Etiket arxivi: Şəhid Allahverdiyev Teymur Qüdrət oğlu

Bəsti Hüseyn – Udulmuş güllə

Udulmuş güllə
(esse)
Nənəmin 33 il yollara baxmaqdan gözləri, bəlkə bir ümid, bir xəbər gələr deyə gözləməkdən qulaqları tutulub. Heç yaddaşı da yerində deyil – xatırlamır məni. Əvvəllər torlu gözlərini qıyıb diqqətlə baxışlarını üzümdə gəzdirib kim olduğumu soruşanda “böyük oğlunun kiçik qızıyam” deyən kimi gözləri parıldayar, hal əhval tutub övladlarımı xəbər alar daha sonra əzəmətli əllərini havaya qaldıraraq şükürlər oxuyardı. İndi soyuq baxışlarla “kimsən sən?” sualını verəndə aldığı cavab ona tanış gəlmir kimi görünür. Övladlarından başqa heç kimi xatırlamır, bəzən onları belə unudur. Teymuru isə əsla.

Teymur – ürək yarası, düşmələrin göz dağı, Teymur, mənim qəhrəman əmim. 33 ildə heç qocalmayan, yaş almayan 24 yaşlı məndən cavan əmim.

Teymur təsadüfən Qarabağ uğrunda gedən müharibənin ən qızğın yeri Şuşada deyildi. Vətən sevgisi, ağır gəlmişdi anasının göz yaşlarına, beşik yoldaşlarının hayqırtısına. Arxasına belə baxmadan dilində Şuşa, ürəyində Şuşa, gözlərində düşmənə qəzəb, intiqam hissi ilə evdən gizlin getmişdi Qarabağa. Əmim heç dura bilərdimi evdə?

Bir müddət sonra atam onun dalınca gedib onu tapmış, bir neçə günlüyə icazə alıb evə gətirmişdi. O evdə bircə gün dura bilmişdi. “Vətən çağırır. Mən olmasam işğal edəcəklər Şuşanı, mənsiz olmaz, getməliyəm” deyə məktub yazıb gecə ilə qaçmışdı evdən. Nə bilərdi ki, 33 ildən sonra dünyalara sığmayan bədəni 1 tabuta sığışıb gələcək? O gediş son gediş oldu. Gedənlər qayıtdı, şəhid gəldi, qazi gəldi. Teymurdan heç bir xəbər heç bir soraq gəlmədi, gördüm, eşitdim deyən olmadı. Şuşanı isə *rmənilər 1992-ci ilin 8 mayında işğal etmişdilər. Əmim deyən olmuşdu, o olmasa alacaqdılar Şuşanı.

Atam yenə üz tutdu onu axtarmağa doğru. Şəhid olmuş əsgərləri bir bir qaldırıb baxdı üzünə. Heç bir nişan tapmadı. Nə ölüsü gəldi əmimin, nə də dirisi.

Biz əmimin qəhrəmanlıq hekayələri ilə böyüdük. Sonra biz də bpyüyüb qoşulduq gözləyənlər sırasına. O qapıya biz də həsrətlə baxdıq bir gün gələr deyə. O bizim ən böyük qəhrəmanımız idi. Qəhrəmanlar ölmür axı. Ölə bilməzdi bizim xəyallarımız. “*rməni kimdir ki? Mən onun gülləsini havada əlimlə tutub udaram” deyirdi Teymur, ölə bilməzdi. Bir gün gələcəkdi, mütləq gələcəkdi. Uşaq ağlı – kənddə tapdığımız hər parabüzəni Teymur əmimizi gətir deyə uçurtduq. Bir gün gələcəkdi çiynində vətən bayrağı, ayağında Şuşa torpağı qapıdan içəri girəcəkdi, mütləq girəcəkdi.

Əmim Şuşada döyüşdüyü yerdə silah yoldaşları ilə birgə mühasirəyə düşüb şəhid olmuşdu. Dediyini etmişdi əmim. “*rməni kimidir ki? Mən onun gülləsini havada əlimlə tutub udaram” – udmuşdu əmim o gülləni. Başından almışdı zərbəni. Qaçmamışdı əmim, o güllənin qarşısında dik dayanmışdı. Arxadan vurulmamışdı əmim.

Elə orda 33 il Şuşa torpağında qalıb buraxmadı əmim Şuşanın ətəyini. O olmasa alacaqdılar axı Şuşanı. Bu səbəbdəndir ki, qayıtmaq istəmədi doğma yurduna. 33 il orda qaldı. Qayıda bilməzdi Teymur. Söz vermişdi axı verməyəcəkdi Şuşanı, ölsə belə verməyəcəkdi, erməni kimdir ki onun gülləsini havada tutub udacaqdı. Sözündən dönmədi əmim, vermədi Şuşanı, tərk etmədi oranı, son damla qanına qədər vuruşdu düşmənlə, cismini son zərrəsinə qədər fəda etdi Şuşaya, qayıtmadı geri, tərk etmədi oranı. Cismi Şuşada çiçək oldu, ağac oldu, budaqları ilə bərk bərk sarıldı Şuşaya. Düşmən tapdağında boğulurdu Şuşa, Şuşaya nəfəs oldu, can oldu, Şuşaya həyan oldu buraxmadı Şuşanı. Axı gedəndə söz vermişdi, o olmasa işğal edəcəkdilər Şuşanı. Necə qayıda bilərdi ki? Vətənin üzünə necə baxardı?

İndi Şuşa azaddır, gələ bilərdi artıq ailəsi ilə vidalaşmağa. Şuşa təmizlənib düşmən əlindən. Gəldi də… Dediyini etdi Teymur, vermədi Şuşanı düşmən əlinə. Alnı açıq, üzü ağ gəldi. Vətən bayrağı çiynində, Şuşa torpağı ayağlnda gəldi. Dediyini etdi Teymur, *rməni gülləsini havadan udub gəldi. Ən Şərəfli, ən uca məqamda gəldi.

Müəllif: Bəsti Hüseyn

BƏSTİ HÜSEYNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

Müzəffər Məzahim – Qayıtdı Teymur

QAYITDI TEYMUR

1992-ci il may ayının 8-də Şuşanın işğal
olunduğu gün Şuşada itkin düşən leytenant
Allahverdiyev Teymur Qüdrət oğlunun
nəşi tapılaraq doğulduğu Neftçala rayonunun
Qaçaqkənd kəndində dəfn olundu. Allah rəhmət eləsin, ruhu şad olsun. Bütün doğmalarına səbrlər diləyirəm.

****

Şuşadan müjdə var dogma Qaçaqkənd,
Hünərlə qayıtdı döyüşdən Teymur!
Dadıb qələbənin şirin dadını,
Nəmərlə qayıtdı döyüşdən Teymur!

Yolları bəzənib məhəbbət ilə,
Doğma yurd ətirli təravət ilə,
Vüqarla, qürurla, şərafət ilə,
Zəfərlə qayıtdı döyüşdən Teymur!

Dözüb otuz üç il ayrılıqlara,
Didərgin ruhu da çəkilib dara,
Qoyub ünvanını itkin məzara,
Qəhərlə qayıtdı döyüşdən Teymur!

Dayandı üz-üzə zamanla, vaxtla,
Ucaldı məqama müqəddəs taxtla,
Bu cavan ömrünə yazılan baxtla,
Qədərlə qayıtdı döyüşdən Teymur.

Ana gözlərinə yığışan yollar,
Bir igid ömrünə sığışan yollar,
Əbədi aləmə qovuşan yollar,-
Təpərlə qayıtdı döyüşdən Teymur!

Şəhidlik taleyi, məqamı ulu,
Vətənun boynuna dolanıb qolu,
Bu aydın, bu azad, ümidlə dolu,
Səhərlə qayıtdı döyüşdən Teymur!

Hörmətlə: Müzəffər MƏZAHİM

MÜZƏFFƏR MƏZAHİMİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

Şəhid Allahverdiyev Teymur Qüdrət oğlu

Rəssam: Sehran Allahverdi

Şəhid Allahverdiyev Teymur Qüdrət oğlu

Dünya şöhrətli alim Rafiq Əliyevə görə, insan vicdanından qırağa bilməyəndir. Teymur bunu gəncliyində amalı, əqidəsi, Vətən sevgisi ilə təsdiq etdi. Onu Moskvanın cazibədarlığı, suyuşirin, dodağı təbəssümlü, gözləri xumar, təbəssümlü, danışığı, ünsiyyəti ilə hər gənci yolundan döndərə bilən qızları da fikrindən çəkindirə bilmədi. Bilməzdi də. Axı vicdan həm də daxili MƏNdir. MƏN insanlığın birinci kriteriyasıdır. Teymur da MƏNin diqtəsindən və hökmündən çıxa bilməzdi.

Akademik Ziya Bünyadovun bir deyimini unutmuram: “Həyatımda hiss etmədiyim yeganə şey qorxudur”. Mən Teymuru heç vaxt görməmişəm. Qardaşları Sehranın və Seymurun xatirələrini dinləyəndən sonra qorxunu hiss etməməyi Teymura da xas xarakter kimi qəbul etmişəm. Bu xarakteri Teymurun qısa -25 illik mənalı və heç vaxt unudulmayacaq ömrünün məqamlarında həssas insanlar hiss edə bilərdi.

Ürəyimdən bir arzu keçdi. Kaş Teymur sağ olaydı, lap elə günü bu gün qayıdaydı, 33 illik ayrılıqdan sonra doğmalarının gözünü yolda qoyan yollardan gözümüz çəkilərdi. Qayıtdı. Gözlərimiz yollardan çəkiləcəkmi? Dünyada ən uca zirvə anadır…

Dilimin ucunda Nüsrət Kəsəmənlinin iki misrasını vird etdim:

Analar yollara göz yaşı səpir,
Bəlkə izləriniz göyərdi deyə.

Göyərdi də. Ancaq nə deyək əzmli, dözümlü, ümidi heç vaxt ölməyən analara. Gözünüz aydınmı, yaxud başınız sağ olsunmu?

Teymur, sən həmişə mənim gözümdə Sehranın çəkdiyi portretdəki kimi qalacaqsan – qatal baxışlı, ciddi. O baxış da yağıya gözdağıdı. Alman xalq məsəlinə görə, cəsarətlinin baxışı, qorxağın qılıncından itidir”. Sehran həssasdı, o baxışı görməyə bilməzdi.

Qarabağ həsrətlisi şair Şahmar Əkbərzadə haray çəkirdi: “Bəs ölmüş torpağı harda basdıraq?” Biz torpağı basdırmadıq. Teymur kimi oğullar buna imkan vermədi. Çünki torpaq onlara daha çox lazım idi – qoynunda əbədiyyətə qovuşmaq üçün. Ona görə şəhidlər ölməzdir…

Musa Yaqubun arzusu Vətən olmaq idi:

Öləndə qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın.

Ona görə də bu torpaqdan Teymurlar göyərir və göyərəcək…

Ehtiramla:  VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

Mustafa Müseyiboğlu adına kitabxana