Etiket arxivi: Tanrı haqqında

Zaur Ustac – Oxu

OXU

İlk söz — “Tanrı” idi;
daş üzərində yazılmış,
sükutun sinəsində doğulan ad.
Söz hələ nəfəs idi,
zaman hələ ölçü bilmirdi,
işıq belə öz kölgəsini tanımırdı.

Sonra Tanrı danışdı —
amma danışmaq deyildi bu,
bu bir çağırış idi:
“Oxu!”

Səssizliyə atılan ilk ox
və ya toxum.
Kağızdan əvvəl yazılan cümlə,
insanın alnına deyil,
ruhuna yazılan əmr.

Oxu —
daşı, suyu, küləyi oxu!
özünü hərəsi bir dərədə olan
Pazl parçalarından yenidən qur…

Oxu —
əlifban olmayan gecələri,
qorxudan titrəyən səhərləri,
adını unutmuş şəhərləri oxu.

Tanrı dedi: “Oxu!” —
çünki, bilmədən inanmaq korluqdur,
inanmadan yaşamaq isə
uzun bir susqunluq.

Və insan oxudu —
gözləri ilə yox,
yaraları ilə,
yıxıla-yıxıla,
qalxa-qalxa.

İndi hər kitab bir yol ayrıcıdır,
hər sətir bir imtahan,
hər sual Tanrıya tərəf
atılan addımdır.

İlk söz “Tanrı” oldu,
ilk əmr “Oxu!”
Və dünya hələ də
bir sözdən ibarət
o cümləni
tam oxuyub bitirməyib.

31.12.2025. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tanrının bir beytdə təcəllisi

ƏLLİ BİRİNCİ YAZI

Gərçi məndən surətin qaibdir, ey huricamal, Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl.

İmadəddin Nəsimi


Nəsimi irfanında surət və mənanın birliyi

(Bir beytə sığan gözəgörünməz haqqında)

Salam olsun, çox dəyərli oxucum! Məni bax, bu şipşirin dilimdə oxuyub anlayan soydaşım, sirdaşım, dildaşım, dindaşım! Bu dəfəki söhbətimizin mövzusu böyük ustadın iki misrasında (bir beytində) təcəlli edən Tanrı barəsində olacaq.

Böyük Azərbaycan mütəfəkkiri, sufi şairi və dahi söz ustadı İmadəddin Nəsimi öz yaradıcılığı ilə əsrləri aşan bir düşüncə məktəbi yaratmışdır. Onun poetik aləmi yalnız sözün bədii gözəlliyi ilə deyil, həm də mənəvi dərinliyi, fəlsəfi yükü və insanın daxili kamilliyinə yönələn aydınlığı ilə seçilir.

Nəsimi şeiri, xüsusilə də onun:

“Gərçi məndən surətin qaibdir, ey huricamal, Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!”

beyti, bu irfan aləminin açarlarından biridir.

Bu beyt Nəsiminin insan və Tanrı (“Yaradan”, “Allah” kimi sözlərin hamısı eyni mənanı ifadə etdiyinə görə və “Tanrı” kəlməsinin daha qədim olması – hələlik elmə məlum olan ilk yazılmış söz (işarə) – səbəbindən bu ifadəni işlədirəm) münasibətinə, zahir və batin vəhdətinə dair irfani baxışının parlaq ifadəsidir. Şair burada zahiri yoxluqla mənəvi mövcudluq arasındakı sərhədi aradan qaldırır. O, sevdiyi varlığın – istər ilahi camalın, istərsə də məcazi sevgilinin – surətinin ondan uzaqda olduğunu qəbul etsə də, bu uzaqlığın yalnız zahirən, yəni cismani anlamda olduğunu bildirir. Əslində, Nəsimi üçün gözlə görmək kifayət deyil; ürəklə duymaq, ruhla seyr etmək daha əhəmiyyətlidir.

“Sanma kim, gözdən camalın nəqşi pünhan oldu…” – deyən Nəsimi oxucuya bir irfan dərsi verir: Gerçək göz, bəsirət gözüdür; o, surətin yoxluğunda belə camalı görür, onu dərk edir. Bu baxımdan, beyt məhəbbətin ilahi mərhələsini – maddi olanı aşaraq mənəvi aləmdə birləşmə ideyasını ifadə edir.

Nəsiminin hər misrası insanın daxili aləminə bir güzgü tutur. O, “insan – aləmin xülasəsidir” fəlsəfəsinə sadiq qalaraq bildirir ki, surət gedə bilər, amma mənəvi bağ, ruhların birliyi heç vaxt itməz. Burada həm sufi təlimin “Vəhdəti-vücud” anlayışı, həm də Nəsiminin öz şəxsiyyətində cisimlə ruhun vəhdətinə olan inamı duyulur.

Bu beytin arxasında duran böyük hikmət budur: Tanrı hər yerdə və hər şeydədir. Onu uzaqlarda axtarmaq, surətlərdə gizlətmək əbəsdir. Nəsimi üçün insanın daxili aləmi – Tanrının təcəllasının aynasıdır. Beləcə, “qaib surət” anlayışı əslində bir yoxluq deyil, ilahi varlığın zahirdən batinə keçidi deməkdir.

İmadəddin Nəsimi bu beyti ilə həm də sevginin mənəvi mahiyyətini ucaldır. O sevgi ki, cismani həsrətdən doğsa da, ruhani bir qovuşmaya aparır. Nəsimi üçün ayrılıq görünən dünyadadır, amma qovuşma – idrakda və könüldədir.

Beləliklə, bu iki misra yalnız bir qəzəlin parçası deyil, bəşəri düşüncənin zirvəsindən səslənən irfan fəlsəfəsidir. Nəsimi göstərir ki, surət itə bilər, lakin mənəvi dərinlikdə heç nə itmir. Onun sözü bu gün də insanlara eyni dərsi verir: Tanrı, sevgi və kamillik – baxışda deyil, dərkdədir.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Tanrı yardımçınız olsun!

Müəllif: Zaur USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü

ZAUR USTACIN DİGƏR YAZILARI

VƏFA BAĞIRZADƏ HAQQINDA