
LOTOREYA BİLETİ
(hekayə)
Miriş hər dəfə lotereya bileti alanda Səkinə deyinir: “Sən də özünə iş tapmısan? – deyirdi. -Neynirsən bu bileti? İşhatandan maşın keçir? Yox bir, təyyarə, helikopter, bəlkə də dron udacaqsan. Bu lotereya biletlərinə verdiyin pullara get ət, toyuq al, nuş-canlıqla yeyək. Qoz, badam ləpəsi, püstə, ərik qurusu götür. v
Miriş də əlini yelləyərək:
-Birdən-birə Amerika kəşf etmirlər, – deyə cavab verirdi. -Vaxt lazımdır, bəxt lazımdır.
-Vaxtı bilmirəm, bəxtdən yarımamışıq.
Miriş ciddi görkəm alaraq:
-Yoxsa peşman olmusan? – dedi.
Səkinə özünü yığışdırdı:
-Nədən peşman olmuşam?
Miriş cavabında dedi:
-Mənə ərə gətməyindən.
Səkinə ərinə sığındı:
-Gör hara gedib çıxdın?! Peşman niyə oluram. O mənada demirəm. Yəni haradadır o bəxt bizdə ki, bir minik maşını udaq. Paltar maşını udsaq belə, sənin papağını göyə ataram.
Miriş arvadının saçlarından öpərək:
-Ay mənim ağıllı xanımım. Yaxşı, daha lotereya bileti almaram. İndiyə qədər bəxtimizə bir kibrit çöpü də düşməyib.
Səkinə dilləndi:
– Vallahi-billahı maşını öz adamları udur. Qurma, qondarma oyunlardsır. Minik maşın olan lotereya biletini verirlər öz qohum-əqrəbalarına, dost-tanışlarına. Belədə guya minik maşınını o udur. Sonra onun əlindən alıb, bir az pulla – bilmirəm 200-300 manat, ya da 500-1000 manatla onun ağzını yumurlar. Həm bu lotereya oyunbazları, həm də yalandan maşın udan qazanır.
Miriş arvadı ilə razılaşdı:
-Əslinə baxanda sən düz deyirsən, ay Səkinə. Daha lotereya biletinə pul verən deyiləm.
Bir müddət keçdi. Miriş yenicə işdən gəlmişdi, vanna otağında yuyunurdu. Səkinə onun çayını-xörəyini hazırlayırdı. Əlində çay qonaq otağına gələndə stolun üstündə lotereya biletlərini görüb təəccübləndi:
-Miriş köhnə xasiyyətindən əl çəkmir ki, çəkmir.
Əlindəki fincanı stolun üstünə qoyub səsləndi:
-Ay Miriş, yenə başladın?
Mirişin səsi gəldi:
-Yenə nə olub, ay Səkinə? Səsini başına atmısan.
Miriş qonaq otağına gəldi.
-Ay kişi, bu nədir? Yenə lotereya bileti almısan. Ötən dəfə danışmadıq?!
Miriş özünə haqq qazandırmağa çalışdı:
-Vallah təsadüfən oldu. Səninçin ətir alırdım…
“Ətir” sözünü eşidən Səkinənin üzünə təbəssüm qondu:
-Ətir?
-Hə, ətir.
-Bəs hanı ətir? Çaşıb ətir yerinə lotereya bileti almısan?
-Ətrini verəcəyəm. Hövsələni bas. Hə, ətir alırdım, xırdaları olmadı. Əvəzində bir neçə lotereya bileti təklif etdilər. Mən də fikirləşdim ki, bəlkə xeyir bundadır. Etiraz etməyib götürdüm.
Səkinə daha çox da dərinə getmədi. 5-10 manatdan ötrü ərinin ətini yeməyəcəkdi ki…
Az keçdi, çox keçdi. Ər-arvad televizorun qabağını kəsdirdilər. Bəxtlərini sınamaq qərarına gəlmişdilər. Lotoreya oyunu başladı. Bir az sonra Səkinə səsini qaldırdı:
-Vay, görürsən, bir rəqəm çatmadı. Belədir də bunlar. İndi də minik maşını hansısa hazıryeyənə qismət olacaq.
Miriş ayağa qalxdı:
-Sən düz deyirsən, fırıldaqdır hamısı.
O, mətbəxə keçib özünə çay süzdü. Fincanı götürüb qonaq otağına keçmək istəyirdi ki, ayaq saxladı. Geri dönüb Səkinə üçün də çay gətirdi. Lağla arvadından soruşdu:
-Hə, nə oldu? Maşın uddun?
Səkinə ağzını əyərək:
-Tökülüb elə, bu dəqiqə maşın udacağam, özü də Mersedes, Toyota, Nissan… Yatar yuxuma da girməz. Amma pis olmazdı…
-Nə?
-Bir tikiş maşını udmaq. Başqa heç nə istəmirəm. Minik maşınını verdim onlara.
Birdən hər ikisi dik ayağa sıçradılar. Miriş Səkinəni qucaqlayaraq:
-Udduq, Səkinə, udduq. Tikiş maşını yox, minik maşını.
Səkinə inanmır, gözlərini döyürdü. Miriş onu silkələrək:
-Arvad, özünə gəl, həqiqətən udmuşuq. Mən də nə gözümə, nə də qulağıma inanıram. Amma həqiqət budur.
Ər-arvadın səsi mənzili başına götürdü: “Urra!!!”
Səkinənin gözləri dolmuşdu. Ağlamağa başladı:
-Ay Miriş, bu lap möcüzə oldu! Nə yaxşı satıcıların xırda pulu olmayıb, sən də nə yaxşı pul tələb etməyib lotereya biletlərini götürmüsən. Qismət beləymiş.
Az sonra qohum-əqrəba, dost-tanış, qonşular bundan xəbər tutdular.
Mirişlə Səkinənən sevinci yerə-göyə sığmırdı. O gecəni diri açdılar. Gözlərinə yuxu getməmişdi.
Nəinki ertəsi gün, hətta sonrakl bir neçə günü də minik maşınının dalınca gedə bilmədilər. Evləri təbrikə, gözaydınlığına gələnlərlə dolub-boşalırdı. Miriş gedib bazarlıq edirdi. Gələnləri çayla yola salmayacaqlardılar ki. Xeyli pul xərclənmişdi.
Axır ki, dörd gün sonra vaxt tapıb minik maşınını rəsmiləşdirmək üçün yola çıxdılar. Miriş şəxsiyyət vəsiqəsini də götürmüşdü.
İşçilər – cavab oğlanlar, qızlar onların başına yığışdılar, bu xoşbəxt cütlüyü təbrik etdilər. Miriş şəxsiyyət vəsiqəsini uzatdı. Onlara xidmət edən qız nədənsə minik maşınını rəsmiləşdirməyə tələsmirdi:
-Maşının sərəncamınıza verilməsi üçün bəzi şərtləri yerinə yetirməlisiniz.
Səkinə Mirişə, Miriş də Səkinəyə baxdı. Sonra hər ikisi gözlərini dolandırıb cavan qızın sifətinə dikdilər. Səkinə dilləndi:
-Nə şərt, ay xanım? Lotoreyaya minik maşını düşüb. Bizdən tələb olunan şəxsiyyət vəsiqəsidir, yazıb-pozub maşının açarını verəcəksiniz bizə. Biz də sizə şirnilik verərik.
Qızı gülmək tutdu. Aydınlaşdırmağa başladı:
-Məsələ sizin düşündüyünüz kimi heç də asan deyil. Maşına sahib olmağınız üçün gərək bizdən bir qaraj, bir də qarajı qoymaq üçün torpaq sahəsi alasınız. Onların pulu ödəniləndən sonra maşının açarını sizə verəcəyik. Şərtlər bunlardır.
Səkinə Mirişə, Miriş də Səkinəyə, sonra hər ikisi cavan qıza baxdılar. Bu dəfə Miriş dilləndi:
-Yaxşı, qəşəng qız, indi deyin görək, o torpaq sahəsi ilə qarajı neçəyə satırsınız.
Qız dedi:
-Qarajin qiyməti – 3 min manat, torpaq sahəsinin qiyməti isə, 5 min manat.
Ər-arvad başlarını tutdular. Yenə bir-birlərinə baxdılar, çiyinlərini çəkdilər. O qədər pulları harada idi? Borc götürməyə də dəyməzdi. Borcu gec-tez ödəməli olacaqdılar. Hansı pulla? Qənaət edib bir qədər dala pul atmışdılar. Onu da udulan maşının təbrikinə gələnləri qarşılayıb-yola salmaq üçün xərcləmişdilər.
Miriş ağır-ağır dilləndi:
-3 min, 5 min… Deməli sizə 8 min pul ödəməliyik. Bundan sonra minik maşını bizim olacaq?
Qız başı ilə təsdiq elədi. Ər-arvadın sevincindən əsər-əlamət qalmamışdı. Dilxor idilər. Miriş hələ də nəyəsə ümid edirdi. Odur ki:
-Yaxşı, qarajı bildik. Bəs qaraj üçün torpaq sahəsini harada verəcəksiniz?
-Harada?
Qız qarşısındakı kağıza baxaraq:
-Zabratda, – dedi.
Yenə də Səkinə Mirişə, Miriş də Səkinəyə baxdı. Bu dəfə Səkinə dilləndi:
-Xanım, biz Yasamalda yaşayırıq.
-Yasamalda yer ayıra bilmirik.
Miriş səsini qaldırdı:
-Tutaq ki sizinlə razılaşdıq və 8 min manat ödədik. Demək, maşını Zabratdakı qaraja qoyacağıq. Hər gün səhər tezdən tıxacın bol olduğu vaxtlarda ya marşrut avtobusla, yaxud da taksi ilə Zabrata gedib maşını götürməli, axşamüstü də aparıb qaraja qoymalı, yenə də marşrut avtobus, yaxud taksi ilə geri qayıtmalı olacağıq?
-Hə, bizim imkanımız buna çatır. Amma maşın sizə havayı başa gəlir.
-Ay xanım, belədə maşın havayı başa gəlmir. Özümüz öz pulumuzla gedib minik maşınını alsaq, bundan ucuz düşər, həm də onu yaşadığımız binanın həyətində saxlaya bilərik. Heç qaraj da lazım olmaz. Nə çoxdur həyət-bacada maşın saxlayanlar. Boynunuza alın ki, düz oynamırsınız. Belə lotereya oyunu olmaz. Bu oyunun bir adı var: fırıldaq oyunu.
Miriş əlində tutduğu lotereyanı dörd yerə böldü. Səkinənin qolundan tutub, qapıya sarı irəlilədi.
Bakı şəhəri, 06 may 2023-cü il
Müəllif: Akif ABBASOV
Azərbaycan Respublikası Təhsil İnstitutunun
elmi katibi, pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru