Etiket arxivi: Zakir Osmanov

Zakir Osmanov – Marşal

Hərb tarixi

Marşal Beriyanı güllələyən marşal – Batitski hökmün icrasının ona həvalə olunmasını özü xahiş edib

Onu əfsanəvi sərkərdə adlandırıblar.
Sovet ordusunda hərbi-hava və hava hücumundan müdafiə qüvvələrinin əsasını qoyanlardan biri sayılan marşal Pavel Batitski bütün ömrünü hərbi işə həsr edib.
O, orta ixtisas hərbi məktəbini bitirdikdən sonra əvvəlcə Frunze adına Hərbi Akademiyada təhsil alıb, daha sonra Baş Qərargah yanında Hərbi Akademiyanı bitirib.

Milliyətcə ukraynalı olan Pavel Batitski 1910-cu ildə Xarkovda fəhlə ailəsində anadan olub.
Uşaqlıqdan həmyaşıdlarından ciddiliyi və bir az da sərtliyi ilə fərqlənən Batitski xidmət etdiyi bütün hərbi hissə və qoşunlarda ən intizamlı və ən məsuliyyətli zabit kimi tanınıb.
Müasirlərinin söylədiklərinə görə, onun rütbələri və vəzifələri dəyişsə də, xarakteri sabit qalıb, ciddi, tələbkar, ən başlıcası isə ədalətli.
Pavel Batitski 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə ən ağır döyüş bölgələrində xidmət edib, ən mürəkkəb hərbi əməliyyatları uğurla həyata keçirib.
Berlin əməliyyatının hazırlanmasında və keçirilməsində Pavel Batitskinin xüsusi xidmətləri olub.

Marşal Pavel Batitskinin adı SSRİ tarixinə təkcə peşəkar hərbçi, xüsusi xidmətləri olan hərbi məmur kimi düşməyib. O, həm də tarixə öz adını marşal Beriyanı güllələyən marşal Batitski kimi yazıb.

23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin xüsusi məhkəmə iclasında Lavrenti Beriyaya güllələnmə hökmü oxunduqdan sonra Pavel Batitski hökmün icrasının ona həvalə olunmasını xahiş edib.
Bütün bu proseslərin şahidi olan ehtiyatda olan polkovnik Xijnyak sonralar “Veçernyaya Moskva” qəzetinə hadisə ilə bağlı geniş müsahibə verib.
Polkovnikin söylədiyinə görə, Beriya ömrünün son dəqiqələrində heç də çoxlarının dediyi kimi ağlayaraq kimlərinsə ayağına yıxılmayıb:
“Mən həmin prosesin əvvəlindən sonuna qədər iştirak etmişəm. Əvvəlcə mənə tapşırıq verildi ki, gedib Beriyanın evindən ona qara kostyum gətirim.
O, elə həbs oldunduğu vaxt əynində olduğu boz rəngli kostyumda idi. Mən onun Kaçalova küçəsində yerləşən mənzilinə yollandım. Qapını tanımadığım bir qadın açdı.
Gəlişimin məqsədini dedim, qadın heç nə soruşmadan qara kostyumu mənə verdi.
Kostyumu Beriyaya mən geyindirdim, boz rəngli kostyumu isə yandırdım.
O artıq hiss edidi ki, onu nəyə hazırlayılar və başa düşürdü ki, əfv olunmayacaq.
Sonra mənə göstəriş verdilər ki, eni üç metr, uzunluğu iki metr olan qalın taxtadan lövhə düzəldib güllələnmənin icra olunacağı zirzəmidəki otağın divarana vurum.
Bunu da etdim. Daha sonra zirzəmidə olan polad həlqəni həmin taxta lövhənin yuxarı tərəfinə vurdum.
Qeyd edim ki, hökm Moskva Hərbi Dairəsinin qərargahının bunkerində icra olunurdu.
Beriyanı həmin otağa mən gətirdim. Qolları qandallı deyildi. Yalnız taxta lövhənin qarşısında dayananda mənə əmr etdilər ki, qollarını kəndirlə polad həlqəyə bağlayım.
Bu əmri də icra etdim. O, nə ağlayırdı, nə də yalvarırdı. Amma rəngi dəmir rəngindən seçilmirdi, bir də üz hissəsinin sağ tərəfində əzələləri nəzərəçarpacaq dərəcədə titrəyirdi.
Mən əvvəlcədən onun gözlərini bağlamaq üçün üz dəsmalı da hazırlamışdım.
Adətən, güllələnmə icra olunanda güllələnənlərin gözlərini bağlayırdıq. Onu bağlamaq istəyəndə Batitski qəzəblə mənim üstümə qışqırdı:

-Sən nə etmək istəyirsən?
Mən son dərəcə gərgin olan bu atmosferdə özümdə cürət tapıb Pavel Batitskiyə cavab verdim:

-Gözlərini bağlamaq istəyirəm, adətən…
O sözümü yarımçıq qoydu:

-Lazım deyil, qoy hər şeyi gözləri ilə görsün.
Beriya heç nəyə reaksiya vermirdi. Mən elə düşünürdüm ki, onun bu anlarda ürəyi dayanacaq.
Mən geri çəkildim. Məhkəmə üzvləri, Moskva Partiya Komitəsinin birinci katibi Nikolay Mixaylov, Ümumittifaq Həmkarlar İttifaqının sədri Nikolay Şvernik, SSRİ-nin baş prokuroru Roman Rudenko və digər bir neçə nəfər Beriyadan 6-7 metr aralıda dayanmışdılar. Həkim dəvət olunmamışdı.
Pavel Batitski isə digərlərindən bir addım irəlidə dayanmışdı. Hər şey hazır idi. Təxminən bir dəqiqə, bəlkə də çox, araya dəhşətli bir sükut çökdü.
Bu kiçik zaman kəsiyi bəlkə də iştirak edənlərin hamısı üçün uzun bir vaxta bərabər idi.
Pavel Batitski tabel silahını çıxarıb atəş açdı. Güllə Beriyanın burun körpüsünə dəydi. Marşal Lavrenti Beriya qolları bağlanmış polad həlqədən asılı vəziyyətdə qalmışdı…”
Hökmün icrasından dərhal sonra, 23 dekabr 1953-cü il, saat 19.50” tarixli akt tərtib olunub. Akta ilk olaraq hökmün icracısı Pavel Batitski imza atıb.
Marşal Pavel Batitski həmin müdhiş hadisələrdən sonra hələ uzun illər hərbi xidmətini davam etdirib, ən yüksək dövlət mükfatları ilə təltif olunub.
Pavel Batitski 1984-cü ildə 73 yaşında vəfat edib. Marşal Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(c)
Müəllif: Zakir Osmanov

Zakir Osmanov – Mixail Yefremov haqqında

Bakını işğal edən sovet generalı – Almanlar özünü vuran Yefremov ehtiramla dəfn ediblər

Onun tərcümeyi-halında qaranlıq məqamlar çoxdur. Məsələn, Mixail Yefremov imperator ordusunda xidmətə başlayanda bütün sənədlərdə heç də yoxsul olmayan xırda burjua ailəsində anadan olduğunu qeyd edib.
Sonralar qırmızı orduda xidmətə başlayanda isə özünü fəhlə oğlu kimi təqdim edib. Bu kimi qeyri-dəqiq bioqrofik faktlara çox rast gəlmək olar.
Amma Yefremovun xidməti fəaliyyətində bir fakt tam dəqiqdir. Azərbaycan Sovet Sosialist Respublikasının ilk “Qırmızı bayraq” ordeni (1 nömrəli ulduz) məhz ona təqdim edilib.
13 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsində bununla bağlı əmr imzalanıb.
Əmri Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov, hərbi-dəniz komissarı Əliheydər Qarayev və katib Qabricidze imzalayıb.
Əmrdə qeyd edilib ki, XI qırmızı ordunun və Azərbaycan SSR-in dəmir yollarının mühafizəsi qoşunlarının rəisi Mixail Yefremova bu orden Bakının tutulmasında göstərdiyi xüsusi xidmətlərə görə təqdim edilib.
Hadisələrdən öncə Yefremov XI ordunun dörd zirehli qatardan ibarət dəstəsinə rəhbərlik edib.
Mixail Yefremov 1897-ci ildə Kaluqa vilayətinin Tarusa şəhərində anadan olub. Yeniyetməlik yaşlarından öz şəxsi təsərrüfatlarında atasının yanında işləyib.
1915-ci ildə Yefremov imperator ordusuna hərbi xidmətə çağrılıb. Bir aydan sonra onu Gürcüstana, Telavi şəhərinə gizirlər məktəbində oxumağa göndəriblər.
Məktəbi bitirdikdən sonra o, Cənub-Qərb cəbhəsində artileriya divizionunda xidmət edib, I dünya müharibəsinin iştirakçısı olub.
Yefremov 1917-ci ildə ordudan tərxis olunub.
Ancaq çox keçməmiş, 1918-ci ildə o, qırmızı ordunun sıralarında yenidən xidmətə başlayıb. Zabit kurslarında, sonralar isə Frunze adına hərbi akademiyada təhsil alıb.
Yefremovun qırmızı orduda ilk xidməti Qafqazdan başlayıb və o, məhz bu bölgədən tanınıb.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın ilk “Qırmızı bayraq” ordenini alan Yefremov bu təltifdən az sonra ikinci dəfə də “Gəncəyə görə” eyni mükafata layiq görülüb. İkinci ordenin arxasında məhz belə də yazılıb: “Gəncəyə görə”.

Sovet-alman müharibəsi başlanana qədər Yefremov Volqa, Baykalyanı, Orlov hərbi dairələrində yüksək hərbi vəzifələr daşıyıb.
Məhz bu ərəfədə o, repressiya dalğalarına düşsə də xilas olmağı bacarıb. Belə ki, 1938-ci ildə Yefremov xidməti işi ilə əlaqədar təcili olaraq Moskvaya çağrılıb.
Paytaxta axşam saatlaında çatdığından o, Moskva mehmanxanasında yer alıb.
Gecə ikən “NKVD” əməkdaşları onu həbs ediblər. Yefremov xalq düşməni elan edilən marşal Tuxaçevski ilə əlaqədə ittiham olunub. Sorğu-sual iki aydan artıq davam edib.
Məsələyə Anastas Mikoyan müdaxilə edib. Onların arasında hələ Bakı hadisələri vaxtından sıx dostluq münasibətləri yaranıb. Nəhayət, Yefremovla son sorğu-sual Mikoyanın da iştirakı ilə Stalinin kabinetində aparılıb.
Bundan sonra Stalin onu azadlığa buraxıb. Mikoyanın oğlu Serqo öz xatirələrində bu məsələyə də toxunub:
“Yefremovun azad olunması sırf atamın xidmətidir. Atam onu 1920-ci illərdən tanıyırdı.
Onların aralarında yaxın yoldaşlıq münasibətləri var idi. Qafqazda çətin və mürəkkəb inqilabi proseslərdə birlikdə olmuşdular. Sözsüz ki, atam Yefremovun həbsinə imkan verə bilməzdi…”

Sovet-alman müharibəsi dövründə Yefremov 21-ci, 10-cu, 33-cü orduların komandanı olub.
General-leytenant rütbəsi daşıyıb.
Yefremov müharibə zamanı daha çox 1941-ci ilin noyabr ayında Nara çayı sahili boyunca alman qoşunları ilə üzbəüz olan 32 kilometrlik zolağın müdafiəsi zamanı yadda qalıb.
Vermaxt qoşunları bu ərazini keçdikləri halda Moskvaya istiqamət almaları daha da asanlaşdığından onların qarşısını kəsmək sovet qoşunları üçün vacib sayılıb.
33-cü ordu bu missiyanı lazımi səviyyədə həyata keçirib və almanları geri çəkilməyə məcbur edib. Əslində bu heç də Yefremovun xidməti olmayıb.
Georgi Jukov Yefremova güvənmədiyi üçün həmin oktyabr və noyabr günlərində generala 15-dən artıq əmr-təlimat göndərib və əməliyyatları hər dəqiqə öz nəzarətində saxlayıb.
Sonralar Jukov 1942-ci ilin yanvarında Yefremov haqqında xasiyyətnamə yazanda aşağıdakı ifadələr də öz əksini tapıb:
“General-leytenant Yefremovun əməliyyat düşüncəsi olduqca məhduddur. İstənilən böyük və kiçik hərbi əməliyyatlarda o, cəbhə komandanlarının təlimat və göstərişlərinə ehtiyac duyur. Əmrləri vaxtında və dəqiq yerinə yetirə bilmir…”

1942-ci ildə keçirilən əməliyyatların birində Jukov Yefremova komandanı olduğu 33-cü ordu ilə birlikdə Kirov istiqmətinə getməyi əmr edib. Həmin məsafə 180 kilometr olub.
Yefremov düşünüb ki, bu məsafəni daha qısa yolla qət etmək olar. O, bu haqda Jukova heç nə deməyib.
Yaxşı anlayıb ki, Jukovu fikrindən döndərmək mümkün deyil. Yefremov birbaşa qərargahla əlaqə saxlayıb və öz planı haqqında Stalinə məruzə edilməsini xahiş edib.
Bu haqda Stalinə məruzə edəndə o da öz növbəsində Jukovla əlaqə yaradıb, Yefremovun qısa məsafə məsələsini ona söyləyib. Jukov qəti şəkildə etirazını bildirib.
Buna baxmayaraq, Yefremov öz bildiyi yolu seçib və məsafəni heç yarıya qədər qət etməmiş almanların mühasirəsinə düşüb. 33-cü ordu həm canlı qüvvə baxımından, həm də texnika və silah-sursat itkisi böyük itki verib.
Yefremov mühasirəyə düşən zaman yararlanıb.
Almanların mühasirə halqası daraldıqca onun əsir düşmək təhlükəsi reallaşıb. Yefremov bu reaalıqdan uzaq olmaq üçün özünü güllələyib.
Almanlar sovet generalının meyidini tapdıqdan sonra ona fərqli münasibət bəsləyiblər, Yefremovun nəşini meşənin içində atıb getməyiblər.
45 yaşlı Yefremov müharibə dövründə həlak olan yeganə general olub ki, alman zabitləri onu hərbi şərəflə dəfn ediblər.
Onun məzarı üzərinə qoyulan xatirə lövhəsində adı, soyadı və rütbəsi isə həm rus, həm də alman dilində yazılıb.
Bununla da Bakını işqal edən generalın karyerası intiharla yekunlaşıb.

Müəllif: Zakir Osmanov