Xoy-Urmiya dialekti və …

Xoy-Urmiya dialekti və …

Azərbaycan dilşünasları sovet vaxtı Azərbaycanın dialektoloji xəritəsini mükəmməl səviyyədə hazırlasalar da təəssüflər olsun ki, Cənubi Azərbaycan dialektlərini tədqiq edə bilməyiblər. Bunun həm siyasi, həm də maddi səbəbləri olduğu üçün o tərəfin dialekt və şivələri hələ də qeyri-tədqiqi formada qalıb. Amma mən maraq üçün araşdırmağa qərar verdim. Bunun üçün də İrana getməyə gərək duymadım. Türkiyədə (Kocaeli şəhərində) yaşayan İran azərbaycanlılarının (tələbələrin) sayəsində onların dialektlərini öyrənməyə başlamışam. Hələ ki, Təbriz-Qaradağ və Xoy-Urmiya dialektlərini araşdırmışam. Qismət olsa bütün Cənubi Azərbaycanı araşdırandan sonra məqalə də yazmaq istəyirəm.

Xoy-Urmiya dialekti

İlk araşdırdığım dialektlərdən olan Xoy-Urmiya dialektidir.
Bu dialekt İranın Qərbi Azərbaycan ostanında yaşayan azərbaycanlılar tərəfindən danışılır.
Danışarkən sözləri uzatmayan (sual ahəngi istisna) bu dialektin nümayəndələri q və k samitlərlə bitən sözlərin sonunu x’ ilə bəzən də x hərfi ilə tələffüz edirlər. Sözün ortasında gələn k hərfini isə h hərfi ilə əvəz edirlər.
Məsələn, çəkmirik- çəhmırıx’. Bu sözdə sözün kökü çək olmasına baxmayaraü çəh kimi, ‘mirik’ hissəsi isə mırıx’ kimi tələffüz edilərək i-ı əvəzlənməsi baş verir. İstəmirik-istəmırıx’, yazmırıq-yazmırıx kimi tələffüz edilir.
Bu dialektdə danışan yerlilərimiz ə səsini çox istifadə edirlər. Məsələn, qara sözünü qərə, Qaradağ sözünü Qərədağ kimi, saqqal sözünü səqqəl, xalçaya xəlçə, alça sözünü isə əlçə kimi istifadə edirlər.
Qohumluq adları çox maraqlıdır. Məsələn Urmiya-Xoy dialekti ata sözünü baba kimi, baba sözünü ağa kimi, ana sözünü mama kimi, nənə sözünü ana (bəzənsə anna) kimi işlədirlər. Bibi sözünə isə əmmə, bibioğluna isə biboğlu, bibiqızı deyirlər.
Sual ahəngini isə ikiqat uzadaraq tələffüz edirlər. Məsələn, təhsilin ikillixdıı?, İstanbuldəsəən?, Umuttəpədəə? və.s
Bir başqa sual isə məşhur “nəmənə”dir ki, bu sual ifadəsi hər dialektdə istifadə edilir. Şəxs əvəzlikli suallarda isə belə olur:
Mənimdi? Məmdii??
Sənindi? Səəndii??
Burda da sondakı sual ahəngi uzadılır.
Bir digər sual şəkili isə nə vaxt sözünə havax deyirlər.
Təsdiq ədatı yəni” hə” isə” həyə”dir.

Bizdə ruscadan gələn mayka ifadəsi onlarda tərköynəh, canköynəh kimi işlənilir. Bizdə adı olmayan kal əriyə onlar çakkala, qazançaya isə qablama deyirlər.
Çölə çıxmaq ifadəsi eşiyə çıxmaq kimi işlənilir. Yəni çöl onlarda eşik deməkdi, amma onların istifadə etdiyi çöl sözü bağ-bağça mənasını verirmiş.

Təbriz – Qaradağ dialekti
Bu dialektdə danışan insanlar daha çox sözləri uzadaraq həlim ahəng yaradırlar. Həm sual ahəngini, həm də nəqli cümlələri uzadaraq tələffüz edirlər. Deyilənə görə yaşlı nəsil Təbrizə Tərbiz deyirmiş. Xoy-Urmiya dialektində olduğu kimi burda da k və q samit səsləri x və x’ kimi tələffüz edilir.
Məsələn, uzatmırx,, biçax, getmirix, söymurux, görax və.s
Qohumluq bildirən isə Xoy-Urmiya dialektindən fərqlənir. Məsələn, Təbrizlilər Ataya dədə, anaya nənə, nənəyə böyük nənə, babaya böyük baba deyirlər. Burda da bibiyə əmmə deyirlər. Amma bibioğluna bibole, əmioğluna əmole deyirlər.
Xoy-Urmiya dialektindən fərqli olaraq çakkala sözünə çağala, bağ-bağça mənasını verən çöl sözü isə Təbriz dialektində səhra mənasını ifadə edir. Bundan əlavə onlar gavalıya əli, çiyələyə çiləh, armuda əmrud, albalıya gilənar deyirlər.
Həmçinin baba sözünü da² ədatı kimi də işlənilir. Bax baba, gəl baba yəni bax da, gəl də. Bu arada da² ədatı dana kimi də istifadə edilə bilir.
Bizim isitfadə etdiyimiz düzəltmək sözünü onlar qoşmaq (məsələn xarab əşyanı qoşdum yəni düzəltdim), düzüb-qoşmaq yəni yaratmağı baxmaq, bacarmağı başarmaq kimi isitfadə edirlər.

Təsdiq ədatı olan bəli ifadəsi Təbrizlilərdə hənn, yox inkar ədatı yoo kimi istifadə edilir. Ba, boy kimi nidalar isə pee kimi deyilir. Hə də ifadəsi isə həhəm da kimi işlənilir.
Hansı sualı isə hankısı kimi deyilməkdədir.
Və ən əsası bizdə şpilka sözü ipəzor kimi istifadə edilsə də onlarda giryə kimi istifadə edilir.

Növbəti araşdırmamız Ərdəbil( Xoylular demiş Ərdabıl), Zəncan, Qəzvin və digər səmtlər olacaqdır.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I