Etiket arxivi: VƏFA BAĞIRZADƏ

Musiqi təhsilində yol verilən boşluqlar: Bəstəkarlarımız niyə eşidilmir? – MÜSAHİBƏ

Musiqi təhsilində yol verilən boşluqlar: Bəstəkarlarımız niyə eşidilmir? – MÜSAHİBƏ

Musiqi yalnız eşidilən səslərdən ibarət deyil, həm də o səslərin arasındakı sükutun, dərin milli ruhun və böyük bir zəhmətin vəhdətidir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Respublika və Beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar Vəfa Bağırzadə Yurd.Media-nın suallarını cavablandıraraq musiqi dünyasının görünməyən çətinlikləri, sükutun musiqidəki gücü və yeni nəsil musiqiçi profili barəsində fikirlərini bölüşüb. 


— Vəfa xanım, hər il onlarla bəstəkar məzun olur, amma niyə çox azı tanınır? Problem təhsildədir, yoxsa gənclərdə?

— Əvvəlcə bildirmək istəyirəm ki, Azərbaycanda çox güclü və dərin köklərə malik bir bəstəkarlıq məktəbi mövcuddur. Üzeyir bəyin formalaşdırdığı bu məktəb bu gün də öz ənənələrini yaşadır, hər nəsildən istedadlı gənc bəstəkarları yetişdirir və onların yaradıcılıq potensialını zənginləşdirir…  Müasir dövrdə də bəstəkarlar Milli Konservatoriyada və Bakı Musiqi Akademiyasında əsaslı akademik musiqi təhsili alır, klassik janr və formaların incəliklərinə dərindən yiyələnir və bu bünövrə əsasında öz əsərlərini yaradırlar… Lakin İlk növbədə qeyd etmək lazımdır ki, bəstəkarlıq yalnız akademik bilik və diplom deyil, eyni zamanda fərdi üslubun formalaşdırılması, davamlı axtarışlar və gərgin yaradıcılıq zəhməti tələb edən bir yoldur. Çox vaxt gənc bəstəkarlar təhsil illərində mənimsədikləri qəliblərdən kənara çıxa bilmir, öz  üslublarını yarada bilmirlər ki, bu da onların əsərlərinin seçilməməsinə və diqqətdən kənarda qalmasına gətirib çıxarır.

Digər mühüm məqam maddi amillərlə bağlıdır. Kamera-instrumental və kamera-vokal, eləcə də simfonik və daha iri həcmli əsərlərin ifası və təqdimatı,  mahnıların aranjemanı, ifaçıların cəlb olunması və onların qonorarla təmin edilməsi kimi məsələr  ciddi maliyə məsaiti tələb edir. Maddi dəstək və sifariş mexanizmlərinin zəifliyi səbəbindən bir çox əsər ifa olunmadan qalır. Halbuki əvvəlki dövrlərdə dövlət sifarişləri sistemi mövcud idi və bəstəkarlar konkret janrlar üzrə — simfoniyalar, kantatalar, kamera əsərləri və s. — yazmağa sövq olunurdu. Bu, həm yaradıcılığın inkişafına, həm də müəlliflərin tanınmasına xidmət edirdi. Müasir dövrdə bu cür sistemli sifarişlərin olmaması bəstəkarların fəaliyyətini xeyli məhdudlaşdırır.

Medianın və kütləvi informasiya vasitələrinin rolu da burada xüsusi qeyd olunmalıdır. Bu gün akademik musiqi və bəstəkar yaradıcılığı mediada kifayət qədər işıqlandırılmır, təbliğat zəif aparılır. Televiziya, radio və rəqəmsal platformalarda daha çox kommersiya yönümlü, bəsit musiqi məhsullarına üstünlük verilir. Nəticədə cəmiyyətin zövqü də bu istiqamətdə formalaşır və ciddi musiqi arxa planda qalır. Halbuki media düzgün istiqamətləndirilsə, yeni adların tanıdılmasında və dinləyici auditoriyasının formalaşmasında çox güclü vasitəyə çevrilə bilər.
Eyni zamanda, bəstəkarların yaradıcılığına konkret istiqamətlər üzrə tələblərin qoyulması da vacibdir. Xüsusilə tədris sahəsi üçün nəzərdə tutulan əsərlərin — uşaqlar üçün xrestomatiyalar, preludiyalar, fuqalar, etüdlər və digər pedaqoji repertuarın yazılması həvəsləndirilməlidir.. Bu cür əsərlərin tədris proqramlarına daxil edilməsi həm gənc ifaçıların milli repertuarla yetişməsinə xidmət edər, həm də bəstəkarların adlarının erkən yaşdan tanınmasına şərait yaradar. Bu, həm də davamlı bir dövriyyə yaradar: əsər yazılır, ifa olunur, tədrisə daxil edilir və beləliklə müəllif unudulmur.

Digər tərəfdən, müasir dövrdə bəstəkar yalnız yaradıcılıqla kifayətlənməməli, həm də özünü təqdim etməyi, tanıtmağı bacarmalıdır. Sosial media, layihə fəaliyyəti və beynəlxalq platformalar artıq yaradıcının ayrılmaz hissəsinə çevrilib. Rəqabətin yüksək olduğu bir mühitdə həm istedad, həm də düzgün təqdimat paralel şəkildə inkişaf etməlidir.
Nəticə etibarilə, bəstəkarların az tanınması təkcə fərdi səbəblərlə deyil, həm də sistemli problemlərlə bağlıdır: sifariş mexanizmlərinin zəifliyi, medianın passivliyi, maddi çətinliklər və tədris-repertuar siyasətinin yetərincə inkişaf etməməsi. Bu sahədə kompleks yanaşma və məqsədyönlü addımlar olmadan ciddi dəyişiklik əldə etmək çətindir.

— Hazırkı musiqi təhsili sistemi müasir dünya standartlarına cavab verən kadr yetişdirə bilirmi? Nəyi dəyişmək istərdiniz?

— Təhsil çoxqatlı və mürəkkəb bir sistemdir; burada professor, müəllim və tələbə münasibətlərindən başlayaraq idarəetmə mexanizmlərinə qədər saysız-hesabsız suallar və müxtəlif yanaşma tərzləri mövcuddur.  Bu baxımdan musiqi təhsilini yalnız bir istiqamətdən qiymətləndirmək düzgün olmaz.

Lakin bugünkü reallıqdan yanaşdıqda, sistemin müasir dünya standartlarına cavab verməsi məsələsi bir neçə mühüm məqamı özündə birləşdirir.

Hazırkı təhsil sistemi fundamental akademik bazanı qoruyub saxlayır, lakin kadr hazırlığında çoxşaxəli yanaşmanın çatışmazlığı hiss olunur. Müasir musiqiçi artıq yalnız öz alətində mükəmməl ifa edən və ya nəzəri biliklərə yiyələnmiş şəxs deyil; o, eyni zamanda texnologiya ilə işləməyi bacaran, özünü təqdim etmə və özünü idarəetmə bacarıqlarına malik  olmalıdır.

Dəyişdirilməsini zəruri hesab etdiyim əsas məqamlar isə aşağıdakılardır:

– Musiqi təhsili yalnız kağız üzərində məhdudlaşmamalıdır. Tədris proqramlarına peşəkar not proqramları (Sibelius, Finale, Dorico), səs yazısı texnologiyaları və rəqəmsal musiqi menecmenti daha dərindən inteqrasiya olunmalıdır. Tələbə ali təhsilini başa vurarkən öz əsərini və ya ifasını müasir standartlara uyğun şəkildə hazırlamağı və təqdim etməyi bacarmalıdır.
– Bununla yanaşı, xüsusilə bəstəkar üçün əl yazısı ilə not yazma vərdişi də fundamental bacarıqlardan biri kimi qorunmalıdır.Çünki bu, musiqi təfəkkürünün daha sistemli və dərin formalaşmasına xidmət edir.
– Klassik ənənələr dəyişməz dəyərdir, lakin tədris prosesində müasir bəstəkarlıq texnikalarına, XX–XXI əsr musiqisinin təhlilinə daha geniş yer verilməlidir. Tələbələr yalnız keçmişin şah əsərlərini deyil, həm də dövrün nəbzini əks etdirən yeni cərəyanları öyrənməli, yaradıcılıq eksperimentlərindən çəkinməməlidirlər.

Dünya standartlarına çatmağın ən effektiv yolu beynəlxalq mühitə inteqrasiyadır. Yerli mütəxəssislərin beynəlxalq festivallarda, ustad dərslərində və elmi konfranslarda iştirakı fərdi təşəbbüsdən çıxarılaraq sistemli dövlət və təhsil proqramları çərçivəsində həyata keçirilməlidir.

Eşitdiyimə görə, artıq Qarabağ Universitetində və Milli Konservatoriyada bu yeniliklərə imza atılır və tədris proqramlarına bu müasir yanaşmalar artıq daxil edilir.


— Bu gün Azərbaycanda akademik musiqi ilə məşğul olmaq fədakarlıqdır, yoxsa bu sahədə gələcək qurmaq üçün real imkanlar var? 

— Bu gün musiqiçi həyatı yaşamaq heç də asan deyil. Xüsusilə ciddi, akademik musiqi ilə məşğul olanların üzləşdiyi çətinliklər, yüngül estrada və ya “şou” mühitində fəaliyyət göstərənlərlə müqayisədə daha ağırdır. Şou dünyasında tanınmaq, populyarlıq qazanmaq, maddi gəlir əldə etmək və müxtəlif titullara sahib olmaq nisbətən daha əlçatandır. Bəzən müəyyən maddi imkanlar hesabına televiziya və media vasitəsilə qısa müddətdə “ulduz” statusu qazanmaq mümkündür və bu sahədə ciddi seçim və ya meyarlar hər zaman gözlənilmir.

Əsl  mu­si­qi­də isə və­ziy­yət baş­qa cür­dür. Həm pul qa­zanmaq çətin, həm də əsə­rin ifa­çı­sı­nı və ya or­kestr he­yə­ti­ni qa­ne edə­cək mad­di ma­raq ol­ma­dıq­da əsə­rin ifa­sı müş­kül mə­sə­lə­yə çev­ri­lir.

Ona görə də bu sahədə gələcək qurmaq istəyən adam təkcə bəstəkarlıqla kifayətlənə bilmir.
Bəstəkarlar adətən əlavə sahələrdə işləyərək gəlir əldə edirlər. Ən çox pedaqoji fəaliyyətlə məşğul olurlar – musiqi məktəblərində, kolleclərdə, universitetlərdə dərs deyirlər. Lakin təəssüf ki, bu gün bəstəkarlıq ixtisası üzrə məzunların bir qismi hətta musiqi məktəblərində belə iş tapa bilmir. Çünki vakansiyalar yoxdur.

Mən hesab edirəm ki, bütün musiqi məktəblərində bəstəkarlıq istiqaməti üzrə, ən azı fakültativ əsasda, iş imkanlarının yaradılması vacibdir. Bu, həm gənc mütəxəssislərin işlə təmin olunmasına, həm də yeni nəsil bəstəkarların formalaşmasına töhfə verə bilər. Eyni zamanda bəstəkar yalnız yaradıcı şəxs deyil, həm də musiqi nəzəriyyəsi, solfecio, orkestrləşdirmə, harmoniya və musiqi ədəbiyyatını, tarixini dərindən bilən bir mütəxəssisdir. Buna görə də bu fənlərin tədrisində iştirak etmələri tamamilə məntiqlidir. Keçmiş təcrübədə də bəstəkarlar yalnız ixtisas dərslərini deyil, eyni zamanda nəzəri fənləri də tədris ediblər. Çünki bəstəkar həm də nəzəriyyəçi və musiqişünasdır.

Ümid edirəm ki, bu istiqamətdə mövcud problemlər zamanla öz həllini tapacaq.

Digər tərəfdən toy, tədbir və müxtəlif kommersiya layihələrində fəaliyyət göstəriən bəstəkarlar da  var, baxmayaraq ki, bu artıq akademik sahədən bir qədər kənardır.

Düzdür, tədbirlər, layihələr, müsabiqələr olur, amma bunlar davamlı deyil. Yəni sən plan qurub deyə bilmirsən ki, bu sahədə sabit gəlirim, stabil fəaliyyətim olacaq. Daha çox öz hesabına, öz gücünə işləyirsən.
Yəni reallıq budur ki, əksər bəstəkar üçün akademik musiqi əsasən yaradıcılıq sahəsi kimi qalır, əsas gəlir isə başqa istiqamətlərdən gəlir. Bu da göstərir ki, sistem tam qurulmadığı üçün insan özünü çoxşaxəli şəkildə təmin etməyə məcbur qalır.


— Müasir bəstəkarlarımız milli köklərdən qopmadan yenilik edə bilirlərmi? “Yurd harayı”ndakı o milli ruhu qorumaq bu gün niyə çətinləşib?

– Bəli, müasir bəstəkarlarımız milli köklərdən qopmadan yenilik edə bilirlər və etməlidirlər də. Çünki kökü olmayan ağac quruduğu kimi, kökü olmayan musiqi də tez unudulur. Milli musiqi bizim kimliyimizdir, onun üzərində qurulan yenilik isə həmin kimliyin davamıdır. Bu miras bizə Üzeyir bəydən qalıb. Bilirik ki, O, Şərq muğam təfəkkürünü Qərb harmoniyası ilə birləşdirərək elə bir üslub yaratdı ki, bu gün də bütün Azərbaycan bəstəkarları üçün istiqamətverici məktəbdir.. Bu ənənə sonrakı nəsillərdə Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Vasif Adıgözəlov, Vaqif Mustafazadə, Tofiq Quliyev, Rafiq Babayev kimi görkəmli bəstəkarların yaradıcılığında da davam etdi. Onlar milli lad sistemini qoruyaraq onu yeni formalarla zənginləşdirdilər…

Bu gün də bu proses davam edir, amma bir az daha çətinləşib. Çünki qloballaşma var, informasiya çox sürətlidir, musiqi zövqləri dəyişib. Rəqəmsal platformalar və kommersiya musiqisi daha çox yayılır, buna görə də dərin, milli düşüncə tələb edən əsərlərin geniş auditoriyaya çıxması bəzən çətin olur. Eyni zamanda süni intellekt texnologiyalarının inkişafı da musiqi sahəsinə təsir edir – artıq musiqi yaratmaq, aranjiman etmək və yaymaq daha asanlaşıb. Bu isə bir tərəfdən imkanlar yaratsa da, digər tərəfdən fərdi bəstəkar düşüncəsinin, canlı yaradıcılıq ruhunun fərqlənməsini daha da vacib edir.

Buna baxmayaraq, əsas məsələ milli musiqi təfəkkürünün mahiyyətini qorumaqdır –  texnologiya dəyişir, forma dəyişir, amma ruh və intonasiya yaddaşı yaşamalıdır.


— Musiqidə səsdən çox sükutun vacib olduğu deyilir. Vəfa Bağırzadənin musiqisində sükut nəyi ifadə edir?

– Dahi Avstrya bəstəkarı V.A. Motsart deyib ki, “Musiqi notlarda deyil, aralarındakı səssizlikdədir.”
Əgər notlar musiqinin bədəni, sükut isə onun ruhudursa, onda musiqi yalnız səslə yox, məhz bu iki anlayışın vəhdətində yaşayır. Çünki səs bizə hekayəni danışır, sükut isə həmin hekayənin içinə daxil olub onu hiss etməyimizə imkan verir. Sükut emosiyanın “iç səsi”dir – dinləyicini melodiyanın xaricinə yox, onun dərinliyinə aparır. Bu baxımdan sükut musiqini dayandırmır, əksinə onu daha dərinləşdirir. O, dinləyiciyə eşitdiklərini “daxildə tamamlaması” üçün zaman verir. Bəzən ən təsirli an məhz musiqinin  bitdiyi və sükutun hisslə davam etdiyi andır.

Con Keycin “4’33” əsəri bu yanaşmanın ən bariz nümunələrindəndir. Pianoçu səhnəyə çıxıb pianonun qapağını açsa da, 4 dəqiqə 33 saniyə boyunca sükutunu qoruyur. Bu müddətdə dinləyici ətrafdakı hər bir xışıltını, nəfəs səsini və mühitin özünü musiqi kimi dərk etməyə başlayır. Deməli, sükut sadəcə səsin yoxluğu deyil, dinləyicini musiqinin dərinliklərinə və anın gerçəkliyinə aparan ən qısa yoldur.

Mənim musiqimdə  sükut ifadə olunmayan hisslərin davamıdır. O, sözlərin aciz qaldığı və səslərin yetmədiyi yerdə mənanı tamamlayır və dinləyiciyə musiqini daha dərin hiss etmək imkanı verir.

Söhbətləşdi: Rəfiqə Abdinova

İlkin mənbə:  Yurd.Media

VƏFA BAĞIRZADƏ HAQQINDA

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

​”Fobiya” anlayışı heç birimizə yad deyil

​”Fobiya” anlayışı heç birimizə yad deyil

Psixoloji triller və detektiv janrlarını ayrı-ayrılıqda çox sevirəm. Lakin bu iki janr bir əsərdə birləşəndə əsərə maraq ikiqat artır, gərginlik isə daha dərindən hiss olunur. Müəllif Vulf Dorn olduqda isə bu maraq üç qat artır.
​”Fobiya” anlayışı heç birimizə yad deyil…. Hər birimizin həyatında müəyyən şeylərə qarşı qorxular var – təklik, qaranlıq, qapalı məkan, dəniz, heyvanlar və s…. Amma bir də var görünməyən, mücərrəd fobiyalar – uğur qazanmaqdan, irəli getməkdən, məsuliyyətdən qorxmaq….. Hansılar ki, insanı daxildən bloklayır və inkişafına mane olur..
​Əsərin baş qəhrəmanı Sara da məhz belə bir fobiya ilə yaşayan qadındır. Zahirən hər şeyi qaydasında görünür: evi, yaxşı maddi vəziyyəti, həyat yoldaşı Stefan və oğlu Harvi… Amma ailə daxilindəki vəziyyət göründüyü kimidirmi? Bu sualın cavabını əsəri oxuduqca aydın şəkildə görürük.
​Sara ilə Stefan arasındakı münasibətdə yaranan “çatlar” zamanla adiləşir. Hər şey gündəlik qayğıların, işlərin və görüşlərin arasında itib-batır. Məhz bu laqeydlik və susqunluq hadisələrin təhlükəli istiqamət almasına zəmin yaradır. Əsərin anti-qəhrəmanı da yaranmış vəziyyətdən ustalıqla istifadə edir…. Onun nə məqsədlə bunları etməsi isə oxucuya tədricən açılır. Spoilər vermədən deyim: bu kitabı və müəllifin bütün kitablarını mütləq oxumaq lazımdır….
​Vulf Dorn mənim üçün ötən il kəşf etdiyim müəlliflərdəndir və artıq əminəm ki, bu tanışlıq davamlı olacaq. Bu, müəllifin oxuduğum dördüncü kitabıdır. Yazıçının əsərlərində insan psixikasına dərindən nüfuz etdiyini hiss etmək olur. O, qorxunu, travmanı və daxili ziddiyyətləri yalnız hadisələrin hərəkətverici qüvvəsi kimi deyil, insanın düşüncə və davranışlarını formalaşdıran əsas amil kimi təqdim edir. Məhz buna görə də oxucu onun əsərlərində təkcə süjetin gərginliyini deyil, həm də güclü psixoloji təsiri hiss edir.


​Qeyd: Kitab Azərbaycan dilinə Cəlil Cavanşir tərəfindən çevrilib. Axıcı, səlis və fikirləri oxucuya rahatlıqla çatdıran bu tərcüməyə görə Cəlil bəyə xüsusi təşəkkürümü bildirirəm.

Müəllif və mənbə: Vəfa BAĞIRZADƏ

VƏFA BAĞIRZADƏ HAQQINDA

AZƏRBAYCAN BƏSTƏKARLARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bəstəkar Vəfa Bağırzadə ilə müsahibə

Respublikainfo.com xəbər verir ki, Referans Medianın  “Musiqi saatı” rubrikasının növbəti qonağı bəstəkar, pianoçu, musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Respublika Beynəlxalq müsabiqə və “Gənclər Mükafatı” laureatı Vəfa Bağırzadədir.

– Xoş gördük Vəfa xanım! Əvvəlcə istərdim ki, oxucularımıza, özünüz haqqında qısa da olsa məlumat verəsiniz! Vəfa Bağırzadə kimdir?

Mən 29 oktyabr 1990-cı ildə Lənkəran şəhərində anadan olmuşam. Musiqi təhsilimə erkən yaşlarımdan, Biləcəri qəsəbəsində yerləşən Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbində Və Xan Şuşinski adına Ağdam Muğam Musiqi məktəbində başlamışam. Peşəkar təhsilimi 2007–2011-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsində aldıqdan sonra, Azərbaycan Milli Konservatoriyasında Bəstəkarlıq ixtisası üzrə (2012–2019, bakalavr və magistr) ixtisaslaşmışam. Bu illərdə bəstəkar, Əməkdar İncəsənət xadimi Cəlal Abbasovun və bəstəkar-pianoçu Pikə Axundovanın sinfində dərs almışam ki, bu da yaradıcılıq yolumun formalaşmasında əsas rol oynayıb. Karyeram ərzində müəllim kimi də fəaliyyət göstərmişəm; 2018–2020-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında çalışmışam. Eyni zamanda, 2024–2025-ci illərdə Üzeyir Hacıbəylinin Ev-Muzeyində şöbə müdiri vəzifəsini icra etmişəm. 2022-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqının üzvüyəm.

image-a71c8b4e-d48b-42c5-8aff-7ee3c69d082a

– Ümumiyyətlə sizin musiqiyə, xüsusilə də fortepianoya olan sevginiz nə zamandan yaranıb?

Musiqiyə olan sevgim çox erkən yaşlardan yaranıb. Valideynlərimiz bizi klassik musiqi ilə böyüdüblər. Yadıma gəlir ki, uşaq vaxtı hətta yatanda belə evdə daima Betoven, Şopen, Motsart kimi dahi bəstəkarların əsərləri səslənirdi. Bu mədəni mühit mənim musiqiyə marağımın yaranmasında və sənət yolumu seçməyimdə həlledici rol oynadı. Əvvəlcə yalnız səslərin harmoniyasından zövq alırdım, lakin sonralar musiqinin ruh oxşayan emosional dərinliyi məni özünə valeh etdi, həyatımın ayrılmaz hissəsinə çevrildi. Fortepiano mənim üçün sadəcə bir musiqi aləti deyil, həm də duyğularımı ifadə etməyin, iç dünyamı musiqi vasitəsilə çatdırmağın ən yaxın yoludur. Bu sevgi məni təbii olaraq zamanla bəstəkarlığa yönəltdi, fortepianoda hiss etdiyim hər ritm və melodiyalar məni öz əsərlərimi yaratmağa, musiqi vasitəsilə duyğularımı ifadə etməyə sövq etdi.

– Sizin üçün musiqi nə deməkdir? Həyatınızı musiqisiz təsəvvür edirsinizmi?

Musiqi mənim üçün zaman və məkan sərhədlərini aşan, insanın daxili aləmini və hisslərini ifadə edən bir dildir. O, yalnız eşitdiyimiz səs deyil, eyni zamanda düşüncələrimizi və emosiyalarımızı formalaşdıran bir vasitədir.. Musiqisiz həyatı təsəvvür etmək mənim üçün qeyri-mümkündür. Çünki o, həyatın özüdür, düşüncələrimin və hisslərimin təzahürüdür. Musiqi yoxdursa, zaman dayanır, duyğular susur, dünya öz harmoniyasını itirir. Ona görə də musiqi mənim həyatımın təməl daşıdır, onsuz yaşamaq, nəfəs almaq qədər çətin olardı.

image-bef2eebb-f4e0-4587-9a59-e47bc5f1c370

– Vəfa Bağırzadənin sevdiyi bəstəkar və əsərlərini daha çox dinlədiyi bəstəkarlar kimlərdir? Daha çox hansı musiqi janrını sevirsiniz?

Mən çox vaxt klassik musiqi dinləyirəm. Bach, Çaykovski, Raxmaninov, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və Elza İbrahimovanın əsərlərini xüsusilə sevirəm. Sevdiyim janr isə əsasən klassik musiqidir, amma caz, rok və estrada musiqisinə də marağım var.

– Bu gün təəssüflər olsun ki, cəmiyyətin əksər hissəsi keyfiyyətli musiqilər əvəzinə adətən bayağı musiqilər dinləyir. Sizə görə bunun başlıca səbəbi nədir?

Məncə, bu problemin bir neçə əsas səbəbi var və bunlar bir-biri ilə sıx şəkildə bağlıdır. İlk növbədə, insanların musiqi zövqünün formalaşmasında maarifləndirmə kifayət qədər güclü deyil. Musiqi mədəniyyəti uşaqlıqdan formalaşır, lakin bu gün təəssüf ki, həm ailədə, həm də təhsil mühitində keyfiyyətli musiqiyə maraq oyadan imkanlar əvvəlki kimi güclü deyil. İnsan nə ilə böyüyürsə, zövqü də onun üzərində qurulur. Digər mühüm səbəb isə kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin təsiridir. Sosial platformalarda daha çox gündəmdə qalmaq, trend olmaq üçün sadə, tez yadda qalan və ritmik musiqilər çoxlu dinləyici toplayır. Keyfiyyətli musiqi isə adətən dərinlik, intellekt, diqqət və musiqi savadı tələb etdiyi üçün geniş kütlə tərəfindən çətin qavranılır. Bayağı musiqi isə həm daha çox təbliğ olunur, həm də sürətlə yayılır, çünki istənilən məzmunsuz kontent kimi, istehlakı asandır. Üçüncü səbəb insanların gündəlik həyat tempidir. Bugünkü sürətli ritm içində insanlar çox vaxt düşünmək, analiz etmək, musiqini hiss etmək kimi proseslərdən uzaqlaşırlar. Bu da onların daha çox “fon musiqisi” kimi qəbul edilə bilən, sadə və emosional dərinliyi olmayan mahnılara yönəlməsinə səbəb olur. Bundan əlavə, kommersiya maraqları da böyük rol oynayır. Bayağı musiqi həm ucuz başa gəlir, həm də geniş auditoriyaya sürətlə satılır. Prodüserlər və musiqi bazarı isə təəssüf ki, keyfiyyət yox, gəlir yönümlü çalışdığı üçün bu tip mahnılar çoxaldıqca çoxalır. Nəticədə həm təbliğatın gücü, həm musiqi tərbiyəsinin zəifliyi, həm də insanların gündəlik həyat ritmi cəm şəkildə keyfiyyətli musiqinin arxa plana keçməsinə gətirib çıxarır. Bu isə cəmiyyətdə musiqi zövqünün tədricən sadələşməsinə və səviyyənin aşağı düşməsinə səbəb olur.

image-1d0608c6-96ef-4d2f-b419-cc8a31626b29

– Professional musiqi adamı olaraq ümumən insanlara və xüsusilə də gələcəkdə musiqi ilə məşğul olmaq istəyən gənclərə nə kimi tövsiyələriniz var ?

Gənclərə tövsiyəm budur: musiqi ilə məşğul olmaq istəyirsinizsə, daima araşdırın, fərqli musiqi janrlarını dinləyin və bədii ədəbiyyat oxuyun. Bu, həm zövqünüzü, həm də yaradıcılıq qabiliyyətinizi zənginləşdirəcək. Musiqiyə sadiq olun və sevgi ilə yanaşın . Musiqi yalnız texniki bacarıq deyil, eyni zamanda hiss və ruh tələb edən bir sənətdir. Onu sevərək və daxildən gələn ehtirasla öyrənmək uğurun əsas şərtidir.

Söhbətləşdi: Bünyamin Bünyadzadə

İlkin mənbə: “Onu sevərək və daxildən gələn ehtirasla öyrənmək uğurun əsas şərtidir” –

VƏFA BAĞIRZADƏ HAQQINDA

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

DUYĞULARIN YÜRÜŞÜ – VƏFA BAĞIRZADƏ YARADICILIĞINDA EMOSİYANIN MUSİQİYƏ ÇEVRİLİŞİ

DUYĞULARIN YÜRÜŞÜ – VƏFA BAĞIRZADƏ YARADICILIĞINDA EMOSİYANIN MUSİQİYƏ ÇEVRİLİŞİ

ALTMIŞ DOQQUZUNCU YAZI

(Vəfa Bağırzadənin “Duyğuların yürüşükonsert pyesini fleyta və orkestrin ifasında dinləyərkən)

Musiqi, insan qəlbinin sükut içində danışan dilidir. Mən bu qənaətə ilk dəfə illər öncə Elza İbrahimovanın qəlbi riqqətə gətirən həzin melodiyalarını dinlədikdən sonra gəlmişdim. Elza xanımın yanıqlı bəstələri məni həmişə (bu gün də) düşünməyə vadar edib: insan qəlbini belə riqqətə gətirən, ruhunu coşduran, duyğularını oyadan hansı səbəblərdir (mühitdir)? Bəzən bir səs, bir titrək not, bir nəfəs qədər incə harmoniya bütün bir duyğular selini ifadə edə bilir. Tanınmış gənc Azərbaycan bəstəkarı Vəfa Bağırzadənin “Duyğuların yürüşü” əsəri də məhz bu sükutun içində danışan, dinləyicini düşüncə və hiss dünyasında səyahətə aparan bir musiqi tablosudur.

Haşiyə:

Bəstəkar: Vəfa Bağırzadə
Çıxış edir: Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri.
Bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev
Solist: Nəzrin Əmirli (fleyta)

Bu əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənərkən, hər bir səs milli musiqi düşüncəsinin incəliyini, eyni zamanda müasir bədii təfəkkürün dinamikasını özündə birləşdirir. Orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev, əsərin ruhunu dərinliklə duyaraq, onu həm texniki, həm də emosional baxımdan kamil səviyyəyə çatdırır. Solist Nəzrin Əmirlinin fleyta ifası isə bu kompozisiyaya incə bir nəfəs, şəffaf bir işıq qatır. Fleytanın tənha, bəzən titrək, bəzən ümidli səsi – sanki duyğuların öz yürüşünü, hisslərin insan ruhunda keçdiyi yolları səsləndirir.

“Duyğuların yürüşü” – sadəcə musiqi parçası deyil, həyatın emosional ritmlərindən yoğrulmuş poetik bir etirafdır. Vəfa Bağırzadə bu əsərdə insanın daxili aləmini notlara köçürərək, sevinc, kədər, təlatüm, arzu və sükunət kimi halları bir-birinə bağlayır. Bəstəkarın melodik dili həm klassik ənənələrdən qaynaqlanır, həm də çağdaş musiqi düşüncəsinə açıqdır. Bu sintez onun yaradıcılığında milli və bəşəri ruhun vəhdətini nümayiş etdirir. Vəfa xanım özü “525-ci qəzet “ə verdiyi müsahibədə bu çuğlaşmanı belə dəyərləndirir: “Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim…” (yaşıl rəngli yazılarıın üzərinə toxunub müsahibəni tam oxumaq olar) Əslində isə o, təkcə Şərq və Qərbi deyil, eləcə də keçmişlə gələcəyi məcmu halında müasir dinləyicilərə təqdim edir. Onun yaratdığı həzin melodiyalar eyni ilə Elza İbrahimovanın yanıqlı bəstələri kimi insanın ruh halının portretini, duyğularının rəsmini gözlər önündə canlandırır. Düşüncənin ən dərin qatlarına sirayət edir. Qəlblərimizi riqqətə gətirir. Düşündürür.

Əsərin strukturunda dramatik inkişaf xətti aydın hiss olunur – musiqi əvvəlcə sakit bir axınla başlayır, tədricən güclənir, duyğuların toqquşduğu, emosiyaların bir-birinə qarışdığı zirvəyə yüksəlir və sonra yenidən sakitlik – daxili barış halına qayıdır. Bu dramaturji gedişat, sanki insan ruhunun gündəlik həyatdakı eniş-yoxuşlarının musiqi təcəssümüdür.

Vəfa Bağırzadə musiqisində qadın duyğusallığı, incə estetik baxış və intellektual dərinlik bir araya gəlir. Onun əsərlərində sanki musiqi – danışan, düşünən və hiss edən canlı varlığa çevrilir. “Duyğuların yürüşü” də məhz bu baxımdan müasir Azərbaycan bəstəkarlığının zərif və mənəvi dərinliyə malik nümunələrindən biridir.

Bu musiqi əsəri dinləyiciyə təkcə zövq yox, həm də düşüncə verir. O, ruhun “sözsüz monoloqu”dur. Hər kəs bu əsəri dinləyərkən öz iç dünyasında bir səfərə çıxır – kimisi keçmiş xatirələrinə dönür, kimisi gələcək arzularını düşünür, kimisi isə sadəcə musiqinin sehrinə qapılıb sükutun dincliyinə dalır.

Qısa arayış:

Vəfa Bağırzadə 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olub. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində alıb. 2007-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olub. Kolleci bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olub.

2020-ci ildə musiqi sahəsindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin fəal gənci” mükafatına layiq görülüb.

2022-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub.

Beynəlxalq və respublika müsabiqələri laureatı, “Gənclər mükafatı” laureatıdır.
Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Vəfa Bağırzadə – müasir Azərbaycan musiqisində fərdi üslubu, səmimi ifadə dili və estetik baxışları ilə seçilən bəstəkardır. Onun “Duyğuların yürüşü” əsəri, həm musiqi sənətimizin bugünkü inkişaf mərhələsini, həm də qadın bəstəkar duyarlığının dərinliyini nümayiş etdirir.

Bu əsər, həm professional musiqi mühitində, həm də geniş dinləyici kütləsi arasında böyük maraq doğurur. O, sübut edir ki, Azərbaycan musiqisi bu gün də öz ruhunu, dəyərlərini və bədii enerjisini qorumaqla yanaşı, dünya səviyyəli bədii ifadə formalarına sahibdir.

Xüsusi qeyd:

Sadəcə dinləmək lazımdır ki, mənim qeydlərimin Vəfa Bağırzadənin duyğularının kölgəsində itib-batdığına şahid olasınız. Dinləyin:

Vəfa xanıma yeni-yeni nailiyyətlər arzulayır, bir-birindən gözəl yeni bəstələr gözləyirik. Yolunuz açıq, uğurlarınız bol olsun, Vəfa xanım!

Müəllif: Zaur USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü

ZAUR USTACIN DİGƏR YAZILARI

VƏFA BAĞIRZADƏ HAQQINDA