Etiket arxivi: Nəvai METİN

Nəvai Metinin “Gülən adamlar” tablosu

Deyirəm, bəzən bir ulusun yaddaşını dəftər-kitabla deyil, tək bir təbəssümlə də oxumaq olur.

Ünlü rəssam, dostumuz-qardaşımız Nəvai Metinin “Gülən adamlar” tablosu elə bu həqiqətin rənglərlə yazılmış şəkli deyilmi?

Gülüşü tutulanların hər biri – öz dönəminin bilgisini-tapmacasını, kədərini-sevincini, qayğısını-qayğısızlığını… daşıyan adamlardır; gülüşləri də özünəxasdır:

dərdin içindən boylanan işıq, yığvalın ağır yüklərini yumorla yüngülləşdirən hal və ən əsası – insan qalmaq ləyaqətinin çiçəklənməsi kimi… Sənətkarlığı fırça ilə açılan Nəvai Metinin sənətkarlığı qələmlə üzə çıxan eloğlusu – Məmməd İlqar həncəri derdi? – “Dərdin-qəmin içində də haylı-haraylı kişilər”… – Gəlin o, mükəmməl poetik lövhəni bura tam köçürəlim:

“Sovqatımı qəbul edin,

Sovqatlı-paylı kişilər,

Adınıza layiq ola

Kaş bu gəraylı, kişilər.

Aran-yaylaq köçündə də,

Əkində də, biçində də,

Dərdin-qəmin içində də

Haylı-haraylı kişilər.

Hər nisgili bölərsiniz,

Hər müşgülü bilərsiniz,

Siz ayrı kişilərsiniz –

Var olun, ayrı kişilər!

Bar-bərəkət aylarında,

“İp atdırmaz” öylərində…

Oğul-uşaq toylarında

Kepqası əyri kişilər”..!

Sözüm ona, Nəvai Metin gülüşü sadəcə mimika kimi çəkmir, məncə. Məncə, onun tablolarında təbəssüm – xarakterdir, əxlaqdır, mədəniyyət kodudur. Sənətkarın bu minvalla yaratdığı silsilə sanki bir ulusun genetik yaddaşına hopmuş nikbinliyin, mərdliyin, yumorun və digər kateqorilər üzrə hərəkətlərin, halların… rənglərlə danışan ensiklopediyasıdır…

Onun sənət sevdası ötəri deyil, təkcə bu tabloda bitmir. Bydur, bir yanında qardaş Pakistanın yaradıcı dostları – Asiyanın gülən gözləri, o biri yanında dosdoğma Qazax mahalının işıqlı üzləri – bozqır küləyi kimi saf və… sərt çöhrələr…

Beləcə, Nəvai Metin fırçasıyla gülümsəyən coğrafiya yaradır:

Anadoludan başlayıb Qafqaza, Orta Asiyaya və ordan da o yana uzanan bir ruh xəritəsi…

Bir ulusun ən böyük sərvəti onun qızılı deyil, nefti deyil – üzündə itməyən gülüşüdür. – “Gülən adamlar”, elə o biri adam kimi adamlar da bunu bizə bir daha xatırladır.

O gülüşü çəkə bilən rəssam isə, artıq ulusun könül salnaməçisi kimi çıxışa iddialı və bu iddiada haqlı görünür.

Nəvai Metin fırçasında işıq var, xatirə var, bir də – daim gülümsəyən insanlıq… “NƏ GÖZƏL YARAŞIR İNSANA GÜLMƏK”… – Gözəlmi? – Gözəl!

Sənətkarın əlinə, ürəyinə və ruhi gücünə alqış!

P.S. 

Yanlış oxşatmıramsa, rəssam “Gülən adamlar”da özünü iki dəfə çəkib. Əgər belədirsə, bu nə üçündür? – Deyim: Bu tablo, belə demək olarsa, yenilənməyə açıqdır və sabah-birusigün yeni bir gülən adam əlavə olunanda rəssam heç kəsin könlünə dəyməyəcək, özünün gülüşlərindən birini başqa könül dostunun gülüşü ilə dəyişəcək… 

UĞURLAR!

Əkbər QOŞALI,

QOŞALININ DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Şairlər yurdunun əli fırçalı oğlu –Nəvai METİN

Şairlər yurdunun əli fırçalı oğlu –
Nəvai METİN

Ən azı XX yüzilliyin ikinci yarısından etibarən ədəbiyyatın, özəlliklə poeziyanın paytaxtı, ata ocağı sayılan Qazaxın bir yaradıcı oğlu da var ki, o, şeir yazmır, rəsm çəkir – başqa sözlə, şeiri fırça ilə yazır… Yəni Qazaxlılığını rəngləri danışdıraraq, büruzə verir… Onun adı Nəvaidir – özü kimi qədim, özü kimi millidir və ulu Türküstan ruhludur bu ad. Rəngi də görkəmi, yerişi-duruşu, səsi-sovu kimi türkdür, türkcədir… Sinəsində Qazaxdan uzaqlarda da, hər gün Qazaxdan keçən Ürək döyünür, baxışlarında Azərbaycanın torpağının arzusu – minbir rəngi var, əsərlərində isə bütün Türk dünyasının nəfəsi dolaşır…

Nəvai METİNin sənəti nə yalnız boyadır, nə də sadəcə forma. Onun tabloları bir çağırışdır – ruhumuza, yaddaşımıza, tarixi köklərimizə ünvanlanan vizual bir and yeridir. Yer deyirəm… lap torpaq da deyə bilərik, dağ da. Amma nə qəribədir – onun dəniz mövzulu tablolarında, sanki, dağlardan daha çox doğmalıq var… Bu, bəlkə də, dədə-babalarımızın dağlardan dənizlərə at qoşması ilə ruhi bağlılığın şəkillənmiş halıdır… Bu, ən azı, Qazaxdan keçib Xəzərədək dayanmayan Dəli Kürün arxasınca gəlməyin rəmzləşməsi, təcalla tapmasıdır…

Hər əsərində bir mif var, hər fırça vurusunda bir nəsil nəfəsi… Baxırsan – bir göz yaşı düşür, o biri əsərində gülən adamlar cəm olub, başqa bir küncdə çarpışan qılıncın səsi gəlir, bir yerdə isə ana laylası süzülür… Bu, təsvir deyil, bu – təcəssümdür. Nəvainin yaradıcılığı Azərbaycan təsviri sənətində bir xas istiqamətdir, Türk dünyasına və bütün dünyaya sənət əli uzatmaqdır…

O, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisidir – bu, sadəcə təşkilati görəv deyil. Bəli, bu, Türk Dünyasının sənət ruhunu özündə daşımaq, fırça ilə soydaşına qardaşlıq əli uzatmaq sorumluluğudur. O, bu sorumluluğu həm də ruhuna hopdurub. Nəvai Metinin əsərləri sınır tanımır – fiziki sınırları deyil, milli-mənəvi sınırları aşır, aşır, aşır…

Qazaxdan başlayan sənət yolu, İstanbulda, Ankarada, Daşkənddə, Bişkekdə, Almatıda, Astanada öz izini buraxıb. Onun “rəsm dili” bir növ qardaş dillərin ortaq fonundakı sənət dilidir. Bu dilin adı – türk koloritidir.

Dəfələrlə söyləmişik – bu torpağın şairləri gözəlliyi sözə çevirər, amma bəzi oğullar var ki, gözəlliyin özünü rəngə çevirər. Nəvai Metin həmin oğullardandır. Qazaxın əli qələmliləri olduğu kimi, rənglə danışanları da var və Nəvai bu sıranın ön cərgəsind dayanır.

Altmış illik ömür – altmış addımlıq sənət yolu demək deyil. Bu, ruhun zamandan üstün olduğu, fırçanın taleyə çevrildiyi bir yolçuluqdur.

Bu fırça – yad rəngləri yox, türk ruhunun kölgəsini çəkir.
Bu imza – qələmdən yox, könüldən gəlir.
Bu sənət – zamana yox, milli yaddaşa yazılır.

Nəvai Metin – yalnız rəssam deyil. O, türk ulusunun gözlə görünən, könüllə sezilən rəngli sözdür. Bir mədəniyyət elçisidir o.

Sənətkar, fırçan sulu boyalı, yolun açıq olsun!

Əkbər QOŞALI