Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
Dünya yaranışdan Həvva anamız, Anadır, bacıdır qol-qanadımız, Özün demişdin ki, deyil babımız, Gör, nəyin dərdini çəkirsən , ANA!
***
Heç fikir eləmə oğul sarıdan, Oğlunu bəxş etdi ulu Yaradan, Mərdlərə təsəlli olmaz nigardan, Vətənçün böyütdün oğlunu, ANA!
***
Vaxt olar; baharda, açanda güllər, Yaxud da qocalar dadanda nübar, Sənin də üzünə təbəssüm qonar, Qayıdacaq oğlun, cəbhədən, ANA!
ANA
Sənsən xəyalların tuşlandığı yer, Ümdə arzuların məkanı, ANA! Nə qədər, möcüzəli, sirli bir dünya, Kəşf olunmamış dünyamsan, ANA!
***
Nə deyim, nə yazım yaraşsın sənə, Yüksələ biləydim kaş mənsəbinə, Dünyalar sığınar mərhəmətinə, Özün boyda böyük dünyamsan, ANA!
***
Bir, şirin kəlməni eşidəydim kaş, Kipriyim islanıb, oldu yenə yaş, Olaydım, ayağın altda qalan daş, Biləydim, başımın üstəsən, ANA!
***
Elə, kövrəlmişəm, körpə uşaq tək, Qəlbimi yandırır odlu bir, istək, Ay Ana, saçıma yüngül sığal çək, Ən böyük dövlətim, qayğındır, ANA!!!
ANA
Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana! İnsanların gözəli, mehribanım, Ana! *** Ana, borcludur hər bir kəs önündə sənin Səcdəyə layiqsən, ey səcdəgahım,Ana! *** İlahi bəxş etmiş səni xoş günlər üçün Ey azadə günüm, xoşbəxt dövranım, Ana! *** Bil, ülviyyətin ilə sən geniş cahansan Mənim həyat məktəbim, ilk cahanım, Ana! *** Hamı istinad üçün öncə səni görür Hər sözün mənbəyi, istinadgahım, Ana! *** Dünyada sənin tək uca varlıq de hanı? Ey müqəddəsliyin rəmzi, paklığım, Ana! *** Zaurun bildiyi bu idi, bunu dedi Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!
29.12.1991. Yusifcanlı.
ANA
Ana, ən ülvi insan Çox əziz, çox mehriban. Övladına qayğılı, Övlad ananın balı. Ana balasın sevər, Hərdən tənbeh də edər. Bu danlamaq deyildir, Ana nəvazişidir…. Övlad üçün şalışır, Hər zəhmətə qatlaşır. Övladı gümrah olsun, Paltarı təmiz olsun. Hamıdan yaxşı geysin, Ən ləziz yemək yesin. Bala pis iş görəndə, Ana bunu biləndə…. Çox da ki, kötəkləyir…. Ana məhəbbətidir. O, övladın çox sevir. Pis əməlin istəmir…. İstəyir yaxşı olsun, Ləyaqətli böyüsün…. Fərsiz övlad olmasın, Adın təmiz saxlasın. Ana tənbeh edəndə, Hərdən kötəkləyəndə…. O, balasın döyməyir, Xətadan hifz eləyir. Deyirəm, bir haləti, Qədim bir rəvayəti; Rəvayətdə deyilir, Bir Ana vəfat edir…. Vəfat edərkən Ana Deyir öz yoldaşına: -“Sən kəs əlimi saxla, Sonra yoldaşın olsa…. Bu əllə uşaqları, Vursun, vuranda barı…. Mənim əlim ağtıtmaz, Öz balamı sızlatmaz…. Axı, ananınkıdır, Ana əli AĞRITMIR….
08.03.1990. Ağdam-Yusifcanlı.
* * *
Ay ana, adına vurğunam sənin, Durduğun ucalıq xəyalə gəlməz… Dünya xalqlarının lüğətlərində, “ANA” sözünə tay söz ola bilməz!!!
Sənə igid dedik, sənə Ər dedik, Dinib danışmayan, lal olan Qadın. Gah Niğar söylədik, gah Həcər dedik, Əhdinə, eşqinə qul olan Qadın. Yüz il bir daxmada yaşasan belə, Nə giley, nə güzar gəlmədi dilə. Dözdün hər əzaba sən gülə-gülə, Gülüşü üzündə bal olan Qadın. Anamız, bacımız, xalamız oldun, Bizə arxa durdun, qalamız oldun. Yüz dəfə can dedin, qadamız aldın, Qadası, balası bol olan Qadın. Əslinə, nəslinə vurmadın ləkə… Bizsiz boğazından keçmədi tikə, Gözlədin, gözlərin yol çəkə-çəkə, Doqqazın ağzında gül olan Qadın. Vahidin sinəsi dolur qubarla, Qəlbinə dəyirik nə ixtiyarla? Fəxr edib oğulla, qardaşla, yarla, Yanan, zərrə-zərrə kül olan Qadın. Müəllif: Vahid Çəmənli