilə də səsləşir: insan öz taleyinin memarıdır.

“Söz yox ki, ömrümün payızındayam” misrası şeirin emosional mərkəzlərindən biridir. Payız burada təkcə yaş dövrü deyil, həm də həyatın hesabat anıdır. Lakin bu payız kədərli deyil:

“Sabaha dumanda, çəndə gedirəm.”

Duman və çən qeyri-müəyyənliyi, həyat yolunun çətinliklərini simvolizə etsə də, şair bu vəziyyəti qorxu ilə deyil, sakit qəbul və iradə ilə qarşılayır. Gedən yol qaranlıqdır, amma addım möhkəmdir.

Şeirin ikinci bəndində doğma ocaq anlayışı ön plana çıxır. Burada maddi yoxsulluq və ya həyat çətinlikləri mənəvi sınma ilə eyniləşdirilmir:

“Doğma odda-ocağım yoxsa da yenə,
Heç vaxt yazığınız gəlməsin mənə.”

Bu misralar Azərbaycan poeziyasında tez-tez rast gəlinən ləyaqət və qürur motivinin müasir ifadəsidir. Şair mərhəmət dilənmir, əksinə, yaşadığı həyata şükür edir və öz yolunu ləyaqətlə davam etdirdiyini vurğulayır.

Üçüncü bənddə isə şair mənəvi təhlükələrə diqqət çəkir:

“Şeytanla əlbirlər çıxmasın zilə,
Səadət tapmayıb qaniçən hələ.”

Burada yalnız fərdi yox, ictimai məna da var. Şair cəmiyyətə səslənir, şərin müvəqqəti qalibiyyətinin əsl səadət gətirməyəcəyini xatırladır. Bu misralar Asif Yusifcanlının vətəndaş mövqeyini və mənəvi məsuliyyət hissini aydın şəkildə göstərir.

Şeirin finalı isə xüsusi poetik dəyərə malikdir:

“Bir gün görəcəksiz mən gülə-gülə,
Dünyaya gəldiyim kəndə gedirəm.”

Bu qayıdış sadəcə fiziki dönüş deyil. Bu, insanın öz kökünə, mənəvi başlanğıcına, uşaqlıq saflığına dönüşüdür. “Kənd” obrazı burada həyatın ilkin təmizliyini, insanın özünə hesabat verdiyi müqəddəs məkanı simvolizə edir.

“Gedirəm” şeiri Asif Yusifcanlının həyata baxışını, yaşam fəlsəfəsini özündə əks etdirən maraqlı və ibrətamiz nümunələrdən biridir. Bu şeir oxucunu taleyə təslim olmağa deyil, yol getməyə, şikayət etməyə deyil, şükür etməyə, qorxmağa deyil, gülümsəyərək davam etməyə çağırır. Pedaqoq-şair kimi müəllifin əsas mesajı aydındır: insanı yaşadan yolun özü deyil, o yolu hansı vicdan və ləyaqətlə getməsidir.

Bu baxımdan “Gedirəm” həm fərdi həyat etirafı, həm də müasir Azərbaycan insanına ünvanlanan mənəvi çağırış kimi dəyərləndirilə bilər.

30.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Asif Yusifcanlının “Arzularım” şeiri

Asif Yusifcanlının “Arzularım” şeiri (səh. 44)
Müasir Azərbaycan poeziyasında elə şeirlər var ki, onlar yalnız müəllifin daxili dünyasını deyil, bütövlükdə bir xalqın yaddaşını, həsrətini, ümidini və mənəvi idealını ifadə edir. Asif Yusifcanlının “Arzularım” şeiri məhz bu qəbildəndir. Bu şeir fərdi istəklərdən doğsa da, ümummilli duyğuların poetik ifadəsinə çevrilir və oxucunu şəxsi arzu ilə milli amalın qovuşduğu bir mənəvi məkana aparır.
Şeirin əsas semantik yükü “keçir ürəyimdən” yarım misrası (rədifi) üzərində qurulub. Bu təkrar sadə bir bədii üsul deyil, poetik nəfəsin ritmi, daxili səsin döyüntüsüdür. Burada arzu təsadüfi istək deyil, insanın varlığından, ruhundan qopan ehtiyacdır.
“Novruz” obrazı – dirçəliş və qayıdış simvolu
Şeir Novruzla başlayır:
“Gələn Novruz günlərində,
El-obamı öz yerində
Görmək keçir ürəyimdən.”

Novruz burada yalnız təqvim bayramı deyil. O, dirçəlişin, bərpanın, haqqın öz yerini tapmasının rəmzidir. Şairin arzusunda Novruz – dağıdılmışın yenidən qurulması, didərgin düşmüş el-obanın öz torpağına qayıtması deməkdir. Bu misralar son illərin ictimai-siyasi reallıqları fonunda oxunduqda, məcburi köçkünlük, torpaq itkisi, yurd həsrəti kimi kollektiv ağrıları xatırladır.
Torpaq və ata-baba ocağı – milli yaddaşın mərkəzi:
“Qalan ömrü torpağımda,
Dədə-baba ocağımda
Sürmək keçir ürəyimdən.”

Bu bənddə torpaq fiziki məkan olmaqdan çıxaraq mənəvi kimlik qazanır. Ata-baba ocağı anlayışı türk-müsəlman mədəniyyətində müqəddəs məna daşıyır. Şair üçün xoşbəxtlik başqa ölkədə rifah deyil, öz torpağında sadə, ləyaqətli həyat sürməkdir. Bu, müasir dövrdə tez-tez unudulan dəyərlərə açıq bir çağırışdır.
Təbiət obrazları və xalq ruhu:
“İlk baharda bənövşəni,
Son baharda gülöyşəni
Dərmək keçir ürəyimdən.”

“Bənövşə” və “gülöyşə”(gülöyşə – nar Z.U) Azərbaycan xalq şeirində saflıq, sevgi, təvazökarlıq, bolluq, bərəkət rəmzləridir. Bu obrazlar şeiri süni pafosdan uzaqlaşdırır, onu xalq poetik təfəkkürünə yaxınlaşdırır. Burada arzu – təbiətlə vəhdətdə yaşamaq, torpağın nəfəsini duymaq istəyidir.
Əmək, zəhmət və bolluq fəlsəfəsi:
“Sünbülləri tər yığaraq,
Dəstə-dəstə qızıl daraq,
Hörmək keçir ürəyimdən.

Bu misralarda əmək estetikası ön plana çıxır. Zəhmət yalnız dolanışıq vasitəsi deyil, insanın torpaqla qurduğu mənəvi bağdır. Şairin arzusunda bolluq zəhmətsiz gəlmir; alın təri ilə qazanılır. Bu, publisistik baxımdan çox önəmli mesajdır: Vətənə bağlılıq yalnız sözlə deyil, əməli zəhmətlə ölçülür.
Finalda Vətənə ünvanlanan səmimi etiraf:
“Vətən, eşit diləyimi,
Bir də sənə ürəyimi
Vermək keçir ürəyimdən.”

Şeirin kulminasiya nöqtəsi məhz buradır. Vətənə ünvanlanan bu müraciət pafoslu and deyil, səmimi etirafdır. Şair artıq sadəcə arzu etmir, öz ürəyini – varlığını Vətənə təslim etməyə hazır olduğunu bildirir. Bu, vətəndaş mövqeyinin poetik ifadəsidir.
“Arzularım” şeiri forma baxımından sadə, məzmun baxımından isə dərin və çoxqatlıdır. Asif Yusifcanlı bu şeirdə böyük fəlsəfi ideyaları mürəkkəb metaforalara yox, xalqın anlayacağı sadə sözlərə yükləyir. Bu da onun poeziyasını oxucuya yaxınlaşdıran əsas cəhətdir.
Bu şeir oxucuya bir həqiqəti xatırladır:
Vətən sevgisi hay-küylə deyil, torpağa bağlı arzu ilə, əməyə hazır ürəklə ölçülür.
Asif Yusifcanlının “Arzularım”ı məhz bu mənada müasir Azərbaycan poeziyasında həm poetik, həm də publisistik dəyərə malik olan bir əsərdir.

29.12.2026. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>>  GÜL ƏTİRLİ KİTAB – HEKAYƏLƏR

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

SƏKKİZİNCİ YAZI – YEKUN

Salam olsun, çox dəyərli oxucum! Söhbətimiz qaldığımız yerdən davam edir.

Müasir Azərbaycan ədəbiyyatında elə müəlliflər var ki, onların yaradıcılığı yalnız estetik zövq deyil, eyni zamanda mənəvi məsuliyyət, ictimai yaddaş və insani dəyərlərin daşıyıcısı kimi çıxış edir. Tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanım da məhz bu cür sənətkarlardandır. Onun “Ətirli güllər” kitabı bütövlükdə müəllifin bədii dünyagörüşünü, estetik idealını və publisistik mövqeyini əks etdirən mühüm yaradıcılıq mərhələsi kimi qiymətləndirilə bilər.

“Ətirli güllər” sadəcə bir kitab adı deyil, rəmzi məna daşıyan bədii konsepsiyadır. Bu ad altında toplanan mətnlər oxucuya həyatın müxtəlif çalarlarını – sevincini, kədərini, itkilərini, ümidlərini və yaddaş qatlarını təqdim edir. Qəndab xanım bu əsərlərində gül obrazını zahiri gözəllikdən daha çox, mənəvi saflığın, xatirənin, keçmişlə bu gün arasındakı incə bağların simvolu kimi təqdim edir. Hər “ətir” bir xatirədir, hər “gül” bir insan taleyi, bir duyğu, bir ömür parçasıdır.

Kitabın əsas dəyər göstəricilərindən biri müəllifin elmi təfəkkürlə bədii duyumun vəhdətini qoruyub saxlaya bilməsidir. Ədəbiyyatşünas alim kimi Qəndab xanım sözə məsuliyyətlə yanaşır, mətnin daxili strukturunu, semantik yükünü və ideya xəttini dəqiq qurur. Şair kimi isə o, bu elmi intizamı lirizm, duyğu dərinliyi və poetik ahənglə zənginləşdirir. Nəticədə oxucu qarşısında həm düşündürən, həm də hiss etdirən bir bədii bütövlük yaranır.

“Ətirli güllər” kitabında insan və zaman münasibətləri xüsusi yer tutur. Müəllif zamanın ötəri, lakin iz buraxan tərəflərini incə müşahidələrlə təqdim edir. Burada uşaqlıq xatirələri, ana obrazı, vətən duyğusu, insanın daxili tənha dünyası, müharibənin və itkinin yaratdığı mənəvi sarsıntılar publisistik ruhda, lakin bədii incəliklə ifadə olunur. Qəndab xanım oxucunu hadisələrə kənardan baxmağa deyil, daxildən yaşamağa dəvət edir.

Publisistik baxımdan kitabın mühüm cəhətlərindən biri də onun ictimai-mənəvi çağırış gücüdür. Müəllif oxucunu laqeydliyə qarşı ayıq olmağa, insani dəyərləri qorumağa, yaddaşı itirməməyə səsləyir. Bu çağırış pafosla deyil, səmimi sözlə, həyatın özündən gələn faktura ilə edilir. Elə buna görə də “Ətirli güllər”dəki publisistika oxucunu yormur, əksinə, onu düşünməyə və öz daxilinə baxmağa vadar edir.

Yekun olaraq demək olar ki, “Ətirli güllər” Qəndab xanımın yaradıcılığının mənəvi-estetik xülasəsi, onun sözə, insana və zamana münasibətinin bədii ifadəsidir. Bu kitab müəllifin yalnız şair və alim kimi deyil, həm də vətəndaş mövqeyi olan ziyalı kimi obrazını tamamlayır. “Ətirli güllər” oxucu yaddaşında uzun müddət qalan, düşüncədə iz salan və ədəbiyyatımızın mənəvi xəzinəsinə dəyər qatan bir əsər kimi xüsusi əhəmiyyət daşıyır:

QƏNDAB
Oxudum, ağladım, hər bir sözündə
Hər kəlmə min məna daşıyır, Qəndab!
Sözü yaşadıqca yaşayır sair,
Nəsillər deyəcək: – “Yaşayır Qəndab!”.

Tomrisin ruhudur coşar sözündə,
Nüşabə əməli yaşar sözündə,
Natəvan sərhədlər aşar sözündə,
Hər kəlmən butaya oxşayır, Qəndab!

Ustac da nəsibin alıb butadan,
Söz demək mirasdır ona atadan,
Tanrım, bu Qəndabı qoru xatadan;
El üçün, xalq üçün yaşayır Qəndab!

Bu mənada Qəndab xanımın “Ətirli güllər” kitabı o taylı, bu taylı bütün müasir Azərbaycan publisistik-ədəbi düşüncəsinin parlaq nümunələrindən biri olaraq, həm bu günün, həm də gələcək oxucuların müraciət edəcəyi sanballı yaradıcılıq nümunəsi kimi dəyərləndirilə bilər. Bu silsilə yazımın (monoqrafiyamın) əvvəlki bölmələrində də dəfələrlə qeyd etmişəm; janrından asılı olmayaraq Qəndab xanımın bütün mətnləri öz poetikliyi, axıcılığı ilə seçilir. Onun folklorumuza, öz söy-kokümüzə bağlılığı hər kəlməsindən boylanır. Qəndab xanım o taylı, bu taylı bütöv Azərbaycanın tanınan, sevilən, seçilən qələm adamıdır. Şairlik ona Tanrı vergisi olsa da, alimliyi özünün yuxusuz gecələrin, bitib-tükənməyən ardıcıl və gərgin zəhmətin hesabına qazandığı uğurudur. Yolunuz daim açıq və gül-çiçək olsun, Qəndab xanım! Uğurlarınız bol olsun!

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun.

Son

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>>  GÜL ƏTİRLİ KİTAB – ESSELƏR

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

YEDDİNCİ YAZI – HEKAYƏLƏR

Salam olsun, çox dəyərli oxucum! Söhbətimiz qaldığımız yerdən davam edir.

Azərbaycan nəsrində elə mətnlər var ki, onlar hadisə danışmaqdan daha çox yaddaşı oyadır, oxucunu süjetin arxasınca yox, ruhun dərinliklərinə aparır. Qəndab xanımın “Ətirli güllər” kitabında yer alan hekayələri məhz belə mətnlərdəndir. Bu əsərlər zahirən sadə bir xatirə təsiri bağışlasa da, mahiyyət etibarilə ana obrazının, uşaqlıq dünyasının, evin, ailənin, ümumən Yer kürəsinin, dünyamızın, kənd həyatının və torpaqla bağlı mənəvi kodların poetik nəsrlə ifadəsidir.

“Qaymaq gülu” hekayəsi (səh. 101-102)

Ədəbiyyatımızda ana mövzusu həmişə müqəddəs, toxunulmaz və dərin emosional çalarlarla təqdim olunub. Lakin bu mövzunu klişelərdən, sadə nostaljidən xilas edib fəlsəfi-psixoloji qatlara daşımaq hər yazara nəsib olmur. Tanınmış alim-şair Qəndab xanımın “Qaymaq gülü” hekayəsi məhz bu baxımdan diqqət çəkir: əsər ana ilə övlad arasındakı bioloji bağlılığı deyil, ruhi ayrılmanın və yetkinləşmənin ağrılı mərhələsini təsvir edir.

Müəllif uşaqlıq dövrü ilə bağlı həyətlərində çox gəzişmələr etsə də, Qəndab xanımının “Ətirli güllər” kitabında toplanmış janrından asılı olmayaraq, bütün digər mətnlərin böyük əksəriyyətində olduğu kimi “Qaymaq gülü” hekayəsinin də, əsasında Ana obrazı durur. Hekayənin süjetini ana-balanın gündəlik həyatda munadibəti, canlı dialoqu real kənd həyatının günəş rənginə bürünmüş adi bir günü təşkil edir. qaymaq gülü (qaymaq çiçəyi) burada sadəcə vasitədir. Tam əminliklə qeyd edirəm ki, qaymaq çiçəyi əvəzinə burada sarı toyuq cucələri və ya ala-bula qaz balaları olsa da, yenə mahiyyət dəyişməyəcəkdi. Ümumiyyətlə Qəndab xanımın təkcə bu kitabında deyil, bütün bədii yaradıcılığı boyu Ana kultu, Ana obrazı, qırmızı xətt kimi keçir. Ana Azərbaycan ailəsinin sütunu kimi təqdim olunur. Onun yoxluğu, itkisi çox ağırdır. Praktiki olaraq faciə kimi, dözülməz ağrı kimi təqdim olunur.

Hekayənin girişində müəllif oxucunu öz daxili yaradıcılıq tarixçəsinə aparır. “Mən hey yazardım…” cümləsi təkcə fərdi etiraf deyil, yaradıcılığın fitri, təbii bir ehtiyac kimi təqdimatıdır. Qəndab xanım üçün yazmaq öyrədilən yox, yaşanan haldır. Təbiət – ağaclar, çiçəklər, göylər, quşlar – bu yaradıcılığın ilk ilham mənbəyidir. Bu baxımdan “Qaymaq gülü” həm də müəllifin poetik yaddaşının başlanğıc nöqtələrindən biridir.

Hekayənin mərkəzində dayanan “qaymaq gülü” obrazı çoxqatlı semantikaya malikdir. O, sadəcə bir çiçək deyil:

-Torpağın süd ətridir – yəni ana torpağın bətnindən gələn saflıq;

-Ananın gül qoxusudur – analıq mərhəmətinin simvolu;

-Aylı gecələrin şirin yuxusudur – uşaqlıq xatirələrinin rahatlığı;

-Toxunmağa qıyılmayan sevgidir – müqəddəslik anlayışı.

Müəllifin “Sizi elə sevdim ki, qoxlamağa qıymıram” misrası sevginin ən ali mərhələsini ifadə edir: sahib olmaq istəməyən, qoruyan sevgi. Bu sevgi həm çiçəyə, həm anaya, həm də keçmişə ünvanlanır.

Kicik həcmli bir hekayədə ümumi mətnin təxminən 1/3-həcmində nəzmə yer verməsi Qəndab xanımın folklora, milli-mənəvi dəyərlərimizə bağlılığının bariz nümunəsidir. Bu xalqımızın genetik yaddaşında möhkəmlənmiş dastançılıq ənənəsi ilə bağlı olan məsələdir.

Qəndab xanımın yaradıcılığında ana obrazı təsadüfi deyil və “Qaymaq gülu” bu mövzunun ən səmimi təcəssümlərindən biridir. Hekayədə ananın səsi, ananın yoxluğu, ananın gündəlik həyatdakı adi, lakin müqəddəs varlığı xüsusi həssaslıqla təqdim olunur. “Şeşim, ay şeşim…” çağırışı artıq fiziki eşidilmək üçün deyil, xatirənin içində yaşamaq üçündür.

Ana burada həm real şəxsdir, həm də milli-mənəvi dəyərin daşıyıcısıdır. Onun kənd həyatındakı sadə mövcudluğu əslində bütöv bir mədəniyyətin yaşaması deməkdir.

“Qaymaq gülü” hekayəsinin dili son dərəcə təbii, axıcı və poetikdir. Qəndab xanım elmi-publisistik düşüncə tərzinə malik olmasına baxmayaraq, bu hekayədə nəsri şeirə yaxınlaşdıran bir üslub nümayiş etdirir. Mətnin içində yer alan şeir parçası hekayənin emosional yükünü artırır, nəsrlə poeziya arasında sərhədi aradan qaldırır.

Bu üslub oxucunu mətnə kənardan baxan müşahidəçi yox, xatirənin iştirakçısına çevirir.

“Qaymaq gülü” hekayəsi Qəndab xanım yaradıcılığında xatirə-nəsrin parlaq nümunəsi kimi dəyərləndirilə bilər. Bu əsər nə böyük hadisələrdən, nə dramatik qarşıdurmalardan bəhs edir. Onun gücü sadəlikdə, səmimilikdə və milli ruhun incə detallarında gizlidir.

Bu hekayəni oxuyarkən oxucu anlayır ki, bəzən bir çiçək bütöv bir ömrü, bir ana isə bütün bir dünyanı ifadə edə bilər. “Qaymaq gülü” məhz belə bir dünyadır – ana qoxulu, torpaq dadlı, xatirə işıqlı bir dünya.

Hekayədə diqqətçəkən əsas məqamlardan biri də “ana” sözünün müxtəlif adlarla – “Şeşim, ay şeşim…” çağırışı – əvəzlənməsidir. Bu məqam Qəndab xanımın digər mətnlərində də var. Məsələn, “Süd qoxulu dünyam” essesində belə bir məqam var. Böyük bacılar “mama” deyə çağırdığı halda, müəllif obrazı hər gün anaya başqa adlar verir. Bu, sadəcə uşaqlıq şıltaqlığı deyil. Bu, dilin doğmalıq yaratmaq gücünün nümayişidir.

Ən təsirli məqam isə budur: ana ilk dəfə eşitdiyi bu adların mənasını bilməsə də, səsdən, intonasiyadan, ruhdan onu çağıranın öz övladı olduğunu dərhal anlayır. Bu, Qəndab xanımın ana-övlad münasibətini instinktiv, ilahi bir bağ kimi təqdim etməsinin bariz nümunəsidir.

“Qaymaq gülü” hekayəsi Qəndab xanımın nəsr yaradıcılığında həm xatirə ədəbiyyatının, həm də psixoloji-fəlsəfi nəsrin uğurlu nümunəsidir. Bu əsər ana mövzusunu sentimental çərçivədən çıxararaq onu insan yetişməsinin əsas mərhələsi kimi təqdim edir. Hekayə oxucunu ağlatmır – düşündürür; kövrəltmir – oyadır.

Bu baxımdan “Qaymaq gülü” təkcə bir hekayə deyil, ana südü qədər təmiz, ayrılıq qədər acı, söz qədər əbədi bir ədəbi hadisədir.

“Evcik” hekayəsi (səh. 115-121)

Müasir Azərbaycan nəsrində uşaq dünyasının poetik-estetik həqiqətlərini incə psixoloji çalarlarla təqdim edən müəlliflər sırasında tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanımın xüsusi yeri vardır. Onun “Evcik” hekayəsi ilk baxışda sadə, hətta məişət səviyyəsində görünən bir süjet üzərində qurulsa da, dərin qatlarda uşaqlıq xəyallarının, sosial mühitin və insan taleyinin mürəkkəb mənzərəsini yaradan sanballı bədii nümunədir.

“Evcik” anlayışı hekayədə təkcə balaca tikili, uşaqların qurduğu oyun məkanı deyil. Bu söz, əslində, uşağın özünə aid etdiyi ilk “mülk”, ilk “azad dünya” obrazıdır. Qəndab xanım evciyi uşaq psixologiyasının rəmzi kimi təqdim edir: burada uşaq özünü böyük dünyanın qaydalarından kənarda, azad və müstəqil hiss edir. Bu baxımdan “Evcik” uşaqlığın təmizliyi, saf arzuları və məsum xəyalları ilə assosiasiya olunur.

Hekayədə təsvir olunan məkan – evlərin arası, geniş düzənlik, yay aylarının səs-küylü, rəngarəng ab-havası – yalnız fon rolunu oynamır. Bu məkan uşaqların daxili aləmi ilə birgə nəfəs alır. Qızların toppuz-topplam arasındakı evciyi sanki balaca bir həyat modelidir: burada qaydalar var, münasibətlər var, hətta gizli “ictimai nizam” mövcuddur. Müəllif bu məkanı elə təsvir edir ki, oxucu uşaqların dünyasına kənardan baxmır, onun bir hissəsinə çevrilir.

Qəndab xanımın ədəbiyyatşünas kimi peşəkarlığı hekayənin psixoloji dərinliyində açıq-aydın hiss olunur. O, uşaqların davranışlarını romantikləşdirmir, eyni zamanda onları şablonlaşdırmır. Uşaq düşüncəsindəki saflıqla yanaşı, böyüklər dünyasından gələn təsirləri də incəliklə göstərir. Evciyin “müvəqqəti” olması, bir gün dağılması ehtimalı, uşaqlıq xəyallarının kövrəkliyinə işarədir.

“Evcik” hekayəsi yalnız nostalji duyğular doğurmur. Onun altında güclü sosial mesaj gizlənir. Uşaqların qurduğu bu balaca dünya, əslində, böyüklərin qura bilmədiyi harmoniyanın simvoludur. Müəllif oxucunu düşünməyə vadar edir: nə üçün saf münasibətlər yalnız oyunlarda mümkündür? Nə üçün böyüdükcə insan bu sadəliyi itirir?

Bu suallar hekayəyə publisistik yük verir. Qəndab xanım sənətkar mövqeyindən çıxış edərək cəmiyyətə güzgü tutur, amma bunu didaktik dillə yox, poetik və müşahidəçi üslubla edir.

Hekayənin dili sadə, axıcı və canlıdır. Xalq danışıq elementləri, uşaq təfəkkürünə uyğun ifadələr mətni süni bədii yüklərdən uzaqlaşdırır. Bu sadəlik, əslində, müəllifin ustalığının göstəricisidir. Çünki oxucu sadəliyin arxasında dərin mənalar hiss edir. “Qızlar evcik-evcik oynamağı çox sevərdilər. Onlar …. ev tikərdilər.” və “Oğlanlar heç vaxt evcik qurmazdılar, …” hekayədən təqdim etdiyim bu cümlələr əsas mahiyyəti açıb göstərir. Ailənin, evin, ocağın sahibi, quranı qadın olduğunu təbliğ edir ki, bu düşüncə və inam bizm söy-kokümüzlə bağlı, min illərin ötəsindən boylanan inancımızdır. Folklorda da uyğun nümunələrə rast gəlirik. Bu məzmunda atalar sözlərimiz də var.

Qəndab xanımın “Evcik” hekayəsi Azərbaycan uşaq nəsrinin və ümumən müasir bədii düşüncənin dəyərli nümunələrindən biridir. Bu hekayə uşaqlığın unudulan səslərini, itirilmiş xəyallarını oxucuya yenidən xatırladır. “Evcik” həm bir uşaqlıq xatirəsi, həm də insan ömrünün kövrək bir mərhələsinə ucaldılmış bədii abidədir.

Bu baxımdan “Evcik” təkcə uşaqlar üçün deyil, böyüklər üçün də yazılmış hekayədir – çünki hər böyük insanın daxilində bir vaxtlar evcik quran bir uşaq yaşayır. Hekayədə təqdim olunan “Evcik” obrazı uşaqların hər gün yenisini qurub oyun oynadığı evciklərin, ailələrin yaşadığı evlərin özündə ehtiva etdiyi mənanın ötəsində bir anlam ifadə edir. Dərin düşünən oxucu Yer kürəsini xatırlayır.

“Evcik” hekayəsinin başlanğıcında oxucu uşaqlıq dünyasının sadə, lakin dərin fəlsəfəsini görür. Torpağın üstündə ağ daşlarla çəkilən xətlər, uşaqların “klas-klas” oynadığı evciklər – bunlar yalnız oyun deyil, gələcək həyatın ilk sınaqlarıdır. Qəndab xanım bu səhnələri nostalji xatirə kimi yox, insan ruhunun ilkin sığınacağı kimi təqdim edir. Müəllif göstərir ki, uşaq evcikləri dağılsa belə, onların yaratdığı mənəvi iz insanın yaddaşında silinmir.

Bu evciklərdə “dünya sonsuz, həyat əbədi” kimi hiss olunur. Lakin zaman keçdikcə həmin sadə dünya mürəkkəb həyat reallığı ilə əvəzlənir. Müəllifin dili ilə desək, insan böyüdükcə evciklər dağılır, amma onların həsrəti qalır. Bu həsrət hekayənin əsas ideya yükünü daşıyır.

Hekayənin mərkəzində dayanan qadın obrazı Qəndab xanımın nəsrində tez-tez rast gəlinən dərin psixoloji qatlara malikdir. O, zahirən sakit, gündəlik həyatın içində yaşayan bir insandır. Lakin daxili dünyası xatirələr, düşüncələr və susqun nisgillərlə doludur. Qadının gözlərini yumması, yuxuya dalması belə rahatlıq gətirmir; çünki yaddaş onu keçmişə aparır.

Müəllif bu obraz vasitəsilə qadın taleyinin klassik, amma həmişə aktual bir cizgisini göstərir: ana olmaq, övlad böyütmək, onları həyata yola salmaq və sonda ayrılıqla barışmağa məcbur qalmaq. Burada ana məhəbbəti patetik deyil, sakit və kövrək boyalarla verilir.

“Evcik” hekayəsində övladlar yalnız ailə üzvləri deyil, zamanın dəyişən simasının göstəriciləridir. Vüsalın, Şöhrətin və digər adların çəkilməsi ailə bağlarının genişliyini göstərir. Onların biri-birindən, ata evindən uzaqda yaşaması müasir dünyanın reallığıdır. Telefonla əlaqə, kamera vasitəsilə evin üzərinə tutulmuş baxışlar – bunlar fiziki məsafəni azaltsa da, mənəvi boşluğu tam doldura bilmir.

Xüsusilə Alagöz obrazı hekayədə simvolik məna daşıyır. Onun başqa ölkədə yaşaması, evlənib İngiltərəyə köçməsi, italyan dili ilə ata evinə gəlməsi – bütün bunlar qloballaşan dünyanın milli-mənəvi dəyərlərlə toqquşmasını ifadə edir. Qadının gözlərinin uzaq bir nöqtəyə dikilməsi məhz bu ayrılığın, bu geri dönməzliyin bədii işarəsidir.

Qəndab xanımın hekayə dili sadə, lakin son dərəcə obrazlıdır. Təsvirlərdə təbiət detallarına – duman, günəş şüaları, yarpaqlar üzərindəki toz qatına xüsusi diqqət yetirilir. Bu detallar insan ruhunun vəziyyəti ilə vəhdətdə təqdim olunur. Hər bir məkan təsviri psixoloji vəziyyətin davamı kimi çıxış edir.

Müəllifin alim kimliyi mətnin dərin qatlarında hiss olunur: hər cümlə ölçülüb-biçilmiş, hər fikir fəlsəfi alt qatla zəngindir. Şair təxəyyülü isə hekayəyə lirizm, axıcılıq və duyğusal zənginlik qatır.

“Evcik” hekayəsi sadə bir həyat lövhəsi deyil, insan ömrünün mənəvi xəritəsidir. Bu xəritədə uşaqlıq evcikləri ilə gerçək evlər, sevinc ilə həsrət, yaxınlıq ilə uzaqlıq bir-birinə qarışır. Qəndab xanım oxucunu yüksək səslə danışmağa deyil, sakitcə düşünməyə, öz xatirələrinin evciklərinə baş çəkməyə çağırır.

Bu hekayə göstərir ki, insan həyatda neçə evdə yaşasa da, ruhunun əsl evi yaddaşıdır. “Evcik” isə həmin yaddaşın incə, kövrək və unudulmaz bədii ifadəsidir.

“Vağzal” hekayəsi (səh. 124-125)

Nəsrimizdə məkan anlayışı təkcə fiziki məhdudiyyət deyil, çox zaman fəlsəfi mənalar daşıyan, insanın daxili aləmini açan simvolik məkana çevrilir. Tanınmış alim-şair Qəndab xanımın “Vağzal” hekayəsi məhz bu baxımdan diqqətəlayiqdir. Əsər zahirən sadə bir məkandan — dəmir yolu vağzalından bəhs etsə də, əslində insan həyatının, zamanın, ayrılığın və yadlaşmanın dərin mənəvi qatlarını oxucuya açır.

Vağzal — Qəndab xanımın qələmində yalnız qatarların dayandığı yer deyil. O, insanların harasa getdiyi, haradansa gəldiyi, bəzən dayandığı, bəzən də dayanmağa macal tapmadan ötüb keçdiyi bir həyat kəsişməsidir. Müəllif vağzalı “bəlkə də bilinən şəbəkələrin ən sadəsi” kimi təqdim etsə də, bu sadəliyin altında mürəkkəb talelər, ziddiyyətli hisslər və sarsıdıcı səssizlik gizlənir.

Hekayədə diqqəti cəlb edən əsas cəhətlərdən biri insanların axını fonunda fərdin tənha qalmasıdır. Bir-birinə əks istiqamətdə yeriyən adamlar — tələsən, harasa çatmağa çalışan, gözləyən insanlar — hamısı bir nöqtədə toplaşsa da, heç kim heç kəsi görmür. Müəllif bu mənzərə ilə müasir insanın ən böyük faciəsini — kütlə içində təkliyi ustalıqla ifadə edir. “Varlığını heç kəs fərq etmir” cümləsi hekayənin ruhunu müəyyənləşdirən əsas ideya xəttinə çevrilir.

Qəndab xanım vağzalın səs palitrasını da xüsusi incəliklə işləyir. İnsanların danışıq səsləri, qatarların hərəkət gurultusu, qəfil mikrofon anonsu — bütün bunlar bir-birinə qarışaraq qəribə bir uğultu yaradır. Bu uğultu həyatın öz səsidir: bəzən qulaqbatırıcı, bəzən kəsici, bəzən isə insanın düşüncələrini yarıda qoyan bir axın. Ancaq bütün bu səs-küyün içində əsas qəhrəmanın eşitdiyi “Vağzal” melodiyası yalnız ona məxsusdur. Bu detal əsərin poetik qatını gücləndirir və fərdi duyumun kollektiv səs-küydə necə itib getdiyini simvolizə edir.

Hekayənin davamında ağ libaslı, telli-duvaqlı gəlin obrazı ilə qarşılaşırıq. Bu obraz həm həyatın başlanğıcı, həm də bitməz dövranı simvolizə edir. Gəlinin birdən dayanıb illərlə yaşadığı evə, həyət-bacaya nəzər salması — keçmişlə bu gün arasında ani bir körpüdür. Ardınca ağ kəfənli tabutun görünməsi isə həyat və ölümün eyni məkanda, eyni anda mövcudluğunu göstərir. Qəndab xanım bu qarşıdurmanı pafossuz, sakit, lakin sarsıdıcı təsir gücü ilə təqdim edir.

Əsərin publisistik dəyəri ondadır ki, müəllif konkret bir hekayə danışmaqla kifayətlənmir, oxucunu düşünməyə vadar edir. Vağzal burada həm cəmiyyətin, həm də insan şüurunun güzgüsünə çevrilir. Kimlərsə həyatın içindən sürətlə keçib gedir, kimlərsə bir anlıq dayanıb geriyə baxır, amma çox vaxt bu baxışları görən olmur. İnsanlar eyni məkanda olsa da, fərqli dünyalarda yaşayırlar.

Qəndab xanımın “Vağzal” hekayəsi dil baxımından da seçilir. Sadə, aydın, lakin dərin məna yüklü cümlələr oxucunu yormur, əksinə, onu mətnin içinə çəkir. Alim dəqiqliyi ilə şair həssaslığının vəhdəti bu hekayədə aydın hiss olunur. Məhz bu vəhdət əsəri adi bir nəsr nümunəsindən çıxarıb, fəlsəfi-publisistik düşüncə mətninə çevirir.

Ümumilikdə “Vağzal” hekayəsi Qəndab xanımın yaradıcılığında insan taleyinə, zamanın amansız axınına və müasir həyatın ruhsuz ritminə yazılmış səssiz, lakin təsirli bir elegiyadır. Bu əsər oxucunu təkcə oxumağa deyil, dayanmağa, baxmağa və düşünməyə çağırır. Bəlkə də hekayənin əsas mesajı elə budur: həyat vağzalında hər kəs tələsir, amma insan özünü və başqasını görməyə bir an ayırmasa, ən vacib qatarı — insanlığını qaçıra bilər!

Növbəti yazımız sonuncu – yekun bölümü olacaq. Bu bölmədə Qəndab xanımın yaradıcılığına ümumi bir nəzər salacaq və mənəvi-psixoloji əhəmiyyətindən söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – YEKUN

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>>  GÜL ƏTİRLİ KİTAB – MİNİATÜRLƏR

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

ALTINCI YAZI – ESSELƏR

Salam olsun, çox dəyərli oxucum! Söhbətimiz qaldığımız yerdən davam edəcək.

Azərbaycan ədəbiyyatında esse janrı son illərdə təkcə bədii forma kimi deyil, həm də müəlliflərin daxili dünyasının, yaddaşının, fəlsəfi düşüncələrinin açıldığı mənəvi məkana çevrilmişdir. Bu mənada tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanımın esseləri həm poetik dərinliyi, həm də psixoloji-fəlsəfi yükü ilə seçilən nümunələr sırasında öz layiqli yerini tutmuşdur. “Ətirli güllər” kitabında toplanmış esselər demək olar ki, al-əlvan rəngləri və xoş rayihəsinə görə əsl cənnət bağlarında bitən çiçəkləri xatırladır. Bu esselər həmin çiçəklər qədər gözəl və müxtəlifdir. Esselərin hamısını dönə-dönə (ağlaya-ağlaya) oxusam da, hamı üçün maraqlı ola biləcək bir neçəsi üzərindən fikirlərimi sizinlə bölüşürəm:

“Kölgələr arasında” (səh. 105)

“Kölgələr arasında” essesi oxucunu zahiri hadisələr aləminə deyil, daha çox insanın daxili aləminə, xatirə və hisslərin kölgəli qatlarına aparır. Burada zaman axını, məkan təsviri, təbiət mənzərələri bir məqsədə xidmət edir: insanın ruh halını, təkliyini, yaddaşını və varlıqla üz-üzə qalmasını göstərmək.

Mətn “Yuxudan oyanan kimi Anamı xatırlayıram…” (yaddaşdan başlayan yol) cümləsi ilə açılır. Bu cümlə sadəcə xatırlama aktı deyil, bütöv essenin ideya mərkəzidir. Ana obrazı burada həm real, həm də simvolik məna daşıyır. Ana – başlanğıcdır, sığınacaqdır, həyatın köküdür. Qəndab xanım bu obrazı sadə nostalji vasitəsi kimi deyil, insanı həyata bağlayan mənəvi dayağın simvolu kimi təqdim edir.

Yuxu ilə oyaqlıq arasındakı keçid, gecənin səssizliyi, ehtiyatla açılan qapı – bütün bunlar essedə ruhun oyanışı kimi oxunur. Müəllif zahiri hərəkətləri minimal saxlayaraq daxili gərginliyi ön plana çəkir.

Essedə təsvir olunan qış gecəsi adi mənzərə deyil. Dolu ayın “hamiləliyinin son günlərini yaşayan qadının qarnına” bənzədilməsi müəllifin poetik təfəkkürünün (onun alimliyi qələmə aldığı hər cümlədə “mən buradayam” deyir) bariz nümunəsidir. Ay burada həm işıq, həm gərginlik, həm də yaxınlaşan dəyişimin rəmzidir.

Qəndab xanım təbiəti yalnız fon kimi təqdim etmir. Təbiət insanın daxili halını əks etdirən güzgüyə çevrilir:

-Ay işığı üşüdür,

-Sükut qorxudur,

-Qırov həyatın donmuş məqamlarını xatırladır.

Ağ tüklü itin qırovun üstündə yumru kimi bükülməsi isə esse boyu ən təsirli simvollardan biridir. Bu obraz həyatın zəifliyini, qorunmaq ehtiyacını, instinktiv yaşamaq istəyini ifadə edir. İtin başını qaldırıb yenidən bükülməsi sanki insanın dünyaya baxıb, sonra yenə öz içinə çəkilməsi kimidir.

Sonluq daha ibarətamiz və maraqlıdır: “… qaranlıq göy üzü Anamın toyuqsuz küməsi kimi ulduzsuz, bom-boş qalacaq, hər şey bitəcək, həyat duracaqdır!”

“Kölgələr arasında” essesi səsdən çox sükut üzərində qurulub. Burada sükut boşluq deyil, mənalı pauzadır. Gecənin səssizliyi, hər kəsin yatması, təbiətin donuq görünməsi insanın öz varlığı ilə tək qalmasını şərtləndirir.

Müəllif bu sükutda qorxu yaratmır, əksinə, düşünmək üçün imkan açır. Ay işığının üşütməsi fiziki soyuqdan çox, ruhi üşütmədir. Bu, insanın öz taleyi, keçmişi və gələcəyi ilə üzləşdiyi anın poetik ifadəsidir.

Esse nə tam hekayədir, nə də sırf lirika. Bu, düşünən, hiss edən, müşahidə edən insanın daxili monoloqudur. Alim təfəkkürü ilə şair duyumu burada bir nöqtədə qovuşur.

“Kölgələr arasında” Qəndab xanımın yaradıcılığında yaddaş, ana, təbiət və insan münasibətlərinin poetik-fəlsəfi təcəssümüdür. Bu esse oxucuya hazır nəticələr təqdim etmir; əksinə, onu öz xatirələri, öz kölgələri ilə üz-üzə qoyur.

Bu mətn sübut edir ki, əsl ədəbiyyat səs-küylü hadisələrdən deyil, sakit anların dərinliyindən yaranır. Qəndab xanımın essesi məhz bu səssiz dərinlikdə parlayan mənəvi işıqdır.

“Bir gün…” (səh. 106)

Qəndab xanımın “Bir gün…” essesi bədii düşüncənin dərin qatlarından süzülüb gələn, insanın öz iç dünyası ilə üz-üzə qalmasını şərtləndirən, psixoloji və mənəvi yükü son dərəcə güclü olan bir mətn kimi diqqəti cəlb edir. Bu esse ilk baxışda sevgi etirafı təsiri bağışlasa da, əslində daha geniş miqyaslıdır: insanın unutduqlarına, itirdiklərinə, gec dərk etdiklərinə yazılmış bir taleyazısıdır.

Əsərin mərkəzində “bir gün” anlayışı dayanır. Bu ifadə adi zaman göstəricisi deyil, gecikmiş vicdanın, oyanan yaddaşın və labüd peşmanlığın simvoludur. Müəllif “bir gün” deyərək oxucunu gələcəyə yox, əslində keçmişin içində gizlənmiş həqiqətə aparır. Bu “bir gün” mütləq gələcək, çünki insan nə qədər unutmağa çalışsa da, yaddaşın dərin qatlarında gizlənən sevgi və həqiqət gec-tez üzə çıxır.

Qəndab xanım essedə insanın özünü aldatmaq mexanizmini ustalıqla açır. “Heç mən onu sevmirdim ki!” cümləsi sadəcə inkardır; bu inkara nə qədər inanmağa çalışılsa da, mətn boyu hiss olunur ki, bu sözlər ruhu sakitləşdirmir. Müəllif göstərir ki, insan başqasını yox, daha çox özünü inandırmağa çalışır. Lakin zaman keçdikcə bu müdafiə mexanizmi dağılır və etiraf qaçılmaz olur.

Essedə poetik təsvirlər xüsusi yer tutur. Qara buludların arxasından çıxan günəş, tumurcuqdan qəfil açılan çiçək obrazları yaddaşın və hisslərin qəfil oyanışını simvolizə edir. Bu bədii detallar mətni quru etirafdan xilas edir, ona poetik nəfəs, estetik dərinlik qazandırır. Qəndab xanımın alim təfəkkürü ilə şair duyumu burada üzvi şəkildə qovuşur.

Mətnin fəlsəfi yükü xüsusilə “ALLAH verəni, ancaq ALLAH alar” fikrində cəmlənir. Bu cümlə esseyə ilahi ölçü gətirir və sevgini sadəcə insani hiss yox, ilahi əmanət kimi təqdim edir. Bu baxımdan “Bir gün…” yalnız sevgi haqqında deyil, həm də insanın taleyə, qismətə və ilahi ədalətə münasibəti barədə düşünməyə vadar edir.

Əsərin dramatizmi səs-küyə, patetikliyə söykənmir. Əksinə, sakit, pıçıltı ilə deyilən etiraflar daha təsirlidir. “Mənsiz mənlə yaşayacaqsan” fikri insanın daxilindəki parçalanmanı, özündən qaça bilməməsini açıq şəkildə ifadə edir. Bu, müasir insanın ən böyük faciələrindən biridir: tək qalmaq yox, öz içində tənha qalmaq.

Publisistik baxımdan esse cəmiyyət üçün də aktual mesajlar daşıyır. Qəndab xanım oxucuya demək istəyir ki, sevgi və dəyər itirildikdən sonra yox, vaxtında tanınmalıdır. Əks halda “bir gün” gələcək, amma artıq gec olacaq. Bu fikir yalnız fərdi münasibətlərə deyil, insanın həyata, doğmalara, dəyərlərə münasibətinə də şamil olunur.

Ümumilikdə isə, “Bir gün…” Qəndab xanımın yaradıcılığında həm bədii, həm də mənəvi baxımdan mühüm mətnlərdən biridir. Bu esse oxucunu düşündürür, sarsıdır, öz yaddaşı ilə üz-üzə qoyur. O, oxucuya hazır cavablar vermir, əksinə, hər kəsi öz “bir gün”ü haqqında düşünməyə vadar edir. Məhz bu cəhəti ilə “Bir gün…” sadəcə oxunan yox, yaşanan bir esse təsiri bağışlayır.

“Çatdığı yer qaçdığı yerimiş!” (səh. 113)

Qəndab xanımın “Çatdığı yer qaçdığı yerimiş!” essesi zahirən sakit, lakin daxilən dərin psixoloji və metafizik qatlara malik bir mətn kimi oxucunu öz içinə çəkir. Bu esse yalnız bir yolun, bir hərəkətin təsviri deyil; bu, insanın həyat boyu qaçdığı həqiqətin, sonda yenə öz başlanğıcına – ana torpağa, ana qoxusuna, ana yaddaşına qayıdışının poetik etirafıdı.

Essedə yarpaq obrazı təsadüfi deyil. Yarpaq həm həyatın faniliyini, həm də insanın zamana tabe olan varlığını simvolizə edir. Yarpaqların torpağa düzülməsi – keçilmiş yolun üstündə sərilməsi – insanın öz taleyini özü üçün döşəməsi mənasını verir. Qəhrəman o yarpaqların üstü ilə addımladıqca, əslində öz yaddaşının, keçmişinin, duyğularının üzərindən keçir. Burada yol artıq coğrafi məkan deyil, daxili səyahətdir.

Mətnin emosional zirvəsi qaranlıqdan qaçış səhnəsidir. Qaranlıq – yadlıqdır, tənhalıqdır, insana doğma olmayan dünyadır. Qəhrəman qaranlıqdan qaçmaq istədikcə yol bitir, yarpaq tükənir. Bu nöqtədə Qəndab xanım həyatın paradoksunu ustalıqla təqdim edir: insan nə qədər uzaq qaçsa da, sonda qaçdığı yerin elə çatdığı yer olduğunu anlayır.

Küləyin səsi, nəm torpağın qoxusu, xəzəl qarışıq iy – bunlar fiziki təsvirlərdən çox, yaddaşın qapılarını açan duyğulardır. Və bu duyğuların içindən yüksələn nida:
“Anamın süd qoxusu!”
Bu nida esseni adi publisistik-fəlsəfi mətn olmaqdan çıxarıb, onu müqəddəs ana mifologiyası səviyyəsinə qaldırır.

Qəndab xanım üçün ana anlayışı yalnız bioloji bağ deyil. Ana – həyatın başlanğıcı, sığınacaq, son dayanacaqdır. Günəşin “qırmızı telləri”nin aləmə yayılması ilə bu ana obrazı kosmik ölçü qazanır. Sanki ana yalnız bir insan deyil, kainatın özü, torpağın özü, yaradılışın özüdür.

“Demə, çatdığı yer qaçdığı yerimiş!” – bu cümlə essenin fəlsəfi yekunudur. İnsan həyat boyu ağrılardan, qorxulardan, taledən qaçır, lakin sonda anlayır ki, qaçdığı hər şey onu öz kökünə, öz mahiyyətinə aparır. Bu, həm barış, həm də təslimiyyət anıdır.

Qəndab xanımın dili bu essedə son dərəcə axıcı, ritmik və poetikdir. Ellipsislər (“…”) düşüncənin davam etdiyini, sözlərin bitdiyi yerdə hisslərin danışdığını göstərir. Təkrarlar (“əyilir, əyilir… əriyir…”) qəhrəmanın torpağa, ana yaddaşına qarışmasını vizual və emosional şəkildə canlandırır.

“Çatdığı yer qaçdığı yerimiş!” essesi insanın taleyini ana qoxusunda, torpaq yaddaşında tamamlayan bir mənəvi etirafdır. Bu mətn oxucunu sarsıdır, düşündürür və sakitcə qucaqlayır. Həssas oxucu mətnlə qol-boyun olduqdan sonra için-için ağlayır. Qəndab xanımın janrından asılı olmayaraq, qələmə aldığı mətnlərin çoxu oxucunu ağlatmaqla yanaşı həm də düşündürür, dünyaya açıq gözlə baxmağa çağırır. Həyatın heç də çoxlarının, ələxsus gənclərin böyük əksəriyyətinin düşündüyü kimi sadəcə zahirdə görünən parıltıdan ibarət olmadığını vurğulayır. Qəndab xanım bu esse ilə bir daha sübut edir ki, o, yalnız alim və şair deyil, həm də insan ruhunun ən gizli qatlarına enməyi bacaran dərin düşüncə sahibidir.

Bu esse oxunmur – yaşanır. Və oxucu hər sətirdə öz qaçışını, öz dönüşünü, öz “ana”sını tapır.

“Əsas məsələ” (səh. 126)

Qəndab xanımın “Əsas məsələ” essesi müasir publisistik düşüncənin ən ağrılı, eyni zamanda ən vacib mövzularından birini – insan şüurunun formalaşması, mərhəmət anlayışının təhrif olunması və tərbiyə məsuliyyətinin kimə aid olması məsələsini gündəmə gətirir. Bu esse yalnız bir müşahidənin bədii təqdimatı deyil, həm də oxucunu silkələyən dərin fəlsəfi və etik çağırışdır.

Əsər müasir dövrün tipik informasiya mühitindən – sosial şəbəkədə yayılan bir videodan başlayır. Şir balasının körpə ceyranla “oynaması” kimi təqdim olunan bu görüntü ilk baxışda təbiətin maraqlı anı təsiri bağışlasa da, Qəndab xanım bu zahiri “şirinliyin” altındakı amansız həqiqəti ustalıqla açır. Şir balasının davranışı təbiətin vəhşiliyi deyil, onun təbiət qanunları ilə yaşamasıdır. Lakin insan bu görüntünü necə və hansı düşüncə ilə izləyir – məhz “əsas məsələ” burada başlayır.

Müəllif oxucunu sadəcə hadisəni seyr etməyə yox, düşünməyə məcbur edir: Niyə biz bu görüntüdən təəccüblənirik? Niyə uşaqlara izah etmirik ki, təbiətdə mərhəmət anlayışı insanın düşündüyü formada mövcud deyil? Niyə “şirin video” adı altında vəhşi instinktləri romantikləşdiririk? Bu suallar essedə açıq şəkildə verilir və cavab yükü birbaşa oxucunun üzərinə qoyulur.

Qəndab xanımın publisistik ustalığı ondadır ki, o, heyvan davranışından insan cəmiyyətinə keçidi təbii və inandırıcı şəkildə qurur. Şirin ceyranı diri-diri yeməsi faktı ilə insanların müxtəlif coğrafiyalarda diri canlı yemə adətlərinə toxunması müəllifin düşüncə miqyasını genişləndirir. Burada məqsəd sensasiya yaratmaq yox, ikili standartları ifşa etməkdir: Biz birinə “vəhşi” deyib, digərinə “mədəni” deməyə hansı mənəvi haqlarla cəhd edirik?

Essedə valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin üzərinə düşən məsuliyyət xüsusilə vurğulanır.“Əsas məsələ onun nə öyrənməyi imiş…” fikri mətnin ideya zirvəsidir. Müəllif açıq şəkildə bildirir ki, uşağı dünyaya gətirmək kifayət deyil, ona düzgün bilik, doğru baxış və həqiqi anlayışlar vermək lazımdır. Əks halda, uşaq gördüyünü yanlış şərh edir, reallığı təhrif olunmuş şəkildə qəbul edir. Müəllif bu məsələyə də özünəməxsus şəkildə münasibət bildirir: “Əla tərbiyəli uşaq kimi yalnız ona öyrədilənləri öyrənmişdı…” Necə öyrənmək, öyrətmək, tətbiq etmək məsələsi bütün zamanlarda həyati əhəmiyyət kəsb etmiş və mədəni insanın, inkişaf etmiş cəmiyyətin, yüksək sivilizasiyanın göstəricisi olmuşdur. Müasir dövrümüzdə də ən aktual problemlərdən biri olan bu məsələyə olan mövcud münasibəti Qəndab xanım zərgər dəqiqliyi ilə hesablanmış bir cümlə ilə cavab şəklində verir (bildirir):“… – Mən nə bilim, – deyir və gözlərini qapadır.”

Qəndab xanımın dili sadə, lakin təsirli, üslubu isə həm elmi-publisistik, həm də bədii emosiyalarla zəngindir. Esse boyu müəllif oxucu ilə dialoq qurur, onu ittiham etmir, lakin məsuliyyətdən də azad buraxmır. “Bəlkə özü günahkardır, hə, özü?!” kimi ritorik suallar insanın vicdanına ünvanlanmış sarsıdıcı çağırışdır.

“Əsas məsələ” essesi, əslində, bir videonun yox, bir dövrün diaqnozudur. Bu, mərhəmətin yanlış anlaşıldığı, təbiətin romantikləşdirildiyi, uşaqların isə həqiqətlərdən qorunduğu bir cəmiyyətin portretidir. Qəndab xanım bu əsəri ilə oxucunu sadəcə məlumatlandırmır, onu mənəvi seçim qarşısında qoyur.

“Əsas məsələ” müasir Azərbaycan publisistikasında düşüncə dərinliyi, mövzu aktuallığı və etik cəsarəti ilə seçilən sanballı bir essedir. Bu yazı oxucunu rahat buraxmır, oxunduqdan sonra da insanın daxilində suallar doğurur. Və bəlkə də məhz buna görə, Qəndab xanımın dediyi kimi, əsas məsələ oxuduğumuz deyil, anladığımızdır.

“Unutmayım deyə…” (səh. 129)

Bu esse ilk baxışda şəxsi xatirə və etiraflar üzərində qurulmuş kimi görünür. Lakin mətni diqqətlə oxuduqda aydın olur ki, müəllif fərdi taledən çıxış edərək insan yaddaşının kollektiv ağrılarını, uşaqlıqdan daşınan travmaları və zamanın sağalda bilmədiyi yaraları sözə çevirir. Qəndab xanım burada həm alim düşüncəsi, həm də şair həssaslığı ilə çıxış edir.

Essedə diqqəti cəlb edən əsas məqamlardan biri müəllifin insanın varlığına münasibətidir. O, özünü “nəhəng, möhtəşəm bir tamın çox kiçik zərrəsi” kimi təqdim etməklə, insanın kainatdakı yerini dərk etməyə çalışan düşünən fərdin daxili monoloqunu yaradır. Bu yanaşma esseni sırf xatirə janrından çıxarıb fəlsəfi esse səviyyəsinə yüksəldir.

Müəllif hər şey arasında bağlar axtarır, lakin bu bağları tapmaq asan deyil. Burada insan idrakının məhdudluğu, sualların cavablardan çoxluğu açıq şəkildə hiss olunur. Qəndab xanım üçün düşünmək özü də bir ağrıdır – çünki düşünən ruh ilk əzabı da elə özü hiss edir.

“Bu dəfəki yaralarımı kimsəyə göstərməyəcəm…” – bu cümlə essenin psixoloji mərkəzini təşkil edir. Müəllif yaralarını nə başqasına, nə də “Sən” deyə müraciət etdiyi metafizik varlığa etibar edir. Çünki bu yaralar konkret zamana və şəxsə aid deyil; onlar yarım əsrlik uşaqlığın, susdurulmuş qorxuların, dilləndirilməmiş ağrıların izləridir.

Qızılgül obrazı burada xüsusi semantik yük daşıyır. Ətirli qızılgüllərin içində gizlənən yaralar zahiri gözəlliklə daxili faciənin qarşıdurmasını yaradır. Bu, Qəndab xanımın simvolik düşüncə tərzinin bariz nümunəsidir.

Essedəki ilan obrazı sadəcə təhlükə deyil, uşaqlıq travmasının canlı metaforasıdır. Zəhərsiz, lakin qəfil hücum edən, nəfəs almağa macal verməyən bu varlıq insanın həyatında qəfil baş verən sarsıntıları xatırladır. Müəllifin bu epizodu son dərəcə real, eyni zamanda poetik dillə təqdim etməsi oxucuda güclü emosional təsir yaradır.

Bu səhnə oxucunu düşünməyə vadar edir: bəzən insanın həyatındakı ən dərin izlər məhz “zəhərsiz” sayılan, amma ruhda sağalmayan yaralardır.

“Unutmayım deyə…” ifadəsi essenin yalnız adı deyil, həm də onun fəlsəfi mahiyyətinə götürən bələdçidir. Qəndab xanım üçün unutmaq xilas deyil; əksinə, yadda saxlamaq insanın özünə və keçmişinə qarşı məsuliyyətidir. O, sağalmayan yaralarını divardan asmaq istəyir – yəni onları göz önündə saxlamaq, onlarla yaşamağı öyrənmək istəyir.

Bu yanaşma esseni təkcə şəxsi etiraf deyil, həm də insan yaddaşına çağırış edən publisistik mətinə çevirir. Müəllif oxucuya demək istəyir ki, unutmaq asandır, amma xatırlamaq insanı insan edən əsas keyfiyyətdir.

“Unutmayım deyə…” essesi Qəndab xanımın yaradıcılığında yaddaş, ağrı və varlıq məsələlərinin yüksək bədii-estetik səviyyədə ifadəsidir. Bu mətn oxucunu sadəcə oxumağa deyil, öz daxili yaraları ilə üzləşməyə çağırır. Alim dəqiqliyi, şair həssaslığı və publisist cəsarəti bu essedə vəhdət təşkil edir.

Qəndab xanım bir daha sübut edir ki, əsl ədəbiyyat unutdurmur – xatırladır, sarsıdır və insanı özü ilə üz-üzə qoyur. Bu esse də məhz belə mətnlərdəndir: sakit oxunur, amma uzun müddət insanın yaddaşından silinmir.

Müasir Azərbaycan ədəbiyyatında elə qələm sahibləri var ki, onların yazdıqları yalnız estetik mətn deyil, həm də yaddaşın, ağrının və insan varlığının, düşüncənin, mahiyyətin poetik təcəssümü, bədii həllidir. Tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanımın esseləri də məhz bu qəbildən olan, oxucunu sükutla düşünməyə, daxili hesabat verməyə sövq edən dərin fəlsəfi-psixoloji mətnlərdir.

Qəndab xanımın esseləri publisistik ruhla poetik ifadənin uğurlu sintezidir. Dil sadədir, lakin yüklüdür. Metaforalar süni deyil, təbii axardan doğur. Cümlələr uzun olsa da, oxucunu yormur; əksinə, düşünməyə vadar edir.

Növbəti yazımızda Qəndab xanımın ibrətamiz hekayələrindən söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – HEKAYƏLƏR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>> GÜL ƏTİRLİ KİTAB – ETÜDLƏR

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

BEŞİNCİ YAZI – MİNİATÜRLƏR

Salam olsun, çox dəyərli oxucum! Söhbətimiz qaldığı yerdən davam edir.

Azərbaycan ədəbiyyatında elə qələm sahibləri var ki, onların yaradıcılığı təkcə estetik zövq oyatmır, eyni zamanda oxucunu varlıq, insan və Yaradan haqqında düşünməyə vadar edir. Tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanım məhz belə sənətkarlardandır.

“Mən qədərə inanıram”

Tanınmış şair və ədəbiyyatşünas alim Qəndab xanımın “Ətirli güllər” kitabında 110-cu səhifədə yer almış “Mən qədərə inanıram” adlı miniatürü həcminin kiçikliyinə baxmayaraq, daşıdığı fəlsəfi yük, həyat və insan haqqında irəli sürdüyü konseptual düşüncə baxımından böyük bir mətn təsiri bağışlayır. Bu yazı sadəcə bir bədii parça deyil, insan şüurunun, iradəsinin və zamanla münasibətinin poetik-fəlsəfi həllidir desək, yanılmarıq.

Miniatürün ilk cümləsi oxucunu dərhal sarsıdır: “Nə ona, nə sənə, nə də özümə inanmıram, yalnız qədərə inanıram!” Bu cümlə zahirən ifrat fatalizmi xatırlatsa da, mətn irəlilədikcə aydın olur ki, müəllif kor-koranə təslimçiliyi deyil, hadisələrin səbəb–nəticə zəncirində formalaşan labüd həqiqəti nəzərdə tutur. Qəndab xanım üçün qədərlik anlayışı mistik deyil, düşüncə, hərəkət və nəticənin vəhdətindən doğan obyektiv gerçəklikdir.

Müəllif “nəticə – hadisənin sonudur” deyərkən, insanın düşüncə və davranışlarının dünyada boşluqda yoxa çıxmadığını, əksinə, konkret hadisələrə çevrildiyini vurğulayır. Burada insan məsuliyyəti xüsusi önəm daşıyır. Qəndab xanım qədərlə insan iradəsini bir-birinə zidd qoymur; əksinə, onları bir-birini tamamlayan proseslər kimi təqdim edir. Hər bir hərəkətin onu edən insan üçün “o anın ən doğru hərəkəti” olması fikri, zamanın nisbi həqiqətlərini, insanın seçimlərinin subyektiv doğruluğunu açır.

Miniatürün gücü ondadır ki, müəllif “doğru” anlayışını mütləqləşdirmir. Doğruların kəsişdiyi, birləşdiyi anlarda hadisənin baş verməsi fikri, həyatın çoxsəsli və çoxistiqamətli axarını simvolizə edir. Bu yanaşma Qəndab xanımın həm alim, həm də şair təfəkkürünün sintezindən doğur: elmi səbəbiyyət anlayışı poetik obrazlılıqla ifadə olunur.

“Qədər də elə budur” cümləsi miniatürün ideya kulminasiyasıdır. Burada müəllif oxucuya qədərlik anlayışını yenidən düşünməyi təklif edir. Qədər – keçmiş, indi və gələcəyin bir xətt üzərində birləşməsidir; olmuşun dəyişməzliyi, olanın reallığı və olacağın qaçılmaz ehtimalıdır. Bu baxımdan mətn zaman fəlsəfəsi ilə insan psixologiyasını bir nöqtədə birləşdirir.

Miniatürün sonunda başlanğıca qayıdış – “Mən qədərə inanıram, nə ona, nə sənə, nə də özümə inanmıram” – kompozisiya baxımından dairəvi strukturu tamamlayır. Bu, həm də həyatın dövri xarakterinə, insanın eyni suallara yenidən və yenidən qayıtmasına işarədir. Oxucu bu cümləni artıq ilk oxuduğu kimi deyil, daha dərin, daha məsuliyyətli anlamda qəbul edir.

Ümumilikdə, “Mən qədərə inanıram” miniatürü Qəndab xanımın ədəbi yaradıcılığında insan, zaman və məsuliyyət mövzularının yığcam, lakin yüksək fəlsəfi səviyyədə ifadəsidir. Bu mətn oxucuya hökm vermir, onu düşünməyə məcbur edir; inancı sorğulayır, lakin ümidsizliyə sürükləmir. Qəndab xanım bu miniatürlə sübut edir ki, bəzən bir səhifəlik mətn bütöv bir kitabın deyə bilmədiyini deyə bilər.

“Gerçək Xəyal” (səh.109)

“Gerçək Xəyal” miniatürü Qəndab xanımın poetik-fəlsəfi düşüncə tərzinin, daxili dünyasının və insan ruhuna yönəlmiş estetik baxışının parlaq ifadəsidir. Bu mətn həm janr baxımından, həm də məna dərinliyi etibarilə klassik miniatür çərçivələrini aşaraq publisistik düşüncə ilə bədii lirikanın qovuşuğunda formalaşan nadir nümunələrdəndir.

Miniatürün adının özü – “Gerçək Xəyal” – artıq oxucunu paradoksal bir fəlsəfi müstəviyə dəvət edir. Burada xəyal gerçəkləşir, gerçək isə xəyal kimi əriyib gedir. Qəndab xanım insanın yaşadığı hisslərin, xatirələrin və zamanla dəyişən duyğuların nisbi mahiyyətini açır. “Ayaqları torpaqdan üzülən də”, “sevincindən quş kimi göylərə uçan da” ifadələri ilə insanın həm maddi, həm də mənəvi aləmdəki halı bir-birinə calanır. Bu, insanın həyat boyu keçdiyi emosional trayektoriyanın poetik xəritəsidir.

Mətn boyunca Xəzərin maviliyi xüsusi rəmzi məna daşıyır. Gözlərin maviliyinin Xəzərlə qarışması təsadüfi deyil. Burada vətən, yaddaş, həsrət və sevgi birləşir. Qəndab xanım üçün Xəzər yalnız coğrafi məkan deyil, ruh halıdır, daxili sükutun və fırtınanın eyni anda yaşandığı mənəvi aynadır. “Hər an həsrətlə yolunu gözləyən gözlər” obrazı isə insanın bitməyən gözləntisini, taleyin arxasınca baxmaq məcburiyyətini simvolizə edir.

Miniatürün ən güclü fəlsəfi qatlarından biri müəllifin öz “mən”ini zaman içində dəyişən bir varlıq kimi təqdim etməsidir: “Mən necə dəyişərdim, lap hava kimi!” Bu etiraf insanın həyatla birlikdə dəyişən xarakterini, duyğularının kövrəkliyini göstərir. Amma qarşı tərəf – “Sən” – həmişə daş kimi, qaya kimi təsvir olunur. Bu sabitlik həm güc, həm də soyuqluq rəmzidir. Sanki həyatın axarında yalnız xatirələr dəyişir, amma bəzi obrazlar daşlaşaraq zamanın fövqündə qalır.

Miniatürün kulminasiya nöqtəsi müəllifin “indi çönüb arxaya baxanda Səni görmürəm” etirafıdır. Bu cümlə təkcə bir sevginin yoxluğu deyil, bir mərhələnin bitməsi, insanın öz keçmişi ilə vidalaşmasıdır. “Çünki yoxsan, Sən bir Xəyalsan!” fikri gerçəkliyin sərt hökmüdür. Burada Qəndab xanım oxucunu acı bir ayılmaya aparır: bəzən həyat boyu arxasınca getdiyimiz, dəyişməz sandığımız varlıqlar yalnız irəli baxanda görünür, geriyə dönəndə isə xəyala çevrilir.

“Gerçək Xəyal” yalnız şəxsi hisslərin ifadəsi deyil, eyni zamanda müasir insanın psixoloji durumuna ünvanlanan publisistik çağırışdır. Mətn oxucunu düşünməyə vadar edir: biz nəyə gerçək deyirik, nəyə xəyal? Həyatda sabit bildiklərimiz doğrudanmı mövcuddur, yoxsa biz irəli baxdığımız üçün onları görürük? Qəndab xanım bu sualları birbaşa deyil, poetik-fəlsəfi dillə, incə duyğu qatları vasitəsilə təqdim edir.

Qəndab xanımın “Gerçək Xəyal” miniatürü onun həm alim dəqiqliyini, həm də şair həssaslığını özündə birləşdirən sanballı ədəbi nümunədir. Bu mətn oxucunu yalnız estetik zövqlə deyil, dərin düşüncə ilə də baş-başa qoyur. Miniatür sübut edir ki, kiçik həcmli mətnlər də böyük həyat həqiqətlərini daşıya bilər. “Gerçək Xəyal” insan ruhunun yaddaşında uzun müddət yaşayan, oxunduqca yeni mənalar açan bir ədəbi düşüncə məkanıdır.

“Sevgi yağışı” (səh. 111)

Qəndab xanımın “Sevgi yağışı” adlı miniatürü poetik həcmin kiçikliyinə baxmayaraq, mənaca son dərəcə geniş, fəlsəfi baxımdan isə dərin bir mətndir.

Bu miniatür ilk cümləsindən etibarən oxucunu sevginin ümumbəşəri məkanına aparır:
“Hara baxırdımsa hər yerdə sevgi görürdüm…”
Bu cümlə adi müşahidə deyil, kainata sevgi prizmasından baxan bir idrakın etirafıdır. Burada sevgi konkret bir insanla, bir münasibətlə məhdudlaşmır; o, varlığın öz mahiyyətinə çevrilir. Göylərdən yağan sevgi metaforası ilahi başlanğıcı simvolizə edir. Sevgi artıq hiss yox, varlığı yaşadan ilahi enerjidir.

Miniatürdə təbiət obrazları xüsusi semantik yük daşıyır. Bir-birinə sarı əyilən ağaclar, bir-birinə sarmaşan budaqlar, titrəşən yarpaqlardan süzülən sevgi – bütün bunlar kainatda qarşılıqlı bağlılıq ideyasını ifadə edir. Qəndab xanım bu təsvirlərlə göstərir ki, sevgi yalnız insanlara məxsus deyil; o, təbiətin dilidir, varlığın öz ahəngidir.

Mətnin ən təsirli məqamlarından biri sevginin mərhələli hərəkət trayektoriyasıdır: göydən yerə, yerdən torpağın dərinliklərinə, oradan isə sonsuzluğa doğru. Torpaq burada “nəhəng bir Ana” kimi təqdim olunur. Bu obraz həm ana bətnini, həm də insanın mənşəyini xatırladır. Sevgi torpağın dərinliklərinə işləndikcə, kainat “nəhayətsiz bir sevgi dənizində” salınan varlıq kimi təsvir edilir. Bu, sufi düşüncəsinə xas olan vəhdət ideyasının poetik ifadəsidir.

Miniatür təkcə təsvirlə kifayətlənmir, dərin idrak mərhələsinə keçir. Müəllif gördüyü gözəlliklərin arxasında duran “güc və qüdrəti” dərk etdikcə, mənəvi xoşbəxtlik zirvəsinə yüksəlir. Burada sevgi artıq emosional hal yox, idrakın kamillik mərhələsidir. Sevgi insanı Allaha aparan yol kimi təqdim olunur.

Mətnin finalı isə publisistik baxımdan son dərəcə güclü və sarsıdıcıdır:
“ALLAHIM! Sən qəlbimi eşq ilə doldurdun, mənə sevdiyimi verdin, sevdiyim isə məni SƏNƏ göndərdi…”
Bu cümlə ilahi eşqin fəlsəfəsini açır: insan sevdiyi vasitəsilə Allaha doğru yol alır. Burada məhəbbət bir məqsəd yox, vasitədir – mənəvi yüksəlişin körpüsüdür.

Qəndab xanımın “Sevgi yağışı” miniatürü müasir insanın mənəvi aclığı fonunda xüsusi aktuallıq kəsb edir. Maddiləşmiş dünyada unudulan sevgi anlayışı bu mətndə yenidən ilahi mənasına qovuşur. Alim dəqiqliyi ilə qurulan məntiq, şair həssaslığı ilə yaradılan obrazlar bu miniatürü həm ədəbi, həm də fəlsəfi baxımdan dəyərli edir.

Nəticə etibarilə, “Sevgi yağışı” sadəcə poetik miniatür deyil, insanın özünə, kainata və Yaradanına ünvanlanan mənəvi çağırışdır. Bu əsər bir daha sübut edir ki, Qəndab xanımın yaradıcılığında söz təkcə estetik vasitə deyil, həm də idrak, iman və mənəvi kamillik yolunun işığıdır. Sevginin kainat miqyasında poetik təcəssümüdür.

“Sevmək” (səh. 130)

Qəndab xanımın “Sevmək” adlı miniatürü Azərbaycan ədəbi-fəlsəfi düşüncəsində sevgi anlayışına verilmiş ən kamil, ən dolğun və eyni zamanda ən səmimi təriflərdən biri kimi diqqəti cəlb edir. Bu mətn nə klassik şeir çərçivəsinə sığır, nə də sırf aforizm məntiqi ilə məhdudlaşır. O, publisistik dərinliyi, bədii-estetik yükü və mənəvi məsuliyyəti birləşdirən sevgi haqqında konkret tezislər təsiri bağışlayır.

Miniatürün ilk cümləsi oxucunu adi duyğular müstəvisindən çıxararaq, sevginin yaradıcı və qurucu mahiyyətini ön plana çəkir:
“Sevmək – yalnız gözəlliklərdən və bu gözəlliklərin yaratdığı hiss və duyğulardan ibarət özəl bir dünya yaratmaqdır.”
Burada sevgi passiv yaşantı deyil, daxili aləm qurmaq bacarığı, ruhun memarlığı kimi təqdim olunur. Qəndab xanım sevgi anlayışını emosional təsirdən çox, daxili nizam və mənəvi dünya kimi dəyərləndirir.

Miniatür boyu sevgi bir neçə əsas semantik ox üzrə inkişaf edir əsas tezislər):

-Sığınacaqdır – həyatın keşməkeşlərindən yorulan insanın ruhən dincəldiyi yer;

-Təmizlikdir – cismani və ruhi paklanma;

-Ucalıqdır – uzaq ulduzu qoparıb qəlbinə qoymaq qədər əlçatmaz, amma arzu olunan yüksəklik.

Bu məqamda sevgi həm insani zəifliklərin dərmanı, həm də insanı fövqəladə ucalığa qaldıran qüvvə kimi təqdim edilir. Qəndab xanımın dili ilə sevgi, insanı yerdən göyə aparan mənəvi pilləkəndir.

Miniatürdə sevginin ilahi mənbəyi xüsusi vurğulanır:
“Yaradanın canlılara bəxş etdiyi ən böyük nemətdir.”
Bu yanaşma sevginin yalnız fərdi seçim deyil, mənəvi əmanət olduğunu göstərir. Sevən insan bu neməti daşımağa layiq olmalı, onun məsuliyyətini dərk etməlidir. Sevgi burada həm nemət, həm də imtahandır.

Əsərin ən güclü tərəflərindən biri sevginin romantik ideal kimi yox, çətin yol kimi təqdim edilməsidir:
“Sevdiyin uğrunda hər şeyi, hətta canını belə fəda etməyi bacarmaqdır; … / ən çətin olanı seçməkdir.”
Bu fikirlər sevginin rahatlıq yox, cəsarət, qurban, iradə tələb etdiyini açıq şəkildə ortaya qoyur. Qəndab xanım sevgini zəiflərin sığındığı təsəlli deyil, güclülərin seçimi kimi təqdim edir.

Miniatürün fəlsəfi zirvəsi sevginin zamandan və fərdə bağlı olmaması ideyasıdır:
“Əbədi Sevgi zəncirinə bir halqa atmaqdır.”
Burada sevən insan artıq təkcə özü üçün yaşamır; o, əbədiyyətə qoşulur, nəsillərarası mənəvi davamlılığın bir hissəsinə çevrilir. Sevgi bu mənada insanı Yaradanla yaxınlaşdıran yol kimi dərk olunur.

Əsərin finalı publisistik gücü ilə seçilir:
“Ürək istər, güc istər, Dostum! Sən bunu bacarmazsan!”
Bu cümlə oxucuya atılan açıq çağırışdır. Müəllif sevgini ideallaşdırmır, əksinə, onu hamının bacara bilmədiyi yüksək mənəvi səviyyə kimi təqdim edir. Bu çağırış həm sarsıdır, həm düşündürür, həm də oxucunu öz daxili imkanları ilə üz-üzə qoyur.

Qəndab xanımın “Sevmək” miniatürü Azərbaycan ədəbi düşüncəsində sevgi mövzusuna yeni fəlsəfi dərinlik gətirən, oxucunu hissdən çox məsuliyyətə, romantikadan çox kamilliyə səsləyən sanballı bir mətn nümunəsidir. Bu miniatür sevginin nə olduğunu izah etmir – sevginin kimə yaraşdığını göstərir.

Bu baxımdan “Sevmək” təkcə ədəbi nümunə deyil, ruhi ölçü, mənəvi meyar, insanlıq imtahanıdır.

Ümumilikdə Qəndab xanımın alim dəqiqliyi, şair həssaslığı ilə qələmə aldığı duyğuları, hiss və həyacanı sadəcə poetik miniatür deyil, insanın özünə, kainata və Yaradanına ünvanlanan mənəvi çağırışdır. Ən ali məqam – yaradılışa, oyanışa, hərəkətə olan sevgidir. Bu əsərlər bir daha sübut edir ki, Qəndab xanımın yaradıcılığında söz təkcə estetik vasitə deyil, həm də idrak, iman və mənəvi kamillik yolunun işığıdır. Sevginin kainat miqyasında poetik təcəssümüdür.

Növbəti yazımızda Qəndab xanımın esselərindən söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – ESSELƏR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I