Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazması Milli Kitabxanaya hədiyyə edilib Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq-alim, professor Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib. Ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə keçən tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, akademiklər Nizami Cəfərov, Teymur Kərimli, Xalq yazıçısı Elmira Axundova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış ediblər. Daha sonra fəxri qonaq Ankara Universitetinin müəllimi Məmmədrza Heyət əmisinin 100 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, dahi şair Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını Milli Kitabxananın fonduna hədiyyə edib. Qeyd edək ki, XVI əsrə aid olan orijinal əlyazma nəstəliq xətti ilə 994/1586-cı ildə katib Qulami-Süpahi Məhəmməd tərəfindən köçürülmüşdür.
Vasif Sadıqlının sayca 7-ci, əvvəlkilərdən fərqli, 644 səhifəlik “Füzuli. Qəzəllər” adlı kitabı çap olunub. Kitabda Azərbaycan şairi Məhəmməd Füzulinin azərbaycanca divanındakı 294, “Leyli və Məcnun” poemasındakı 24 qəzəl müasir dilimizdə izah edildiyindən, bəzi misralar qısaca şərh olunduğundan oxucuların işi asanlaşıb.
İraqın Kərkük şəhərində Azərbaycan şairi Məhəmməd Füzuli adına ibtidai məktəbin açılışı olub. Məktəb Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına təmir edilib. Fotolar:
Öncə söz vardı… Məhəmməd Füzuli-1-ci hissə. (Dostlar, bu gündən etibarən “Fədailərimizi tanıyaq!” rubrikası ilə yanaşı “Öncə söz vardı…” rubrikasına başlayıram.İlk olaraq, ədəbi düha, ustad Məhəmməd Füzulidən başlayaq ki, sözümüzün sanbalı olsun.Bu rubrikamda böyük alimlərimzdən iqtibas etdiklərimlə, müxtəlif yazılardan, məqalələrdən əxz etdiklərimlə yanaşı, həm də öz təhlillərim, öz mülahizələrim yer alır) Pənbeyi-daği-cünun içrə nihandır bədənim, Diri olduqca libasım budur, ölsəm, kəfənim. Məşhur qəzəlin, məşhur beyti. Pənbə-pambıq, dağ-basılmış dağ, cünun dəlilik deməkdir. Bəs Füzulinin qəzəlində bu spesifik, açar sözlər daha sonra hansı kodlarla, şifrələrlə bir-birinə bağlanır? Lap Jorj Kulonun “Motsart qazamatda” əsərindəki atributlar, hadisələr kimi.İlk baxışdan gərəksiz yerə dınqıldanan piano da, yaşlı xanım da, kafedə yubanan (qazamatda Motsart ləqəbi verilən) qatil də-hər kəs bir-birindən qopuq görünür, ancaq süjetin sonunda deyirsən “aha, nə qədər təbii, elə bunlar bir-biri üçün yaradılıblarmış ki!” Maraqlıdır! Hekayəni yox, qəzəli deyirəm. Pambıq hara, dəli hara, dağ basmaq hara.Birazdan görəcəyik ki, təcrübələrdən ilmə-ilmə xalı hörüb Füzuli. Sən demə, qədim təbabətdə dəlini 3 üsulla müalicə edirmişlər: -çalğı-qan almaq və dağ basmaq.Əbu Əli İbn Sina, ərğənun adlı çalğı alətinin ixtiraçısı kimi xəstəni müalicə etməkdə metoterapiyadan istifadə edərmiş.İbn Sina müəyyən eləmişdi ki, hansı lad, hansı tembr hansı mərəzin dərmanıdır. …Dağ basıb pambıq yapışdırmaq isə dəlini müalicə etmək üçün son vasitədir.Füzuli demək istəyib ki, mən cünunluğun son həddində dayanmışam.Ona görə də məni son vasitə ilə müalicə etmək lazımdır.Yəni, eşqim hüdudsuzdur.Adi dəlilərə dəmirlə dağ basırlarsa, mənə eşq dağı basılır.Eşq dağının üstünə qoyulan pambıq mənim libasımdır.Tam əminliklə burada Allaha olan məhəbbətdən söhbət gedir.Fuad Köprülü də bu cür düşünür, amma bəzi alimlərimiz qadına real məhəbbətlə yazıldığını iddia edirdilər, hərçənd sovet dönəmində yəqin ki, başqa cür yaza bilməzdilər, sosialist realizminin diktəsinə uyğun olaraq.Onu da ərz edim ki, sovet dönəmində Füzuliyə münasibət müsbət deyildi, çünki hayana vurdular, nə tövr etdilərsə, canından irfanı, eşqi, Allah məhəbbətini çıxara bilmədilər, yoxsa sovet “başbiləlnəri” maraqlı idilər ki, ondan da bir sosial bərabərlik simvolu düzəltsinlər.Bu, həm də Füzulinin dühalığı ilə bağlıdır ki, onun ehtişamı, uca ruhu şeirlərini zərrəcə təhrif olunmağa rüsxət vermədi. Canı kim cananı üçün sevsə, cananın sevər. Canı üçün kim ki, cananın sevər, canın sevər. Füzulinin eşqi ilahi idi, eşqi bəşər müstəvisindən Tanrı müstəvisinə qaldıra bilib Məhəmməd Füzuli.Yəni, hər iki məfhuma xitab edən həm ucalıqda, həm də əlçatanlıqdadır bu misralar. “Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim Bir hübabəm ki, havadan doludur pirəhənim”. Şair deyir ki, mən göz yaşlarımın içində bir hübabəm (su üzündə qabarcıq, pappıldaq) Su üzündəki qabarcıq adi hava ilə dolu olduğu halda, mən eşqin havası ilə doluyam.Su qabarcığı, əslində, havadan ibarətdir, püf eləyən kimi yox olur.Mən də eləyəm.Yalnız eşqdən ibarətəm. Eşqi məndən alsan, yerində heç nə qalmaz. Gerçəkdən də qalmır! Sonda Əkrəm Cəfərin bir fikri hafizəmdə ilişib qalıb, gərək onu da təkrarlayım: “Füzulinin adı gələndə yaxşı olar ki, salavat çevirəsən” 01 may 2024 (Yazımda vaxtilə Əli Fəhminin, M.F.Köprülünün, Xəlil Rzanın, Əkrəm Cəfərin və digər alimlərimizin tədqiqatlarından təsirləndiyim fikirlər var)
Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin bu il anadan olmasının 530 ili tamam olur. Ruhu şad olsun.
Mövlanə Füzulinin sevdiyim qəzəllərindən biri (Feysbuk xatırladır)
Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
Azərbaycan xalqının mütəfəkkir şairi, söz dünyasının sahilsiz ümmanı, türk, ərəb və fars dillərində bənzərsiz bədii-fəlsəfi əsərlər yazanı, sağlığında Şərq ölkələrində böyük şöhrət qazanan dahi şəxsiyyəti, ədəbi-fəlsəfi yaradıcılıq nümunələri müəllifi, qəsidələr, qəzəllər ustadı, bəşəri və humanist ideyaların qoruyucusu, əbədiyaşar söz sənətkarı Məhəmməd Füzuli Azərbaycanın görkəmli sənət nümayəndəsidir. Məhəmməd Füzuli bədii-ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Mütəfəkkir şair fars dilində yazmasına baxmayaraq, ana dilini – Azərbaycan türk dilini gözəl, lətafətli şeir nümunələri yazmaqla zənginləşdirmişdir. Azərbaycan xalqının böyük şairi Füzuli bədii-estetik söz sənəti olan ədəbiyyatı bütün türk dünyasında şərəfləndirmişdir. Məhəmməd Füzulinin bədii-ədəbi yaradıcılığı nəinki Azərbaycanda, bütün dünya ədəbiyyatında məşhurdur. Məhəmməd Füzuli yaradıcılığını üç dildə yazıb, yaradaraq Azərbaycan mədəniyyətinin əvəzsiz sərvəti etmişdir. Ədib üç dildə “Divan” bağlayan təkrarsız istedada malik sənətkardır. Onun doğma ana dilində, fars, ərəb dillərində olan bədii yaradıcılığı XVI əsr və ümumən Azərbaycan ədəbiyyatının zirvəsidir. Məhəmməd Füzuli poeziyasının dili və üslubu öz zənginliyini, istiqamətini, inkişaf xəttini, orijinalığını xalq dilinə bağlılığı ilə əldə etmişdir. Məhəmməd Füzuli poeziyasının dili və üslubunu ana dilinin keşiyində durması daha da zənginləşdirərək, zamanın hər cür təzyiqindən, sınağından çıxarıb dövrümüzə qədər yaşatmışdır.
Məhəmməd Füzuli poeziyasının ana xəttini Azərbaycan türk dilinin xəlqiliyi, milli köklərindən, xalqın dilində əsrlərlə işlənib cilalanmış söz və ifadələr təşkil edir. Mütəfəkkir şair milli ənənələrə köklənən üslubi orijinallıqları ilə seçilən bədii-ədəbi yaradıcılıq nümunələrinin ən mükəmməllərini yaratmışdır. Məhəmməd Füzulinin poeziyasının dili klassik Azərbaycan ədəbi dilinin ən mükəmməl nümunəsidir. Ədibin klassik Azərbaycan ədəbi dilinin zənginləşməsində, XVI əsr Azərbaycan ədəbi dilinin inkişafında, poeziyanın leksik və qrammatik norma cəhətindən araşdırılmasında, ədəbiyyatın məqsəd və vəzifələrinin mükəmməlləşməsində çox böyük xidmətləri vardır. Məhəmməd Füzulinin poeziyasının dilini tədqiqatçı dilçilər elmi – linqvistik baxımdan geniş bir şəkildə tədqiq etmişlər. Məhəmməd Füzulinin poeziyasının özünəməxsus leksik özəllikləri, qədim türk dillərinin xüsusiyyətlərini daşıması, Azərbaycan ədəbi dilinin digər klassiklərinin dil materialları ilə sübuta yetirilmiş faktlardandır. Məhəmməd Füzulinin üslubu onun türkcə “Divan” da əsaslı şəkildə özünü göstərir. Məhəmməd Füzulinin əsərləri özünün dil və üslub orijinallıqları ilə daim seçilmişdir. Ədibin poeziyasının dilində xəlqi və milli mənbə kimi Azərbaycan xalq dili əsasdır.
Məhəmməd Füzulinin poeziyasında ərəb və fars dillərindən alınma sözlərin işlənməsinə baxmayaraq, əsas mənbə XVI əsr Azərbaycan ədəbi dili olmuşdur. Məhəmməd Füzulinin poeziyasının zəngin olmasının əsas səbəblərindən başlıcası odur ki, şairin şeirlərində semantik söz qrupları olan – sinonimlərdən, antonimlərdən, omonimlərdən geniş bir şəkildə istifadə olunmuşdur. Ədibin poeziyasının dili poetik-üslubi vasitələr, linqvistik və üslubi-linqvistik metodlar ilə Azərbaycan türk ədəbi mühitinin əsaslı araşdırılmasında mühüm rola malikdir. Ədibin poeziyasının dili və üslubu elmi yeniliklər, linqvistik, müqayisəli – diaxronik tədqiqlər, elmi təhlillər, təsviri müqayisəllər mövzusu olmuşdur. Məhəmməd Füzulinin poeziyası Azərbaycan dilinin, habelə türk dillərinin tarixi leksikologiyasının, tarixi-müqayisəli leksikologiyasının, ümumən Azərbaycan ədəbi dili tarixinin, dəqiq olaraq XVI əsr Azərbaycan ədəbi dili tarixinin, Azərbaycan dilinin tarixi üslubiyyat məsələlərinin tədqiqində, öyrənilməsində elmi mənbə kimi istifadə olunmuşdur. Məhəmməd Füzulinin bədii-ədəbi yaradıcılığı Azərbaycan ədəbi dilinin leksikologiyasının, tarixi qrammatikasının, üslubiyyatının, bədii-estetik söz sənətinin inkişafında öz müsbət təsirini göstərmişdir. Mütəfəkkir şairin poeziyasının dilində türk mənşəli Azərbaycan dili sözləri ilə yanaşı, ərəb və fars dilindən alınmış ayrı-ayrı sözlər, eləcə də izafət birləşmələrindən bədii ifadə vasitələri kimi geniş istifadə olunmuşdur. Ədib poeziyasının dilində Azərbaycan xalq dilinə daxil olmuş, Azərbaycan türk xalqının mənimsədiyi, Azərbaycan dilində vətəndaşlıq hüququ qazanmış ərəb və fars dilindən alınmış sözlərdən daha çox faydalanmışdır. Ədib poeziyası vasitəsilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasının inkişafına qüvvətli təsir etmişdir. Mütəfəkkir şair üç dildə – ana dili Azərbaycan türk dilində və ərəb, fars dillərində şeir nümunələri yaratmışdır. O, yaradıcılığında ana dilində yazmağa üstünlük vermişdir. Çünki, Azərbaycan dilinin məna zənginliklərinin, poetik imkanlarının parlaqlığının və əlvanlığının fərqində idi. XVI əsr Azərbaycan ədəbi dilinin qoruyucusu olan Füzulinin poeziyası onu Azərbaycan klassik poeziyasının zirvəsi, Azərbaycan xalq dilinin yüksək səviyyədə qoruyucusu, təkrarsız bir ədibi etmişdir.
Məhəmməd Füzulinin poeziyasının dilinin və üslub mövzularının zəngin olmasında Azərbaycan dilinin müstəsna rolu olmuşdur. Ədibin poeziyası ədəbi mədəniyyətin ən mükəmməl nümunəsidir. Məhəmməd Füzulinin poeziyası Azərbaycan klassik poeziyasının, xüsusən XVI əsr Azərbaycan ədəbi dilinin lirik-sentimental üslubunun zənginləşməsində və formalaşmasında mühüm vasitə olmuşdur. Füzulinin poetik dilinin zənginliyi şairin bir alim olaraq intellekt sahibi olmasının göstəricisidir. Onun poeziyası Zöhrə, Ülkər, Günəş, ay, ulduz kimi planet və göy cisimlərinin adları, poetik bənzətmə vasitələri ilə olduqca zəngindir. Məhəmməd Füzuli İraqda geniş türk mühitinin yetirməsi kimi həmin kontekstin dil-üslub xüsusiyyətlərini yaşadan bir mütəfəkkirdir. Məhəmməd Füzulinin poeziyasının dili çox zəngin olmasına və o dövrün hətta formal tələblərini belə gözləməsinə baxmayaraq, quruluş və tərkib etibarilə çox sadə, aydın, ahəngdar və əlvandır. Onun şeirinin dili xalq ruhu, xalq ifadə formaları ilə olduqca zəngindir. Azərbaycan ədəbi dilinin zənginləşməsində mühüm xidmətləri olan, Azərbaycan ədəbi dili tarixində şeirin arxitektonikasına, melodikliyinə, ahənginə xidmət edən şairin şeir dilində bədii təzadların əvəzedilməz rolu vardır. Füzulinin poeziyasının gücü onda idi ki, o, Azərbaycan ədəbi dilinin inkişaf xəttinin əsas istiqamətlərini ədəbi-bədii yaradıcılığında mükəmməl şəkildə əks etdirə bilirdi. Yüksək istedada malik şair poeziyasında tənzimlənmiş, səlisləşmiş, normativləşmiş Azərbaycan xalq dilinin yüksək səviyyəsindən istifadə edirdi. Onun əsərləri Azərbaycan ədəbi-bədii dilinin inkişafına rəvac vermişdir. Məhəmməd Füzuli yaradıcılığında Azərbaycan türk dilinin milli, xəlqi zəminini qoruyub-saxlamış və dilimizi dövrün əsas dilləri – ərəb və fars dilləri ilə canlı rəqabətə qatmışdır. Azərbaycan türk dilinin bu rəqabətdən qalib çıxdığının sübutu Füzulinin yaradıcılığı olmuşdur. Məhəmməd Füzulinin yaradıcılığının üstünlüyü onda idi ki, o, yaşadığı və böyüdüyü mühitdə ərəb, fars dilləri ilə yanaşı, Azərbaycan türk dilini də, ana dili olaraq, incəliklərinə qədər mənimsəyə bilirdi. Buna görə də ədib Ana dili olan Azərbaycan türk dilində gözəl, bəlağətli, rişələrinə qədər milli, xəlqi, nümunəvi bir ədəbi dil örnəyi yaratmağa nail ola bilmişdir.
Məhəmməd Füzulinin yaradıcılığının əsas hissəsini Azərbaycan türk dili sözləri təşkil edir. O, yaradıcılığında Azərbaycan dilinin müxtəlif məqamlarından – məhəbbət leksikasından, somatik leksikadan, onomastik leksikadan, təbiət leksikası – bitki və çiçək adlarından – fitonimlərdən, astronomik leksikadan –kosmonimlərdən, dini leksikadan, eləcə də bu gün Azərbaycan ədəbi (rəsmi) dilində passiv və məhdud dairədə işlənən nisbi arxaizmlərdən geniş bir şəkildə istifadə etmişdir. Ədib Azərbaycan xalqının böyük və ölməz şairidir. Onun poeziyasının leksikonunun əsasını sədaqət, etibar, səmimiyyət semantikalı sözlər təşkil edir. Biz XVI əsr Azərbaycan ədəbi dilinin əhatə dairəsinin genişliyi haqqında Məhəmməd Füzulinin yaradıcılığı vasitəsilə dolğun məlumat ala bilirik. Ədib yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirməyə nail olmuşdur. O, poeziyasında ərəb və fars dili sözlərindən məharətlə istifadə etmişdir. Beləliklə də, Füzuli Azərbaycan klassik şeirinin təkrarsız nümunələrini yaratmaqla Azərbaycan şeir sənətini klassik şeir səviyyəsinə qaldırmışdır. Məhəmməd Füzulinin yaradıcılığında Azərbaycan dilinin daxili imkanlarından, onların xalq dilində olan rəngarəng məna çalarlıqlarından, Azərbaycan dili sözlərinin zəngin çoxmənalığından, eləcə də ümumxalq dilində özünə yer tapmış ərəb və fars dilli alınma sözlərdən yerli-yerində məharətlə istifadə edərək, zəngin leksik-semantik söz qrupları silsilələrini yaratmışdır. Onun qəzəllərində işlənən sinonimlər, omonimlər, poetik-üslubi təzadlar, antitezaların yaranmasına xidmət edən bədii antonimlər öz orijinallıqları ilə seçilirlər. Məhəmməd Füzulinin yaradıcılığı Azərbaycanının milli söz xəzinəsidir. Onun qəzəllərinin dilinin zənginliyi, tutumlu bir leksikona malik olması Azərbaycan dilini zənginləşdirən vasitə olmuşdur.
Məhəmməd Füzulinin yaradıcılığında söz yaradıcılığının üç növündən – leksik, morfoloji və sintaktik növündən istifadə edərək, üç istiqamətdə Azərbaycan dilini zənginləşdirmişdir. Şair bədii-estetik dühası ilə Azərbaycan ədəbiyyatını göylərə yüksəltməyə nail olmuşdur. Bununla da, M.Füzuli böyük türk dünyasının nadir istedada malik bir nəhəng şairi kimi şöhrətlənə bildi. O, Azərbaycan türk dilinin, XVI əsr və ümumən Azərbaycan ədəbi dilinin bədii üslubunu inkişaf edirib, formalaşdırmışdır. Azərbaycan ədəbiyyatında Füzulinin mövqeyi müqayisəedilməz dərəcədə böyükdür. Orta əsr Azərbaycan ədəbiyyatı böyük söz ustadı Məhəmməd Füzulinin adı ilə bağlıdır. Məhəmməd Füzulinin qələminin gücü ilə poeziyada yeni yüksəliş dalğası baş vermişdir. Ədib ədəbiyyatı ideya-bədii xüsusiyyətləri ilə, irəliyə doğru inkişafa qüvvətləndirmişdir. Yüzilliklər keçsə də, klassik ədəbiyyat Məhəmməd Füzuli orbiti ətrafında daim fırlanmaqdadır. Azərbaycan dilinin ədəbi dil kimi inkişafında Məhəmməd Füzulinin yaradıcılığı böyük rol oynamışdır. Ədib dilimizdə gözəl sənət nümunələri yaratmışdır. Şair bütün yaradıcılığı boyu bu ənənəyə sadiq qalmış və dilimizin inkişafında böyük rol oynamışdır. Poeziyamızın ədəbi dilinin inkişafında şairin rolu danılmazdır. Dilimiz məhz onun əsərlərində inkişaf etmiş, ədəbi dil səviyyəsinə qalxmışdır. Anadilli ədəbiyyatımızın zənginləşməsində Məhəmməd Füzulinin yaradıcılığının rolu olduqca böyükdür. Ədib Azərbaycan dilində gözəl sənət nümunələri yazmaq, bu dilə məhəbbət yaratmaqda böyük qəhrəmanlıq göstərmişdir. Məhəmməd Füzuli öz doğma dilini inkişaf etdirmiş, ən gözəl sənət əsərlərini məhz bu dildə yazmışdır. Dahi sənətkarımız ana dilindən ilham almış, dünyaşöhrətli əsərlərini bu dildə yazmışdır. Məhəmməd Füzuli anadilli əsərləri ilə Azərbaycan ədəbi dilinin yaradıcılarından biridir. Məhəmməd Füzuli əsərləri ilə adını Azərbaycan ədəbiyyat tarixinə əbədi həkk etmişdir. Əsərləri ilə Azərbaycan ədəbiyyatına xidmət edən M.Füzuli dilimizin ən yüksək zirvəsini fəth etmişdir. Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna xidmətləri olmuşdur. Məhəmməd Füzuli yaradıcılığı ilə Yaxın və Orta Şərq ölkələrinin ədəbiyyatına mühüm təsir göstərə bilən qüdrətli sənətkardır.
Məhəmməd Füzuli yaradıcılığında nəinki özünü türk adlandırır, hətta türk dilinin təəssübünü çəkərək, öz doğma dili olaraq bu dildə ədəbiyyat yatarmağın vacibliyini də irəli sürür. Aşağıdakı şeirində Azərbaycan dilini farsdilli ədəbiyyata qarşı qoyur. Ədibin istər ərəb, istər fars, istərsə də türk dilində yazdığı möhtəşəm əsərlər onun şairlik istedadının sübutudur.
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm, kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,
Əksərən əlfazi namərbutu nahəmvar olur.
Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,
Növbahar olğac tikəndən bərgi – gül izhar olur [4, 362].
Onun poeziyası hərtərəfliliyi ilə dahi mütəfəkkirin həyata, insana dərin məhəbbətini, gözəllik duyğusunu, ülvi ideallara olan münasibətini, xoşbəxt yaşamağa çağıran bədii-fəlsəfi irsisi əks etdirmişdir. Məhəmməd Füzuli yaradıcılığı vasitəsilə ülvi ideyalarını Azərbaycan xalqının bəşəri mədəniyyət xəzinəsinə bəxş etmişdir. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Dahi mütəfəkkir XVI əsr dilimizin inkişafı baxımından aktuallıq kəsb edən məsələlərə diqqət yetirərək, dilimizin inkişafı istiqamətində böyük işlər görmüşdür. XVI əsrdə Ana dilimiz Məhəmməd Füzulinin yaradıcılığı ilə Yaxın Şərq konteksində ən böyük zirvəyə qalxır.
XVI əsrdə Anadilli poeziyamızın üslubunun rəngarəngliyi, zənginliyi, zirvədə dayanması Məhəmməd Füzulinin adı ilə bağlı idi. Məhəmməd Füzulinin bir şair kimi qüdrəti, bədii-poetik mərtəbəsi onun dilə münasibəti ilə ölçülür. Dahi mütəfəkkir yaradıcılığı ilə Azərbaycan ədəbi dilinin yeni mərhələsini yaratdı. O, Azərbaycan ədəbi dilinin inkişaf tarixində əlamətdar cəhətlərə malik xüsusi bir mərhələnin yaradıcısı oldu və onun yaradıcılığı Azərbaycan ədəbi dilinin inkişaf tarixində feodalizm dövrünün ən yüksək zirvəsini təşkil edən elə bir mərhələni təşkil etdi ki, bu mərhələdəki üslubu nəinki sonrakı mərhələlərdə, hətta sonrakı dövrdə də uzun müddət dəyişdirmək mümkün olmadı. M.Füzuli yaradıcılığı onu deməyə əsas verir ki, şair öz əsərlərində üsluba çox önəm vermişdir. O, üslub rəngarəngliyini əsas götürərək, ümumxalq dilimizin bütün incəliklərindən məharətlə istifadə etmişdir. Məhəmməd Füzulinin bir şair kimi qüdrəti onda idi ki, ədib əsərlərində üslub rəngarəngliyini qorumaqla yanaşı, yazılı ədəbi dilimizin şifahi ədəbi dilə yaxınlaşmasında da böyük səylər göstərmişdir. Məhz buna görə də, Məhəmməd Füzuli güclü söz hissi olan bir sənətkardır. Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii dilinin inkişafında, klassik şeir üslubunun yüksək zirvəyə qaldırılmasındakı böyük xidmətləri onu Anadilli poeziyamızın zirvəsi etmişdir. XVI əsrdə Anadilli poeziyamızın üslubunun rəngarəngliyi və zənginliyinin səbəblərindən ən əsası o idi ki, onun M.Füzuli yaradıcılığı vasitəsilə Azərbaycan sözlərinin şeir dilinə gətirilməsi və əvvəlki mərhələdə ədəbi dildə işlənilən bir sıra ərəb-fars sözlərinin, ifadələrinin azərbaycanca sözlərlə, ifadələrlə əvəz edilməsi və eyni zamanda, Azərbaycan dili vahidlərinin zənginləşdirilməsində və aparıcılıq xüsusiyyətlərini gücləndirməsində böyük xidmətlərindən biridir. Məhəmməd Füzuli öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, Ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmasından həmişə qürur duymuşdur. Dahi şairimiz Məhəmməd Füzuli əsərlərini Ana dilimizdə yazdı və bu dilin üzərində dönə-dönə işlədi, işlədikcə də Ana dilimizi daha da cilaladı. M.Füzuli yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatı və eləcə də Azərbaycan ədəbi dili elə bir nüfuz qazandı ki, uzun zaman Füzulidən sonra belə bu nüfuz itmədi. Məhəmməd Füzuli yeganə dahilərdən idi ki, özündən sonra məktəbi bugünümüzə kimi yaşamışdır. Füzulinin əsərləri indidə sevilir, dildən-dilə gəzir və gələcək nəsillər bu məktəbdən dərs alır. Bunun başlıca səbəbi o idi ki, Füzulinin əsərlərinin dili ilə dilimizin qüdrəti, gözəllikləri Azərbaycan ədəbi dil tarixində elə bir zirvəyə qalxdı ki, uzun illər bu zirvəyə heç kim qalxa bilməmişdir. Məhəmməd Füzulinin yaradıcılığının ən kiçik poetik detalları belə tam yerində işlənmişdir. Ədəbiyyatşünaslar daim Füzuli yaradıcılığını bəşərin ən böyük sənətkarlarından olan – Dante, Şekspir, Puşkin kimi söz ustalarının sənəti ilə müqayisə etmişlər. Çünki, Füzulinin poetik istedadın doğurduğu heyrətamiz gözəllik nümunəsi olan əsərləri sənətkarın ölməzliyini təmin edən şərtlərdən ən əsası idi. Azərbaycan ədəbiyyatının əbədiyaşar mütəfəkkir şairi Məhəmməd Füzulinin ədəbi-estetik, ictimai-ideoloji fikirləri onu şeir dünyasının sahilsiz bir ümmanı etmişdir. O, yaradıcılığı vasitəsilə hələ öz sağlığında Şərq ölkələrində böyük şöhrət qazanan dahi şəxsiyyət kimi tanınmışdır. Ədibin iti ağlının və cilalı qələminin qüdrətilə bəşəriyyətə nadir sənət inciləri bəxş edilmişdir. Füzulinin qəsidələrində, qəzəllərində psixoloji məqamlar özünü olduqca sıx göstərmişdir. Onun qəsidə və qəzəllərində dərin məna tutumu, bəşəri və humanist ideyalara, işıqlı fikirlərə, əbədiyaşar ideyalara müraciət olunmuşdur. Şairin daxili zənginliyi, mənəvi sərvəti, dilinin zənginliyi, xarakteri, özünəməxsusluğu onun əsərlərindən bədii güc almışdır. Şair bədii yaradıcılığında qarşısına qoyduğu ədəbi-estetik məqsədlərə tamamilə nail ola bilmişdir. Füzuli türk qəzəlini bədii-estetik keyfiyyətcə elə bir səviyyəyə qaldırdı ki, poeziya üçün bundan böyük zənginləşmə mənbəyi olmamışdır. Füzulinin qəzəli bütünlükdə universal mahiyyət kəsb etmişdir. O, türkdilli qəzəldə orta əsr şeirimizin ənənəvi obraz və motivlərinin maksimum bədii həllini vermişdir. Məhəmməd Füzuli klassik qəzəlin bütün kompozisiya tiplərini və üsullarını türkdilli şeir praktikasına daxil etmişdir. Füzuli türkdilli qəzəllərini əruzun bütün əsas bəhrlərində, onların növ və variantlarında sınaqdan keçirmişdir. Ədib anadilli şerimiz üçün ondan əvvəl və sonra görünməmiş bir qəzəllərin poetik semantikasını bəxş etdi. Bu Azərbaycan ədəbiyyatı üçün olduqca əhəmiyyətli məsələ idi. Füzulinin qəzəlləri leksik tərkibinə görə olduqca zəngindir. Onun qəzəllərinin tərkibi ədəbi dil üçün səciyyəvi və işlək və əksəriyyət etibarilə sonralar dilimizdə vətəndaşlıq hüququ qazanmış leksik vahidlərdən ibarətdir. Füzuli dilinin xüsusiyyətləri onun türk divanında özünü göstərir. Füzuli qəzəlinin məzmun və forma xüsusiyyətləri şairin bədii irsini anlamaq baxımından olduqca əhəmiyyətlidir. M.Füzuli zəngin elmi məlumata, geniş erudisiyaya malik alim, filosof, şair idi. Onun poeziyası ədibin dünyagörüşünün, dünyaduyumunun ifadəsi idi. Məhəmməd Füzulinin yüksək dərəcədə obrazlı dilinin və poetik üslubunun xüsusiyyətləri onun poeziyasının asılılıqlarını, konfliktlərini müəyyənləşdirirdi. Füzuli poeziyasının araşdırılmasındakı qanunauyğunluqların və dilin poetik funksiyasının şərhinin bütün digər təhlillərə nisbətən üstünlüyü ədibin irsinin tədqiqində daha səmərəli nəticələr verəcəkdir.
Ədəbiyyat siyahısı:
Cəfərov Məmməd Cəfər. Füzuli düşünür (ədəbi-tənqidi məqalələr). Bakı: Azəruşaqgəncnəşr, 1959, 336 s.
Əliyev Sabir. Füzulinin poetikası. Bakı: Yazıçı, 1986, 221 s.
Füzuli. Bəng və Badə. Bakı: Azərnəşr, 1993, 286 s.
Füzuli Məhəmməd (2005) əsərləri. Altı cilddə. I cild, Bakı, Şərq-Qərb, 362 s.
Füzulinin dili (məqalələr). Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Elm, 1997, 192 s.
Füzuli Məhəmməd. Seçilmiş əsərləri, Azərbaycan klassik ədəbiyyatı kitabxanası: 20 cilddə, VII cild. Bakı: Elm, 1986, 484 s.
Füzuli. Seçilmiş əsərləri, II nəşr (tərtib edəni: M.Sultanov, redaktoru: H.Araslı). Bakı: Şərq-Qərb, 1992, 384 s.
Füzuli. Şikayətnamə. Bakı: Gənclik, 1992, 32 s.
Füzuli Məhəmməd. Mətlə əl-etiqad (Tərcümə edəni: Bünyadov Z.). Bakı: Yazıçı, 1987, 34 s.
Füzuli Məhəmməd. Əsərləri: 2 cilddə, I cild. Bakı: ”Azərbaycan Ensiklopediyası” NPB, 1995, 511 s.
Füzuli Məhəmməd. Əsərləri: 2 cilddə, II cild. Bakı: ”Azərbaycan Ensiklopediyası” NPB, 1995, 519 s.
Füzuli. Türkcə divanı (Tərtib edəni: Ə.Sadiqi). Tehran: Fərhəngi və İrşadi-İslam, 1996, 532 s.
Şərq mədəniyyətini qiymətli inci əsərləri ilə zənginləşdirən ustadlardan biri də Məhəmməd Füzulidir. Hərtərəfli biliyə malik, insana ilahi məhəbbət aşılayan, oxucusunu ülvi ideyalarla yaşamağa çağıran və pedaqoji fikrin inkişafında müstəsna yer tutan Məhəmməd Füzuli gahdan bir elm adamı kimi, gahdan astronom kimi, gahdan psixoloq, filosof kimi, gahdan bioloq kimi, gahdan həkim kimi, gahdan da musiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxmışdır. Təbii, deyə bilmərik ki, Füzuli elmin müəyyən bir sahəsinə aid xüsusi bir əsər yazmışdır. Lakin hər bir əsərində rast gəldiyimiz fikirlər və mülahizələr bizə onu deməyə əsas verir ki, Füzuli elmi təfəkkürün pik nöqtəsində dayanmışdır. M.Füzulinin əsərlərini oxuduqca görürük ki, Füzuli həm də yüksək mülahizəyə malik bir pedaqoq olmuşdur. Füzuli öz elmi və düşüncələrini irəli sürərkən lazım gələndə Sokratdan, Platondan, Aristoteldən, Miletli Falesdən, Anoksaqordan, Miletli Empedokldan, Pifaqordan, Plutarxdan, Heraklitdən, İbn Sinadan, digərlərindən də sitatlar gətirir və bu kimi alimlərin fikrini ehtiramla şərh edir. Qeyd etmək lazımdır ki, Məhəmməd Füzuli ilk öncə panteistdir. O, hər bir varlıqda, hər bir hadisədə Allahın təzahürünü, onun özünü görür, bu bütün müqəddəs varlıqlara, ilahi şəxsiyyətlərə – Məhəmməd Peyğəmbərə, həzrəti Əliyə, onun övladları imam Həsənə, imam Hüseynə aiddir. Deməli, Məhəmməd Füzuli belə qənaətə gəlir ki, Allah hər şeydə vardır, o hər şeydə mövcuddur, buna görə də əslində gizlin deyildir. M.Füzuli sevmək üçün nəcib sifətlər, zəngin mənəviyyat, əhdə vəfalı olmağı təbliğ edirdi. Əxlaqın mənşəyi və mahiyyətini düzgün aydınlaşdıran Məhəmməd Füzuli belə nəticəyə gəlir ki, əgər məsələ ata sözünü və ya müdrik sözləri sadəcə əzbərləməkdən ibarət olsaydı, onda əxlaq tərbiyəsinə ehtiyac qalmazdı, retsep və düsturlar verməklə cəmiyyətdəki əxlaqi qəbahətləri asanlıqla aradan qaldırmaq olardı.Əxlaqi prinsip və qayələrin toqquşduğu bir cəmiyyətdə yaşayıb-yaradan Məhəmməd Füzuli həyatın hər növ haqsızlıqlarına ədalətsizliyə, hüquqsuzluğa, zorakılığa qarşı daim qiyam qaldırmışdır.
Lütfün əlası sözün mənasını bilməkdir – deyən Məhəmməd Füzuli az sözlə nəcib insani xüsusiyyətləri obrazlı şəkildə ifadə etmişdir. Söz sənətinin dahi ustadı “Füzuli özünün az bir zamanda böyük şöhrət qazanmasına baxmayaraq, biliksiz şeirin təməli olmadığını bilərək, elmləri dərindən öyrənməyə başlamışdır” [1, s.302].
Bədii təfəkkür dairəsi geniş və zəngin olan Füzuli qəzəl, qəsidə, tərcibənd, tərkibbənd, müxəmməs, təxmis, mürəbbe, qitə və s. geniş istifadə etmişdir. Füzuli “şeirə hər şeydən əvvəl, həyatın məhsulu, “qəlb xəzinəsinin gövhəri” kimi baxır” [2, s.28]. Fikrin obrazlı şəkildə ifadəsi, az sözlə geniş məna vermək qabiliyyəti şairin qəsidələrinə də aid xüsusiyyətlərdəndir. Şərq klassik poeziyasının bütün şəkli xüsusiyyətlərindən özünə məxsus bir sənətkarlıqla istifadə edən Füzuli əsərlərini boş və mənasız sözlərlə doldurmaqdan çəkinmiş, ərəb, fars və Azərbaycan dilinin zəngin xüsusiyyətlərini mənimsəyərək hər sözünə, hər bir ifadəsinə dərin məna və orijinal xüsusiyyətlər verməyə çalışmışdır. Şərqşünas Bertelsin dediyi kimi, bu qəsidələr məntiqcə bitkin, bədii cəhətcə bütövdür. Bu qəsidələrin beytlərinin yerini dəyişdirmək qeyri-mümkündür. Öz hisslərini bədii nitqi ilə ifadə etmək bacarığı Füzuli qəsidələrinə xüsusi gözəllik verərək şeirin məna dairəsini genişləndirmişdir. Bədiiliyin pedaqoji-psixoloji və fəlsəfi sirləri qeyd etdiyimiz kimi Füzulinin şeirlərində öz ifadəsini tapmışdır. Bütün bunlar şairin qəsidələrini yüksək qiymətləndirməyə haqq verir.
Hər bir füzulişünasa aydındır ki, Füzuli bütün yaradıcılığı boyu çalışmışdır ki, ərsəyə gətirdiyi əsər özündən əvvəlki və müasirlərinin əsərlərinə bənzəməsin. Bu fikirlə bağlı Füzuli yazır: “Qəzəlin özünəməxsus bir dili və müəyyən bir kəlmə aləmi vardır. Təsadüfən, məndən əvvəl gələn şairlərin hamısı yüksək anlayışlı, dərin düşüncəli insanlar imiş. Qəzəl üslubuna yarayan hər gözəl ibarəni, incə məzmunu elə işlətmişlər ki, ortada bir şey qalmamışdır. İnsan onların bütün yazdıqlarını bilməlidir ki, çalışıb vücuda gətirdiyi əsərlərdə özündən əvvəl söylənən mənalar olmasın. Elə vaxtlar olmuşdur ki, gecə səhərə qədər oyaqlıq zəhərini dadmış və bağrımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər olanda başqa şairlərlə uyğun gəldiyini görüb, yazdığımı pozmuşam, ona sahib çıxmamışam (şeirlərim sırasına salmamışam). Elə vaxtlar da olmuşdur ki, gündüz axşama qədər düşüncə dəryasına dalıb, söz almazı ilə məna gövhərini deşmişəm. (Bunu görənlər:) bu məzmun anlaşılmır, bu ləfz xalq arasında işlənilmir və xoşagəlməzdir – deyər-deməz, o məzmun gözümdən düşmüş, hətta onun üzünü köçürməmişəm” [3, s.16].
Şərq ədəbiyyatında qəlb şairi, eşq və məhəbbət nəğməkarı kimi tanınan Füzulinin şeirlərinə qida və can verən yeganə amil və hərəkətverici qüvvə məhəbbətdir.
Dil yaxşıdır ki, Allahın birliyini söyləsin,
Əgər elə olmasa, ağızda dil olmasa yeydir.
Eşq olsun o kamil yaradana ki, iki aləm də,
Onun cızmış olduğu kainatın əbədi naxışıdır [4, s.177].
Bu beytlər yüksək məhəbbətlə sevən bir aşiqin real duyğularıdır. Füzuli Allaha xitabən deyir ki, sən yəqinsən, bəsbəllisən, zənnə, təqlidə gülmək lazımdır. “Doğrudan da, şair məşuqun sifətindən danışanda, o həqiqi sevgilinin ehtiyacsızlığının kamalını göstərərkən sadiqdir…” [5, s.16] – deyir. Füzuli deyir ki, hər kim ruhun bədəndə necə zahir olmasını, ruh ilə bədənin eyniyyət və fərqlənmə cəhətlərini bilsə, Tanrının da şeylərdə necə zahir olmasını, Tanrı ilə şeylərin eyniyyət və fərqlənmə cəhətlərini bilər və beləliklə, hər kim “özünü tanısa Tanrısını da tanıyar” [4, s.109].
İslamiyyətin dini prinsipləri şairin əxlaqi görüşlərində üzə çıxır. Mütərəqqi fikirlər təbliğ edən şairin dini əsərlərində belə (“Hədiqətüs-süəda”, “Məslə ül-etiqad” və s.) şairin humanist ideyaları, həyati əməlləri oxucunu təsir altında saxlayır.
M.Füzulinin sevgisi və ya sevgilisinə iki aspektdən yanaşa bilərik. Birinci sevgisi Ulu Tanrı və ya ilahi məhəbbətə, sonra Məhəmməd Peyğəmbərə, Həzrəti Əliyə və onun övladları imam Həsən və imam Hüseynə əsaslanır ki, biz bunları mütləq ruh adlandırırıq, cismani sevgi, həmçinin ilahi bir varlıq sayırıq. Füzuli öz divanına Əlini mədh edən qəsidə ilə başlayır. Əlini ibtidasız əvvəl, sonsuz axır, peyğəmbərə yardım edən, vəlilərin görən gözü, üzünün nurlu parıltısı ilə, öz ziyasından bir günəş yaradan haqq ilə olan adlandırır, haqqın ondan göründüyünü, haqq ilə əbədi olduğunu söyləyir və qəsidənin bir yerində “Ali-Əba”dan danışır, onlara and içir.
Mənim həmişə işim tək Əlini tərifdir,
Bir özgə işlərə yoxdur könüldə vəqt, məcal.
Mən and içib demişəm yüz kərə Əli həqqi,
Nəcəfdən özgə məni çəkməyir nə şərq, nə şimal.
Füzuli arzu edir müjdeyi-əta eşidə,
O da həmişə yaza böylə mədhi – Heydərü Əli [5, s.212]
M.Füzulinin tərənnüm etdiyi gözəl, öz təbirincə desək misilsiz təsir qüvvəsinə malik ideal gözəldir. O elə gözəgörünməz lətafətə malikdir ki, onun lətafətinin çoxluğunu idrak nəzərə alsaydı hiss qüvvələri zəifləyərdi. Bədr zühurunu onun camalı ilə kamala yetirmişdir. O bir gözəllik sahibidir ki, baxışı, xətti, xalı, qəddi ilə aşiqləri cəlb etmişdir. Məlahətdə yeganədir. Bir işıqlı ulduzdur ki, səyyarələrin mərkəzindən ən uzaq nöqtəyə çatmışdır. Qaməti bir şaxədir ki, ruh bağçasında aşiqlərin göz yaşı ilə artmış, böyümüşdür.
Bu və ya buna bənzər beytlərində şair “vahid dost”unu (Yaradanı) xüsusi qüvvət və ehtirasla yüksəklərə qaldırır. “Füzuli eşqinin mənasını hərtərəfli aydınlaşdırmaq üçün çox mühüm bir məsələni də nəzərə almaq lazımdır” [6, s.27]. M.Füzulinin qəsidələrindəki eşq-məhəbbət fəlsəfəsi dərin ictimai, əxlaqi mənaya malikdır.
M.Füzulinin şeirlərində xalqın zəmanədən narazılıq, həyatdan şikayət motivləri mühüm yer tutur. Orta əsr mühiti, rəzalət və riyakarlıq xalq kimi şairə də o qədər iztirab vermişdir ki, bəzən fikirlərində dünyada düzlük olmadığı qərarına gəlmişdir.
Rəhm qıl, rəhm xəlqə kim, Həqdən
Bulasan aqibət cəzayi-əməl.
Xəlqə sən rəhm qılmayınca, sana
Rəhm qılmaz Xudayi-əzzə və cəll [7, s.285].
M.Füzuli qəsidələrində və ya “Şikayətnamə” əsərində hakimlərin, zülmkar şahların hakimiyyəti altında yaşayan xalqın həmişə əzab-əziyyətdə olacağına işarə edərək “Vay olsun o məmləkətin halına ki, hakimi zalimdir” – deyir. Füzulinin böyüklüyü bundadır ki, o, nədən yazır-yazsın, ictimai hadisələrə biganə qalmamış, zamanın nəbzini tuta bilmişdir.
Füzulinin qəsidələrində əxlaqi fikir və qayələr də mühüm yer tutur. “Böyük mütəfəkkirin eşqi, məhəbbəti insan həyatının, insan qəlbi və hisslərinin əsas qayəsi saydığını, eşqin şairin yaradıcılığında tərənnüm edilən başlıca motiv olduğunu demək olar ki, Füzuli irsini tədqiq edən bütün alimlər söyləyirlər. Bu füzulişünaslıqda şəksiz-şübhəsiz qəbul edilmiş bir məsələdir” [8, s.130]. Müxtəlif əxlaqi prinsip və qayələrin toqquşduğu bir cəmiyyətdə yaşayıb-yaradan şair bu məsələyə etinasız qala bilərdimi? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Füzuli bütün varlığı ilə ülviləşdirdiyi, ləkəsiz bir gövhər qədər saflaşdırıcı məhəbbəti ən yüksək əxlaqi sifət sayır, ilahi eşqi bütün dünya eşqinin fövqündə tutaraq, başqa xoşagəlməz əməlləri şeytani əməl olduğunu göstərərək yaramaz işlərdən uzaqlaşmağı məsləhət görür.
Günahdır eşqdən özgə əməllərin hamısı
Eyib deyilmi, günah işləyib, olum rüsva? [5, s.294]
Qəsidələrdə həsəd əhli, paxıl və alçaq adamlar xeyirxah insanlara, nəcib və ali şəxslərə qarşı qoyulur. Burada təmiz əxlaqi sifətlərə malik insanlar çirkin adamların fasiləsiz hücumuna məruz qalırlar.
Məzəmmət əhli bizi dəhrdə edər təhqir,
Nə vəsldən bir əsər var, nə rəhmdən bir əsər [5, s.290].
Yaxud:
Kədərlənir ürəyim tənələr eşitdikcə,
Odur ki, dinləmirəm təni, vermirəm məna [5, s.294].
M.Füzuli hər bir qəhrəmanını lirik üslubda təsvir edir. Hadisələri daha çox prosesdə qələmə alan Füzulinin qəhrəmanları daxilən yetişir, mənəviyyatca tamamlanırlar. Füzulinin yaradıcılığındakı surətlərin çoxu köməksizdir. Daxilən böyük, namuslu və vicdanlı insanlar əksərən tək, kimsəsiz təsvir olunur. Mərd insanların köməksizliyi bir neçə səbəblə əlaqədardır. Əvvələn Füzuli göstərmək istəmişdir ki, bu insanları köməksiz edən yaltaqlıqdan, paxıllıqdan uzaq olmaları, namuslu əməklə yaşamaları, heç kimə boyun əyməmələridir. Füzuli həyatın hər növ haqsızlıqlarına “ədalətsizliyə, hüquqsuzluğa, zorakılığa qarşı” [9, s.58] daim qiyam qaldırmışdır.
Riyakarlıq və paxıllıq kimi pis əxlaqi sifətlərin tənqidinə Füzulinin qəsidələrinin, demək olar ki, əksəriyyətində rast gəlmək mümkündür. “Vay olsun o şəxsə ki, riyakarlıqla ömür keçirir” – deyən şair belə şəxslərə, hətta nəsihət etməyi də yersiz hesab edir: xeyirxah və nəcib insanları onlardan çəkinməyə çağırır: “Çirkin adamların müaşirətindən həzər et” – deyir.
M.Füzuli “insanın əxlaqi keyfiyyətlərinə yüksək qiymət vermiş” [10, s.153], insanın əxlaqının təmizliyindən danışaraq böyük bir nəsihətçi, müdrik ustada çevrilmişdir: “Zatən təbiətim alçaq işlərdən uzaqdır”, “fəsad işlərə adət etmədim”, “qəlbim həmişə həqiqətə mail olmuşdur”, “məcaz zəncirlərinə müqəyyəd olmadım” – deyərək oğurluq, tamahkarlıq, mütilik kimi sifətləri ifşa edir, faydalı, vəfalı, ədəbli olmağı, fəsad işlərdən uzaq olmağı təbliğ edir, insanları sədaqətə, etibarlılığa, ata-anaya, Vətənə, torpağa, eşqə, məhəbbətə, öz ülvi duyğularına sədaqətə çağırır.
Çox zaman fikirlərini açıq söyləyə bilməyən Füzuli zəmanədən narazılığı cananın cövr və cəfasında çəkdiyi əziyyət və işgəncə pərdəsi ilə örtürdü. Zamanında hər bir arzunun maniələrlə pərdələndiyini gördükdə kədərlənir, bir çıxış yolu tapa bilmədikdə cəmiyyətdən uzaqlaşıb gizlində yaşamaqla nicat tapacağına ümid bəsləyirdi. “Paxıllıqdan, cəmiyyətdən uzaqlaşmaqla bir mağarada gizləndim, düşmənlərin qorxusunu bilməmək üçün mənə bu qələdə doğru yol göstərildi”. Belə mistik motivlər Füzuli dövründə olan ictimai bərabərsizliyin, zülm və əsarətin nəticəsidir. Məhz bu cür haqsızlıqlar şairi “faniyi-mütləq”ə sığınmağa məcbur edir.
Gətirdi təngə nakəslər məni, arzum budur daim,
Nə mən bir kəslə, nə də bir kəs mənimlə aşina olsun.
Fəqət, hümmət məni istər görə dünyadə müstəğni,
Təbiətcə o istər hər gəda padişah olsun.
Gəda tək ummaram pay süfrəsindən hər kəsin, əmma,
Könül istər Əlinin asitanında gəda olsun [5, s.176].
Əgər şair bir tərəfdən kədərlənir, dünyadan əl çəkib “üzlət” aləminə (bir tərəfə çəkilib təkbaşına oturma mənasında) sığınmağa can atırsa, digər tərəfdən zülm və haqsızlıqlar dünyasında özünü bütün çırkinliklərin fövqündə tutur, sənətinə, qüvvəsinə, ideyalarının qüdrətinə, fənası olmayan bir bəqaya çatacağına o qədər inanır ki, bu hal onu sevindirir. Füzulinin “fikrincə, insan faydalı əməlləri ilə cəmiyyətə xeyir verməyi bacarmalı, bununla da özünü tanıtdırıb, etibarlı mövqe kəsb etməlidir. Əks təqdirdə onun varlığı kimsə tərəfindən hesaba alınmaz” [11, s.68].
Qeyd edək ki, “Füzulinin əsərlərindən xoşlanmayan adamlar” [12, s.35] da olmuşdur. Şairin şeirlərindən danışan bəzi “tədqiqatçılar” şairin qəzəl və qəsidələrini “sönük”, “hissdən məhrum”, “yaxşı şeir vəsfinə layiq olmayan önəmsiz” əsərlər kimi qələmə verməyə cəhd edirlər. Təbii ki, fikirlərin elmi həqiqətdən uzaq olduğunu iddia etməyə kifayət qədər əsas vardır.
M.Füzulinin adı nəinki Azərbaycan, bütün Şərq və Qərb üçün doğma və əzizdir. “Ağlı olan insana biliklər hazır formada verilmir” [13, s.113]. Böyük təfəkkür sahibi Füzuli yaradıcılığı boyu xalqımızın ən nəcib duyğularını, yüksək və humanist əməllərini tərənnüm edən əvəzolunmaz bir sənətkar, böyük bir insan olmuşdur. “Şair zaman-zaman oxunduqca həyat nəfəsli sətirləri insanı arif olub ömrün mənasını dərk etməyə, gözəlliyi duyub yaşamağa, dünya nemətlərindən həzz almağa çağırmışdır” [14, s.123]. Bu mənada, pedaqoji fikrin fəxri olan dahi şair Füzulinin ədəbi-pedaqoji irsi Qərbi Avropa dillərinə tərcümə edilmişdir. Düzdür “Gibbdən sonra gələn Avropa tədqiqatçıları Füzuli əsərlərini öyrənmək işinə əhəmiyyətli bir yenilik gətirə bilməsə də” [15, s.99] alman Şərqşünası Hammer Purqştall (“Leyli və Məcnun” poemasından Leylinin buludlarla söhbətindən bir parçanı və “Bəngü Badə” əsərindən parçaları məsnəvi şəklində tərcümə etmişdir), ingilis Şərqşünas alim Gibb də Füzulinin “Leyli və Məcnun”, “Bəngü Badə” əsərlərindən parçalar tərcümə etmişdir. “Gibb, həmçinin Füzulinin “Dustum, aləm səninçün gər olur düşmən mana” misrası ilə başlanan qəzəlini də ingilis dilinə tərcümə etmişdir” [16, s.18]. Edmond Faze və Əbdülhəmid Məmduh, V.Minorski kimi şərqşünaslar Füzuli yaradıcılığına biganə qala bilməmiş, əsərlərindən tərcümələr etmişlər. Göründüyü kimi, “M.Füzuli dünya ədəbiyyatşünaslarını özünün ecazkar təfəkkürü, ölməz sənət nümunələri ilə heyrətə gətirmiş, onları məftun etmişdir” [17, s.151].
Yuxarıda qeyd etdik ki, Füzulu gahdan da musiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxmışdır. Qədim dövrdən xalqımızın musiqi təfəkkürünün parlaq nümunəsi dahi Füzulinin əsərlərində də öz təsvir və tərənnümünü tapmışdır. Bildiyimiz kimi, musiqi sənəti əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülsədə ədəbiyyatla musiqinin qarşılıqlı əlaqəsi mühüm məna kəsb edir. Şairlə bəstəkarın yaradıcılıq zəhmətinin məhsulu olan mahnıları, eyni zamanda ədəbiyyatla musiqinin qarşılıqlı əlaqəsinin, sintezinin bədii nəticəsi kimi qiymətləndirənlər haqlıdırlar. Azərbaycan məktəb və pedaqoji fikir tarixinin ilk korifeyi sayılan Əhməd Seyidov Füzuli yaradıcılığını tədqiqə cəlb edərkən qeyd edir ki, Füzuli “nəğməni səma eyvanının kəməndi, xoş mahnını uca aləmin nərdivanı adlandırır” [18, s.87]. Musiqinin inkişafında və təbliğində əvəzsiz xidmətləri olan, “özünün zəngin şeir aləmini musiqi təranələri və sehrli ahəngləri ilə zinətləndirən Füzuli bəzən ustad musiqişünas kimi çıxış edir” [19, s.17]. Füzulinin dərin kamal, ideal və möhtəşəm sənət xəzinəsi sayılan “Rindü Zahid” əsərində musiqinin mənəvi-estetik tərbiyə gücünü diqqət mərkəzinə gətirmişdir. Musiqini ruhun və təfəkkürün incisi hesab edən Füzuli yazır ki, “nəğmə səma eyvanının kəməndidir. Xoş avazlar isə aləmin nərdivanıdır, ruha halın məbdəindən (məbdə – başlanğıcdan – K.C.) xəbər gətirir, onu cismani əlaqələrdən qurtarır. Onun məqamlarının hər şöbəsi bir sirr pərdəsidir və hər nəğməsi Allah dərgahına bir niyazdır. Bu ləzzətlərə meyl etmək idrak üçün zəruridir. Buna şövq göstərmək pak təbiətli adamların xasiyyətidir. Saz nəğməsi və xoş səsin şərəfinə bu bəsdir ki, halsız və ürəyi sönmüş adamların canına ürək yandıran eşq odu salır, qafilləri eşq dərdinin nəşəsindən xəbərdar edir.
Lətif səslər eşqin təhrikinə səbəbdir,
Xəbərsizlərə eşqin xəbəri saz ilə yetişir.
Eşq bir gizli sirdir, saz ilə aşkar olur.
Həqiqət budur ki, o, sirr saz pərdəsinin arxasındadır” [4, s.57].
Hər bir əsərini öz canı və qanı ilə suvaran M.Füzuli yazır ki, “İlahi, məsum Əhli-Beytin hörməti xatirinə yaşamağım üçün, rüsvalıq palçığı və peşmançılıq daşı ilə meydana gətirdiyim və onu suvamaq və zinətləndirmək üçün qanlar udduğum bu bir neçə dağınıq beyti mənalar üzərində gündüzlər axşama qədər düşünüb onları bir araya gətirib, bir mənzumə yaza bilmək üçün gecələr sabaha qədər çalışan insanlar görüb oxusunlar… (İlahi, bu beytləri) şeirləri oxunduğu məclislərdə məsxərəyə qoyulan, bir neçə zəif beyt yazıb, onu dilənçiliyə alət etməklə iftixar edən və guya şeiri anladığını anlatmaq üçün sözün və mənaların incəliklərinə etiraz edən bir neçə insanın ayaqları altında əzdirmə” [3, s.19].
Bu gün ariflərin könlündə yaşayan Füzulinin müxtəlif məzmunlu əsərlərində, qəzəl və şeirlərində estetik təsir imkanları Azərbaycanın korifey sənətkarları tərəfindən tərənnüm olunmuş və bu gün də tərənnüm olunmaqdadır. Hacı Hüsü, Məşədi İsi, Mirzə Məhəmməd Həsən, Cabbar Qaryağdıoğlu, Əbdül Həsən xan İqbal, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Mütəllim Mütəllimov, Sara Qədimova, Rübabə Muradova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Qulu Əsgərov, Mais Salmanov, Süleyman Ələsgərov, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Ələsgər Abdullayev və digərləri toy-düyündə, ümumxalq şənliklərində, ağır-əziz məclislərdə Füzulinin “Can vermə qəmi-eşqə ki, eşq afəti candır”, “Nalədəndir ney kimi avazeyi-eşqim bülənd”, “Səfayi-vəsli-qədrin hicr ilə bimar olandan sor”, “Pərişan halın oldum, sormadın hali-pərişanım”, “Dün sayə saldı başimə bir sərvi-sərbülənd”, “Sərvi-azad qəddinlə mənə yeksan görünür, Nəyə sərgəştə olan baxsa xuraman görünür”, “Pənbeyi-daği-cünun içrə nihandır bədənim”, “Heyrət ey büt, surətin gördükdə lal eylər məni”, “Saqiya, cam tut ol aşiqə kim qayğuludur” və s. kimi qəzəllərini muğam və təsniflərdə sevə-sevə, duya-duya, ilhamla oxumuşlar.
Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması neçə-neçə müğənninin səhnə sənətində, habelə muğam ifaçılığında kamilləşməsi yolunda bir məktəb, yarış səhnəsi olmuşdur. Yaradıcılığı ümman dolu olan Məhəmməd Füzulinin pedaqoji ideya və görüşlərinə ulu öndər Heydər Əliyev belə dəyər vermişdir: “Biz bu gün də, gələcəkdə də öz həyatımızda, öz işimizdə Füzulinin yaratdığı mənəvi dəyərlərdən istifadə edərək xalqımızı xoşbəxt gələcəyə aparacağıq” [20, s.125].
Sonda belə nəticəyə gəlirik:
Pedaqoji-psixoloji-fəlsəfi və ədəbi elmi irsin tükənməz sərvəti sayılan Məhəmməd Füzuli təlimin və təhsilin inkişafı ilə bağlı çağdaş dövrümüzə cavab verən ideyalar irəli sürmüşdür;
Özünü tanıyan Tanrısını da tanıyar – görüşündə olan Məhəmməd Füzuli “Hədiqətüs-süəda”, “Məslə ül-etiqad” və s. kimi dini əsərləri ilə Ulu Tanrını, Məhəmməd Peyğəmbəri, Həzrəti Əlini və onun övladları imam Həsən və imam Hüseyni mədh etmiş, onları humanist ideyalar carçısı adlandırmışdır;
Məhəmməd Füzulinin əxlaqi fəzilətlərə verdiyi yüksək qiymət bu gün də öz təravətini itirməmişdir;
Yaradıcılığı ilə özünə yenilməz bir heykəl, abidə yaratmış Məhəmməd Füzuli haqlı olaraq deyir ki, insan şüuru ilə hər şeyə qalib gələcəkdir. Həqiqət olan hər bir şey imkan daxilində olan hər hansı bir şeydən daha əvvəldir;
Məhəmməd Füzulinin yaradıcılığı o qədər nəcib duyğular, yüksək və humanist əməllərlə doludur ki, Qərbi Avropa dillərinə tərcümə edilmişdir.
Nəğməni səma eyvanının kəməndi, xoş mahnını uca aləmin nərdivanı adlandıran Məhəmməd Füzulinin qəzəl və qəsidələri Azərbaycanın korifey sənətkarları tərəfindən bu gün də toy-düyündə, ümumxalq şənliklərində, ağır-əziz məclislərdə ifa olunmaqdadır.
ƏDƏBİYYAT
Məhəmməd Füzuli (elmi-tədqiqi məqalələr). Bakı: Azərnəşr, 1958, 389 səh.
Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı: ADU nəşriyyatı, 1958, 276 səh.
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, III cild. Bakı: Şərq-Qərb, 2005, 472 səh.
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, V cild. Bakı: Şərq-Qərb, 2005, 224 səh.
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, IV cild. Bakı: Şərq-Qərb, 2005, 344 səh.
Məmməd Cəfər Cəfərov. Füzuli düşünür. Uşaqgəncnəşr, 1959, 235 səh.
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, II cild. Bakı: Şərq-Qərb, 2005, 336 səh.
Fuad Qasımzadə. “Qəm karvanı” yaxud zülmətdə nur (Füzulinin dünyagörüşü). Bakı: Azərnəşr, 1968, 360 səh.
Akif Abbasov. Milli əxlaq və ailə etikası. Bakı: Mütərcim, 2010, 320 səh.
Rüfət Hüzeynzadə. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2019, 538 səh.
Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: ADPU-nun nəşriyyatı, 2014, 432 səh.
Məmməd Cəfər Cəfərov. Klassiklərimiz haqqında. Bakı: Uşaqgəncnəşr, 1948, 96 səh.
Oruc Həsənli. Təhsilin müasir psixoloji problemləri. Naxçıvan: Əcəmi, 2017, 416 səh.
Ayaz Vəfalı. Füzuli öyrədir. Bakı: Gənclik, 1977, 148 səh.
Mirzağa Quluzadə. Füzulinin lirikası. Bakı: AMEA-nın nəşriyyatı, 1965, 476 səh.
Səyyarə Məmmədova. Qərbi Avropa Şərqşünasları Füzuli haqqında. /Elm və həyat, 1972, №3
Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 1999, 516 səh.
Əhməd Seyidov. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən. Bakı: Maarif, 1987, 301 səh.
Vəli Məmmədov. Füzulinin musiqi dünyası. Bakı: İşıq, 1977, 68 səh.
Heydər Əliyev. Müstəqillik yolu. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1997, 136 səh.
Bəzən iddia olunur ki, Məhəmməd Füzulinin və Şah İsmayıl Xətainin əsərləri Azərbaycan dilinə vurulmuş ən böyük zərbədir. Və bu məsələni sübut etməyə çalışan bəzi şəxslər belə bir ifadə işlədirlər ki, “biz bu ədiblərin dilini başa düşmürük, müasir Azərbaycan dili ilə heçbir əlaqəsi yoxdur.”
Birincisi onu qeyd edək ki, Azərbaycan dilinin inkişaf prosesi qısa bir zaman kəsiyində deyil, uzun müddət davam etmişdir. Belə ki, ümumxalq dilinin formalaşması XIII-XVI əsrləri, ədəbi dilin formalaşması isə XVII və XX əsrləri əhatə edir. Ümumxalq dilimizə ən böyük töhfəni verən şəxslər də məhz klassik ədiblərimiz hesab edilir. Orta əsrlər dövründə yazıb-yaratmış İzzəddin Həsənoğlunun əlimizdə olan külliyyatı yazılı Azərbaycan dilinin qədimliyinin ən böyük göstəricisidir.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Müasir dilçilik aspektindən bu beytin təhlilatına qalxmaq ən böyük cahillikdir. Çünki fars dilinin ədəbiyyatda tüğyan etdiyi dövrdə türk dilində yazmaq ənənəsi yeni başlamışdır.
Səfəvilər dövlətinin hakimiyyətə gəldiyi dönəmdə xüsusən də Xətainin zamanında ümumixalq dilimiz kifayət qədər inkişaf etmişdir.
Bu cümlədən оl nədəndürür piş?
Kim, məndən apara nuşi-biniş?
Linqvistik baxımdan beytdə nəzər yetirsək nədəndürür sözünün müasir dilimizdə nədəndir sözü ilə paralellik təşkil etdiyinin şahidi olarıq. Belə ki, orta əsrlər dövründə dır şəkilçisinin iki dəfə istifadə olunması müasir Azərbaycan dilinin tələblərinə uyğun olmadığı üçün səsdüşümünə məruz qalmışdır. Bundan əlavə Xətayi yaradıcılığında vurmaq sözü urmaq kimi rastımıza çıxmışdır. Müasir dilimizdə buna səsartımı deyilir. Sözügedən elementlər onu göstərir ki, dilimiz müasir səviyyəyə gələndə qədər müəyyən mərhələlərdən keçmişdir və bu mərhələlərdən keçirdənlər də klassik söz ustalarımız idi.
Düzdür Xətai türk dili ilə yanaşı fars dilində də yazıb yaratmışdır. Lakin onun fars dilini bilməsi dilimzə mənfi təsir göstərmir, əksinə ədibin savadlı olmasının bariz isbatıdır.
Pəs təcrübə kərdim dǝr in deyre-mökafat:
Ba Ali-Əli hər ke dar oftad, bər oftad!
Məhəmməd Füzuli yaradıcılığına gəldikdə isə Azərbaycan filologiyasının banilərindən olan Bəkir Çobanzadə qeyd edir ki, “…“Füzuliyə “mübaliğəçi”, “safdil” deyə biliriz. Lakin
Bu gün də, yarın da “yalançı”, “masalçı” deyəməyiz.”
Filoloqların gəldiyi qənaət budur ki, Füzulinin şeir dili orta əsr azərbaycanlısının saf xalq dili üslubunda idi. Misal üçün:
Bəni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahimdən muradım şəmi yanmazmı?!
Bu beytdə Bəni sözünün müasir qarşılığı məni sözüdür. Dövr irəlilədikcə B həri M hərfini əvəz etmişdir. Lakin əsl xalis söz Bən sözüdür. Belə ki, dilimizdə II şəxsin təki və cəmi S hərfi ilə (Sən, Siz), III şəxs də (O, Onlar) O hərfi ilə başlayır. Türk dili üçün səciyyəvi olan xasiyyət də budur ki, I şəxsin təki və cəmi də eyni hərflə başlamalıdır. I şəxsin cəmi Biz ikinci şəxsin təki Mən ola bilməz. Biz Orta əsrləri incələdikdə Füzulidə Bən sözünün istifadə edilməsinin şahidi oluruq. Bütün bunlar onu göstərir ki, Orta əsr klassiklərimiz öz dövrlərinin dil tələblərinə uyğun formada yazıb – yaratmışdırlar. Müasir dil aspektindən orta əsr insanının dilinə nəzər yetirmək cahillikdir. Düzdür, Füzuli tək Azərbaycan dilində deyil, eyni zamanda ərəb və fars dillərində də yazıb – yaratmışdır.
Misal üçün:
Əşrəqət min fələkil-behcətü şəmsün və biha
Mələəl-aləmə nurən və sürurən və bəha
Az öncə qeyd etdiyimiz kimi Füzulidə həmçinin Xətai kimi mütəfəkkir şair olduğu üçün ərəb dilinə də müraciət edirdi. Bu gün də müasir Azərbaycan şairləri dünyanın aparıcı dillərində, xüsusən də ingilis dilində əsərlər yazırlar, əgər biz müasir ədiblərimizi bu əsərlərinə görə Azərbaycan dilinə zərbəvuran kimi qiymətləndirsək, böyük xəta etmiş olarıq.
Mənbələr:
Nizami Xudiyev- Azərbaycan ədəbi dilinin tarixi- Bakı 2012 səh. 331-332
Dünyada nitqin, hər hansı hadisədən bəhs etmənin üç qaydası var. Birincisi, kütlənin dilidir ki, bu rəngarəng təbiəti olan okeana bənzəyir; ünsür müxtəlifliyi olsa da, üslub eynidir, yaxud üslub yoxdur. Kütlənin dili göz ilə gördüklərini, qulağı ilə eşitdiklərini nəql edər. İkincisi, ziyalı və alimlərin dilidir ki, onlar daha çox təcrübədə sınadıqlarına, idraka və mənəviyyata əsaslanarlar. Üçüncü növ dil nəql edənin gördüyünə, eşitdiyinə istinad etmir, hər bir prosesi immanet qavrayışdan ayırıb minllərlə hadisənin baş vermə səbəbi kimi nəzərə çatdırır. Birinci dilin tərkibi “zəngindir”. Bura narkoman, dustaqxana və s. bu qəbildən olan jarqon dillər
daxildir. Ikinci dilin strukturuna ixtisas təmayüllü terminləri də əlavə edirlər. Üçüncü dil tərkib və ya strukturuna görə əvvəlki ünsiyyət formalarından fərqlənir. Bu dilin dərinliyini, yaxud ucalığını adi idrak vasitəsilə ölçmək mümkün deyil, çünki transendentliyin təcəssümüdür. Fərdiliyini dəf etməmiş idrak sonuncunu ancaq təsəvvür formasında, yaxud da immanent qavraya bilər. Üçüncü dil hərflərin, sözlərin, söz birləşmələrinin məna yükünə uyğunlaşdırılması, fərdin idrak sferasının xaricində yerləşdirilməsi baxımından əruz vəzninə bənzəyir. Məsələn, əruzu bilməyən oxucu qəzəli, rübaini heca vəznində yazılmış şeir nümunəsindən ayıra bilməyəcək. Çünki vəzndən, misraların bərabər hissələrinə mütabiq olan səs tezliyindən xəbərsizdir. Bu vəzndə şeir yazan ölkələrin hamısında təhsil görmüş hər kəs terminin adı ilə tanışdır, amma əksəriyyət üçün “İcazə ver mənə, könlüm səninlə həmbahar olsun” misrası ilə “Mənə icazə ver, səninlə həmbahar olsun könlüm” misrasının fərqi yoxdur. Əgər söhbət heca vəznində yazılmış şeirdən gedirsə, fərq olmaya bilər, yox, əgər mövzu əruz vəznidirsə, ikinci misra heç bir təfilə ardıcıllığına uyğun gəlmir. İnsan suyun üzərində qalmağı tədricən öyrəndiyi kimi, əruz vəzninin sirrinə də ahəngin xüsusiyyətindən xəbərdar olduqca yiyələnir.
Üçüncü dildən agah ola bilməyənlər xitab, rəsm, heykəltəraşlıq, ədəbiyyat və s. mənada əsl əsərlərin mahiyyətini anlaya bilmirlər.
Üçüncü dil mövzusu tərcümə sənətində də aktualdır. Məsələn, türkiyəli mütərcim Senail Özkanın tərcüməsilə doğma türk dilində işıq üzü görən C. V. Hötenin “Faust” əsəri, fikrimə görə, orijinal versiyasından o qədər də fərqlənmir. Çünki hər sətirdə, hər parçada, hər bölümdə müəllifin üçüncü dil vasitəsilə qələmə alınmış yaradıcı qayəsi insan ruhuna türkün şirin ləhcəsində vücudu titrədəcək qədər sirayət edir. Senail Özkan Hötenin fikirlərinə onun bütün əzəmətini hopdurub. Elə bu xüsusiyyətinə görə əsəri türk dilində danışanlar üçün böyük xəzinə hesab etmək olar.
Mən üçüncü dil deyəndə ədəbi dilin beş funksional – bədii, elmi, publisistik, məişət, rəsmi-işgüzar üslübunu nəzərdə tutmuram. Üçüncü dil birinci üç üslub üçün keçərlidir. Yəni bu dilin köməyilə bədii, elmi əsərlər, publisistik məqalələr yazmaq olar. Lakin bədii, elmi əsərlər, yaxud publisistik məqalələr, əsasən, bu dili bilmədən yazılır. Üslubla üçüncü dilin fərqli olduğunu Kafka Şopenhauerin timsalında belə açıqlayır: “Təkcə üslubunun gözəlliyinə görə Şopenhaueri oxumaq lazımdır”. Bu o deməkdir ki, onsuz da üçüncü dildə yazan Şopenhauerin üstəgəl üslubu da gözəldir. Buradan belə nəticəyə gəlmək olar ki, üçüncü dil və gözəl üslub terminləri bir-birini tamamlamaya da bilərlər.
Hər bir yazıçı ədəbi dilimizin fonetik, leksik və qrammatik normalarına tabe olan üslubda gözəl əsərlər yaza bilər, amma üçüncü dil qaydalara tabe olan üslub demək deyil, bəlkə də ən düzgün qaydaların tətbiqi ilə “qayda pozuntusudur”.
Məhəmməd Füzuli yazır:
“Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim”.
S. Özkanın Faustu deyir:
“Mən iyiləşmək istəməm, düşüncəmin hakimiyim,
Yoxsa şimdi ben de başkaları gibi alçağın tekiydim.
Füzulinin dərdi ilə Faustun dərdi, göründüyü kimi, eynidir; onlar eyni dünyanın ortaq sakinləridir və hər kəsə məlumdur ki, mənəvi aləmin, maddi və cismani dünyanın əzabları arzuedilən deyil. Bu əzablardan qurtulmaq üçün Şopenhauer mümkün qədər arzulardan imtina etməyi məsləhət görürdü. Bəs o hansı dərd, hansı xəstəlikdir ki, insan sağalmaq istəmir? Bu, dünyanın dərk olunmasıdır və dünyaya ağalıq etmək fikrində olan uzun-uzun adam siyahılarından heç birinin düşüncə tərzinə mütabiq deyil. Çünki dünyanın dərki onun özündə deyil, kənarındadır. O kəslər üçün ki, maddi dünyanın hadisələri mühüm əhəmiyyət kəsb edir, onlar Füzulinin, Faustun dərdindən baş aça bilməzlər.
Görünənlər aləminin faniliyi baxımından dünyanın dərk olunması böyük dərddir. O zaman bu qədər böyük dərd niyə dərman olsun ki? Bunun sirri üçüncü dilin mahiyyətindədir. Qələm sahibi insan üçüncü dilin köməyilə nəhayətə varır, dünyanın üstünə qalxır; milyonlarla dünyanın hərəkət çevrəsinə mərkəz olur.
Yəqin heç kimə sirr deyil ki, həzz almaq üçün biri alkoqollu içki içir, digəri narkotik vasitələrdən istifadə edir, başqası ləzzətli xörəklər, meyvələr yeyir, musiqiyə qulaq asır, intim əlaqəyə üstünlük verir və i. və s. Bu zövqlər hamısı müvəqqətidir, həmişə təkrarına ehtiyac duyulur, amma dünyanın dərk olunma vəcdi zövqlərin ən yüksəyi, alisidir, həm də insanı heç vaxt tərk etmir.
Bəzi insanlar özləri haqqında yüksək fikrə düşərək Füzuli dərdindən xəbərdar olduqlarını bəyan edirlər, amma bəyan etdiklərini şəxsi nümunələr vasitəsilə təsdiqləyə bilmirlər, ona görə ki, eşitdiklərdən bəhs etməklə yaşadıqlarından söz açmaq bir-birindən əsaslı şəkildə fərqlənir.
Sonda üçüncü dili xaraxterizə etmək üçün belə bir müqayisə aparaq. Bu dilin vasitəsilə ərsəyə gəlmiş bədii əsərləri oxumaq təyyarədə uçmağa bənzəyir; tez-tez dağın, ormanın üstündən keçirmiş kimi səciyyəvi ləngərlər vurursan; axı bu, fiosofların dilidir.