Etiket arxivi: Rafiq Yusifoğlu

Rafiq YUSİFOĞLU. “DAHİLK NÖVBƏSİNDƏ”

ELDAR BAXIŞIN YAZILARI

Eldar Baxış – 75
“DAHİLK NÖVBƏSİNDƏ”
və ya
ELDAR BAXIŞIN ŞEİR-SƏNƏT HAQQINDA DÜŞÜNCƏLƏRİ SÖZƏ İLAHİ VARLIQ KİMİ BAXAN ŞAİR

(ikinci məqalə)
Eldar Baxış ədəbiyyata təsadüf nəticəsində gəlmişdi. O zaman özündən böyük kənd uşaqlarından biri, sonralar Kitabxanaçılıq Texnikumunun müəllimi işləmiş Fazil Cəbrayılov maraqlı şeirlər yazır, ara-sıra mətbatda çap olunurdu. Bir gün mübahisə zəminində hər işdə, hər oyunda birinci olmağa cəhd göstərən, yaxşı voleybol oynayan Eldara Fazil deyir ki, bax, mən şeir yaza bilirəm, sən isə yaza bilmirsən. Bu söz Eldarın həyatının dönüş nöqtəsinə çevrilir. Eldar ilk şeirlərini yazıb məktubla mətbuata göndərsə də, onun yazıları çap olunmur. Hər dəfə standart cavablar alan (”Şeirləriniz bədii cəhətdən zəif olduğu üçün çap eləyə bilmədik”) Eldar acığa düşür. Bir gün məşhur şairlərdən birinin bir neçə şeirini konvertə qoyub redaksiyaya göndərir. Həmin şeirlərə də eyni cavab alan Eldar qarşısına məqsəd qoyur ki, mütləq ədəbiyyatın sirlərini, incəliklərini öyrənəcək, öz şeirlərini mətbuatda çap etdirəcək…
”Niyyətin hara, mənzilin ora” deyiblər. Universitetdə tarix fakültəsində təhsil alsa da, Eldar şeir yazmaq fikrindən əl çəkmir, ədəbi dərnəklərin fəal iştirakçısına çevrilir. Ədəbiyyat, şeir-sənət haqqında söhbətlər, o dövrün tanınmış şair və yazıçıları ilə şəxsi ünsiyyət, mütaliə yavaş-yavaş Eldar Baxışın ədəbi zövqünün formalaşmasına səbəb olur…
Eldarın Baxışın təfəkkürün məhsulu olan yeni tipli şeirləri birmənalı qarşılanmırdı. Ona çox zaman ağız büzənlər də tapılırdı. Yaxşı yatımdadır, bir dəfə Yazıçılar İttifaqının Natəvan adına klubunda Eldar şeir oxuyurdu. Onun bütün oxuduqlarını tənqid eləyəndə Eldarın şaqqanaq çəkərək güldüyünü, bu şeirlərin bir neçəsinin özünə yox, Aşıq Ələsgərə mənsub olduğunu söyləməsi zalda çox qəribə bir ab-hava yaratmışdı…
Eldar Baxışın Yazıçılar İttifaqında oxuduğu şeirlərdən biri belə idi:
Dünya bir futbol topu ola,
Atasan onu Pelenin ayağına,
Vura həqiqətin qapısına…
O vaxt Yazıçılar İttifaqında poziya şöbəsinin müdiri işləyən ağsaqqal şairlərimizdən biri adam göndərdi ki, gedin aşağıdan bizim sürücünü – Ənvər kişini çağırın. Ənvər əlində bir top açarı fırlada-fırlada içəri girəndə Osman Sarıvəlli Eldara dedi:
-Bala, indi həmin şeirini oxu.
Eldar şeiri oxudu. Osman müəllim sürücüdən soruşdu:
-Ənvər, bu şeirdən bir şey anladın?
Ənvər dedi ki, yox, heç nə anlamadım.
Osman müəllim qalib bir əda ilə üzünü Eldara tutub dedi:
-Bala, bu şeiri ziyalı üçün yazmısansa, ziyalının biri də mənəm, heç nə anlamadım. Xalq üçün yazmısansa, Ənvər də xalqın nümayəndəsi kimi bir şey anlamadı…
Bu və ya buna bənzər hadisələr, söhbətlər Eldarı qətiyyən ruhdan salmır, o daim oxuyur, öyrənir yaradıcılıq eksperimentləri aparmaqda davam edirdi. Bütün bunlar isə onun ədəbi görüşlərinin formalaşmasına zəmin yaradırdı. Eldarda bir inkarçılıq meyli yaranmışdı. Görkəmli şairlərin şeirlərinin əksəriyyətini bəyənmirdi…
Eldar Baxış öz qəlbinin, öz taleyinin şairi idi və qələm dostlarından da umacağı bu idi ki, özlərinə yad olan mövzularda əsərlər yazmasınlar. ”Adaşlarım-qardaşlarım” adlı şeirində Eldar Baxış üzünü adaşları olan qələm sahiblərinə – Eldar Nəsibə, Eldar Sadığa və Eldar İbrahimə tutub incə eyhamlarla, yumorla öz ədəbi məramını əks etdirməyə çalışırlı:
Tutun bayatını, tutun qoşmanı,
Tutun gəraylını çəkin ortaya.
Buyurun, bu mənim yazdıqlarımdı,
Siz də nəyiniz var tökün ortaya…
Şair olan gərək qorxu bilməyə,
Ərən şair ola, ər şair ola.
Verək ki, əl-ələ, kürək-kürəyə,
Bəlkə dördümüzdən bir şair ola,
Yoxsa işlərimiz çətin olacaq.
Bu bədii parçada Eldar Baxışın ədəbi məramı incə ştrixlərlə verilmişdir. Əsl şairin necə olması məsələsi isə misraların sətiraltı mənasında ifadə olunmuşdur: ”öz sözünün ağası, qəlbinin, taleyinin şairi” olmayan, onun-bunun diqtəsi ilə ütülü-sığallı şeirlər yazan insanlar bu işdən əl çəkməli, ağac əkməyə, başqa işlərlə məşğul olmağa getməlidirlər.”
Eldarın qələm dostlarına ünvanladığı başqa bir maraqlı şeiri də var: ”Şair dostlar”. Bu şeirin də mərkəzində Eldarın şeir-sənət haqqında düşüncələri, mülahizələri dayanır. Eldar qabaqcıl ədəbi ənənələrdən, xüsusən folklordan yaradıcı şəkildə bəhrələnmənin əleyhinə deyildi. Ancaq o kimisə yamsılamanı, kimisə təqlid etməni, kiməsə bənzəmə meylini qətiyyən qəbul edə bilmirdi. ”Özgəni yazan, özü qalan, öz pıçıltıları, öz düşüncələri” arxa plana keçən qələm dostları Eldarın həmişə qınaq hədəfinə çevrilirdi:
Niyə söykəniblər özgə adına,
Bəs şair dostların hanı öz adı?
Biri elə bil ki, Səməd Vurğundu,
Biri elə bil ki, Rəsul Rzadı.
Birinin avazı bizim ölkədən,
Birininki başqa ölkədən gəlir.
Süfrəsi Rembodan, duzu Lorkadan,
Çörəyi Mariya Rilkedən gəlir.
Söz gərək şairin özündən gələ,
Öz ətindən gələ, qanından gələ.
Ruh kimi ayrılıb ruhundan gələ,
Can kimi ayrılıb canından gələ.
Eldar Baxışın ”Qələm” şeirində də onun ədəbi görüşlərinin cizgiləri, konturları verilmişdir. Bir kimsədən asılı olmamaq, öz qəlbinin səsini söyləmək ideyası bu şeirin də başlıca motivinə çevrilmişdir:
Məni öz yolumdan döndərə bilməz
Beş adam, on adam, yüz adam, canım.
Uçan bulud kimi, axan su kimi,
Əsən külək kimi azadam, canım.
…Mənə qələm verib bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi, hərdən qız kimi
Dizinə baş qoyub yatdığım qələm.
Sonra şair ”qələmin dizində yata-yata dürlü yuxular görməsindən”, ”ruhunun uçub Avara, Xəzərə, Huna, Oğuza qovuşmasından” söhbət açır.
Daha sonra şair yazır:
Qələmim olanda güclü oluram,
Çaşmayan adamı mən çaşdırıram.
Bu gidi dünyanın pişiyini mən
Ağaca, divara dırmaşdırıram.
Qələmim olanda qorxu bilmirəm,
Niyə qorxmalıyam mən axı, niyə?
Olanım qələmdi vardan, dövlətdən,
Onun da qiyməti otuz qəpiyə…
Bu misraları oxuyanda ədəbi məramı, əqidəsi uğrunda döyüşlərdə yolundan dönməyən Xaqani Şirvani kimi bir şəxsiyyətin bədii obrazı gözlərimiz qarşısında canlanır. Hiss olunur ki, Eldar da ruhən məslək, əqidə yolunda mübarizədən çəkinməyən, heç kəsə əyilməyən qələm sahiblərinin sırasındadır… Eldar Baxışın dəfn günü anası Şeyda xanımın sözü adamın bütün varlığını titrədir: ”Qələmi ilə özünə gor qazan balam”…
Eldar Baxış sözə adi bir kəlmə kimi yox, ilahi bir varlıq kimi, canlı bir insan kimi baxırdı. ”Deyə bilmədiyi sözlər” onu daim göynədirdi.
Eldar Baxış istedadlı şairlərin, yazıçıların dostu idi. Ancaq onun istedadsız adamlardan, miyanə şeir yazanlardan qətiyyən xoşu gəlmirdi. Onun ”Ütük yazıçılar, sürtük şairlər” şeiri belələrinin əleyhinə yazılmışdı. ”Sözün başına min oyun açanlar”, ”sözü hörmətdən salanlar”, ”sözü qarışqaya yük eləynlər”, onu bir ”qoç kimi, qoyun kimi kəsib, soyub tikələyənlər”, ”sözün ətini yeyib onun sümüyünə əl aparanlar” Eldarın gözünün düşməni idi.
Eldar Baxışın ədəbi görüşləri təkcə onun şeirlərində, poetik parçalarında deyil, verdiyi müsahibələrdə də özünü açıq-aydın şəkildə göstərir. Doğrudur, bu müsahibələr o qədər də çox deyil, ancaq onları oxuyanda Eldar Baxışın ədəbi məramı haqqında qaranlıq bir məqam qalmır. Bu baxımdan onun ”Söz vaxtına çəkər” radio verilişinə verdiyi son müsahibə çox maraqlıdır:
”Mən poeziyaya möcüzə kimi baxsam, ancaq o dini kitablardakı möcüzə kimi baxaram. Mən poeziyadan çəkdiyimi heç nədən çəkmirəm. Mən şeir yazmıram, and olsun o bir olan Allaha, səmimi deyirəm bunu, mən öz rahatlığım üçün yazıram, canımı qurtarıram şeirdən, şeir məni qoymur yaşamağa, mən də istəyirəm kəpənək kimi atılıb-düşüm, ağac kimi tərpənim, su kimi axım.”
Əlbəttə, bu və ya buna bənzər fikirlər digər şairlərin müsahibələrində, şeirlərində də öz əksini tapmışdır. Görünür, Eldar Baxış da həmişə həmin hissləri keçirmiş, mənəvi rahatlıq tapmaq üçün içində tüğyan eləyən düşüncələr selini kağızın üzərinə köçürməklə dinclik tapmışdır.
Eldar Baxışla istedadlı şair Qulu Ağsəsin müsahibəsi də şairin ədəbiyyat, poeziya haqqında düşüncələrini öyrənmək baxımından çox böyük maraq doğurur. Eldarın ölümündən bir az əvvəl ”Suallar – avqustun, cavablar – dekabrındı…” adı altında çap olunan bu müsahibə Eldar Baxışın bənzərsiz düşüncə tərzinə, intellektual səviyyəyə malik yetkin bir qələm sahibi olduğundan xəbər verir. Qulunun ”Eldar bəy, hazırda ədəbiyyatın dünyanı xilas edəcəyi ehtimalı, inancı günün, həyatın reallığında laxlayıb. Məlum olub ki, sözün və sənətkarın sehri, ovsunu uzaqbaşı özünü qoruyub saxlaya bilərmiş. Bu mənada şair Eldar Baxış xoşbəxt qələm sahibidir. Bax, bu xoşbəxtlik, yəni özünü qoruya bilmək bacarığı nələrisə qurban vermək ”bacarıqsızlığından yaranmayıb ki?” sualına Eldarın verdiyi cavab fəlsəfi tutumu ilə diqqəti cəlb edir:
”Mənim alnıma qarışqa yox, fil yox, insan olmaq yazılıb. Buna görə də qarışqaya bəlli olan ilk qarışqa tanrısının, filə bəlli olan ilk fil tanrısının adının nə olduğunu deyə bilmərəm, bunu qarışqa bilər, fil bilər. Mən insanam, mənim bildiyim budur ki, insanlığa bəlli olan ilk Tanrının adı Dinqirdi. Dinqirdən sonra o biri Tanrı adları gəlir… Sözümün canı budur ki, Dinqirdən tutmuş Rayacan, Tanrıdan tutmuş Boqacan hələ heç bir göy kişisi dünyanı xilas eləyə bilməyib, yaxud belə deyək ki, xilas eləmək istəməyib. Bir göy kişisinin xilas eləmədiyini, yaxud xilas eləmək istəmədiyini isə heç bir yer kişisi xilas eləyə bilməz. Prezidentdən tutmuş balıqçıyacan – hamının adı ”yer kişisi” deyilən siyahıdadı. Heyf ki, yazıçının da adı bu siyahıya salınıb… Yazıçı – yerlə, göylə əlləşən bu kişi yerdə yeri görüb, göydə göyü, yerdə yerlə yola gedə bilmir, göydə göylə. Buna görə də ömrü boyu qalıb yerlə göyün arasında. Yerdə yerin ağrısını çəkib, göydə göyün. Yazıçının əsl adı yazıçı deyil, ağrıçəkəndi. Özü də yazıçı ağrını tərəzidə çəkmir, ürəyində çəkir, könlündə çəkir.
Yazıçının çəkdiyi ağrı öz çəkisinə görə Tanrının çəkdiyi ağrıya yaxındı. Ağrı ağrıya yaxındısa, onda belə çıxır ki, can da cana yaxındı. Amma yerin-göyün yiyəsi o bir kişi heç kəsi özünə yaxın buraxmaq istəmir:
Tanrıdan səda gəldi,
Tanrıdan nida gəldi…
124 min peyğəmbər var, o peyğəmbərlərin hamısı Tanrıdan aldıqqları bilgiləri bu adla çatırıblar. Nida, səda – bundan başqa heç nə. Əgər qurban olduğum öz peyğəmbərlərini o nidadan, sədadan o yana buraxmayıbsa, yazıçını oradan o yana buraxarmı? Əlbəttə, yox. Tanrı hər şeyi insanlara, o sıradan yazıçılara ölçüb-biçib verdiyi kimi, ağrını da ölçüb-biçib verib. Amma yazıçı əsl yazıçıdırsa, onda hər insan balası kimi yox, xüsusi insan balası kimi həmişə çalışmalıdır ki, bu ölçü-biçinin sərhədlərini dağıtsın, insanın ağrısını Tanrının ağrısına çevirsin…
Saray yazıçısı, bax, bu çevrilişin qarşısını almaq üçün yaradılıb. Saray yazıçısı yerlə – göylə əlləşməyi heç vaxt ağlına gətirmir. Saray yazıçısı əlləşsə-əlləşsə, öz qarnı ilə əlləşir. Mən isə öz sözümü həmişə qarnımdan gizləmişəm. Sözün gəldiyi yerlə yemək-içməyin getdiyi yer çox yaxındı. Ancaq bir şey var: sözün gəldiyi yer yuxarıdadı, yeməyin-içməyin getdiyi yer aşağıda. Mən yemək-içməyin getdiyi yerə görə sözün gəldiyi yerə divan eləməmişəm.
Ədəbiyyatın dünyanı xilas edəcəyi fikrinə gələndə, məncə, bu yenə saray yazıçılarının fikridi… Ədəbiyyatın öz iş yeri var. Ədəbiyyatın iş yeri can deyil, ruhdu…”
Bu fikirlərdə mübahisəli məqamlar olsa belə, şairin düşüncələri heç bir ənənəvi trafaretə sığmır, bu mülahizələrində də Eldar Baxış Eldar Baxış olaraq qalır. Onun düşüncələrinin yalnız üst qatı yox, sətiraltı mənaları da insanı düşündürür, bəzən onu üşəndirir də… Ancaq nə qədər mübahisəli məqamlar olsa belə, bu fikirlər Eldarın sözə, ədəbiyyata, sənətə nə qədər böyük önəm verdiyindən soraq gətirir…
Qulu Ağsəsin görkəmli adamla bağlı sualına Eldar Baxışın cavabı onun şəxsiyyətini, düşüncə tərzini, təvazökarlığını, dünyanı dərketmə səviyyəsini, eləcə də sənətə estetik münasibətin öyrənmək baxımından maraq doğurur.
Qulunun sualı budur: ”Adətən görkəmli adamlarla həmsöhbət olanda istər-istəməz onların hansı xarici ölkələrdə olmadığını xəbər alırlar. Bu sualı Sizə vermək mənə şəxsən mənim üçün bir az çətindir. Çünki mənə həmişə belə gəlib ki, E.Baxış heç vaxt içindən çölə çıxmayıb. Sizin çoxdan yazdığınız ”Məndən böyük şair olarmı?” şeiriniz də fikrimə şahid durar.”
Eldar ona belə cavab verir: ”Səni and verirəm Tanrıya mənə görkəmli adam demə. İbtidai icma quruluşunun ilk görkəmli adamından tutmuş indiki dövrün son görkəmli adamınacan dünyanın bütün görkəmli adamları kainatın içində dünyanı, dünyanın içində insanı, insanın içində canı, canın içində ruhu elə günə salıblar ki, indi dünya dünyalığından bezib, insan insanlığından, can canlığından, ruh ruhluğundan. O xarici ölkə söhbətinə gəldikdə mənim içimdən qıraqda olanların hamısına – lap belə o günəşə, aya, ulduza, buluda, yağışa, damcıya, lap elə bu ağaca, quşa, kəpənəyə, cücəyə, lap elə sənə, sənin danışdığın dilə, dediyin sözə, çəkdiyin aha mən xarici ölkə kimi baxıram. Bir zaman mən başqa bir xarici ölkədə idim – anamın bətnində. Sonra bu xarici ölkəyə gəldim – bu dünyaya, sabah da tamam başqa bir xarici ölkəyə gedəcəyəm – o dünyaya…
Mən ölüb gedəcəyəm, amma içim qalacaq, içimin ölkəsi qalacaq. İçimin üç vətəndaşı var, o ölkə o üç vətəndaşın hesabına qalacaq. O vətəndaşlardan birinin adı Ağrıdı, birinin adı Düşüncə, o birinin adı Söz. Özü də elə-belə ağrı yox, yazılan Ağrı; elə-belə düşüncə yox, yazılan Düşüncə, elə-belə söz yox, yazılan Söz.”
Şairin yaradıcılığına yaxından bələd olanlar o saat anlayırlar ki, bu cavab Eldar Baxışın şəxsiyyəti üçün də, düşüncə tərzi üçün də, ədəbi üslubu üçün də çox xarakterikdir. Eldar müxtəlif həyati problemlərə, haqqında çox yazılan aktual, əbədi-əzəli problemlərə belə tamam başqa prizmadan, tamam başqa bir nəzər nöqtəsindən baxır ki, bu da onun fərdi yaradıcılıq üslubunu formalaşdıran ən başlıca amilə çevrilir. Doğrudan da, Eldarın poeziyası ağrısız, acısız, bədii, qeyri-adi sözsüz təsəvvürə gəlmir. Özü də bu ağrı-acı fərdilikdən çıxıb bəşəri mahiyyət daşıyır, elə buna görə də Eldarın müxtəlif mövzulu poetik nümunələri oxucu üçün həmişə maraqlıdır, onu həmişə düşündürür…
Eldar Baxış bütün hadisələrə fərdi yaradıcılıq, düşüncə prizimasından baxsa belə, son nəticədə onun poetik düşüncələri bəşəri mahiyyət daşıyır. Onun ədəbi görüşləri əyalət, ölkə çərçivəsinə sığmır. Eldar öz yaradıcılıq nümunələrinə də həmin meyarla yanaşır və başa düşür ki, ürəyi istəyən əsərləri hələ yaza bilməyib. Elə buna görə də müsahibinin ”Şair özünün bircə şeirini belə əzbər bilməsə də, yazdıqlarını heç vaxt unutmur. Amma söz yox ki, Sizin də yaradıcılığınızda ən böyük uğur saydığınız əsər olmamış olmaz. Bu sual həm də nasir E.Baxışa aiddir” eyhamına belə cavab verir: ”Düşündüyüm, ancaq yazmadığım əsərləri mən ən uğurlu əsərlər hesab eləyirəm. O əsərləri yazmaq istəyirəm, di gəl qoymurlar yazmağa. Yuxarıda Tanrı qoymur, aşağıda adamlar. Ən çox adamlar. Dəxli yoxdu o adamların milləti nədi – rus, erməni, yaxud qadasın aldığım türk. Neçə ildi mən ağrının, düşüncənin, sözün yazıçılıq qatından enib jurnalistlik qatına gəlmişəm. Bu qatda durub adamlarla çarpışıram. Məni ağrının, düşüncənin, sözün yazıçılıq qatından jurnalistlik qatına endirən adamlarla həm də təkcə buna görə çarpışmıram, bir də ona görə çarpışıram ki, o adamlar Azərbaycanı da, mənim xalqımı da ağalıq qatından endirib, qulluq qatına endirmək istəyirlər.”
Tarix fakültəsinin müdvimi kimi tarixi hadisələri dərindən bilən şair Eldar Baxışı ən çox qayğılandıran da məhz ”xalqı ağalıq qatından qulluq qatına endirmək istəyənlərlə” mübarizə aparmaq istəyi olmuşdur. O, bütün yaradıcılığı boyu məhz bu amal, əqidə uğrunda mübarizə aparmış, heç nədən, heç kimdən çəkinməmiş düşündüklərini söyləyə bilmişdir. Bu xasiyyət isə onun həm dostlarını, həm də düşmənlərini artırmışdır.
Eldar Baxışın poeziyasında fərdi hisslərin, duyğuların tərənnümü, təsviri sosial, tale yüklü problemlərlə müqayisədə arxa plandadır. Elə bunu nəzərdə tutan Qulu Ağsəs də Eldar Baxışın bu məsələyə münasibətinə aydınlıq gətirmək münasibətilə deyir:
”Dahi söz ustadı Folkner ”məhəbbət və şərəf, mərhəmət və qürur, canıyanalıq və fədakarlıq” olmadan yaranan ədəbiyyatı ”ölümə və unudulmağa məhkum ədəbiyyat” adlandırırdı. Yəqin ki, onun Nobel mükafatı alarkən dediyi bu məşhur fikri oxumusunuz. Əgər Sizin yaradıcılığınızı bu kəlamın işığına tutsaydılar, məncə, fədakarlıq məhəbbəti kölgədə qoyardı. Yəni Sizdə, ümumiyyətlə, lirik şeirlər çox az nəzərə çarpır. Bunun səbəbini nədə axtarmalı: fədakarlığın, şərəf və mərhəmətin, qürur və canıyanalığın gücündə, yoxsa elə gəncliyinizin uğursuz sevgisində?..”
Əlbəttə, bu sual gəlişi gözəl verilmiş bir sual deyil; Eldarın yaradıcılığına dərindən bələd olan, ona simpatiya göstərən istedadlı, çoxlarını bəyənməyən bir qələm sahibinin gəldiyi qənaətlərdir. Hiss olunur ki, Qulu Eldarın zəif və qüvvətli cəhətlərini yaxşı bilir, söhbətin yönünü hansı istiqamətə yönəltməyi bacarır. Məhz bunun nəticəsindədir ki, Eldar Baxışın onun sualına verdiyi cavab çox qaranlıq mətləblərə işıq salır, şairin ədəbi məramı haqqında dolğun təsəvvür yaradır.
Eldar deyir: ”Yazıçının işi çıxış eləmək deyil, yazıçının işi lap belə sadəcə desək, söz yazmaqdı, bədii söz yazmaqdı. Di gəl bunu bizim bir çox yazıçılara başa sal görüm, necə başa salırsan. Bizim bir çox yazıçılar sözü yazmırlar, sözü qusurlar. Özü də burada – Bakıda durub qussalar, yenə dərd yarıdı, eləsi var gedib Ankarada, Pekində, Tehranda qusur sözü. Folkner – o şotland qartalı məni bağışlasın ki, ounun adı olan yerdə bu cür sözlər deyirəm. Amma neyləmək olar, sözü söyləyənlərdən yox, sözü qusanlardan qorumaq lazımdı. İstər Amerikada, istər Çində, mən indiyəcən buna çalışmışam, bundan sonra da çalışacağam. Gözümü dünyaya – otağa, pəncərəyə, südə, çörəyə, işığa, qaranlığa yox, gözümü ədəbiyyata açandan görmüşəm ki, ədəbiyyatın başında bir papaq var – ideoloji papaq, əynində bir paltar var – ideoloji paltar, ayağında bir başmaq var – ideoloji başmaq. Mən həmişə bu papağı ədəbiyyatın başından götürmək, bu paltarı ədəbiyyatın əynindən soyundurmaq, o başmağı ədəbiyyatın ayağından çıxarmaq istəmişəm.
Mən əsl ədəbiyyatın tərəfdarı olmuşam – papaqsız, paltarsız, başmaqsız. Ədəbiyyat ideologiya deyil, ədəbiyyat ideologiya olsa-olsa, yazıçının şəxsi ideologiyası ola bilər. Yəni bunu mən bu cür deyərdim. Mənim ədəbiyyatım – mənim ideologiyamdı.
Əgər Sizin fikrinizcə, mənim fədakarlığım mənim məhəbbətimi kölgədə qoyubsa, bax buna görə qoyub. Mən özümü dünyanın o şairlərindən hesab eləyirəm ki, o şairlər sözün xətrinə məhəbbətlərini fədakarlıqlarına qurban verirlər.
Venesualada Sessar Valexonun sözünün başına döyürdülər, Fransada özünün başına. Amma Sessar Valexo sözünün başına döyülən yerdən qaçıb, özünün başına döyüldüyü yerdə yaşayıb… Şair özünün başına döyüldüyü yerdə yaşaya bilər, sözünün başına döyüldüyü yerdə yox. Mənim fikrimcə, sözüqıpıq olmaqdansa, gözüqıpıq olmaq yaxşıdı…”
Əlbəttə, Eldarın mülahizələri də, onun ifadə tərzi də çox maraqlıdır. Ancaq burada mübahisə ediləsi məqamlar da yox deyildir. Əvvələn, yaradıcılıq şəxsiyyətdən başlayır. Gözüqıpıq adamın sərbəst fikir söyləmək bacarığına adamın inanmağı gəlmir. Digər tərəfdən, sözünə, hərəkətinə görə adamın başına döyür, yaxud onu sığallayırlar. Həmişə başına döyülən adamın ”dikbaş sözlər” yazmağı da absurddur. Baş sözün yox, söz başın məhsuludur…
Müsahibinin ”Sizi bəzi şeirlərinizə görə ”şairlər üçün şair” adlandırırlar. Bunu ədəbi tənqidin tədqiqat obyektindən hələlik qədərincə qıraqda qalmış E.Baxış yaradıcılığına ən obyektiv qiymət saymaq olarmı?” sualına şairin verdiyi cavab da onun səviyyəsi, düşüncə tərzi haqqında az söz demir:
”Xlebnikov haqqında olan o fikrin müəllifi, gərək ki, Mayakovskidi. Mənim fikrimcə dünya şairləri üç yerə bölünürlər: birinci – şairlərin şairləri, ikinci – dövlətlərin şairləri, üçüncü camaatın şairləri və ya toy şairləri.
Mənim özümə gələndə, indiyəcən çox şairlərin şairi olmuşam, bundan sonra da çox şairlərin şairi olaraq qalacağam. Amma bir dəfə demişəm, bir də deyirəm ki, hərdən özüm bilə-bilə camaat üçün də yazıram, xüsusilə o vaxt ki, görürəm camaatın mənim sözümə ehtiyacı var. Neynim axı, camaat məndən yazıqdı, mən də camaatdan yazıq.”
Əlbəttə, bu fikirlərdə də mübahisəli məqamlar var. Şairləri qiymətləndirməyin ən obyektiv meyarı onun isdedadının dərəcəsidir. Kim nə deyir desin, yaxşı, pis şeirin əsas meyarlarından biri də oxuculardır. Dünyanın ən gözəl şeiri əgər oxunmursa, başa düşülmürsə, o kimə və nəyə lazımdır?
Digər tərəfdən, ”şeirin başından ideoloji papağı, əynindən ideoloji paltarı, ayağından ideoloji başmağı” çıxarmaqla iş bitmir. Əsas məsələ şeirin mayasında olan canlı fikrdə, Eldarın özünün də həmişə arzuladığı ”bədii”, ”diri”, ”namuslu” , ”qeyrətli”, ”səfərbəredici”… sözdədir.
Lakin bu istedadlı qələm sahibinin həmin mülahizələri əslində göydəndüşmə deyildi; Eldar Baxışın nifrət etdiyi sosialist ideologiyasına üsyanının maraqlı şəkildə təzahürü idi. Ancaq Eldar unudurdu ki, onun müasir ruhlu şeirlərinin hamısının öz milli papağı, milli paltarı və milli ayaqqabıları vardır. Bütün yaradıcılığı boyu türkçülüyü, Azərbaycanın müstəqilliyini, şəxsiyyət, söz azadlığını, düşmənə nifrəti təbliğ eləməyin özü ideologiya deyildisə, bəs nə idi?
Yoxsa Eldar müsahibinin ”Bir gün bütün sevdikləriniz bir yerə cəm olub, Sizi kiməsə and içməyə vadar etsəydilər, hansına üz tutardınız?” sualına belə cavab verərdimi:
”Mən ilk dünya Tanrısına and içərdim – Dinqirə, Denqirə, Tenqirə, Tenqiriyə, Tanrıya. Mən suya, torpağa, havaya, oda and içərdim. Camaat Qurana necə əl basırsa, mən də eləcə Orxon yazılarına əl basardım. Mən and içərdim Altaya, Urala, Huna, Oğuza, Bilgə xaqana, Ulus bəyə, öz doğulduğum Müskanlı kəndinə and içərdim. Rus-erməni soldatlarının başı üstündən əlimi uzadardım anadan olduğum Müskanlı kəndinə, deyərdim: and olsun o kəndə! Ancaq hanı o nələr, o kimlər?! Hanı? Yoxdu. Varsa da əlim çatmır.”
”Nə vaxtsa Sizə elə gəlibmi ki, dahisiniz?” salını isə Eldar belə cavablandırıb: ”Ədəbiyyata gələndə Azərbaycan SSR Yazıçılar İttifaqının yanından gəldim. Gördüm Azərbaycanda dahilik növbəsinə o qədər yazıçı, şair dayanıb ki… Mən ta o növbədə dayanmadım. Yaxşı da elədim. Sonradan-sonraya bəlli oldu ki, əslində bu növbə dahiliyə deyil, xalq yazıçılığınadı, mükafatadı. Onlar xalq yazıçılığını, mükafatı aldılar, sonra isə sıradan çıxdılar…
Mən istərdim ki, günü bu gün Azərbaycanda söz sənətinin bir dahisi olsun, amma istəməzdim ki, o dahi mən olum. Tanrı sübut eləyib ki, Azərbaycan xalqının dahisi olmaq istəyən adam dahi olmamışdan qabaq, heç olmasa, Mirzə Ələkbər Sabir kimi sabun satmağı, Məhəmməd Hadi kimi köynək satmağı bacarmalıdı. Mən ömrüm boyu dahi olmaq istəmədiyimə görə belə-belə şeylər satmaq heç ağlıma da gəlməyib. Camaat maşın satır, adam satır, mən heç düymə də sata bilmirəm. Məndən dahi olarmı?”
Bu sözlər də Eldarın ədəbi mövqeyi, ədəbiyyata, sənətə münasibəti haqqında çox söz deyir.Yalnız böyük sənət qayğıları ilə düşənən adam bu cür mülahizə yürüdə bilərdi… Onun mülahizələrinin təkcə zahiri qatı yox, kinayə ilə yoğrulmuş sətiraltı mənası da çox-çox dürlü mətləblərdən, Eldarın intellektindən xəbər verir…
Eldarın ”Şeir nədir?” salına verdiyi cavabda onun ədəbi görüşlərinin çox mühüm, önəmli məqamları öz əksini tapmışdır:
”Şeir – sözdü, şeir- ağrıdı, şeir – fikirdi, şeir – buluddu, şeir – damcıdı…
Şeir – alındı, şeir – alın yazısıdı… Dünyanın ilk dərdindən doğan ilk şeirin müəllifindən tutmuş Füzuliyə, Orxan Vəliyə, mənə, sənə qədər şeir haqqında min cür fikir deyilib, deyilir, deyiləcək. Şeir haqqında ən çox deyilən fikirlərdən biri də budur ki, şeir şairin ölümüdü. Əgər şeir şairin həyatıdırsa, əgər şeir şairin ölümüdürsə, onda burdan belə nəticə çıxarmaq olar ki, şeir həm də şairin qəbridi, özü də bu qəbir elə bir qəbirdi ki, torpaqdan, qumdan, kərpicdən hörülmür, şeirdən hörülür. Ölən şeir yazan şairi eləcə də ölən şeirə dəfn eləyirlər, ölüb gedir, qalan şeir yazan şairi isə eləcə o qalan şeirə büküb dəfn eləyirlər, qalır.
Mən istərdim ki, mənim şeirim – mənim qəbrim olsun.”
Bir qədər nakam taleli şairimiz Mikayıl Müşfiqin düşüncələri ilə səsləşən bu qeyri-adi mülahizələr göstərir ki, Eldar Baxış dünya ədəbiyyatından, onun görkəmli nümayəndələrinin nəinki əsərlərindən, hətta onların ədəbi görüşlərindən də xəbərdardır. Başqa sözlə desək, Eldarın ədəbi görüşləri elə-belə formalaşmayıb. O, klassik ədəbiyyat, folklor və dünya ədəbiyyatı kimi zəngin qaynaqlardan bəhrələnib.
Bu bənzərsiz şairin düşüncələri onun təkcə həyata, kainata, insanlara estetik münasibətini öyrənmək baxımından maraq doğurmur. Bunlar həm də E.Baxışın öz yaradıcılığının sistemli şəkildə araşdırılmasında tədqiqatçının köməyinə çatır. Eldarın ədəbi görüşlərinə bələdlik onun poeziyasının, yaradıcılıq nümunələrinin ”qırxıncı qapısını” oxucunun, eləcə də tədqiqatçının üzünə taybatay açır…
Eldar Baxışın ”Səndən şair olmayacaq”, ”İndinin böyük şairi” şeirlərində də şairin yaradıcılıq prosesi ilə bağlı düşüncələri ön plandadır.
İndinin böyük şairi
başından keçər,
sözündən keçməz” –
qənaətinə gələn “məndən böyük şair olarmı?” sualı ilə təkcə oxuculara yox, əsərlərindən yaradıcı şəkildə bəhrələndiyi Sarı Aşığa, Nazim Hikmətə və Vlexxo Sessara müraciət edir. Onun fikrincə, əsl şair olmaq üçün yaradıcı insanda poetik duyum olmalıdır.
Gözün işləməyən torpağı görə bilməsən,
eşidə bilməsən qulağın eşitməyən səsi,
dilin deməyən sözü deyə bilməsən,
gedə bilməsən ayağın getməyən yerə,
səndən şair olmayacaq…
Eldarın bənzərsiz yaradıcılıq nümunələri onu deməyə əsas verir ki, əsl şairə məxsus olan bütün keyfiyyətlər elə onun özündə də varmış…


Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.

ELDAR BAXIŞIN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TALEYİNİN ŞAİRİ. Rafiq Yusifoğlu.

ELDAR BAXIŞIN YAZILARI

Eldar Baxış – 75

TALEYİNİN ŞAİRİ

(birinci məqalə)

Ədəbiyyata XX əsrin yetmişinci illərində gələn, 25 il ədəbi fəaliyyətdə olan, vaxtsız dünyasını dəyişən, özündən sonra ”İydə çiçəyi”, ”Üçtəpə bayatıları”, ”Allı qız, ballı qız, xallı qız”, ”Ağ saçların işığı”, ”Qara ilə qaracanın nağılı”, ”Deyə bilmədiyim sözlər” adlı poeziya, ”Atlı oğlanlar” adlı nəsr, ”Ölüsü ilə ərəbcə, dirisi ilə rusca” adlı lətifələr kitabını, hələ çap olunmamış nə qədər əsərlər yadigar qoyub gedən istedalı şair, nasir, jurnalist, publisist Eldar Baxışın yaradıcılıq yolu zəngin, çoxşaxəlidir. O, hər şeydən əvvəl, öz taleyinin, bənzərsiz ömür yolunun şairi idi…

Eldar Baxış “Əli Qara oğlunun tabutu başında” şeirini aşağıdakı misralarla bitirirdi:

Hövsələmiz çatacaqmı

səksən iki il oturub

bizi öldürəcək

o böyük ağrının

yolunu gözləməyə?

Poeziyası təpədən dırnağa ağrıyla, əzabla yoğrulan, daima narahat Eldar Baxışın hövsələsi çatardımı 82 il o ağrının yolunu gözləməyə? Bu ağrı ömrünün qırx doqquzuncu baharında yaxaladı onu. Bu ağrı onun Müskanlı kəndindən başlayıb, Xırdalan qəbristanlığında sona çatan ömrünün daimi yol yoldaşı oldu…

Eldar atasını uşaq ikən itirmiş, yetimçiliklə böyümüş, ali məktəbi bitirmiş, Güzdəkdə müəllim, radioda, televiziyada redaktor, ”Səs” qəzetində, radionun uşaq verilişləri redaksiyasında baş redaktor vəzifələrində işləmişdi.

Eldar özü ipə-sapa yatan adam olmadığı kimi, onun şeirləri də çevikdir, şıltaqdır, ancaq mərddir, inadkardır, döyüşkəndir… Eldar bir az Çili müğənnisi Viktor Xaraya bənzəyirdi, bir az fələstinli şair Muin Bsisuya, Mahmud Dərvişə, Nazim Hikmətə, Valexo Sassara, Sarı Aşığa, Qarsia Lorkaya, Məhəmməd Hadiyə, bir az da Səməd Behrəngiyə… Ancaq Əkrəm Əylisli demişkən, Eldar Baxış öz sözünün, öz qəlbinin, öz taleyinin şairi idi…

Eldar Baxışın poeziyasında ən aparıcı mövzulardan biri də ölümdür. Bu da təsadüfi deyildi. Ata ölümündən tutmuş övlad ölümünə qədər, ona doğma olan şairlərin ölümündən tutmuş öz ölümünə qədər bütün ölümlər sınağa çəkmişdi onu. Bəlkə elə buna görə idi ki, son ucu ölümlü dünyaya həmişə ayıq, filosofanə bir nəzərlə baxırdı: ”Nəsə, nəsə çatmır bu yer üzündə, ölüm-itim çatır ancaq hamıya”… ”Tale şeirləri” – şairin qızı Şeydanın, oğlu Andayın, Qasım Qasımzadənin oğlu Fəxrəddinin nakam ömürlərinə həsr edilsə də, bu şeirlərin hamısı əslində ölüm haqqında fəlsəfi düşüncələri idi şairin. Viktor Xaranın, Muin Bsisunun, Məhəmməd Hadinin, Səməd Behrənginin… ölümündən yazanda da Eldar elə bil özünü şərəfli, ləyaqətli bir ölümə hazırlayırmış. ”Qara göz yaşları” şeirindən: ”Qara torpaqdasan, ağ kəfəndəsən”…

Eldar Baxış namuslu qələmi ilə özünü şərəfli ölümə hazırlamıqşdı. Bu qələm neçə-neçə ölməz şeirlərin, poemaların, nəsr əsərlərinin, publisist yazıların memarı idi…

Ömür qısa olsa da, söz uzundu… Şairin ömrü isə söz ömrü ilə ölçülür…

Həyatını xalqımızın azadlıq uğrunda mübarizəsinə, ədəbiyyatımızın inkişafına həsr edən bu namuslu, istedadlı qələm sahibinin yaradıcılıq nümunələri indi də öz aktuallığını saxlamaqdadır.

Yeni nəsil bu istedadlı qələm sahibini tanısın deyə onun həyatının müəyyən məqamları haqqında danışmaq ehtiyacı var… Eldar Baxış 1947-ci il iyun ayının 22-də Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olmuşdur. Atası Baxış kişini erkən yaşlarından itirən Eldar anası Şeyda xanımın himayəsində böyümüş, ev işlərində ona yardımçı olmuşdur. Hələ uşaq yaşlarından zəhmətlə məşğul olması onun xarakterini formalaşdıran başlıca amillərdən birinə çevrilmişdir. Öz uşaqlıq yoldaşları ilə Bərgüşad çayında çimən, balıq tutan Eldarın ürəyinə ilk poeziya qığılcımını salan da elə Qubadlının füsünkar təbiəti, dağları, meşələri, çayları, bulaqları olmuşdur.

İbtidai təhsilini öz kəndlərində alan Eldar sonralar bütün kənd uşaqları kimi öz təhsilini Qubadlıda – rayon mərkəzində davam etdirmişdir. Rayonun ayrı-ayrı kəndlərindən təhsil almaq məqsədilə Qubadlıya gələn uşaqlarla ünsiyyəti, təcrübəli müəllimlərdən dərs alması, mütaliəsi onun dünyagörüşünün yeni istiqamətdə formalaşmasına zəmin yaratmışdır. Hələ orta məktəbdə oxuyarkən Eldarın humanitar fənlərə marağı müəllimlərin diqqətini cəlb etmişdir. Tarixi hadisələrlə daha çox diqqət yetirməsi onun həyat yolunun axarını yeni istiqamətə yönəltmişdir. 1965-ci ildə Qubadlı qəsəbə orta məktəbini bitirən Eldar Baxış tərəddüd etmədən öz sənədlərini o zamankı Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə vermiş, yaxşı qiymətlər aldığına görə adı tarix fakültəsinin tələbələri siyahısına daxil edilmişdir. Bakı mühiti, universitet mühiti adi kənd uşağının bir şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynamışdır. Eldar o günlərin poetik əksini ”Gözünə döndüyüm Bakı şəhəri” şeirində maraqlı, orijinal ştrixlərlə verə bilmişdir.

Dayın varsa,

yuxarı məktəbə girəcəksən, demişdilər,

dayın varsa, qiymət alacaqsan,

dayın varsa, oxuyacaqsan, demişdilər,

canım-ciyərim Bakı!

Camaatın bir dayısı vardı, mənim iki dayım, –

hərəsi də girmişdi bir qoluma,

Umud dayım bir qoluma,

Arzu dayım bir qoluma.

Bir qolumda Umud dayım,

Bir qolumda Arzu dayım

yuxarı məktəbin qapısını açıb

girdik içəri –

camaatın dayıları qaldı qapının ağzında…

Ədəbiyyatdan ”5” demişdim,

Aldım!

Tarixdən ”5” demişdim,

Aldım!

Yazıdan ”2” demişdim,

”4” aldım.

Aldığım iki ”5”i, bir ”4”ü

qoydum ayağımın altına,

çıxdım üstünə!

”4”ün, ”5”in üstündən baxıb

kənddə anamı gördüm, bacımı gördüm,

qapımızdakı şam ağacını gördüm…

Bu misralar Eldar Baxışın formalaşmaqda olan xarakterindən, dünyagörüşündən, həyata baxışından, eləcə də orijinal bədii üslubundan xəbər verirdi. Bu şeirdə yetimçiliklə böyüyən, dayısına, əmisinə yox öz ümidinə, inamına güvənən və öz zəhməti, yuxusuz gecələri hesabına uğur qazanan bir gəncin mükəmməl bədii portreti gözlərimizin qarşısında canlanır. Özü də bu portretdə zahiri görünüşdən çox həmin gəncin daxili dünyası, düşüncələri ön planda idi…

”Ümidin balası, ümidin oğlu” şeirində də Eldar Baxış yetimçiliklə keçən ömür yolunun qaranlıq məqamlarına işıq salır:

Atam son anında aşırma kimi

Çiyninin üstündən aşırdı məni.

Gümanı ümidə gəlirdi bircə,

Elə ümidə də tapşırdı məni.

Mən bir arı oldum elə o gündən,

Ümid də oldu bir arı pətəyi.

Mənim başım oldu, onun yastığı,

Mənim əlim oldu, onun ətəyi.

Əlişə dedilər: Həşimin oğlu,

Vəlişə dedilər: Həmidin oğlu.

Mənə də dedilər, hara getdimsə

Ümidin balası, Ümidin oğlu…

Bu misralar da həyatda hər şeyi dişlə, dırnaqla qazanan, həmişə öz zəhmətinə, istedadına, ümidinə, inamına güvənən bir şairin ömür yolunun misralara köçən poetik məqamlarıdı…”Ümidi təndir çörəyi kimi yeyən”, ”bulaq suyu kimi içən”, ”ümid atını yəhərləyib”, ”ümid qılıncını qurşayan” lirk qəhrəman qarşısında açılan ”sirli-sehrli ümid sarayları”na çatana qədər nə qədər mübarizə aparmalı, vuruşmalı olur, ağacla ağac dilində, yarpaqla yarpaq dilində, daşla daş, otla ot, çiçəklə çiçək dilində danışmağı öyrənir və onun şairlik yolu da elə bundan sonra başlayır. Ümid oğlu indi o biri tay-tuşlarından çox güclü və çox vüqarlıdı:

…İndi özlərinə yer tapa bilmir,

Indi qurcalanır Həşimin oğlu.

Indi dingildəyir Həmidin oğlu.

Indi deyirlər, gör nə fikirləşir

Ümidin balası, ümidin oğlu…

Ümumiyyətlə, Eldar Baxışın şeirlərinin əksəriyyətində onun özünün daxili dünyasının cizgiləri vardır və bu cizgilər birləşərək vətənpərvər bir şairin mükəmməl bədii obrazını gözlərimizin qarşısında canlandıra bilir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Eldar Baxışın poeziyasının lirik qəhrəmanı fəaldır, ayıqdır, üsyankardır. Insanları, soydaşlarımızı narahat edən taleyüklü problemlər bütün yaradıcılığı boyu onu da narahat edir, düşündürür, qayğılandırır…

Eldar Baxışın uşaqlıq illərinin bədii lövhələri onun poeziyasında aparıcı yerlərdən birini tutur. Keçdiyi ömür yolunu ara-sıra bədii təsvirin mərkəzinə çəkən Eldar Baxış qısa tərcümeyi-halının gözəgörünməz məqamlarını oxucunun gözləri qarşısında canlandırmağa nail olur.

Bakı Dövlət Universitetində oxuduğu illərdə vətənpərvər ruhlu ziyalıların, professorların, müəllimlərin Eldar Baxışa dərs deməsi onun ürəyində anamız Azərbaycanı müstəqil, suveren görmək arzularını oyadır. O, öz müəllimi Əbülfəz Əliyevin gizli dərnəklərinin fəal iştirakçısına çevrilir. Bütün bunlar Eldarın yaradıcılığına da təsirsiz qalmır.

1969-cu ildə universiteti bitirən Eldar Baxış bir il Abşeron rayonunun Güzdək kəndində müəllim işləyir. Sonra ömrünün daha bir ilini hərbi xidmətdə keçirir. Əsgərlikdən qayıtdıqdan sonra 1972-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində redaktor kimi əmək fəaliyyətini davam etdirir.

Radionun uşaq verilişləri redaksiyasında işləyən Eldar Baxış maraqlı verilişlər hazırlayır. ”Sandıqça”, ”Biləyən” kimi verilişlər onun əməyi sayəsində araya-ərsəyə gəlir, uşaqların ən çox sevdiyi verilişlərə çevrilir. Eldar bu verilişləri təkcə özü hazırlamır, istedadlı qələm dostlarını da bu işə cəlb edir.

Daha sonra Eldar Baxış radionun Ədəbiyyat redaksiyasında əmək fəaliyyətini davam etdirir. Onun görkəmli yazıçılarla, şairlərlə apardığı müsahibələr, hazırladığı verilişlər tamaşaçı sevgisini qazanır. Ədəbiyyat redaksiyasında işləməsi, o dövrün görkəmli şair və yazıçıları, ədəbiyyatşünasları ilə ünsiyyəti Eldarın poeziyaya, ədəbiyyata məhəbbətini daha da artırır. Elə bu vaxt o özü də orijinal, maraqlı şeirləri ilə mətbuatda çıxış eləməyə başlayır.

Radioda ”Tərcümə saatı” verilişini hazırlaması Eldarın yaradıcılığına yeni istiqamət verir. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini dilimizə tərcümə etməsi isə gənc şairin ədəbi görüşlərinin formalaşmasına zəmin yaradır. Həm klassik ədəbiyyatımızdan, folklordan, həm də dünya poeziyasının görkəmli nümayəndələrinin əsərlərindən yaradıcı şəkildə bəhrələnmə Eldar Baxışı ədəbiyyatın, sənətin incilərini mükəmməl bilən peşəkar şair səviyyəsinə qaldırır. 1966-cıi ildə ”Köynək” adlı ilk mətbu şeiri ilə ”Azərbaycan gəncləri” qəzetində çıxış edən Eldar Baxış tezliklə sübut elədi ki, ədəbiyyata əliboş gəlməyib, deməli sözləri çoxdur.

Bundan sonra Eldar Baxış yaradıcılıqla ciddi şəkildə məşğul olur, şeirləri ”Azərbaycan”, ”Ulduz”, ”Göyərçin” jurnallarında, ”Ədəbiyyat və incəsənət”, ”Azərbaycan gəncləri”, ”Bakı” qəzetlərində müntəzəm surətdə çap olunmağa başlayır.

1972-1988-ci illərdə Azərbaycan Dövlət Radiosunun uşaq verilişləri redaksiyasında kiçik redaktor, redaktor işləyən Eldar Baxış 1988-1990-cı illərdə televiziyanın ədəbi dram verilişləri baş redaksiyasında televiziya tamaşaları redaksiyasının böyük redaktoru vəzifəsində çalışır. Qarabağ hadisələrinin qızğın bir vaxtında Eldar Baxış kimi vətənpərvər bir şair təkcə ədəbi verilişlər hazırlamaqla kifayətlənə bilməzdi. O, imkanı dairəsində televiziyada Qarabağ problemlərini vətəndaşlıq mövqeyindən şərh etməyə çalışırdı. Lakin o zamankı rəhbərlik hər sözündən ”qan iyi gələn” Eldarın əl-qol atmağına imkan vermirdi. Elə buna görə də Eldar Baxış 1990-1992-ci illərdə ”Səs” qəzetinin ilk baş redaktoru olmuş, son dərəcə ciddi məqalələr, şeirlər yazıb çap etdirmişdir.

Tarix elmləri doktoru, professor Əli Nağıyev yazırdı: ”Bir şair kimi tanınan və sevilən Eldar Baxış bir insan kimi də maraqlı şəxsiyyət idi. Bunu nəzərə alıb, ”Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olan ”Səs” qəzetinə ilk baş redaktor kimi onun namizədliyi üstündə dayandıq. Işlədiyi vaxt ərzində işgüzar yaradıcı kollektiv yaratmağa nail olan Eldar Baxış ”Səs”in maraqlı və məzmunlu çıxmasına xüsusi fikir verir, sözün məqamında deyilməsi üstündə əsirdi. Məhz buna görə də Azərbaycanın bütün bölgələrində ”Səs”i oxuyur və intizarla onun yolunu gözləyirdilər. Şübhəsiz, qəzetin belə oxunaqlı olmasında Eldar Baxışın rolu böyük olmuşdur.”

Xalqın taleyindən narahat olan bütün ziyalılar kimi Eldar da vəziyyətdən çıxış yolu axtarır, ittiham dolu məqalələrlə çıxış etməkdən belə çəkinmirdi. Onun o zamankı Azərbaycan prezidenti A.Mütəllibova yazdığı məktub şairin cəsarətindən, vətən uğrunda hər şeyə hazır olmasından xəbər verən maraqlı ədəbi faktlardan biri idi. Eldarın o zaman yazdığı ”Zori Balayana məktub” şeiri də əl-əl gəzirdi… Gənclərin ürəyində hərbi vətənpərvərlik, erməni qəsbkarlarına nifrət duyğularının oyanmasında bu şeirin əvəzsiz xidməti var idi…

1992-ci ildə Eldar Baxış yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə işə qayıdır. Bir il ”Gənclik” yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri vəzifəsində çalışır. 1993-cü ildən ömrünün sonuna kimi isə Eldar Baxış Azərbaycan Dövlət Radiosunun Bilgi və Uşaq Dünyası Verilişləri Baş Redaksiyasının baş redaktoru kimi səmərəli fəaliyyət göstərmişdir…

Bütün yaradıcı insanlar kimi Eldar Baxışın da həyatını onun yaradıcılıq yolundan ayrı təsəvvür etmək mümkün deyildir. Ədəbiyyat sahəsində onun hər uğuru onun həyatının ən önəmli, yaddaqalan məqamları idi…

1977-ci ildə Eldar Baxışın ”İydə çiçəyi” adlı şeirlər kitabının ”Gənclik” nəşriyyatı tərəfindən çap olunması onun yaradıcılıq bioqrafiyasının parlaq səhifələrindən birinə çevrilir. Ona görə ki, o zaman kitab çap etdirmək çox çətin bir məsələ idi. Nəşriyyatların tematik planları Mətbuat Komitəsində, daha sonra Mərkəzi Komitədə müzakirə və təsdiq olunurdu.

İlk kitabı ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanan Eldar Baxış daha artıq inam və məsuliyyətlə yaradıcılıq axtarışlarını davam etdirməyə başladı. Iki il sonra ”Gənclik” nəşriyyatı Eldarın ”Üçtəpə bayatıları” (1979) kitabını çap etdi və bu kitabda toplanan şeirlər göstərdi ki, Eldar Baxışın ədəbiyyata gəlişi təsadüfi deyilmiş.

1983-cü ildə Eldar Baxışın çap olunan ”Allı qız, Ballı qız, Xallı qız” kitabına isə onun uşaqlar üçün yazdığı şeirlər toplanmışdı. Bu da təsadüfi deyildi. Uzun müddət radionun uşaq verilişləri redaksiyasında işləməsi Eldarın yaradıcılığına yeni bir istiqamət vermişdi. Eldarın uşaq şeirləri də bənzərsiz, səmimi, aydın, cazibədar idi. Eldar Baxış paralel şəkildə həm uşaqlar üçün, həm də böyüklər üçün yazıb yaradırdı. Eldarın uşaqlar və böyüklər üçün çap olunan kitabları bir-birini əvəz edirdi. Əgər ”Yazıçı” nəşriyyatı 1985-ci ildə onun böyüklər üçün nəzərdə tutulan ”Ağ saçların işığı” kitabını çap eləmişdisə, ”Gənclik” nəşriyyatının nəşr elədiyi ”Qara ilə Qaracanın nağılı” (1986) kitabı uşaqlar üçün nəzərdə tutulmuşdu.

Eldar Baxış yaşıdları arasında sayılıb-seçilən bir qələm sahibi idi. Onun 1985-ci ildə Vladivastokda keçirilən Ümumittifaq poeziya festivalında Azərbaycanın gənc yazıçılarını təmsil etməsi də təsadüfi deyildi.

Sağlığında çap olunan son şeir kitabı ”Deyə bilmədiyim sözlər” (”Yazıçı” nəşriyyatı, 1988) idi… Eldarın deyə bilmədiyi sözlər çox idi… Amansız ölüm ona imkan vermədi ki, həmin sözləri desin, yeni-yeni kitablarını nəşr etdirsin…

Ömrünün son məqamlarında yorğan-döşək xəstəsi olan Eldarın poetik düşüncələri onun şəxsiyyətini, məramını, əqidəsini qiymətləndirmək baxımından maraqlıdır. ”Bir parça işıq” adlı şeirdəki poetik ovqat oxucunu düşüncələrə qərq edir:

Bir parça işçq düşdü

Çarpayımın üstünə,

O işıqda tərpəndi

Bu kədərim bəlkə də…

Bütün dostlarım gedir

Haqq yolunda döyüşə –

Gedir onlar inamla,

Hamısı bir cərgədə.

Bir parça işçq düşdü

Çarpayımın üstünə –

Işıqdımı, dişdimi? –

Sən ölümdə dişə bax.

Haqq yolunda döyüşdə

Ölmək istəyirdim mən,

Amma yorğan-döşəkdə

Öləcəyəm, işə bax!

Eldar Baxış istedadlı, heç kəsə bənzəməyən bir şair idi. Ancaq onun olduqca maraqlı nəsr əsərləri də var idi. Radionun uşaq verilişləri redaksiyasında işləyərkən yazdığı hekayələr, nağıllar, povestlər onun ”Ağ atlı oğlanlar” (”Gənclik”, 1990) kitabında toplanmışdır. 1981-ci ildə ”Azərbaycan” jurnalında çap olunan ”Qaravun dərənin dükançısı” povesti Eldar Baxışın nəsr sahəsində də çox səriştəli bir qələm sahibi olduğunu göstrəir.

Xalq yaradıcılığına dərindən bələd olan Eldar Baxış maraqlı lətifələr toplamışdı. Onun lətifələrdən ibarət kitabı (”Ölüsü ilə ərəbcə, dirisi ilə rusca”, ”Yazıçı” nəşriyyatı, 1994) da oxucular tərəfindən maraqla qarşılanmışdı…

Eldar Baxışın 1982-ci ilə Kukla Teatrı tərəfindən tamaşaya qoyulan ”Məlikməhəmməd” pyesi onun dramaturgiya sahəsində də səriştəli bir müəllif olduğunu göstərən maraqlı ədəbi faktdır. Bu pyesin Mərdəkan Xalq Teatrı aktyorlarının ifasında Praqada uğurla tamaşaya qoyulması, Tbilisidə keçirilən Ümumittifaq müsabiqəsində yüksək mükafata layiq görülməsi də Eldarın sənətkarlıq bioqrafiyasının parlaq səhifələrini təşkil edir.

Eldar təkcə folklaorla deyil, tarixi hadisələrlə də yaxından maraqlanırdı. Onun hələ çap olunmayan və tamaşaya qoyulmayan ”Uzun Həsən” adlı bir pyesi də vardır.

Eldar yeni şeirlər, nəsr, lətifələr kitablarının üstündə işləyir, onları nəşrə hazırlayırdı. Lakin bu istedadlı qələm sahibi 1996-cı ilin may ayının 22-də dünyasını dəyişdi… Dostları onun yazılarını ara-sıra nəşr eləsələr də, haqqında məqalələr yazıb çap etdirsələr də, Eldarın çap olunmamış xeyli əsəri qalıb…

Eldar şair gözəl şair, vətənpərvər insan idi. O, öz xalqını dərin məhəbbətlə sevir, onu azad görmək arzusuyla yaşayırdı. Eldarın yaradıcılığında məhz bu xətt ən aparıcı xətlərdən biri kimi əvvəldən sona kimi davam etmişdir. Vətən, el məhəbbəti, xalqın azadlığı, şəxsiyyət azadlığı ideyası Eldar Baxış yaradıcılığının əsas leytmotivini təşkil edir.

”Asılı deyiləm mən bir adamdan,

Bir adam da məndən asılı deyil”… misraları da göydəndüşmə deyildir, Eldarın bir şəxsiyyət kimi daxili dünyasından xəbər verən sətirlərdir.

Ruhu şad olsun qələm dostumuzun!

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.

ELDAR BAXIŞIN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əvəz Lələdağ – YURD HƏSRƏTLİ POEZİYA

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

YURD HƏSRƏTLİ POEZİYA

Rafiq Yusifоğlunu çoxdan tanıyıram. O da Sumqayıt kimi gözlərim önündə kərpic-kərpic, pöhrə-pöhrə böyüyüb, böyüdükcə Sumqayıta sığmayıb. Zəngin söz dünyası olan Rafiq Yusifоğlu yurd həsrətli, lirık şairdir. O, yaşadığı aləmi daima təbii, saf, gözəl görmək istəyir. Onun şeirlərini oxuyarkən çox sadəliyin içində bir müşkül mürəkkəblik görürsən. Düşünürsən ki, bundan asan nə var ki? Amma dərk edəndə ki, onun ləngərli misraları ürək qanı, göz yaşı, sevgi həvəsi, gül qönçəsi, çiçək zərifliyi, çəmən gözəlliyi, dərə dərinliyi, bulaq sərinliyi və dağ ucalığından qidalanıb, ecazkar möcüzələr qarşısında acizləşirsən. Bir qədər sonar bu ilahi sözlər güc, qüdrət, ilham verir, qanadlanırsan, əngin səmanı dolaşırsan, göylərdə süzür şirin xəyalın…

Şair cəmiyyətdə gedən prosesləri diqqətlə izləyir, əzəznləri, əzilənləri, güclüləri, zəifləri, zülmkarları, qurbanları görür, çıxış yolu axtararkən ağzı qayaya dirənir, cəmiyyətdə bircə qanun olduğu qənaətinə gəlir: kim güclüdürsə, o da haqlıdır. Güclülər puluna, silahına güvənir. Şair haray çəkir, haqsızlığa qarşı asi çıxır, lakin sonar təəssüflə deyir:

Sağmal inəyimiz qısır qalıbdır,

Sarı sünbül olub qızıldan baha.

Bizim dəyirmanlar insan üyüdür,

Gərəyimiz deyil qızıl dən daha!

Şair başımızı ağardan “çax-çax”ları, dələduzları, para, mənsəb, şöhrət və vəzifə düşkünlərini “üyütmək” üçün xeyirxah, səmimi, doğruçu adamlara arxalanır, güvənir.

Çax-çax başımızı yaman ağrıdır,

Çoxdan həsrət qalıb dəyirman una.

Gəlsin siyasətin Donkixotları

Bizim məmləkətin dəyirmanına…

Rafiq Yusifоğlu dogma yurd-yuvasına, el-obasına, dağına – dərəsinə, çölünə-çəməninə, yalına-yamacına, yoluna-irizinə ürəkdən bağlı olduğu üçün vətənin hər qarış torpağını hədsiz məhəbbətlə sevir.

Mistan, Qızılqaya, Səngər, Yazı düzü, Üçtəpə, Həkəri, Bərgüşad, müqəddəs ziyarətgahlarımız dilindən düşmür şairin.

Rafiq Yusifоğlunun “Həsrət köçü” kitabı oucularla yeni görüşüdü. Kitabın bölmələri – “Yurd həsrəti”, “Alnıma yazılan yazı”, “Bu dünya bir nağıldı”, “Torpaq nəğməsi”, “Əsgər nəğmələri” çox mətləblərdən xəbər verir, oxucunu səfərbər olmağa, işğal altında qalan torpaqlarımızı azad etməyə ruhlandırır. Şair yarımçıq, köntöy, vaxtı-vədəni bilməyən, dünyadan gözü doymayan adamlara sərrast söz qamçısı vurur.

Camaat duzdan qayıdır,

Sən hələ duza gedirsən.

“Həsrət köçü” kitabının bir uğuru da odur ki, kəndçiliyimiz, ilkinliyimiz, qorunub saxlanıb. Şairin bütün kitab boyu sezilən vüqarı sınmır, əyilmir. Əksinə, özünü dərk edən vüqarlı oxucuda minnətdarlıq hissi oyadır.

Şair tərəqqinin tərəfdarıdır, lakin orda milliliyimizə xələl gətirən element görəndə üsyan edir. O tərəqqi ki, məni sazımdan, tütəyimdən, balabanımdan, qara zurnamdan, milliliyimdən ayrı salıb uzaqlaşdırır, mənə belə tərəqqi lazım deyil, – deyir.

Mən kitabı oxuyanda özümdə bir gümrahlıq, yüngüllük və təsəlli hiss etdim. Mən şair dostuma, qardaşıma möhkəm cansağlığı, iti qələm, mənalı ömür, coşqun ilham arzulayıram. Gün o gün olsun ki, həsrət körpüsündən qələbə bayrağı ilə keçək, ulu Zəngəzurda görüşək…

İlkin mənbə: “Sumqayıt” qəzeti, 16 yanvar 1999-cu il.

Müəllif: Əvəz LƏLƏDAĞ

ƏVƏZ LƏLƏDAĞIN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ƏDƏBİYYAT MƏNİM LEYLİMDİ, MƏN İSƏ ONUN MƏCNUNU”

“ƏDƏBİYYAT MƏNİM LEYLİMDİ, MƏN İSƏ ONUN MƏCNUNU

(Müsahibimiz gözəl şair, ədəbiyyatşünas alim, ”Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğludur)

– Bugünkü ədəbi prosesdə Rafiq Yusifoğlu özünü necə hiss edir?

– Əgər ədəbi prosesi axar bir çaya bənzətsək, bu çayı su ilə tə’min edən ayrı-ayrı bulaqlar, çeşmələr – yaradıcı adamlardır. Ola bilsin ki, böyük çayın içində mənim ilham bulağımın suyu o qədər də nəzərə çarpmır, çünki mətbuatda əvvəlki illərə nisbətən az çap olunuram. Ancaq fərdi yaradıcılıq bulağım isə öz axarındadır. XX1 əsri ”Təzə sevdalara doğru”, ”Çiçək yağışı”, ”Söz çəməni”, ”Ayrılığın qəm hasarı” adlı şe’r kitablarımla, ali məktəb tələbələri üçün yazılmış ”Ədəbiyyatşünaslığın əsasları” və ”Uşaq ədəbiyyatı” adlı dərsliklərimlə qarşılamışam. Ancaq elə təsəvvür yaranmasın ki, bu kitabların hamısı birnəfəsə yazılıb. Onlar uzun, gərgin yaradıcılıq prosesi nəticəsində, ayrı-ayrı vaxtlarda, ayrı-ayrı ovqatlarda söz-söz, misra-misra, məqalə-məqalə yaranıb…

– Rafiq müəllim, son kitablarınız da göstərir ki, Sizin fəaliyyətiniz çoxşaxəlidir. Müxtəlif çeşidli yaradıcılıq fəaliyyəti yazılarınızın tə’sir gücünü azaltmır ki?

– Qətiyyən, yox, əksinə bu tipli çoxşaxəlilik yaradıcı adamın ümumi səviyyəsinin düşməsinə imkan vermir. Torpağın da qüvvəsini tənzimləmək üçün bə’zən onun qoynunda müxtəlif toxumların əkilməsi vacibdir. Həmişə eyni ovqatda yaşamaq olmur axı! Ancaq bu da danılmaz həqiqətdir ki, mənim yaradıcılığımın şah damarı poeziyadır. Ədəbiyyatşünas Rafiq Yusifoğlu da, tərcüməçi Rafiq Yusifoğlu da, jurnalist Rafiq Yusifoğlu da, müəllim Rafiq Yusifoğlu da əslində şair Rafiq Yusifoğlunun köməkçiləridir. Yaradıcılıq prosesində şair Rafiq Yusifoğluya həm ədəbiyyatşünas – tənqidçi, həm tərcüməçi, həm jurnalist, həm də müəllim Rafiq Yusifoğlu nəzarət edir. Şairlik isə öz növbəsində digər sahələrdəki fəaliyyətimə yardımçı olur. Özü də bir qədər dərindən baxsan, mənim yaradıcılığımdakı çoxşaxəlilik bir-birinə yad sahələr deyil, hamısı ümumi ədəbiyyat sarayının bir-birini tamamlayan balaca hücrələridi. Mən bütün ömrümü, həyatımı şe’rə, sənətə, ədəbiyyata, onun təbliğinə həsr etmişəm. Hərdən mənə elə gəlir ki, ədəbiyyat mənim Leylimdi, mən isə onun Məcnunu…

– Madam ki, ədəbiyyatdan söz düşdü, müasir ədəbiyyatımızın səviyyəsi Sizi qane edirmi?

– Ədəbi prosesdə həmişə bulanmalar, durulmalar, qabarmalar, çəkilmələr olur. Sel əvvəlcə çör-çöp gətirdiyi kimi, bə’zən də naşı qələm sahibləri ədəbiyyat tariximizdən xəbərləri olmaya-olmaya əllaməçilik edir, ədəbiyyatın ümumi problemləri haqqında sayıqlama xarakterli mülahizələr irəli sürürlər.

Yeri gəlmişkən, yadıma maraqlı bir rəvayət düşdü. Bir zərgərin yanına mirvari gətirib deyirlər ki, bunu iki hissəyə böl. Zərgər deyir ki, bu gözəllikdə mirvarini bölmək cinayətdir. Sənətkar çox deyir, müştəri az eşidir və israr edir ki, nə deyirəm onu da elə! Belədə zərgər şagirdinə tapşırır ki, bu mirvarini tən iki yerə böl. Şagird dərhal əmri yerinə yetirir. Müştəri zərgərdən soruşur ki, sən nə üçün bu işi özün görmədin? Zərgər deyir: ”Mən mirvarinin qiymətini yaxşı bildiyim üçün onu bölə bilməzdim, əlim əsərdi. Şagirdim isə mirvarinin qiymətini lazımi səviyyədə bilmədiyi üçün asanlıqla onu iki yerə böldü”.

Mən bunu niyə deyirəm? Təəssüf ki, indi bizdə də zərgərin şagirdinə bənzəyən, özləri nəsə yaratmaq əvəzinə, ədəbiyyat tariximizə hücum çəkən adamalar var. Bədii əsər yazmaqdan çox dedi-qoduya meylli qələm sahibləri ədəbi proses nəhrini tez-tez bulandırırlar. Ancaq bunda qorxulu bir şey görmürəm. Onsuz da zaman əvvəl-axır hər şeyi saf-çürük edir. Ədəbi proses çayı son nəticədə ədəbiyyat tarixi dənizinə tökülür. Bu sehrli dəniz isə çirkabları təmizləmək, yaxşını pisdən ayırmaq, yerbəyer etmək qüdrətinə malikdir.

Ən əsası və önəmlisi budur ki, müxtəlif çeşidli, kimisə qane edən, kimisə qane etməyən əsərlər yaranır. Proses gedir, ədəbiyyat, sənət karvanı yenə də aram-aram öz yoluna davam etməkdədir…

– Sizcə, müasir şe’r necə olmalıdır?

– Müasir poeziya birinci növbədə müasirlərimizin duyğu və düşüncələrini əks etdirməlidir. Ancaq adi, ümumi sözlə yox, yüksək bədii sənətkarlıqla. Şe’rdə birinci məzmundu (sən nə demək istəyirsən?), ikinci formadı (sən necə deyirsən?). Bunların ikisinin – məzmunla formanın dialektik vəhdəti olmadan gözəl sənət əsərləri yaratmaq mümkün deyildir. Bu, bütün dövrlərdə belə olub, indi də belədir. Bə’zən ən’ənəvi forma yeni məzmunun ifadəsi yolunda əngələ çevriləndə, sənətkarın iradəsi ilə forma məzmuna müəyyən güzəştlərə getməli olub və beləliklə də sərbəst şe’r yaranıb. Şairlər orijinallıq xətrinə yox, ona görə forma sərbəstliyinə meyl eləyiblər ki, fikri daha qabarıq, daha aydın şəkildə ifadə edə bilsinlər.

Görkəmli pedaqoqlardan birinin ”Müəllimin başında dumanlı olan fikir şagirdin başında zülmətə dönər” sözlərini asanlıqla bədii yaradıcılığa da şamil etmək olar: ”Şairin, yazıçının başında dumanlı olan bir fikir oxucunun başında zülmətə dönər”. Doğrudan da, belədir. Bə’zi müasir şe’rləri nə qədər diqqətlə oxusan belə, müəllifin poetik məramını başa düşə bilmirsən. Digər tərəfdən, şüurlu şəkildə durğu işarələrindən istifadə etməmək azarı ara-sıra işaran poeziya qığılcımlarını da ”formasız forma” labrintində it-bata salır və beləliklə şairin əsas fikrini tapmaq qaranlıq otaqda qara pişik axtarmaq kimi müşkül məsələyə çevrilir.

Əsl poeziya dil-ifadə baxımından fərqlənsə də, zaman məhdudiyyəti tanımır və nə vaxt yazılmağından asılı olmayaraq həmişə müasirdir.

– ”Ədəbiyyatşünaslığın əsasları” və ”Uşaq ədəbiyyatı” dərslikləriniz ədəbiyyatşünaslıq elmimizə gözəl hədiyyədir. Bu dərsliklər hansı zərurətin nəticəsində yaranıb?

– Müasir gəncliyin ədəbiyyat nəzəriyyəsini, bədii yaradıcılığın qayda-qanunlarını, ədəbiyyatşünaslıq elmimizin müəyyən problemlərini öyrənməsi olduqca vacibdir. Mən uzun illərdir ki, elmi araşdırmalar aparıram, mətbutda ədəbiyyatın nəzəri, eləcə də uşaq ədəbiyyatının yaradıcılıq problemləri ilə bağlı məqalələrimlə müntəzəm çıxış edirəm. Bu dərsliklərdən əvvəl XX əsər Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətlərindən bəhs edən ”Azərbaycan poeması: axtarışlar və perspektivələr” adlı monoqrafiyam işıq üzü görüb. Doktorluq dissertasiyamın tezisləri əsasında yaranan bu monoqrafiyanı hazırlayarkən topladığım saysız-hesabsız bədii faktlar, eləcə də Sumqayıt Dövlət Universitetində ”Ədəbiyyatşünaslığa giriş”, Sumqayıt Pedaqoji Seminariyasında isə ”Uşaq ədəbiyyatı” fənlərindən mühazirələr oxumağım həmin dərsliklərin yaranmasına səbəb oldu. Bu dərslikləri mənim elmi axtarışlarımın və uzunmüddətli pedaqoji fəaliyyətimin yekunu kimi də qiymətləndirmək olar.

– Rafiq müəllim, Siz müasir gəncliyin arasındasınız. Oxucü problemi haqqında fikirlərinizi bilmək də maraqlı olardı?

– Zənnimcə, ən ağrılı məsələlərdən biri də elə budur. Əsl ədəbiyyat bütün dövrlərdə oxucu zövqünü formalaşdıran bir vasitəyə çevrilib. Bə’zən öz-özümə sual verirəm ki, indi yaranan nisbətən uğurlu əsərlər gəncliyin zövqünü formalaşdırmaq qüdrətindədirmi? Təssüflə öz sualıma özüm yox cavabı verirəm. Ancaq bunun günahını ədəbiyyatın zəifliyində yox, təbliğatın düzgün qurulmamasında görürəm. Bir tərəfdən ədəbi orqanların, çap olunan az-çox dəyərli kitabların tirajı yazıçılar birliyi üzvlərinin sayından azdırsa, digər tərəfdən heç bu az tiraj da lazımi səviyyədə oxunmur. Bayağı meyxanaların, replərin, mətnləri məzmunsuz söz yığımından ibarət qulaq batıran mahnıların televiziya və radio vasitəsi ilə kütləviləşməsi gəncliyin zövqünü əməlli-başlı korlayıb.

Tələbələrimə – gələcəyin dilçilərinə, ədəbiyyatşünaslarına, müəllimlərinə bədii sözün nə demək olduğunu başa sala-sala, onlara ədəbiyyatın nəzəri əsaslarını öyrədə-öyrədə xüsusi vurğulayıram ki, Siz bizim alaq otları kimi çoxalan boz ədəbiyyat yaradıcılarından qisas alacaq intiqam ordumuzun komandirləri olmalısınız. Sizin boynunuza dərs dediyiniz uşaqların bədii zövqünü formalaşdırmaq kimi ağır bir yük düşür.

– Uşaq ədəbiyyatı sahəsində fəaliyyətiniz haqqında mə’lumat verməyi və müasir uşaq ədəbiyyatına münasibətinizi bildirməyi xahiş edirik.

– Son illərdə çap edilən ”Çiçək yağışı” və ”Söz çəməni” kitablarım uşaqlar üçündür. Dərsliklərə çoxlu şe’rlərimin düşməsi məni sevindirir. Sonuncu kitabımı da müəyyən mə’nada dərslik hesab etmək olar. Çünki bu kitab şe’rlə yazılan qrammatikanı xatırladır, uşaqlara yığcam, məzəli şe’rlər vasitəsi ilə fonetika, morfologiya, sintaksis və leksika haqqında mə’lumat verir. Məktəblilərin və müəllimlərin rəğbətini qazanan ”Böyük arzuya gedən yol” kitabımın ”Günlərimiz, aylarımız” adlı yeni təkmilləşmiş variantını hazırlayıb rəssama vermişəm. Dünya ədəbiyyatından xeyli nağıl tərcümə edib öz jurnalımızda çap eləmişəm.

Uşaq ədəbiyyatı ümumi ədəbiyyatın ayrılmaz, lakin spesifik bir qoludur. Böyüklər üçün yazılan əsərlərin hamı tərəfindən oxunması vacib deyil, ancaq uşaqlar istər-istəməz onlar üçün yazılan əsərlərin hamısını oxumaq zorundadırlar. Çünki uşaq vaxtı hamı oxuyur, digər tərəfdən, valideynlərin uşaqların üstündə nəzarəti də güclü olur.

Açığını deyim ki, müasir uşaq ədəbiyyatının vəziyyəti məni qane etmir. Hal-hazırda yaşayan xeyli gözəl uşaq yazıçılarımız var, ancaq təəssüf ki, onların əksəriyyəti indi təzə əsərlər yazmırlar. Iste’dadlı gənclərin uşaq ədəbiyyatına gəlişi də qənaətbəxş, lazımi səviyyədə deyil. Ancaq bizim zəngin uşaq ədəbiyyatımız var, uşaqlar bu əsərləri oxusalar, çox faydalanarlar. Lakin təəssüf ki, bu əsərləri uşaqlara çatdırmağın özü də problemə çevrilib.

– Yeri gəlmişkən, Rafiq müəllim, balalarımızın sevimlisi olan, həmişə onlar üçün gözəl əsərlər çap edən ”Göyərçin” öz uçuşlarını davam etdirirmi?

– Neçə ilsə bundan əvvəl bir jurnalist qız yanıma gəlmişdi. Dedi ki, ”Kirpi” və ”Göyərçin” jurnalı haqqında bir məqalə yazmaq istəyirəm. Ona başa salmağa çalışdım ki, bu jurnalların profili tamam ayrı olduğu üçün, onlar haqqında eyni məqalədə söhbət açmağı lazım bilmirəm. Sonra jurnalın problemlərindən danışdım. Qəzetdə çıxan məqaləyə necə ad versələr yaxşı idi? ”Kirpi”nin tikanları itidir, ”Göyərçin” isə uçmağa qanad axtarır”. Doğrudanmı belə idi? Yox, ”Göyərçin” uçmağa qanad yox, qonmağa müqəddəs bir ocaq axtarır… Vaxtilə ”Göyərçin” 16 səhifədən ibarət idisə, indi onun həcmi qiyməti artmadan böyüyərək 24 səhifəyə çatıb. Indi görkəmli yazıçılar, şairlər, rəssamlar bizim jurnalın daha yaxşı çıxmasını dönə-dönə vurğulayırlar. Lakin bizim başqa problemimiz var. Vaxtilə 270 min tirajla çıxan ”Göyərçin” indi cəmi 2-3 min tirala çap olunur. Bu az nüsxəni yaymağın özü də böyük problemə çevrilib. Nəşr problemləri də bir yandan. Hər dəfə ayın ilk günü aldığmız ”Murzilka” və ”Vesyoloye kartinki” jurnallarına baxanda acı təəssüflə deyirəm ki, kaş bizimkilər də ruslardan nümunə götürüb, ”Göyərçin”i vaxtlı vaxtında çap eləyəydilər. Unutmayaydılar ki, bu jurnal respublikamızın bir nömrəli uşaq jurnalıdır, özü də dövlət tə’minatında olan uşaq jurnalı!

İlkin mənbə: ”Ədalət” qəzeti, 13 mart 2003-cü il.

Söhbətləşdi: QƏŞƏM NƏCƏFZADƏ

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu. Zər qədrin zərgər bilər

RAFİQ YUSİFOĞLUNUN YAZILARI



RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rafiq Yusifоğluya açıq məktub

RAFİQ YUSİFOĞLU HAQQINDA

“QƏM KARVANI” QƏLBLƏRİ

QƏMƏ DÜÇAR OLANLARA

BİR TƏSƏLLİDİR

(Rafiq Yusifоğluya açıq məktub)

Hörmətli Rafiq müəllim, mənim qələm əhlinə çox böyük hörmətim var. Səbəbi isə şair və yazıçıların insan hisslərini, insanların həyatında baş verən sevincli və kədərli anları, ümumiyyətlə, xalqın həyatında baş verən sevincli və kədərli anları qələmə alıb bədii dildə oxuculara çatdırmalarıdır. Həmişə şairlərlə görüşüb onların sözlərini eşitmək mənim üçün çox maaraqlı olub. Şair dünyası sirli olduğu qədər də saf bir dünyadır. Sizi görəndən sonra fikrimin doğruluğu isbat olundu. Mən 80 dəqiqə ərzində Sizi müəllimdən daha çox şair kimi dinləyirəm.

Rafiq müəllim, Sizin gənc nəsli nəzərə alıb yazdığınız və öz kövrək hisslərinizi oxucularla bölüşdürdüyünüz “Qəm karvanı” kitabı Sizi sevən oxucular tərəfindən olduqca maraqla qarşılandı. Mənim bir şair kimi Sizinlə ilk tanışlığım bu kitabdan başlandı. Çox arzu edirəm ki, Sizin həm siyasi, həm uşaq həyatından bəhs edən kitablarınızın da daimi oxucusu olmaq imkanına malik olum.

“Qəm karvanı” kitabına ön söz yazan Ağəddin Mansurzadənin dediklərindən belə çıxır ki, Siz etiraf edib deyirsiniz ki, hər şeyə görə dənizə minnətdarsınsz.

Əslində Sizin bir şair kimi yetişməniz dənizlə tanış olmazdan əvvəllərə təsadüf edir. Xəzər isə sadəcə olaraq Sizin şair qəlbinizi kökdən düşməyə qoymamışdır. Yəni demək istəyim budur ki, itirdiklərinizi dənizdə axtarıb tapmısınız. Sizi şair edən fitri istedadınız və bir də doğulub boya-başa çatdığınız o gözəl yurdun şəffaf bulaqları, göz oxşayan mənzərələri, daim gözünüzün qabağından axan Bərgüşad çayı olmuşdur. Bütün bunları, eləcə də yurd həsrətini cismən də olsa unutduran, Sizə sirdaş olan Xəzəri ona görə çox sevirsiniz ki, itirdiklərinizi məhz onun dalğalarında, göz oxşayan gözəlliyində tapa bilirsiniz.

Sizin yaradıcılığınızın kökü saf olmuşdur. Onun üçün də şeirlərinizdə saflıq, ülvilik, səmimilik çox tez hiss olunur.

Kitabdakı şeirlər kövrək, ülvi bir məhəbbət üzərində köklənmişdir. Mənə elə gəlir ki, bu şeirlər şair qəlbinə bir pəncərədir. Kitabda toplanmış şeirlər əvvəldən axıradək bir sim üstə köklənmiş, bir ünvana yönəlmişdir. Şeirlərdə həzin, incə bir kədər axıradək bizə yoldaşlıq edir. Bu misralarda olduğu kimi:

Bilmirəm nə üçün belə elədim,

Ömrümü bir şirin qəmə bələdim.

Bir lələk dilədim durna köçündən,

Qərib olduğunu ürək unutdu.

İgidlər içində, ərlər içində

Mənim qız ürəyim gör kimi tutdu?!

Nə qədər istəsən, belə ürəyəyatımlı misralardan nümunə gətirmək olar. Ancaq mən kitabdakı şeirləri bir-birindən fərqləndirməkdə çətinlik çəkirəm. Bunlar bənzərsiz məhəbbət inciləridir. Bu şeirlər saf, ülvi, təmiz, zərif hisslərin məhsulu olduğu üçün bir növ qəlbə təsəllidir. Nə yaxşı ki, məhəbbət dediyimiz sirli varlığı layiqıncə qiymətləndirən söz sərrafları var, Siz varsınız.

Şeirləri oxuyarkən göz önündə maraqlı səhnələr canlanır. Bu isə ondan irəli gəlir ki, şeirlər olduqca obrazlı şəkildə qələmə alınmışdır.

Bəlkə də bu yazdıqlarımla Sizə heç nə deyə bilməmişəm, bəlkə də əksinə. Tək bircə cümlə ilə fikrimi tamamlamaq istəyirəm: “Qəm karvanı” İlahidən gələn həsrətli bir sevginin məhsuludur. Çox sağ olun, çox sağ olun ki, bu gözəl kitabı yazıb bizə hədiyyə etmisiniz.

İlkin mənbə:“Vaxt” qəzeti, 30 mart – 5 aprel 1998-ci il.

Müəllif: Dürrə HAQVERDİYEVA

DÜRRƏ HAQVERDİYEVANIN YAZILARI



RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qüdrət MUĞANLI – ÇAY DƏNIZƏ QOVUŞUB

RAFİQ YUSİFOĞLUQÜDRƏT MUĞANLI

ÇAY DƏNIZƏ QOVUŞUB

Əziz dostum, şair qardaşım Rafiq müəllim! Eşitdim ki, 2000-ci ilin ilk günlərində – yanvarın 2-də sənin əlli yaşın tamam olur. Bir qədər düşünüb-daşındım. Sənin o qədər yaşın olmağına inanmadım. Çünki mən səni qəlbi şeirlə, məhəbbətlə dolu, sinəsi söz-söhbətli, təbiətən nikbin, hazırcavab bir cavan kimi tanıyıram. Sən hər dəfə redaksiyaya gələndə özünlə bərabər gülüş, şən ovqat gətirirsən. Gah yumorlar söyləyir, gah da məhəbbət mövzusunda şe’rlər deyirsən. Qələmi yerə qoyub sənin şən zarafatlarına, duzlu lətifələrinə qulaq asıram. Çox keçmir ki, jurnalist dostlarım da başına toplaşır və məzəli söz-söhbətinə həvəslə hakim kəsilirlər.

Deyirlər yazıya pozu yoxdur. Bir halda ki, sən əlli ilin dizlərini qatlayıb üstündə oturmusan, bizə yalnız bu qalır ki, səni əlamətdar yubileyin münasibətilə təbrik edək və deyək: gün o gün olsun ki, ömrünün yüz illik zirvəsindən boylanasan.

Bir də qəlbi Vətən məhəbbəti ilə döyünən, el-oba qeyrətli şair üçün əlli yaş nədir ki?! Səninlə bağlı xatirələrim yada düşdükcə əmin oluram ki, sinəsi sözlü-söhbətli bir insan üçün bu sadəcə quru rəqəmlərdir. Axı, insanın kamilliyi, dəyəri yaşla deyil, onun xalq üçün, el-oba üçün, dost-tanış üçün gördüyü xeyirxah əməllərlə, işlərlə, özündən sonra qoyduğu yadigarlarla üzə çıxır.

Bir vaxt Qubadlının sıldırım dağlarını, güllü-çiçəkli yamaclarını dolaşan, Bərgüşad, Həkəri çaylarının buz sualarında çimən, dovşan ovlayıb torağay vuran, xarici görünüşü ilə tay-tuşlarından heç nə ilə fərqlənməyən sən, bu gün tanınan, sayılan, seçilən bir şair olmusan. Özünün yazdığın kimi şe’rin əlifbasını baban Nuşirəvandan öyrənmisən. Anan Şamamanın bayatıları ilə pərvazlanmısan. Atandan, əmilərindən, dayılarından, doğmalarından dərs almısan. Bir xalq məsəlində deyildiyi kimi: ”Ot kök üstündə bitər”. Sən belə bir kökdən su içdiyin üçün bu gün öz işinlə, əməlinlə, iste’dadınla o kökə layiq olduğunu sübut eləmisən.

Əziz dostum, yadıma sənin otuz il əvvəl ilk dəfə utana-utana redaksiyaya gəldiyin vaxtlar düşdü. Inanmadım ki, yazıb gətirdiyin şe’rlərin müəllifi sənsən. Amma sonra yanıldığımı, sənin köksündə odlu bir ürək olduğunu hiss etdim. Bu günlərdə işıq üzü görən ”Xatirə kəcavəsi” kitabında yazırsan ki, bibin oğlu Sabir Bakıda oxuyurdu. O həmişə qardaşı Zakirə məktubu şe’rlə yazardı. Bir gün atam mənə dedi ki, mən deyim Sabirə şe’rlə bir məktub yaz.

Elə bununla da şeirə könül vermisən. Özünü sənətə həsr etmisən. ”Qarğa məhəbbəti” adlı ilk şeirin ”Avanqard” qəzetində çap edilib. O vaxt atan Yusifin sevinci hədsiz-hüdudsuz olub. Kövrək addımların şe’r, sənət yolunda bərkidikcə, qələmin kəsərini artırdıqca sənin sevincindən doğmalarına da pay düşüb. Uğuruna ən çox sevinənlərdən biri də Firuzə bibinin oğlu Zakir olub. Hamımız üçün əziz olan, ömrünün ən qaynar çağlarında dünyasını dəyişən, son günə qədər Sumqayıt layihə institutuna direktorluq edən Zakir müəllim sənin xətrini çox istəyirdi. Bir dəfə Zakir müəllimgildə süfrə arxasında oturmuşduq. O, Zəngilanın, Qubadlının füsünkar mənzərəsindən söz açdı: ”Bu yay səni də o yerlərə aparacam. Dayım oğlu Rafiqi də götürərik. Onun yaxşı şe’rləri var. Yol boyu bizi feyziyab edər” – dedi.

Ulullarımızın bir məsəli var: ”Sən saydığını say, gör fələk nə sayır”. Həmin yay yurdumuzun dilbər guşəsi olan bu torpaqlar erməni quldurları tərəfindən zəbt edildi. Bu dərd uca boylu Zakirin sanki belini əydi. Bir neçə ay əvvəl isə yurd nisgili ilə dünyasını dəyişdi Zakir müəllim. Bir şe’rində necə gözəl demisən:

Dərd mənim qəlbimi elə deşib ki,

Hazıram ən ağır ölümə daha.

Qələmim o qədər ağırlaşıb ki,

Götürə bilmirəm əlimə daha.

Yox, Rafiq müəllim! Bu dərd təkcə sənin dərdin deyildir. Yurdu, əzizlərinin məzarı yağı tapdağı altında qalan, vətənində didərginə çevrilən soydaşlarımızın, bütövlükdə isə Azərbaycan xalqının dərdidir. Qəlbinin dərinliklərindən süzülüb gələn misralar bizi də kövrəldir:

Ömür yolum üstə yanır,

Taleyimin ülkəridir.

Qubadlı sazdı, simləri

Bərgüşaddır, Həkəridir…

Sən xoşbəxtsən, qardaş, çünki qəlbində ulu bir məmləkətin, böyük bir elin ağrı-acılarını yerləşdirə bilmisən. Ürəyində Tanrıya, Yaradana sonsuz məhəbbətin vardır. Sən xoşbəxtsən ki, könlünü şe’rə, sənətə vermisən, həyatını xalqına, onun amallarına həsr etmisən. Bir şe’rində deyirsən:

Ay Allah, qəlbimi yeyir xəfif qəm,

Ay Allah, bilirəm, sevirsən məni.

Ay Allah, ay Allah, uf da demərəm,

Xalqımın başına çevirsən məni.

Bunu yalnız böyük şəxsiyyətlər, kamil adamlar deyə bilərlər. Özünü xalqının başına çevirən şair, şübhəsiz ki, xalqın gözündə ucalır, müdrikləşir, Allah Təalanın məhəbbətini, sevgisini qazanır. Bu gun şair Yusifoğlunun sevgisi ilə, məhəbbəti ilə böyüyən nə qədər oxucusu var! Bəlkə də pedaqoq olduğundan uşaq psixologiyasını gözəl bilirsən. Buna görə də qələmə aldığın saysız-hesabsız şe’rlərində uşaqların dünyasını özünəməxsus bir yolla vəsf edirsən. Bunun üçün misraların məktəblilərin dilindən düşmür. Uşaqlar da, böyüklər də Rafiq Yusifoğlu yaradıcılığının pərəstişkarına çevrilmişlər.

Yadıma bir əhvalat düşdü. Milli məclisə seçkilər keçirilirdi. Bir namizəd kimi N. Gəncəvi adına texniki və təbiət elmləri litseyində seçicilər səninlə görüşürdülər. Salonda boş yer yox idi. Sumqayıtlılar səninlə görüşə qəlblərinin hökmü ilə gəlmiş və bunu öz çıxışlarında dönə-dönə təkrarlayırdılar. Məktəbin direktoru, qabaqcıl maarif xadimi Minarə Tahirovanın dediyi sözlər indi də yadımdan çıxmır: ”Rafiq Yusifoğlunun qəlbi də şeirləri kimi safdır, təmizdir, insanlara məhəbbətlə doludur”. Bu söz sənin şəxsiyyətini tam dolğunluğu ilə əks etdirir.

Azərbaycanın bir sıra görkəmli söz, sənət fədailəri, alimləri sənin yaradıcılığına, elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət veriblər. Ismayıl Şıxlı, Qabil, Xəlil Rza Ulutürk, Məmməd Araz, Yaşar Qarayev, Nizami Xudiyev, Bəkir Nəbiyev, Qasım Qasımzadə, Nəriman Həsənzadə, Tofiq Mahmud, Hikmət Ziya, Fikrət Sadıq, Əziz Mirəhmədov və başqalarının dediyi sözlər təsadüfün nəticəsi deyil, sənin zəhmətinə, iste’dadına, iti və duzlu qələminə verilən qiymətlərdir.

Əziz dostum, səninlə bağlı bilgilərim birmidir, ikimidir?! Bu bilgilər şəxsiyyətinə böyük hörmət etdiyim, iste’dadlı alim mərhum Mehdi müəllimlə, bibin oğlu Zakir müəllimlə, gələcəiynə ümidlə baxdığım Gündüz bala ilə görüşlərim zamanı daha da artmışdır, çoxalmışdır.

Hələ uşaqlıqdan bir xalq deyimini tez-tez eşidirəm: ”Ərlə arvadın torpağı bir yerdən götürülüb”. Bu deyimdə nə qədər böyük mə’na vardır. Oğlum balaca vaxtı xəstələnmişdi. Onu uşaq poliklinikasına aparmışdıq. Bizi Fəzilə həkimin yanına göndərdilər. O, uşağı diqqətlə və ana məhəbbəti ilə müayinə etdi və dedi: ”Heç bir şey yoxdur, ürək döyüntüsü yaşla əlaqədardır, keçib gedəcək”. Sonradan mə’lum oldu ki, bu həssas ürəkli həkim Rafiq Yusifoğlunun həyat yoldaşıdır. Elə ona görə də tez-tez sənin bir beytini xatırlayıram:

Toxum cücərdənlər çoxdu dünyada,

Mənə daş göyərdən ürək gərəkdir.

Əziz dostum, məqsədim heç də sənin yaradıcılığını təhlil etmək deyildir. Çünki yaradıcılıq məziyyətlərin barədə çox deyilib, çox yazılıb. Ona görə də sənin kamil şəxsiyyətin, yüksək insani məziyyətlərin barədə söz açmağı ön plana çəkmişəm. Sənin xarakterik xüsusiyyətlərini qələmə almaq istəmişəm. Istəyirəm ki, səni layiqli bir insan kimi, iste’dadlı bir şair kimi, gözəl alim kimi, vəfalı həyat yoldaşı kimi, mehriban bir ata kimi təqdim edim. Istəyirəm onu da deyim ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi Rafiq Yusifoğlu Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində anadan olub. 1970-ci ildə indiki N. Tusi adına ADPU-nun filologiya fakültəsini bitirmiş, sonra Nizami adına Ədəbiyyat Institutunun aspiranturasını qurtarmışdır. ”Azərbaycan poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi dərəcəsi almışdır. ”XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” adlı doktorluq dissertasiyasını tamamlamışdır. Bir müddət Azərbaycan Dövlət Televiziyasının ”Xəbərlər” baş redaksiyasında elm, mədəniyyət, incəsənət şö’bəsinin müdiri işləmişdir. 1997-ci ildən ”Göyərçin” jurnalının baş redaktorudur. Moskvada keçirilən üç beynəlxalq uşaq ədəbiyyatı günlərinin iştirakçısı olmuşdur. 1989-cu ildə”Ətirli düymələr” kitabına görə Azərbaycan Yazıçılar ittifaqının, mətbuat komitəsinin və gənclər ittifaqının mükafatına layiq görülmüşdür. ”Vətən” ali ədəbi mükafatı laureatıdır.

”Yurdum-yuvam”, ”Ətirli düymələr”, ”Ocaq yeri”, ”Aylı cığır”, ”Qəm karvanı”, ”Həsrət köçü”, ”Şirin yağış”(rus dilində) adlı şe’r, ”Bahar qatarı” adlı nəsr, ”Dədə Qorqud” komikslər kitabının, XX əsr Azərbaycan poemasının yaradıcılıq xüsusiyyətlərindən bəhs edən ”Azərbaycan poeması, axtarışlar, perspektivlər” monoqrafiyasının müəllifidir.

Bütün bunlar yaşanmış əlli illik Rafiq Yusifoğlu ömrünün bəhrələri, əzizlərinə hədiyyəsi, gələcək nəslə töhfəsidir. Aylar ötəcək, illər dolanacaq, ömrün altmışıncı, yetmişinci, səksəninci … illərinin zirvəsinə yüksələcəksən. Onda biz də ürəkdən sevinəcək, yaradıcılığı gur çay kimi kükrəyən qələm dostumuza deyəcəyik: çay dənizə qovuşub…

İlkin mənbə: ”Sumqayıt” qəzeti, 31 dekabr 1999-cu il.

Müəllif: Qüdrət MUĞANLI

QÜDRƏT MUĞANLININ YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ YUSİFOĞLU – QƏM KARVANI

RAFİQ YUSİFOĞLU – ŞAİR.

QƏM KARVANI
(Poema)
Mənəm ki, qafiləsalari karivani-qəməm…
Məhəmməd Füzuli

Sevən gözlərimə verib Tanrı su,
Indi dərk edirəm məhəbbətini.
Ey böyük Füzuli – sənət Tanrısı,
Bizdən əsirgəmə səxavətini.
* * *
Özüm də bilmirəm, axı nə sirdir,
İncə kəlamının dadı azalmır.
Bir şair ürəyi neçə əsrdir
Yanır için-için, odu azalmır.
* * *
Baxıb kainata məhəbbət ilə
Həsrət işığında hey köks ötürdün.
Sən ulu eşqinin əzəmətiylə
Məcnunun eşqinə yuxu gətirdin.
* * *
Közərdi qəlbində söz için-için,
Keçib əsrləri, bizi yandırdı.
Hicranın zülməti sevənlər üçün
Qaranlıq dünyanı işıqlandırdı.
* * *
Məndən sevgilimin üzü dönəndə
Sənin dilin ilə danışdırmışam.
Bəzən ürəyimin odu sönəndə,
Şeirinin oduna alışdırmışam.
* * *
Mən sənə biganə qala bilmərəm,
Hər sözün önündə başımı əydim.
Sənin tək sənətkar ola bilmərəm,
Barı sənin kimi sevə biləydim…
* * * * * * * * *
–Yarəb, bir ilahi məhəbbət ilə
Səni dərk etməyə çalışıram mən.
Ürəyim eşq ilə gəlsə də dilə,
Sənin rizan ilə danışıram mən.
* * *
İzn ver qanımda haqq nuru axsın,
Dözərəm, olsa da yarım hikkəli.
Qoy sevgi ruhumu odlara yaxsın,
Sənin dərgahına təmiz, pak gəlim…
* * *
Fələklər alışır hər gün ahımdan,
Sevgi qanadında göylərə uçum.
Əfv et Füzulini, keç günahımdan,
İlahi, sevməkdir mənim də suçum…
* * *
Qəlbimdə közərir gizli bir inam,
Eh, sənsiz bir günü axı neylərəm?!
Yoxdur bu dünyadan ayrı təmənnam,
Yarımdan yarımı tələb eylərəm.
* * *
Aşiq göz yaşını necə saxlayar? –
Dolaram, yadıma, yar, sən düşəndə.
Adətdir, həmişə zar-zar ağlayar
Qəribin yadına vətən düşəndə.
* * *
Bir ürək sinədə batıbsa yasa,
Etdiyin cəfalar məgər azdımı?
Sinəmdə min tənə oxu olmasa,
Ürək tənhalıqdan darıxmazdımı?
* * *
Bəs sənə vəfasız necə deyim mən,
Hicrində çəkdiyim səfa deyilmi?
Məndən ki cəfanı əsirgəmirsən,
Elə bu özü də vəfa deyilmi?!
* * *
Bəxt ulduzu sandım qara gözünü,
Onları üstümdən iraq eyləmə!
Əzizim, amandır, parlaq üzünü
Əğyar məclisinə çıraq eyləmə!
* * *
Sənin qəmzə oxun məni yaralar,
Ancaq ki, ölmərəm, yönüm bəridir.
Bağrımın başında olan yaralar
Cününluq dağının qönçələridir.
* * *
Bəzən kövrəlirəm, ürək daş deyil,
İndi varlığıma hopan alovdur.
Gözümdən tökülən qanlı yaş deyil,
Sevən ürəyimdən qopan alovdur.
* * *
El-aləm danışır mənim sözümü,
Indi ağıl qoyur hər yetən mənə.
Eh, eşqə salmışam özüm-özümü,
Heç düşmən etməzdi etdim mən mənə.
* * *
O qara gözlərin önündə dur ki,
Ürəyin sirrini aça, söyləyə.
Hamı vüsal istər, aşiq odur ki,
Hicran bəlasını tələb eyləyə.
* * *
Peyman bağlamışdıq ikilikdə biz,
O məndən cəfanı kəm eyləyərmi?
Qafil, nə çaşmısan, axı səbəbsiz
Göz yaşı yanağı nəm eyləyərmi?!
* * *
Dünyanın işığı gözümün deyil,
Görmürsən nə qədər onlar itidir?
Məndəki nəfəs də özümün deyil,
Bir gözəl pərinin əmanətidir.
* * *
Səbrə nöqtə qoydu qara xalıyla,
Dərmanım tapılmaz, elə xəstəyəm.
Sağaltdı hamını öz vüsalıyla,
Hicran bəlasıyla hələ xəstəyəm…
* * *
Qırılmış bir çiçək çətin ki, bitə,
Onu öz əlimlə dərdim, ay təbib!
Özünü nahaqdan salma zəhmətə,
Sən bilən dərd deyil dərdim, ay təbib!
* * *
Mənimçün pərişan olduğun yetər,
Həkim, xoşdur mənə yar yolunda qəm.
Aşiqin dərdinə dərman etsələr,
Onun xəstəliyi artar dəmbədəm.
* * *
Yanıqlı naləmə qulaq tut mənim,
Dərdimi deməyə eh mən acizəm.
Seyr et göz yaşımı, ey bulud, mənim,
Elə düşünmə ki, səndən acizəm.
* * *
Yar bizi yad edib, nə danış, nə din,
O gələn yolları öpüm sevinclə.
Odlu göz yaşımı mən öz sərvimin
Ayağı altına səpim sevinclə.
* * *
Ahımdan fələklər titrəyir zağ-zağ,
Çətin ki, bu yoldan dönə, – deyirlər.
Çoxdur eşq oduna tutulan, ancaq
Leyli sənə, Məcnun mənə deyirlər.
* * *
Dərdim yüz dərmandan artıqdır, təbib,
Cünunluq yolundan məni əyləmə.
Yar vuran yaraya dərman eyləyib,
Məni şirin zövqdən məhrum eyləmə.
* * *
Incə əllərində gül tək solaydım,
Bu xəzan mənimçün bahar, yaz olar.
Min canım olaydı, qurban olaydım
Sənə miniylə də, bir can az olar.
* * *
Gəl hər şəffaf suyu bulaq bilmə sən,
Axan gözlərimin qaynar yaşıdır.
Nahaq gizləyirsən üzünü məndən,
Gözlər gözəlliyin məhək daşıdır.
* * *
Acı sözlərin də mənə bal dadır,
Odur dərdlərimin dəvası, gözəl.
Sənin o pərişan saçlarındadır
Könlümün quşunun yuvası, gözəl.
* * *
Yaxır ürəyimi həsrət, intizar,
Vüsalın gözümdən süzülür dən-dən.
Yəqin ki, yaqut tək qiymətim artar
Bağrımın qanına boyandıqca mən.
* * *
Məni əridibdir hicran ələmi,
Nahaqdan danlama, gülüm, özünü.
Ahımın tüstüsü tutar aləmi,
Bircə yol görməsəm parlaq üzünü.
* * *
Gözündən könlümə işıq axanda,
Dilim topuq çalır, dəyişir halım.
Bağrım parçalanır sən hər baxanda,
Gündə bir ciyəri de, hardan alım?!
* * *
Gözlərim səninçün qanlı yaş tökər,
Mənə rəhmi gələr dilsiz daşın da.
Məcnunda olsaydı fəğanım əgər,
Yuva qurardımı quşlar başında?!
* * *
Mən sevda yolunda təkcəyəm, təkcə,
Mənimçün qəm deyil yardan gələn qəm.
Gözəllər cəfanı çox eylədikcə,
Eşqin də ləzzəti artır dəmbədəm.
* * *
Səba bu dərdimi yayıb aləmə,
Deyib ki, verirəm eşq yolunda can.
Eşq rüsvalığı ayıbdır demə,
Ay zahid, rüsvayi-aləm olarsan!
* * *
Eşqsiz o səda olmazdı neydə,
Gör necə yandırır? – Bir dəm tut qulaq!
Ahımdan ulduzlar alışar göydə,
Muradımın şəmi alışmaz ancaq.
* * *
Vurğunu olduğum o nazikbədən
Məni öz ardınca dartır günbəgün.
Bidərd tədbirini eşitdiyimdən
Ürəkdə dərdim də artır günbəgün.
* * *
Naləmlə hamını oyadıram mən,
Heç kəs möhkəm yatmır sən yatan kimi.
Hər an vüsalına can atıram mən,
Qərib vətəninə can atan kimi.
* * *
O ətirli saçlar dağılıb yenə,
Mişki-Çin də verməz onun buyini.
Ağlım söz kəsəndən vətəndir mənə,
Necə tərk eyləyim yarın kuyini?
* * *
Qəlbimə vurduğun yara göynədər,
Ona öz əlimlə mən duz səpmişəm.
Hicrində göydəki ulduzlar qədər
Gözümdən torpağa ulduz səpmişəm.
* * *
Sözümü üzbəüz deyərdim sənə,
Yadıma yenə də o günlər düşüb.
Sənin tellərini açdıqca şanə,
Mənim can telimə düyünlər düşüb.
* * *
Vəfasız dövrandır verir əziyyət,
Cünunlarda görmə günahı, səhra!
Sən suya həsrətsən, mən yara həsrət,
Sən ey sevənlərin pənahı səhra!
* * *
Sözümü pas tutmaz, ötsə də min il,
Ilahi, nə qədər odlanım, yanım?
Məndə can qoymayıb bu şeyda könül,
Verim bir gözələ, qurtarsın canım!
* * *
Axır ki, sözümə baxmadı fələk,
Vuruldu bir təzə güli-rənayə.
Məni iynə kimi incəldib fələk,
Saldı iplik kimi uzun sevdayə…
* * *
Ahımla, naləmlə könül dağladım,
Dərdlər pərvanə tək doldu qoynuma.
Bir sənəm zülfünə könül bağladım,
Cünunluq zənciri keçdi boynuma.
* * *
Hicranı ömrümü etsə də yarı,
Kimsəyə uymadım, – sədaqəti gör!
Qiyamət günündə görməsəm yarı,
Saqi, sən özün gəl qiyaməti gör!
* * *
Meh əsdi, titrədi könlümün simi,
Meyvəsiz budağa bar gəldi bəlkə?
Sübhə saxlayıbdır hicran qətlimi,
Səhər açılınca yar gəldi bəlkə?!
* * *
Xəyala dalmışam, nədir əlacım? –
Tamarzı qalmışam vüsal dadına.
Qəlbimin dərdini de, kimə açım? –
Mən tək yanan varmı hicran oduna?!
* * *
Qəlbim istəyir ki, nur salıb ay tək
Sənin keşiyində gecə dayansın.
Sərv qamətini görübsə külək,
Gülüstan içində necə dayansın?!
* * *
O necə sevgidi yandırıb-yaxmaz?!-
Sevənlər imanı, dini neyləyər?!
Qaşlarını görən hilalə baxmaz,
Ay üzünü görən günü neyləyər?!
* * *
Qolları qandallı bir çıraq susur,
Gözəlim, baxmırmı sözünə zülfün?!
Üzümə açıqkən sevda qapısı,
Niyə qıfıl vurub üzünə zülfün?!
* * *
Boynuma salsa da, hicran qolunu,
Bənzətmə bir quru xəyala məni.
Tərk edə bilmərəm sevda yolunu,
Bu yol yetiribdir kamala məni.
* * *
Alovlar püskürən qəlbimin başı
Buxar etməsəydi gözümdə nəmi, –
Göz açıb yümunca, gözümün yaşı
Bir anda tutardı bütün aləmi.
* * *
Dərdimi duyana dərd oldu dünya,
Eşqimə bir nəfər gülən qalmadı.
Gözümün yaşında qərq oldu dünya,
Gözümün yaşını silən qalmadı.
* * *
Sən gəldin ömrümə ilk bahar kimi,
Sərdim ürəyimi yaz yağışına.
Qaşlarım yelkənsiz qayıqlar kimi
Az qalır qərq ola gözüm yaşına.
* * *
Şehmidir bərq vurur gül yanağında? –
Sevincdən kövrələr, bəbəyin dolar.
Tökmə göz yaşını vüsal çağında,
Hicran günlərində gərəyin olar.
* * *
Danışa bilmirəm, od tutub dilim,
Göz yaşım sevdalı dənizdir mənə.
Onu bəxş eləyib mənə sevgilim,
Dərdim ürəyimdən əzizdir mənə.
* * *
Qəlbimi isidən söz nuru olur,
Ürək arzulayır bar dodağından.
Qasid gətirdiyi söz quru olur,
Qoy onlar süzülsün yar dodağından.
* * *
Yarpağa dönübdür titrəyən əlim,
Eşqin havasıyla gör əsir necə?
Yar deyib yanına səhərlər gəlim,
Bilmirmi mənimçün yox gündüz, gecə?!
* * *
Zülfünü yığ yana, üzünü görüm,
Isitsin qəlbimi bir qaynar nəfəs.
Yarımın yanında olsaydı yerim,
Kafərəm, cənnətə eyləsəm həvəs.
* * *
Eşqimlə həyatım qərq olub zərə,
Bura hər sevənin güzarı düşməz.
Pəncərən önündə durduğum yerə
Min il cənnət quşu uçsa, yetişməz.
* * *
Yanımdan bir xəfif külək keçibdir,
Ürəyim – titrəyən payız nanəsi.
Gözlərin könlümü vətən seçibdir,
Şükür ki, nurlanıb qəm viranəsi.
* * *
Nasehin dediyi sözə uymayın,
Sevənlər qoy mənim sirdaşım olsun.
Məzarım üstünə heç nə qoymayın,
Yarımın kölgəsi baş daşım olsun.
* * *
Məni laləüzlüm öldürdü, dağlar!
Çətin ki, mələklər dadıma yetə!
Ey bulud, sən mənim üstümdə ağla,
Bəlkə kəfənimdə lalələr bitə!
* * *
Vuruldum, hörmətim aşağı düşdü,
Qismət özgələrin, ad mənim oldu.
Üzümə həsrətin işığı düşdü,
Hər gözəl canıma bir qənim oldu.
* * *
Gözündə şeh gülən körpə bənövşə,
Təşnə olduğumu hardan bilirsən?
Göylərdə mələklər, yerlərdə bəşər
Ağlayır halıma, – sənsə gülürsən.
* * *
Rəhmdil görmədim gözəl qızları,
Gül xarsız, gözəllər cəfasız deyil.
Ay ürək, incimə, vəfasızların
Yaxşı ki, həsrəti vəfasız deyil.
* * *
Ah çəkdin, ürəyim yarpağa döndü,
Demə bu xəzəlin yiyəsi yoxmuş.
Kölgənin xətrinə torpağa döndüm,
Büllur qamətinin kölgəsi yoxmuş…
* * *
Zənginə dönmüşəm səni sevəndən,
Dövlətim göz yaşı, varım göz yaşı.
Yolunun üstündə ucalmışam mən,
Bir eşq ağacıyam, barım – göz yaşı.
* * *
Sənin təbəssümün nur oldu qanda,
Qəlbimə yenilməz qüdrət gətirdi.
Qiyməti yox imiş eşqin cahanda,
Göz yaşım ona da şöhrət gətirdi…
* * *
Sevgilin yoldadır, daha nə dərdin?!
Ağlama, taleyin üzünə gülsə.
Vüsal müjdəsinə canını verdin,
Bəs nə verəcəksən yar özü gəlsə?!
* * *
Yadıma dağların maralı düşdü,
O, mənim ömrümün sultanı oldu.
Güzarım yarımdan aralı düşdü,
Məzarım ayrılıq zindanı oldu.
* * *
Meyvə arzuladı divanə ürək,
Təbəssümün kimi nübar görmədim.
Dolandım bağları axar sular tək,
Sərv qamətin tək çinar görmədim.
* * *
Ayağın incisə, sinəm üstə gəz,
Tapdala bir xəzan yarpağı kimi.
Mənə elə gəlir, pak ola bilməz
Cənnət ayağının torpağı kimi.
* * *
Ürəyim tab etməz həyəcanına,
Qıymaram kədərdən yarım mat ola.
Tez-tez getmirəm ki, onun yanına,
Qorxuram itləri narahat ola.
* * *
Cananın əliylə can alınıbdır,
Deşib ürəyimi müjgan şeşpəri.
Kirpiyi oxuyla fəth olunubdur
Eşqin səltənəti, eşqin kişvəri.
* * *
Qəlbimi çəkibdir dara gözlərin,
Bərq vurub məhəbbət kəhkəşanında.
Göz qırpıb, bu üzü qara gözlərim,
Məni xəcil edib sənin yanında.
* * *
Qəlbimi dünyada kədər yaşatdı,
Mələklər eşqinə göz yaşı tökdüm.
Gözəllər o qədər mənə daş atdı,
Yığıb özüm üçün qəmxanə tikdim.
* * *
Sevən ürəyimdə şimşəklər çaxıb,
Adını çağırsam, dilim alışar.
Sönmüş ocağımın yerinə baxıb,
Nəsihət eləmə, külüm alışar!
* * *
Nasehin sözünü yaxşı bilirəm,
Aləmi üstümə güldürür mənim.
Əgər mey içməsəm, dərddən ölürəm,
Içəndə nəsihət öldürür məni.
* * *
Qısqanclıq odunda alışdı ürək,
Gördüm göz izi var solğun üzündə.
Dadıma çatmasa badə qayıq tək,
Çoxdan qərq olmuşdum qəm dənizində.
* * *
Sevgili yardamı çevrilib yada?!
Kim açar qapımı küləkdən özgə?!
Əlimdən iş gəlməz qoca dünyada
Nazlı sənəmləri sevməkdən özgə…
* * *
Əgər duya bilsən, gün tək sadəyəm,
Nəsihət eləmə hər səhər mənə.
Özünü öldürmə, tiryəkzadəyəm,
Təsir edə bilmir hər zəhər mənə.
* * *
Çiçək aramışam gəzib gülşəndə,
Sevgini başıma bir tac almışam.
Hər gözəl xalına gözüm düşəndə,
Elə bil dünyadan xərac almışam…
* * *
Eşq Qaf dağının əyib belini,
Vədəsiz qocalıq haqlayıb bizi.
Şükür, tuta bildik canan əlini,
Məhəbbət şövqlü saxlayıb bizi.
* * *
Bəsdir, sərv kimi ucaldın göyə,
Əyil, başın dəyər, doğrudur sözüm.
Dünya qapısından çıxırıq deyə,
Fələk qəddimizi əyibdir bizim…
* * * * * * * * *
Dözümün rəqibi qorxuya salıb,
Əzmin ürəyinə bir düyün çəkib.
Gözlərin gül üzü görüb zövq alıb,
Cövrünü yaralı ürəyin çəkib.
* * *
Nəfəsin çiçəkli bahar kimidir,
Dünya gülşəninə həsrətlə baxır.
Sənin hər bir misran damar kimidir,
Ürəyinin qanı onlarda axır…
* * *
Sözünün mənası necə dərindir,
Ruhundur onlara dərinlik verən.
Deyirəm, bəlkə də şeirlərindir
Bağdad xurmasına şirinlik verən…
* * *
Xəzan ömrümüzdə ilk bahar oldun,
Nasehin sözünü dinləmərik biz.
Qəm çəkmək işində bizə yar oldun,
Nə qədər dərd olsa, inləmərik biz.
* * *
Babam, yetməsən də nazlı yara sən,
Sevən ürəklərə nur ələmisən.
Qoşun çəkməsən də bir diyara sən,
Dünyanı sözünlə fəth eləmisən…
* * *
Sağ ol, bəxtiyaram şeirin, sözünlə,
Hər misran qəlbimi nura bələdi.
Tale gözəlləri sənin gözünlə
Görməyi mənə də qismət elədi…
1972 – 1994
Müəllif: Rafiq YUSİFOĞLU 

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QİYMƏT MƏHƏRRƏMLİ – ÖMÜR KƏCAVƏSİ YOLDADIR

RAFİQ YUSİFOĞLU – ŞAİR.

ÖMÜR KƏCAVƏSİ YOLDADIR

Rafiq Yusifoğlunun son kitabları haqqında düşüncələr

”…Əlli illik bir ömrün ağrılı-acılı, sevgili, sevincli günləri muncuqlar kimi illərin, ayların qaranlıq guşələrinə səpələnib. Əlbəttə, o muncuqların hamısını yığıb-yığışdırmaq mümkün deyil. Ancaq elə muncuqlar var ki, illərin qaranlıq guşələrindən işarır, gəl-gəl deyir. Məhz o işaran muncuqları bir yerə toplayıb, övladlarıma, nəslimizin gələcək üzvlərinə yadigar qoymaq arzusu baş qaldırdı ürəyimdə. Düşündüm ki, bəlkə bu digər oxucular üçün də maraqlı olar…”

Bu duyğulu sətirlər sevimli şairimiz, tanınmış ədəbiyyatşünas-alimimiz, ”Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlunun ”Elm” nəşriyyatında işıq üzü görmüş ”Xatirə kəcavəsi” adlı kitabından götürülüb. Kitab məhz bu sətirlərlə başlanır və onun təkcə şairin mənsub olduğu nəslin davamçıları üçün deyil, ümumilikdə götürsək, Azərbaycan oxucusu üçün həm maraqlı, həm də gərəkli olduğu qənaətindəyik. Çünki əsil-nəcabətli, tanınmış nəslin ləyaqətli varislərindən biri kimi şairin kökə bağlılığı qələmə aldığı hər bir şe’rində, poemasında, acılı-şirinli xatirələrində, hətta uzun illərin zəngin axtarışlarının məhsulu olan tədqiqat əsərlərində də özünü göstərməkdədir. Belə bir zəngin, maraqlı həyat və yaradıcılıq yolu keçən alim-şairin nəşr olunub geniş oxucu kütləsinə təqdim olunan hər yeni kitabı isə əsl ədəbi hadisədir. Bu kitabların sayı çoxdur. Əksəriyyətini mənə qələm dostum Rafiq müəllimin özü bağışlayıb, yaradıcılığına məxsus dəst-xətlə, xüsusi sənətkarlıq səmimiyyəti ilə avtoqraf yazmağı da unutmayıb. Odur ki, Rafiq Yusifoğlunun hazırda kitab şkafımın ən doğma sakinlərinə çevrilmiş ”Həsrət köçü”, ”Çiçək yağışı”, ”Təzə sevdalara doğru”, ”Söz çəməni”, ”Ayrılığın qəm hasarı” şe’rlər, ”Xatirə kəcavəsi” – xatirələr, elmi-publisistik düşüncələr, sevən insanların, müxtəlif peşə sahiblərinin məktub və məqalələri toplanmış ömür romanı, ”Bahar qatarı” adlı uşaq nağıl və hekayələr kitabları, Azərbaycan və dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələri barədə geniş elmi mə’lumatlar və müəlliflərin əsərlərindən ən yaxşı nümunələrin daxil edildiyi ”Uşaq ədəbiyyatı”(2002) adlı dərs vəsaiti, ədəbiyyatşünaslığımızın nəzəri problemlərinə həsr olunmuş və işlədiyi Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsində bədii söz, onun xüsusiyyətləri və poetikası ilə, digər problem məsələlərlə bağlı oxuduğu mühazirələrin də daxil edildiyi ”Ədəbiyyatşünaslığın əsasları” (2001) adlı sanballı monoqrafiyası, böyük zəhmət və sonsuz məhəbbətlə körpə balalara ərmağan etdiyi ”Göyərçin” jurnalının nüsxələri təkcə mənim deyil, kiçik kitabxanamın oxucusu olan dostlarımın da tez-tez müraciət etdikləri ən qiymətli vəsaitlərdir. Əlbətdə ki, məndə olan kitablar sevimli şairimizin artıq oxucuların ixtiyarına verilmiş kitablarının ancaq bir hissəsidir. Lakin elə bunlar kifayətdir ki, şair, nasir, publisist, naşir, alim… ən başlıcası isə çoxlarının sevdiyi, bə’zilərinin isə hətta həsəd apardığı bir insan, həqiqi dost, sözün əsl mə’nasında şəxsiyyət Rafiq Yusifoğlunun bütün daxili məziyyətlərinə bələd olub, onun iç dünyasını özün üçün aşkarlayırsan. ”Qızıl qələm”, ”Vətən”, ”Araz”, ”Ilin ən yaxşı kitabı”, ”Tofiq Mahmud” mükafatları laureatları olan şairin ən böyük mükafatı isə oxucu sevgisi, pərəstişkar məhəbbətidir. Saysız-hesabsız oxucunun qəlbinə yol tapmaq, onun yaddaşında özünə əvəzsiz yer tutmaq hər sənətkara, söz adamına nəsib olan xoşbəxtlik deyil. Bu xoşbəxtliyə isə, tam əminliklə və şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, o öz mehribanlıq və səmimiyyəti, daxili mədəniyyət və sadəliyi ilə nail olub.

Rafiq Yusifoğlu oxucu təmasını şe’rlərinə hopdurmağa bacaran, Rablo Nerudanın ”Mənim həyatım sözlərdir, gözəl sözlər. Mən sözlər içində yaşayıram, özünəməxsus olan bir nağıl sarayı kimi” – hikmətli kəlamlarını ömür kredosuna çevirərək, sözdən, həqiqətən də, özünə möhtəşəm bir sray ucaldan söz sənətkarıdır. Və bu sarayın hər kərpici, hər daşı təmizliyi, halallığı özünə əvəzolunmaz tanrı payı sayan söz adamının ruhunun bir zərrəsidir ki, durub:

Saymadım, şeytanın ötdüm yanından

Təmizlik edərmiş adamı Allah.

Nə yaxşı çirkablar burulğanından

Təmiz çıxarmışam adımı, Allah!

”Ömür boyu mən sözümün oldum ağası” – deyə qürur hissi keçirən şairi yaxından tanıyanlar yaxşı bilirlər ki, həmişə başqalarından məktub alan şairin özünü özünə məktub yazmağa sövq edən hansı hisslər, duyğulardır:

Baxan yoxdu düşüncənə, yaşına,

Görən yoxdu sızıldayan könlünü.

Yaxşılıqlar qaxınc olar başına,

Yaxşılıqlar gödək edib dilini.

Lakin yaxşılıq etməyi, kimnsə səadətini özü üçün xoşbəxtliyə çevirməyi ilə rahatlıq tapan, daxilən daha da saflaşan, təmizlənən şair ürəyini gözü ilə görür və duyur ki:

Elə məst eləyib gözlərin məni,

Dağlar topuğumdan, göy qurşağımdan…

Çəkilib dünyanın çisəyi, çəni,

Ürəyim asılıb göy qurşağından.

Çirkin də gözümdə göyçəyə dönüb,

Sən baxsan, sevinər, taleyim gülər.

Ürəyim bir ovuc çiçəyə dönüb,

Sənin qədəminə səpilə bilər.

Sevgili-qayğılı, enişli-yoxuşlu, ilhamlı-duyğulu həyat yaşayan qələm dostumuzun ”Ömür kəcavəsi”nə ”Ayrılığın qəm hasarı”nı aşmaqla ”Təzə sevdalara doğru” uğurlu yol arzulayırıq…

İlkin mənbə: ”Kaspi”, 18 iyun 2003.

Müəllif: Qiymət MƏHƏRRƏMLİ

QİYMƏT MƏHƏRRƏMLİNİN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

RAFİQ YUSİFOĞLUNUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru