Etiket arxivi: Oxu

Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında – Dost sözü

DOXSAN ALTINCI YAZI

Ana həsrətinin poetik fəlsəfəsi
(Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu yenicə işıq üzü görmüş “Ana həsrəti” adlı kitab haqqında olacaq.
Azərbaycan poeziyasında ana obrazı hər zaman müqəddəs, toxunulmaz və dərin mənəvi məna daşıyan bir zirvə kimi qəbul olunub. Bu zirvəyə qalxmaq isə yalnız səmimi hiss, daxili ağrı və poetik məsuliyyət tələb edir. Tanınmış şair Nicat Ərtürkün “Ana həsrəti” adlı şeirlər kitabı məhz bu mənəvi zirvəyə doğru atılmış səmimi və məsuliyyətli bir addımdır.
QISA ARAYIŞ
Nicat Ərtürk – Qasımzadə Nicat Ərrəhman oğlu 1982-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olub. İxtisasca ali təhsili iqtisadçıdır. Azərbaycan Yazıçılar Birliynin üzvü, ədəbiyyat sahəsində müvəffəqiyyətlərə görə təqdim edilən nüfuzlu “Qızıl qələm”, “Ziyadar” kimi mükafatların laureatıdır. “Səsləyir Zəngəzur, Qarabağ bizi” və “Zirvələrin fatehi” adlı kitabların müəllifidir. Haqqında söhbət açdığımız “Ana həsrəti” kitabı müəllifin oxucularla üçüncü görüşüdür. Kitabdakı nümunələr mövzusundan asılı olmayaraq bəzən həddindən artıq pafoslu görünsə də, əslində olduqca səmimi və fərdilikdən uzaq, ümumiləşdirilmiş problemlərin çözümü yolunda atılmış cəsarətli addımlar kimi qiymətləndirilməlidir.
Kitabın adından başlayaraq oxucu dərhal anlayır ki, burada söhbət sadəcə fərdi bir kədərdən deyil, ümumbəşəri bir duyğudan – ana həsrətindən, insan varlığının ən kövrək və ən saf nöqtəsindən gedir. “Ana həsrəti” həm konkret bir itkinin ağrısı, həm də insanın mənəvi dayağını itirməsinin fəlsəfi izahıdır.
Kitabda toplanmış şeirlərdə insan varlığının mənası, həyatın faniliyi, zamanın amansız axını və mənəvi dəyərlərin önəmi poetik düşüncə müstəvisində təqdim olunur. Şair şəxsi hiss və yaşantılarını ümumbəşəri ideyalar səviyyəsinə yüksəltməyi bacarır. Bu xüsusiyyət Nicat Ərtürkün poeziyasını sırf emosional ağrıdan çıxarıb dərin fəlsəfi qatlara daşıyır. Kitaba daxil edilmiş şeirlər içərisində ondan artıq nümunə adı və məzmunu ilə birbaşa anaya, ana həsrətinə bağlıdır. Bundan əlavə topludakı digər şeirlərin də böyük əksəriyyətinin ya məzmunu, ya da mətn daxilində bəzi fraqmentlər ana adı, ana həsrəti ilə dolayısıyla əlaqəlidir.
Ana obrazı şeirlərdə yalnız bir insan deyil, mərhəmətin, qayğının, ilkin saflığın və ruhun sığınacağı kimi təqdim olunur. Ana itkisi isə sadəcə fiziki ayrılıq deyil, insanın iç dünyasında yaranan böyük boşluq, mənəvi yetimlik hissidir.
“Ana həsrəti” kitabında dil sadə, anlaşıqlı, lakin dərin məna yüklüdür. Şair bəzəkli ifadələrdən daha çox, oxucunun qəlbinə toxunan səmimi sözlərə üstünlük verir. Bu sadəlik poeziyanın təsir gücünü azaltmır, əksinə, onu daha da gücləndirir.
Nicat Ərtürkün şeirlərində daxili ahəng, ritm və emosional tarazlıq diqqəti cəlb edir. Hər misra bir hissin, bir düşüncənin daşıyıcısıdır. Oxucu bu şeirləri oxuyarkən təkcə müəllifin ağrısını deyil, öz daxilində gizlənmiş ana həsrətini də kəşf edir.
Kitabın “Anamın əziz xatirəsinə ithaf edirəm” sözləri ilə başlaması bu poeziyanın ideya-mənəvi xəttini əvvəlcədən müəyyənləşdirir. Bu ithaf kitabı sadəcə bir şeir toplusu yox, ruhi etiraf, minnətdarlıq və sədaqət manifestinə çevirir. Oxucu anlayır ki, qarşısında duran misralar yazı masasında deyil, qəlbin ən dərin qatlarında doğulub.
“Ana həsrəti” müasir oxucu üçün təkcə poetik zövq mənbəyi deyil, həm də mənəvi düşüncə kitabıdır. Bu şeirlər insanı öz kökünə, dəyərlərinə, valideyn sevgisinin əvəzsizliyinə qaytarır. Sürətli və maddiləşmiş dünyada bu cür əsərlər oxucuya dayanmağı, düşünməyi və hiss etməyi xatırladır.
Ana həsrətinin poetik fəryadı, ümumiləşdirilmiş nisgil, milli kimlik məsələləri, əcdadlara ehtiram, özünü tanıma və təqdim etmə yuxarıda qeyd etdiyim kimi demək olar ki, topluda yer alan bütün nümunələrin məğzində dayansa da, söhbətimizi Nicat Ərtürkün “Ana həsrəti” kitabında (səhifə 53) yer almış eyni adlı şeirindən gətirəcəyim misallarla daha da zənginləşdirmək istəyirəm.
Ana obrazı Azərbaycan poeziyasının ən müqəddəs, ən kövrək və ən dərin qatlarından birini təşkil edir. Bu obraz təkcə doğmalıq, qayğı və mərhəmət deyil, eyni zamanda insanın daxili dünyasının dayağı, mənəvi sığınacağıdır. Məhz bu baxımdan Nicat Ərtürkün “Ana həsrəti” şeiri ana mövzusuna həsr olunmuş əsərləri (əsərlər) içərisində xüsusi emosional dərinliyi və səmimiyyəti ilə seçilir.
Şeirin ilk misralarından etibarən oxucu faciəli bir dönüş nöqtəsi ilə üz-üzə qalır:
Dəyişdi gözümdə, dəyişdi zaman,
Fırlandı başıma fırlandı dünyam.

Bu misralarda zaman artıq adi axarında deyil. Ana itkisi ilə birlikdə zaman anlayışı da mənasını itirir, dünya oxun ətrafında fırlanan ağır bir yükə çevrilir. Şair burada şəxsi ağrını ümumbəşəri hissə çevirir: ana yoxdursa, həyatın nizamı da pozulur.
Şeirin növbəti bəndlərində sevincin göz yaşına, evin işığının sönməsinə çevrilməsi təsvir olunur:
Xoş günlər bir anda kədər döndü,
Sevinc göz yaşlarım qəhərə döndü.

Ana evin ruhudur. Onun yoxluğu təkcə bir insanın itkisi deyil, bir ocağın sönməsi, bir ailənin mənəvi sütununun dağılmasıdır. Şair bu həqiqəti bədii dillə, lakin son dərəcə real duyğularla ifadə edir.
“Ana həsrəti” şeiri eyni zamanda insanın psixoloji sarsıntısının poetik gündəliyidir:
Bir əsər qalmadı səbri-dözümümdən.
Burada artıq təskinlik yoxdur. Şair etiraf edir ki, ana həsrəti qarşısında ən möhkəm iradə belə sarsılır. Bu etiraf şeiri daha da səmimi və inandırıcı edir.
Əsərin diqqətçəkən cəhətlərindən biri də taleyə və zamana yönəlmiş açıq etirazdır:
Etiraz edirəm sənsiz zamana,
İstədim ki, artıq zaman dayana.

Bu misralar insanın acı qarşısında acizliyini, eyni zamanda üsyankar ruhunu əks etdirir. Şair üçün zaman artıq şəfa verən deyil, əksinə, ağrını uzadan bir gücdür.
Şeirin hər bəndinin sonunda təkrarlanan:
Anama həsrət qaldığım günü
misrası bir növ şeirin ürək döyüntüsünə çevrilir. Bu təkrar oxucunun yaddaşına həkk olunur və ana itkisinin unutulmaz, dəyişməz bir həqiqət olduğunu vurğulayır.
Nicat Ərtürkün “Ana həsrəti” şeiri sadəcə bir şəxsi kədərin ifadəsi deyil. Bu əsər ana sevgisinin əvəzsizliyini, ana itkisi ilə insanın daxilində yaranan boşluğu, zamanla belə sağalmayan yaraları poetik dillə ortaya qoyur. Şeir oxucunu həm düşündürür, həm də öz ana xatirələri ilə üz-üzə qoyur.
Bu əsər bir daha sübut edir ki, ana həsrəti – zamanla keçməyən, sözlərlə təsəlli tapmayan, yalnız poeziyada nəfəs alan bir dərddir. Nicat Ərtürk bu dərdi səmimi, sadə və təsirli bir dildə ifadə edərək oxucunun qəlbinə yol tapmağı bacarmışdır.
Nicat Ərtürkün “Ana həsrəti” kitabı Azərbaycan poeziyasında ana mövzusuna həsr olunmuş səmimi, dərin və fəlsəfi kitablar arasında öz layiqli yerini tutmuşdur. Bu kitab oxucuya təkcə bir şairin daxili dünyasını deyil, hər bir insanın qəlbində gizlənən ana sevgisini və həsrətini göstərir.
“Ana həsrəti” – bir kitabdan daha çox, bir qəlbin səsi, bir ruhun etirafı və bir ömrün poetik xatirəsidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
28.02 – 01.03.2026. Bakı.

Nicat Ərtürk təltif olunub – Təbrik – Fotolar 

Müəllif: Zaur USTAC

I>>ZAUR USTACIN YAZILARI

NİCAT ƏRTÜRKÜN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məmməd Araz susqunluğu

DOXSANINCI YAZI

“Mən Arazam, səsim tutqun Arazdı”
(Azərbaycan Məmməd Arazın simasında)
     Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizin mövzusu Azərbaycan olacaq! Bəli məhz Azərbaycan! Azərbaycanı son nəfəsinə qədər (Babək kimi, Nəsimi kimi, Cavadxan kimi, Məhəmməd Əmin Rəsulzadə kimi, Üzeyir Hacıbəyov kimi, Heydər Əliyev kimi)  “Azərbaycan”, “Azərbaycan” deyə hayqıraraq tanıdan, yaşadan, yaradan hər  bir işi ilə bir Azərbaycan olmağı bacaran bu Yurdun övladlarının sözündə, əməlində, simasındakı cizgilərdə axtaracağıq. Sözün əsl mənasında söz böyük qüvvədir. Və bizim artıq neçə illərdir yaradıcılıq şüarımıza (əməli iş devizimizə) çevrilmiş “tərəfsiz ədəbiyyat tarixdir” deyimi reallıqdır. Ədəbiyyat  (xalqın yurdsevər övladlarının yaratdığı tərəfsiz bədii nümunələr) eyni zamanda yarandığı coğrafiyanın, dilin, xalqın tarixidir, mədəniyyətidir. Bu baxımdan mədəniyyət tariximizdə elə insanlar olub ki, onlar nəinki əməlləri, sözləri ilə, hətta heç nə demədən – susqunluğu ilə, simasındakı cizgilərilə Azərbaycanı bizə anladıb və anladır… Məsələn, əgər, Səməd Vurğunun “Azərbaycan”ı, Süleyman Rüstəmin “Təbrizim”i bizə Azərbaycanı anladırsa, Məmməd Arazın heç nə demədən, sadəcə bax beləcə məsum, məsum baxması özü bir Azərbaycandır. O, hətta “mamır olub qayalarında bitmək” istədiyi doğuma Yurdu üçün: ““Azərbaycan!” – deyiləndə ayağa dur ki, …” kimi şedevr yatmamış olsaydı belə, onun tək bircə susqun fotosuna baxmaqla təmsil etdiyi Azərbaycanı tanımaq olardı…
     Məsələn, bax bu yazım üçün seçdiyim foto olsun. Bu şəkil susmur. O, sükutun içindən danışır, baxışların dərinliyindən söz alıb gəlir. Küləkli bir payız gününü xatırladan fon, arxada qalan ömrün təpələrinə bənzəyir: bir az saralmış, bir az yorğun, amma yenə də ucalığını itirməmiş. Ön planda isə düşüncəyə çəkilmiş bir insan var — üzündə zamanın izi, baxışlarında xalqın taleyi.
     Əli dodaqlarına yaxın, sanki bir misranı içində deyir, amma ucadan səsləndirmir. Bu jest adi bir poza deyil; bu, ömür boyu sözlə yaşayan, sözlə ağrıyıb sözlə ovunan bir şairin vərdişidir. Barmaqlar düşüncəni saxlayır, dilə gəlməsin deyə… Çünki bəzi fikirlər var ki, yalnız şeirə çevriləndə rahatlıq tapır.
     Bu baxışlarda təkcə şəxsi talenin izi yoxdur. Burada bir xalqın sevinci, ağrısı, üsyanı və səbrinin kölgəsi dolaşır. Elə bil gözlər uzaqlara yox, zamanın içinə baxır. Keçmişin izlərini, bu günün suallarını və gələcəyin nigaran cavablarını eyni anda görür. Bu baxışlar oxucuya yaxşı tanışdır — çünki biz onu hələ deyilməmiş misralarından tanıyırıq.
    Geyimin sadəliyi də təsadüfi deyil. Bu sadəlikdə təmtəraq yox, ləyaqət var. Şairin böyüklüyü libasında deyil, duruşundadır. Təbiətlə üz-üzə dayanması isə təsadüf yox, seçimdir: o, həmişə torpağın, dağın, küləyin dilini bilib. Bu şəkil də sanki deyir: “Mən bu xalqın sözünü təbiətin səsi ilə demişəm”.
    Şəkil danışdıqca anlayırsan ki, burada bir insan yox, bir yaddaş dayanıb. Bu yaddaş susanda da danışır, kədərlənəndə də ümid verir. Bu yaddaşın adı Azərbaycan poeziyasında çoxdan bir zirvəyə çevrilib. Amma şəkil bunu ucadan demir — ehtiyac da yoxdur. Çünki əsl söz, əsl şair kimi, səssizcə təsir edir.
    Bu “danışan şəkil” bizə baxmır, bizi dinləyir. Sanki soruşur: Sözə nə etdin? Vətənə necə baxdın? Həqiqəti deməyə cəsarətin çatdımı? Cavabı isə yenə onun şeirləri verir. Şəkil susur, amma səs uzun müddət içimizdə qalır.
    Bu fotoya baxanda ilk olaraq sükut danışır. Sözsüz, səs-küysüz, amma ağır və dərin bir sükut… Sanki kadrın içində zaman dayanıb, külək belə ehtiyatla əsir. Qarşımızda oturan insan sadəcə bir şair deyil — o, bir xalqın dərdi, yaddaşı, vicdanıdır. Bu baxışlarda təkcə yaşanmış ömür yox, yaşadılmış talelər var. Bu baxışlarda Arazın axını var — bəzən coşqun, bəzən tutqun, amma həmişə sərhəd tanımayan.
     Məmməd Araz bu fotoda düşünən bir insan kimi görünmür, düşüncənin özünə çevrilmiş bir varlıq kimidir. Əli üzünə söykənib — bu, adi bir poza deyil. Bu əl sanki minlərlə misranın ağırlığını, minlərlə sualın cavabsızlığını saxlayır. Üz cizgilərindəki dərin xətlər zamanın izi yox, xalqın taleyinin cızdığı yollardır. Bu yollar Qarabağdan keçir, Arazdan keçir, sürgünlərdən, ayrılıqlardan, bölünmüş Yurddan keçir. Əgər, onun bu susqunluğundan doğulmuş və eyni zamanda bu susqunluğun özlüyündə nələri hayqırdığını əks etdirən hər hansı bir nümunəni — əli dodaqlarına yaxın, sanki içində dediyi misranı — eşidərək söhbətimizə davam etsək (gəlin, onu Salvartı yaylağında Gəlin qayası ilə üzbəüz susqun dialoqunu təsəvvür edək):  — “Mən Arazam, səsim tutqun Arazdı” — bu misra Məmməd Arazın öz-özünə dediyi söz,  onun yaratdığı poeziyanın açarıdır. O, üzünü qayaya tutub, özünü çaya bənzədən, çayla eyniləşdirən şairdir, çünki Araz da onun kimi parçalanmış, yaralı, amma diridir. Araz necə ki, iki sahili bir-birindən ayırsa da, ruhən birləşdirirsə, Məmməd Araz da sözlə ayrılıqları göstərir, amma ümid körpüləri salır. Onun səsi tutqundur, çünki bu səs yalan danışmır. Bu səs bəzən qışqırmır, amma hər zaman oyadır.
    Fotodakı təbiət fonu da təsadüfi deyil. Arxa planda görünən təpələr, səssiz məkan, açıq səma — bunlar şairin daxili aləminin davamıdır. Məmməd Araz şəhərin səs-küyündə yox, təbiətin sükutunda daha aydın görünür. Çünki o, torpaqdan danışan şairdir. Onun poeziyası masada yox, dağlarda, çay qırağında, kənd yollarında yazılıb. Bu fotoda o, sanki Arazın sahilində dayanıb və axan suya baxaraq yox, axının özü olaraq düşünür.
    Məmməd Araz üçün vətən anlayışı pafos deyil, ağrıdır. Onun vətən sevgisi bayraq yelləməkdən çox, yaraya əl basmaqdır. Bu fotodakı baxışlarda da həmin ağrı var — səssiz, amma inadkar. Bu baxışlar soruşur: “Bu torpaq niyə bu qədər sınağa çəkildi?” Və eyni zamanda cavab verir: “Çünki bu torpaq müqavimət torpağıdır.”
    Şairin geyimi belə onun poetik dünyasına uyğundur: sadə, iddiasız, köklü. Nə dəbdəbə var, nə nümayiş. Çünki Məmməd Araz üçün əsas olan görünmək yox, görünməz olanı göstərmək idi. O, sözlə xalqın içindəki susqun fəryadı danışdırdı. Bu fotoda da sanki danışmır, amma hər şeyi deyir.
    Məmməd Araz poeziyası kimi bu foto da oxunmalıdır. Səthi baxışla yox, diqqətlə, düşünə-düşünə. Bu, bir insan portreti deyil, bir epoxanın portretidir. Sovet dövrünün ideoloji basqıları, milli kimliyin sıxışdırılması, amma ruhun təslim olmaması bu simada cəmlənib. Bu baxışlar çox şey görüb, çox şey susub, amma heç vaxt yalan deməyib.
    “Mən Arazam, səsim tutqun Arazdı” — bu, təkcə şairin özünü ifadəsi deyil, bütöv bir xalqın etirafıdır. Çünki bu xalq da çox vaxt qışqırmadı, amma axdı. Susdu, amma yaşadı. Bölündü, amma itmədi.
     Bu foto qarşısında dayananda anlayırsan ki, Məmməd Araz ölmür. Çünki Araz qurumur. Səsi tutqun olsa da, axını davam edir. Və bu axın nə qədər davam edirsə, bu xalqın yaddaşı, sözü, ruhu da o qədər yaşayacaq. O, bu gün də bizim aramızdadır… O da həsrətlə Laçından, Səkidən, Biçənək aşırımından keçməklə Batabata, oradan Səbətkeçməzə getmək istəyir… Uşaq vaxtı olduğu kimi dik yamaclardakı dağ cığırları ilə Dağdağandan aşıb Salvartı yaylaqlarında dolaşmaq, ürəyini Gəlin qayasına boşaltmaq istəyir…. Gömürdən keçib özünün aydan arı, sudan duru Nursusuna yetişmək istəyir…
  Çox dəyərli oxucum sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun! Unutmayın ki, biz çox böyük bir xalqın, Yurdun övladlarıyıq!
09.02.2026.Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN DİGƏR YAZILARI

MAHİR CAVADLININ ÖZ YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yaralı qəlblər – Günnur Ağayeva – real hekayə

YARALI QƏLBLƏR
(hekayə)
Atası dünyadan köçəndə Chastity on doqquz yaşında idi. Bu yaşda insanın çiyinləri hələ həyatın ağırlığına tam hazır olmur. Qəlbi isə… qəlbi itkilə barışmağı heç bilmir. Atasının səsi bir anda kəsiləndə evin divarları da susmuşdu sanki. Saatın tıqqıltısı belə ona yad gəlirdi. O gündən sonra Chastity üçün zaman axmadı, süründü.
İlk gecə atasının telefonunu əlinə aldı. Ekranda son dəfə yazdığı mesaj hələ də açıq idi. Barmaqları titrədi. Yazmaq istədi. Sanki yazsa, cavab gələcəkdi. Sanki atasının yoxluğu sadəcə bir anlaşılmazlıq idi.
Və yazdı.
— Ata, bu gün çox darıxdım…
Mesaj getdi. Cavab gəlmədi. Amma Chastity özünü bir az yüngülləşmiş hiss etdi. Elə bil ürəyindəki daş bir az yerindən tərpəndi.
Beləcə günlər keçdi. Günlər aylara, aylar illərə çevrildi. Chastity hər gün atasına yazdı. Səhərlər “sabahın xeyir”, axşamlar “gecən xeyrə qalsın”. Universitetə qəbulunu yazdı, ilk işini, ilk uğursuzluğunu, ilk göz yaşını, ilk sevincini yazdı. Bəzən qəzəbləndi, bəzən gülümsədi, bəzən uzun-uzadı susdu, amma yenə yazdı.
Telefon susurdu. Amma Chastity üçün o səssizlik cavab idi. Atasının səssiz dinləməsi.
Dörd il keçdi.
Atasının ölümünün dördüncü ildönümünə bir gün qalmışdı. O gün Chastity daha ağır idi. Sanki köhnə yaralar yenidən açılmışdı. Telefonu əlinə aldı və yazdı:
— Sabah mənim üçün çox çətin bir gün olacaq, ata…
Mesajı göndərdi. Telefonu masanın üstünə qoydu. Ağladı. Uzun-uzadı.
Bir neçə dəqiqə sonra telefon titrədi.
Chastity əvvəlcə inanmadı. Sonra ekrana baxdı. Gələn mesaj vardı.
Əlləri əsdi. Ürəyi döş qəfəsini yaracaq kimi döyündü.
Mesajı açdı.
— Salam, canım…
O an zaman dayandı. Nəfəsi kəsildi. Göz yaşları yanaqlarından süzülüb ekranın üzərinə düşdü.
— Mən sənin atan deyiləm…
Dünyası silkələndi.
Mesaj davam edirdi. Naməlum bir adam — Brad. Dörd ildir onun mesajlarını oxuyan, hər səhər salamını gözləyən, hər axşam həyatından xəbər alan bir ata ürəyi… Öz qızını itirmiş bir ata.
Chastity oxuduqca göz yaşları daha da axdı. Bu dəfə kədərdən yox, qəribə bir təsəllidən. Dörd il boyunca yazdığı sözlər boşluğa getməmişdi. Kiminsə qəlbinə toxunmuşdu. Kiminsə yarasına məlhəm olmuşdu.
O axşam Chastity atasına son bir mesaj yazdı. Amma bu dəfə tək deyildi.
— Ata… sən getməmisən. Sən məni hələ də bir şəkildə dinləyirmişsən…
Telefon səssiz qaldı. Amma Chastity artıq bilirdi: bəzən mesajlar ünvanını dəyişir, amma mənasını itirmir. Sevgi itmir. Sadəcə yolunu dəyişir.
Və bəzən iki yaralı qəlb, bir səhv nömrədə tapır bir-birini.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Oxu

OXU

İlk söz — “Tanrı” idi;
daş üzərində yazılmış,
sükutun sinəsində doğulan ad.
Söz hələ nəfəs idi,
zaman hələ ölçü bilmirdi,
işıq belə öz kölgəsini tanımırdı.

Sonra Tanrı danışdı —
amma danışmaq deyildi bu,
bu bir çağırış idi:
“Oxu!”

Səssizliyə atılan ilk ox
və ya toxum.
Kağızdan əvvəl yazılan cümlə,
insanın alnına deyil,
ruhuna yazılan əmr.

Oxu —
daşı, suyu, küləyi oxu!
özünü hərəsi bir dərədə olan
Pazl parçalarından yenidən qur…

Oxu —
əlifban olmayan gecələri,
qorxudan titrəyən səhərləri,
adını unutmuş şəhərləri oxu.

Tanrı dedi: “Oxu!” —
çünki, bilmədən inanmaq korluqdur,
inanmadan yaşamaq isə
uzun bir susqunluq.

Və insan oxudu —
gözləri ilə yox,
yaraları ilə,
yıxıla-yıxıla,
qalxa-qalxa.

İndi hər kitab bir yol ayrıcıdır,
hər sətir bir imtahan,
hər sual Tanrıya tərəf
atılan addımdır.

İlk söz “Tanrı” oldu,
ilk əmr “Oxu!”
Və dünya hələ də
bir sözdən ibarət
o cümləni
tam oxuyub bitirməyib.

31.12.2025. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Realizm və absurd iç-içə

Realizm və absurd iç-içə
(Zaur Ustacın “Gözündə tük var” novellası)
Azərbaycan ədəbi mühitində çağdaş proza ənənələri müxtəlif səpkilərdə inkişaf edir. Bu mühitdə öz dəsti-xətti ilə seçilən, oxucu ilə birbaşa dialoqa girə bilən qələm sahiblərindən biri də şair-publisist, nasir və “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacdır. Onun “Gözündə tük var” adlı novellası məhz bu kontekstdə meydana çıxan maraqlı ədəbi cəhd kimi qiymətlidir.
Zaur Ustacın ədəbi fəaliyyəti çoxşaxəlidir. O, həm poeziya, həm publisistika, həm də nəsr sahəsində aktivdir. Onun yaradıcılığı milli-mənəvi motivlər, gündəlik həyatın detallarına estetik yanaşma və simvolik məna qatları ilə zəngindir. Yazarın “Gözündə tük var” novellası bədii mətn kimi bu fikri təsdiq edən ən gözəl nümunə hesab oluna bilər. Gündəlik həyatın içindən yüksələn bədii təsvirlər oxucuya yalnız bir hekayə deyil, həm də bir düşüncə dünyası təqdim edir.
“Gözündə tük var” sadə, lakin metaforik dildə qələmə alınmış bədii mətndir. Novellada hadisə real ünsiyyət səhnəsində cərəyan edir: bir televiziya verilişinə qonaq çağırılan Hacı Fağır Naxırçıyev öz həyatına, keçmişinə və baxışlarına dair söhbət edir. Mətndə həm gündəlik həyatın məqamları, həm də simvolik element kimi “gözündə tük” motivi fəlsəfi-bədii məna daşıyır.
Novellanın girişində canlı yayım konteksti yaradılır — buradan oxucuya real həyatla bədii məkanın üst-üstə düşməsi barədə siqnal verilir. Hacı Fağır “Gözündə tük” kooperasiyasının prezidenti kimi təqdim olunur və bu obraz həm komik, həm də dərin məna daşıyan bir personaj kimi çıxış edir. Bu personaj dünyagörüşü, peşə fəaliyyəti, ailə tarixi və şəxsi taleyi ilə oxucu qarşısında canlı insana çevrilir.
Novellanın mərkəzi metaforik elementi — “gözündə tük” — simvolik olaraq insanın daxili baxışını, dünya ilə dialoqunu ifadə edir. Hacı Fağırın gözündəki tük sadəcə fiziki detal deyil; o, insanın idrak, arzular, niyyətlər və həyat təcrübəsi ilə bağlı fəlsəfi işarə rolunu oynayır. Belə motivlər müasir realist Azərbaycan ədəbiyyatında çox rast gəlinməsə də, Zaur Ustac bu motiv vasitəsilə oxucuya daha dərin və təsirli duyğular ötürməyi bacarır.
Novellanın dili sadə görünə bilər. Lakin bu sadəlikdə bir tutarlılıq var. Zaur Ustac həm dialoq dilini, həm də gündəlik danışıq ləhcəsini bədii mətnin vahid ritminə çevirməyi bacarır. Beləliklə, o, real həyatdan alınmış elementləri ədəbi-simvolik kontekstə keçirir. Bu texnika bir növ magik realizmə yaxınlaşır: real hadisələrin içində absurd elementlərin ortaya çıxması oxucunu həm düşündürür, həm də güldürür.
Novellada subyektivlik, insanın özünü təqdim etməsi və auditoriya qarşısında özünü reallaşdırması əsas mövzulardandır. Hacı Fağırın həyat hekayəsi — ailə problemləri, karyera yolu, laboratoriya işçisi ilə münasibətləri — sadəcə bir fərdin bioqrafiyası deyil; bu, həm də müasir cəmiyyətin gündəlik insanı necə formalaşdırdığına dair bir mikromodeldir. Bu baxımdan Zaur Ustac yazıçı kimi yalnız bədii təsvir yaratmır, eyni zamanda sosial psixoloji müşahidəsini də mətndə canlandırır.
Novellada dialoqlar hadisələrin inkişafında aparıcı rol oynayır. Həqiqi televiziya proqramı çərçivəsində qurulan söhbətlər personajların dialoqları vasitəsilə həm informativ, həm də emosional profil yaradır. Bu yanaşma oxucunu mətnə daha yaxınlaşdırır və hadisələrin ritmini sürətləndirir.
Ümumiyyətlə, Zaur Ustac öz yaradıcılığında poeziya, publisistika və nəsr üslublarını özündə birləşdirən vahid autentik bir məzmun formalaşdırmağı bacaran sənətkarlardandır. “Gözündə tük var” kimi novellalar onun bu cəhdinin aydın göstəricisidir. Bu əsər oxucu üçün yalnız əyləncəli mətn deyil, həm də həyatın absurd tərəflərinə dair əks-nümunə kimi çıxış edir. Mətn vasitəsilə müəllif həyatın kiçik, göründüyü qədər də sadə olmayan detalına diqqət çəkir və oxucu üçün geniş düşüncə sahəsi açır. Oxu>>> Gözündə tük var

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

VAN QOQ – “TEOYA MƏKTUBLAR”

VAN QOQ – “TEOYA MƏKTUBLAR”

Van Qoqun Teoya Məktubları – Alatoran Yayınlarından Yeni Bir Dərinlik – Azərbaycan dilində İlk dəfə nəşr olunur.

Alatoran Yayınları tərəfindən nəşr olunan “Van Qoqun Teoya Məktublar” kitabı, sənətsevərlər və ədəbiyyat həvəskarları üçün həm estetik, həm də mənəvi baxımdan zəngin bir xəzinədir. Bu məktublar yalnız məşhur rəssam Vincent van Qoqun şəxsi həyatına və sənətə münasibətinə işıq tutmur, eyni zamanda dövrün incəsənət mühitini, insan ruhunun eniş-yoxuşlarını və yaradıcı zəkanın tənhalığını bütün çılpaqlığı ilə ortaya qoyur.

Kitab, Van Qoqun qardaşı Teoya yazdığı məktublardan ibarətdir. Bu məktublar Van Qoqun həyatının müxtəlif dövrlərini əhatə edir – yoxsulluqla mübarizə apardığı günlərdən tutmuş, rəssam kimi inkişaf etdiyi dövrlərə, psixoloji çətinliklərinə və sənətə olan həvəsinə qədər. Qardaşı Teo ilə olan yazışmalar, yalnız ailə münasibətlərinin deyil, həm də yaradıcı insanın daxili mübarizəsinin təcəssümüdür.

Bu kitab oxucuya nə verə bilər?
Sənətkarın daxili dünyası ilə tanışlıq:
Van Qoqun hər bir məktubu onun ruhunun bir aynasıdır. Oxucu, rəssamın iç dünyasındakı təlatümləri, ümidsizliklərini və eyni zamanda sənətə olan dərin inamını hiss edir.

Yaradıcı ruhun təkliyi və inadı:
Bu məktublar oxucuya göstərir ki, böyük sənət əsərləri bəzən cəmiyyət tərəfindən anlaşılmadığı dövrlərdə doğulur. Van Qoqun tənha, lakin dönməz sənət yolçuluğu bir çox yaradıcı insan üçün gücləndirici və ilhamverici ola bilər.

Sənət fəlsəfəsi və estetika anlayışı:
Məktublarda Van Qoqun rəssamlıqla bağlı düşüncələri, rənglərə və işığa yanaşması, digər rəssamlarla müqayisələri yer alır. Bu, sənət nəzəriyyəsinə marağı olan oxucular üçün qiymətli mənbədir.

Tarixi və mədəni kontekst:
19-cu əsrin Avropasında sənət dünyasının necə işlədiyini, rəssamların hansı çətinliklərlə üzləşdiyini bu məktublar vasitəsilə öyrənmək mümkündür.

Empatiya və insanlığa dair dərslər:
Van Qoqun qardaşı Teoya yazdığı məktublarda dərin bir sevgi, minnətdarlıq və ehtiyac hissi var. Bu münasibət oxucuya ailə bağlarının, emosional dəstəyin və sədaqətin nə qədər önəmli olduğunu xatırladır.

Alatoran Yayınlarının bu nəşri, Van Qoqu yalnız rəsm əsərləri ilə deyil, həm də sözləri ilə tanımaq üçün nadir bir fürsətdir. Kitab həm ədəbiyyat, həm də sənət oxucuları üçün qapılar açır: hiss edən, düşünən, rəsm çəkən və gələcəyə ümid bəsləyən bir insanın əsl portreti.

Bu nəşr, Van Qoqun fırçadan çox qələm tutduğu anlarda da necə bir sənətkar olduğunu göstərir.

Mənbə: Alatoran Yayınları

ƏBİLİN HƏRBİ XİDMƏT ZAMANI YAZDIĞI GÜNDƏLİYİNDƏN


XX ƏSR VƏ XXI ƏSRİN İLK 8 İLİ HAQQINDA DÜŞÜNCƏLƏRİ

12 oktyabr 2008.. Hır şeyin öz tarixi zamanı var.Hərdən özüm-özümə fikirləşirəm ki,niyə indi mətbuatımız,fikir adamlarımız XX əsrin əvvəllərində olduğu kimi deyil. İndi də təəssübkeş elm,fikir,mətbuat adamlarımız var,amma səviyyə bir əsr bundan əvvəlkinin yarısi qədər deyil.Radionun,televizorun olmadığı bir vaxtda onlar (bir əsr öncəkilər) daha çox iş görə bildilər,nəinki indikilər.Əksinə indi daha effektli işlər görmək olar.Çünki telekommunikasiya,rabitə dünyanın isrənilən nöqtəsiylə əlaqə saxlamağa imkan verir.Bizdən bir əsr əvvəl ( əsrin əvvəlində) yaşayanların kitablarl indi hazır şəkildə əlimizdə var,üstəğəl 100 il ərzində dünyada yazılan kitablar ( və baş vermiş hadisələr) tərcümə edilərək dilimizə qazandırılmışdır.Amma yenə də onlardan geriyik.Səbəb bir əsr öncə bütün dünyada hadisələr eyni xətt üzrə,yəni mətbuatla cərəyan edirdi.O cümlədən,Azərbaycanda da…Radişşevin “Peterburqdan Moskvaya səyahət” kitabı Çar hakimiyyıtini yıxan səbəblərdən biri oldu.
Valideyn öz körpəsinin ayaq açıb yeriməsiylə sevindiyi kimi mühərrir və elm fədailəri də mətbu orqanın xalq arasında yayılmasına və cahilliyi ortadan qaldırmasına sevinirdilər.Bu hər yerdə belə idi.Misirdə də,ABŞ da da,Fransa,Türkiyə,Rusiya… və Azərbaycanda da.
Mətbuat inqilabları doğurdu.İnqilablar I Dünya müharibəsini,I Dünya müharibəsu ədalətsiz torpaq bölgüsünü və müsrəqil respublikaları.Ədalətsiz torpaq bölgüsü də II Dünya mqharibəsini başlatdı.II Dünya müharibəsi isə öz növbəsindı sənayeləşməyə ehtiyac yaratdı.Bekəliklə,əsrin əvvəlini mətbuatın inqilabı kimi xarakterizə etsək,ikinci dövr olaraq əsrin ortalarını sənayeləşmə olaraq səciyyələndirə bilərik.Sənayeləşmə də öz növbəsində rəqabəti gücləndirdi.Rəqabət də öz növbəsində eloktronikanın inkişafına sürərlu təkan verdi.Beləliklə,əsrin sonu da kompüterləşmə ilə yadda qaldı.
Beləliklə,hər şey öz tarixi zərurətindən diğur.İndi “mətbuarın dövranı keçib” deyə düşünmək o demkj deyil ki,bu insanlar cahil qalacaq.Xeyr,inşallah bu da bütün müşküllər kimi öz yoluna düşəcək.Amin.
50-60-cı illər sənayeləşməsindən sonra 70-ci ildə dünya böhranı başladı.Bunu Sovet ölkəsi vətəndaşları hiss etməsə də,Sovet dövləri strukturi bunu hiss etdi.1980-lərin sonunda xalqın bilmədiyi böhranın səbəbindən sovet imperiyası dağıldı.Xalqı gecə- gündüz niğaranlıq keçirən dövlət isə 70-çi il böhranından çıxdı,Sovet İttifaql vətəndaşlarına dəyər vermədiyi və onları dünya həqiqətləri barəsindı aldatdlğı üçün məhv oldu. Xalq böyük qüvvədi və xalqına dəyır verməyən dövləri heç bir güc qoruya bilməz.
Bu gün kompüterləşmənin nəticəsi olaraq dünyada iqtisadi böhran öz zirvəsinə çatıb.Bundan da xalqıyla bərabər olab dövlət sağlam çıxacaq.Xalqını aldadanlar isə məhvə məhkumdur.Onlar xalqla öz aralarında Sakit okeanı belə qoysalar xalq Berinq boğazını taparaq okeanı adlayacaq.
Cahil kütlə maariflənmiş bir topluluqdan daha qorxuludu Onları bir cümləylə inqilaba qaldırıb,hər hansı bir quruluşu dəyişmək olar.Amma sonra sən istəsən belə,cildlərlə kitab yazsan ki,kütlə sakitləşsin -bunu bacarmazsan.Onlar sənin istədiyinlə hücuma keçir və yaxud ayaöa qalxır,öz istədiklərini almyınca da sakit olmurlar.Onlar,eyni zamanda,nə istıdiklərini də bilmirlər Çünki cahildirlər,başı pozuq hərəkət edirlər və vahid rəhbərlik tərəfindən idarə olunmirlar.Beləliklə,onların qısa bir zaman sonra oz aralarında konflikt başlayır.Bu da onların parçalanmasına,nəricədə məhvinə səbəb olur.Bütün inqilablar belə başlayıb, belə qurtarıb.
Bolşeviklər kütləni ayağa qaldlrdl,sonra kütlə sakitləşməyincə bolşeviklər onu sakitləşdirməyə və məhv etməyə başladı.
…Allah müharibəyə lənət etsin.
Yaşasın Türkün savaş ruhu.Amin!

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Köhnəqala – 65

Tovuzun Köhnəqala kəndinin Murad adlı balası

Murad Köhnəqala – 65

Deyir ki:- “Mən həyatı kifayyət qədər rəngarəng yaşamış adamam. Yazmaq istədiklərim çoxdu. Bir dəfə feysbukda yazmışdım ki, şeir ədəbiyyatın uşaqlıq dövrüdü. Mən o dövrü çoxdan keçmişəm. Ancaq adam var ki, ömrünün axırına qədər uşaq qalır, yəni şeir yazır. Amma dediyimiz maddi problemlər həll olunsaydı geniş nəsr əsərləri yazardım. Təbii ki, roman yazmaq üçün insanda zaman arxayınçılığı olmalıdı. Ümumiyyətlə, mürəkkəbliyinə görə, roman janrına bir dövlət kimi baxıram. Roman yazan yazıçıda axrayınçılıqla bərabər mütəfəkkir hökmdar beyni olmalıdı. Əsər müəllif tərəfindən dövlət kimi idarə edilməlidi.”

Deyilənlərə görə, qədim Sparta(Lakemedon) dövlətində döyüşçülərə savaşdan əvvəl ucuz başa gələn və zəngin kalorili xaş yeizdirirdilər. Xaş onlarda döyüş ruhu, tükənməz enerji, çeviklik yaradırdı. Verdiyi müsahibələrə göz gəzdirdim. Adamı məst edən gözəl, tanış bir qoxunu duydum…

“Mən ultra yeniliyə meyilli adamam. Ona görə ən müasir dünya yazarlarını oxuyuram. Daha doğrusu, audio-kitablara qulaq asıram. Müasir dünya yazarlarının əsərləri rusca səsləndirilir, qulaqcığı taxıb dinləyirəm. Mütaliə üçün çox gözəl metoddu. Nolaydı, həmin kitablar öz dilimizə də tərcümə ediləydi. Bir də daimi olaraq “Çto? Qde? Koqda?” intellektual kazino verilişlərini izləyirəm. İnternetdə axtarıb bütün proqramlarına baxıram. Həmin proqramın Rusiya, Azərbaycan, Ukrayna və Belarus verilişlərini qaçırmıram. Ümumiyyətlə, texnoloji sahədə süni intellekt inkişaf etdikcə, ədəbiyyatda da insani mövzular tükənməyə doğru gedir. Bu, qlobal prosesdi, bəlkə də bizdə bunu o qədər hiss etmirlər. Gələcək ağıllı maşınlarındı. Oxuduğum kitablar və baxdığım filmlərdən bu qənaətə gəlmişəm ki, tezliklə robotlar insanları sıxışdırıb, Yer kürəsində şahlıq edəcəklər. Bax belə bir kədərli sonluq!”- söyləyir.

Qərar verəndə bir az ləngiyir. Amma məntiqli qərar verməyi və düşdüyü mühitdə hörmət qazanmağı bacarır. Bununla yanaşı o, çox sosial insandır və əylənməyi sevir. Sevməyi və sevilməyi xoşlayır. Qayğıkeş birisidir, son tikəsini bölüşməyə hazırdır. Emosional olsa da, fəqət yaxşı həmsöhbətdir. Ədalətsizliyin düşmənidir, haqsızlığa göz yuma bilmir. Yumoru əla başa düşür. Nəzakətli və diplomatikdir…

Bəli, söhbət şair, publisist Murad Köhnəqaladan gedir. O, 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləyib. Bir il sonra isə sovet ordusunda əsgəri xidmətə çağrılıb. Ordudan tərxis olunduqdan sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olub. İki il Tovuz şəhər təmir-tikinti sahəsində, beş il də Bakı şəhər metro tikintisində fəhlə işləyib. 1980-ci illərdən şerləri ilə mətbuatda çıxış etməyə başlayıb. 1985-1990-cı illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsilə yiyələnib. 1991-1992-ci illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləyib. Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olub. Sonra üç il Sibirdə, Uzaq Şərqdə yaşayıb. Vətənə dönəndən sonra isə Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısıdır. Müstəqil media orqanlarında bədii və publisistik yazıları ilə çıxış edir. Ona yaxın kitabın müəllifidir…

Deyir ki:- “Ədəbiyyat, yazıçılıq, şairlik o yana dursun, mən müstəqillik dövrü Azərbaycan publisistikasının yaradıcılarındanam. Otuz ildən artıqdır, işləmədiyim qəzet, jurnal, sayt qalmayıb. Ömrüm boyu da heç bir partiyanın üzvü olmamışam, heç kəsin də qarşısında öhdəlik götürməmişəm. Həmişə bir ziyalı, bir vətəndaş mövqeyində olmuşam və hər zaman da olacağam. Mən azad düşüncəli adamam. Nə hakimiyyətin, nə də müxalifətin tapşırığı ilə oturub-dururam. Müxalifət qəzetlərində yazdığım vaxtlarda belə müxalifət rəhbərlərinin sözü ilə bir cümlə də yazmamışam.”

Dəyişkən əhval-ruhiyyəyə malikdir. Necə deyərlər, kimlərlə olmasından asılı olmayaraq hər an kefi dəyişə bilər. Bəzən münasibətlərində problemlər yaranır. Narahat və stresli mühitlərdə işləməyi sevmir. Qəribə mülahizə qabiliyyəti var. Hadisələrə özünəməxsus yanaşmağı bacarır. Qadınları müdafiə etməkdən çəkinmir.

“Adətən, cəmiyyətimizdə məişət işləri qadın və kişi arasında bölünür. Şəxsən mən, ev işlərinin cinslərə ayrılmasının əleyhinəyəm. Fikrimcə, işin növündən asılı olmayaraq, fiziki gücünə görə ağır işi kişi, yüngül işləri isə qadın görməlidi. Məsələn, paltaryuyan maşını olmayan ailələrdə bir qayda olaraq, paltarı qadın yuyur. Bunun tam əleyhinəyəm. Paltar yumaq, sıxmaq ağır işdi. Paltarı kişinin yuması daha ədalətlidi. Yaxud yemək bişirmək. Bu fikirdəyəm ki, hər bir kişi istənilən yeməyi hazırlamağı bacarmalıdı. Əslində, yemək bişirmək elə kişi işidi. Qadını ağır işlə yüklədikdən sonra ondan zəriflik ummaq artıq əbləhlikdi.”

Yox, yox! Birdən elə bilərsiniz ki, yaşının bu vaxtında AQP-yə üzv olub, əsla yox. Onun Arvaddan Qorxanlar Partiyasından(A.Q.P.) xəbəri yoxdur…

Nə isə, oktyabrın 15-i Murad Köhnəqalanın 65 yaşı tamam olur. Qoy qələmə aldığım bu yazı, onun yubileyinə yazılacaq yazılar sırasında birinci olsun!
Çox yaşasın!

Ən xoş arzularla: Elman ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

MURAD KÖHNƏQALANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru