Rafiq Yusifoğlu – ədəbi prosesdə, məşğul olduğu elm sahəsində, mətbuat aləmində kifayət qədər tanınmış, yaradıcılığı ilə çoxdan etiraf olunmuş şair və publisistdir. Yaşının yetmişinə doğru inamla addımlayan, hər günü yazı masasının arxasında keçən bu insanla ilk dəfə 1975-ci ildən tanışam və bu tanışlığımız dostluğa da çevrilib. O dostluq ki, bir-birimizin yaradıcılığına qətiyyən biganə deyilik, aramızdakı münasibət həmişə səmimidir. Mən onun baş redaktoru olduğu “Göyərçin” jurnalını həvəslə vərəqləyir, nəvələrimi yanıma çağırıb o jurnalda dərc edilən yazıları onlara oxuyuram. Rafiq Yusifoğlu ciddi elm adamıdır, elmlər doktorudur, professordur. Onun Azərbaycan poemasının inkişaf problemlərinə aid tədqiqatı bu mövzuda ən sanballı bir elmi əsərdir. “Ədəbiy-yatşünaslığın əsasları”, “Uşaq ədəbiyyatı”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” dərslik və monoqrafiyaları, mətbuatda dərc edilən onlarla ciddi məqalələri onu bir tənqidçi, ədəbiyyatşünas kimi tanıdıb. Onun pedaqoji fəaliyyətindən də söz açmaq olar, bir müddət Sumqayıtda orta məktəbdə müəllimlik edib, on il ADPU-da ədəbiyyat nəzəriyyəsindən mühazirələr oxuyub, iyirmi ildən artıqdır ki, Sumqayıt Dövlət Universitetində çalışır, professordur. Orta məktəb dərsliklərinə xeyli əsərləri daxil edilən Rafiq Yusifoğlu özü də ibtidai siniflər üçün bir neçə dərsliyin müəllifidir və müasir uşaq ədəbiyyatının inkişafında da Rafiq müəllimin xidmətlərini unutmaq olmaz. Rafiq Yusifoğlu haqqında bu bilgiləri ona görə təqdim etdim ki, onun çoxşaxəli yaradıcı fəaliyyətini göz önündə canlandırım. Sözə, ədəbiyyata, elmə bağlı bir insanı daha yaxşı tanıyasınız. Ancaq mən bu təqdimatla kifayətlənib, onu bir şair kimi təqdim etmək istəyirəm. Rafiq Yusifoğlunun “Yurdum-yuvam” adlı şeirlər kitabı 1983-cü ildə nəşr edilib, amma Rafiq ədəbi fəaliyyətə 1966-cı ildə başlayıb. İndiyə kimi iyirmidən çox şeir kitabı işıq üzü görüb. Ancaq onun bütün şeir kitabları haqqında söhbət açmağı qarşıma məqsəd qoymamışam. Yalnız “Üçüncü qərinə” adlı hələlik sonuncu şeirlər kitabından söz açmaq istəyirəm. Əslində bir şeir kitabı da, hətta bir neçə şeir də bir şair haqqında dolğun təsəvvür yarada bilər. Altmış səkkiz yaşını ötmüş tanınmış bir şair artıq poeziya ömrünün payızını yaşayır. Payız fəsli özündə bütün fəsillərin gözəlliklərini yaşadır – yazın gül-çiçəkli, bahar rahiyəli, sevgi ilə dolu təbiətindən, yayın qızmarından, qışın qarından, bəyaz dünyasından bu fəsildə bir pay görürsən. Amma payızın da özünə görə, heç bir fəslə bənzəməyən əlamətləri var. Küləyi var, ağac-ların budaqlarında saralmağa başlayan yarpaqları var, məhsul bolluğu var, toyu var – büsatı var. Rafiq Yusifoğlunun payız ömrünə nəzər salanda da, o rəngarəngliyi – müxtəlif poetik cizgiləri görə bilirik. Yaşın altmış səkkizində də baharlı sevgi duyğuları insanı tərk etməz, içəridə – Məcnun eşqi yatan sinədə duyğuları alovlandırar: Mənə göndərilən bir qom bənövşə Qəlbimi köklədi yaz havasına. Dilimdə xoş sözlər qönçə bağlayıb, Qulaq as könlümün yaz avazına! Az qalır içimdə sellər oyana, Sevgidən, heyrətdən gözlərim dolub. Hər məni görəndə od tutub yanan, Közərən yanağın dan yerim olub. Dolub ciyərimə bənövşə ətri, Dilimin ucunda əsir sözlərim. Məni sevən, duyan çiçəkdən ötrü Yağış əsirgəməz bulud gözlərim… Alım qadasını alın yazımın! – Könlümün kükrəyən seli sən oldun! Bəlkə də gecikən sevgi yazımın Bənövşə qoxulu gülü sən oldun?! Gözləri dikilib aya, günəşə, Gör şair nələrə ümid bəsləyir?! Köksündən boylanan bir cüt bənövşə, Məni bir əbədi yaza səsləyir! Bir qom bənövşə ürəkdə əbədi yaza-sevgiyə çağırış deyil-mi? Rafiq Yusifoğlu sevgi şeirlərində təbiidir, insanları hissləri ilə şeirə gətirir. Sevginin əzablarından da yazır, onun şirinliyindən də. Onun fikrincə, sevgi göylərinə arxa çevirmək həyatı adiləşdirər, ömrü qayğılar içində itirər, ürəkdə sevgi çiçəkləri saralıb-solar. Sevgi qəfil gələn selə bənzəyir, qarşısına çıxan hər şeyi yuyub aparır. Bəzən bu sevgi bahardan payıza adlayır. “Çırpır qanadını durna tək meşə, Qoşulub yellərə xəzəllər uçur”; “Çölümə xəzəllər qızıl rəng qatıb, İçimi göynədir sevgi nəğməsi”… Rafiq Yusifoğlu sevgi hisslərini ən qısa şeirlərində də obrazlı şəkildə ifadə etməyin gözəl nümunələrini yarada bilir. Eşq oduna için-için közərdim, Sevgi azman gücündəymiş sən demə! Xoşbəxtliyi uzaqlarda gəzirdim, Gözlərinin içindəymiş sən demə! Rafiq Yusifoğlu Qubadlının Çardaxlı kəndində dünyaya gəlib. Ta on altı yaşınacan bu kənddə yaşayıb. Amma indi: Qəlbimə tuşlanan dərd nizə-nizə, Saralıb yarpağım, solub güllərim. Nə ata-anama, nə evimizə, Nə də kəndimizə yetir əllərim. Bəs qalan ömrümü kimə həsr edim? Doğma diyarımda qəribəm, qərib. Bu gecə əriyib sonsuz həsrətim, Kənddəki evimiz yuxuma girib. Ömrün payızında belə sərt küləklər əsir. Analı-atalı dünya xatirələrdə yaşayır… Rafiq Yusifoğlunun bir silsilə Qarabağ şeirləri var. Amma bu şeirləri “dəstədən geridə qalmamaq” üçün yazmır. Qarabağ dərdi onun içindədir. Qəlbin istəyən yerdə Gəzmək olmur, bilirsən. Bu qədər haqsızlığa Dözmək olmur, bilirsən. Sən sükuta dalmısan nədən, haran ağrıyır? Vətən, haran ağrıyır? Daha gözlərim görmür Salvartı yaylağını, Məkan seçib qarğalar Tərlanlar oylağını. Dağı dumanlı görüb, Düşkün Aran ağrıyır, Vətən, haran ağrıyır? Dərman tapa bilmirəm Dərdinin əlacına. Niyə gedə bilmirik Qubadlıya, Laçına? Neçə kəndlər, şəhərlər Qalıb viran ağrıyır, Vətən, haran ağrıyır? Cıdır düzü göynəyir, Elə bil gedib huşa. Yolumuzu gözləyir Dağlar qoynunda Şuşa. Düşmən tapdağı altda Yəqin yaran ağrıyır, Vətən, haran ağrıyır? Bağlanıb Füzulinin Cəbrayılın yolları. Zəngilanın, Ağdamın Qandallıdı qolları. Hasar çəkən görəndə Sərhəd yaran ağrıyır, Vətən haran ağrıyır? Övladın var köksüylə gülləyə sipər çəkir, Övladın var dənizə, meşəyə çəpər çəkir. Nadanları görəndə ürək hər an ağrıyır, Vətən, haran ağrıyır? Vətən, haran ağrıyır? Əlbəttə, bu misralardan ağrı-acı süzülür və bu da təbiidir. O zaman ki, Cıdır düzündə “həsrət xalı toxuyur”. “Xarıbülbüllər hıçqırır”. Amma istərdim ki, onun şeirlərində ümid, qələbəyə çağırış notları gurlasın. Mən Rafiqin Qarabağ şeirləri içindən bu altı misralıq nümunəni misal gətirirəm ki, o şeirlərdəki fikir hamımızı narahat edir, gecə-gündüz düşündürür: Ruhsuz könül könül, Cansız bədən bədəndimi? Şuşasız Qarabağ, Qarabağsız vətən vətəndimi? Rafiq Yusifoğlunun poeziyasında yaşadığımız həyatın mənəvi mənzərəsi daha çox diqqəti cəlb edir. Həyatda, gerçəklikdə nə baş verirsə, onun ürəyindən keçir. Şairi qocaların niyə ağlamağı düşündürür və bu qənaətə gəlir ki, onlar nə itirəcəklərini bildikləri üçün ağlayırlar. Həyatın sevinc-qəm təzadları düşündürür onu və bu düşüncələr bənzərsiz poetik misralara hopur. “Sevinc kükrəyib daşır, Qəm isə pıçıltıdı”… Rafiq Yusifoğlu poeziyamızda orijinal fikir şairi kimi diqqəti cəlb edir. O, hər şeydə məna və mahiyyət axtarır, lakin filosofluq iddiasına düşmür, fəlsəfi fikir şeirin mənasına özü qoşulur, yəni sən o fikri adilikdən çıxarırsan. Amerikada, Los -Anceles şəhərində gənclik haqqında düşünmək, ömrün ötən və itən illərini xatırlamaq olarmış… Dünya öz işindədi bir əsr oldu yarı! Üstümüzə çox çaxıb ayrılıq şimşəkləri. Əlli il bundan əvvəl gördüyüm insanları Görüşümə gətirib zamanın küləkləri… Hanı o şux yerişlər, hanı nur saçan üzlər? Hanı könüllər yaxan o boy-buxun, o qamət? Yenə həmin pillələr, yenə həmin dəhlizlər, Ancaq gəncliyimizdən varmı əsər-əlamət? Qəlbimizdəki sevgi bir dalğalı dənizdi, Dünyanı dərk edəndən itirmişik dincliyi… O şirin xatirələr bizə necə əzizdi? – Ziyarətə gəlmişik yoxa çıxan gəncliyi… Bir də geri dönərmi o qaynar sevdalı yaz? Yamyaşıl tumurcuqlar indi sarı xəzəldi. Üzlərə qırış düşüb, qara saçlar bəmbəyaz, Müdriklik zirvəsində dünya yenə gözəldi… Qəlbimizə dağ çəkib ayrılıqlar, vidalar, Zaman sınağa çəkib sevdalı ürəkləri. Şux qamətlər bükülüb, sual olub nidalar, Ancaq yenə solmayıb təbəssüm çiçəkləri… Mən zaman dənizinin sahilində qalmışam, Fırtınalı qoynunda kimlər batıb, kim gəlib? Taleyimə min şükür, görüşümə bu axşam, Qocalıq libasında qaynar gənciyim gəlib… Rafiq Yusifoğlu təbiəti, onun gözəlliklərini duyan və mənalandırmağı bacaran şairdir. Rafiqin sırf peyzaj şeirləri azdır, amma təbiətlə insan hissləri arasında harmoniya bu şeirlərin məzmununu təyin edir. Bakıda payız yağışını kimsə, hansı şairsə təsvir etsə, təbii ki, bu yağışın “rəsmini” əks etdirəcək, amma Rafiq Yusifoğlu Bakıdakı payız yağışında ayrı çalarlar tapır və göstərir: Məni haldan-hala saldı Bakıda payız yağışı… Qəlbimi yaman kövrəltdi Təbiətin yır-yığışı… Qara asfalt gözəlləşib, Üstündə nə çox yarpaq var! Elə bil yapışıb yerə Sarı, qızılı yarpaqlar. Sanki xatirələr çimir Gözümün qaynar selində. Xəzəllər bir addamacdı Elə bil yağış gölündə… Ürəyimin arzusuna Axı necə qulaq asım? O addamacın üstünə Necə qıyıb ayaq basam? O qızın əlində xəzəl Dönüb payız çiçəyinə. Təşnə dodaqlarım qonub Təptəzə gül ləçəyinə. Payızam, yaz çiçəyini Mən necə bağrıma basım? Heç bilmirəm dönəcəkmi Bir də geri könül yazım? Sevinir üşüyən çiçək, Od tutub yanır yanağı. Elə bil qorxutmur onu Elin tənəsi, qınağı! İçimdə yaz havası var, Yeriyirəm ağır-ağır. Çölümə də yağış yağır, İçimə də yağış yağır… Rafiq Yusifoğlunun əvvəlki kitablarında olduğu kimi yeni toplusunda da bir silsilə “Dəniz nəğmələri” var. Mənim fikrimcə, bu silsilə Rafiqin yeni kitabının ən gözəl nümunələridir. Xüsusilə “Xəzərə yağış yağır” şeiri poetik bir tablodur. Sözlərin Xəzərləşməsi mənzərəsi… Möcüzədir, sübh çağı yağış yağır Xəzərə, Çoxdan idi görmürdüm belə gözəl mənzərə… Günəş təzə qalxanda suların qucağından, Nəğmələr süzülürdü buludun dodağından… Elə bil ki, damcılar sulara vurur naxış, İncə barmaqlarıyla xalı toxuyur yağış… Dostum narahat idi, sevinirdim mən isə: – İslanmaq istəmirsən, özünü vur dənizə! Sopsoyuq damlalarından xilas etsin su səni, Bir də çətin dadasan belə dadlı busəni! Yağış ayna suları edəndə çimdik-çimdik, Damlaların altında doyunca çimdik, çimdik! Arzular qönçə tutdu, ömrün qışı yaz oldu! Xəzərə yağan yağış taleyimə yazıldı… Bu yağış boynubükük arzuları dirçəltdi, Bu yağış içimdəki gizli eşqi cücərtdi… Belə gözəl təbiətdən, sevgi həyəcanlarından söhbət açan bir şairin satirik şeirlər yazması heç də təəccüblü deyil. Gözəllik varsa, antigözəllik də qaçılmazdır. Amma mən bu şeirlərdən heç birini misal gətirməyəcəm. Çünki Rafiqi satirik şair kimi tanımıram, o, gözəllik şairidir. Rafiq Yusifoğlunun şeir dili, ümumiyyətlə şeir mədəniy-yəti artıq tam formalaşmış bir şairin mövcudluğunu təsdiq edir. Şeirlərində sıx-sıx rast gəldiyim təşbehlər, metaforalar əksərən təzədir, orijinaldır. Xüsusilə metaforalar. İnsanla təbiətin vəhdəti, insanın ağac, dəniz, ay, çöl, yağış görkəmində metaforikləşməsi, ya da təbiətin insaniləşməsi o şeirlərin bədii təsir qüvvəsini artırır. Şeirin gözəlliyi də elə buradadır. Rafiq Yusifoğlunun yeni şeirlər kitabı barədə uzun-uzadı söz açmaq, onun bütün şeirlərini təhlil etmək niyyətim yoxdur. Amma bu qısa qeydlərimi onun bir arzusuyla bitirmək istəyirəm: Onsuz da ömür qısadı, Onsuz da haqq işidi ölüm. Allahım, mənə elə uzun ömür ver ki, insanlara daha çox yaxşılıq eləyə bilim. Vaqif Yusifli, filologiya üzrə elmlər doktoru, tənqidçi. “Ədalət” qəzeti, 26.04.2018
Aşıb keçdim nə qədər sədd çıxsa da önümə, Ulu Yaradan yazıb mənim alın yazımı. Min şükür, ağrılardan sıyrılan bu günümə! – Bənövşəsi açılıb yetmişinci yazımın… Həmdəmim, dostum oldu bütün qəlbi sınıqlar, Öz yolumdan azmadım, – sevgi idi sarvanım! Min şükür, sındırmadı məni ağır sınaqlar, Min şükür, haqqa doğru gedir ömür karvanım… 07.03.2020.
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Yağsa da ömrümə illərin qarı, Həyatım ağaca, gülə oxşayır. – Hələ ürəyimdə neçə baharın Yolunu gözləyən qönçə yaşayır.
Dinclik tapa bilmir ürək bir hovur, Özünə sevgidən çələng toxuyur. Saçıma düşsə də ömrün qırovu, Qəlbimdə yaz qışa meydan oxuyur.
Üşüyə-üşüyə çiçək dərəndə, ”Sənə soyuq olar, yağışdır”, – demə. Gözlərim sevinir gözəl görəndə, ”Qocasan, özünü yığışdır”,– demə.
Günəş məhəbbətlə üzə güləndə, Dirçəlir, gül açır quru yamaclar. Cavanlar var deyə, bahar gələndə Çiçək açmasınmı qoca ağaclar?
ТЫ МЕНЯ НЕ СУДИ
Даже если на жизнь мою опали снега лет, Жизнь моя похожа на дерево, цветок. Еше в сердце, скольких весен Ожидая, бутоны живут.
Ни капли покоя не может наити сердце, Из любви себе венок плетет. Даже если волосы покрылись инеем, В душе весна бои ведет с зимои.
Когда, замерзая, рву цветы, «Ты простудишься, довольно», – не говори. Когда глаза мои радуются, красавицу видя, «Ты старик, довольно», – не говори.
Когда солнце с любовью улыбается в лицо, Оживают, расцветают голые склоны. Когда весна приходит, потому как молодые есть, Не должны цвести старые деревья?!
Перевела с азербайджанского Надежда Паина
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Bu gün imzasından sonra “Əməkdar mədəniyyət işçisi”, “Qızıl qələm”, “Araz”, “Vətən”, “Ilin ən yaxşı kitabı” mükafatları laureatı yazılan Rafiq Yusifoğlu haqqında bu qeydləri etməyə hazırlaşanda şairin yuxarıda nümunə gətirdiyim bəndi yadıma düşdü. O, haqlıdır. Şairlər həqiqətən də ürəklərə sevgi daşıyırlar. Bir də onun 2003-cü ildə çapdan çıxan “Bir sevdalı ürəyim var” kitabının üzqabığında çap olunan şəkil diqqətimi cəlb etdi. Istedadla çəkilmiş rəsm əsərində şair gülümsünür, onun daxili aləmində bərq vuran sevgi üz-gözündə bərq vurur. Rafiqin günəş işığına meydan oxuyan tunc çöhrəsi də rəssamın diqqətindən yayınmayıb. Bu rəsm əsərinin üzərində dayanmağımın əsas səbəbi odur ki, Rafiq gözümün qabağında böyüsə də bu şəkil sanki onu mənə yenidən göstərdi.
Mən Rafiqlə 1966-cı ildə tanış olmuşam. Azərbaycan Pedaqoji Institutunun birinci kürsuna daxil olmuşdu. Mən də elə həmin institutun “Gənc müəllim” qəzetinə təzəcə redaktor təyin olunmuşdum. O zaman Rafiqin gur qara saçları var idi. Illər o saçları süpürüb aparsa da, saçların altından çıxan və günəş işığını əks etdirməyə qadir olan o qırmızımtıl dəri şair ürəyinin bütün işığını əks etdirməyə qadirdir. Sanki rəssam da bu fikri təsdiq etmək üçün rənglərin çalarına xüsusi əhəmiyyət verib.
Rafiq “Gənc müəllim” qəzetinin nəzdində təşkil olunan ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən idi. Tez-tez yeni şeirlərini oxuyardı. Qubadlı dağlarının əzəməti, Çardaxlı kəndinin təbii gözəllikləri, kövrək sevgi duyğuları onun ilk mövzuları idi. Bu günlərdə 60 yaşı tamam olacaq şair keçdiyi ömür yoluna nəzər salaraq yazır: Ömür karvanımın sarvanı mənim sevdalı ürəyimdi. Bu sevdalı ürək ömrün bu başından o başına aparır məni”. Şairi yaşamağa sövq edən də bu böyük eşqdir, onun sevdalı ürəyidir.
Rafiq Yusifoğlunun ədəbi irsi zəngindir. O, uşaqların və gənclərin sevimli şairi, ibtidai və ali məktəblər üçün dərsliklərin, ədəbiyyatımızın müxtəlif problemlərinə dair monoqrafiyaların müəllifidir. Uşaqlar üçün nəşr olunan “Göyərçin”də mühazirələr oxuyan professordur. 60 illik bir ömürdə yaranan kitablar Rafiq Yusifoğlunun bir alim, jurnalist kimi fəaliyyəti belə bir fikri söyləməyə haqq qazandırır: ömür hədər getməyib. R.Yusifoğlu yazır: “Allah bizə ömrü dədəboyu – möhlət kimi verib ki, get yaşa, xalqına xidmət elə”.
Rafiq Yusifoğlunun yaradıcılıq yolu nə qədər zəngin olsa da, ədəbi irsindən söhbət düşəndə ilk dəfə yadımıza onun uşaqlar üçün yazdığı əsərlər düşür. Görünür, bu sahə ilə o, daha çox məşğul olub. Rafiqin çox maraqlı uşaq şeirləri var. Şairin uşaq ədəbiyyatı ilə bağlılığından söhbət düşəndə demək lazımdır ki, o, bu sahə ilə ciddi məşğul olmuş, ali və orta ixtisas məktəbləri üçün “Uşaq ədəbiyyatı” dərsliyini yaratmışdır. Həmin dərslik bir neçə dəfə nəşr olunmuşdur. Bir alim kimi uşaq ədəbiyyatının estetik problemləri ilə bağlı yazdığı məqalələr göstərir ki, söz sənətinin bu sahəsinin nəzəri cəhətlərini dərindən bilir, dünya ədəbiyyatı ilə tanışdır və başqa xalqların uğurlarından bizim ədəbiyyatımızda da istifadə olunmasını daim tələb edir.
Rafiq Yusifoğlu uşaqların və gənclərin sevimli şairidir. Onun “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Ocaq yeri”, “Aylı cığır”, “Şirin yağış” (rus dilində), “Çiçək yağışı”, “Daha uşaq deyiləm” və s. Kimi kitabları göstərir ki, o, uşaq ədəbiyyatına ötəri yanaşmır, oxucuların yaş xüsusiyyətlərini, anlaq səviyyəsini nəzərə alır. Dünyanı kəşf etməyə başlayan uşaq üçün Rafiqin şeirləri bir mayak rolu oynayır, onlara təbiətin sirlərini öyrədir. Şair uşağı uşaq yerinə qoyan yüngül əhvalatlardan, lüzumsuz obrazlardan ustalıqla imtina edir. Bu işdə onun müəllimliyi də köməyə çatır, “Göyərçin” jurnalının baş redaktoru olmağı da. Hər gün onlarla uşaq məktubu oxuyur, körpələrin fantastik dünyaları ilə nəfəs alır. Bu məktubların çoxu sonralar misralara çevrilərək şeirlərə səpələnir. “Əks-səda” şeirində uşaq heyrəti belə ifadə olunur:
Saç-saqqalı ağdı bu,
Dağdan ağır dağdı bu.
Adama söz qaytarır,
Elə bil uşaqdı bu…
Rafiq Yusifoğlunun uşaq şeirlərində yumor hissi güclüdür. Müəllif çalışır ki, yumor adi söz birləşməsindən, təsadüfən deyilən sözdən yaranmasın, təsvir olunan hadisələrin özündən doğsun. “Sap cığırı” şeirində corab toxuyan nənə təsvir olunur. Şirin xəyallara dalan nənə astadan zümzümə edir, ətrafda baş verənlərə diqqət yetirmir. Nənənin xəbəri olmur ki, onun yumağını oyuncağa çevirən pişik sapdan cığır salıb.
Sap cığırı uzanır,
Gedirəm qarasına.
Düz nənənin yanından
Güllərin arasına.
Sən demə bu cığırı
Bizim pişik salıbmış.
Yumağı siçan ilə
Tay-dəyişik salıbmış.
Ətrafdakı əhvalatlara yeni məna vermək bacarığı da diqqəti cəlb edir:
Yellənən budağa baxıb,
Qardaşı deyir Süsənə:
Ağaclar idman eləyir,
Külək əsəndən əsənə.
Uşaqlar üçün saysız-hesabsız, mənalı, düşündürücü lirik şeirləri ilə yanaşı şairin xeyli nağıl-poemaları da vardır. “Ağıl döyüşü”, “Gül və bülbül əfsanəsi”, “Bacadan yağan qızıl” kimi nağıl-poemaları fantaziyasının zənginliyini, uşağa təlqin etdiyi fikirlərin əhəmiyyətinə görə diqqəti cəlb edir:
Ağılda imiş əsl güc-qüvvət,
Qəlbimdə sizə yarandı hörmət.
Burda zəkalı igid çox imiş,
Bilikli xalqa zaval yox imiş…
Bu sözlər torpağımıza düşmən kimi gəlib, dost kimi qayıdan bir obrazın dilindəndir. O, uşaqları sorğu-suala tutur, ibrətamiz cavablar alandan sonra bu nəticəyə gəlir.
Rafiq Yusifoğlu gənclərin də sevimli şairidir. Çoxumuz kimi o da böyüklərin şairi olmaq üçün can atmış və ilk qələm təcrübələrini də bu janra həsr etmişdi. Rafiq böyüklər üçün də çoxlu şeir kitablarının müəllifidir. Bu gün ömrünün yetkinlik çağında çap etdirdiyi “Dəniz, sən və mən” (Bakı, 2009) adlı kitabı gənclər üçün nəzərdə tutulan şeirlər toplusudur. 400 səhifəlik bu kitab təkcə həcminə görə deyil, həm də mövzu rəngarəngliyinə, həyata ayıq, yaradıcı baxışına və sənətkarlıq cəhətlərinə görə diqqəti cəlb edir.
Bu kitabda toplanan əsərlərin böyük əksəriyyəti gəncliyin duyğularına, bəzi hallarda sevgi aldanışlarına həsr olunub. Şeirlərin xeyli hissəsi oxucu məktublarına cavab kimi qələmə alınıb. Şairin “mesaj” kimi verdiyi (əslində ismarıc olmalı idi) cümlələr bədii tutumuna görə diqqəti cəlb edir. Deməli müəllifə ismarıc və ya məktub göndərən qızlar (onların çoxunun altında qız imzası var) adi, yoldan ötən adamlar deyil, sənətə, sözə qiymət verən və elə buna görə də şairə vurulan insanlardır. Həmin ismarıclardan biri belədir: “Yaşamaq işığa doğru can atmaq deməkdir. Mənim məşəlim sizin əlinizdədir, ömrüm! Sizsizlik arzular xaosu, həsrətiniz xəyallar və əzablar dəfinəsidir, ruhum!” Mətndəki “ömrüm” və “ruhum” sözləri çıxarılsa, bu bir oxucunun şairə ünvanladığı məktubdur. Dırnaqda verdiyimiz sözlər sadəcə qız aldanışıdır. Bu yeniyetmə hələlik şairin özünümü, poeziyasınımı sevdiyini tam müəyyənləşdirməyib. Illər keçəcək, həmin anın müvəqqəti duyğuları itəcək və gənc başa düşəcək ki, onun vurulduğu Rafiq Yusifoğlunun özü yox, poeziyasıdır. Ismarıc müəllifi kimi şairin özü də hələ çox şeyi tam yəqinləşdirmək halında deyil:
Günəş arzulayan könlün
Düşüb dumana, çiskinə.
Sənin sevdalı qəlbini
Həsrət qoyubdu pis günə…
Şair haqlıdır. Bu “ömrüm”, “ruhum” kəlmələri ismarıc edəni də, şairi də pis günə qoyub. Şeirin sonu hər iki tərəfəin çaşqın vəziyyətdə qaldığını sübut edir:
Niyə könül verdin axı
Saçlarında dən olana?
Ah-uf eləmək yaraşmaz
Sevgilisi mən olana!
Başqa bir şeirində bu tipli sevgiləri şimşəyə bənzədən şair tam yəqinləşdirir ki, bu müvəqqəti parıltılar tezliklə yox olacaq. Lakin lirik qəhrəman bununla razılaşmır. Yeni ismarıc göndərir: “Nə haqla sevgimizin ömrünü şimşəyə bənzədirsiniz?Hisslərimi kiçildərək təhqir etdiyinizin fərqindəsinizmi?” Bu ismarıcın cavabını şair belə verir:
Kədər buludları çəkdi köçünü,
Qəlbimin həmdəmi qərib göylərdi.
Sevgi yağışları yudu içimi,
Çat-çat ürəyimdə həsrət göyərdi.
Bəzən iddia edirlər ki, sevgi şeirləri yalnız hissin məhsuludur. Orada insan ağlı, məntiq iştirak etmir. Rafiqin şeirlərində ağıllı məntiq duyğu ilə bərabərhüquqlu komponentlər kimi çıxış edir. Hiss insanı həyəcanlandırır, məntiq hissləri cilovlayır.
Sən eşqin göylərində
şimşək kimi çaxa bilsən,
Bir dəstə çiçəklə
yolumun üstünə çıxa bilsən,
təbiətə sevgimizin gözləri ilə
baxa bilsən,
görəcəksən ki,
dünya necə gözəldir…
“Sevdalı ömür” şeirinin bu hissəsi məntiqə əsaslanır. Lakin elə həmin misralardan sonra oxuyuruq:
Yamyaşıl payız otlarının
üstündə bərq vuran
qızılı xəzəldir…
Bu misralar isə məntiqdən daha çox hiss və emosiya ilə bağlıdır. Yaşıl otların üstündə payız yarpaqlarının bərq vurması təkcə ilin yazı ilə payızının növbələşməsi mənasında deyil, həm də bir peyzaj kimi diqqəti cəlb edir. Şeirlərin alt qatında belə bir məntiq də gizlənir ki, sevgi eyş və işrət deyil, həyatdır, bütün cəhətləri ilə gözəldir. Payızı da yazı kimi əzizdir, müqəddəsdir. Bəlkə ona görə şair “yuxuda sizi gördüm, kimsə mənə deyirdi ki, siz hamıya Allahın gözü ilə baxırsınız, ona görə hamını sevirsiniz. Bu nikbinlik, dərinlik ordandır. Bu yuxu deyilmiş!” ismarıcına yazdığı şeirində deyir:
Qəlbi təmiz olanların
Səsini Tanrı eşidir.
Mən kiməm sevəm, seviləm,
Məhəbbət Tanrı işidir!
Rafiq Yusifoğlunun şeirlərinin öz fəlsəfəsi var:
Adi bir insan ömrünü
Nağıl eləyib şairlər.
Göydən gələn bumbuz qarı
Noğul eləyib şairlər.
Qız alıb, gəlin köçürüb,
Gənclərə “buta” içirib,
Neçə-neçə ögey dərdi
Öz köynəyindən keçirib,
Oğul eləyib şairlər.
Şairlər daim sevgi toranında, eşq burulğanında həyatını qərq etməyə çalışan lirik qəhrəmanlar yaradırlar. Görünür bu, poeziyanın qanunudur. Lakin eyni zamanda şairlər bu tufanların qoynunda vətəndaş olduqlarını yaddan çıxarmırlar. Rafiq bir an da olsun düşmən tapdağında qalan və həsrət-həsrət bu tərəflərə boylanan dağları da unutmur. O yazır:
Ana torpaq, bizsiz qaldın,
Sənsiz gözümüz qaralıb.
Sənin özün qapqarasan,
Bizim üzümüz qaradı…
Bu misraları oxuyanda başa düşürsən ki, kəpənək kimi güldən-gülə, çiçəkdən-çiçəyə qonan şair ürəyinin dərinliyində daha böyük, daha müqəddəs bir sevgi yaşayır. Rafiq Yusifoğlunu da yaşadan bu sevgidir, bu amaldır.
Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur.
Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib.
Bu gün, yanvarın 2-də Rafiq Yusifoğlunun 73 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Rafiq Yusifoğlu son illərdə uşaq ədəbiyyatımızın inkişafınd öz töhfəsini verən, məhsuldar fəaliyyəti ilə ədəbi tənqidin, geniş oxucu kütləsinin diqqətini cəlb etmiş istedadlı sənətkardır. Onun “Söz çəməni”, “Çiçək yağışı”, “Bahar qatarı” kitablarındakı şeirlər, hekayələr oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.
Sənətkarın uşaq əsərləri janr baxımından olduğu kimi, mövzu, ideya-məzmun etibarilə də rəngarəngliyi ilə seçilir. “Qərənfil dənizi”, “Qubadlım”, “Qarabağım yenə geri dönəcək” əsərlərində vətənpərvərliyin tərənnümü, xalqın qəhrəman oğullarına məhəbbət sənətkarlıqla bədii ifadəsini tapmışdır. “Səhrada bulaq”, “Dibçək gülləri”, “Quruyan ağaclar”, “Nağıllar aləmi”, “Sel və bulaq” əsərləri şairin yaradıcılığında xüsusi diqqət yetirdiyi təbiət mövzusundadır.
Rafiq Yusifoğlu az sözlə dərin fikirlər deməyi, xırda ştrixlər, bədii detallarla böyük mətləbləri ifadə edən şairdir. Ədibin yığcam, təsirli şeirlərinin məna yükü ağırdır. “Pəncərə” şeiri bu baxımdan səciyyəvidir. Şair diqqəti dünyadakı müxtəlif pəncərələrə yönəldir. Pəncərələr dağa, dərəyə, meşəyə, dənizə açılır, evlərə, mənzillərə işıq gətirir, qocaya, uşağa nur bəxş edir. Son bənddə söylənən fikir pəncərə barədə deyilənlərin məntiqi yekunu kimi səslənir:
Pəncərəsiz yaşamaq,
Bil ki, əfsanə sözdür.
Ürəyin pəncərəsi
Bir cüt işıqlı gözdür…
“Adam balaca olanda” şeirində uşaqların dünyaya baxışındakı özünəməxsusluğu şair belə ifadə edir:
Adam balaca olanda
Çiçəyin dilini bilir.
Kəpənəyin, qarışqanın,
Böcəyin dilini bilir.
Ağacı, otu, sünbülü,
Dağı, daşı danışdırır.
Yerdə çəpişi, quzunu,
Göydə quşu danışdırır.
Zahid Xəlil Rafiq Yusifoğlu poeziyasının bədii məziyyətlərindən bəhs edərək yazır ki, şair hamı üçün adi görünən predmetləri mənalandırmağa səy göstərir, əşyanın poetik cəhətlərini görməyə və onu oxucusuna göstərməyə çalışır. O, bəzən həyatda rast gəldiyi ən adi hadisələri şeir dilinə çevirərək mənalandırmağa çalışır və çox zaman məqsədinə nail olur.
Rafiq Yusifoğlunun oxucular arasında əsərlərinin uğurunu da ilk növbədə “uşaqların dilini” bilməsində, dünyaya uşaq gözləri ilə baxmağı bacarmasında axtarmaq lazımdır. Lakin şair oxucunun arxasınca getmir, bədii deyimlər, təsirli misralar əxlaqi-mənəvi dəyərləri əks etdirən fikirlərlə onun nitqini, dünyagörüşünü zənginləşdirir, ilk baxışda adi görünən məsələlərə, həyat, təbiət lövhələrinə həssas nəzərlərlə baxmağa sövq edir:
Göydə uçan ağ bulid
Zərif tülə bənzəyir.
Səmanın yaxasında
Quşlar gülə bənzəyir…
“Koroğlu olmağın sirri” hekayəsi həcmcə kiçik olsa da, orada taleyüklü məsələlərdən, qəhrəmanlıqdan danışılır. İlk baxışda elə görünür ki, əsərdə Koroğlunun qəhrəmanlığını əks etdirən döyüş səhnələri balaca oxucuların yaş, qavrama səviyyəsinə uyğun şəkildə təsvir ediləcək. Ancaq müəllif əsərdə başqa yol seçir, oxucunu düşündürmək üçün maraqlı problem situasiya yaradır, bu vasitə ilə Koroğluya el məhəbbətinin səbəbini aydınlaşdırır.
Çox igidlərin Koroğlu kimi şöhrətlənmək, el məhəbbəti qazanmaq arzusuns düşməsi təbiidir. Ancaq xalqatası kor olanlara, Qıratın, Düratın əvəzinə müasir atlara – sürətli maşınlara minənlərə, misri qılıncın əvəzinə silahlara yiyələnənlərə, baçına dəliləri yığanlara Koroğlu deməyib. “Adamların ağlına da gəlməyib ki, Koroğlunu Koroğlu eləyən onun qəlbindəki vətən, torpaq sevgisidi, ürəyində yeni baş qaldıran haqq-ədalət çağırışıdı.
Koroğlunun özü qəhrəman olmaq, şöhrət qazanmaq arzusuyla yaşamayıb. O, həmişə öz ürəyinin səsinə qulaq asıb. Haqq-ədalət uğrunda mübarizə aparıb. Elə buna görə də elin sevimli qəhrəmanına – Koroğluya çevrilib”.
“Rənglərin anası” hekayısində müdrik bağban obrazı yaradılmışdır. Hansı rəngin daha yaxşı olduğu barədə mübahisə edən uşaqlara qoca bağbanın cavabı bol bəhrələr yetirən qara torpağa məhəbbət oyadır: “Balalarım, sizin hamınız haqlısınız. Hər rəngin öz rəngi, öz gözəlliyi var. Ancaq mənə qalsa, rənglərin ən gözəli qaradır… Bu qara torpağı görürsünüzmü? Onun sehrli köksündə nə qədər istəsən gül-çiçək bitir. Elə buna görə də mənə elə gəlir ki, qara rəng rənglərin anasıdır.”
“İnsan, Pələng, İlan” hekayəsi orijinal süjet xəttinə malikdir. Əsərin qəhrəmanı meşədə yanğın zamanı yorulub əldə düşmüş insan dincini almaq üçün mürgüləyir. Qəfildən eşitdiyi səslər onu yuxudan ayıldanda başının üstündə Pələnglə İlanı görür. İki düşmənin əhatəsində olan insan çıxış yolu tapa bilmir. Lakin İnsan, Pələng və İlan meşədə başlayan yanğın zamanı canlarını qurtarmaq üçün əlbir hərəkət etməyə məcbur olur, təhlükəni sovuşdururlar. Əsərdən çıxan əxlaqi nəticə kəndlinin sözləri ilə ifadə edilib: “Pələngin də, ilanın da əlinə imkan düşmüşdü məni öldürməyə. Ancaq onlar namərdlik etmədilər. Əvəzində mən də Pələnglə İlanı yanğından xilas etdim, son tikəmi qardaş malı kimi onlarla böldüm. Sən demə dünyadakı bütün canlıları yaxşılıqla ram etmək olarmış”.
Hekayədə İnsan, Pələng və İlanın qarşılıqlı münasibətləri timsalında həyatda xeyirxahlıq, mərhəmətin zəruriliyi ideyası ifadə olunmuşdur.
Son illərdə ədibin “Yollar”, “Zamanın qatarı”, “Ana dilim” şeir kitabları, “Ulu yurd yerlərimiz”, “Dəniz səviyyəsi”, “Elm və Helm”, “Qoruq və yasaqlıqlarımız” adlı nəsr əsərləri çap olunmuşdur. Şeir və poemaları əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilmişdir.
Rafiq Yusifoğlu “Göyərçin” jurnalının baş redaktoru kimi də uşaq ədəbiyyatı nümunələrinin nəşri, təbliği, gənc nəslə şatdırılması, oxucu zövqünün inkişaf etdirilməsi sahəsində də səmərəli fəaliyyət göstərir.
Rafiq Yusifoğlu həm də tanınmış ədəbiyyatşünas alimdir. O, “Uşaq ədəbiyyatı” dərs vəsaitində Azərbaycan cə dünya uşaq ədəbiyyatının aparıcı simalarının yaradıcılığını araşdırmış, bədii əsərlərindən nümunələr vermişdir. Vəsaitdə dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığı ilə bağlı məlumatların, onların əsərlərinin verilməsi də bu sahədəki boşluğu doldurmaq baxımından böyük əhəmiyyət kəsb edir.
DƏNİZ NƏĞMƏLƏRİ – MƏHƏBBƏT NƏĞMƏLƏRİ (“Qəm karvanı” kitabına yazılan ön söz)
İş elə gətirdi ki, bu məqaləni sübh namazından sonra yazmağa başladım. Burada qeyri-adi, daha doğrusu, elə böyük bir sir olmasa da, bunun mənası və səbəbi var. Və həmin o əsas səbəb də ondan ibarətdir ki, yazmağa başladığım bu məqalənin baş qəhrəmanı, səbəbkarı uzun illərin yol yoldaşı, qələm dostum, şair dostum, ən nəhayət, dəniz dostum Rafiq Yusifoğludur. Əslində mən “dəniz dostum” kəlmələrini cümlənin əvvəlində işlətməliydim. Çünki gəlib elə bir vaxta çatmışıq ki, qələm, söz, istedad və qabiliyyət ucuzlaşıb, hətta bir az da dəbdən düşüb. İndi dəbdə olan, meydanlarda at çapan, maraq doğuran çox şey var, bircə ağıl və bacarıq, istedad və qabiliyyət, kişilik və mərdlik bu siyahıda yoxdur. Şəxsən mənim üçün və Rafiq üçün həmişə dəbdə olan, solmayan, təzə-tər qalan, heç vaxt köhnəlməyən, dəyişməyən bir sirli-sehrli, cənnətməkan ünvan, əbədi bir mövzu var – Xəzər dənizi! Biz hər gün səhər tezdən Xəzərin mavi qoynunda görüşür, hər il beş-altı ay onun bir az duzlu, bir az meyxoş suyunda doyunca çimir, köpüklü dalğalarında atılıb-düşür, bərkdən-boşdan çıxır, sonra hərəmiz bir dünya sevinclə ev-eşiyimizə qayıdır, işə yollanırıq. Bu, həyatın, taleyin bizə bəxş etdiyi ən böyük səadət və mükafatdır. İkimiz də bu taleyə, bu səadətə, bu mükafata görə Allaha minnətdarıq. Çünki həyatda çox mükafatı, var-dövləti, cah-cəlalı, mal-mülkü, taxt-tacı olan adam var, amma onların heç birisinin Xəzər kimi ali mükafatı yoxdur. Allah-Təala Azərbaycana, biz azərbaycanlılara çox böyük bir sərvət, var-dövlət, nadir inci, ləl-cəvahirat bağışlayıb. Ancaq əfsuslar olsun ki, çoxumuz nankorluq edir, bu boyda mükafatın, var-dövlətin ya qədir-qiymətini bilmirik, ya da onu layiqincə dəyaərləndirməyi bacarmırıq. …Bədii əsərlərdə həmişə bir və ya bir neçə müsbət qəhrəman olur. Mənim qeydlərimin də iki səbəbkarı, iki qolu, iki müsbət qəhrəmanı var: biri Rafiq Yusifoğlu, o biri Xəzər dənizi… Əvvəllər dənizə gələn dostlarımız lap çox olub. Tədricən onlar azalıb. Azalanlar, oyundan çıxanlar kimlər olub? Bizimlə yol gedə, ayaqlaşa bilməyənlər – ürəksizlər, məsləksizlər, diləksizlər, acgözlər, mənsəbpərəstlər, buqələmunlar… Dəfələrlə bizə qoşulan, lakin dəstəmizin əsas, aparıcı üzvləri ilə ayaqlaşa bilməyənlərə, yəni mənən bizə yaxın olmayan cılız ürək sahiblərinin şax üzlərinə demişəm: “Xahiş eləyirəm, sbahdan gəlməyin bizim dənizə. Hər cür eyş-işrəti, var-dövləti vermişik sizə, barı qoy bu dəniz bizə qalsın! Murdarlamayın Xəzərimizi!” “Bizim dənizimiz” ifadəsini təsadüfi işlətmədim. Doğrudan da, bu boyda dəniz bizimdir. Bizim deyəndə, yəni mənim kimi yüzlərin, minlərindir Xəzər. Ancaq küləkli günlərdə bizdən savayı bir kimsəni görmək qeyri-mümkündür onun sahillərində… Xəzərlı bağlı söz-söhbətim bir qədər uzansa da, bu uzun söhbət Rafiqlə, onun yaradıcılığı və yeni şeir kitabı ilə sıx surətdə əlaqəlidir. Məqsədim bu əlaqənin bəzi “düyün” və nüanslarını açmaqdan ibarətdir. Rafiq Qubadlıdan Azərbaycan Dövlət Pedaqoji Universitetinə gəlib oranı bitirsə də, o, bu gün özü də etiraf edib deyəcək ki, şairliyinə, ziyalılığına, üstəlik həyatda və elmdə qazandığı bütün uğurlara görə Xəzərə minnətdardır. Uzağa niyə gedək, “Qəm karvanı” poemasından savayı onun təzə kitabındakı bütün şeirlər ya bilavasitə Xəzərlə bağlıdır, ya da dəniz məhəbbəti, bu sevginin ona bəxş etdiyi ovqatla köklənən lirik şeirlərdir. – Xeyir, elə “Qəm karvanı” poemasının yazılmasında da dənizin rolu var, – deyə Rafiq sözümə düzəliş verir. – Sən ki yaxşı bilirsən mənim vəziyyətimi! Əgər Xəzərlə dostluğum olmasaydı, bəlkə elə ağır cərrahiyyə əməliyyatından da sağ-salamat çıxmazdım. Sağ olsun Xəzər ki, onu sevən ürəyim məni bu ağır imtahandan sağ-salamat çıxardı… Yoxsa “Qəm karvanı” yaranardımı?! Söhbət “Qəm karvanı”ndan düşdüyü üçün bir dost, qələm yoldaşı kimi yox, məhz kitabın redaktoru kimi mən Rafiqi dahi söz ustası, ölməz Füzulinin sevgi dünyasına, onun ümumbəşəri yaradıcılığına məhəbbətini də hər şeydən öncə gördüm. Vaxtilə poemanı qəzetdə oxusam, radioda, televiziyada dinləsəm də, etiraf edim ki, Rafiqin bu cür “Məcnunluğunu” görməmişdim. O, poetik siqlətli misraları ilə ölməz Füzulinin şeeir-sənət dünyasına yaxınlaşır, onun zəngin obrazına yeni ştrixlər əlavə edir: Qəlbimi dünyada kədər yaşatdı, Mələklər eşqinə göz yaşı tökdüm. Gözəllər o qədər mənə daş atdı, Yığıb özüm üçün qəmxanə tikdim… Əla deyilib! Hətta deyərdim ki, Rafiqin bu tipli misraları onun füzulişünaslığa şair töhfəsidir. Elə bu misralar da həmçinin: Babam, yetməsən də nazlı yara sən, Sevən ürəklərə nur ələmisən. Qoşun çəkməsən də bir diyara sən, Dünyanı sözünlə fəth eləmisən! Sözsüz, ədəbiyyatda, sənətdə hərənin öz uğuru, öz cığırı var. Birində bu uğur çox, digərində azdır. Tale elə gətirib ki, ədəbi uğurlarımız da bir-birimizin gözü qarşısında olub. Mən “Ədəbiyyat və incəsənət”, daha sonra “Bakı”, “Baku” qəzetləri redaksiyasında işləmişəm, o isə “Göyərçin” jurnalı redaksiyasında. O, vaxtaşırı bu qəzetlərdə çıxış edib, mən də “Göyərçin” jurnalında. Sonra yollarımız haçalanıb. Əməkdaşlıq əlaqələrimiz isə qırılmayıb. Mən Sumqayıtda “168 saat” qəzetinin redaktoru işləmişəm. Rafiq redaksiyamızın ştatlı işçisi olmasa da, onun ən fəal əməkdaşı – müxbiri sayılıb. Daha doğrusu, qəzetin hər sayını birlikdə buraxmışıq, birlikdə müzakirə etmişik. Qəzetdə o, təkcə şair kimi yox, publisist, ədəbiyyatşünas alim kimi yox, həm də əl boyda xırda, şirin, duzlu, yumorli hekayələrlə çıxış edib. Ona görə də cəsarətlə deyə bilərəm ki, “168 saat” qəzetinin oxunaqlı çıxmasında, az-çox uğur qazanmasında Rafiqin də rolu, əməyi vardır. Əlbəttə, Rafiq Yusifoğlu filologiya elmləri namizədi olsa da, doktorluq dissertasiyasını yazıb tamamlasa da, o, hər şeydən öncə şairdir, “Yusifoğlu” təxəllüsünü də məhz şair kimi qazanıb və bu gün ədəbi ictimaiyyət Rafiq Yusifoğlu imzasını daha çox şair imzası kimi tanıyır. Rafiqin nəşriyyatımıza təqdim etdiyi “Qəm karvanı” kitabının əlyazmaları ilə, necə deyərlər, üz-üzə, göz-gözə dayanıb “168 ssaat” qəzetini varaqlayıram. Az qala qəzetin hər sayında onun imzası ilə rastlaşıram. “Üç daş” şeiri diqqətimi cəlb edir. Nə üçün “Üç daş”? Yuxarıda qeyd etdiyim kimi, biz hər gün səhərimizi dənizdə açırıq və hər gün neçə-neçə xırda, alabəzək daş yığırıq. Elə daş ki, hərəsi bir rəssam əsəri, torpağın nadir incisi, möcüzəsi təsiri bağışlayır. Mən nəvələrim, o isə balaları, dərs dediyi tələbələr üçün yığır bu daşları. Hələ neçə dostunu da bu daşlara “qonaq” edir. Birdən “Üç daş” şeirinin misraları dilə gəlir və mən şairin lirik “mən”inin həzin pıçıltısını, ürək döyüntülərini eşidirəm: Üç daş bağışladım sənə bu səhər, Dəniz göndərmişdi onları sənə. Duyana adi daş gövhərdi, gövhər, Bəxş etdim duyğulu anları sənə. Təbəssüm bəzədi nurlu üzünü, Sevindin, gözündən boylandı yaşlar. Kim bilir, bəlkə də su pərisinin Donmuş göz yaşıydı bu xırda daşlar?! Bu üç daş üç kiçik toxuma bənzər, Heç biri zərrəcə götürməz ləkə. Üç daş bağışladım sənə bu səhər, Dedim: – ”Daş ürəyin” yumşaldı bəlkə?! Sənə aydın olar sözümün ardı, Fikirləş, üç daşın mənasını tap: Biri ürəyim tək cadar-cadardı, Biri sənin əlin, o biri mizrab. Üç daş bağışladım sənə bu səhər, Nədən qorxurdumsa, gəldi başıma. Məhəbbət ocağı köz tutsa əgər, Onlar dönə bilər ocaq daşına. Duysan o daşları, gözün dolacaq, Qaçıb gələcəksən qarşıma bir gün. Ya onlar ömrünə bəzək olacaq, Ya da çırpılacaq başıma bir gün… Oxucu fikirləşər ki, şeir burda bitir. Düzdür, şeir bitir, ancaq şairin bitib-tükənməyən arzu və məhəbbəti yaz bulağı kimi, dağ şəlaləsi kimi aşıb-daşır, çağlayır. O məhəbbət bir sevgi ağacı kimi gənc bir aşiqin ürəyində göyərir, yeni şeirə – “Ürəkdə bitən ağac”a çevrilir. Səni görən gündən dincliyim itib, Taleyim belədi, cəfakeşəm mən. Yazırsan: –Qəlbində bir ağac bitib, – Toxum cücərtməkdə gecikmişəm mən. Bəlkə xoş söz çəkdim dodaqlarından, Bəlkə bu sevdaya ellər gülüşdü?! Bəlkə o ağacın budaqlarından Mənim qismətimə üç alma düşdü?! İçimdə közərir gizli bir ocaq, Qəlbimdə bir təzə sevda doğulmuş. Bəlkə o üç alma xatırladacaq: Bu, sevda deyilmiş, şirin nağılmış?… Sağalmaz bir yara yoxdu dünyada, Bilirəm, sevdalı qəlbin kövrəkdi. Toxum cücərdənlər çoxdu dünyada, Mənə daş göyərdən ürək gərəkdi… Şairin məhəbbəti böyük, istəyi isə çox cüzidir: Sənin ürəyində bitən ağacın Üstündən bir şair nəfəsi əsdi. Meyvəsi kiməsə qismət olacaq, Mənə o ağacın kölgəsi bəsdi… Adam var ona dünyanı bağışlasan belə, yenə qane olmaz, acgözlük edər, deyər ki, azdır. Adam da var nəfsinin qulu deyil, mənən toxdur, aza da qane olur. Əslində bu da Rafiqin öz qənaətidir, yəni o, heç vaxt ad-san üçün döyüşməyib, özünü oda-közə atmayıb, taleyin ona verdiyi nə varsa, onunla qane olub, kifayətlənib. Qəzetimizin digər bir sayında Rafiqin “Necə yazacaq?” şeiri dərc olunub. Bu şeirin maraqlı yaranma tarixçəsi var. Onda (oktyabr-noyabr 1995) respublika parlamentinə namizədlər qeydə alınırdı. Ağal, qabiliyyət, bacarıq yarışından savayı hər cür əyri, naqis yarışlar gedirdi. Rafiq bu biabırçı, iyrənc mənzərəni görüb, sesmadı, öz şair səsini ucaltdı: Bu da bir yarışdı, düşüb bəhsabəhs, Ey xalqım, sən dostu, düşməni tanı. Bu gün ”Şirvan” verib imza alan kəs, Sabah sata bilər Azərbaycanı. Daralır boynuma ilişən halqa, Gəlir üstümüzə qara bir duman. Vedrəyə aldanıb səs verən xalqa Vedrə bağlayacaq tarix bir zaman. Çaşma hər yetənə uğur diləyib, Sınaq günlərimiz yaxınlaşır, ha! Çoxları mandatı qalxan eyləyib, Qılınc oynatmağa hazırlaşır, ha! Qoymayın düşməni bizə gülməyə, Nadanlar millətə qəbir qazacaq. Adını, soyunu yaza bilməyən Xalqın taleyini necə yazağaq?! Deyim ki, o vaxt bu şeir şəhərə əməlli-başlı səs saldı, ciddi söz-söhbətə səbəb oldu. Rafiqin qənaəti düzgün idi. O, gördüyünü, əsl həqiqəti qələmə almışdı. Axı, doğrudan da, xalq, millət seçicilərə vedrə paylayıb səs toplayan elçisindən nə gözləyə bilər? Belə millət vəkilləri kimə və nəyə lazımdıqr?! Əfsuslar olsun ki, şair harayını eşidən, ona məhəl qoyan tapılmadı. Deputatların böyük əksəriyyəti əvvəlcədən tərtib olunmuş siyahı ilə “seçildi”. Düzdür, haqqında söz açdığım bu şeir kitaba daxıl edilməyib. Ona görə ki, Rafiqin yeni kitabında ancaq onun dəniz nəğmələri, lirik ovqatlı, gənclik təravətln məhəbbət şeirləri toplanıb. Həm də bu, şairin öz arzu və istəyi ilə olub. Lakin nəzərə alsaq ki, hər bir qələm sahibi, daha çox şair eyni zamanda dövrün, zamanın salnaməçisidir və o, ən çətin məqamda belə susmamalı, bütün həyat həqiqətlərinə öz münasibətini bildirməlidir. Bu nöqteyi-nəzərdən Rafiqin real həyata publicist münasibətdən yaranan şeirə müraciət etməyi vacib sandım. Oxucu yəqin hiss etdi ki, mən qeydlərimdə Rafiq Yusifoğlunun kitabında toplanmış şeirlərdən çox dənizdən söz açdım. Bunu mən bilərəkdən etmişəm. Çünki bu kitabı Rafiqə məhz dəniz yazdırıb, onun dənizə olan sonsuz məhəbbəti, həm də bu dənizi ona sevdirən gözəllər yazdırıb. Görün şair birşeirində dənizi ona bağışlayan bir gözələ nə deyir: Yanğımı söndürmək olmaz, Dalğayla, yağışla, gözəl! Dəniz elə mənimkidir, Özünü bağışla, gözəl! Əgər Rafiq Yusifoğlu dənizi özününküləşdirirsə, onun haqqında geniş danışmağa da dəyər. Bəli, dəniz ilk növbədə onu sevənlərindir, qədir-qiymətini bilənlərindir. Bu siyahıda Rafiq də var, bu sətirlərin müəllifi də. Şair “Dənizlə söhbət” şeirində özünün dəniz məhəbbətini daha da böyütmək, genişləndirmək istəyir. Bu arzu və istəklə üzünü sevgilisinə tutub deyir: Gülüm, dəniz səni tanımır hələ, Deyir ki, qoy o da sənə qoşulsun, Ya dalğaya dönsün, ya da quş olsun. Məsəl var deyərlər: “Dost dosta tən gərək, tən olmasa, gen gərək”. Nə qədər Rafiq Yusifoğlunun ayrı biçimli, ayrı ovqatlı şeirlərindən söz ağmaq istəsəm də, dənizin məftunedici cazibəsindən çıxa bilmirəm, yenə dəniz nəğməli, dəniz ətirli şeirlər diqqətimi cəlb edir. Görürəm ki, bu “yanlış da bir naxış”dır. Həm də bu, çox təbiidir. İkimiz də dəniz aşiqi, dəniz dəlisi olduğumuzdan söz-söhbətimiz dənizdən yan keçə bilmir. Həm də ki, dəniz sevgisi, dənizə sonsuz məhəbbət kitabdakı şeirlərin canına hopub, qanına işləyib və onların hamısında bir isti nəfəs var: dəniz nəfəsi, dəniz ətri. Özü də bu şeirlər sanki bir himə bənddilər. Əgər onlara bir bəstəkar nəfəsi, musiqiçi, müğənni əli, barmağı toxunsa, misralar, beyt və bəndlər dərhal dilə gələr, şirin, yaddaqalan şərqiyə, nəğməyə dönər… Siz “Mənim dənizzim” şeirindəki bu həzin, kövrək misraların pıçıltısına baxın: Söz deyirəm ərk ilə, Arı qonmaz hər gülə. Ya qucaqla boynumu, Ya qoynunda qərq elə. Aşiqlərin ürəyi yuxa, kövrək olur. Biz, əlbəttə, lirik “mən”ə “qoynunda qərq olmaq” arzulamazdıq. Ancaq “qucaqla boynumu” deyərdik. Rafiq Yusifoğlunun bir neçə şeirinə bəstəkarlar, müğənnilər müraciət etsələr də, hələ bir xeylisi növbə gözləyir. Kitabda öz-özünə oxumaq istəyən, bəstələnmək arzusuyla yaşayan o qədər şeir var ki, yəqin ki, onlara da növbə çatacaq. Qeyd etdiyim kimi, kitabda şairin dəniz mövzusunda və yaxud dəniz ovqatı ilə yazılan silsilə şeirlərə geniş yer verilmişdir. Çətinlik çəkirəm deyim ki, bu şeirlərin ən yaxşı, yaddaqalanı hansıdır? Ona görə bu sualla şairin özünə müraciət etdim. –Dəniz haqqında ən yaxşı şeirimi hələ yazmamışam. Ümumiyyətlə dəniz elə bir əbədi, bəşəri mövzudur ki, hələ onu heç kim onun özündən yaxşı, sanballı vəsf edə bilməyib. Dəniz mənim ürəyimə, gözlərimə köçüb… Rafiqin fikri ilə razılaşıram. Eybi yox, qoy öz dediyi kimi olsun, bütün sənətkarlar kimi o da dənizə borclu qalsın… Redaktor hardasa buğda zəmisində alaq təmizləyənə oxşayır. Bu mənada Rafiqin “poeziya zəmisi” hər cür alaqdan xalidir… …Özüm bilə-bilə kitabda toplanmış şeirlər barədə geniş söhbət açmıram. Bunu tləbkar oxucuların öhdəsinə verirəm. Qoy onlar diqqətlə oxusunlar, rəy söyləsinlər. Mənim məqsədim dostum haqqında bir-iki xoş söz demək idi. Bilmirəm bu borcumu yerinə yetirə bildimmi?! Oxucu bu qeydlərimi necə qarşılayacaq, oxuyanda ağız büzməyəcək ki, onu deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, “Dəniz nəğmələri –məhəbbət nəğmələri” sərlövhəsinə sadiq qalmağa çalışmışam, şairin sevgi dolu şeir çələnginə məhəbbətlə yanaşmışam. Sən də bu nəğmə çələngini sevə-sevə, məhəbbətlə oxu, əziz oxucu! 1-4 avqust, 1997
Eldar Baxış – 75 AZADLIQ ŞAİRİ (üçüncü məqalə) Bu il 75 yaşı tamam olan Eldar Baxış poeziyasının mövzu və problematikası çox zəngindir. Yaradıcılığının ilk illərində ənənəvi mövzularda qələmini sınayan şair həyatı dərk elədikcə, Azərbaycan və dünya ədəbiyyatının inciləri ilə tanış olduqca onun şeirləri yeni-yeni mövzularla zənginləşdi. Ədəbiyyata ədəbiyyatdan yox, həyatdan gələn, gündəlik məişət qayğılarından yaxasını qurtara bilməyən, addımbaşı çətinliklərlə rastlaşan Eldarı düşündürən, qayğılandıran bütün problemlər yeni donda və yeni biçimdə onun poeziyasında öz bədii əksini tapmağa başladı. Həyatımızın rəngarəng problemləri Eldar Baxış poeziyasının da problematikasına çevrildi. Yaradıcılığının ilk illərində istər-istəməz sovet ədəbiyyatının mövzularına müraciət edən Eldar Baxış özünə yeni-yeni mövzular axtarmağa başladı. Çox yaxşı ki, bu tipli, daha doğrusu bu mövzulu şeirlər Eldar Baxış poziyasının əbədi mövzusuna çevrilə bilmədi və şair öz ilham bulağının axarını öz daxili dünyasına, doğulub boya-başa çatdığı kəndə sarı yönəltdi… Universitet mühiti, görkəmli tarixçi alimlərdən dərs alması, vətənpərvər insanlarla, şairlərlə, alimlərlə tanışlığı və ünsiyyəti adi bir kənd uşağının xarakterinin yeni istiqamətdə formalaşmasına zəmin yaratmışdı. O illər Azərbaycan Milli Azadlıq Hərəkatının gizli şəkildə oyanışı və dirçəlişi dövrü idi. Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin vətənpərvər ruhlu şeirləri, ”Gülüstan” poeması, Xəlil Rzanın, Söhrab Tahirin, Məmməd Arazın və başqalarının əsərlərinin mayasında Azərbaycanın birliyi, bütövlüyü, azadlıq və istiqlaliyyəti kimi mühüm, taleyüklü məsələlər dayanırdı. Şairlər bu məsələlərdən açıq şəkildə danışa bilməsələr də, fikirlərini ifadə üçün simvolik obrazlar, vasitələr axtarırdılar. Xəlil Rzanın məşhur ”Azadlığı istəmirəm zərrə-zərrə, qram-qıram, İstəyirəm qolumdakı zəncirləri qıram, qıram” misralı şeirlərini o zaman ”Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyən vətənpərvər ziyalı, tanınmış şair, ədəbiyyatşünas Qasım Qasımzadə ”Afrikanın səsi” adı altında çap eləmişdi… Söhrab Tahirin ”Daha” rədifli qoşmasının bu misraları dillər əzbəri idi: Azad qardaşım var, onunla xoşam, İstərəm sahili sahilə qoşam. İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha. Eldar Baxışın poeziyasında da Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi ideyası ön planda idi. Xudafərin körpüsünün o tayından bu taydakı qardaşlarına əl eləyən uşaq Eldarın ürəyini ehtizaza gətirirdi. Onun ”Əl” şeirindəki bu misralar təsadüfi yaranmamışdı: …Gör necə danışır, gör necə dinir, Həsrətin, ümidin dilidir o əl. Təkcə o oğlanın əli deyil ki, On səkkiz milyonun əlidir o əl… Eldar Baxış da çox zaman Xəlil Rza kimi Azərbaycan, onun istiqlaliyyəti haqqında fikirlərini xarici mövzuda yazdığı əsərlərdə əks etdirməyə çalışırdı. Bu baxımdan onun ”Fələstin şeirləri” silsiləsi maraq doğururdu. Muin Bsisu və Mahmud Dərvişə ünvanlanan ”Oxudum şeirlərinizi” adlı yazıda əslində Eldar Fələstinin problemlərinin arxasında gizlənərək xalqımızın dərdlərindən danışırdı. Şairi Şimalda, Qərbdə, Şərqdə – dünyanın hər yerində başkəsənlərin göbələk kimi artıb çoxalmasından narahat idi. O, ”meydanın ortasında Azadlığı dəvə kimi xıxırdıb başını kəsənlər”ə nifrətini gizlətmirdi. Eldar Baxışı narahat edən bu idi ki, bu başkəsənlər təkcə adam başı, sərçə başı, beçə başı kəsməklə kifayətlənmirlər. Onlar: ”Ölkə başı kəsirlər, paytaxt başı kəsirlər, Bayraq başı kəsirlər, torpaq başı kəsirlər…” Vətənin ”təndirindən çıxan çörəyini, ağacının gətirdiyi barı, pətəyindən süzülən balı”… yeyən şair bunun əvəzini vermək üçün ondan bir qarış yer, bir ovuc torpaq istəyir. Onun bu qənaətləri vətəndən bir qəbirlik yer istəyən, ”Çürüyüm bir qarış torpağın artsın” – deyən şair Musa Yaqubun fikirləri ilə üst-üstə düşürdü… Eldar Baxış vətənə sevgisini belə ifadə edirdi: ”Vətən, uşaq anasını, yetim göz yaşını, kasıb balasını nə qədər istəyirsə, mən də səni o qədər istəyirəm”… Və bu sevgi onu vətənin azadlığı, istiqlaliyyəti uğrunda mübarizəyə səsləyirdi. Universitet divarları arasında qadağan olunmuş mövzularda gizli söhbətləri dinləməsi Eldarın mübarizə əzmini daha da artırırdı. O, cəmi 23 ay ömür sürən Demokratik Azərbaycan Respublikasının bərpa olunmasını arzulayırdı. Lakin bu arzunu o zaman dilə gətirmək mümkün idimi? Nəhayət, gənc şair fikirlərini söyləmək üçün simvolik obrazlara müraciət etməli oldu. O zaman ədəbiyyatımızda fikri simvolik vasitələrlə ifadə etmək ənənəsi yaranmaqda idi və bu ədəbi üslubun öncülü ”Rənglər” şeirlər silsiləsini yazan, ”sarı” rəngi simvolik şəkildə ”kisiyin böyük qardaşı” adlandıran, ”Bağları qum basdı” deyə haray qaldıran, ”sarı qumun qara tənəkləri altına almasını” söyləyən Rəsul Rza idi. Rəsul Rzanın şeirlərini maraqla oxuyan, hətta onun haqqında məqalə yazıb çap etdirən Eldar Baxışın özünün də bu vasitəyə əl atması təsadüfi deyildi. Eldar Baxışın ”Yaşılım, yaşılım, hara gedirsən” şeirindəki ”yaşıl” rəng Demokratik Azərbaycan Respublikasının, onun hakim partiyası Müsavatın, ”sarı” isə bu rəngi saraldıb solduran rusların simvolik obrazı ildi: O sarı zamanın sarı payızı, o sarı payızın sarı küləyi, o sarı küləyin sarı şilləsi sındıracaq səni, əyəcək səni. Düşəcək dalınca canavar kimi, qurd kimi dağıdıb yeyəcək səni, – Yaşılım, yaşılım, hara gedirsən? Göründüyü kimi, Eldarın əksər şeirlərində olduğu kimi burada da əsas fikir sözün üst qatında yox, simvolik obrazlar vasitəsilə verilmiş daxili qatında, sətiraltı mənasındadır. Eldar izi azdırmaq, əsas fikri ”qlavlit”in gözündən yayındırmaq, pərdələmək üçün ”ağac yaşıl”, ”yarpaq yaşıl”, “ot yaşıl” ifadələrindən istifadə edirdi… Eldar Baxışın o zaman yazılan şeirlərinin bir qismində sovet ictimai quruluşuna qarşı nifrət motivləri sezilməkdə idi. ”Yana-yana” şeirində çayxanada sadə adamların söhbətini ön plana gətirməklə müəllif öz əsas məramını verməyə çalışırdı. Bu zaman bir bədii vasitə kimi kinayə onun köməyinə gəlirdi. Taksi sürücüsünün Fordun qarasına deyinməsi acı təbəssüm yaradırdı. Eldarın ”Qara göz yaşları” şeirində isə ”yarı balıqlar, yarı ətlər”, ”quru heykəllər, quru bütlər”… tənqid hədəfinə çevrilirdi… ”Kefin necədir” şeirinin daxili qatında isə ictimai quruluşun lirik qəhrəmanın əhvali-ruhiyyəsinə təsiri məsələsi ön plandı idi. Azadlıq ideyası Eldar Baxışın əksər şeirlərinin başlıca leytmotivini təşkil edir. Şair nədən yazırsa-yazsın, bu və ya digər şəkildə azadlıqdan söhbət açırdı. Məsəln, böyük türk şairi Nazim Hikmətə həsr edilmiş ”Qəribə adam”, zənci Con Harrisə həsr edilmiş ”Con Harrisə məktub” və s. şeirlərinin mərkəzində də azadlıq ideyası ön planda idi. Qarabağ hadisələrinin başladığı ilk gündən Eldar Baxış qələmini süngüyə, silaha çevirib düşmənə, onun havadarlarına hücüm eləyən qələm sahiblərimizdən biri idi. Onun Zori Balayana yazdığı açıq məktub o zaman dillər əzbəri idi… Eldar xalqımızın düşməninə xatırladırdı ki, böyük budaqların böyük qolu var, ona meydan oxumaq hər xalqın işi deyil. Eldar sözün bədii gücü ilə göstərirdi ki, ”İrəvan dilində sayıqlayan, Moskva dilində zarıyan” Balayanın yazdıqları göydəndüşmə deyil, bu azar ona hampadan, keşişdən, ”böyük Ermənistan” xülayasından gəlib. Zori Balayanı ittiham edən, onu sözlə öz yerində oturtmağa çalışan Eldar Baxış özümüzdə də günahın az olmaması qənaətinə gəlirdi: O nədir yazmısan Zori Balayan, ”Bala” da bizimdir, ”zor” da bizimdir. Ölmək istəyirsən, gəl Qarabağa, Kəfən də bizimdir, gör da bizimdir. Ordan apararam öz kəndimizə, Tutub apararam göyə çıxasan. Ancaq qorxuram ki, gedəsən orda Mənim kəndimə də yiyə çıxasan… Bu misraları yazanda heç Eldar Baxışın ağlına gəlməzdi ki, indi rusların havadarlığına arxalanan ermənilər nəinki Dağlıq Qarrabığ, hətta ona bitişik ətraf rayonlara da, şairin doğulub boya-başa-çatdığı, babalarının, nənələrinin qəbri uyuyan doğma Müskanlıya da ”yiyə çıxacaqlar”… Eldar Baxışı elə vətən dərdi öldürdü. Eldar torpaqlarımızın düşmən tapdağı altına düşməsinə heç cür dözə bilmirdi. ”Dünya sülh istəyir” şeirində Eldar təəssüflə bu qənaətə gəlirdi ki, ”Azadlığın, Bərabərliyin, Qardaşlığın, Sülhün işi qalıb Allaha.” 1988-ci ildə qələmə aldığı mənim ”Çiçək xalqım” adlı şeirində Eldar Baxış xalqımızın içində mürgüləyən vulkanı yuxusundan oyatmaq istəyir, onun övladlarına Şamanı, Atillanı, Şah İsmayıl Xətaini, Koroğlunu xatırladırdı. Vəziyyətin son dərəcə gərgin olduğunu hiss edən, ”Silva Kaputikyanları, Zori Balayanları” üstümüzə qaldıranların kimliyini yaxşı bilən şairin Allaha yalvarmaqdan başqa çarəsi qalmırdı. Vətənin başına gətirilən müsibətlər, torpaqlarımızın işğal olunması, həm daxildə, həm xaricdəki düşmənlərin çoxluğu Eldar Baxışın şair ürəyini yaralayır, onun əsəblərini tarıma çəkirdi. Təsadüfi deyil ki, həmin hadisələr zamanı dünyasını dəyişən Eldar Baxışı qələm dostları ”şəhid şair” adlandırırdılır. Torpaqlarımızın azad olunduğu günü görə bilməyən, qəbir daşına öz vəsiyyəti ilə ”Azadlıq” sözü yazılan Eldar Baxışın vətənpərvərlik, müstəqillik, azadlıq, bütövlük, mərdlik, kişilik, qeyrət ruhuyla yoğrulan şeirləri indi də öz təsir gücünü itirməmişdir və yeni nəslin tərbiyəsində onun yaradıcılıq nümunələrinin təsir gücü böyükdür…
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.