Etiket arxivi: ƏKBƏR QOŞALI

Elman Eldaroğlu təbrik edir

“Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai”

Hər dəfə onun adı çəkiləndə ötən əsrin Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri- Əli bəy Hüseynzadənin aşağıdakı kəlmələri yadıma düşür: “Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai.” Çünki o da avropa qiyafəsində türk qanlı, müsəlman etiqadlı, mütərəqqi düşüncəli, vətənini, xalqını, dövlətini dərindən sevən soydaşlarımızdan biridir. Bəzən adama elə gəlir ki, o heç vaxt dincəlmir, daim fəaliyyətdədir, yazıb yaradır…

Deyir ki:- “Yaxşı yadımdadır, illər öncə “Altun bitik” adlı kitabım işıq üzü görəndə çox yaxşı qarşılandı, hətta ona görə mənə Rəsul Rza Mükafatı da verdilər. Bizim ustad şairimiz Sabir Rüstəmxanlının iş otağında masaüstü kitab olduğunu gördüm. Rəhmətlik Robert Minnulinin timsalında Tatarıstanda belə rezonans doğurduğunun şahidi oldum. Bir çox insanların o kitaba münasibətindən demək olar ki, ortaq dillə bağlı ehtiyacı ifadə edə bilmişdik. Çox şadam ki, indi bu, fərdlərin yox, artıq ortaq türk qurumlarının qayğısına, vəzifəsinə çevrilib. İndi Türk Dövlətləri Təşkilatının yan qurumları kimi təqdim edə biləcəyimiz Beynəlxalq Türk Akademiyası var, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu var, həmin qurumların, onlarla əməkdaşlıq edən alimlərimizin çalışmaları var. Belə başa düşürəm ki, ortaq dil, ortaq əlifba mövzusu adını çəkdiyim qurum, quruluşlar və bizim qardaş ölkələrdəki elm-təhsil ocaqları da öndə olmaqla onların araşdırma mövzusudur. Bu məsələlər yalnız ədəbiyyatçılar, şair, yazıçılar tərəfindən həll oluna bilməz. Bizlər töhfə verə bilərik. Bu, elə məhz elmi və akademik münasibət tələb edir. Düşünürəm ki, sevda və peşəkarlıq hal-hazırda yanaşı getməlidir. Burada nə tələsə bilmərik, nə gecikə bilmərik. Bax, belə səssiz və sakit bir şəkildə bu prosesin irəliləyəcəyinə inanıram.”

Nə işlə məşğul olduğunu, hansı ideyaya qulluq etdiyini yaxşı bilir. İdeya uğrunda çalışmağın nələrə qadir olduğundan, gördüyü işlərin necə nəticələnəcəyindən də xəbərdardır. Yaradıcılıq- deyəndə o, yalnız şeir, hekayə yazmağı nəzərdə tutmur, ümumiyyətlə, ədəbiyyatda, ədəbi əlaqələrdə bəlli bir tarix yaratmağa çalışır…

“Dil mövzusunda orta asiyalı qardaşlarımızın bəzi məsələlərdə şansı bizdən daha çoxdur. Bilirsinizmi, bizim coğrafiyada- Anadoluda, otaylı bu taylı Azərbaycanda, Özbəkistanda ərəb-fars sözləri dilin ritmini pozan elementlərlə daxil olub. Ancaq qazaxlarda, qırğızlarda, Rusiya Federasiyasında yaşayan türk xalqlarında dil daha özünəməxsus şəkildə və öz ilkinliyini qoruyub saxlayıb. Əlbəttə, dünyada başqa dillərdən söz almamış dil yoxdur, bütün dillər söz alış-verişində olublar. Ancaq biz bu gün görürük ki, öz türkcəmizdə başqa alternativ özgə sözlərdən istifadə edirik. Ortaq türkcə mövzusunda təkcə bizim respublika deyil, ondan öncəki dövrlərdə Anadoluda və başqa ölkələrdə türkologiya üzrə araşdırmalar da olub. 1926-cı ildə birinci türkologiya Qurultayı da Bakıda keçirilmişdir. Hazırda Beynəlxalq Türk Akademiyası dil mövzusunda çox yaxşı təhsil vəsaitləri və dərsliklər üzrə ciddi çalışır. Son vaxtlar görürük ki, bu bayraqdarlıq Azərbaycanın və Türkiyənin əlindədir. Biz bu məsələdə universal ortama gəlib çıxmışıq. Biz yeni bir dil yaratmırıq, hələlik ən çox daşıyıcısı olan, təsərrüfat baxımından Türkiyə türkcəsi faktiki olaraq ortaq dil statusuna malikdir. Ancaq digər türkcələrimizin də zaman-zaman bir birinə söz alış-verişinin intensivləşməyinə, yeni söz yaradıcılığına, arxaikləşmiş sözlərin lüğət tərkibimizdən çıxarılmasına ehtiyac var. Bu məsələdə şairlərimizin, medialarımızın, filmlərimizin rolu çox böyükdür. Gəlin etiraf edək, türkiyəli qardaşlarımızın sayəsində türk sineması türk ölkələrinə xeyli yeni adlar, deyimlər, üslüblar bəxş edir. Biz o kino sənayesindən faydalanmalıyıq. Biz bu ortaq türkcə ideyamızı ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuza inkişaf etdirməliyik…”- söyləyir.

Maraqlı və məzmunlu insandır. Özünü daha çox, məhz türkçülüyə həsr edib və bu yolda xeyli əziyyətlərə də qatlaşıb. Mehriban, səmimi, təvazökardır. Sürətli düşünə bilir, hadisələrə obyektiv yanaşmağı bacarır. Araşdırma məsələlərində pərgardır, real faktlara istinad edir. Necə deyərlər, boş-boş şeylərə vaxt ayırmağa onun nə zamanı var, nə də həvəsi. Cəmiyyət içində rəftarı və davranışı ilə örnək ziyalılardandır…

Deyir ki:- “Bizdə son illərə qədər türk dünyası deyiləndə, heç vaxt Güneydən danışılmırdı. İlk dəfə Güney Azərbaycan yazarlarını türk dünyası yazarları sisteminə aid edən əsas qurumlardan biri Dünya Gənc Türk Yazarlar Birliyi oldu. Ola bilər ki, Güneydəki mövcud ictimai-siyasi durumlardan dolayı bəzi yazarlarımızı təzyiqə məruz qoymamaq üçün belə addımlar atılırdı, mən kiminsə işinə kölgə salmaq istəmirəm, ancaq, nəhayətdə, bu işi biz həyata keçirdik. Güney Azərbaycansız, Təbrizsiz, Ərdəbilsiz, Savalan ruhu olmadan, nə türk dünyası birliyi ola bilər? İndi güney və türk dünyası mövzusu bir çox öyrəşmədiyimiz ünvanlardan da tirajlanmaqdadır, əlbəttə, mən daha çox yazarlar dünyasını nəzərdə tuturam. Ancaq bunu da təqdir edirəm ki, bir zaman biz Türk Dünyası deyəndə, Güney Azərbaycan deyəndə, bizə xəyalpərəst kimi baxan, lağlağı edənlərə, indi görürəm ki, daha çox güneyçi türkçüdürlər. Qoy olsun, bu ziyanlı deyil, nəticə etibarilə, bəlkə də, bir faydaları oldu, amma kaş ki, daha səmimi bir ortamda bu işi görsünlər. Hazırda bizi daha ruhlandıran, güc verən ən əsas amil dövlətin münasibətidir…”

Bəli, haqqında söhbət açdığım Əkbər Qoşalı maraqlı və məzmunlu aydınlarımızdandır. Bir söhbətlə onun fəaliyyətini əhatə etmək qeyri-mümkündür. Onun barəsində danışarkən, gərək həyatını, yaradıcılığını, xidmətlərini hissələrə bölüb saatlarla ərz edəsən…

Əkbər Qoşalı 1973-cü ildə Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini əvvəlcə həmin kənddə, sonra isə Çatax kənd orta məktəbində alıb. 1995-ci ildə indiki Azərbaycan Texniki Universitetini “Elektronika mühəndisi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” istiqaməti üzrə ikinci ali təhsilə yiyələnib. On beşdən çox kitabın müəllifidir. Xidmətləri müxtəlif mükafatlara, o cümlədən “Tərəqqi” medalına layiq görülüb…

Aprelin 3-ü yazıçı, publisist, şair Əkbər Qoşalının 53 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nəvai Metinin “Gülən adamlar” tablosu

Deyirəm, bəzən bir ulusun yaddaşını dəftər-kitabla deyil, tək bir təbəssümlə də oxumaq olur.

Ünlü rəssam, dostumuz-qardaşımız Nəvai Metinin “Gülən adamlar” tablosu elə bu həqiqətin rənglərlə yazılmış şəkli deyilmi?

Gülüşü tutulanların hər biri – öz dönəminin bilgisini-tapmacasını, kədərini-sevincini, qayğısını-qayğısızlığını… daşıyan adamlardır; gülüşləri də özünəxasdır:

dərdin içindən boylanan işıq, yığvalın ağır yüklərini yumorla yüngülləşdirən hal və ən əsası – insan qalmaq ləyaqətinin çiçəklənməsi kimi… Sənətkarlığı fırça ilə açılan Nəvai Metinin sənətkarlığı qələmlə üzə çıxan eloğlusu – Məmməd İlqar həncəri derdi? – “Dərdin-qəmin içində də haylı-haraylı kişilər”… – Gəlin o, mükəmməl poetik lövhəni bura tam köçürəlim:

“Sovqatımı qəbul edin,

Sovqatlı-paylı kişilər,

Adınıza layiq ola

Kaş bu gəraylı, kişilər.

Aran-yaylaq köçündə də,

Əkində də, biçində də,

Dərdin-qəmin içində də

Haylı-haraylı kişilər.

Hər nisgili bölərsiniz,

Hər müşgülü bilərsiniz,

Siz ayrı kişilərsiniz –

Var olun, ayrı kişilər!

Bar-bərəkət aylarında,

“İp atdırmaz” öylərində…

Oğul-uşaq toylarında

Kepqası əyri kişilər”..!

Sözüm ona, Nəvai Metin gülüşü sadəcə mimika kimi çəkmir, məncə. Məncə, onun tablolarında təbəssüm – xarakterdir, əxlaqdır, mədəniyyət kodudur. Sənətkarın bu minvalla yaratdığı silsilə sanki bir ulusun genetik yaddaşına hopmuş nikbinliyin, mərdliyin, yumorun və digər kateqorilər üzrə hərəkətlərin, halların… rənglərlə danışan ensiklopediyasıdır…

Onun sənət sevdası ötəri deyil, təkcə bu tabloda bitmir. Bydur, bir yanında qardaş Pakistanın yaradıcı dostları – Asiyanın gülən gözləri, o biri yanında dosdoğma Qazax mahalının işıqlı üzləri – bozqır küləyi kimi saf və… sərt çöhrələr…

Beləcə, Nəvai Metin fırçasıyla gülümsəyən coğrafiya yaradır:

Anadoludan başlayıb Qafqaza, Orta Asiyaya və ordan da o yana uzanan bir ruh xəritəsi…

Bir ulusun ən böyük sərvəti onun qızılı deyil, nefti deyil – üzündə itməyən gülüşüdür. – “Gülən adamlar”, elə o biri adam kimi adamlar da bunu bizə bir daha xatırladır.

O gülüşü çəkə bilən rəssam isə, artıq ulusun könül salnaməçisi kimi çıxışa iddialı və bu iddiada haqlı görünür.

Nəvai Metin fırçasında işıq var, xatirə var, bir də – daim gülümsəyən insanlıq… “NƏ GÖZƏL YARAŞIR İNSANA GÜLMƏK”… – Gözəlmi? – Gözəl!

Sənətkarın əlinə, ürəyinə və ruhi gücünə alqış!

P.S. 

Yanlış oxşatmıramsa, rəssam “Gülən adamlar”da özünü iki dəfə çəkib. Əgər belədirsə, bu nə üçündür? – Deyim: Bu tablo, belə demək olarsa, yenilənməyə açıqdır və sabah-birusigün yeni bir gülən adam əlavə olunanda rəssam heç kəsin könlünə dəyməyəcək, özünün gülüşlərindən birini başqa könül dostunun gülüşü ilə dəyişəcək… 

UĞURLAR!

Əkbər QOŞALI,

QOŞALININ DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Ulusal yaddaşın gözətçisi- Dr. Yunus Oğuz – 65

Ulusal yaddaşın gözətçisi

Zaman öz hökmünü yürüdür: unudulacaq olanı silir, qalacaq olanı yazır. Tarix isə o zamandır ki, unudulacaq olanı unutmaz, qalacaq olanı isə bəzən görməz. Bu paradoksun içində  insan çıxır ortaya – həm zamana, həm tarixə səslənir. Həm dünəni qoruyur, həm bugünü yazır, həm də sabaha söz ismarlayır. Türk dünyasının, Qafqazların, can  Azərbaycanın belə miqyas, səciyyə və səviyyə nümayiş etdirən aydınları olub, bugün də var, gələcəkdə də olacağına inamımız sabitdir. Bu gün həmin kateqoridən olan çağdaş aydınlarımızdan biri haqqında söz açmaq istəyirəm. Jurnalistikamızın, tarixi romançılığımızın, ümumən ictimai fikrimizin (necə deyərlər) çağdaş yaddaş mühəndislərindən biri, (belə demək mümkünsə) kulturoloji keçidlərdə keşik çəkən ruhi güc ustalarından olan Dr. Yunus Oğuzu nəzərdə tuturam. Yunus bəy ömrünün 65-ci addamacından keçmək ərəfəsindədir. Yunus bəy builki yubileyini respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmini yolunda tarixi Zəfərimizin 5-ci ildönümünün qeyd olunacağı, “Konstitusiya və Suverenlik İli”ndə keçirmək bəxtəvərliyini yaşayır. Onun 65 illik yubileyi milli mətbuatımızın 150 illik əlamətdar yubileyi ilə üst-üstə düşür. Nə gözəl təvafüqlüklərdir! Qutlu olsun!

Yunus Oğuz – publisist kimi indiki zamanın üzərinə işıq salır, roman müəllifi kimi oxucunu keçmişin labirintlərində uhulət-suhulətlə gəzdirir. Bu iki görəvin yükümlüsü olmaq – sanki iki qütbdə ulusal varlığın sözlə qorunması aktı, faktıdır.

Sözün arxasında fikir, fikrin arxasında sorumluluq duranda bir başqa cür olur.
Yunus Oğuz adının yanıbaşında bir brend də var: “Olaylar”!
“Olaylar” təkcə bir agentlik, yaxud qəzet deyil; o, vaxtın ürək döyüntülərini duyan, duyduran və onu toplumla bölüşən bir ulusal platforumdur. “Olaylar”ın qurucu-Baş redaktoru Dr. Yunus Oğuz – mətbuatı yalnız informasiya ötürücüsü kimi deyil, ulusun düşüncə ehtiyacını qarşılayan bir institut kimi görür. Mənə elə gəlir, o, mətbuatı öz varlığı qədər ciddiyə alıb. Bu, təsadüfi deyil. Çünki onun mətbuatdakı varlığı, bir növ ümumtürk yaddaşının informasiya ilə təmas xəttinə çevrilib.

Ustadlar ustadı Əhməd bəy Ağaoğlu ulusu maarifləndirməyin əsas yolunu qəzet və jurnallarda görür və milli mətbuatı milli varlığın əksi sayırdısa, XX yüzil sonu-XXl yüzil başlarında Yunus Oğuz kimi aydınlarımız o fikri irsi davam və inkişaf etdirmə yolunu izləyirdi. – “Olaylar” həmin izlənimin, duyğu, düşüncə və fikrin təcallalarından biriydi. “Olaylar”, ümumən Yunus bəyin yazıb-yaratdıqlarının toplusu müstəqillik illərimizin vicdanı kimi yorumu haqq edir deyənləri haqqlı sayıram.

Yaddaşla təkbətək

Yunus Oğuzun romanları – özəlliklə “Çingiz Xan”,
“Sultan Alparslan”, “Atabəy Eldəniz”, “Əmir Teymur. Zirvəyə doğru”, “Əmir Teymur. Dünyanın hakimi”,
“Təhmasib Şah”, “Səfəvi Şeyxi”, “Nadir Şah” və digərləri – sadəcə tarixi hadisələri bədii dillə yorumlamır. – Onlar itirilmiş yaddaşı geri qaytarmaq üçün ideoloji xəritə dəyərindədir. Hər bir obraz, hər bir süjet xətti bir ismarıc daşıyır: “Unutma! Xatırla! Özün ol”! 
Əlbəttə, “Ovçu”, “Cığır” kimi əsərlərlə – günümüzün  hadisələrini tarixi roman fəzasına qaldıran da Yunus Oğuz oldu. Necə ki  “Qədim Anadolu və Azərbaycan türkləri” (2002), “Türkün tarixinə yeni bir baxış” (2006), “Türkün gizli tarixi” (2010), “Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında” (2011) və b. elmi-publisistik əsərlərdə də Yunus Oğuz imzası vardır. Turançı ruh – onda ülkü ilə yanaşı, möhkəm mövqe məsələsidir.
“Keçmişdən gələcəyə nə daşıyırıq? – Tarix ibrətdir” fəlsəfi-tarixi-publisist düşüncələr, “Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir” felyetonlar, “Mən Şuşada yazıram” esselər toplanmış kitablar da haqq etdikləri masada, rəfdə və internet resurslarında…

Onun tarixi romanları, əslində, bir ulusun psixoloji zədələrinə və kimlik parçalanmalarına qarşı dirəniş manifestidir. Bu romanlarda qəhrəmanlarla yanaşı, yaddaşın özü qəhrəmana çevrilir. Belə bir fikir var ki,  Yunus Oğuz tarixə ideoloji bərpaçı kimi deyil, mənəvi xilaskar kimi yanaşır – keçmişə qayıdaraq gələcəyi qoruyur… – Bu qənaətə şərikəm.
Bəli, 
Yunus Oğuz üçün Turan ideyası romantik duyğu deyil. O, Turanı tarixi gerçəkliklərlə, mədəni yaddaşa və siyasi sorumluluğa dayanan bir çağırış kimi ortaya qoyur. Əgər Turan onun romanlarında daha çox irs kimi görünürsə, publisistikasında bu, geosiyasi mövqe kimi formalaşır.

Biz bəzən “aydın” sözünü çox asan işlədirik. Dr. Yunus Oğuzun timsalında bu söz yeni anlam qazanır. O, aydınlığı kabinetdən küçəyə, tribunadan roman səhifələrinə, qəzet başlıqlarından ulusal ruha daşımağı bacaran insandır. Onun çalışmaları – fikrin etirazla, sorumluluğun isə göstərişsiz qürurla müşayiət edildiyi bir ömürdür.
Bəs yubiley necə? – Yubiley – aydınlar üçün yaşın yuvarlaq tamamlanması ilə birgə, bir yolun bəşəriləşməsi, ruhi gücün topluma nüfuzetməsidir (ictimai şüura hopmasıdır). Yunus Oğuz – bu ruhi gücün daşıyıcısı, ulu sözün gözətçisidir.

Biz də bu yazı üzrə, sözümüzün sonuna yetişmişkən, 
65 yaşı, sadəcə bir təqvim göstəricisi kimi görmədiyimizi deməliyəm. Bu yaş – ulusun düşüncə və yaddaş tarixinin çağdaş dönəmində bir iz, bir cığır, bir yol, bir imza dəyərində səciyyəlidir. Bu gün bu yazıda bu Yunus Oğuz imzasıdır. Həm ulusal, həm mədəni, həm ictimai xadim imzası!
Qutlu olsun!

Əkbər QOŞALI,

şair

Əkbər QOŞALI – Məstan Günər – 90

Əsl şairin imzası: kök, kimlik və…

(Məstan Günər – 90)

Ədəbiyyatda zamanla yoxa çıxmayan, zamanın içində yaşayıb onu məna ilə dolduran, məzmunca zənginləşdirən sənətkarlar olur. Tovuzda doğulub, yaşayıb-yaratmış görkəmli şair-publisist, Azərbaycanın Dövlət mükafatı laureatı Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 25.07.1935, Əsrik Cırdaxan – 2010, Tovuz), Azərbaycan miqyasında bu səviyyədə tanınan sənətkarlardandır. O, elin göz yaşının tərcümanı, uğurlarının tərənnümçüsü – ulusun söz adamı kimi çıxış edib. Günərin poeziyası etnokulturoloji kodlarla zəngin olub, gələnəksəl aşıq və dastan təfəkkürünü yansıdır, həm də azərbaycanlı kimliyinin mənəvi-mədəni sütunlarını şeirə çevirir.

Məstan Günərin şeirlərində ulusun arxaik yaddaşı – yaylaqla qışlaq arasında köç edən obaların dili, sazın ahəngi, gah sevinc, gah kədər ilə yoğrulan çağrımlar görünür. Bu, həm “Aran gözəlləməsi”, həm də dağla dərdləşən ruh halıdır. Dağ-aran varsa, gözəlləmə varsa, əlbəttə, bir gözəl də vardır oralarda:

“Çiçəyin iliksən, gülün nübəri,
Yazın xəbərisən, a yaylaq qızı.
Elə bilirdim ki, söz deyəndə mən,
Sən yönü bərisən, a yaylaq qızı.

Qurbanam dolanıb gəzdiyin çölə,
Yatdığın çəmənə, batdığın gülə.
Ürəkdə mən səndən, uşağam hələ,
Yaşda sən gerisən, a yaylaq qızı”.

Bu misralarda doğal gözəlliklərlə yanaşı, mədəni iqlimin qadına və gözəlliyə verdiyi mənəvi mövqe, doğa ilə insan arasındakı simvolik vəhdət var. Onu da vurğulayaq, Günər poeziyasında şifahi xalq ədəbiyyatının təməl obrazları – bülbül, yaylaq, dağ, qızılgül… – kimi obrazlar həm də poetik identiklik daşıyır.

Məstan Günərin poeziyası klassik aşıq şeiri və ümumən epos təfəkküründən irəli gələn ritmik, semantik və etik kodları yaşadır – həm barınıb, həm də barındırır. Hər misrada ritmin daşıdığı ürək döyüntüsü, kədərin təkcə şəxsi yox, milli olma hadisəsi, ağrının yalnız sevgi yox, həm də zamanla bağlılığı hiss olunur:

“Səni düşündükcə dönür əhvalım,
Çalxanır dərdlərin dəryası məndə.
Sinəmə xəncəri elə çaxıbsan,
Getdi ölənəcən yarası məndə.

Dünya gözlərimdə nə vaxtdan bəri,
Divanə mülküdür, qopub məhvəri.
Fikrimə gəldikcə boyun ləngəri,
Pozulur dağların sırası məndə.

Zər, səni itirdi sənin zərgərin,
Üzünə çıxmıram gül-çiçəklərin.
Edam sərgisidir biçənəklərin
İpəyi, atlası, xarası məndə.

Bir aləm Məstanə min aləm baxır,
Ahım bulud-bulud göylərə qalxır.
Sağımdan doğub da, solumdan yaxır,
Dövr edir gözlərin qarası məndə”…

Şeirdə həm qədim türkün kosmik təfəkkürü (“sağ” – Gündoğar, “sol” – Günbatar), həm də şəxsi sevdanın universal ruhaniyyətlə iç-içə olması görünür.

Şeirdə ulusun etnokimliyindən qaynaqlanan fərdi keyfiyyətlərin sevda dünyasında təcallası və doğa ilə iç-içəliyin fəlsəfi etüdləri öz poetik ifadəsini alıb.
Şairin sözü ilə həm də ulusun sevda yaddaşı çiçəkləyir…

Tovuz ədəbi mühiti səs, nəfəs, ruh olaraq ümumazərbaycan, Qafqaz miqyası alaraq Günər poeziyasında boy göstərib…
Bəli, Məstan Günərin poeziyasının kökü Tovuz aşıq məktəbinin ruhundan gəlir. Aşıq Hüseyn Bozalqanlı, Əlimardanlı Aşıq Nəcəf, Xəyyat Mirzə kimi ustadların poetik kodları onun misralarında da yaşayır. Dağlar, çaylar, sərt iqlim – bu doğa coğrafiyası eyni zamanda bir içdünyasını – dünyagörüşü, rəngarəng hisslərin kəskin ifadə dili olub:

“Yarpağı nəmlənən bağlar içində
Durub seyr edəsən gecə dağları.
Orda-burda sərin-seyrək dindirdə
Bülbülün köksünü qönçə dağları.

Bilirsənmi yarın hardan danışa,
Fikrə gedib uzaqlardan danışa.
İçdiyimiz bulaqlardan danışa,
Bir tərəfdən seçə-seçə dağları.

Ay nurunda durna dəsi qızılı;
Ağ buludlar sinəsindən yazılı –
Bağdad uzaq, qərib quşlar arzulu,
Təsbeh ola keçə-keçə dağları.

Mən niyə yarandım sevdalı canan,
Minnəti, möhləti eşitmir zaman.
Bilmirəm dünyadan gedəndə Məstan
Tərk edib gedəcək necə dağları”?..

Buradakı “qönçə dağları” fon olmaqdan ziyadə, poetik məkan, mədəni mənzərədir.

Məstan Günərin poeziyasında Azərbaycan insanının mənəvi dayaqları – sədaqət, vəfa, kişilik, ağsaqqallıq, dostluq – ardıcıl şəkildə vurğulanır:

“Bizim dost itirən vaxtımız deyil,
Artıq günortanı addaıyıb ömür”.

Bu misralarda həm vaxtın qiyməti, həm dəyərlərin itkisinə qarşı dirəniş, həm də insanlıq borcu poetik formada təqdim olunur. Özəlliklə, şeirin hər sətrindən keçən kişilik, mərdlik vurğuları – ulusal etikanın qısa, lakin sanballı formulu kimi meydana çıxır.

Məstan Günərin şair kimliyi, sözün sorumluluğunu yaşamaqla ölçülür. O, nə qədər sevgi, kədər və gözəllik haqqında yazırsa da, bu poeziya sadəcə estetika yox, mənəvi etiraz, zamana adil münasibət, ulusun içindən gələn xalis ün kimidir.

“Ağıl alar, cahil satar Məstanı,
Sevdəgərdən geri qaytar Məstanı”. –
Şair öz taleyini, şairliyin missiyasını və eyni zamanda ulus içində sözün nə qədər qiymətli olduğunu göstərir.

Beləliklə,
Məstan Günərin poeziyası:
Azərbaycan xalqının mənəvi kodlarını yaşadır;
şifahi xalq ədəbiyyatına bağlıdır, amma onu çağdaşlaşdırır;
milli identiklik, kişi əxlaqı, dostluq və sədaqət fəlsəfəsini qoruyur;
Tovuz ədəbi mühitini, aşıq dünyagörüşünü və köyün ilkinlik poetikasını daşıyır;
ən başlıcası – sözə məsuliyyətlə yanaşan əsl şair obrazı yaradır.

Ruhuna alqış!

Ehtiramla, ƏKBƏR QOŞALI

Şairlər yurdunun əli fırçalı oğlu –Nəvai METİN

Şairlər yurdunun əli fırçalı oğlu –
Nəvai METİN

Ən azı XX yüzilliyin ikinci yarısından etibarən ədəbiyyatın, özəlliklə poeziyanın paytaxtı, ata ocağı sayılan Qazaxın bir yaradıcı oğlu da var ki, o, şeir yazmır, rəsm çəkir – başqa sözlə, şeiri fırça ilə yazır… Yəni Qazaxlılığını rəngləri danışdıraraq, büruzə verir… Onun adı Nəvaidir – özü kimi qədim, özü kimi millidir və ulu Türküstan ruhludur bu ad. Rəngi də görkəmi, yerişi-duruşu, səsi-sovu kimi türkdür, türkcədir… Sinəsində Qazaxdan uzaqlarda da, hər gün Qazaxdan keçən Ürək döyünür, baxışlarında Azərbaycanın torpağının arzusu – minbir rəngi var, əsərlərində isə bütün Türk dünyasının nəfəsi dolaşır…

Nəvai METİNin sənəti nə yalnız boyadır, nə də sadəcə forma. Onun tabloları bir çağırışdır – ruhumuza, yaddaşımıza, tarixi köklərimizə ünvanlanan vizual bir and yeridir. Yer deyirəm… lap torpaq da deyə bilərik, dağ da. Amma nə qəribədir – onun dəniz mövzulu tablolarında, sanki, dağlardan daha çox doğmalıq var… Bu, bəlkə də, dədə-babalarımızın dağlardan dənizlərə at qoşması ilə ruhi bağlılığın şəkillənmiş halıdır… Bu, ən azı, Qazaxdan keçib Xəzərədək dayanmayan Dəli Kürün arxasınca gəlməyin rəmzləşməsi, təcalla tapmasıdır…

Hər əsərində bir mif var, hər fırça vurusunda bir nəsil nəfəsi… Baxırsan – bir göz yaşı düşür, o biri əsərində gülən adamlar cəm olub, başqa bir küncdə çarpışan qılıncın səsi gəlir, bir yerdə isə ana laylası süzülür… Bu, təsvir deyil, bu – təcəssümdür. Nəvainin yaradıcılığı Azərbaycan təsviri sənətində bir xas istiqamətdir, Türk dünyasına və bütün dünyaya sənət əli uzatmaqdır…

O, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisidir – bu, sadəcə təşkilati görəv deyil. Bəli, bu, Türk Dünyasının sənət ruhunu özündə daşımaq, fırça ilə soydaşına qardaşlıq əli uzatmaq sorumluluğudur. O, bu sorumluluğu həm də ruhuna hopdurub. Nəvai Metinin əsərləri sınır tanımır – fiziki sınırları deyil, milli-mənəvi sınırları aşır, aşır, aşır…

Qazaxdan başlayan sənət yolu, İstanbulda, Ankarada, Daşkənddə, Bişkekdə, Almatıda, Astanada öz izini buraxıb. Onun “rəsm dili” bir növ qardaş dillərin ortaq fonundakı sənət dilidir. Bu dilin adı – türk koloritidir.

Dəfələrlə söyləmişik – bu torpağın şairləri gözəlliyi sözə çevirər, amma bəzi oğullar var ki, gözəlliyin özünü rəngə çevirər. Nəvai Metin həmin oğullardandır. Qazaxın əli qələmliləri olduğu kimi, rənglə danışanları da var və Nəvai bu sıranın ön cərgəsind dayanır.

Altmış illik ömür – altmış addımlıq sənət yolu demək deyil. Bu, ruhun zamandan üstün olduğu, fırçanın taleyə çevrildiyi bir yolçuluqdur.

Bu fırça – yad rəngləri yox, türk ruhunun kölgəsini çəkir.
Bu imza – qələmdən yox, könüldən gəlir.
Bu sənət – zamana yox, milli yaddaşa yazılır.

Nəvai Metin – yalnız rəssam deyil. O, türk ulusunun gözlə görünən, könüllə sezilən rəngli sözdür. Bir mədəniyyət elçisidir o.

Sənətkar, fırçan sulu boyalı, yolun açıq olsun!

Əkbər QOŞALI

Kənan Hacının “Vaxt pəncərəsi” və ömür pəncərəsindən görünənlər

Kənan Hacının “Vaxt pəncərəsi” və ömür pəncərəsindən görünənlər

Bu gün Kənan Hacının “Vaxt pəncərəsi” adlı yeni kitabı və əlamətdar yubileyi ilə bağlı yığışmışdıq. Çıxışlardan, çıxışlardan ötə yazılmışlardan, onlardan da ötə öz baxışlarımdan süzülən nəticələri, təəssüratları yığcam şəkildə bölüşmək istərdim.

Bəli, o, yeni nəsil yazıçı, şair-publisist və ədəbi tənqidçilərimizdəndir. Kənanın yaradıcılığı poetik düşüncə qatlarından süzülən, çağdaş dünyagörüşü ilə milli-mənəvi yaddaşı birləşdirən ilginc məqamlarla zəngindir.

Yubilyarın ömrünün hər on ilinə şərti olaraq bir bölüm ayıraq:

  1. Duyum və metaforik, fəlsəfi-poetik qat

Kənan Hacının əsərlərində fraqmental düşüncə, ironiya, mətnlərarası bağlar və kulturoloji qatlar aydın görünür. O, klassik mədəniyyət kodlarını çağdaş forma ilə təqdim edir.
Onun poeziyası isə yalnız duyğusal deyil, həm də düşüncə poeziyasıdır. Fəlsəfi incələmələr, varlıq-yoxluq sualları, zaman və yaddaş kontekstində insanın yığvalı (toplamı) onun lirikasında ön plana çıxır.

  1. Ədəbi tənqid və publisistikada orijinal yanaşmalar

Kənan Hacı eyni zamanda ədəbi tənqid sahəsində aktiv və məhsuldardır. O, çağdaş ədəbiyyata və klassik irsə yanaşmada yeni estetik ölçülər təqdim etməyə çalışır, mətnə fərdi və külturoloji baxış bucağından yanaşır. Bu isə, şübhəsiz, önəmli və öncül yanaşmadır.

  1. Bədii dilin təzələnməsi təşəbbüsləri

Onun üslubunda poetik sintaksis, yeni metaforlar, bəzən aforizmləşmiş cümlələr və qeyri-standart ifadə tərzi qabarır. Bu, Azərbaycan ədəbiyyatında dilin poetik imkanlarının genişləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Kənan Hacı bu təşəbbüsləri, necə deyərlər, təşəbbüsdən və iddiadan çıxarıb fakta çevirə bilib.

  1. Milli kimlik və qlobal baxışın vəhdəti

Onun yazılarında, özəlliklə esselərində və publisistikasında milli kimlik qlobal kontekstlə səsləşir. O, Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatı kontekstində təqdim etməyə çalışır.

Kənan qələm-kağız qardaşlığı ilə Azərbaycan və dünya mədəniyyətləri arasında mənəvi-mədəni körpü yaratmaq və mövcud körpüləri möhkəmləndirmək istəyir. Örnəyi, Batı çağdaşlığına və Doğu fəlsəfəsinə paralel baxışlar təqdim edir.

  1. Yaddaş və zaman anlayışına özəl diqqət

Kənan Hacının yaradıcılığında “yaddaş” fenomeni çox önəmli yer (yalnız yer deyil, həm də göy) tutur… Tarixi hadisələr, şəxsiyyətlər və mədəniyyət yaddaşı onun əsərlərində estetik dəyərə çevrilir.
Deyə bilərəm ki, doğma Abşeron torpağının ruhi-mənəvi energetikası Kənanın şəxsiyyətinə və yaradıcılığına hopub.

Əziz dost, qardaş və qonşumun əlamətdar yubileyi bir daha qutlu olsun!
Ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, törənin təşkilatçısı Dünya Gənc Türk Yazarlar Birliyinə, evyiyəsi Gəncliyə Yardım Fonduna bayraq ucalığı, bütün qatılımçılara iş avandlığı diləyirəm!

ƏKBƏR QOŞALI

Elman Eldaroğluna adgünü qutlaması

Elman Eldaroğlu

Elman Eldaroğluna adgünü qutlaması

Həyat, bir yolçu üçün yol nəğməsi, bir yaradıcı üçün isə zəmanə aynasıdır. Bu aynada kiminsə izi solmasın deyə, kiminsə adı itməsin deyə, hər birinin əziz anlarını zəka-qələm birliyiylə anıya çevirən Elman Eldaroğlunun adgünüdür. Elman bəy, bu gün, Siz, ömür yolunun daha bir addamacından keçirsiniz. Xeyirli-uğurlu olsun!

Siz, Elman bəy, tanıdığınız-tanımadığınız onlarla aydının həyatını (sanki) bir rəsm əsəri kimi görür, onun cizgilərini məhəbbət və diqqətlə sözlərdə yaşadırsınız. Hər adgünü yazınız, yalnız yığcam tarixçələr deyil, həm də, bir insanın mahiyyətinə poetik pəncərədir. Siz, yalnız qutlamırsınız, həm də insan ömrünün dərin anlamlarını işıqlandırır, zamanın axarını bir anlıq tutub, gözəllik yaratmağı bacarırsınız.

İndi isə Sizin ilhamverici gələnəyinizə uyğun olaraq, biz də Sizin yaradıcılığınıza və insani keyfiyyətlərinizə öz dost, həmkar sayğımızı yetirmək istəyirik, əfəndim. Sizin duyğu-düşüncələriniz, fikirləriniz, ədəbiyyata, kültürə, biliyə, bilgiyə töhfələriniz oxucunuz, həmkarınız üçün dəyərlidir. Siz həm yaradıcı fəaliyyətinizlə, həm də səmimiyyətinizlə çevrənizdəki insanlara ilham verməyə davam edirsiniz.

Siz diqqətcil, qayğıkeş aydın olaraq, hər kəsə öz doğma münasibətinizi, poetik yanaşmanızı və dəyərli sözlərinizi təqdim etməklə, adgünlərini daha da anlamlı qılırsınız. Yazılarınızda adgünü yiyələrinin həyat və fəaliyyətlərinin ən önəmli məqamlarını bənzərsiz vurğularla işıqlandırırsınız. Bəlkə də bu işdə, Sizin doğulub, boya-başa çatdığınız el-obanın da özgü payı vardır: el-obasının adı Yardımlı, özləm dolu baxış yeri Savalan, Ərdəbil olan yaradıcı insan bəs necə olmalı, nə təhər yazmalıdır?.. Üstəlik, öz adın ELman, ata adın ELdar ola!..

Sizin “həyat rəsmi”nizə bir neçə rəng qatmaq yaxud mövcud rəngləri təsbit və tərənnüm edəsi olsaq, ən azı bu üç məqamı vurğulamalıyq:
— Sizin qayğıkeş münasibətiniz insanlara ümid və sevinc bəxş edir;
— Yaradıcılığınız, ədəbiyyatın, kültürün ruhunun daim yeni zirvələrə daşınma haqqı olduğunu aşılayır;
— Dəyərlərə dəyər qatamağınız, vəfadarlığınız dostlar, həmkarlar üçün örnəkdir.

Ömür yolunuzda əliniz çatıb, ününüz yetən zirvələr, yeni uğurlar, yeni nəğmələr və ən uyumlu rənglər olsun, əfəndim! Həyatınızın hər anı bir sənət əsəri kimi incə, anlamlı və dəyərli qalsın!

Qoy bu yeni il, yeni yaş Sizin üçün yeni uğurların və sevinc dolu anların başlanğıcı olsun!

Adgününüzü bir daha qutlayır,
Sizə möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları diləyirəm!

Sayğılarla, ƏKBƏR QOŞALI

Əkbər Qoşalı Milli Kitabxanaya Türk dünyası ilə bağlı kitablar bağışlayıb

Əkbər Qoşalı Milli Kitabxanaya Türk dünyası ilə bağlı kitablar bağışlayıb

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına Türk dünyası ilə
(o cümlədən, türkologiya, mədəni irs, bədii ədəbiyyat və s.) bağlı kitablar bağışlayıb.

Bağışlanan kitablarda türk xalqının ortaq dəyərləri, gələnəkləri, mədəniyyəti haqqında dəyərli bilgilər yer alıb.

Milli Kitabxananın fondlarında saxlanılacaq bu nəşrlər Türk mədəni irsini araşdıran alim, mütəxəssis və tələbələrə yararlı olacaqdır.

Azərbaycan Milli Kitabxanası

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub

Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində olan Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub.
Türkiyənin paytaxtı Ankara şəhərində TÜRKSOY-un konfrans salonunda baş tutan yubiley törəninin açılış nitqini söyləyən TÜRKSOY -un baş katibi Sultan Rayev TÜRKSOY-un qurulduğu 1993-cü ildən bu günümüzə qədər Türk dünyasının mədəniyyətinin və sənətinin təbliğ olunması üçün fəaliyyət göstərdiyini vurğulayaraq, hər il üzv ölkələrin yazarları tərəfindən qələmə alınan önəmli əsərlərin qardaş dillərə uyğunlaşdırılaraq çap olunmasını təmin etdiyini, TÜRKSOY-un Türk dünyası yazarlarını bir platforma ətrafında birləşdirmə özəlliyini daşıdığını vurğuladı.

“Bu fəaliyyətlər nəticəsində Türk dünyası bir çox önəmli yazarı tanıma fürsəti tapmış, yazarlarımız Anadolunu Ata torpaqları ilə qovuşdurmuş, qədim mədəniyyətimizin əsintiləri oxuculara qovuşmuşdur.”
Çıxışının davamında Dünya Gənc Türk Yazarlar Birliyinin mərkəzi qardaş ölkə Azərbaycanda olsa da mənəvi mərkəzinin Ankara olduğunu bildirən Rayev “Birliyin qurulduğu gündən bu yana 50-dən çox əsərin çap olunmasına vəsilə olması, ədəbi-mədəni fəaliyyətlərdə və önəmli tədbirlərdə aktiv olması təqdir olunmalı haldır” dedi.
Yubiley tədbirində çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Dr. Şəmsəddin Kuzəçi: DGTYB olaraq təkcə Türkiyədən 20-ə yaxın kitab çap etdik, 35 şair və yazıçıya Türk dünyasına xidmət ödülü verdik. Türkiyənin bir çox tədbirlərində yer aldıq.
2000-ci ildə Fizuli şeir yarışması ilə Türk Dünyası Şeir şöləni təşkil etdik deyərək, çıxışını TÜRKSOY -a təşəkkür etməklə yekunlaşdırdı.
Çıxış üçün söz alan DGTYB-nin qurucu-başqanı, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı göstərmiş olduğu qonaqpərvərlik üçün TÜRKSOY-a və Sultan Rayevə təşəkkür edərək, Türk dünyasına 25 il müddətində xidmət etmiş DGTYB-nin bundan sonra da geniş fəaliyyətinə davam edəcəyinə inamını ifadə etdi.
Əkbər Qoşalı çıxışının davamında Türkiyənin dünyadakı bütün türklərin vətəni olduğu kimi, TÜRKSOY-un da Türk dünyasının bütün mədəniyyət xadimlərinin öz evi olduğunu bildirdi. 25 illiyin bir bitmə yox başlanğıc olduğunu qeyd edərək, DGTYB -nin fəaliyyətinin davam edəcəyini, yeni nəsillərin təşkilatı daha da irəliyə aparacağını söylədi.
DGTYB başqanı İntiqam Yaşar çıxışında 25 illik yubiley törəninin TÜRKSOY-un mərkəzi ofisində keçirilməsini əlamətdar hadisə kimi qeyd etdi. Bütün türk coğrafiyalarından olan üzvlərlə fəaliyyətin davam edəcəyini, Türk dünyasını əhatə edəcək layihələrin davamlı olacağını söylədi. TÜRKSOY-un bu kimi tədbirlərə ev sahibliyi etməklə Türk dünyası üçün bir mədəni körpü təmin etdiyini vurğuladı.
Toplantıda söz alan DGTYB-nin Məsləhət Şurasının üzvü, professor Rəsmiyyə Sabir isə 25 il öncə heç bir maddi imkan olmadan sadəcə sevgi ilə yola çıxan birliyin bu keçən zaman ərzində qət elədiyi yolun təqdirəlayiq olduğunu söylədi. O təşkilatın davamlı fəaliyyətinin hələ çox əlamətdar günlərə vəsilə olacağına inamını ifadə edərək, dahi şair Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” misraları ilə çıxışını yekunlaşdırdı.

Toplantının panel bölümündə söz alan Avrasya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyətinin çox ürəkaçan olduğunu bildirdi. O təşkilatın fəaliyyətini mütəmadi izlədiyini, görülən işlərin Türk dünyası üçün önəmli olduğunu bildirdi.

Kitab təqdimatı panelində Rəsmiyyə Sabirin “Yerlə göy arasında” , Əkbər Qoşalının “Altaylardan qopan atlar”, Şəmsəddin Kuzeçinin “Şeirlərim”, İntiqam Yaşarın “Adını çəkirəm” kitabları təqdim olundu. DGTYB və yeni çıxan kitablar haqqında Avrasiya Yazarlar Birliyinin başqanı dr. Yaqub Öməroğlu, Dünya Söz Akademiyası başqanı Prof. Dr. Hayrettin İvgin və keçmiş millət vəkili, şair Mehmet Atilla Maraş Dünya Gənc Türk Yazarlar Birliyi və kitablar haqqında düşüncələrini bölüşdülər.
Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi münasibətilə TÜRKSOY baş katibi Sultan Rayevə, baş katibin yardımçısı Sait Yusufa, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna və Hayrettin İvginə “25 illik” yubiley medalı təqdim olundu. Bundan əlavə TÜRKSOY-un Türkdilli topluluqlar ilə əlaqələr departamentinin müdiri dr. Cavid Mövsümlüyə Xidmət plaketi ilə təqdim olundu.
Bundan əlavə TÜRKSOY-un Baş katibi Sultan Rayev tərəfindən Dr. Şəmsəddin Kuzəçi, prof.dr Rəsmiyyə Sabir, Əkbər Qoşalı, İntiqam Yaşar və Murad Toyluya TÜRKSOY-un 30 illik yubiley medalları təqdim olundu.
Tədbirə sənətçi Kaya Kuzunun ifası və kollektiv foto ilə yekun vuruldu. Fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əkbər QOŞALI. ŞUŞA ALXIŞI.

ŞUŞA ALXIŞI

Şuşada açmışam sabahı bu gün,
Şuşamıza şükür, sabaha şükür.
Dolaşdım, toxundum, gördüm-götürdüm,
Özümə tapdığım cavaba şükür.

Çox yerdə görmüşəm bayrağımızı,
Ondan öyrənmişəm növrağımızı,
Gündüzlər cilvəli qutsalımızı,
sığala yetişən axşama şükür.

Yaddaşım oyandı, tərpəndi lay-lay,
Gah aypara oldum, gah da dolunay…

Xankəndi tərəfə boylandım bir az,

Orda çatacağmız tonqala şükür.

Əkbər, hər şəhərin öz gözəlliyi,
Burdakı gözəllik döz gözəlliyi…
Daha aramadım söz gözəlliyi,
İdraka, iqbala, amala şükür!..

İyul 2023, ŞUŞA🇦🇿.

Müəllif: Əkbər QOŞALI

Mənbə: Ekber Qoşalı

ƏKBƏR QOŞALININ YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru