Əbülfəz Qədirli neçə illərin kolxoz sədri idi. İşinin öhdəsindən yaxşı gəlirdi. Rəhbərlik etdiyi kolxoz planı da, öhdəliyi də vaxtında artıqlaması ilə yerinə yetirirdi. Odur ki, rayonda hörmətini şaxlar, kənddə sözünün üstünə söz deyən tapılmırdı.
Əbülfəz neçə gün idi ki, Kənd Təsərrüfatı Nazirliyindən cavab gözləyirdi. Məktub yazmışdı ki, kolxoza bir injiner lazımdır. Hələ ki, xəbər-ətər yox idi.
Əbülfəz telefonu götürüb nazirliyi yığdı. Zəng etdiyi məsul şəxsin telefonu məşğul idi. Dəstəyi yerinə təzəcə qoymuşdu ki, katibədən xəbər gəldi:
– Əbülfəz müəllim, sizi gözləyən var. Bakıdandır.
Əbülfəz Qədirli özünü tarazlayıb dik oturdu:
-Buyurub gəlsin.
Orta boylu cavab oğlan idi. Yayın cırhacırında kostyum geyib qalstuk taxmışdı.
Əbülfəz öz-özünə: “Mərifətli, qanacaqlı oğlana oxşayır. Bilir ki, kolxoz sədrinin yanına necə getmək lazımdır. Daha bəziləri kimi yaxası açıq qısa qol köynəkdə, cinsi şalvarda yox.
Oğlan qovluğundan bir kağız çıxarıb irəli gəldi. Əbülfəz Qədirli məktubu alıb gözdən keçirdi. Nazirin əmri idi Əbülfəz oxudu: “Maarif Səlim oğlu Nəzərli “Şərəf” kolxozuna mühəndis təyin edilsin”.
Əbülfəz qaşlarını çatdı. Başını qaldırıb Maarif Nəzərliyə baxdı. Maarif kolxoz sədrinin ona “Xoş gəldin”, deməsini, oturmaq üçün yer göstərməsini istəyirdi. Bunun əvəzində Əbülfəz Qədirli nazirliyin məktubunu geri qaytararaq:
-Ay bala, ay oğul, əziyyət çəkib gəlmisən, – dedi.
Maarif Nəzərli qulaqlarına inanmadı. Özü-özünə: “Bu kişi nə danışır?“ – dedi.
Əbülfəz Qədirli sözünə davam etdi:
-Məndə mühəndis yeri yoxdur. Mən injiner istəmişəm. Gedə bilərsən.
Maarif key-key kolxoz sədrinin üzünə baxıb özünü çölə atdı. O, kolxozda mühəndis yerinin olmamasına az qala inanmışdı. Tər onu basmışdı. Boyun-boğazının tərini silib fikrə getdi:
-Necə yəni mühəndis yeri yoxdur. İnjiner yeri ki var…
Kolxoz sədrinin sadəlövhlüyünə gülməyi tutdu. Nazirliyin məktubu əlində təzədən kolxoz sədrinin otağına girdi.
Aptekdə olanda Arizə məsləhət gördülər ki, boranı tumu onun xəstəliyinin ən yaşı dərmanı ola bilər. O, həkim yazan həbləri alıb aptekdən çıxdı.
İndi binanın həyətində əyləşmişdilər. Sakinlər öz təşəbbüsləri ilə binanın qarşısında park salmışdılar. Necə il əvvəl buralarda yır-yığış etmiş, ağaclar, güllər əkmişdilər. Bir neçə “Besedka” da düzəltmişdilər. Rayon bələdiyyəsinə müraciət etmişdilər. Onlar da dəstək durub abadlıq işləri görmüş, uşaqlar üçün yellənçək də quraşdırmışdılar. Əlqərəz, daş-kəsəkli yer dönüb olmuşdu park. Parka asfalt da döşənmişdi. Qonşu binaların sakinləri də gəlib bu parkda gəzişir, dincəlir, təmiz hava alırdılar.
Əyləşib söhbət edirdilər. Əlibala da gəlib onlara qoşuldu. Əlibala qonşu idi. Anası, bacısı ilə bu binada yaşayırdı. Elmlər Akademiyasının yaxınlığındakı binaların birində atadanqalma bir mənzilləri vardı. Bina plana düşdüyündən, sökülüb yenidən tikiləndən sonra təzə tikilidə mənzil almış, oraya köçmüşdülər. Buradakı mənzili isə kirayəyə vermişdilər. Əlibala arada yolunu buradan salır, qonşularla qaynayıb-qarışır, parkda oturub söhbət edir, çay içirdi. Ay tamam olanda da gəlib kirayə haqqını alırdı.
Əlibala qonşularla salamlaşıb hal-əhval tutdu. Ariz fikir verib gördü ki, o, boranı tumu çırtlayır. Tez üzünü ona tutdu:
-Əli, boranı tumunu haradan alırsan?
Əlibala elə bildi ki, Ariz ona söz atır, sataşır, burada, onların yanında tum çırtlamasını ona irad tutur. Odur ki, əlini saxladı. Çırtlamadı.
Əlibalanın dinmədiyini görən Ariz bir də dilləndi:
-Əli, deyəsən eşitmədin.
Əlibala pərt olmuşdu. qonşuların yanında Arizin onu dolaması kefinə soğan doğramışdı. Ağzını doldurmuşdu ki, onun cavabını versin, Ariz onu qabaqladı. Ciddi:
-Boranı tumu mənə də lazımdır. Aptekçi məsləhət gördü. Xəstəliyimə görə. Bayaq bir yerdə gördüm, nə isə xoşuma gəlmədi. Yaxşı qovurulmamışdı.
Arizin həqiqətən boranı tumu lazım olduğunu, onu doğrudan dolamadığını başa düşən Əlibalanın eyni açıldı:
-Bizim qonşuluqda, anam-bacım olsun, bir qadın var. Ondan alıram.
Ariz:
-Pul versəm, mənimçin də alarsan? – deyə xəbər aldı.
Əlibalanın dayanıb baxdığını görüb:
-Qulluq olmasın. Xahişdir.
Əlibala:
-Alaram, niyə almıram?! – dedi.
Arız çıxarıb ona 10 manat pul verdi:
-Elə 10 manatlıq olsun.
Əlibala pulu alıb:
-Problem yoxdur, – dedi. -Sabah çatdıraram
Bir müddət keçdi. Ariz Əlibalanın aldığı boranı tumunu çırtlayıb qurtarmışdı. Gözləri yolda idi ki, bir də gördü, budur, Əlibala gəlir. Elə həyətdəcə onun qabağını kəsdi. Əl verib səmimi görüşdü:
-Ay qardaş, harada qalmısan? Boranı tumum qurtarıb, qalmışam belə: baxa-baxa. Allah köməyin olsun, mənim də köməyimə çatır.
Ariz 50 manatlığı ona uzatdı:
-Al bu pulu, yenə qardaşın üçün 10 manatlıq boranı tumu al. Bax, yenə deyirəm. Buyruq deyil ha. Dost xahişidir.
-Yox, gözləyə bilmərəm. Tələsirəm. Eybi yox, alaram, gətirəndə pulunu verərsən, – deyib yola düzəldi.
Ariz əlində 50 manatlıq baxa-baxa qaldı.
İki gün sonra Əlibala göründü. Ariz incik:
-Məni tumsuz qoydun. Xırdan olmadı, pul xırdalamağımı da gözləmədin.
Əlibala heç nə olmayıbmış kimi:
-Eybi yox, pulunu ver, alıb uzağı sabah çatdıraram sənə.
Ariz nə vaxtdan ayırıb pencəyinin döş cibinə qoyduğu şax onluğu ona uzatdı.
Əlibala pulu alıb əlini plaşının yan cibinə atdı. Çıxarıb boranı olan bükülünü ona verdi, sonra dönüb getdi.
Ariz onun dalınca baxa-baxa: “Mən bu Əlibalanı sadəlövh, bir az avamtəhər, tez inanan bir adam kimi tanıyırdım, – dedi. -O səfər əslində cibimdə xırda pul, onluq da vardı. Fikirləşdim ki, görüm Əlibalanı hərifləyə bilərəm. Demə, bu dostum qazdan ayıq imiş. Pulunu almamış boranı tumunu mənə vermədi. Alaram adı ilə pulu alıb, sonra verdi tumu. Gör ha. Fikirləşib ki, birdən tumu mənə verər, pulunu ala bilməz. Bu da ona sərf eləmir axı. Oyunun olsun, Əlibala, sən demə, sən məndən də tədbirli imişsən. Afərin sənə”.
Rüfət Buzovnada dostları ilə yeyib-içib, indi dayanmışdı Zuğulba yarımstansiyası ilə üzbəüz avtobus dayanacağında. 171 nömrəli avtobusu gözləyirdi.
Əzizağa dostlarını Buzovnadakı bağına qonaq çağırmışdı. Gəlib kabab çəkmiş, həyətin mer-meyvəsindən dərib yemiş, doyunca spirtli içki içmişdilər.
Rüfətin qəribə xasiyyəti vardı. Arağı pivə ilə qarışdırıb içərdi. Dostları hay deyirdilər belə eləmə. Ya araq iç, ya pivə. İkisinin sərxoşluğa yaman olur. Əvvəl, yəni içəndə bilmirsən, sonra səni götürür, gəl görəsən. Kimə deyirsən? Rüfət bu xasiyyətindən əl götürmürdü.
Əzizağa yaxşı süfrə açmışdı. Əvvəlcə samovar çayı gətirildi. Cürbəcür bahalı şokolad və karamellər, çərəzlər, mürəbbələr, limon süfrəni bəzəyirdi. Kəklikotulu, mixəkli, zəfəranlı, nanəli çayniklər düzülmüşdü stol boyu. Xalis, təbii Astara çayından dəmlənmiş çay da vardı.
Manqal tüstülənməkdə, kabablar bişməkdə idi. Lülə, tikə kababından savayı, nərə balığından tikələr də şişlərə keçirilib düzülmüşdi manqalın üstünə. Əlqərəz yaxşı bir qonaqlıq alınmışdı. Bahalı araqlar, viski, çaxır, pivə…Hansından istəyirsən iç…
Məclis sona yetəndə ayıq sürücü çağırdılar. Toğrul, Tural, Tofiq qalxdılar. Rüfət yerindən tərpənmədi. Gözü içkilərdə qalmışdı.
-Siz gedin, mən özüm gələcəyəm, – deyə əlini yellədi. Bildirdi ki, onun hələ getmək fikri yoxdur. Əzizağa ilə söhbətləri var.
Dostlar çıxıb getdilər. Rüfət qədəhini araqla doldurub Əzizağaya:
-Sağ ol, brat, sənin, ailənin sağlığına, – deyib arağı başınaa çəkdi. Pivə ilə arağın acılığını görürdü. Üstündən də bir dilim qarpız yedi.
Açığı, Əzizağa çox yorulmuşdu. Əslində istəyirdi ki, Rüfət də o birilərinə qoşulub getsin. Amma o getmədi. İndi Əzizağa oturub onun nə zaman ayağa qalxacağını gözləyirdi. Rüfət rabitəsiz danışır, gah Əzizağanı tərifləyir, gah gedən dostlarının qeybətini edirdi.
Nəhayət, Rüfət ayağa qalxdı. Ləngər vururdu. Əzizağa oğlu Muradı çağırdı:
-Əmini dayanacağa qədər apar.
Murad maşını işə saldı. Rüfət Əzizağanı qucaqlayıb öpdü. “Di, salamat qal”, – deyib maşına əyləşdi. Avtodayanacağa çatanda düşdü. Murad dedi:
-Rüfət əmi, hava istidir, maşında əyləşin, avtobus gələndə düşüb minərsiniz, – deyə təklif etsə də, Rüfət qulaq asmadı. Əksinə Murada dedi ki, gözləməsin, getsin. Murad onun təkidlərindən sonra çar-naçar evlərinə döndü.
171 nömrəli avtobus “Koroğlu” metro stansiyasına gedirdi. Rüfət orada düşüb metronun “Nərimanov” stansiyasına gedəcəkdi. İşin tərsliyindən 171 nömrəli avtobus yenicə gəlib getmişdi. Rüfət gözləməkdə idi. Bu zaman bir minik maşını qarşısında dayandı.
Ayaq üstə Rüfəti yuxu basırdı. Sürücü hara getdiyini dedi. Rüfət də tez maşına əyləşdi. Rüfət sevincək olmuşdu: “Mersedes lap yerinə düşdü. Rahat gedəcəyəm. Avtobusda basa-bas olur. Çox vaxt əyləşməyə yer tapılmır. Cavanlar da dəyişiblər. Əvvəlki yeniyetmələrə bənzəmirlər. Durub yaşlılara yer vermirlər. Eybi yox, axır onlar da yaşa dolarlar. Onda günahlarını anlayarlar”.
Mersedes tərpəndi. Rüfət içəridəkilərlə salamlaşdı. Bir nəfər arxa oturacaqda, bir nəfər də sürücünün yanında əyləşmişdi. Kondisioner işləyirdi. Rüfət başını atıb yatdı.
Az keçdi, çox keçdi. Bilmirik. Maşın mənzil başına çatmışdı. O biri iki nəfər düşüb getmişdi. Rüfəti oyatmaq problemə dönmüşdü. Oyanmaq bilmirdi ki. Spirtli içkinin iyi maşının salonunu başına götürmüşdü. Nəhayət, Rüfət özünə gəldi. Maşından düşüb ətrafa boylandı. “Bura haradır?” Heç tanış gəlmirr.
Rüfət Sürücüyə müraciətlə:
-Qardaş, harada saxlamısan bu maşını? – deyə soruşdu. -Tapa bilmirəm haradayam.
Sürücü təəccüblə ona baxdı:
-Elə bil birinci dəfədir gəlirsən. Necə yəni haradır? Həmişə harada saxlayırıq, oradır da. Taksi dayanacağıdır. O da o biri taksilər.
Rüfət boylanmaqda davam edərək xəbər aldı:
-Metro hansı tərəfdədir?
Sürücü çiyinlərini çəkdi:
-Nə metro?
Onu gülmək tutmuşdu:
-Mən biləni, buraya metro yüz il sonra da çəkilməz.
Rüfət elə bildi ki, sürücü onu dolayır, ona görə özündən çıxdı:
-Al, manatını, özüm taparam.
Sürücü manatı onun üstünə atdı:
-200-250 kilometr yol gəlmisən, bir manat verirsən?
Bu dəfə Rüfət çiyinlərini çəkdi:
-200-250 kilometr haradan çıxdı? Vur-tut 30 kilometr yol gəlmisən. Adan dolayırsan?
Sürücü qəribə müştərinin danışığına, özünü aparmasına mat-məəttəl qalmışdı:
-A kişi, sənin ağlın üstündə deyil deyəsən. Boz araqdan vurmusan doyunca, ağlın başından çıxıb. Ona görə də ağlına gələni danışırsan.
Rüfət özündən çıxdı:
-Nə qədər istəyirsən, 2 manat? Lap ağ eləmisiniz. Əvvəllər metroya gəlmək üçün 4 nəfər götürüb adambaşına 1 manat alardınız …
Sürücü ilə Rüfətin mübahisəsini görüb bir neçə sürücü də onlara yaxınlaşmışdı. Bu mübahisənin nə ilə qurtaracağını gözləyirdilər:
-Ay kişi, nə metro, metro salmısan? Sən hara gedirdin?
Rüfət anlatdı:
-Buzovnadan metronun “Koroğlu” stansiyasına…
Sürücülərdən birisi dilləndi:
-Ay kişi, bura bilirsən haradır?
Rüfət:
-Hara? – deyə soruşdu.
Dedilər:
-Kürdəmirdir.
Rütəti gətirən sürücü:
-Bəli, Kürdəmidir. Əlin cibində olsun. 15 manat verəcəksən.
Rüfət lap cin atına mindi:
-Nə Kürdəmir? Mənim Kürdəmirdə nə işim?
Sürücü:
-Necə yəni nə işim?! – dedi. -Təqsir özündədir, məndə deyil. Maşını saxladım. Soruşdun ki, hara gedirsən? Dedim Kürdəmirə. Sən də tez oturdun. Oturan kimi də yatdın. Qırx ilin yuxusuzu kimi…
Rüfət sanki yatmışdı, ayıldı. Başını yelləyərəık dedi:
-Mən metronun “Koroğlu” stansiyası bilib əyləşmişəm.
Sürücü ona məsləhər gördü:
-Bu taksilərdən Bakıya gedəni var. Nə qədər gec deyil, əyləş, səni aparsınlar.
Sürücü Bunu deyib əlini qabağa uzatdı:
-Amma əvvəlcə mənim 15 manatımı ver.
Rüfət baxa-baxa qaldı. Əzizağanın qonaqlığı ona baha başa gəlmişdi.
“Mütərcim” nəşriyyatı Həsən Cabbarın yeni şeirlər kitabına həyat vermişdir.
Vətənimizin gözəl təbiəti, əmək adamları, dostluq və saf məhəbbət hissləri kitabda toplanmış şeirlərin əsas mövzusunu təşkil edir. Şairin şeirlərində bir kövrəklik, zəriflik hiss olunur.
Kitabın redaktoru yazıçı, tərcüməçi, pedaqogika elmləri doktoru, professor Akif Abbasovdur.
Həsən Cabbarla (Həsən Xanoğlan oğlu Cabbarovla) mən Şirvan (keçmiş Əli Bayramlı) şəhər Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbində bir sinifdə təhsil almış, 1967-ci ildə orta təhsilimizi başa vurub ali məktəblərə üz tutmuşuq. Həsən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin (hazırda ADPU), mən isə, M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsinin məzunu olaraq əmək fəaliyyətinə başlamışıq. İlk pedaqoji fəaliyyətimiz Sabirabad rayonunun Şıxsalahlı kənd otda məktəbində olmuşdur. Həsən Cabbar burada Azərbaycan dili və ədəbiyyat müəllimi, mən isə ingilis dili müəllimi kimi işləmişik. 1975-ci ildə yollarımız ayrılmış, o, həmin məktəbdə qalaraq çalışmış, mən isə, müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunduğumdan Bakıya gəlmişəm.
Dostluğumuz isə davam etmiş, hazırda da tez-tez görüşürük.
Həsən Cabbar kimdir?
Həsən Cabbar hazırda təqaüddədir. Yaxşı ədəbiyyat müəllimi, sədaqətli dost və yoldaş, şagirdlərinin sevimlisi olmuşdur. Hələ orta məktəbdə oxuyarkən bədii yaradıcılıqla məşğul olmuş, tələbəlik illərində, müəllim işlədiyi vaxtlarda yenə də qələmə sarılaraq, gözəl şerlər yazmaqda davam etmişdir. Şeirləri ilk əvvəllər Əli Bayramlı (Şirvan) şəhərində çıxan “İşıq” qəzetində, daha sonralar “Azərbaycan” jurnalında, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri” (hazırda “Savalan”) və b. qəzetlərdə dərc olunmuşdur. 1999-cu ildə onun “Sənə həsrət qalacağam” şeirlər kitabı “Mütərcim” nəşriyyatı tərəfindən çapdan çıxmışdır.
Mən ingilis və rus dillərindən bir sıra pyeslər (Q.Qrin “Canlılar yaşayan otaq”, “ Mar Bayciyev “Duel”, Georgi Xuqayev “Andro və Sandro”, Touşan Esenova “Ali təhsilli arvad”) tərcümə etmişəm, onların hər biri ayrıca kitab şəklində nəşr olunmuşdur. Həmin pyeslərdə şeirlər də öz əksini tapmışdır. Onları dilimizə Həsən Cabbar çevirmişdir.
Tərcüməçilik də bədii yaradıcılıqda bir istiqamətdir. Həsən Cabbar bu sahədə də qələmini sınamışdır.
O, gənclik illərində çox yazıb-yaradardı. İndi nə isə tənbəlləşib, çox az hallarda yazır.. Səmimi şeirləri var.
O zamanlar “Vətən”, “Xatirə”, “Aparma”, “Sənə həsrət qalacam”, “Qoyma məni qocalmağa”, “Babam”, Qaya” və başqa şeirləri şeirləri dilimizin əzbəri idi. Dostlar (Fəxrəddin Rəhimov, Malik Qədimov, Rafiq Rəsulov, Vaqif Qarayev) bir yerə, bir məclisə yığılanda Həsənin şeirləri səslənərdi. Rafiq Rəsulov, mərhum Malik Qədimov onun şeirlərini avazla, yüksək sənətkarlıqla deyərdilər.
Həsən Cabbar son dərəcə sakit, təvazökar, abırlı, həm də nikbin insandır. Özünü öyməyi xoşlamır, öz şeir deməz, dostları onun şeirlərini səsləndirəndə isə, sıxılır.
Abırlı, təvazökar, sadə, dostcanlı insanlara eşq olsun!!!
Həsən Cabbarın şeirləri məzmun baxımından rəngarəngdir. Vətənpərvərlik (“Vətən”, “Qız Qalası”); təbiət mənzərəsi, vəlövhələri (“Ləpələr”, “Son payız”, “Durna”, “Qış”, “Qaya”, “Yol ver, baba” və s.); valideyn-övlad münasibətləri, ata-anaya, baba-nənəyə hörmət, bağlılıq (“Babam” və s.); sevgi, məhəbbət (“Xatirə”, “Gizlət baxışlarını”, “Apardın”, “Gəlin köçəndə”, “Unudacaqsan”, “Darıxmışam”, “Gələrəm”, “Görüş yerimiz” və s.) səpgili şeirləri sevə-sevə oxunur.
Həsən Cabbar sözdən ötrü gəzmir, mənalandırmağı, yeni fikir söyləməyi bacarır. Doğmalarını sevib-əzizləməklə yanaşı, xahiş edir ki, ona qayğını bir az da artırsınlar, onu qocalmağa qoymasınlar. Şairlər kövrək olurlar axı. Oxuyuru q:
Aylar, günlər ildən getdi,
Durna köçü göldən getdi.
Cavanlığım əldən getdi,
Qoyma məni qocalmağa.
Əslində onu qocalmağa qoyan yoxdur. Şair xəyalıdır. İstəyir təkcə fiziki baxımdan deyil, eyni zamanda mənəvi cəhətdən də, ruhən də cavanlığını uzun müddət saxlasın. Ailəyə lazım olmaq üçün, bədii yaradıcılıqda uzun müddət qalmaq üçün, dostlarla, yoldaşlarla birgə gəzib-dolanmaq üçün:
Bir bulaqdım, dedim coşam,
Qoymadılar aşıb-daşam.
Bəlkə bir də cavanlaşam,
Qoyma məni qocalmağa.
“Babam” şeirində çox gözəl bənzətmə ilə rastlaşırıq. Artıq müəyyən yaş həddinə çatmış babada yaşamaq, fəaliyyət göstərmək, sevib-sevilmək arzusu qüvvətlidir. Cavanlaşmaq istəyir, yenə də arzusundadır ki, qəşəng, alyanaq qızlar oğrun-oğrun onun ardınca boylansınlar. İstəkdir də, nə deyəsən? Bu arzuların qanadında elə bilir ki, doğrudan da cavanlaşıb. Üzünü ağbirçək həyat yoldaşına tutaraq:
Sən demə gözəllər çoxmuş hər yerdə,
Tələsdim, ay qarı, səni sevəndə, – deyir.
Bu misralar nikbin əhval-ruhiyyə aşılayır. Təbii ki, baba demək istəmir ki, o zaman evlənməsəydim, ay qarı, indi bu cavan, yarlı-yaraşıqlı, nazlı-qəmzəli qızlardan birini alardım. Yox, bunu nəzərdə tutmur. Bir zarafatdır da. Şair xəyal dünyasındadır.
“Xatirə” şeiri maraq doğurur. Sanki kiminsə, bəlkə də şairin cavanlıq sevgisini yada salır. Bu kim isə sevgisinə qovuşmayıb. Arada ötüb-keçən günləri yada Salı, qəhərlənir, o illərdən təsəlli alır:
Biz oynardıq, uşaq qəlbin nə dərdi,?!
Qonum-qonşu açıq-aydın görərdi.
Qızlar səni mənə “gəlin” verərdi.
Yada düşür nələr, nələr, Xatirə,
Nə şirinmiş xatirələr, Xatirə?
“Sənə həsrət qalacağam” şeiri də uğurludur. Həsrət insanlara əzab verir, sevgililər bir-birindən aralı düşür. Həmişə olduğu kimi, hərə öz iş-gücündədir. Həyat davam edir. İşə gedən – işə, dərsə gedən – dərsə gedir. Yenə günəş doğur, həm də batır, yenə göy üzünü ulduzlar bəzəyir, yenə ulduz axır, sevənlər çoxalır, dünya daha da gözəlləşir. Fəqət birisinin işləri, necə deyərlər, düz gətirmir, sevgisi cavabsız qalıb. Şeirdəki kimi:
Yenə günəş doğacaq,
Yenə ulduz axacaq.
Bu dünyada mən ancaq
Sənə həsrət qalacam.
Sevənlər çoxalacaq,
Sevəcək, ucalacaq.
Dünya gözəl olacaq.
Sənə həsrət qalacam.
Həsən Cabbarın uğurlu şeirlərindən biri də “Vətən” adlanır. Şair Vətəni özünəməxsus tərzə səciyyələndirir.
Dağlarında bulaq olsam,
Ağacında yarpaq olsam,
Bir nəğməli dodaq olsam,
Mən – Vətənəm!
Biz Həsən Cabbarın “Qaya” adlanan şeirlər kitabını yüksək dəyərləndirir, ona uğurlar diləyirik. Arzumuz budur ki, bədii yaradıcılıqdan qalmasın. Tez-tez oxucuları ilə görüşsün.
Şər qarışmışdı. O, başı aşağı, fikirli, dərd-qəm içərisində meşənin içərisilə addımlayırdı. Birdən maşın səsi eşitdi. Cəld aşağı əyilib özünü ağacların birinin arxasına verib gizləndi. İki maşın idi. Ondan bir az aralıda maşınları saxladılar. Beş-altı qadın və kişi maşınlardan tökülüşdü. Kefli idilər. Yanlarında iki it də vardı. Səməd acı təəssüflə fikirləşdi: “İtlər duyuq düşsələr, əllərindən yaxa qurtara bilməyəcəyəm”. Belə görünürdü ki, ermənilər meşəyə kef çəkməyə gəlmiş¬dilər. Maşınların işığını yandırdılar. Hərəsi bir qadının qolundan tutub kolun dibinə çəkdilər. İtlər maşının yanını kəsdirib dur¬muş¬dular. Səməd bir anlığa fikirləşdi: «İtlər olmasaydı, maşınlardan biri¬nə minib yola çıxardım». İtlər, sanki onun fikrini oxudular. Ağız-ağıza verib hürməyə başladılar. Tanış olmayan qoxunu hiss etmişdilər. Ermənilərdən kimsə itlərə acıqlandı. Onlar səslərini kəsdilər. Az sonra yenə başladılar. Erməni donquldandı: – Bu çər dəymişlər də vaxt tapdılar hürməyə… Yəqin onlar da tamaha düşüblər … – qəh-qəhə çəkdi. Birdən itlərdən biri yerindən qopub Səməd tərəfə götürüldü. Səməd bayaqdan tapançanı ayağa çəkib gözləyirdi. Əlacsız qalıb atəş açdı. İkinci it də irəli cumdu. Növbəti güllə onu da aşırdı. Artıq ermənilər də döyüş vəziyyəti almışdılar: – Ara, bu supa oğlu kimdirsə, itlərin nəfəsini kəsdi… Ara, siz də atın… Güllə hər tərəfdən yağdırıldı. Səməd yerini dəyişdi. Onu gördülər və gülləyə tutdular. Kiminsə səsi gəldi: – Ara, bu harada varsa – türkdür… Səmədin vur-tut beş gülləsi qalmışdı. Qənaətlə işlətməli idi. Onu bilirdi ki, ermənilərin əlindən yaxa qurtara bilməyəcək. Odur ki, güllələri havaya sovurmaq istəmirdi. Ən azı beş erməni öl¬dürməli idi. Nişan alıb atdı. Ermənilərdən biri sinəsini tutub yıxıldı: – Ara, supa oğlu öldürdü məni. Ermənilərdən birinin gülləsi Səməndin çiynini qana boyadı. O, sürünə-sürünə yerini dəyişdi. İri gövdəli ağacın arxasına keçdi. Ermənilər mühasirə həlqəsini daraltdılar. Deyəsən, qadınlarda da silah vardı. Onlar da atırdılar. Səməd: – Bu da Gözəlin qisası, – deyib alnından bir qadını nişan aldı. Qadın qışqırıb kökündən baltalanmış ağac kimi yerə sərildi. İşin tərsliyindən maşının fənərləri Səmədə sarı tuşlanmışdı. Onun gizləndiyi yeri və ətrafı işıqlandırırdı. Ayağa qalxıb qaçmaq istəsəy¬di, ¬mütləq onu vuracaqdılar. Fənərləri gülləyə tutsaydı, gülləsi qurtaracaqdı. Birdən ağlına gələn fikirdən sevindi. Əlini atıb yerdən bir daş götürüb atdı. Daş maşının farasına dəyib sındırdı. İşıqlardan biri söndü. İkinci daş o biri maşının işıqlarından birini keçirdi. Tez sürünüb yerini dəyişdi. Güllə açıldı. Əgər cəld yerini dəyişməsəydi, güllə onu tutacaqdı. Üç gülləsi qalmışdı. Fənərlərdən ikisini güllə ilə söndürsəydi, ətraf zülmətə dönəcək və o, meşənin qaranlığında yoxa çıxacaqdı. Atdı. Güllə sərrast oldu: «Qaldı biri: Tapançanı tuşlamaq istəyirdi ki, birdən arxadan başına nə isə endirildi. Gözləri qaraldı, tapança əlindən düşdü. Ermənilərdən biri onun arxasına keçə bilmiş, tapançanın qundağı ilə onun başına möhkəmcə bir zərbə endirmişdi. Onu güllə ilə də vura bilərdi. Görünür, diri tutmaq istəyirmiş. * Səmədi maşına basıb kəndə gətirdilər. Meyitləri də sahib¬lərinə çatdırdılar. İki evdə şivən qopdu. Ölənlərin yaxınları, qohum-əqrəbası hücum çəkib Səmədi tələb etdilər. Gecə ilə onu didik-didik etmək istəyirdilər. Lakin onları sakitləşdirib dedilər ki, sabah kənd camaatının gözü qarşısında istədiyiniz cəzanı verər¬siniz. Çünki Səməd bir-iki adamın yox, hamının düşmənidir. Gə-lən¬lər dağılışıb getdilər və sabahı gözləməyə başladılar. Sergey qabağa keçdi. Onun göstərişi ilə Səmədi tövlələrdən birinə salıb ağzını bağladılar. Amma əvvəlcə möhkəmcə əzişdir¬dilər. Təpiyə, yumruğa tutdular. Yaralı çiyninə dəyən zərbələrdən huşunu itirib hərəkətsiz qaldı. Sergey: – Bunun atası Samveli öldürmüş, məni də yaralamışdı, dedi: O cəzasını aldı. İndi növbə oğlunundur. Sergey axşam evə lül-qənbər qayıtdı. Kefi kök idi. Roza ilə meşədə təbiətin qoynunda eyş-işrətdə olmuşdu. Türk zalım oğlu keflərinə soğan doğrama¬say¬dı, günü lap xoş keçəcəkdi. Hələ allah üzünə baxdı ki, sağ-salamat qurtardı. Güllələrin biri ona dəyə bilərdi. Amma Səmədi tutduqları üçün artıq olub-keçənləri, qanıqaraçılığı unutmuşdu. Ermənilərin ölümü onu yandırmırdı. Bir türkə işgəncə verməkdən ötrü on erməninin ölümünə razı olardı. İki erməninin atışma zamanı öldürülməsindən Siranuşun da xəbəri vardı. Amma bu hadisənin Sergeyin vecinə olmaması onu təəccübləndirdi. – Yenə nədir, kefin ala buludlarda gəzir… heç olmasa, öldürəni tutdunuz? – Sergey qrafindən stəkana su süzüb başına çəkdi: – Tutdunuz nədir, atasını yandırdıq. İndi yarımcan Aşotun tövləsində özü üçün kef edir. – Tanıya bildin? Kimdir? Sergey özündən razı: – Kim olacaq? Nizamın yetimçəsi Səməddir də… Sabah camaatın gözü qabağında işinə əncam çəkəcəyik. Siranuş Səmədin adını eşidib tutuldu. Nəfəsi daraldı. Lakin bunu büruzə verməməyə çalışdı. Sonra nə isə düşünüb: – Birdən gecənin bir aləmi durdu qaçdı… – Qaçmağa halı olsa – qaçar. Yaralıdır, həm də malcan çırpmışıq. Sonra da Aşotun tövləsi daşdandır. Pəncərəsinə dəmir barmaqlıq vurub. Qapısı da dəmirdəndir. Keçən il mal-heyvanı oğurlanandan sonra Aşot işini ehtiyatlı tutub. Düz deyirlər ki, iş-işdən keçəndən sonra qarı tuman bağısını bərkidir. Bundan başqa, mən Aşot-maşota bel bağlayan deyiləm. Qapını qıfıllayıb açarını özümlə götürdüm… * Sergey ayaq üstə güclə dayanırdı. Siranuş ayaqqabılarını, şalvarını çıxarmaqda ona kömək etdi. Sergeyin çarpayıya uzanmağı ilə yuxuya getməyi bir oldu. Siranuş da paltarını çıxarıb onun yanında uzandı. Lakin gözlərini yumsa da yuxuya gedə bilmədi. Dağı arana, aranı dağa apardı. Səmədin qaynar gözləri, iri əzələli qolları, bədəni, nüfuzedici baxışları gözləri yadına düşdü. Sergey dərin yuxuya getmişdi. Xorna çəkirdi. O, kefli olanda onun bax beləcə div yuxusuna getdiyini, bir də səhər oyandığını Siranuş yaxşı bilirdi. Üsulluca yorğanı üstündən kənara çəkdi. Çarpayıdan düşüb əlini onun şalvarının cibinə saldı. Gecə yarısı idi. Siranuş həyətə çıxdı. Ətrafa göz gəzdirdi. Kənd dərin yuxuda idi. Uzaqdan ağlaşma səsi gəlir və ətrafın qərib sakitliyini pozurdu. Siranuş ehtiyatla Aşotun evinə yaxınlaşdı. Darvaza bağlı idi. O, pişik kimi sıçrayıb hasarı aşdı. Heyvərə it dərhal onun qarşısında peyda oldu. Lakin hürmədi. Siranuş Aşatoun arvadı Marfa ilə rəfiqə idi. Bu evə tez-tez gəlib getdiyindən it onu tanıyırdı. Siranuşun qoxusunu aldığından, ona toxunmadı. Qadın itin başını tumarladı. İt yalmandı. Siranuş tövləyə sarı getdi və qapını açdı. İçəridə xeyli mal-qara vardı. O, tövləni işıqlandırdı. Səməd gözə dəymirdi. Qapını təzədən bağlayıb tövlənin o biri qarşısına yaxınlaşdı və açarı qıfıla saldı. Səmədin zarıltısı gəlirdi. Siranuş özünü ona yetirdi. Başını qaldırıb dizinin üstünə qoydu: – Samad, ay Samad… Səməd güclə göz qapaqlarını aralayıb baxdı. Fənərin solğun işığında Siranuşu görüb təəccübləndi. Onu geri itələdi. – Samadcan, gəlmişəm səni qurtarım. İstəyirsən özüm də səninlə gedim. Bu Sergey canımı boğazıma yığıb. Supa kimidir. Arvadbazlıqdan başı ayılmır. – Əl çək, qancıq… Yaxşısı budur öldür məni… – Samadcan, sən bilirsən ki, man sani çox istəyirəm. Siranuş tö¬kməbədənli qadın idi. Ağ-appaq bədəni, iri gövdəli, yoğun baldır¬ları vardı. Yeriyəndə az qalırdı yeri dağıda. Yanlarını oynada-oyna¬da gedərkən arxadan baxanları tamaha salırdı. Səməd yoldaş¬la¬rından eşitmişdi ki, erməni arvadları başqa bir candır. Yataqda on¬lara çatan yoxdur. Kənddə Səməd də tay-tuşlarından görkəmcə fərqlənirdi. Qara¬buğdayı, iri sümüklü, enli kürəkli gənc idi. Başqasının arvadına, qız-gəlininə gözünün ucu ilə də baxmazdı. «İnsan öz namusunu qorumaq istəyirsə, gərək başqasının da namusuna toxunmaya». Onun qənaəti belə idi. İnsan, xüsusən, qadınlar qəribə xislətli olurlar. Eşq-məhəbbət, maraq, meyl kimi hisslər müxtəlif təzadlarla müşayiət olunur. Görürsən ki, biri dərdindən ölür, ona məhəl qoymursan, sənə biganə olanın birisinin həsrətini çəkirsən. Siranuş hələ qız vaxtlarında çoxlarının ürəyinə od salanda onu heç kim yox, yalnız Səməd maraqlandırırdı. Nə qədər bəzənib-düzənsə, xoş münasibət göstərsə də Səmədi özünə cəlb eləyə bilmədi. Axırda kar aşmayacağını görüb acığa düşüb Sergeyə ərə getdi. Sergeyi sevmirdi. «Ad olsun, ərə getdi» prinsipinə söykənib ailə qurdu. Amma kefindən də qalmadı. Gözü tutanın yatağına girdi. Fikirləşdi ki, dünya beş günlükdür. Adama da gördüyü kef qalır bu fani, vəfasız dünyada. Fikirləşdi ki, Səməd onu almadı-almadı, zövqü-səfa çəkməyə nə sözü. Arada ona atmaca atdı, qandırmağa çalışdı. Kar aşmadığını görüb dilə gəldi, yenə xeyri olmadı. Neçə illər arzusu gözündə qaldı. Səməd ailə qurdu, özünü ailəsinə, ev-eşiyinə həsr etdi. Sira¬nuş, çətin olsa da, Səmədi unutmağa çalışdı. Lakin bacarmadı. İndi Səmədi, sadəcə, görmək, dindirməklə də olsa təsəlli tapırdı. Er¬mə¬nilər türklərin evlərini yandıranda, onları qovub çıxaranda Sira¬nu¬şun bütün ümidləri puça çıxdı. Nizam kişi, Gözəl öldürülmüşdü, Fatma arvaddan xəbər yox idi. Səmədlə Əzizə də hələ bu hadisədən əvvəl çıxıb Bakıya getmişdilər. Daha buralara dönəsi deyildilər. O, Səmədlə bir də qiyamətdə görüşəcəkdi. İndi Səmədin kənddə əsirlikdə olduğunu eşidəndə, ürəyi yerindən oynamış, ölən ümidləri çiçəkləməyə başlamışdı. O, Səmədi ermənilərin əlindən qurtara bi¬lər¬di. Səməd də bunu qiymətləndirərdi. Səmədə olan münasibəti erməni olduğunu sanki Siranuşa unutdurmuşdu. Səmədlə keçirəcəyi xoş dəqiqələrdən ötrü ölümdən keçməyə belə hazır idi. Kərəm Əslinin yolunda olmazın əziyyətlərinə qatlaşdı. Kərəm türk, Əsli erməni idi. İndi rollar dəyişmişdi. Siranuş Səməddən ötrü dəli-di¬vanə idi. O, nəyin bahasına olursa-olsun gənci dardan qurtarmaq istəyirdi. Həm də anlayırdı ki, əllərinə fürsət düşən kimi ermənilər heyf çıxmağa, türklərdən nə isə qoparmağa çalışır. Bir yandan torpaqlarını tutur, digər yandan da Ermənistandakı ev-eşiklərindən qovurdular. Səməd özündə-sözündə deyildi. Huşunu itirmişdi. Köynəyi cırıl¬dığından əzələli sinəsi çöldə qalmışdı. Siranuş əli ilə onun tüklü sinəsini tumarladı. Səməd yarımcan vəziyyətdə də əzəmətli, yeni¬lməz görünürdü. Siranuş yaxasının düymələrini açdı. İri döşləri kənara çıxdı. O, əyilib ağappaq döşlərini Səmədin tüklü sinəsinə sürtməyə başladı. Bədəninə yumşaq bir şeyin dəydiyini hiss edən Səməd göz qapaqlarını aralayıb baxdı. Baxışları Siranuşun məhəbbətdən alışıb-yanan gözlərinə sataşdı. Əli ilə onu geri itələdi. Siranuş onun bu hərəkətindən qətiyyən incimədi. Yadına düşdü ki, vaxt azdır. O, Səmədi qurtarmalıdır. Odur ki, yaxasını düymələyə –düymələyə: – Dur, Samad, dur, Sergey oyansa, özünü bura çatdıracaq, qaç¬maq lazımdır. Sabah ətini şişə çəkəcəklər. Bizimkiləri ki, tanıyırsan… * Sergey arxası üstə uzanmışdı. Xorultusu evi başına götür¬müşdü. Birdən böyrü üstə çevrilib əlini irəli uzatdı. Arxadan Siranuşun dolu əndamını qucaqlayıb yatmağı xoşlayırdı. Lakin bu dəfə Sergeyin əli boşa getdi. Özünü bir az irəli verdi və təəccüb içərisində gözlərini açdı. Siranuş yerində yox idi. Sergey harayladı. Cavab gəlmədi. Əlini atıb siqaret götürdü və yandırdı. Bir-iki qullab vurub fikrə getdi. Siranuşun yanında Səmədin adını çəkməkdə ehtiyatsızlıq etmişdi. Səmədlə arvadının eşq macəraları qulağına çatmışdı. Lakin nə qədər çalışmışdısa, onları bir yerdə tuta bilməmişdi. Rastlaşdıqda Sergeyin ona qanlı-qanlı baxdığını görən Səməd başa düşürdü ki, Sergey arvadını ona qısqanır. Odur ki, onu saxlayıb, inandırmağa çalışmışdı ki, Siranuşla onun arasında heç bir yaxınlıq yoxdur. Eşitdikləri yalandır. Amma Sergey inanmaq istəsə də, özü ilə bacara bilməmiş, ürəyinə xal düşmüşdü. «Od olmasa, tüstüsü çıxmaz». Ona görə də Səmədin Bakıda olmasından istifadə edib Sam¬veli də götürüb onların evinə getmişdi. Məqsədi Səməddən heyf çıx¬maq üçün bir gecəliyə də olsa Gözəli ələ keçirmək idi. Bu da yadınızda varsa, baş tutmadı. İndi Səməd özü onun əlində idi. Töv¬lənin açarını da Səmədlə haqq-hesabı çürütmək üçün götürmüşdü. Siranuş gəlib çıxmaq bilmirdi. Sergeyin ürəyinə nə isə damdı. Tez əlini atıb şalvarını götürdü. Tövlənin açarı yerində yox idi. O, cəld geyindi: – Qancığı görürsən? Yekə dalını Səmədin hüzuruna aparıb… Həyət qapısı arxadan qıfıllanmışdı. Samvel iti addımlarla həyətə girdi. İt hürə-hürə onun üstünə cumdu. Səsə Aşot çıxdı və itə acıqlandı. Sergey tövlənin qapısını açdı. İçəri boş idi. – Supa oğlu supa! Tıs vurub yatmısan. Sənə deməmişdim gözün bu türkdə olsun. İndi başınla cavab verəcəksən. Səhər tezdən onun yerinə səni şişə keçirəcəyik. Cəld dalımca gəl… Sergey itin yanından keçəndə ona bir təpik vurdu: – İt ki, it… Türkü yola salır, mənim üstümə cumur. Endirilən təpik itin sür-sümüyünü əzişdirdiyindən Sergeyin üstünə atıldı və ayağından onu qapdı. Sergey qışqırıb söydü. Aşot tez yod, tənzif gətirdi. Sergey qışqırdı. – Ay eşşək, tez maşını işə sal… Türk cəhənnəmə, arvad da əldən getdi… Aşot tədbirli tərpəndi: – Maşının səsini eşidib gizlənərlər. Gərək piyada gedək… Sergey üz-gözünün turşudaraq: – Piyada getsək, çatmarıq. Onda gərək velosipedə oturaq. Bu təklif Sergeyin ağlına batdı: – Di, tez ol, velosipedi gətir… Tapança da götür. Onlar ikisi də – qabaqda Aşot, arxa oturacaqda Sergey velosipedə əyləşdilər və yola düşdülər. Səməd yaralı olduğundan çox da uzağa gedə bilməmişdi. O, tək idi. Siranuş gözə dəymirdi. Sergey öz-özünə deyindi: “Yəqin qan¬cıq özünü dincəldib evə qayıdıb. Eybi yox, onunla sonra danışaram”. Səməd ac idi. Taqətdən düşmüşdü. Yarası ağrı verirdi. Odur ki, yorulub yolda qalmışdı. Onu bir kolun dibində tapdılar. Ser¬geylə Aşotu görəndə durub qaçmaq istədi. Amma başının üstünü aldılar.
PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ, “BAŞQALARININ HALINA FAYDALI OLAN” İNSAN
“Başqalarının halına faydalı olan”. Həzrəti Məhəmməd peyğəmbərin belə bir kəlamı var: “Ən yaxşı insan” başqalarının halına daha faydalı olandır”. Həmin kəlam rastıma çıxanda bir anlıq Natiq yadıma düşür. Hansı Natiqi deyirəm? Axundov Natiqi. Bizim institutun baş mütəxəssisi Natiqi. Niyə Natiqi xatırlayıram? O, elmlə məşğul olmaqla, ümumtəhsil məktəbləri üçün dərsliklər yazmaqla yanaşı həm də institut həmkarlar təşkilatının sədridir.
Həmkarlar təşkilatı işçilərin pənahıdır, dayağıdır, iş yerində onların əmək, sosial, iqtisadi hüquqlarının qoruyucusu, qanuni mənafeyinin müdafiəçisidir. El arasında belə söz var: “Mən gözümü açandan…” Mən də gözümü açandan Natiq aparıcı elmi işçi, şöbə müdiri, baş mütəxəssis işləyə-işləyə həmkarlar təşkilatına da sədrlik edib və indi də təşkilatın sədridir. İşləri avand olsun! Onun həmkarlar təşkilatındakı fəaliyyəti barədə çox da geniş danışmıram. Əsas fəaliyyəti kölgədə qalmasın deyə. Elm öyrənmək və onu başqalarına öyrətmək Peyğəmbərimizin belə bir kəlamı da var: “Ən dəyərli sədəqə müsəlmanın elm öyrənməsi və onu başqalarına öyrətməsidir”.
Natiq müəllim uzun illərlədir bu yolu tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirərək (1974) təyinat üzrə Bakı şəhəri 67 nömrəli orta texniki peşə məktəbində müəllimi işləmiş, 1979-cı ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu, hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) kiçik elmi işçi, Əmək təlimi və peşəyönümü şöbəsinin müdiri, Əmək təlimi və texniki peşə təhsili şöbəsinin müdiri, Ali və orta ixtisas şöbəsinin aparıcı elmi işçisi, Kurikulum Mərkəzinin İncəsənət və texnologiya fənlərinin təlimi bölməsinin müdiri vəzifəsində çalışmışdır.
O, hazırda Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Bu instituta onu elmi işə maraq gətirib çıxarıb. Çelyabinsk şəhərində T.T. Şevçenko adına Dövlət Pedaqoji Universitetində “Orta məktəbin fizika kursunda “Mexaniki rəqslər” və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununun və tədrisi metodikasının təkmilləşdirilməsi‖ mövzusunda namizədlik dissertasiyası müdafiə edərək (1989) pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. Daha sonra dosent elmi adına layiq görülmüşdür.
Dissertasiya işində orta məktəbin fizika kursunda “Mexaniki rəqslər‖ və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununa və tədrisi metodikasına ənənəvi yanaşma tamamilə yenilənmiş, rəqsləri və rəqsi sistemləri səciyyələndirən kəmiyyətlər kinematik, xarakteristik və parametrik olaraq qruplaşdırılmışdır; N.L. Axundov tərəfindən sürtünmə, ətalət, elastiklik kimi parametrik anlayışlara uyğun olaraq ilk dəfə sürtünmə müqaviməti, ətalət müqaviməti, elastiklik müqaviməti kimi politexnik anlayışlar daxil edilərək uyğun mövzular və onların təqdimatının yeni məntiqi şərhi hazırlanmış və rəqsi sistemlərin tədrisində vahid kəmiyyət qiymətləndirməsi üsulu öz əksini tapmışdır; Yeni daxil edilmiş parametrlər üzrə rəqsi və qeyri-rəqsi sistemlərin fərqləndirilməsi ideyası irəli sürülmüş, bunun təzahürü masa üzərindəki kitabın, lövhə üzərində tabaşirin, silindrdəki porşenin məcburi rəqsi hərəkəti ilə aydınlaşdırılaraq təsdiqlənmiş və yaylı rəqqas, avtomobil amortizatoru nümunələri ilə ümumiləşdirilmişdir.
Dissertasiyada rəqsi sistemlərin kəmiyyət təhlili üçün tam və ümumi müqavimət əvəzinə “Kompleks müqavimət” kimi elmi anlayışdan istifadə olunmuş, hər bir paraqraf üçün faktiki materialın sistemləşdirilməsini və möhkəmləndirilməsini təmin etmək məqsədilə suallar hazırlanmışdır.
Tədqiqatın praktik əhəmiyyəti ondan ibarət idi ki, təklif olunan metodika şagirdlərin elmi dünyagörüşündə tamamilə yeni keyfiyyət yaradır, onların fiziki, riyazi və qrafik təfəkkürünü inkişaf etdirərək politexniki hazırlığın elementləri ilə zənginləşdirir.
Natiq respublika Prezidentinin yanında AAK-ın ADPU-nun nəzdində fəaliyyət göstərən FD 02.061; FD 2.15 və B/D 02.061 dissertasiya şuralarının üzvü olmuşdur. Tədqiqatları tutduğu vəzifədən asılı olaraq elmi yaradıcılığını şagirdlərin politexnik təhsilinə sərf edən Natiq müəllimin “Texnologiya fənninin tədrisində formativ qiymətləndirmə mexanizminin hazırlanması” adlı elmi tədqiqat işində şagirdlərin şifahi cavablarının, praktik işlərinin, praktik işi icra etdikdə təhlükəsizlik texnikası və sanitar-gigiyena qaydalarına əməl edilməsi tələbləri və layihələrin təqdimatının qiymətləndirilməsi üzrə meyarlar işlənilmişdir. Bu tədqiqat işində şagirdlərin bilik və bacarıqlarının test üzrə qiymətləndirilməsi meyarlarının işlənilməsi texnologiya müəllimlərinə qiymətləndirmə sahəsindəki çətinlikləri aradan qaldırmağa imkan verir.
“İbtidai siniflərdə texnologiya fənninin tədrisində şagirdlərin estetik tərbiyəsinin inkişaf etdirilməsi” adlı əsərində alim şəxsiyyətin hərtərəfli inkişafında estetik tərbiyənin rolundan bəhs edərək, texnologiya dərslərində estetik inkişaf, estetik zövq, estetik ideal, estetik hiss kimi anlayışların izahını vermişdir. O, bu elmi işində ibtidai siniflərin texnologiya dərslərində şagirdlərin estetik tərbiyəsinin əsas şərtlərinin əlverişli iş şəraitinin yaradılmasından, işin məqsədinin müəyyənləşdirilməsindən, əmək obyektinin seçilməsindən və hazırlanacaq məmulatların estetik təhlilindən ibarət olması nəticəsinə gəlmiş və bu şərtlərin mexanizmini müəllimlərə izah etmişdir.
Pedaqoji fəaliyyəti elmi işlə yanaşı eyni zamanda ümumtəhsil və ali məktəblərdə, Qərb Universitetinin nəzdindəki orta ümumtəhsil məktəbində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutlarında müəllimlik etmişdir.
Təhsillə bağlı müxtəlif təşkilatların təşkil etdikləri kursların iştirakçısı olmuşdur. Çoxsaylı sertifikatları vardır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin şəhər və rayon müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi‖ layihələri üzrə 10 günlük kurslarda 2009-cu ildən etibarən təlimçi kimi fəaliyyət göstərmişdir.
I sinif müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı Bərdə, Hacıqabul, Kürdəmir, Salyan, Ağdam, İmişli, Sabirabad, Ucar, Göyçay, Tərtər, Ağcabədi, Qusar, Yevlax rayonlarında təşkil edilmiş kurslarda, eyni zaman da UNİCEF-in Bakı Avropa Liseyində, V-VI sinif şagirdlərinə texnologiya fənni üzrə dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumları üzrə Samux, Qazax, Goranboy, Yardımlı, Biləsuvar, Neftçala, Beyləqan rayonlarındakı təhsil kurslarında təlimçi olmuşdur (2012-2014).
Təltifləri. Azərbaycan təhsilinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Qabaqcıl maarif xadimi”, SSRİ maarif əlaçısı, “Qabaqcıl maarif əlaçısı” Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adları almışdır.
Dərsliklər müəllifi kimi Natiq Axundov 2006-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin texnologiya fənn kurikulumu üzrə işçi qrupunun sədridir, 254 sayda məqalə, dərslik, dərs vəsaiti, metodik vəsait, şagird üçün iş dəftəri və proqramların müəllifidir. Ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün “Texnologiya” dərsliklərinin və Texnologiya fənni üzrə müəllim vəsaitlərinin müəllifi və həmmüəllifidir. Dərslikləri Azərbaycan, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur. “Texnologiya” dərslikləri həmmüəlliflərlə (H.H. Əhmədov və b. ilə) yazılmışdır.
İ-IX siniflərin dərsliklərində özünə yer almış bəzi bölmələri diqqət mərkəzinə gətirək: “Məişət mədəniyyəti”, “Plastilinlə yapma”, “Aplikasiya”, “Mozaika”, “Kağızla iş‖ və s. (I sinifdə); “Kağızqatlama, hörmə, tikmə və naxıştikmə”, “Modelləşdirmə” və s. (II s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Sadə təmir işləri”, “Elektrotexniki işlər”, “Qida məhsulların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası‖” və s. (III s.); “Texnologiyalar və texnoloji vasitələr”, “Kağız və karton emalı”, “Müxtəlif materiallardan quraşdırma‖ və s. (IV s.); “Qrafik savad elementləri”, “Ərzaq məhsullarının emalı texnologiyası” və s. (V s.); “Oduncağın emalı texnologiyası”, “Metalların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası və naxıştikmə” və s. (VI s.); “Elektrotexniki işlər”, “Parçanın emalı texnologiyası” və s. (VII s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Qida məhsullarının emalı texnologiyası” və s. (VIII s.), “Konstruksiya materiallarından məmulatların hazırlanması texnologiyası”, “Sadə təmir işləri” və s. (IX s.)
Respublika Elm və Təhsil Nazirliyinin tapşırığı ilə gördüyü işlər respublika Təhsil nazirinin əmri ilə dəfələrlə bir çox ali və orta ixtisas məktəblərində Texnologiya fənni üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuş, respublikamızın bir sıra rayonlarında Təhsil işçilərinin sentyabr (əvvəllərdə avqust) konfranslarında Təhsil Nazirliyin nümayəndəsi kimi iştirak və çıxış etmişdir. ictimai İşləri Natiq müəllim Azərbaycan Respublikası Uşaq fondunun “Təhsil və səhiyyə” qrupunun üzvüdür.
Əsas əsərləri 1. Azərbaycan Respublikasının məktəblərinin təhsil standartları. “Texnologiya” (həmmüəlliflərlə). 2.Əmək təlimi: 5-ci siniflər üçün dərslik (həmmüəlliflərlə). 3. Texnologiya: I-IX siniflər üçün dərsliklər (müxtəlif illərdə, Azərbaycan, rus, gürcü və ingilis dillərində, həmmüəlliflərlə). 4. Texnologiya dərsliklərinə metodik rəhbərliklər (müəllim üçün vəsaitlər) – müxtəlif illərdə, həmmüəlliflərlə və s.
Təbrikimiz. 1953-cü il avqustun 15-də Göyçayda qulluqçu ailəsində doğulan Natiq Axundov 1970-cı ildə Bakıdakı 176 №-li məktəbi bitirmişdir. 1974-75-ci illərdə SSRİ Ordusunun Almaniyadakı Hərbi Hava Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur. Onun 70 yaşı tamam olur.
Biz pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Natiq Lyutfiq oğlu Axundovu yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, cansağlığı, uzun ömür arzulayırıq.
Elmira xoşbəxt idimi, bədbəxt idimi? Bilmək olmurdu. Nə ağrısı-acısı vardısa, açıb-ağartmırdı, özünü o yerə qoymurdu. Bəziləri onu qınayırdılar, amma özünü sındırmırdı. Bir qulağından alıb, o biri qulağından ötürürdü. Bir də insan ağlayıb-sızıldamaqla nə qazanır, nəyə nail olur ki? Dərdinin üstünə dərd gəlir. Əlini bu gün dünyadan çəkirsən, yediyin-içdiyin də zəhər olur. Hərənin bir düşüncə tərzi var. Biri səni başa düşür, o biri dodaq büzür, üçüncüsü şəbədə qoşur, başqası qeybət edir və ilaxır.
İnsan öz taleyindən kiməsə şikayətlənəndə ən yaxşı halda başqalarının ona yazığı gəlir. Bu da nəyi dəyişir?
Elmira belə acımaları istəmir, özü üçün təhqir sayırdı. Ona görə də özünü həmişə tox tuturdu. Problemi olanda da, çətinliyə, dara düşəndə də. Haqqında kimsə xoşagəlməz söz danışa bilməzdi. Çünki buna əsas verməmişdi. Şərəfini, ləyaqətini həmişə qorumuşdu.
Bəs niyə onu qınayırdılar? Nə günahın sahibi idi? Heç bir günahı yox idi. Nədəsə suçlu olduğuna görə qınamırdılar onu. Ərə getmək istəmirdi, elçi düşənləri bir-bir qapıdan qaytarırdı. Buna görə yaxınları narahat idilər, onu yola gətirə bilmirdilər.
Məgər bu vaxta qədər o, evdə oturub qalmış, ərə getməmişdi? Artıq iyirmi səkkiz yaşı vardı. Ərdə olmuşdu, iki yaşında bir oğlu da vardı. Əri dünyasını dəyişdiyindən dul qalmışdı. Özünə söz vermişdi ki, yenidən ailə qurmasın, bütün həyatını övladına həsr etsin, onu ayaq üstə qoysun. Uşaq kimdənsə minnət görməsin. Ana fədakarlığının qarşısında hər şey acizdir! Ana – Allahın, təbiətin yaratdığı ən mükəmməl, ən gözəl sənət əsəridir!
Amma cavan ikən Elmiranın ailə səadətindən məhrum olması, yenidən ərə getmək istəməməsi də yaxınlarını, doğmalarını ağrıdırdı, onlara əziyyət verirdi.
Başqaları Elmiranın vecinə deyildi. Bircə ata-anasının ahlarına dözmür, özü ilə də bacara bilmirdi. Fikri qəti idi: ərə getməyəcək! Birincidən yarıdı ki, ikincidən gün görsün? Taleyin bu gərdişində ortada qalan bir odur, bir də balaca Fərid. Allah-taala doğma atasını Fəridə çox gördüsə, ögeyi heç lazım da deyil!
Elmira ailə həyatından yarımadı. İyirmi altı yaşında ikən ərini itirdi. Bir üzü qız, bir üzü gəlin qaldı. Təsəllisi Fərid oldu. Nə yaxşı ki, o vardı!
Elmira hündür boylu, mütənasib əndamlı, gözəl-göyçək bir qadın idi. Subay olanda çoxlarını dərdə salmışdı, indi dul ikən yenə neçəsinin ürəyini yerindən oynadırdı!
O zamanlar Şahmarı seçdi, ona könül verdi. Şahmar da Şahmar idi. Qədd-qamətli, enli kürəkli, pələng biləkli gənc idi. Qızlar həsrətini çəkirdilər. Yaxşı yaşayır, yaxşı dolanırdılar. Bir-birinə güldən ağır söz deməzdilər. Münasibətlər yaxşı olanda, ər-arvad bir-birini başa düşəndə, bir-birinə hörmət edəndə, qarşılıqlı güzəşt olanda narazılıq üçün əsas yaranmır. Şahmarın anası Şəfiqə xanım da mədəni qadın idi, gəlinini oğlundan ayırmır, Elmiranın xətrini çox istəyirdi. Elmira da yaxşı gəlin kimi bu hörmətə layiq idi. Öz ləyaqəti, öz mərifəti, öz tərbiyəsi ilə. Qayınana da sağ olsun ki, gəlininin yaxşı məziyyətlərini görüb qiymətləndirirdi.
Elmira həyatından, ailəsindən, ərindən razı idi. Ata-anası da dirəyi idi.
Uşaq gözləyirdi. Bu xəbərdən evdə hamı şadyana idi. Onu qayğı və nəvazişlə əhatə etmişdilər. Körpənin gələcək həyatı, sağlamlığı ana bətnində olarkən ananın həyəcan və təşviş keçirməməsindən, qanının boş yerə qaralmamasından çox asılıdır. Allaha şükür, hər şey qaydasında idi!
İlk narazılıq, inciklik axır ki, baş verdi. Elmira qadın məsləhətxanasından çıxıb evə getmək üçün avtobus dayanacağında durmuşdu. Taksiyə özü minmək istəmirdi. Tək olanda heç vaxt taksiyə oturmazdı. Marşrut avtobusunu gözləyirdi. Həkim müayinə edib demişdi ki, hər şey qaydasındadır, körpənin vəziyyəti yaxşıdır, yeyib yatma, çox hərəkətdə, tez-tez təmiz havada ol, ağır şey qaldırma. Şirələrə üstünlük ver. Elmira bunu həkimsiz də bilirdi. Özü yarımhəkim idi. İnstitutda təhsil alarkən tibbi biliklərin əsaslarından dərs keçmişdilər. Bundan başqa, hamiləlik dövrünə aid kitablar oxuyurdu. Çalışırdı ki, yazılanlara, həkimin dediklərinə əməl eləsin.
Arada çağanı hiss edirdi. İndi də qarnını döyəcləyirdi. Elmira gülümsəyib əlini qarnına apardı və dərhal da gülüşü dodağında dondu. Gördüyü səhnədən mütəəssir oldu. Qarşı tərəfdə bir maşın dayanmışdı. Onların maşını idi. Şahmar dişini ağarda-ağarda bir qadının qolundan tutub maşına mindirirdi. Deməklə, danışmaqla deyil, insanın hərəkəti, bu və ya digər vəziyyətdə özünü aparması onun məqsədini, məramını ifadə edir. Özünə nə qədər haqq qazandırmağa, “məsələ elə deyil, belədir” deməyə çalışsa da,
Elmira hələ axşam Şahmara demişdi ki, sabah həkimə gedəcək. O isə, “Məni bağışla, səni apara bilməyəcəyəm. İşdə olmalıyam, tədbirimiz var. Təəssüf edirəm, amma məni başa düş. Taksi ilə gedərsən” – demişdi. Özü də, Elmiranın taksiyə minmədiyini bildiyi halda təklifi belə olmuşdu.
Elmira onu başa düşmüşdü. “Nə etməli, iş adamıdır. Yanımı kəsdirib durmalı deyil ki… Avtobusla gedərəm”, -deyə öz-özünə düşünmüşdü.
Amma bu necə olur? Şahmar Elmira üçün vaxt tapa bilmədiyi halda, başqa qadını maşında gəzdirirdi.
Elmira fikir verib gördü ki, Şahmar maşını işlədiyi müəssisəyə sarı deyil, tamam əks istiqamətə sürdü. Bu onun şübhələrini daha da artırdı. Qəzəblənməsə də, qarşılaşdığı mənzərə, Şahmarın hərəkəti ürəyinə, xətrinə dəydi. Özünü ələ alıb avtobusa qalxdı. Ona yer verdilər. Əyləşdi. Dilxor olsa da, özünü ələ ala bildi. Buna görə evdə söz-söhbət salmayacaqdı ki…
Evə gələndə Şəfiqə xanım gəlinin qırımından başa düşdü ki, Elmiranın halı özündə deyil. Qorxuya düşdü. Tez:
-Həkim nə dedi? Uşağın vəziyyəti necədir?
Elmira özünü toplayıb sifətinə işıqlı bir təbəssüm verməyə çalışdı:
-Yaxşılıqdır. Uşaq normal inkişaf edir.
Şəfiqə xanım:
-Bəs elə isə, kefin niyə yoxdur? – deyə xəbər aldı.
Elmira həqiqəti demək istəmədi:
-Yorğunluqdandır yəqin.
Şəfiqə xanım diqqətlə onun sifətinə baxdı:
-Qızım, məndən söz gizlətmə. Yorğunluq bir bəhanədir. Heç özündən xəbərin var? Sən evdən çıxanda belə deyildin, əhvalın yaxşı idi. İndi bahar buludu kimi dolub durmusan. Mənə düzünü de: həkim nə deyib? Nə olub? Get-gedə rəngin də qaralır. Nə baş verib? Xətrinə dəyən olub yoxsa? Axı niyə məni qoymadın səninlə gedim?
Elmira qayınanasının çox narahat olduğunu, əl çəkmək istəmədiyini görüb həqiqəti söylədi.
Bu dəfə Şəfiqə xanımın rəngi qaraldı:
-Qızım, fikir vermə, belə şeyləri ürəyinə salma. Özünü, uşağını fikirləş. Şahmar gələr, aşını-suyunu verərəm.
Elmira tez əl-ayağa düşdü:
-Anacan, sən Allah, açıb ağartma. Evdə söz-söhbət yaranar. Bəlkə ortada ciddi bir şey yoxdur. Niyə onun da qanını qaraldaq?!
Şəfiqə xanım Elmiranı sakitləşdirmək üçün başı ilə təsdiq etdi:
-Bəlkə də sən deyəndir. Görünür tanış xanım imiş, rast gəlib. Şahmar da mənliyinə sığışdırmayıb ki, altında maşın ola-ola onu mənzil başına çatdırmasın. Nə bilmək olar?! Düzünü Şahmarın özü yaxşı bilir, sən də deyirsən soruşmayım.
Elmira tez:
-Belə yaxşı olar, – dedi.
…Axşam düşmüşdü. Elmira yataqda uzanmışdı Qapının zəngi səsləndi. Şahmar idi. Ayağa qalxıb onu qarşılamaq istədi. Şəfiqə xanım Elmiranı qabaqladı. Elmira qayınanasının səsini eşidib ayaq saxladı.
-Oğlum, sən yavaş-yavaş həddini aşırsan ha. Yoldaşın ikicanlıdır. Ona deyirsən həkimə özün get, işim var. Məlum olur ki, həmin vaxt yoldan keçənin birini maşınına mindirib Allah bilir hara aparırsan. Bunu necə başa düşək?
-Bilirsən, ana…
Şəfiqə xanım hədsiz əsəbi idi, sakitləşmirdi:
-Heç nə bilmirəm, bilmək də istəmirəm. Bu sənin axırıncı qələtin olsun. Su sonası kimi arvadını onun-bunun ayağına vermə. Sənin yoldaşın yol gedəndə dönüb onun ardınca baxır, onun həsrətindən ölürlər, sən isə kimin isə dalına düşüb, ona quyruq bulayırsan. Ayıb olsun sənə!
Şahmar udqundu. Cavabı ləngidi. Sonra:
-Anacan…
Şəfiqə xanım ona danışmağa imkan vermədi:
-Nə anacan? Utanmırsan? Hamilə qadını həkimə avtobusla yola salırsan…
Qulağını aç, yaxşı eşit. Mən sənin tərəfində deyil, gəlinimin tərəfindəyəm. Ağlını başına yığ. Söz ver.
Şahmar təəccüblə:
-Nəyə söz verim?
-Bildiyinə.
Oğlunun key-key baxdığını görən Şəfiqə xanım aydınlıq gətirdi:
-Bir də qələt etməyəcəyinə.
Şəfiqə xanımın danlağından sonra Şahmar özünü yığışdırdı, özünü qınadı, özünü söydü: “Anam düz deyir. Mən gör nə qədər zövqsüz heyvanam ki, arvadımın əlinə su tökməyə belə layiq olmayan qadınların yan-yörəsində dolanır, onlarla oturub-dururam. Yenə dərd yarıdır, arvadımdan gözəl ola, cazibədar ola, deyəm özümü saxlaya, nəfsimi öldürə bilmədim. Yoxsa… Mənə nə desələr, yeri var. Elmiranı istəyən, onun dərdindən ölən neçə gənc vardı. Polis rəisinin oğlu, mağaza, univermaq müdiri, zərgər… Onlara heç gözünün ucu ilə də baxmadı. Məni seçdi. Baxmayaraq ki, bir həsir idim, bir də Məmmədnəsir. Bu da mənim ona verdiyim qiymət! Sabah yığışıb atası evinə getsə, üzüm də olmayacaq dalınca yollanıb geri qaytarmağa. Odur ki, gərək özümü yığışdıram, ağıllı aparam. Bir də elə qələtlər eləməyəm!
Şahmar üzünə üz tutub otağa keçdi. Elmira sakitcə oturub televizora baxırdı. Şövkət Ələkbərovanın konserti idi. Şahmar asta addımlarla yaxınlaşıb arxadan onun boynunu qucaqladı:
-Ema, özümə haqq qazandırmaq üçün heç nə demirəm. Məni bağışla!
Elmira dönüb ərinə baxdı. Onun iri, piyalə gözlərində sonsuz kədər gizlənmişdi. Nə dindi, nə danışdı. Elmiranın əhvalını görən Şahmar da pis oldu, özünə acığı tutdu. Nə isə demək istəyirdi ki, Elmira imkan vermədi:
-Şahmar, mənim bu dünyada heç nədə gözüm yoxdur. Sayılmağa, hörmətə ehtiyacım var. İstəmirəm təhqir olunum, alçalım. Sənə dözürəm. Amma hər şeyin bir həddi var. Çalış o həddi keçməyəsən.
Evdəki söz-söhbət bununla qurtardı. Şahmar başını aşağı salıb işləri ilə məşğul olmağa başladı. Ticarətə qoşulmuşdu. Rusiyadan, Çindən, Polşadan, Dubaydan, Türkiyədən dostlarının gətirdikləri malları obyektlərə çatdırırdı. Tezliklə pullandı. Amma pulla bərabər evə içki iyi də gətirirdi. Restoranlardan yığışmırdı. Bircə səhər yeməyini evdə yeyirdi. O da tələsməyəndə. Şən, deyib-gülən olmuşdu. Elmira onun xətrinə dəymirdi. Şəfiqə xanım da:
-Bənd olma, kişi yeyib-içər də! Təki yaman işlərə qoşulmasın!
Elmira arada:
-Şahmar, az iç, – deyirdi. -Bu zəhrimarda nə görmüsən bilmirəm. Ondan kim xeyir görüb axı? Ən yaxşı halda qara ciyəri sıradan çıxarır.
Şahmar:
-Nədən narahatsan bilmirəm? – dedi.
-Evə gec gəlirsən. İçərsən, birisi ilə sözün çəp gələr, əlindən xəta çıxar. Hələ maşını demirəm. İçib sükan arxasında oturursan. Qəza törədər, bizi yaman günə qoyarsan.
Şahmar onun sözlərini qəribçiliyə salırdı:
-Ema, desəm inanmazsan. İçkili maşın sürəndə ayıq vaxtdakından daha sayıq və diqqətli oluram.
Elmira nə deyirdisə, Şahmar fikirləşib bir cavab tapır, özünə haqq qazandırırdı.
* * *
Günlər ötdü. Şahmar qumara, narkotik maddələrə qurşandı, danlaq yiyəsi oldu. Axırda da özünü məhv elədi.
İndi Elmira ata evində idi. Şəfiqə xanım da dünyasını dəyişmişdi. Oğlunun ölümünə tablaşmadı. Elmira iki yaşlı oğlu Fəridi böyüdürdü. Ay parçası kimi uşaq idi. Elmira dərdli, kədərli olsa da, əvvəlki təravətini saxlamışdı. Ala və piyalə gözlü, şux yerişli, qara saçlı, qara qaşlı, qəddi-qamətli, işvəli-nazlı, iyirmi səkkiz yaşlı xanım idi. Baxan onun qız, yaxud gəlin olduğunu ayırd edə bilməzdi. İş yerində, məhəllədə, şəhərdə, qohum-əqrəbada həsrətini çəkən çox idi. Onun dul və uşaqlı olduğunu biləndə də geri çəkilmək istəmir, onunla evlənmək fikrində olduqlarını bildirirdilər. Ata-anası da Elmiranın yenidən ailə qurmasını istəyirdi. O isə, daş atıb başını tutur, ərə getmək istəmədiyini bildirirdi.
Yazıq ata, yazıq ana! Gəl indi buna döz! Övlad yolunda nə qədər problemlər olurmuş? Özü də tükənmək bilmir. Birini həll edirsən, başqa birisi meydana gəlir. Bu qızı ərə verə bilsəydilər, dərdləri olmazdı. Qız da tərslik edir, inadından dönmür. Nə atanı eşidirdi, nə də ananı.
Elmira elmi institutda çalışırdı. Şöbə müdirinin gözü onu tutmuşdu. Nə zaman idi, ona göz qoyurdu. Qənaəti belə idi ki, əxlaqına, oturuşuna-duruşuna, davranış-rəftarına, qanacağına söz ola bilməz. Tərbiyəsi, sözü, əməli düz idi. Dul olsa da, yenə birisinin çırağını yandırmağa layiq idi, yaxşı gəlin olardı. Amma şöbə müdiri bunu da eşitmişdi ki, Elmira heç kimə könül vermir, elçiləri qapıdan qaytarır.
Elmiranın anası da burada işləyirdi. Amma başqa-başqa şöbələrdə idilər. Şöbə müdiri axırda qərara aldı ki, qızın özü ilə deyil, onun anası Maral xanımla söhbət eləsin. Görüşdülər.
-Maral xanım, qızınız Elmiradan çox razıyam. İşli-güclü, ağıllı-kamallıdır. əxlaqı gözəl, özü gözəl! Ərini itirdiyindən xəbərim var. Cavandır, təravətlidir. Gec-tez ailə qurmalıdır. Bilirsiniz mən də arvadımı itirmişəm. Amma həyat davam eləməlidir. Öləni nə qədər çox istəsən də, onunla ölmək olmur. Bu, günahdır.
Maral xanım təəccüblə ona baxdı: “Bu kişi nə danışır? Nə olsun duldur, başsızdır? Qızım dağ vüqarlı, dağ gövdəli, şir ürəkli cavan oğlanları bəyənib ərə getmir, atası yaşında kişiyə razılıq verəcək? Nə olsun sənin yanında işləyir. İşçin olduğuna görə ona təsir edəcəksən? Günü bu gün direktorun yanına gedib deyərəm qızımın şöbəsini dəyişsin. Bu kişi deyəsən xərifləyib. İştahasına bax. Mən bunu bir ağıllı adam bilirdim…”
Şöbə müdiri sözünə davam etdi:
-Həyat yoldaşını itirməyin nə demək olduğunu mən öz təcrübəmdən yaxşı bilirəm.
Maral xanım çox təsirlənmişdi. Şöbə müdiri ilə söhbətin, onun təklifinin yersiz olduğunu görüb ayağa qalxdı. Fərhad müəllimə ağır söz deməkdən özünü zorla saxladı. Fərhad müəllim qolundan tutub onu stulda oturtdu:
-Səbrin olsun. Mən hələ sözümü deməmişəm….
Maral xanım daxilən əsəbiləşdiyini, artıq özünü ələ ala bilmədiyini başa düşüb sərt:
-Eşidirəm, – dedi.
Maral xanım su sonası kimi gözəl-göyçək, tovuz quşu kimi yaraşıqlı qızını bu kişinin yatağında heç cür təsəvvür edə bilmirdi. Təsəvvürünə gətirəndə isə, ürəyi qalxırdı!
Onun əhvalının dəyişdiyini Fərhad müəllim də hiss etdi, lakin söhbətini yarımçıq qoymadı:
-Yəqin eşitmisiniz, mənim oğlum Fuad iş adamıdır.
Maral xanımın bu barədə məlumatı yox idi, hətta onun oğlunun olmasından bixəbər idi. Amma candərdi başını tərpədib onun sözünü təsdiq elədi.
-Fuadın burada mənzili, maşını, obyektləri var. Özü Sankt-Peterburqda yaşayır, orada işləyir. Orada da evi-eşiyi, bağ evi, şirkəti, xidməti və şəxsi maşını var. Cavan oğlandır. Sizin qızdan bir-iki yaş böyük olar. Allah ölənlərinizə rəhmət eləsin. Bir ildən bir az artıqdır ki, onun həyat yoldaşı da torpağa tapşırılıb. İki-üç yaşlarında bir oğlu var. Fuad oğluna ana, özünə ömür-gün yoldaşı axtarır. Sizin qızı ona mən nişan vermişəm. Uzaqdan da olsa Elmiranı görüb, bəyənib.
Maral xanımın əhvalı dərhal dəyişdi. Sifətinə xoş bir təbəssüm qondu: “Bu hövsələ, təmkin və səbir nə yaxşı şeymiş! Yaxşı ki, ağılsızlıq eləmədim. Az qalmışdı dişimin dibindən çıxanı Fərhad müəllimin cəmdəyinə döşəyim. Bu rüsvayçılıqdan yaxşı qurtardım! Ona görə deyirlərmiş ki, o insan güclüdür ki, qəzəblənən zaman özünü ələ ala bilir!
-Fərhad müəllim, qızım ağıllı və gözəl qızdır, amma bir xoşagəlməz xasiyyəti var: inadkardır, nə billah eləyirik, onu fikrindən daşındıra bilmirik. Deyir ikinci dəfə ailə qurmayacağam.
Fərhad müəllim:
-Bilmək olmaz, Maral xanım. Onları görüşdürək, qoy söhbət etsinlər. Tutar -nə yaxşı, tutmaz… daha bizlik deyil. Amma mən əminəm ki, söhbətləri alınacaq. Fuad da yaxşı oğlandır, iş bacarandır, tay-tuşlarından geri qalmır.
Maral xanım Fərhad müəllimin təklifini əri Rasimə çatdırdı. Rasim müəllim fikrə getdi: “Əcəb işə düşmüşük. Bu qıza necə təsir edək? Axı o, balaca bir uşaqla tək-tənha nə qədər yaşayacaq?”
-Arvad, qızının tərsliyini bilirsən. “Yox” deyib durur. Fuadı da yaxın qoymasa, daha mən bilmirəm nə edim. Döyülməli deyil ki – döyəsən. Söyülməli deyil ki – söyəsən. Bircə əlac özünə qalır. Bəlkə insafa gəldi.
Maral xanım:
-Hər halda cəhd edək.
-Elə isə Elmira ilə özün danış. De ki, onun yanına səni mən göndərmişəm. Mən bu izdivaca razıyam.
Maral xanım ayağa qalxdı. Rasim müəllim söhbətini davam etdirdi:
-Bircə Elmiranı razı sala bilsəydik, narahatlığımıza son qoyulardı. Maral, heç özümə yer tapmıram. Bu həyatda qızım üçün əlimdən gələni etdim, heç nədən korluq çəkməyə qoymadım. Bircə onu xoşbəxtliyə çatdıra bilmədim. Qızıma qızıldan taxt yarada bildim, fəqət bəxt yarada bilmədim. Budur məni yandıran, alovlandıran, qətrə-qətrə öldürən!
Rasim müəllimi qəhər boğdu. Ona baxıb Maral xanım da kövrəldi:
-A kişi, elə danışma. Düşmənlərin ölsün. Sən bizə – mənə, qızıma, nəvəmizə lazımsan! Sizsiz bir günümüz də olmasın!
Maral xanım bu sözləri deyib qulaqlarını çəkdi:
-Dərdim-azarın səni istəməyənlərə getsin, ömrüm-günüm, həyatım!
Rasim müəllimin gözləri yaşarmışdı:
-Elmira bizim qızımız olmaqdan savayı, həm də qadındır. Atanın – ata yeri, ananın – ana yeri var. Qadının yanında kişi olmalıdır. Nəvəmə ata lazımdır.
Maral xanım onu sakitləşdirməyə çalışdı. Ərini qucaqlayıb üzündən öpdü:
-Ay kişi, hövsələni bas. Axırı yaxşı olar. Bu Fərhad müəllim pis adam deyil. Oğlu da atasına çəkər yəqin. Atalarımız demişkən, “Ot kökü üstə bitər”.
Maral xanım ərindən aralanıb qızının otağına sarı getdi.
Yaz girmişdi. Havanın elə bil qazı alınmışdı. Daha qarla, şaxta və yağışla insanları qorxutmurdu. Bir neçə gün ərzində yağan yağış ara vermiş, günəş səmada öz yerini tutmuşdu. Onun şüaları zəif olsa da, adamın canını qızdırırdı.
Rasim müəllim trest rəisi idi. Şəhərdə hörməti, nüfuzu vardı. Hələ bir adam onun qabağına çöp sala bilməmişdi. Çoxuna əl tuturdu. Görüb-götürmüş, istidən-soyuqdan çıxmış insan idi. Heç nəyə ehtiyacı yox idi.
İstəmirdi nəvəsi atasız böyüsün. Amma buna da razı olmazdı ki, qızı kimə gəldi ərə getsin. Söhbət varlı-karlı, ya da kasıb adamdan getmirdi. Söhbət qızının qarşısına çıxacaq mərifət sahibi, qanacağı olan, ailəsinin qədrini bilən bir şəxsdən gedirdi. Eləsinə rast gələ bilərdi ki, başlayardı Fəridi burunlamağa, Elmiranın gününü göy əskiyə bükməyə. Onda gərək Rasim müəllim öz əlləri ilə boğaydı o it oğlunu! Çəkdiklərini artıq çəkmişdilər.
Elmira Fəridi çarpayıya uzandırmışdı, çalışırdı ki, uşaq yatsın. Otaq nisbətən isti olduğundan Elmira yorğanı bir kənara qoyub, Fəridin üstünə nazik bir örtük salmışdı.
Maral xanım Elmiranın Fəridi yatızdırdığını görüb qapıdan qayıtmaq istədi. Elmira anasının gəlişini hiss etmədi. Fərid nənəsini görüb dikəldi:
-Nənə, nənə, ay nənə!
Elmira çevrilib baxdı. Maral xanım əli ilə işarə etdi ki, narahat olmasın. Astaca:
-Sonra söhbət edərik, -deyib uzaqlaşdı.
Az sonra Maral xanımla Elmira üz-üzə oturmuşdular. Maral xanım şirin dilini işə saldı:
-Qızım, atanla söhbətimiz oldu. Bilirəm yenə bir bəhanə gətirəcəksən. Sözümə diqqətlə qulaq as. Sən bizim ciyərparəmizsən. Biz sənin xoşbəxtliyini istəyirik. Ona görə iki ayağını bir başmağa dirəyirik. Axı nə vaxta qədər tək qalacaqsan?
Elmira ürəyində: “Bəli, anam yenə başlayacaq. Köhnə hamam, köhnə tas”.
Elmira dedi:
-Tək niyə oluram, ana? Allaha şükür gül kimi balam. Siz – sən, atam, bacım…
Elmiranın Esmira adında bir bacısı vardı. Ərdə idi. İki övladı vardı – biri oğlan, biri qız. Öz evləri, eşikləri, iş yerləri… Yaxşı dolanırdılar. Həm maddi baxımdan, həm də münasibətlərinin kamilliyi baxımından problemləri yox idi.
Maral xanım davam etdi:
-Bacın sarıdan arxayınıq. Sənsən bizim yaralı yerimiz.
Elmira təəccüblə anasına baxdı:
-Mənə nə olub ki? Yoxsa sizə yükəm?
Maral xanım özünə divan tutdu:
-Gör hara yozursan? Mən nə deyirəm, sən nə fikirləşirsən? Yük niyə olursan, qızım. Övlad da valideynə yük olar?
-Yenə nə olub, ana? Sözlü adama oxşayırsan. İndi kimdir elçi gələn?
Qızının rişxəndlə danışmağı Maral xanımı açmadı: “Bu qız düzələn deyil. Elə hey öz dediyini deyir.”
Maral xanım hiss etdi ki, artıq özündən çıxır, əsəbləri tarıma çəkilir. Bir istədi dinməz-söyləməz qapını çırpıb çıxsın, amma fikirləşdi ki: “Bununla nəyə nail olacaq? Üstəlik Rasim də ona acıqlanacaq: “Elə sən də qızın ağıldasan!” deyəcək. Sonra birini o deyəcək, birini Maral. Ortaya söz-söhbət düşəcək”
Odur ki, Maral xanım birtəhər özünü ələ alıb dedi:
-Düz fikirləşirsən. Elçi gəlmək istəyirlər.
Elmira zarafata saldı:
-Kimə elçi gəlirlər, sənə?
Maral xanımı gülmək tutdu:
-Ay qızım, mənim hayım gedib, vayım qalıb. Neyləyirlər məni? Turşuya qoyacaqlar? Elçi səninçin gəlir. Gəl bizə qulaq as. Axırda bizi qohum-əqrəba yanında xar eləyəcəksən. Deyəcəklər ata-anasına qulaq asmır. Hələ “valideynlərini saymır” deyənlər də olacaq.
-Kimdir axı gələn?
Söhbətə körpü saldığından sevinən Maral xanım tez cavab verdi:
-Sənin şöbə müdirin Fərhad müəllim.
-Fərhad müəllim?
Bu dəfə Elmiranı gülmək tutdu:
-Ay ana, elə o da sənin günündədir. Mostu qaçıb.
Maral xanım uğunub getdi:
-Allah səni güldürsün! Nə zamandır belə gülməmişdim. Əvvəl mən də elə bilirdim səni özünə istəyir. Çox bəyənib səni. Tərifləməkdən yorulub-usanmır, dili ağzına sığmır. Sonra gördüm yox, səni oğluna almaq istəyir. Oğluna.
Elmira:
-Onun oğlu var? Heç bilmirdim. Qızlarını görmüşəm.
Maral xanım söhbətini davam etdirdi:
-Oğlu olduğunu mən də bilmirdim. Sən demə, neçə il əvvəl çıxıb gedib Sankt-Peterburqa. Orada işləyir. İş adamıdır. İmkanları genişdir.
Elmira qaş-qabağını salladı:
-Deməli, məni başınızdan eləyib Sankt-Peterburqa yola salmaq istəyirsiniz?
Maral xanım tutuldu:
-Qızım, əzizim, bu nə sözdür? Sən həmişə, hər zaman gözümüzün işığısan, gözümüzün işığı olaraq da qalacaqsan!
Elmirə sözünün Maral xanıma pis təsir etdiyini görüb onun könlünü aldı:
-Bağışla, anacan, zarafat etdim. Görünür yerinə düşmədi. O Fuad bu vaxta qədər nə əcəb evlənməyib?
Maral xanım dedi:
-Evli olub. Onun da Fərid yaşında bir oğlu var. Fuadın da arvadı ölüb. Acı olsa da, taleyiniz bir-birinə oxşayır. Bəlkə də Allahın işidir. İstəyir sizi qovuşdursun. Bu da şəkli. Fərhad müəllim verib.
Elmira şəkli alıb baxdı:
-Pis oğlan deyil Allah qismətini yetirsin, – deyib şəkli anasına qaytardı.
Maral xanım ümidini itirdi:
-Qızım, yenə tərslik edirsən. Mən nə deyirəm ki? Görüşün, söhbət edin. Bəlkə xoşuna gəldi.
Elmira qaş-qabağını tökdü:
-Ana, üz vurma. Mənim ərə getmək fikrim yoxdur.
Rasim müəllim qapıda göründü. Elmira ayağa qalxdı:
-Qızım, söhbətinizi eşitdim. Ananı sənin yanına mən göndərmişəm. Bu saat səni ərə vermirik ki… Görüşün, söhbət edin, bir-birinizdən hal-əhval tutun. Xoşuna gələr – gələr, gəlməz – gəlməsin. Səni məcbur eləməyəcəyik ki… Hə, nə deyirsən?
Elmira susdu. Atasını sındırmaq istəmirdi. Odur ki:
-Yaxşı, ata, siz deyən olsun. Amma bir şərtlə. Başqa yerdə yox, bizim mənzildə, sizin yanınızda onunla danışmaq istəyirəm.
Rasim:
-Necə istəyirsən, qızım, -dedi.
Maral xanım Fərhad müəllimə zəng edib məsələni anlatdı.
* * *
Elmiranın xəyalı ötən günlərə qayıtdı. Körpə dünyaya gəlmişdi. Başına fırfıra kimi dolanırdılar. Şahmar daha əvvəlki kimi ilişib qalmır, özünü evə tez çatdırmağa çalışırdı. Daha evdən içki iyi gəlmirdi. Ata olmuşdu. Elmira ona oğul bəxş etmişdi. Elmiranı qolları arasına alır, öpüşlərə qərq edir, sonra əyilib mışıl-mışıl yatan Fəridə baxır, baxdıqca doymaq bilmirdi. Körpə oyaq olanda qucağına götürüb gəzişir, əlindən yerə qoymaq bilmirdi. Fərid kəlməsi dilindən düşmürdü. Harada otururdusa Fəriddən danışırdı.
Şəfiqə xanımın da sevinci aşıb-daşırdı. Zarafat deyildi. Nənə olmuşdu. Şahmar evə, ailəsinə daha çox bağlanmışdı.
Fəqət şeytan heç zaman sakit dayanıb-durmur. İnsanın qəlbinə, beyninə girir, ağlını əlində alır. Necə oldusa Şahmar şeytana yoldaş oldu, onun buyruğu ilə oturub-durmağa başladı. Uşağın ailəyə gəlişindən bir neçə ay, daha səhih desək, altı ay ötmüşdü. Şahmar yenə içkiyə qurşanmışdı, kefdə-damaqda idi. Yenə evə gec gəlirdi. Hətta bəzən heç gəlmirdi də. Kef məclisləri tükənmək bilmirdi. Sən demə, həmin eyş-işrət məclislərində qadınlar da olurmuş. Bəzən yoldaşları evə Şahmarın leşini gətirirdilər. Belə anlarda onun dili söz tutmurdu, pallı-paltarlı özünü atırdı çarpayıya və başlayırdı xoruldamağa.
Şəfiqə xanım deyinir, söylənirdi. Elmira isə, susurdu. Səsini içinə salıb ata-anasına da bir söz demirdi. Onları dərdə salmaq, rahatlıqlarını pozmaq istəmirdi. Rəfiqələri zəng edəndə sözarası Şahmarı da yada salır, onu qadınlarla gördüklərini Elmiraya çatdırırdılar.
Belə anlarda Şəfiqə xanım:
-Rəfiqələrinin sözlərini qulaq ardına vur, – deyirdi. -Sənin paxıllığını çəkirlər. Ərin, evin-eşiyin, uşağın. O Hüsniyyə gedib öz dərdini çəksin. Dözüb altı ay, ərdə qalmadı. Səlimə də nənəm yaşındadır, hələ ərə getməyib.
Şahmarın yolunu gözlədikləri bir axşam Elmira özünü saxlaya bilməyib dedi:
-Anacan, Şahmar daha ağ eləyir.
Şəfiqə xanım halını pozmadan:
-Qızım, fikir vermə, -dedi. -Kişi xeylağıdır. Kişi yeyib-içər də, gəzər də. Belə şeyləri çox da ürəyinə salma. Ürəyinə xal düşər. Mənim kişim elə bilirsən dinc otururdu?
Elmira qucağında Fərid təəccüb və heyrətlə qayınanasına baxırdı: “Necə yəni fikir vermə? Bir zaman deyirdi: “Kişi yeyib-içər də”. İndi isə, “Kişi gəzər də” – deyir.
Son zamanlar Şəfiqə xanım çox dəyişmişdi. Oğlunun tərəfini saxlayırdı.
-Uşağına bax. Fikrini boş-boş şeylərə yönəltmə. Xanımın borcu ərinə xidmət etmək, onun qulluğunda durmaq, sözünü eşitməkdir! Qadının vəzifəsi ərinin işlərinə qarışmaq, onu izləmək deyil! Qadın nə qədər başıaşağı olsa, hörməti-izzəti çox olar!
Elmira mat-məəttəl qalırdı: “Bu arvad nə danışır?”
Elmira bu evə gəlin gəldiyi gün Şəfiqə xanım: “Xoşuma gəlirsən, – dedi. –“Gözəl-göyçək, yaraşıqlı gəlinsən. İşli-güclü. Oğluma yaraşırsan. Amma qiymətini birini doğandan sonra verəcəyəm!
Uşaq doğuldu. Günlər keçdi. Şəfiqə xanım bir gün Elmiranın üzündən-gözündən öpüb:
-Nə, vaxt yetişdi, – dedi. -Sənin qiymətini vermək olar. Sən mənim xanım gəlinimsən! Budur sənə verilən qiymət – “Xanım gəlin!”
Həmin gecə Şahmar gəlib çıxmadı. Ertəsi gün axşamüstü qapını açıb şaqraq səslə və heç nə olmayıbmış kimi:
Şahmar tutuldu, bilmədi nə desin, sonra özünü ələ alıb:
-Başlama, – dedi və o biri otağa keçdi. Fərid yatırdı. Aşağı əyilib xeyli oğluna baxdı. Onu öpməkdən özünü güclə saxladı. Uşaq hələ balaca idi. Öpmək məsləhət deyildi.
Şahmar şalvarını, köynəyini dəyişib gəldi, üzünü Elmiraya tutub dedi:
-Ərin düz deyir. Bütün günü dörd divar arasındasan. Bu divarlar səni sıxmır? Çıx, bir az gəz-dolan, eynin açılsın, bayır-baca gör.
Elmira boyun qaçırdı:
-Yox e, ay ana, indi uşaq oyanacaq, ağlayacaq…
Şəfiqə xanım uşağın yatdığı otağa sarı boylanaraq arxayınlıqda dedi:
-Narahat olma, mən baxaram, yeməyini qoy…
Elmira boyun qaçırmaqda idi:
-Birdən ağlayar, sakitləşmək bilməz. Sizi də incidər.
Şəfiqə xanım əlini yellədi:
-Eh, incidər – incidər. Nə böyük iş olar? Nəvəm deyil?
Elmira boyun qaçırmaqda idi:
-Həm də yemək qoymaqla iş düzəlmir. Gərək əmizdirim.
Maral xanım da təkidli idi:
-Dedim ki narahat olma. Uşaq böyütməmişik? Ağlamaqla uşağın zəri tökülmür. Başını qataram.
Şahmar söhbətin uzandığını görüb:
-Yaxşı, siz bir qərara gəlin, mən də düşüm həyətə. Maşında gözləyəcəyəm.
Elmiranın sakitləşmədiyini görən Şəfiqə xanın güzəştə getdi:
-Yaxşı, Fəridi əmizdirib sonra gedərsən.
Elə də oldu.
Bir az şəhəri gəzib-dolanandan sonra gəlib “Çanaqqala” restoranına çıxdılar. Restoranın həyəti yaşıllıq idi. Həyət-bacanı sulamışdılar. Yay ayı olsa da, buraya ürəkoxşayan sərinlik çökmüşdü. Restoranın geniş ərazisi vardı. Müştərilərə yay və qış salonları xidmət edirdi. Xidmət səviyyəsi yüksək olduğundan, əyləncə üçün hər cür şərait yaradıldığından yay-qış “Çanaqqala”da adam əlindən tərpənmək olmurdu. Tez-tez toy şənlikləri, ziyafətlər, ad günləri, nişan məclisləri keçirilirdi. Ailəvi dincəlmək üçün də münasib idi. Restoran dəbdə idi.
Sol küncdə yüksəklikdən şəlalə səs qopara-qopara axıb hovuza tökülürdü. Harada su varsa – orada həyat var. Təpənin başında dağ keçisi boynunu dik tutaraq ətrafı seyr edir, qonaqlara göz qoyurdu. Əlbəttə, söhbət həqiqi şəlalədən, əsl dağ keçisindən getmirdi. Restoranın yaratdığı gözəl mənzərədən danışılırdı ki, bu da qonaqlara xoş ovqat bəxş edirdi.
“Çanaqqala”dan çıxandan sonra Şahmar maşını dar bir məhəlləyə sürdü. Elmira key-key onun üzünə baxdı. Şahmar zarafata saldı:
-Bəs dedin bir dəfə başlamışıqsa… İndi də deyirsən təzədən nişanlanaq, təzədən evlənək.
Şahmar maşını saxlayıb arxa oturacağa sarı boylandı. Elmiraya üzünü tutaraq:
-Ema, əzizim, -dedi. -Fərid anadan olanda səni düz əməlli-başlı təbrik edə bilmədim. Əlim aşağı idi. İndi düzəlib. İstəyirəm hədiyyəni özün bəyənib seçəsən.
Elmira ətrafa göz gəzdirdi. Maşından bir az aralıda iki oğlan uşağı tumançaq oynayırdı. Bir gəlin əlində dördayaq bir həyətdən çıxıb o biri həyətə girdi. İki kişi nərd taxtanı dizlərinin üstünə qoyub zər atırdı.
– Bu dar məhəllədə univermaq, ya da qızıl mağazası haradadır?
Şahmar əli ilə göstərdi:
–Zümrüd xanımın evində. İnanırsan onun oradan-buradan, yəni o ölkədən, bu ölkədən xəlvəti gətirdiyi brilyant qaşlı üzüklərin, sırğaların yerini heç nə verməz. Şəhərdəki qızıl mağazalarında, univermaqların qızıl-gümüş satılan şöbələrində həmin yaraşıqda, bəzək-düzəkdə üzük və sırğalar çətin tapılar.
Elmira etirazını bildirdi:
-Şahmar, bəlkə lazım deyil. Bədxərclik niyə lazım? Qədərincə zinət şeylərim var. Üzüyüm də, sırğalarım da, qolbaq və bilərziklərim, gümüş kəmərim var. Maşını döndər gedək. Uşaq sarıdan nigaranam. Ağlamaqdan ürəyi çatlar.
Şahmar qəh-qəhə çəkdi:
-Anamı tanımırsan. Uşağa baxmaqda, ona qulluq göstərməkdə tayı-bərabəri yoxdur. Oynadıb da, çayını da verib, yeməyini də. Gedib görəcəksən yatır. Di düş.
Elmira yerindən tərpənmədi:
-Heç istəmirəm axı.
Şahmar onun qolundan tutub maşından düşməyinə kömək göstərdi:
-İstərsən, çoxun nə ziyanı?
Zümrüd xanım onları çox mehribanlıqla və gülərüzlə qarşıladı. Görünür Şahmarla çoxdanın tanışı idi. Şahmar Elmiranı təqdim etdi. Tanış oldular. Zümrüd xanım onları otaqlardan birinə apardı. Özü mətbəxə keçdi. Tez süfrə açıldı. Ortaya çay, mürəbbə və şirniyyatlar gəldi. Şahmar dil-ağız elədi:
-Zümrüd xanımım çay süfrəsindən olmaz!
Zümrüd xanım gülümsədi:
-Nuş olsun! – deyib yenə yoxa çıxdı.
Elmira dönüb Şahmara baxdı. Şahmar bunu belə başa düşdü: “Mənim çay süfrəm pis olur bəyəm?”
Odur ki, asta səslə:
-Bu tərif elə şeydir ki, xoş ovqat və mehribanlıq yaradır. Məndən nə gedir? Qoy tərifləyim də… Sənin çayının yanında bunun çayı heç nədir. Sən gətirib qabağıma adi qaynar su da qoysan, onu çay bilib bəh-bəhlə, ləzzətlə içərəm. Sən hara, bunlar hara?!
Zümrüd xanım içəri girdi. Balaca bir çantanı açıb qaş-daşı ortaya tökdü. Həqiqətən də əvəzi olmayan zinət şeyləri idi. Elmira yaqut, mirvari, zümrüd və brilyant qaşlı üzüklərin, sırğaların, bilərzik və qolbağın gözəlliyinə heyran oldu. Bilmədi ki, hansına baxsın, hansını seçsin. Bir-birindən gözəl idilər. Zümrüd xanım göstərdikcə Elmira lal-dinməz baxır, fikrini bildirmirdi. Şahmar:
-Ema, bax, ürəyin istəyəni götür. Qorxma, pulum var, borclu qalmaram.
Elmira baxır, lakin heç birinə əl uzatmırdı. Bunu görən Şahmar onlardan bir ovuc götürüb:
-Zümrüd xanım, özünü yorma. Emadan olsa, gərək sabaha qədər burada oturaq. Evdə körpə uşaq qoyub gəlmişik. Qoy bunları aparım evə, arxayınlıqla baxsın. Hansını götürər, onun pulunu verərəm, qalanlarını da gətirib qaytararam.
Zümrüd xanım inamsız halda Şahmara baxdı. Zinət şeyləri xeyli pul demək idi. İtə-bata, dolaşığa düşə bilərdi.
Şahmar onun tərəddüd elədiyini görüb xəbər aldı:
-Yoxsa inanmırsan, etibar eləmirsən?
Zümrüd xanım:
-Hər halda burada baxsaydınız, burada seçsəydiniz – yaxşı olardı.
Şahmar onun inamını qazanmaq üçün:
-Bir-iki saata burdayam, – dedi.
Zümrüd nar-naçar razılaşdı:
-Üç saat vaxtınız var.
Maşın asfalt yolla şütüyürdü. Şahmar qiymətli qaş-daşları Elmiranın ovcuna basmışdı.
-Bir az asta sür.
Elmiranın səsi idi.
-Baş üstə.
Bu da Şahmarın səsi idi.
Telefon zəngi gəldi. Şahmar cavab verdi:
-Yoldayıq.
Sonra başını döndərmədən Elmiraya:
-Anamdır, soruşur nə vaxt gəlirik? –dedi. Sonra siqaret çıxarıb yandırdı.
Elmira:
-Şahmar, əzizim, yenə siqaretin iyini verdin mənə.
Şahmar dinmədi.
-Canına yazığın gəlmir? Niyə siqaret çəkirsən? Bir dərdin-sərin var?
-Eh, Ema, arağa yox demək olur, amma bu siqaret elə zəhrimardır ki, öyrəşdin, tərgitmək çətindir.
-Azalt, sonra at.
Şahmar siqaretə dərini bir qullab vurdu:
-Deyirsən də. Siqaret elə şeydir ki, qəfil qurtaranda, səni düşmən qapısına aparır.
Elmira yadına saldı:
-Elektron siqaret çıxıb. O gün televiziyada reklam edirdilər. Siqaret əvəzinə onu çəkirsən, sonra siqaretdən zindi-zəhlən gedir.
-Xeyri yoxdur. Bu elə zibildir ki… Özünü saxlaya bilmirsən. Hə, o elektron siqareti əvvəllər tərifləyirdilər. İndi deyirlər, o, siqaretdən də ziyanlı, hətta təhlükəlidir.
Elmira sözünün təsirsiz qaldığını görüb soruşdu:
-Bəs indi nə edək? Səndən nə vaxta qədər araq-siqaret iyi gələcək? Pal-paltarına da hopur. Məcbur olub paltarlarını eyvana atıram ki, iyi dağılsın. Sən hiss eləmirsən, amma bizim başımız çatlayır.
-Evdə çıxıb eyvanda çəkirəm, bir elə mənzilə yayılmır, – dedi. -Amma işdə otağa girən-girən “Nə çox siqaret çəkmisən”, – deyir. Lap danlaq yiyəsi olmuşam. Amma deyirlər bunun da bir çarəsi var. Amma baha başa gəlir.
Elmira tez:
-Olsun, təki tərgidəsən.
-Sərf eləmir.
-Niyə?
-Deyirlər bir qutu siqaret alırsan…
-Həə…
-Birini götürüb yandırır, qalanlarını qutu qarışıq qolun getdikcə tullayırsan. Ürəyin siqaret istəyəndə yenə gedirsən mağazaya. Bir qutu alırsan. Birini çəkirsən, qutu qarışıq yerdə qalanlarını atırsan zibil yeşiyinə. Bu hesabla bilirsən gün ərzində siqaretə nə qədər pul vermək lazımdır? Bir anbar. Gərək qazancının hamısını siqaretə verəsən. Məcbur olub siqaretə “əlvida” deyirsən.
Şahmarın siqaretdən əl götürmək fikrində olmadığını görən Elmiranın sifətinə kədər kölgəsi çökdü:
-Bilmirəm, axır bir şey fikirləşib qurtar bu zəhrimarla. Özünə yazığın gəlsin. Ağ ciyərlərin qurum bağlayacaq. Damarların tutulacaq. Ürəyin ağrıyacaq.
Şahmar yenə zarafata saldı:
-Yaxşı, bu məsələni həll elədik. Keçək ikinci məsələyə?
Elmira təəccüblə soruşdu:
-İkinci məsələ nədir?
Şahları gülmək tutdu:
-Yəni deyirəm özün necəsən?
Elmira da güldü:
-Şükür Allaha! Yaxşıyam. Sən pis vərdişlərindən yaxa qurtarsan, əntiqə olar. Sən də olarsan yaxşı oğlan!
Şahmar özünü o yerə qoymadı. Siqaret çıxarmışdı, yandırmaq istəyirdi, amma əl saxladı:
-Nədir xoşuna gəlməyən?
Elmira incimiş halda:
-Səhərdən bir quranlıq söz danışırıq, -dedi. -İndi soruşursan nədir xoşuma gəlməyən. Yorğan-döşəkdən də araq, siqaret iyi gəlir. Mən heç. Nə ananı, nə də Fəridi fikirləşirsən.
-Həə…
-Bir də…
Şahmar dönüb geriyə baxdı:
-Nə birdə? Saxlama, de.
Söhbət açılmışdı. Odur ki, Elmira özünü saxlaya bilməyib əhvalı pozğun dedi:
-Bir də qadınların dalınca düşməyini yığışdır. Məni necə alçaltdığını təsəvvürünə belə gətirmirsən.
Bu söz Şahmarı tutdu. Elmira ilk dəfə idi ki, onunla bu mövzuda belə açıq danışırdı. Görünür, bıçaq artıq sümüyə dirənmişdi. O hıçqırırdı.
Şahmar maşının sürətini azaltmadan dönüb arxaya Elmiraya baxdı. Şahmar öz-özünə fikirləşdi: “Bu binəvaya da əzab verirəm”. Bir söz deməyib başını çevirdi.
Tindən qəfil bir maşın çıxdı. Qabaq oturacaqda, sürücünün yanında bir oğlan uşağı da oturmuşdu. İki-üç yaşlarındaydı. Şahmar tez sükanı döndərdi ki, toqquşmasınlar. Maşın sürətlə gedib iri gövdəli ağaca çırpıldı. Zərbə sərt idi. O biri maşın aradan çıxdı.
Ətrafdakı adamlar maşının ətrafına yığışmışdılar. Maşının xurd-xəşil olmağı bir yana qalsın, özləri də yaman vəziyyətdə idilər.
Elmira arxa oturacaqda huşsuz vəziyyətdə düşüb qalmışdı. Şahmarın başı zərblə maşının qabaq şüşəsinə dəydiyindən partlamışdı. Qan onu aparırdı. Sükan sinəsini də əzmişdi.
Şahmarı maşından düşürdülər. Ayaq üstə güclə dururdu. Tez özünü maşının arxa qapısına doğru atdı. Elmiranı ölmüş bilib nalə qopardı, başını maşının qapısına çırpmağa başladı.
Təcili tibbi maşın gəldi. Onları xəstəxanaya apardılar. Hər ikisinə tibbi yardım göstərildi. Elmira çarpayıda uzanmışdı. Hələ özünə gəlməmişdi. Sol əli sanki kilidlənmişdi. Həkim, tibb bacısı nə billah etdilərsə, əlini aça bilmədilər. Ovcunda nə isə tutmuşdu.
Az sonra Şahmar gəldi. Həkimlərdən öyrənmişdi ki, Elmiranın vəziyyəti təhlükəli deyil. Odur ki, Şahmar toxtamışdı.
Həkimlə tibb bacısı palatadan çıxdılar.
Şahmar irəli yeriyib çarpayının yanındakı stulda əyləşdi. Elmiranın bənzi ağarmışdı. Gözəl gözlərini yummuşdu. Bir damla yaş donub yanağında qalmışdı. Hənirti hiss edərək gözlərini açdı. Şahmarı görüb gülümsədi. Lakin gözü onun başındakı sarğıya sataşanda sifətinə qüssə, qəm və kədər çökdü.
Şahmar onun əlindən tutdu. Başındakı qanlı sarğını göstərərək:
-Boş şeydir. Sağalıb gedəcək. Necəsən? Özünü necə hiss edirsən? Bilirəm uşağı soruşacaqsan, yaxşıdır, çox yaxşı. Bir az var gediblər. Anam sənin yanına Fəridi də gətirmişdi.
Şahmar əyilib Elmiranı öpdü. Hər ikisi bir ağızdan ”Şükür!” dedi. Şahmar Elmiranın, Elmira da Şahmarın vəziyyətini nəzərdə tutaraq ”Şükür!” deyirdilər. Elmira:
-Necəsən? – -deyə soruşdu.
Bu səfər Şahmar xəbər aldı:
-Yaxşı, bəs sən?
-Mən də yaxşı.
Şahmar onun əlinə işarə edərək soruşdu:
-Əlini niyə açmırsan? Əzilib?
Elmiranın yadına düşdü. Və əlini açdı. Zümrüd xanımım verdiyi, Şahmarın da maşında Elmiranın ovcuna basdığı qaş-daşlar idi. Qəza baş verəndə qoruyub saxlamışdı.
Şahmar dərindən nəfəs aldı. Bu qaş-daşları axtarıb tapmamışdılar. Maşın tamam sıradan çıxmışdı. Bu daş-qaşların bir yerdə iyirmi-otuz min manatdan çox dəyəri vardı. Şahmar bu qədər pulu tapıb Zümrüd xanıma verməli idi. Amma haradan, necə tapsın? Qayınatasına – Rasim müəllimə gümanı gəlirdi. Amma gedib ondan pul istəməyi şəninə sığışdıra bilmirdi.
Elmira Şahmarı xilas etmişdi.
Şahmar Elmiranı öpüşlərə qərq etdi:
-Həyatım, ömrüm-günüm!
Elmira soruşdu:
-Uşaq necədir?
-Yaxşıdır. Anasından ötrü darıxıb.
Elmiranın gözləri doldu. Yerində dikəldi. Şahmar:
-Həkimlər icazə verib. Bir azdan durub geyinərsən. Evə gedərik.
Həmin bədbəxt hadisədən sonra Şahmar çox dəyişdi. Maşını təmir etdirdi. Boş vaxtlarında ailəsi ilə birlikdə olur, Şəfiqə xanımı, Fəridi, Elmiranı maşına mindirib şəhərə çıxarırdı. Çalışırdı ki, onların günləri xoş keçsin.
Fərid əyləncə mərkəzlərində olanda salon boyu qaçır, atılıb-düşür, cürbəcür maşınlara, yellənçəklərə minir, oynamaqdan doymurdu.
Şahmar içkini azaltmışdı, siqareti atmışdı. Ad günlərində, toy məclislərində, qonaqlıqlarda, ziyafətlər zamanı az miqdarda içki içirdi. Maşınla olanda isə, dilinə spirtli içki vurmurdu.
Şəfiqə xanım da, Elmira da sevinirdi. Şad idilər. Elmira üçün xəz gödəkçə, yeni toy və gəzinti paltarları, uzunboğaz qış ayaqqabısı, Şəfiqə xanım üçün yun palto almışdı. Fəridə gəldikdə isə, pal-paltarının sayı-hesabı yox idi. Birini çıxarıb o birini geyindirirdilər. Tez-tez əynini dəyişirdilər. Maral xanım qızına yaxşı, bahalı cehiz qoşduğundan mebellərə dəyməmişdi. Şahmarın fikri-zikri evində-eşiyində idi: “Pul-paranı itə-qurda, hara gəldi səpələməkdənsə, ailəmə xərcləyim” – deyə düşünürdü.
Avtomobil qəzası zamanı Elmiranın göstərdiyi fədakarlığı, daş-qaşı qoruyub ona çatdırmasını Şahmar heç cür unuda bilmir, onun bu hərəkətinə yüksək dəyər verirdi. Arada geyinib-keçinib qayınatasıgilə gedirdilər. Rasim müəllimlə Maral xanım onları görəndə əldən-ayaqdan gedirdilər. Maral xanım, Şəfiqə xanım, bir də Elmira mətbəxdə çay, yemək hazırlayır, söhbət edir, Rasim müəllimlə Şahmar da dərdləşir, nərd oynayırdılar.
Əsas mövzu Fərid idi. Söhbət nədən gedirdisə, axırda gəlib Fəridin üstünə çıxırdı. Onun oturuşu-duruşu, hərəkətləri, danışığı söhbət mövzusu idi. Fəriddən ötrü ürəkləri gedirdi. Fərid də mehriban, istiqanlı, qanı şirin uşaq idi. Kim qolunu açırdısa ona sarı qanadlanırdı. Fəridlə saysız-hesabsız şəkil çəkdirmişdilər. Həmin şəkilləri, video çəkilişləri bir-birlərinə göndərirdilər.
Rasim müəllimlə Maral xanımın da onlara gəlişi toy-bayram olurdu. Başqa cür də ola bilməzdi. Bir-biri ilə küsülü olan, yola getməyən, bir-birinin qarasınca açıb-kəsən qudaları başa düşmək olmur.
Bax beləcə hər şey xoş və sakit axarla gedirdi. Şahmarın yenidən yolunu azmasına qədər.
* * *
Yenə kimlərəsə qoşulmuşdu. Özü də pis qoşulmuşdu. Ağlını başından almış, təsir altına salmışdılar. Əvvəlki pis vərdişlərinə qayıtmışdı. Heç kimi eşitmirdi. Söz deyəndə özündən çıxırdı: “Uşağam, başıma ağıl qoyursunuz?”
İçki, siqaret bir yana qalsın, qumara, narkotikə qurşanmışdı. Belə günlərin birində Elmira Şəfiqə xanıma dedi:
-Ana, Şahmar özünü məhv edir. Qurban olum, qoyma. Qabağını al. Yalvarıram.
Şəfiqə xanım əvvəl dinmədi. Bunu özü də görür, içini yeyirdi. Bu dəfə oğlu möhkəm ilişmişdi. Heç Şəfiqə xanımlıq da deyildi. O, oğlunun halına yanır, amma əlindən bir iş gəlmirdi. Şahmar adameşitməz olmuşdu. Şəfiqə xanımın fikir-xəyaldan əsəbləri korlanmışdı. Aman-zaman bir oğlu vardı. O da belə, bu gündə. Elmiranın Şahmardan şikayətlənməsi Şəfiqə xanımın xoşuna gəlmədi. Qeyri-ixtiyari:
-Sən də əl çək! – deyə səsini qaldırdı. –Mən nə hayda, sən nə hayda! O sən, o da ərin! Mənimlə işiniz olmasın! Dərdim özümə bəsdir! Təqsirin çoxu səndədir! Mal kimi oturmusan. Ərini yığışdıra bilmirsən. Bir arvad kimi hökmün yoxdur. Bir qadın kimi o qədər acizsən ki, ərinin gözü orda-burdadır.
Elmira heyrətlə açılan gözlərini onun üzünə dikib bir xeyli lal-dinməz dayandı. Hiss elədi ki, dodaqları əsir: “Sən demə, bütün bu hadisələrin səbəbkarı mən imişəmmiş! Bir gör ha”.
Elmira sakitcə yerindən qalxıb o biri otağa keçdi. Fərid oyanmışdı. Onun yanlarını yudu, quruladı, əynini dəyişib yedirtdi.
* * *
Şahmar bu gün çox qanıqara halda evə dönmüşdü. Nə billah elədilərsə, səbəbini açıb demədi. Eyvana çıxıb siqareti-siqaretə caladı. Həmişə evə gələndə tez Fəridi görmək istəyərdi. Uşaq oyaq idisə, qucağına götürüb başı üzərində qaldırar, şirin dillə dindirər, onun ağzından çıxan qırıq, rabitəsiz sözlərin hər birindən sonsuz fərəh hissi keçirir, öpüb oxşayırdı. Yatmış olsaydı, tez o biri otağa keçib doyunca ona tamaşa edib üzündən öpərdi. Bu gün Fərid heç yadına düşmədi. Düşüncələrinin pəncəsindən qopa bilirdi ki?!
Nə hadisə baş vermişdi?
* * *
İşdə oturmuşdu. Zəng gəldi. Mobil telefonun ekranına baxdı. Ülkər idi. Ülkərlə çox gün keçirmişdi. Xırda biçimli, mamlı-matan qız idi. Albalı rəngli dodaqları vardı. Şahmar əvvəl elə bilirdi ki, qız dodaqlarına rəng çəkir, sonra gördü ki, yox, təbiidir, dodaqlarının öz rəngidir.
Şahmar bir müddət idi ki, qızlarla, qadınlarla əlaqələrini kəsib, sidq-ürəklə ailəsinə bağlanmışdı.
Bir istədi Ülkərə cavab verməsin. Öz-özünə: “Məni qınayırlar. Oturmuşam yerimdə. Nə olsun, əl çəkmirlər. İndi bu zəng edir, sabahda, birisi gündə Səkinə, Gülbacı, Qəmər qulağımı dəng edəcəklər. Əşi deyərəm işim var, ya da deyərəm şəhərdə deyiləm”.
Bu fikirlə telefonun düyməsini basdı. Özünü bilməməzliyə vurdu:
-Kimdir?
-Ülkərdir. Məgər telefonda adım yazılmayıb?
-Fikir vermədim. Xoş gördük! Necəsən? Nə yaxşı, nə yaxşı, şad oldum.
-Haradasan? İtirib-axtarmırsan.
-Bağışla, gözəl, başım qarışıq idi. İş-güc imkan verir ki?! Bir az başım ayılsın, zəngləşərik.
Belə deməklə Ülkəri başdan eləmək istəyirdi. Lakin Ülkər bu tezliklə ondan ayrılmaq fikrində deyildi, nə isə sözlü adama oxşayırdı. Odur ki, xudahafizləşməyə imkan vermədi:
-Görüşməliyik. Vacib sözüm var. Hər nə işin varsa, bir kənara qoy.
-Nömrəmi haradan öyrənmisən?
Şahmar telefonunun nömrəsini dəyişmişdi ki, qadınlardan uzaq olsun. Amma dostlarının, qohumların, işi ilə bağlı şəxslərin nömrələrini telefonun yaddaşına köçürmüşdü. Tanış qızların, qadınların nömrələrini də yazmışdı ki, kimin zəng etdiyini bilsin. Lazım gələndə cavab verəcəkdi, lazım bilməyəndə yox. Əks təqdirdə onlardan kimsə zəng etsəydi, bilməyib cavab verər, özünü işə salardı.
Amma nə xeyri? Ülkər onun nömrəsini öyrənmişdi. Odur ki, Şahmarın sualına beləcə də cavab verdi:
-Axtaran tapar. Nömrəni dəyişmisən ki, səni tapa bilməyim?
Şahmar boynuna almadı:
-Nə danışırsan?! Telefonumu itirmişdim. Əlacsız qalıb təzə telefon aldım, yeni nömrə verdilər.
-Bəhanə gətirmə. Dublikat nömrə alaydın. Kəsəsi, harada, nə zaman görüşək?
Şahmar şəkkə düşdü:
-Nə məsələdir, deyə bilməzsən?
Ülkər ciddi şəkildə bildirdi:
-Telefon söhbəti deyil. Amma hökmən görüşməliyik. Unutma.
Qız hökmlü danışırdı. Həm də elə bil meydan oxuyurdu.
Şahmar öz-özünə: “Buna nə olub?” – deyə fikirləşdi.
-Ucundan-qulağından de, görüm nə məsələdir? Ürəyimi partlatma.
Ülkər halını pozmadan:
-Deyəcəm. Saat on ikidə “İçərişəhər” metro stansiyasının qarşısında görüşək.
Şahmar cavab vermək istəyirdi ki, Ülkər danışığı kəsdi.
Maraq Şahmara güc gəldiyindən taksiyə oturub metro stansiyasına sarı sürdürdü. Maşınsız idi. Maşından düşməmiş gözü ilə axtarıb Ülkəri tapdı. Gün eynəyində idi, ağacın kölgəsinə sığınıb durmuşdu. Əvvəlki kimi təravətli və şux görünürdü. Əyninə dizdən bir azca yuxarı çəhrayı don geyinmişdi. Dabansız çəhrayı tuflilərdə idi. Fikirli, qaşqabaqlı görünürdü. Şahmar maşından düşüb Ülkərə yaxınlaşdı. Əl verib üzündən öpdü.
-Burada niyə? Gedək kafeyə.
“Qızılgül” kafesində üz-üzə əyləşdilər.
-Çay, qəhvə, yoxsa dondurma ilə Şampan şərabı?
Ülkər könülsüz:
-Şampan olmaz, dedi. -İçmirəm. Hava istidir. Qəhvədən də keçdi. Çay mürəbbə ilə.
Sifariş gəldi.
-Eşidirəm, nə isə vacib sözün var.
Ülkər söhbətə necə başlayacağını bilmədiyindən bir anlığa susdu. Lakin lal-dinməz oturmağa gəlməmişdi. Sözünü deməli idi:
-Uşağa qalmışam.
Şahmarı elə bil ildırım vurdu. “Bu nə danışır? Bircə bu çatmırdı. Hər şeyin üstündən qələm çaldığı bir zamanda bu nə söz idi eşidirdi?! Uşağa qalıb-qalıb da. Mənə niyə eşitdirir? Doğur – gedib doğsun, abort etdirir – gedib elətdirsin. Mən həkim, ya mamaçayam ki, sözünü mənə deyir?
Özünü o yerə qoymayıb:
-Təbrik edirəm. Övladın yox idi, daha nə istəyirsən?!
Ülkər üz-gözünü turşutdu:
-Uşaq böyüyəndə atasını soruşacaq.
Şahmar qızın nə üçün bu mövzuda onunla söhbət etdiyindən baş açmır, təəccüb qalırdı. Gör nə vaxtdır oturub-durmurlar:
-Soruşacaq – deyərsən. Kimdir o köpək oğlu? Çıxsın meydana.
-Uşağın atası irəli durmalıdır. Uşaqdan imtina etmək fikrim yoxdur.
Şahmarı gülmək tutdu:
-O it oğluna zəng et, de gəlib yetiminə yiyə dursun. Burada çətin nə var ki?
Ülkər düz onun gözlərinin içinə baxaraq:
-Onda irəli dur, – dedi.
Şahmarın dili topuq çaldı:
-Kim? Mən?
-Bəli, sən. Uşaq səndəndir.
Şahmar buz sözləri eşidib dik ayağa qalxdı. Əllərini yana açaraq:
-Nə danışdığını bilirsən?! – dedi. -Bura bax, gedib orda-burda uşaq düzəltdirib indi mənim üstümə atırsan?
Ülkər halını pozmadan:
-Əyləş, – dedi.
Şahmar oturdu.
-Elə deyil, axırıncı dəfə səninlə olmuşam. Səndən əvvəl xəstələnmişdim. Səndən sonra xəstələnmədim. Biləndə ki, uşağa qalmışam, başladım səni axtarmağa, gördüm deyən olmadı.
Şahmar get-gedə özündən çıxırdı:
-Bura bax, səninlə müqaviləm vardı ki, uşağa qalasan? Qalmayaydın! Qələt eləmədim ki, bir-iki dəfə səninlə yaxınlıq etdim. Başqaları necə, mən də elə. Yatıb-dururdun – pulunu alırdın. Yüzünün altından çıxandan sonra özünü mənə sırımaq istəyirsən? Mən ailəliyəm. Arvadım, uşağım var. Qəmişini məndən çək.
Şahmar ayağa qalxdı. Ülkər onun qolundan tutub oturtdu:
-Zilə çıxma. Mən səndən də bərk qışqıraram. Amma yadından çıxarma. Mən qışqırsam, daha pis olacaq. Evin, ailən də dağılacaq.
Şahmar onun ayaqlarının altına düşməyə belə hazır idi. “Bu nə işdir düşdüm? Guya özümə qoyulmuşdum”.
-Ülkər, məni başa düş. Bu ola bilməz. Mənim ailəmi dağıtma. Səninlə keçirdiyim o xoş günləri indi niyə burnumdan tökürsən? Abort elə, qurtarsın getsin. Nə qədər pul deyirsən – verim.
Şahmarın əsl siması açılmışdı. Özünü yekə aparan, heç kimi bəyənməyən, pul xərcləməyi özünə şərəf bilən bu adam necə də aciz və qorxağın biri imiş.
-Şahmar, mən fahişə deyiləm. Doğrudur, sənə qədər kişilərlə görüşmüşəm. Amma sənə rast gələndən sonra bir kişinin belə mənə əli dəyməyib.
Şsahmar az qala dil çıxarıb yalvarırdı:
-İnsafsız olma, həyatımı zəhərləmə!
Bu dəfə Ülkər ayağa qalxdı:
-Doğmaq istəyirəm.
Şahmar onun qolundan yapışdı:
-Əyləş, hələ qərara gəlməmişik. Uşaq neçə aylıqdır?
-Üç aylıq.
-Abort etdirə bilərsən. Mənə qulaq as.
Ülkər etiraz etdi:
-Mən qəti qərara gəlmişəm. Sənin soy adın, sənin adın da uşağın yaş kağızında yazılacaq.
Şahmar bilmədi başına nə çarə qılsın:
-Mən nə qələt eləmişəm, ilahi!
Ülkər acı-acı güldü:
-Yatağıma girəndə bunu fikirləşəydin.
Ülkər durub çıxdı. Şahmar xeyli müddət yerində donub qaldı.
Çayla dolu fincanlar içilməmiş qalmış, mürəbbələrə əl dəyilməmişdi. Şahmar sifarişin pulunu ödəyib kafedən çıxdı.
* * *
İndi Şahmar partlaya-partlaya, çatlaya-çatlaya qalmışdı. Gec-tez bu sirr açılacaqdı. Onda Elmiranın, anasının, Rasim müəllimlə Maral xanımım üzünə necə baxacaqdı? Onlara nə deyəcəkdi? Özünü necə təmizə çıxaracaqdı? Üstəlik Fəridin üzünə həsrət qalacaqdı. Elmira yığışıb atası evinə gedəcək, Şahmar da əlacsızlıqdan Ülkəri bu evə gətirəcəkdi. Övladını taleyin hökmünə buraxmayacaqdı ki?!
Şahmar eyvandan çəkilmək bilmirdi. Hamı yatandan sonra paltarını soyunub ehmalca çarpayıya uzandı. Elmira yuxulamışdı. O, sədaqətli, vəfalı, alicənab, tərbiyəli, ismətli, mehriban, gözəl xanım idi. Zərrəcə suçu yox idi ki, narahatçılığı olsun. Alnı bir balaca düyünlənmişdi. Bu da səbəbsiz deyildi. Əri qanıqara qayıtmışdı. Dərdini də bölüşməmişdi. Buna görə narahat idi. Şahmar idi həmişə narahatlığı səbəbkar.
Şahmarın yuxusu ərşə çəkilmişdi. Ülkər başına iş açmışdı. Şahmar Elmiraya yaxınlaşmağa, onun bədəninə toxunmağa da utanırdı, xəcalət çəkirdi. Bu qadına layiq ola bilməmişdi. Həmişə ona əzab vermiş, qəlbinə toxunmuşdu. İndi hansı üzlə onu qucaqlasın, “qadınım mənim”, “sevgilim mənim”, “ömür-gün yoldaşım mənim” desin?! Axı Elmira ondan xahiş etmişdi: “Məni sındırma, ləyaqətimi, mənliyimi alçaltma”. O da söz vermişdi. Sözə, anda belə əməl edərlər?
Şahmar yerində qurcalanır, yuxuya gedə bilmirdi. Əməllərinin acısı-ağrısı bir-bir üzə çıxırdı.
-Yat, əzizim, yat, ciddi bir şey yoxdur. İşdə yüngülvari anlaşılmazlıq olub. Sabah yoluna qoyulacaq, – deyib Elmiranı qucaqladı.
* * *
Növbəti gün səhər açılar-açılmaz Şahmar geyinib evdən çıxdı. Yaşlı qadın həyəti süpürürdü. Şahmarı görüb əl saxladı. Şahmar qadının gözlərinə baxmasın deyə üzünü yana çevirdi. Ağızucu salam verərək tez ötüb keçdi. Həmişə onunla rastlaşanda belə edirdi. Deyilənə görə, bu qadının yaman gözləri vardı. Gözlərin ki, gözlərinə sataşdı, o gün işin uğursuz olacaqdı.
Həyətdə kimisi səhər idmanı ilə məşğul idi, kimisi maşının yanını kəsdirmişdi, ora-burasına baxırdı. Şahmar pay-piyada yolun ağzına düşdü. Həyəcanlı və həm də narahat idi. Yataqdan səhər erkən qalxmağı da səbəbsiz deyildi. Elmiranın gözünə dik baxa bilməyəcəkdi. Parkda gəzib saat doqquza qalmış iş yerinə gələcəkdi. İş yerində də vaxtından əvvəl görünmək istəmirdi. İndi insanları hər şey maraqlandırır. Onun iş tez gəlməsi təəccüb doğuracaqdı. Şahmarın da kimə isə hesabat, yaxud izahat verməkdən xoşu gəlmirdi. Söz-söhbət yaratmaq istəmirdi. O, ümidini üzməmişdi. Ülkərin onunla insafsız davranmağına, onun sözlərini qulaq ardına vurmaqda davam edəcəyinə inanmırdı. Zəng gəldi:
-Hə, Ülkərcan, sabahın xeyir. Necəsən? Səndən ötrü lap darıxdım.
Üikər söz altında qalmadı. İstehza ilə:
-Hiss olunur. Ona görə zəng etmirdin?
Şahmar tutuldu. Ülkər haqlı idi: “Heç ağlıma gəlməyib. Gərək birinci mən zəng edəydim, qız görəydi ki, ona münasibətdə laqeyd deyiləm. Amma iş-işdən keçmişdi. Sonrasını fikirləşmək, işləri yoluna qoymaq lazım idi. Amma Ülkər daşı ətəyindən tökəcəkdimi? Uşaq məsələsini ortaya atıb. Bəlkə hələ başqa məqsədi var. Birdən yapışar yaxamdan ki, al məni. Qoyurlar ki, insan kimi yaşayaq?! Özümə yenicə qayıtmışdım ki, uşaq məsələsi meydana gəldi. Bura bax, bəlkə uşaq məsələsi qondarmadır?! Məndən külli-miqdarda pul qoparmaq, özünü mənə sırımaq üçün bəhanədir. Bəlkə ortada uşaq yoxdur. Bunu yoxlamaq olar. Apararam Səidə xanımın yanına. Deyərəm: gör bu qız uşağa qalıb? Neçəsini abort etdirmişəm. Səidə xanım sirr saxlayandır. Ağzından indiyədək artıq söz çıxmayıb. Dayan, dayan, Ülkəri onun yanına aparanda, xəlvəti Səidə xanıma deyərəm, əgər uşağa qalıbsa, buna bir iynə vur, yaxud dərman ver, qoy rədd eləsin uşağı. Bəs birdən Ülkər yoxlamaya getmədi? Getməz, özü bilər! Mən də deyərəm, day öz işindir, mən getdim, xudahafiz! Yaxşı, birdən getdi, məlum oldu hamilədir, iynəni qoymadı vurmağa, dərmanı atmadı, bəs onda? Ya da Səidə xanım qorxub iynə vurmadı, dərman da vermədi. Həə… Axırda başım şişib qazana dönəcək. Nə qədər fikirləşmək olar? İnsan addımını gərək düz ata. Ayağını ki, əyri qoydun, bir qəmbərqulu çıxır, başın ağrıyır. Bu itin qızı ilə peşman olub beş-on dəfə görüşdüm. İndi meydan sulayır, məni hədələyir”.
Ülkər dayanıb gözləyirdi. Şahmar öz aləmində idi. Səs gəldi:
-Niyə dinmirsən?
Şahmar diksindi. İndi yadına düşdü ki, axı o, telefonda Ülkərlə danışırdı. Fikir-xəyal onu elə bürüyüb ki, qız yadından tamam çıxıb.
-Həə…
Ülkər:
-Deyirəm, darıxdığın üçün zəng etmirdin?
Şahmar vəziyyətdən çıxmağa çalışdı:
-Yox, niyə ki?! Zəng etmək istəyirdim, amma sən məni qabaqladın.
Ülkər istehza ilə:
-Zəng etmək fikrin vardısa, bəs niyə dayanıb durdun? – deyə onu çətin vəziyyətə saldı.
-Acığım soyuyan deyil, – dedi. Sonra səsinə mülayim ahəng qataraq əlavə etdi. -Amma mən həqiqətən səndən ötrü darıxmışam.
Şahmar sevindi. “Deyəsən yumşalıb. Kefi də sazdır. Bundan istifadə etmək lazımdır. Məndən hayıf çıxırmış. Neçə aydır itirib-axtarmamış, hal-əhval tutmamışam. Kim olsa, acığı tutar da. Qadındır. Kişisizdir. Tək darıxır, dincəlmək, əylənmək, vaxt keçirmək istəyir. Yalvar-yaxar edib uşağı saldırmağı boynuna qoyaram.
Ülkərin:
-Yaxşı yemək bişirmişəm. Səbzi plov, yarpaq dolması…Konyakım da var, -deməsi Şahmarı çox şadlandırdı.
Ülkər Şahmarın konyakı sevdiyini bilirdi.
-Səni qonaq çağırıram! Gəl, oturaq. Əvvəllərdə olduğu kimi.
Şahmar dərindən nəfəs aldı. Bir anda bütün narahatçılığı yoxa çıxdı, hətta uşaq məsələsini də unutdu. Sevincindən qanad açıb uçurdu. Ülkər dili ilə dedi: “Gəl, oturaq. Əvvəllərdə olduğu kimi”. Ülkərli günləri Şahmarın yadına düşdü. Beləcə yeyib-içər, hamamlanıb, yatağa uzanardılar. Bütün dünya onların olardı. “Belə yumşalarsan! Yəqin aborta razıdır. Amma pula ehtiyacı var. Olsun. Nə qədər desə, tapıb verərəm, təki bu bəladan qurtarım”.
Şahmar cavab vermək istəyirdi ki, Ülkər onu qabaqladı:
-Bir maşına əyləş, tez gəl. Gözləyirəm.
Şahmar ayağa qalxıb həyətə düşdü. Taksiyə minib yola düşdü.
* * *
Fərid artıq böyümüşdü. Elmira uşağa qalmışdı. İkinci övladını gözləyirdi. Şəkər xəstəliyi Şəfiqə xanımı haldan salmışdı. Bir az həyəcanlanan, yaxud hirslənən kimi şəkəri kəllə-çarxa çıxırdı. Fərid gözlərini Elmiranın qarnına zilləyərək:
-Ana gonbul olub, – deyirdi.
Belə anlarda Şəfiqə xanım:
-Bəs nənə?
-Nənə gonbul deyil. Ana çoxlu yemək yeyir, ona görə gonbuldur. Nənə sözə baxmır, yemək yemir, böyük qız olmayacaq.
Şəfiqə xanım nənəsinin bu sözlərini eşidəndə fərəhlənir:
-Nənə dilini yesin, – deyirdi.
Fərid nənəsi ilə razılaşmır, deyirdi:
-Yox, nənə. Dilimi yesən, necə danışaram?
Sakitcə dayanıb qayınanası ilə oğlunun dialoquna qulaq asan Elmira da xoş hal olur, sevinci köksünə sığmırdı:
-Ay mənim ağıllı oğlum! – deyirdi.
Fərid onun özünə deyilənləri imkan tapıb nənəsinə və anasına qaytarırdı.
Mətbəxdə idilər. Şəfiqə xanım kartof soyur, Elmira döyülmüş ətdən kotlet hazırlayırdı. Şahmar söz vermişdi ki, bu gün evə tez gələcək. Onun nədənsə bərk dilxor olması hamının qanını qaraltmışdı. Şahmarı heç belə görməmişdilər. Özünə qapılaraq bir söz demir, əhvalının nə üçün pozğun olduğunu açıb-ağartmırdı. İnsan öz dərdini bölüşəndə necə olmasa yüngülləşir.
“Tıq-tıq xanım” göstərilirdi. Cizgi filminə baxandan sonra Fərid anasına yaxınlaşıb sualı sual dalınca verməyə başladı:
-Tıq-tıq xanım niyə suya düşdü?
-Siçan bəy niyə Tıq-tıq xanımı evdə qoyub toya getmişdi?
-Tıq-tıq xanımla Siçan bəy barışdılar?
Elmira mətbəxdə işini görə-görə arada hövsələ ilə Fəridin suallarına cavab verirdi. Heç zaman onun xətrinə dəyməzdi. Suallarına cavab alandan sonra Fərid nənəsinə yaxınlaşdı:
-Kotleti kimin üçün bişirirsən?
-Ata gələcək, oturub şam edəcəyik.
-Ata gec gəlir, ata gəlmir. O gələndə mən yatıram. Ata niyə evə gec gəlir?
Fərid artıq Şahmarın hərəkətlərinə öz münasibətini bildirməyə başlamışdı.
Şam yeməyi hazır idi. Çoban salatı düzəltməyə başladılar. Çörəyi dilimlərə ayırıb çörəkqabına düzdülər.
Elmiranın mobil telefonu səsləndi. Nömrəsiz zəng idi. Kim ola bilərdi? Telefondakı həyəcanlı danışırdı. Kişi səsi idi:
-Şahmarın anası, ya da həyat yoldaşı lazımdır.
-Eşidirəm, həyat yoldaşıdır.
-Bacı, Sumqayıt yolunda bədbəxt hadisə baş verib. Avtomobil qəzası baş verib. Şahmarın mindiyi maşın xurd-xəşil olub. Şahmar özü isə maşından betər gündədir.
Elmira qulaqlarına inanmadı. Donub qaldı. Şəfiqə xanım telefon zəngindən sonra gəlinin əhvalının qarışdığını görüb əl-ayağa düşdü:
-Şahmardır? Yenə bir işi çıxıb?
Elmiranın səssiz-səmirsiz dayandığını, rənginin kətan kimi ağardığını görüb onun da sifətinə ölüm rəngi çökdü. Şəfiqə xanım Elmiraya sarı gəlib onu qucaqladı:
-Nə olub, qızım, desənə.
Elmira:
-Şahmar qəzaya uğrayıb. Həlak olub, – deyib tir-tap yerə sərildi.
“Ölüb” sözünü eşidən kimi Şəfiqə xanımın da ürəyi gedib onun yanına düşdü. Fərid onlara baxıb bir şey başa düşmədi. Yaxşı ki, Şəfiqə xanımın bacısı Rəfiqə onlarda idi. Eyvanda əyləşib hava alırdı. Fərid qorxmuş vəziyyətdə onun yanına qaçdı:
-Rəfiqə xala, anamla nənəm öldü, – deyib göz yaşlarını axıtdı.
Rəfiqə xanım qaçaraq otağa girdi. Onları yerdə sərəli görüb təcili yardıma zəng etdi.
* * *
Elmira xəstəxanada gözlərini açdı. Ətrafa baxdı: “Bura haradır? Burada nə gəzir?” Başa düşdü ki, xəstəxanadadır. Bilmədi ki, buraya nə üçün gətirilib. Qarın nahiyəsində ağrı hiss edirdi. Əlini qarnına apardı. Dəhşət içərisində dik atıldı. Qışqırığına həkim, bir də Rəfiqə gəldi. Rəfiqə Tez onu qucaqladı:
-Sakitləş, qorxulu bir şey yoxdur. Şükür Allaha!
-Bəs…
Rəfiqə ona sözünü tamamlamağa imkan vermədi:
-Körpəni itirdin, əziz bacı. Yaxşı ki, özünə xətər toxunmayıb. Ema, özünü ələ al.
Elmira həyəcan və təşvişlə:
-Mənə nə olub?
Bir anlığa fikirləşib yadına salmağa çalışdı:
-Zəng gəldi. Özümdən getmişəm. Körpəni itirdim? Telefonda dedilər Şahmar ölüb. Aman Allah! Bu nə cəzadır mənə verirsən?! Şahmar da yoxdur, körpəm də…
Birdən uca səslə:
-Bəs Fərid hanı? – deyə xəbər aldı.
-Narahat olma.
Bu zaman Rasim müəllimlə Maral xanım, yanlarında Fərid içəri girdilər. Maral xanın tez özünü Elmiranın üstünə atdı, dalınca da Fərid. Fəridin yanıqlı səsi eşidildi:
-Ana, anacan! Sənə nə olub?
Rəfiqə çıxdı. Elmira Fəridi bağrına basdı:
-Oğlum, narahat olma, anan yaxşıdır.
Elmira ata-anasını görüb kövrəldi. Ağlamağa başladı. Fərid də ona qoşuldu.
Maral xanım qollarını geniş açaraq hər ikisini – qızını və nəvəsini qucaqladı:
-Elmira, toxta, uşağı qorxutma. Hövsələli ol.
Elmira itirdiyi körpəsindən atasının yanında söz açmaqdan utanıb Şahmarı soruşdu:
Rasim müəllim:
-Qızım, hər tərəfi ələk-fələk elədik. Baş çəkmədiyim, zəng edib soruşmadığım xəstəxana qalmayıb. Şahmar yağlı əppək olub yoxa çıxıb. Gördüm deyən yoxdur. Çox qəribədir. Polislər ayağa qalxıblar, ölüsünü, dirisini tapacaqlar. Sənə zəng edən adam yaşlı idi, yoxsa cavan?
Elmira yadına salmağa çalışdı. Xatırlaya bilmədi:
-Səsi ayırd eləmək olur ki, ay ata. Bəzən cavan adamın səsi qoca səsinə, qoca adamın səsi cavan səsinə oxşayır. Məncə, orta yaşlı idi.
Rasim müəllim həkimə sarı dönüb:
-Nə fikirləşirsiniz?
Həkim dedi:
-Vəziyyət normaldır, evə apara bilərsiniz. Amma qayınanası hələlik xəstəxanada qalmalı olacaq.
Elmira:
-Ona nə olub? – deyə soruşdu.
-Aldığı xəbərdən halı pisləşib.
Elmiraya demədilər ki, Şəfiqə xanımın şəkəri o qədər qalxıb ki, gözləri tutulub. Rəfiqə indi onun yanında idi.
Həkimlər nə qədər deyirdilərsə, Rəfiqə nə qədər yalvarıb-yaxarırdısa Şəfiqə xanım aram olmur, sızıldayır, ağlayır, oğlundan ötrü ah-uf edirdilər.
Rəfiqə onu sakitləşdirməyə çalışırdı:
-Bacım, canım, bir zəngə görə ikiniz də döşəndiniz. Heç bilinmir kim idi zəng edən, hansı məqsədlə zəng çalıb, qarnının azarı nə olub. Bəlkə elə Şahmarın düşməni olub. Bəlkə Şahmara heç nə olmayıb.
Şəfiqə xanım ağlamağına ara vermədən:
-Necə yəni heç nə olmayıb? – dedi. -Bəs elə isə niyə, nə üçün səs-sorağı yoxdur. Evə gəlməyib. Mən də, Elmira da xəstəxanaya düşmüşük. Başı əlində olsaydı, özünü çatdırardı. Mənə düzünü de, Şahmarı harada dəfn elədiniz? Heç olmasa atasının yanında basdırdınızmı?
Rəfiqə onun əllərindən tutub sinəsinə sarı çəkdi, qucaqlayaraq:
-Ay bacı, nə danışırsan? – dedi. -Nə dəfn, nə basdırmaq? Şahmardan bir xəbər var ki? Rasim qardaş düzü-dünyanı bir-birinə vurub. Gördüm deyən yoxdur. Həmin gün həmin saatda Sumqayıt yolunda avtomobil qəzası da olmayıb.
Şəfiqə xanım dikəldi:
-Olmayıb? Bəs binəva oğlumun başına görən nə gəlib? Yəqin öldürüb dənizə, çaya, dərəyə atıblar ki, izi-tozu qalmasın. Qəza məsələsini də yalan-palandan düzəldiblər.
Rəfiqə onda inam yaratmağa çalışdı:
-Öldürsəydilər, açıb-ağartmazdılar.
Şəfiqə xanım heç cür özünü ələ ala bilmirdi:
-Görünür öldüyünü də qəsdən deyiblər ki, yanıb-tökülək. Düşmənli imiş bədbəxt oğlum. Yetim qoyub getdi, məni də ağlar qoydu. Balam vay!
Şəfiqə xanım qıyya çəkdi. Həkim özünü yetirdi:
-Yenə bu xanıma nə olub? Özünü həlak edəcək. Biz çalışırıq şəkərini salaq, bu da əksinə, özünə divan tutaraq şəkərini qaldırır.
Həkim Şəfiqə xanıma müraciətlə dedi:
-Xanım sakitləşin. Biz sizi ayaq üstə qaldırmağa çalışırıq, siz isə əziyyətimizi yerə vurursunuz.
Şəfiqə xanım:
-Şahmarım əlimdən gedəndən sonra şəkərimin aşağı, yaxud yuxarı olmasının bir mənası varmı? Belə sağ qalmaqdansa, özümə ölüm arzulayıram.
Həkim başını bulayaraq getdi. Rəfiqə bacısını sinəsinə sıxdı. O da bərk kövrəlmişdi:
-Bacı, sakitləş. İnşallah sənə xoş xəbər verərəm. Özün yaxşı bilirsən, Şahmar əhli-kef adamdır, başı Allah bilir harada qarışıb. Ola bilsin heç Bakıda deyil, hansısa rayona gedib. Mənim ürəyim çox sakitdir.
Rəfiqə Elmiranın uşaq itirdiyini bacısına demədi. Şəfiqə xanımın halı lap xarablaşardı.
Həkim gəldi:
-Gəlini evə buraxdıq. Sabah da səni evə yazarıq. Özünə fikir ver.
Rasim müəllimlə Şəfiqə xanım yanlarında Fərid içəri girdilər. Fərid nənəsinin üstünə yüyürdü:
-Nənə, can nənə!
Şəfiqə xanım dikəlib onu bağrına basdı, üzündən, gözündən öpdü, kövrəldi.
Elmira da gəldi, Şəfiqə xanımın üzündən öpüb hal-əhval tutdu.
Ertəsi gün Şəfiqə xanımı da evə yazdılar. Bir yandan oğlunun öldü-qaldı xəbərinin olmaması, digər tərəfdən, işıqlı dünyaya həsrət qalması onu üzürdü. Aranı Turana aparır, Turanı Arana gətirirdi. Yeməkdən-içməkdən də qalmışdı.
Elmira da əli qoynunda otaqda fırlanır, əli işə yatmırdı.
* * *
Şahmar harada idi? Niyə ondan səs-soraq çıxmırdı? Ölmüşdü, yoxsa sağ idi? Ölmüşdüsə, niyə yeri tapılmırdı? Sağ idisə, bəs niyə görünmürdü? Niyə yeri bəlli deyildi?
Bu suallar Rasim müəllimin də, Şəfiqə xanımla Elmiranın da rahatlığını pozmuşdu. Xəstəxanalar, morqlar, ağaclıqlar, gözdən uzaq yerlər, hətta zibilliklər də ələk-fələk edilmişdi. Şahmarın telefonu söndürülmüşdü. Soruşulmayan, dindirilməyən adam, dost-tanış qalmamışdı. Öz maşını ilə deyil, taksi ilə getmişdi. Görənlər belə deyirdilər. Hara getmişdi? Nə üçün getmişdi? Niyə qayıtmamışdı? Bu nə görüş idi ki? Bilinmirdi. O gedən olmuşdu. Suallar çox idi. Cavabı da yox. Polislər də həşirdə idilər. Axtarırdılar.
Rəfiqə demişkən, Şahmar həqiqətən öz kefində idi. Ülkərin qar kimi ağ yatağında uzanıb xumarlanırdı. Üç gün keçmişdi. Şahmar göyün yeddinci qatında idi. Heç bilmirdi ki, neçə gündür burdadır. Elə zənn edirdi ki, indi gəlib, bir azdan durub evinə-eşiyinə gedəcək. Qutab sifariş vermişdi. Fəridlə oynaya-oynaya qutabını yeyəcək.
Gəlin geriyə qayıdaq.
* * *
Şahmar pilləkənləri düşüb ofisin qapısı ağzında dayandı. “Axır ki zalımın qızı insafa gəldi. Başqa cür ola da bilməzdi. Ülkəri bir dostu onunla tanış eləmişdi: “Yaxşı candır! Girişsən, əl çəkməyəcəksən”.
Ülkər həqiqətən can alan gözəl idi. Oturub-durmağa dəyərdi. Ərindən ayrılmışdı. Başladılar görüşməyə. Şahmar onu saxlayırdı. Ad günlərində, bayramlarda aldığı hədiyyələr bir yana qalsın, cib xərcliyi də verir, bazarlığını edir, əyin-baş sarıdan korluq çəkməyə qoymurdu. Amma sonradan qızdan soyudu. Ailə borcu, evdəkilərin tənbehi onu düz yola qayıtmağa məcbur elədi. Həm də Ülkər tez-tez sarı simə vururdu. İştahası böyük idi. Evli olduğunu bilə-bilə Şahmarı ailəsindən soyudub ona ərə getmək istəyirdi. Şahmarın Elmiranı boşaması isə mümkünsüz idi. “İpək kimi, çiçək kimi arvadım var. Nəsilli, nəcabətli ailədəndir. Mənə sədaqətlidir. Ailəsinin xətrinə Şahmarın yaramaz hərəkətlərinə də dözür. Gül kimi oğlum var”.
Bütün bunları ölçüb-biçən Şahmar axırda qərara aldı ki, Ülkərdən uzaq dursun. Amma nə olsun? Ülkər bildiyini eləmişdi. Ona sürpriz hazırlamışdı. Belə getsə, bu qızdan heç zaman yaxa qurtara bilməyəcək! Arada Ülkəri onunla tanış edən dostunu lənətləyirdi. O olmasaydı, bu Ülkərə haradan rast gələcək, ilişəcəkdi?!
Ülkərlə heç cür evlənə bilməzdi! Lap Elmira ilə boşansalar da. Dostu dili ilə demişdi: “Nə zamandır onunla gəzib-dolanıram. Artıq doymuşam. Bir az da sən gün keçir. Xoşuna gələcək. Peşman olmazsan.
Arxayın olmaq üçün Şahmar soruşmuşdu: “Problem yaradan deyil ki?”
Dostu cavabında demişdi: “Yox, narahat olma”.
İndi beləsini evinə necə buraxasan? Yanına salıb hara aparasan? Elə-belə olar. Bir məşuqə kimi. Arvad kimi yox. O deyəcək “bununla keflər görmüşəm”, bu söyləyəcək “heç bilirsən nə candır!”. Şahmar da bu fahişəni özünə arvad edib. Belə deyəcəkdilər. Özünə deməsələr də, ardınca danışacaqdılar. Ondan sonra əlac ona qalır ki, başına ləçək bağlayasan.
Ülkər işvə-nazla Şahmarı qarşıladı. Ətirlənmişdi. Əyninə uzun xalat geyinmişdi. Xalatın yuxarıdan iki düyməsi, aşağı hissədən də bir düyməsi açıq idi. Qar kimi ağ sinəsi görünürdü. İrəli yeriyib Şahmarın boynuna sarıldı. Şahmarın bədəninə xoş bir istilik yayıldı. Dodaqlar görüşdü.
Dünyanın naz-neməti süfrəyə düzülmüşdü. Keçib əyləşdilər. Ülkər şampan şərabını qədəhlərə süzdü. Badəni qaldırıb ayağa qalxdı. Gəlib Şahmarın yanında əyləşdi. Şahmar öz-özünə: “Bə o gün deyirdi içki içmir. Bəhanəsi də bətnindəki idi. İndi birdən-birə nə oldu buna?”
Badələri toqquşdurdular. Şahmar:
-Sənin sağlığına!
Ülkər də öz növbəsində badəni bir qədər də yuxarı qaldıraraq:
-Sənin sağlığına! – dedi.
Şahmar öz-özünə düşündü: “Yaxşı məqamdır. Bu gün işləri yoluna qoyacağam, inşallah.
Şahmar şərabı son damlasına qədər içib, üzüm salxımından bir gilə qoparıb ağzına qoydu.
Ülkər şərabı dodağına vurub, içmədi. Qədəhi stolun üstünə qoydu. Bir-birinə sarılıb, bir-birini öpüşlərə qərq edərək nahar etdilər. Şahmar hər dəfə badəni qaldırıb sağlıq deyərək içir, sonra çərəz əvəzinə Ülkərin dodaqlarından öpməklə şərabın acılığını rədd edirdi.
Şahmar içsə də, çalışırdı ki, həddini aşmasın, məsələni elə bu gün çürüdüb arxayın evinə dönsün.
-Nə fikirləşirdin?
Bunu Ülkər soruşdu.
-Sənin barəndə düşünürəm. Sən illər, aylar ötdükcə daha da gözəlləşirsən.
Bunu da Şahmar dedi.
Ülkərin xalatının ətəyi yana düşdüyündən ağappaq qıçı açıqda qalmışdı. Şahmar əlini onun qıçının üstünə qoydu. Ülkər alışıb-yanırdı.
-Gözəllikdə sənə tay ola bilməz!
Ülkər gözlərini süzdürərək:
-Elə isə niyə dayanmısan? Qoy bu gözəllik həmişəlik sənin olsun!
Şahmar əlini çəkdi:
-Həmişəlik?
-Yəni deyirəm qurtaraq bu məsələni.
Şahmar sevincək:
-Hə, elə mən də bu fikirdəyəm.
Ülkər şad:
-Evlənək, qurtarsın getsin!
Şahmarın halı dəyişdi: ”Bu qız elə çaldığını çalır”.
-Necə yəni evlənək? Mən evliyəm. Ailəm var, uşağım var.
Ülkər:
-Ailən yenə olacaq, – deyib əlini qarnına apardı. –Uşağın da olacaq!
-Ülkər, sən düz deyirsən. Mən neçə müddətdir, səninlə əlaqəni kəsmişdim. Başa düşdüm ki, bu, yaxşı hərəkət deyil. Əlaqəmizi bərpa edək, yenə görüşək. Nə zaman istəsən, mən sənin hüzurunda hazır olaram.
Ülkər istehzalı gülümsəyişlə dedi:
-Mən təsadüfi görüşlərin tərəfdarı deyiləm. İstəyirəm ki, həmişə yanımda olasan. Oynaş-məşuq kimi yox, bir ər kimi!
Şahmar sarısını uddu: “Yox, bu qızla məsələləri yoluna qoymaq heç də asan başa gəlməyəcək. Bu işdən rüsvayçılıq iyi gəlir. Bu qız evimdə, ailəmdə böyük mərəkə yaradacaq. Ailəmi dağıdacaq. Məni məhv edəcək. Ülkərə rast gələn yerdə qıçım qırılaydı!
-Ülkər, canım, ürəyim, məni başa düş. -Şahmarın dili topuq çaldı. –İstəyirsən bütün günü bitim sənin bağında, bağçanda. Telindən bir tük qoparıb yandıran kimi qulluğunda hazır olum. Lap nağıllarda deyildiyi kimi! Sənə nə hədiyyə deyirsənsə, alım. Lap ər-arvad kimi yaşayaq, amma ailəmi bura qatma, ailəmə toxunma! Qohum-əqrəbam var, dost-tanışım var. Deməsinlər birisinə uyub ailəsini atdı.
Ülkərin kefi pozuldu:
-Bax, görürsən?! Öz-özünü ifşa edirsən. Mənə birisi kimi baxırsan. Sözünə bir diqqət elə: “birisinə uyub ailəsini atdı”. Bunu deyənlər həm də sənin sözlərin böyür-başına “fahişənin birisinə uyub” sözlərini də artıracaqlar, həə? Sən özün də belə fikirləşirsən.
Şahmar özünə haqq qazandırmaq üçün:
-Yox, yox, elə demək istəmirdim, – dedi. -Deyirəm yəni məni alçaltma.
Ülkər:
-Mən isə ömrüm boyu fahişə olaraq qalım? Budur sənin məntiqin? Bir var deyim ərimi gözləyirəm, “bu mənim ərimdir”. Bir də var deyəsən: oynaşımı gözləyirəm, mənim məşuqumdur. Gəlib mənim işimə baxıb getsin. Bəs sən məni təhqir etmirsən, alçaltmırsan?
Şahmar əlac tapdığına sevindi. “Yəqin Ülkər də bu təklifə şad olacaq”:
-Niyə elə fikirləşirsən? Qohum-əqrəbadan birini taparam, alar səni, evin də olar, ailən də, ərin də.
Ülkər acı-acı və istehza ilə güldü:
-Sonra arada xəlvəti, ərimin gözünü oğurlayıb ehtirasını söndürmək üçün yanıma gələrsən: Həə…
-Gəlmərəm, yaxşı.
Ülkər qəti:
-Yox, gələcəksən, – dedi. -Bir ər kimi.
-İşə düşmədik.
Ülkər ciddi:
-Uşağına yiyə durursan, durmursan? – deyə soruşdu.
Şahmar cavabında bildirdi:
-Tərslik eləmə. Gedək həkimə, saldır uşağı. Bununla da hər şey qurtarıb getsin.
Onun hiyləsini başa düşən Ülkər nifrətlə ona baxdı:
-Sən də ilim-ilim itəsən? Heç nə belə sadəcə qurtarıb getməyəcək!
Şahmarın ağlına gəldi:
-Onda molla ilə kəbin kəsdirək.
Ülkər etirazını bildirdi:
-Yox, nikah bağlayaq. Sənə yaxşı, sədaqətli arvad olaram, söz verirəm. Xəyanət etsəm, başımı kəsərsən. Dilimdən iltizam verərərm.
Ülkər xalatının düymələrini açdı, bütün bədəni açıqda qaldı. Altdan da heç nə geyməmişdi.
-Belə bədəndən imtina edirsən?
Şahmar ayağa qalxmaq istədi. Ülkər qoymadı:
-Söhbətimizi bitirməmişik. Yaxşı konyakım var, fransız.. sənə söz vermişdim. Unudub mətbəxdə qoymuşam, mən də içəcəyəm. İndi qızışıb bir-birimizə ağzımızdan gələni deyirik içək, söhbətimizi davam etdirək.
-Yaxşı.
Ülkər mətbəxə keçdi. Məcməyidə konyak şüşəsi və konyak dolu iki badə gətirdi. Qədəhlərdən birini Şahmara uzatdı:
-Mənim sağlığıma iç, ağıllı qız olacağam.
Bunu eşidən Şahmarın daxilində bir ümid qığılcımı yandı. Konyakı içdi, az sonra yavaş-yavaş gözləri yumuldu. Ülkər qollarından tutub onu yatağa sarı apardı. Soyundurdu və özü də xalatını bir tərəfə tulladı.
* * *
Rəfiqə Şəfiqə xanımı əlindən tutub otaqda gəzdirirdi. Fərid, adəti üzrə sakitcə oyuncaqları ilə oynayırdı. Elmira da mətbəxdə idi.
Şahmarın səsi idi. Elmira qulaqlarına inanmadı. Bir də soruşdu:
-Kimdir?
-Şahmardır.
Elmira qeyri-ixtiyari:
-Şahmardır, -deyib düyməni basdı.
Blokun qapısı açıldı. Şahmar binaya daxil oldu.
“Şahmardır” sözünü eşidən Şəfiqə xanım haldan-hala düşdü:
-Can bala, gələn ayaqlarına qurban. Gəl məni ölümdən qurtar!
Mənzilin qapısını açıb gözlədilər. Lift dayandı, Şahmar göründü. O, evdəki dəyişiklikləri dərhal sezdi. Rəfiqə Şəfiqə xanımın qolundan tutmuşdu. Anasının yerişi ləng idi. Kor adamlar kimi əllərini qabağa uzadıb Şahmarı axtarırdı. Şahmar özünü anasına doğru atdı:
-Ana, anacan! Sənə nə olub? De.
-Ay bala, anana olan-olub. De görüm, sənə nə olmuşdu. Barı sağ-salamatsan?
Bunu deyən xalası Rəfiqə idi.
Şəfiqə xanım əllərini Şahmarın sir-sifətində, bədənində gəzdirdi:
-Şükür, sağ-salamatsan.
Şahmar Elmiraya sarı getdi. Ondakı dəyişikliyi də dərhal gördü və yerində dondu:
-Bə…
Elmira ağladı:
-Körpəni itirdik…
Şahmar başa düşdü ki, bütün bunların səbəbkarı odur.
Fərid dayanıb baxırdı. Şahmar başını qucaqlayıb hərəkətsiz dayanmışdı. Sonra irəli yeriyib Fəridi qucağına götürüb öpdü:
-Necəsən, oğlum?
-Yaxşıyam, ata. Harada idin? Anam səndən ötrü çox ağladı, arıqladı. Nənəm də ağlayırdı. Rasim baba ilə Maral nənə də bizdə idilər. Tək sən yox idin. Hara getmişdin? Nənəmlə anam dolma bişirmişdilər. Sən gəlmədin, dolma qaldı, yemədik. Sən gəlmədiyin üçün əvvəlcə anam, sonra da nənəm yerə yıxıldılar. Həkimlər gəlib onları apardılar.
Fərid dil boğaza qoymurdu. Şahmar susurdu. Rasim müəllim zəng etmişdi, Elmira ilə danışırdı. Rasim müəllim deyirdi:
-Polislər sənə zəng edən adamın telefon nömrəsini tapıblar. Amma itmiş, yaxud oğurluq telefondan zəng edilib. Telefon sahibinin polisə ərizəsi də var. həmin hadisədən iki gün əvvəl ərizə yazıb ki, telefonum oğurlanıb. Yenə də bilinmədi ki, zəng kimin zəngidir.
Elmira axıra qədər qulaq asıb dedi:
-Ata, Şahmar gəlib çıxdı.
-Gəldi? Nə yaxşı. Gözün aydın, qızım! İndi ananla mən də gəlirəm.
* * *
Hamının gözü Şahmarda idi. Onun nə deyəcəyini, bu üç gündə harada olduğunu bilmək istəyirdilər. Şahmar isə susurdu. Gah yuyunur, gah paltarını dəyişir, gah da üzünü qırxmaqla özünü məşğul göstərirdi.
İndi Rasim müəllimlə üzbəüz oturmuşdular:
-Ay oğul, din, danış. Üç gün əvvəl bir maşına oturub harasa getmisən. Bir neçə saat keçmiş zəng edib Elmiraya deyiblər ki, sənin mindiyin maşın qəzaya uğrayıb, sən də həlak olmusan.
Şahmar qəddini düzəltdi: “Bu nə danışır?!”
-Bu xəbəri eşidən kimi Şəfiqə xanımın gözləri tutulub, Elmira da yerə yıxılıb, uşaq da tələf olub. Yaxşı ki, xalan evdə imiş. Bir əlcə uşaq – Fərid dəli olardı. Tək-tənha nə eyləyə bilərdi?! Rəfiqənin zəngindən sonra təcili yardım maşını gəlib onları xəstəxanaya aparıb.
Şahmar Ülkərin əlindən qurtarandan bəri hey fikirləşirdi ki, bu neçə günü harada olduğunu yaxınlarına necə izah edəcək? Ağlına bir şey gəlmirdi.
-Polislər axtarış elan etmişdilər.
Bu söz Şahmara çox pis təsir etdi: ”Gör iş nə həddə çatıb. Əlacsızlıqdan polis işə qarışıb”.
Rasim müəllim görəndə ki, Şahmar başına gələnlərdən söz açmaq istəmir, o da dərinə getmədi.
* * *
Ertəsi gün Şahmar oyanıb yuyundu. Səhər yeməyinə oturanda Ülkər onun başını qataraq yenə ona dərman verərək, yatırmışdı ki, durub evinə getməsin. Axşam da eləcə. Bu minvalla Şahmarı üç gün mənzilində saxlamışdı. Hələ bu azmış kimi Elmiraya zəng vuraraq, demişdilər ki, Şahmar avtomobil qəzasına düşüb, həlak olub.
Bununla Şahmarın ailəsində qanıqaraçılıq yaratmaq, onu zor-bəla ilə də olsa, özünə bağlamaq, ailəsini dağıtmaq fikrindəydi. Şahmar arada mənzili tərk etmək istəyəndə Ülkər sirkəni götürərək, özünü öldürəcəyi ilə Şahmarı qorxudur, hədələyirdi. Belə vəziyyətdə Şahmar bir yol tapıb onun əlindən güc-bəla ilə qurtula bildi.
Məsələ onun düşündüyündən də ağır idi. Başına gələnlər azmış kimi üstəlik Elmira bətnindəki körpəni salmış, anasının gözləri tutulmuşdu. Rasim müəllimlə Maral xanın onun yoxa çıxmağından xəbər tutmuşdular. Bundan başqa, neçə gün idi ki, polislərin də dincliyi yox idi. Nə olsun Şahmar tapılmışdı?! Lap yaxşı. İndi onu çağırıb sorğu-suala tutacaqdılar: harada idin? Kiminlə idin? Evə niyə gəlmirdin?
Fikirdən-xəyaldan Şahmarın başı partlayırdı. Hamı onun nə zaman dilə gələcəyini gözləyirdi. O isə susurdu. Bunu görən Rasim müəllim Maral xanıma göz-qaşla başa saldı ki, durub geyinsin. Elmira bir xəbər öyrənsə, onsuz da anasına deyəcəkdi. Amma Elmira evindəki hər söz-söhbəti də anasına çatdırmırdı. Boş yerə onların qanını qaraltmaq istəmirdi. Adamın belə gəlini ola!
Axşam düşdü. Fəridi yatırtdılar. Şəfiqə xanımı otağına apardılar. Rəfiqə hələ ki, burada – bacısının yanında qalırdı. Şəfiqə xanımın gözdən olması onu ağrıdırdı. Elmira Şahmara müraciətlə:
-Çaydan, yeməkdən nə istəyirsən? – deyə soruşdu.
“Yox” cavabını alıb o da öz otağına çəkildi. Telefon səsləndi. Ülkər idi. Cavab verməyib, telefonu qapadı. Ülkərlə söhbətləri tutmamışdı: “Görəsən gələcəkdə məni nə gözləyir? Bu Ülkər məndən əl çəkən zibil deyil. Bəs polislər?! Sabah saat 10-da polis idarəsinə çağırıblar. Bu məsələni açıb-ağartmaq olmaz. Bəs rəisə nə deyim? Yaxamdan əl çəksəydilər… Amma inandırıcı dəlil olmalıdır. Bəs nəyi bəhanə gətirim? Mərdanzadə prokurorluqda işləyir. Prokurorun müavinidir. Sinif yoldaşım olub. Çoxdandır görüşmürük. Məni pis qarşılamaz. Gedim dərdimi ona danışım, bir yol göstərsin. Həm də polis rəisinə tapşırsın ki, məni çox da çək-çevirə salmasınlar. Bu məsələnin altından bir daş, üstündən də bir ağır daş qoysunlar!”
Bəs evdəkilərə nə desin? Tutaq ki, polislər əl çəkdilər. Ölüm yox, itim yox. Bəs Ülkər? Ondan yaxa qurtara bilməyəcəyəm. İki ay, üç ay, axır ki, uşaq doğulacaq. İndi nə var ki? Onda bütün aləm mənim əməlimdən xəbər tutacaq. Bu insan adlı məxluqun niyə bir damarı boşdur? Niyə haqqın səsinə qulaq asmır, şeytan əməlinə uyur? Şeytan onu yoldan çıxarır. Elmiranın mənə nə yamanlığı dəyib ki, ona bu qədər əzab verirəm?! Rasim müəllim də, Maral xanım da ipək kimi adamlardır. Mənim əməllərimə göz yumurlar. Qızlarının, nəvələrinin xətrinə. Bu nə işdir düşdüm? Bu qız nə bəlaymış , bilməmişəm. İnad edib durur ki, yox, doğacağam, uşağına yiyə dur. Aləmi bir-birinə qatacağını deyir. Başıma haranın külünü töküm? Yol verdiyi bütün əməllərinə adamları başa düşmək olur. Bircə oğurluqda bu arvad məsələsi insana çox xəcalət gətirir. Oğurluq hallarının da bir çıxış yolu olur – imkansızlıqdan edib oğurluğu. Bəs arvadbazlığa nə ad verəsən, dərdini kimə deyəsən. Deməlidir ki? Nə isə…
Yataq otağının açıq qapısından içəri boylandı. Elmira yatağı düzəldirdi. Sonra görünməz oldu. Gecə lampası yandı. Elmira şifonerin qabağına keçib üst paltarını dəyişib, gecə köynəyini geydi.
Şahmar indi hansı üzlə gedib yatağa girsin. Elmiranın yanında uzansın. Dünən Ülkərin qolları arasında idi. Onunla gün keçirirdi. Bu gün də gəlib arvadı ilə yatsın? Bu böyüklükdə həngamədən sonra buna hansı haqqı, hüququ, ixtiyarı vardı? Öz-özündən iyrəndi. Gül kimi arvadını necə də ayağa verir.
Eyvana çıxıb siqaretini yandırdı. Şəhər yatırdı. Göydə ulduzlar sayrışırdı. Xəfif meh xoş sərinlik gətirirdi. Amma Şahmar bu sərinliyi hiss etmirdi. Bədəni od tutub yanırdı: “Bu işlərin sonu necə olacaq? Axırda necə qurtaracaq?”
Göydə bir ulduz axdı. Şahmar onu görüb lap dilxor oldu: “Bu, pis əlamətdir! Allah özü saxlasın!”
* * *
Həqiqətdə nə baş vermişdi? Ülkər konyaka yuxu dərmanı qatmışdı. Şahmar yuxulayan kimi aparmışdı çarpayıya. Özü də girmişdi yanına. Bunu, artıq demişik. Şahmarın mobil telefonunu söndürüb gizlətmişdi. Odur ki, ona zənglər çatmırdı.
* * *
Sabah prokurorluğa gedəcəkdi. Bir işin dalına gedəndə də gərək iş-iş olsun, bir adamın qapısını açanda da gərək ərklə, ürəklə açasan! Yoxsa…
Mərdanzadə Şahmarı səmimiyyətlə qarşıladı, xoş dillə danışdırdı:
-Haradasan? İtib-batmısan.
Şahmar onun göstərdiyi yerdə əyləşdi. Mərdanzadə də keçib onunla üzbəüz qoyulmuş stulda ətləşdi:
-Necəsən? Rasim müəllim necədir?
Şahmar onun suallarına sıxıla-sıxıla cavab verirdi. Mərdanzadə Şahmarın sıxıldığını görüb:
-Bura bax, nə məsələdir? Birbaşa mətləbə keç, özü də heç nəyi gizlətmə. Bacardığımız köməyi edərik. Bu iki-üç günü harada olmusan? Öldü xəbərin çıxıb.
Şahmarəhvalatı, necə ki, olmuşdu, danışdı. Tay-tuş idilər, nədən çəkinəcəkdi?
-Deyir uşağa qalmışam, abort da etdirməyəcəyəm. Mərdanzadə stəkanlara “Gədəbəy” suyu süzdü. Stəkanın birini götürüb Şahmara da işarə etdi ki, su içsin. Şahmarın boğazından su keçərdi? Odur ki, su stəkanına baxmadan:
-Qalmışam odla su arasında, – dedi.
Mərdanzadə qaşlarını çatdı:
-Bura bax, bəlkə başını aldadır, heç uşaq-muşaq yoxdur, pul qoparmaq istəyir? Özünü yorma. Nə qədər pul istəsə ver, başından elə. Bu arvadlarla bacarmaq çətindir. Yaxandan ki, yapışdı, çətin qopa.
Şahmar sinif yoldaşının yanına böyük ümidlə gəlmişdi. Mərdanzadə də onu qınayırdı.
-Bu barədə söhbətimiz olub. Pula yaxın durmur. Fikrində qətidir. Doğmaq istəyir. Guya həkim deyib abort eləsən, bir daha uşağın olmayacaq. Həm də fikri budur ki, onu alım, uşağa yiyə durum.
Mərdanzadə bayaqdan əlində tutduğu stəkanı qaldırdı. Sərin sudan içə-içə:
-Hə, əzizim, yaman ilişmisən, – dedi. -Ay zalım, oturub-duranda da eləsini tapasan gərək ki, sonradan səni incitməsin, anadan əmdiyin südü burnundan tökməsin, səni rüsvay eləməsin. İndi çoxları müəyyən mənafe güdərək insanlarla münasibətə girir. Görünür elə bunun da əvvəldən bir marağı olub.
-Dedim ki, yəqin fikrindən daşınıb. İki-üç gün onun mənzilində yatıb qalmışam. Evimə zəng edib qəzaya düşdüyümü bildiriblər. Xəbər o qədər sarsıdıcı olub ki, arvadım uşağı, aman isə gözünün işığını itirib.
-Rasim müəllimin bu arvad məsələsindən xəbəri var? – deyə soruşdu.
Şahmar dedi:
-Yoxdur. Bunu açıb deyə bilmərəm. Rasim müəllimin bilməsinin qorxusu yoxdur. Elmira xəbər tutsa, məni atıb gedəcək. Ona bələdəm. Qürurludur, belə təhqirə tablaşmaz. Arvadımı boşayıb o qadını ala bilmərəm. Həm də subay olsaydım belə, onunla evlənə bilmərəm. Üzü üzlər görüb.
-Səni başa düşürəm.
Mərdanzadə ayağa qalxdı, Şahmar da durdu.
-Yaxşı, burdan durub gedirsən polis rəisinin yanına. Zəng edib tapşıracağam ki, sənə kömək etsin.
Görüşüb ayrıldılar.
Şahmar küçələri dolaşıb, nəhayət, polis idarəsinə gəldi. Rəisin yanında bir nəfər vardı. Gözləməli oldu. Axır ki, görüşdülər. Polis rəisi onu mehribanlıqla qarşıladı:
-Hə, bilirəm, Mərdanzadə deyib. Bu nə məsələdir? Yoxa çıxmışdın. Belə iş tutarlar? Zəng də edə bilmirdin?
Şahmar hiss elədi ki, tər onu basır. Cib dəsmalını çıxardı. Yaxşı ki, rəis onun bu vəziyyətini görmədi. Həsənli stolun siyirməsindən bir kağız çıxarıb zəngin düyməsini basdı. Katibə içəri girdi:
-Bu kağızı mayor Səlimova ver.
Qız çıxmaq istəyəndə:
-Bizimçin çay gətir, -dedi.
Qız otağı tərk etdi, az sonra iki fincan çayla içəri girdi.
–Hə,ətraflı danış görüm, nə olub?
Şahmar başına gələnlərdən söz açdı. Polis rəisi:
-Məsələ aydındır, – dedi. –Özünə gələn kimi sənə yuxu dərmanı verirmiş. Mobil telefonunu da söndürüb ki, zənglər gəlməsin. Yaxşı, qardaş, durub-oturanda əməli saleh adam tapa bilmirdin?!
Şahmar başını aşağı saldı.
-Deməli, bu yolla səni evindən, ailəndən soyudub, özünü sənə sırımaq istəyir?
-Bəli.
Rəis arxayınlıqla:
-O – o olsun, biz də biz, – dedi. -Əgər sənin Ülkərin yalan-palan uydurub bu oyunları çıxarırsa, dərsini verəcəyik. Elə tədbir görəcəyik ki, bu uşaq məsələsini unudub öz hayına qalsın.
Şahmar soruşdu:
-Fikriniz nədir?
Rəis izah etdi:
-Çağırıb sorğu-suala tutacaq, müayinəyə göndərəcəyik. Uşaq məsələsini uydurubsa, boyun qaçıracaq. Amma ola bilər ki, doğrudan da hamilədir.
Şahmarın rəngi ağardı.
-Başqasından uşağa qala bilər. Müayinə göstərsə ki, o hamilədir, DNK etdirərik. Sənə şər atdığı aşkarlansa, boğazına çökərik. Bu, bir. İkincisi, səni gör neçə gün evində dustaq edib. Bu, bilirsən nədir? Adam oğurluğu. Bunun da ayrıca cəzası var. Üçüncüsü, ailənə zəng etdirib, sənin öldüyünü xəbər veriblər. Bu xəbərdən sonra ananın gözləri tutulub, həyat yoldaşın uşaq salıb. Bu da bir cinayət. Zəng edəni də tapacağıq. O da boynuna alacaq ki, onu kim öyrədib. Beləliklə, sənin Ülkərin üç maddə ilə cinayət məsuliyyətinə cəlb olunacaq.
Polis rəisi danışdıqca Şahmarın rəngi-ruhu özünə gəlirdi:
-Mən məsələnin bu qədər yoğunlaşmasını istəməzdim. İş uzandıqca, Rasim müəllim, qayınanam, həyat yoldaşım, anam, xalam həqiqəti biləcəklər.
Rəis gülümsədi:
-Ona görə də məsələni gərək xoşluqla həll edək. Bəlkə səndən pul qoparmaq fikri var. Ona görə bu oyunu çıxarır.
Şahmar dilləndi:
-Yox, pul məsələsi deyil. Pul təklif eləmişəm. Yaxın qoymayıb.
Rəis güldü:
-Bilirsən nə var? Sənin ona qəpik-quruşun lazım deyil. Görünür, o böyük məbləğə ümid edir. Ona görə razılığa gəlmir, söhbəti uzadır.
Şahmar fikrə getdi:
-Məndə böyük məbləğ haradan?
-Rasim müəllimin qayınatan olduğunu bilir?
-Bilir.
Rəis qəh-qəhə çəkdi:
-Aydındır. Onun imkanlı olduğundan xəbəri var. Bilir ki, bəd ayaqda Rasim müəllimin üstünə qaçacaqsan.
Şahmar razılaşmadı:
-Rasim müəllim bu barədə bilsə, mənə qəpik də verməz. O həmişə deyib: inkişafın üçün, ailənin rifahı üçün nə lazımdırsa, əl tutum. Mənə güvənə bilərsən. Həlləm-qəlləm işlərdən mən uzağam. Mənə ümid eləmə.
-Bura bax, bəlkə sənin Ülkərini öyrədən var?!
Şahmar fikrə getdi, sonra dedi:
-Öyrədən? Kim? Ağlıma kim isə gəlmir.
* * *
Ülkər polis rəisinin qəbulunda idi.
-Buyurun, əyləşin.
Ülkər oturdu. Rəis söhbətə belə başladı:
-Yaxşı, bu nə məsələdir? Adam oğurluğu bilirsinizmi, cinayətdir?
Ülkər təəccüblə rəisə baxdı:
-Başa düşmürəm. Hansı adam oğurluğundan danışırsınız, rəis?
-Şahmarı dilə tutub evə çağırmış, sonra üç gün evindən buraxmamısan.
Ülkər daş atıb başını tutdu:
-Yalandır. Onunla münasibətimiz var. Zəng edib ki, sizə gəlmək istəyirəm. Mən də demişəm: buyur. Gəlib üç gün bizdə qonaq qalıb, sonra da durub gedib. Döyülməyib, söyülməyib, zədəsi yox, yaralı yeri yox. Bu nə kişilikdir? Gəlib gör nəyin şikayətçisi olub?!
Rəis qızın hazırcavablığına heyran qaldı:
-Amma yaman dedin ha.
Ülkər məntiqli danışırdı:
-Mən qadın xeylağı. Sizin dediyiniz kimi, zəif cinsin nümayəndəsi. O boyda kişini necə oğurlaya bilərdim? Gəldi yedi-içdi, yatdı, durdu. Arada dedim evdə narahat olarlar. Dedi: evə getmək istəmirəm, bezmişəm. Ailə həyatından nə isə narazı idi. Heç getmək istəmirdi. Məcbur göndərmişəm.
Rəis Ülkərin məntiqinə heyran oldu:
-Yaxşı, sən nə üçün evinə zəng etdirib demisiniz ki, avtomobil qəzası baş verib, Şahmar da həlak olub.
-Kim, mən? Mən zəng etdirmişəm? Nəyimə lazımdır bu? Burada məntiq görmürəm. Əksinə, istəyirdim Şahmar durub evinə getsin. Özü getmirdi.
Rəis olanı dedi:
-Doğrudur, telefon nömrəsi və səs sənin deyil. Amma adını çəkdiyiniz məntiq şübhəni sənin üzərinə gətirir. Niyə məhz o, yoxa çıxan vaxt onun ailəsinə belə bəd xəbər verilir?
Ülkər hər sözünə, hər cümləsinə fikir verərək danışdırdı. Çalışırdı ki, onu günahlandırmaq üçün rəidə əsas verməsin:
-Rəis, bu, bir qanunauyğunluqdur. Sadəcə hadisələr üst-üstə düşüb. Hansısa düşməni ailəsini sarsıtmaq üçün ona elə xoşagəlməz mesaj göndərib. Sadəcə bu, Şahmarın bizə gəldiyi günə təsadüf edib. Həmin zəngə gəldikdə, mən günahkar deyiləm.
Rəis sınayıcı nəzərlərlə ona baxdı:
-Deməli, burada sənin əlin yoxdur?!
Ülkər inamla:
-Qətiyyən! – dedi.
-Tutaq ki, razılaşdıq. Bəs nə üçün onu buraxmırdınız. Zorla başını götürüb qaçıb.
Ülkər başını buladı. Heç cür təslim olmaq fikri yox idi:
-Nəzərdən qaçırmayın ki, mən onun mənzilinə getməmişəm, yaxud da iş yerindən, küçədən bir maşına mindirib onu qaçırmamışam. Öz ayağı ilə oynar-gülər mənim mənzilimə gəlib. Bir neçə gün qalıb, sonra da çıxıb gedib. Mən dul qadınam. Dostla, yoldaşla görüşməyə, evimdə qonaq qəbul etməyə ixtiyarım var. Mənim mənzilimdə Şahmara zor tətbiq olunmayıb. Biz çoxdanın dostu, yoldaşıyıq. Uzun müddət görüşmüşük. Həm də bizim uşağımız var. O, bətnimdəki körpəmin atasıdır.
Ülkər özü gəlib çıxdı uşağın üstünə. Rəis soruşdu:
-Uşaq neçə aylıqdır?
Ülkər suala sualla cavab verdi:
-Bunun mənası varmı?
-Axı siz xeyli müddət bir yerdə olmamısınız. Uşaq necə ola bilər?
Ülkər su dolu qrafinə işarə ilə:
-Su olarmı?
Rəis başı ilə razılıq verdi. Ülkər fincanı götürdü ki, su süzsün, rəis fincanı onun əlindən alıb onunçun su süzdü. Ülkər suyu içib əlavə etdi:
-Siz bunu bilməyə bilərsiniz. Həm də mənim yox, onun dediklərini əsas götürürsünüz.
-Səni müayinəyə göndərməli olacağam.
Ülkər ciddiləşdi:
-Hansı əsasla? Şikayət var? Ərizəni görmək istəyirəm.
-Təşkil edəcəksiniz? Ərizə olanda müayinəyə göndərərsiniz.
-Yaxşı.
Ülkər meydanoxuyurmuş kimi:
-Ərizə olan kimi, onun həyat yoldaşına sərgüzəştlərimizi danışaram, – dedi.
-Bunu etməzsən.
-Niyə ki?! Haqqım var. O, körpəmin atasıdır.
-Olmayan körpənin?
-Siz artıq mənə təzyiq edirsiniz.
-Sən ailə dağıtmaqda ittiham oluna bilərsən.
Ülkər ayağa qalxdı:
-İcazənizlə gedim.
–Söhbətimiz bitmədi. Səninlə bir daha görüşəcəyik.
-Sağlıq olsun.
* *
Rasim müəllim Şahmarı özünün işdəki kabinetinə çağırmışdı:
-Ay oğul, bu nə məsələdir?
Şahmar qıpqırmızı oldu:
-Rasim müəllim, məni bağışlayın, bir səhvdir, olub. Amma xahiş edirəm, Maral xala ilə Elmira xəbər tutmasın. Uşaq məsələsini yalandan ortaya atıb. Xeyli müddətdir onunla görüşməmişəm. Uşaq məndən olsaydı, çoxdan doğulmuşdu. Bunun hamiləliyi hələ heç o qədər də bilinmir. Mənə şər atır.
-Məqsədi nədir?
-Bilmirəm.
-Polis rəisi düz deyir. Səndən çoxlu pul qoparmaq istəyir. Canının ağrısını öyrən. Nə qədər pul istəyirsə, verim, yaxandan əl çəksin.
* * *
Polis rəisi yenə Ülkəri çağırtdırmışdı. Ülkər ötən dəfə rəisin kabinetinə ürəkli girmişdi. Bəzi orqan işçilərinin xasiyyətinə, iş tərzinə bələd idi. Onlarla qorxa-qorxa danışanda adamı daha çox çək-çevirə salır, tutmadığı işi, yol vermədiyi hərəkəti də boynuna qoyurdular. Şər də atırdılar. Ona görə özünə söz vermişdi ki, diribaş olacaq. Rəisin kabinetindən çıxandan sonra onu ağlamaq tutdu. Bir təhər özünü saxladı. Ətrafda polislər gəzir, söhbət edirdilər. Onu gözü yaşlı görmələrini istəmirdi. Bir qədər uzaqlaşandan sonra bir oturacaqda əyləşib göz yaşlarını axıtdı. Əsəbləri tarıma çəkilmişdi, ağlamaqla sakitləşəcəkdi. Başa düşə bilmirdi ki, Şahmar niyə gedib ondan şikayət edib. Ülkər ona nə demişdi ki? Sadəcə bildirmişdi ki, ondan uşağa qalıb, arvadını boşayıb onu alsın. İstəmir ki, doğulacaq uşaq atasız böyüsün. Burada nə var ki? Utanıb yerə girmir. Bundan ötrü gedib birinin üstünə beşini nədir, on beşini də qoyub polisə şikayət edib. Məni adam oğurluğunda, Elmiranın uşağının salmasında, Şahmarın anasının kor olmasında suçlayırlar. Gör özünü necə tapşırdıb ki, Ülkəri müstəntiq, sahə müvəkkili deyil, şəxsən polis rəisinin özü sorğu-suala tutdu. “Amma mən də mənəm ha. Rəisi mat qoydum. Soruşdum ki, “Ərizə varmı? Əgər şikayət yoxdursa, hansı əsasla məni dindirirsiniz?” İndi necə olacaq? Rəis yəqin Şahmarın ərizəsini alıb. Hüquq mühafizə orqanına nə var ki?! Tərəflərdən hansı birini istəsə, istər haqlı olsun, istərsə də suçlu, günahlandıra bilir. Bir yol tapır. Görmədimmi doğulacaq uşaq qaldı bir kənarda, rəis başladı bütün təqsirləri mənim boynuma qoymağa”.
Ülkər başa düşürdü ki, bu dəfə rəislə ürəkli danışa bilməyəcək. Hökmən onu ginekoloqun yanına, sonra da DNK testinə göndərəcək. DNK göstərsə ki, uşaq Şahmardan deyil, o zaman ondan tələb edəcəklər uşağın atasının kim olduğunu desin. Uşaq başqasından olsa, Ülkərə cinayət işi açılacaq. Şahmara şər atdığına görə.
Vaxta az qalırdı. Rəis Ülkəri günorta saat 3-ə çağırtdırmışdı. Saat birdə, adətən nahara gedər, saat 2-də qayıdıb iş başında olardı. Rəis Ülkərlə ötən görüşünü yada saldı: “Amma bu Şahmar da az aşın duzu deyil ha. Deyirik gərək o qıza baş qoymayaydın. Amma öz aramızdır, ona necə baş qoymayasan. Keçməli deyil ha. Həm də dişli qızdır. Az qala məni divara dirəmişdi: !Rəsmi şikayət varmı?”
Rəisin işarəsi ilə Ülkər əyləşdi.
-Deyirəm vaxt itirməyək. İndi nə deyirsən? Səni ginekoloqa, sonra da DNK testinə yollayımmı?
Ülkər yaxşı başa düşürdü ki, bu rəis də Şahmar kimi ona inanmır. Rəis belə işlərdə saç ağartmışdı. Ülkər kimə kələk gəlirdi? Axırda özü günahkar çıxacaqdı. Qız qeyri-ixtiyari söyüş söydü:
-Əclaf köpək oğlu! Məni işə saldı!
Rəis diqqət kəsildi:
-Kimi söyürsən? Şahmarı?
Ülkər tez özünü ələ aldı:
-Yox, bağışlayın.
İnadkarlıq göstərməyə dəyməzdi. Ona görə şikayət ərizəsinin verilib-verilmədiyini soruşmayıb ayağa qalxdı.
* * *
Ülkər xeyli miqdarda pul qoparıb Şahmarı rahat buraxdı. Bu, Şahmara dərs oldu, yanıb-yaxıldı. İnsanları tanımaq olmazmış. Düz deyirlərmiş. Ülkər iç üzünü göstərdi. Asan yolla əlinə pul keçirib, “Jeep” maşın, Mərdəkanda əla təmirli və su hovuzu da olan bağ evi aldı. Onu öyrədən şəxs də ortaya çıxdı. Bu, Şahmarın öz müavini idi. Ülkərlə onu tanış edən Səməd. Sən demə, Ülkəri öyrədibmiş ki, Şahmarın üzünə dursun, onu şirkətdən uzaqlaşdırıb onun yerini tutsun. Ülkərin qazancı da o olacaqdı ki, müavin vəzifəsi ona tapşırılacaqdı. Uşaq söhbəti düz-doğru idi, amma Şahmardan yox, Səməddən imiş.
Səməd istəyinə nail olmadı, iş yerini də itirdi, Ülkər uşağı doğub tək böyütməyə başladı. Abort da etdirə bilərdi, sonralar uşağının olmayacağından qorxmuşdu. Həkim bu barədə onu xəbərdar eləmişdi.
Rasim müəllim ağıllı və tədbirli adam idi. Kürəkəninə dəstək durdu. Bu işlər qurtarandan sonra Şahmara dedi:
-Bundan belə onlara baş qoşma. Nə Səmədə, nə də Ülkərə. Elə bil o əhvalat da baş verməyib. Bir daş altdan, bir daş üstdən. Bir də, ay oğul, daha uşaq deyilsən. Pul cəhənnəmə, işlərini yoluna qoy. Amma elə şeylər var ki, alım bir-birinə dəyəndə pul da adamın dadına çatmır. Sən övladını, anan da gözlərinin nurunu itirdi. Bir ağılsız qadına bənd olmaqla onlardan məhrum olmağa dəyərdimi? Mən bağışla, səninlə açıq danışıram. Amma məcburam. Olub-keçənlərdən nəticə çıxar. Bunu edə bilsən, udan da sən olacaqsan. Yalan-palan, fırıldaq, şantajla nəyə isə nail olmaq həvəsində olanların axırı yoxdur. Gec-tez peşman olurlar. Bəzən hətta həyatlarını belə itirirlər.
Həqiqətən belə oldu. Bir dəfə dənizkənarındakı restoranların birində möhkəm yeyib-içən və maşına əyləşən Ülkər rəfiqəsi ilə birgə qəzaya uğradı. Səməd də onlarla imiş. Rəfiqələr həyatlarını, Səməd isə, qıçlarını itirdi. Balaca Sevda bir daha uşağa qalmayacağından qorxan anası Ülkərdən məhrum qaldı. Səməd uşağı evinə gətirdi. Uşağa baxmaq üçün bir qulluqçu tutdu.
Şahmar Ülkərlə Səmədin faciəsinə sevinmədi. Yalnız təəssüf etdi. Uşağa yazığı gəldi.
* * *
Şirkətdə Şahmarın işləri düz gətirmirdi. İflasa uğramışdı. Rasim müəllim istəməsə də, “bağışlamışam” desə də, Şahmar qayınatasına dəyən ziyanı – verdiyi pulu geri qaytarmaq istəyirdi. Odur ki, heç kimə qulaq asmadı. Xəstə anasını, cavan arvadını, balaca Fəridi burada qoyub yoldaşlarına qoşulub Sankt-Peterburqa yola düşdü. Orada alverlə məşğul idilər. Gün-güzəranı yaxşılaşandan sonra özü üçün kirayə mənzil tutdu və Elmira ilə Fəridi də bu şəhərə gətirdi.
Ağlı başında işləyirdi.
* * *
Dolanışıqları yaxşı idi. Şahmar qazancından geriyə də atırdı. Hər ay anasına da pul göndərirdi. Birdən-birə Şahmarın gəliri çoxaldı. O, bunun səbəbini işlərini yaxşı getməsi ilə izah edirdi. Fəqət pis günün sonu olduğu kimi, sən demə, yaxşı günlərin də sonu yetişə bilərmiş. Və yetişdi də…
Elmiranın yalvarışlarına baxmayaraq, Şahmar yenə yolunu azdı. Kef məclisləri ara vermirdi. Vaxt olurdu ki, bir gün, iki gün evə dönmürdü. Elmira balaca Fəridlə yad şəhərdə dörd divar arasında qalırdı. Divarlar da, mühit də onu sıxırdı. Yuxusu ərşə çəkilmişdi. Axşamlar başını qatmaq üçün yır-yığış edir, paltar yuyur, yemək hazırlayırdı. Bəzən səhərə qədər gözlərini televizora zilləyirdi.
Həyat gözəl olduğu kimi, bəzən cansıxıcı, hətta dözülməz görünürmüş. Elmira ağlına gələn fikirlərdən az qalırdı dəli olsun. Bu qədim şəhərin onun xoşbəxtliyinə son qoyacağı, ərini əlindən alacağı barədə qorxunc xəyallara qapılırdı. Dərdini içinə salmışdı. Ata-anası, Şəfiqə xanım tez-tez zəng edir, hal-əhval tuturdular. Əzizlərinə heç nə demir, onlarda narahatçılıq yaratmamağa çalışırdı. Hələ ki ümidini itirməmişdi. Hər şeyin yoluna düşəcəyinə özündə inam yaratmağa çalışırdı. Ümid bağladığı həmin günün nə zaman gələcəyini isə bilmirdi. Sadəcə buna özünü inandırmaq istəyirdi. Ümumiyyətlə, o gün gələcəkdimi? Bilmirdi. Gücü göz yaşlarına çatırdı: “Gərək buraya gəlməməydim. Sankt-Peterburqda Şahmarın əl-qolu daha da açılmışdı. Burada ona söz deyən, işinə qarışan yox idi. Təkcə Elmira idi ki, onun da sözlərinə əhəmiyyət vermir, dediklərini qulaq ardına vururdu.
Şahmar son günlər çox əsəbi idi. Evə gec gəlir, dinib-danışmırdı. Səhərə qədər oturur, eyvana çıxıb siqareti siqaretə calayırdı. Sualların heç birinə cavab vermirdi. Daha evə pul da gətirmirdi. Büküb bir kənara qoyduqlarından xərcləyirdilər. Bu vəziyyəti görən Elmira öz-özünə: “Deyəsən yenə ilişib, özü də çox pis. Allah, sən özün köməyimizdə dur. Mən heç, bu uşağa rəhmin gəlsin!”
* * *
Şahmar bir neçə gün idi ki, evə gəlmirdi. Elmira bilmirdi dərdini kimə desin. Ah-zar edirdi. Onu sorğu-suala tutan oğluna:
-Anacan, soğanı günorta soyurdun axı. Xörək bişirəndə. Hələ acısı getməyib?
Elmira daha ucadan hönkürərək onu bağrına basdı:
-Çox pis soğan idi, hə, balası, heç acısı getmir, – deyirdi.
-Bəs atam harada qaldı? Mən bilirəm, atam gələn kimi ağlamağını kəsəcəksən.
Şahmarın hərdən bir-iki gün evə gəlmədiyi günlər olurdu. Amma əvvəlki günlərdən fərqli olaraq bu gün nədənsə Elmira çox narahat idi, sakitləşmək bilmirdi. Ağlına gələn həmişə başına gəldiyindən hiss edirdi ki, nə isə xoşagəlməz bir hadisə baş verib. Dərdini ata-anasına açıb onların da qanını qaraltmaq istəmirdi. Polisə də deyə bilməzdi. Bir də gördün, gəldi çıxdı. Onda evdə bir həngamə qoparardı ki. Çox pis əsəbiləşər, hətta Elmiraya əl də qaldırardı.
Şənbə günü saat on iki olardı. Qapının zəngi çalındı. Fərid tez qapıya qaçdı:
-Ay ana, anacan, atam, atam gəldi.
Elmira narahat halda ərinin gəlişini gözlədiyindən gözlükdən baxmadan qapını açdı. Gələn Şahmar deyildi. İki kişi qapı ağzında dayanmışdı. Biri Şahmarın şəriklərindən idi. O birini tanımırdı. Şərik:
-Olar?
Elmira çəkilib onlara yol verdi. Keçib əyləşdilər. Fərid üzünü Şahmarın şərikinə tutaraq soruşdu:
-Şakir əmi, bəs atam hanı?
Şərik:
-Oğlum, sən o biri otağa keç.
Fərid anasına baxdı. Elmira başının işarəsi ilə bildirdi ki, deyilənə əməl etsin.
Fərid qonşu otağa doğru getdi. Elmiranın ayaq üstündə quruyub qaldığını görən tanımadığı şəxs:
-Siz əyləşin, – dedi.
Elmira oturdu. Pis xəbərlə gələnə oxşayırdılar. “Yəqin tutublar” -deyə fikirləşdi. “Yekə kişidir, heç özünə qoyulmur. Ha de, ha başa sal, ha gözünün yaşını axıt”.
-Şahmar yoldaşlarına atıb, odur ki, onu saxlayıblar.
Elmiranın həyəcanlandığını görən şərik:
-Narahat olma, buraxacaqlar.
Bayaqdan nəfəsini udan Elmira özünə gəldi. Şərik sözünə davam etdi:
– Amma şərtləri var, gərək əməl edə.
Elmira baxdı.
-Dəymiş ziyanı tez bir zamanda ödənməlidir. Yoxsa həyatı ilə vidalaşacaq. Sən də onu başa sal.
Gələnlər getdilər. Fərid yanında idi. Elmira boğazına tıxanan qəhəri bir təhər boğdu. Ağlasaydı, Fərid də kövrələcəkdi.
* * *
Artıq üçüncü gün idi ki, Şahmar evə gəlmirdi. Soraq verən yox idi. Elmira Fəridi uşaq bağçasına qoyub taksiyə oturdu və polis idarəsinə sürdürdü. Çatanda iki nəfər onun qabağını kəsdi:
-Şahmardan xəbər bilmək istəyirsənsə, bizim maşına əyləş.
Əyləşdi. Maşın uzaqlaşdı. idi.
-Şahmarı buraxdılar?
Arıq və uzun kişi başını yellədi. Elmira key-key baxdı. “Yəni nə baş verib?”
Həmin şəxs:
-Onu aradan götürüblər.
Elmiranın gözləri hədəqəsindən çıxdı.
-Necə yəni aradan götürüblər? Hara aparıblar?
Arıq və uzun kişini gülmək tutdu:
-Heç yerə aparmayıblar.
Bir anlığa susub sözünə davam etdi:
-Öldürüblər.
Elmira nalə çəkdi:
-Vay, evim yıxıldı!
-Şahmar şəriklərinə atıb. Bu işdə aldatmaq bağışlanılmır. Ona görə bağışlamadılar.
Elmiranın key-key baxdığını görüb əlavə etdi:
-Başqalarına dərs olsun deyə ortadan götürdülər.
Elmiranın ürəyi getdi. Üz-gözünü döyəcləyib, su verib onu ayıltdılar.
-Şikayət-filan olmayacaq. Birinci uşaq yoxa çıxacaq…
Elmira göz yaşlarını axıtdı. Səsi qırıldı, titrədi:
-Ərim haradadır?
-O dünyada.
Elmira nəfəsi tutula-tutula xəbər aldı:
-Harada dəfn olunub?
-Onun kimilərin dəfn yeri bilinmir, ya da olmur. Ona xəbərdarlıq olunmuşdu. Deyilənə əməl eləmədi. İndi səni xəbərdarlıq edirik ki, ağısızlıq etməyəsən. Gərək dilini dinc qoyasan. Şahmarın ölüm xəbəri, tanıdığın adamlar barədə, bizim işimiz barədə heç kimə bircə kəlmə deməməlisən. Polisə şikayət etməyin isə, təhlükəlidir. Nə burada, nə də orada – Azərbaycanda ağzından bir kəlmə söz çıxmamalıdır. Şahmarın ölümündən də xəbərin yoxdur. Özünü, oğlunu, ata-ananı fikirləş. Bizim adamların əlləri uzundur, axırınıza çıxa bilərlər. Birinci oğlundan başlayacaqlar. Əvvəlcə onu öldürəcəklər. Özü də sənin gözlərinin qabağında. Səni öldürməyə ehtiyac olmayacaq. Uşağının necə boğularaq öldürüldüyünü görəndə ürəyin partlayacaq. Odur ki, səssiz-səmirsiz buradan, bu şəhərdən çıx, get. Nə qədər tez yola düşsən, bir o qədər yaxşı olar. Səninçin və oğlun üçün bilet alınacaq. Bir daha xəbərdarlıq edirik: ağzından bir kəlmə söz qaçırsan… Nə baş verəcəyini artıq bilirsən. Bayaq dedik. Biz icraçıyıq. Narkoşefin tapşırığını yerinə yetiririk. Bakıya qayıdandan sonra nəbadə bu işi qurdalayasan. Narkoşefin əlləri dünyanın hansı guşəsi olursa-olsun çatır. Hətta dağlara, dənizlərə, okeanlara, cəngəlliklərə kimi. Boşboğazlıq eləsən, başqalarını da oda ata bilərsən. Biz xəbərdarlıq elədik. Sən də ağıllı ol. Oyunu oynayanda düz oynamaq lazımdır. Şahmar öz günahının qurbanı oldu.
Elmira əlləri ilə üzünü qapadı. Göz yaşları içərisində yola düzəldi. Gedib uşaq bağçasından Fəridi götürdü. Evə qayıdıb çamadanlarını yığışdırmağa, şeyləri yerbəyer eləməyə başladı.
* * *
Elmira elə həmin gün Bakıya yola düşdü. Soruşanlara: “Şahmar qalmalı oldu. İşi çoxdur” – deyirdi. Belə söyləsə də, ürəyi qan ağlayırdı: “Az dedik, çox dedik. Heç birimizi eşitmədi. Axır ki balamı yetim qoydu. Gör necə tale yaşadı. Yeri-yurdu da bilinmir. Ölü olsa da, bir müddət diri kimi yaşayacaq. Sonra onun yoxluğuna öyrəşəcəklər”.
* * *
İllər keçdi. Şahmardan xəbər çıxmadı. Gördüm deyən olmadı. Onun yoxluğuna axır ki, alışdılar. İtkin düşdüyü bildirilirdi. Nə dirisi, nə də ölüsü tapıldı. Şəfiqə xanım oğlunun dərdindən dünyasını dəyişdi. Elmira valideynlərinə sığındı.
Elmira övladını, əzizlərini yadına salıb narkobaronun adamları ilə olan söhbəti heç kimə açıb demədi. Onlar da Elmiranı rahat buraxdılar. Bir də ki, polisə nə deyəcəkdi? Tapa bilsəydilər tapardılar. Mafiya öz işini elə təmiz görürdü ki, izə düşə bilmirdilər.
* * *
Maral xanımın səsi Elmiranı xəyallarının pəncəsindən ayırdı:
-Qızım, əynini dəyiş, ən yaxşı paltarlarından birini geyin.
Elmira zarafata saldı:
-Necə bilirsən? Bəlkə gəlinlik paltarı geyim? Fata da qoyum?
Maral xanım pərt oldu:
-Biz sənin xoşbəxtliyin üçün əlləşirik, sən isə məni dolayırsan, atana qulaq asmırsan. Qızım, ayıb deyil?
Elmira durub anasını qucaqladı:
-Xətirinə dəydimsə, bağışla. Nə edim, ana, söhbət etməyə, zarafatlaşmağa bir adam yoxdur. Atam bütün günü işdə, Fərid də balaca. Gücüm sənə çatır.
Maral xanımın əlinə girəvə düşdü:
-Ay qızım, elə biz də bununçun əlləşirik də. Sənə qulaq yoldaşı lazımdır.
Elmira əlini yellədi:
-Eh, ana, birincidən əlim bala batdı, bundan da doşaba batar.
Şəfiqə xanım əllərini onun çiyinlərinə qoyaraq:
-Dur geyin,- dedi, -bir azdan Fərhad müəllimin oğlu – Fuad gələcək. Qoy sənə baxıb hayıl-mayıl olsun!
Hazırlıq görülmüşdü. Süfrə açılmışdı. Şirniyyat stolu idi. Rasim müəllimlə Maral elə bil iynə üstündə oturmuşdular. Gözləri televizorda olsa da, fikirləri-xəyalları Elmira ilə məşğul idi, gələn qonaq haqqında düşünürdülər. Elmiranın cavabının onlar üçün əhəmiyyəti böyük idi. O, yerbəyer olsaydı, ürəkləri yerinə gələrdi. Onlar bu gün var idilər, sabah yox. Elmiranın gələcəyi isə qabaqda idi. Tək oğlan uşağı ilə tənha Elmiranın günü-güzəranı sonralar necə olacaqdı? Bu idi Rasim müəllimi narahat edən, rahatlığını pozan.
Qapının zəngi çalındı. Rasim müəllimlə Maral xanım yerlərindən qalxdılar. Fərid sakitcə divanda oturmuşdu. Ona başa salmışdılar ki, özünü ağıllı aparsın. O da söz vermişdi. Uşaq sadəlövhlüyü ilə.
Qapını Rasim müəllim açdı. Fuad bir əlində iri bir gül dəstəsi, o biri əlində hədiyyələr olan çanta içəri girdi. Gülləri Maral xanıma verdi. Sağ əli boşaldı. Və həmin əlini qabağa uzadıb Rasim müəllimlə görüşdü.
Ona yer göstərdilər. Elmira da ayaq üstə idi. Fuad ona salam verib əyləşəndən sonra Elmira da oturdu.
Fərid divanda lal-dinməz əyləşib oyuncaqları ilə oynayırdı.
Rasim müəllim hal-əhval tutdu, Fuadın atası Fərhad müəllimi soruşdu. Fərhad müəllimdən razılıq etdi. Onların söhbət etdiklərini görən Elmira qalxıb mətbəxə keçdi. Anasına kömək etməyə başladı. Maral xanım dönüb qızına baxdı. Bu, “Hə, oğlan necədir?” demək idi. Elmira çiyinlərini çəkdi. Maral xanım:
-Daha ağ eləmə. Bundan yaxşı namizəd ola bilməz, – dedi. –Mənim xoşuma gəldi.
Elmira:
-Hə, pis oğlan deyil, – dedi.
Maral xanım sevindi. Qızının axır ki, insafa gəldiyindən çox şad oldu. Elmira anasının süzdüyü çayı götürüb otağa keçdi. Fincanlardan birini atasının, digərini Fuadın qarşısına qoydu, həm də hiss etdi ki, Fuad altdan-altdan onu süzür. Elmira geri dönmək istəyəndə Maral xanım da əlində iki fincan içəri girdi.
-Əyləş, qızım.
Elmira oturdu. Maral xanım da fincanın birini qızının, o birini öz qarşısına qoydu və əyləşdi. Elmira Fəridə müraciətlə:
-Oğlum çay istəyirsən? – deyə soruşdu.
Fərid sözləri sındıra-sındıra:
-Çay istəmirəm, su içirəm… -deyə cavab verdi.
Elmira durub Fəridə su gətirdi.
Rasim söhbətcil idi. Qonağı darıxmağa qoymurdu. Öz sorğu-sualı ilə Fuadı da hərəkətə gətirmişdi. Fuad həvəslə öz işlərindən, imkanlarından, uğurlarından danışırdı. Cavan olsa da tez bir zamanda özünə hörmət və nüfuz qazanmışdı.
Elmira hələ onu öyrənirdi. Danışığına, geyiminə-keçiminə, süfrə başında özünü aparmağına, müraciətlərinə, nitqinə, suallara verdiyi cavablara diqqət yetirirdi. Hər şey ölçülü-biçili idi.
Fuad zövqlə geyinmişdi, özünü sərbəst, ciddi, alicənab və nəzakətli aparırdı. Nitqi aydın və rabitəli idi.
Maral xanım nəyisə bəhanə eləyib Rasim müəllimi qonşu otağa çağırdı. Əslində onlar Fuadla Elmiranın təklikdə qalmasına şərait yaradırdılar. Cavanlar təxminən 25-20 dəqiqə təklidə qalıb söhbət etdilər. Onları maraqlandıran məsələlərə aid bir-birinə suallar verirdilər. Elmira institutda hansı vəzifədə çalışır, nə işlə məşğul olur, dissertasiya mövzusu götürübmü, araşdırmaları nəyə aiddir, işə nəyə gedib-gəlir, nəyi xoşlayır, istirahət günlərində nə edir? Bəs Fuad nə ilə məşğuldur, Sankt-Peterburqda yaşamaqda davam edəcək, yoxsa yığışıb gələcək? Neçə günlüyə buradadır?
Sualları tükənəndə Fuad mətləbə keçdi:
-Gəlişimin məqsədi sənə bəllidir. İstəyirəm mənə ərə gələsən.
Elmira susurdu.
-Qərarın nə oldu? Elçilərimi göndərim?
Elmira: -Qərarımı sabah Fərhad müəllimə deyərəm.
Fuad onun cavabını təbii saydı: ilk görüşləridir, yəqin utanır. Nə olar, sözünü atama desin. Təki cavabı müsbət olsun.
Bu zaman Rasim müəllimlə Maral xanım gəldilər. Fuad:
-Məni bağışlayın, gedim, – deyib ayağa qalxdı.
Rasim müəllimlə Maral xanım onu yola saldılar. Elmira divana sarı gedib Fəridi qucağına aldı, üz-gözündən dönə-dönə öpdü. Fərid də anasına sarılmışdı. Elmira:
-Bir daha göstərdin ki, mənim ağıllı balamsan. Sakitcə oturdun, oyuncaqlarınla oynadın. Qonaq gələndə həmişə özünü belə apar.
Elmira kövrəlmişdi. Rasim müəllimin işarəsi ilə Maral xanım qızına yaxınlaşdı. Hər ikisini qucaqlayaraq:
-Qızım, Fuada nə cavab verdin?
Elmira dinmədi. Maral xanım tez bir zamanda xoş xəbər eşidib ərini muştuluqlamaq istəyirdi. Elmira anasını çox intizarda qoymadı:
-Cavabı sabah Fərhad müəllimə deyəcəyəm.
Maral xanım dalın-dalın geri çəkildi. Matı-mutu qurumuşdu. Pərt halda Rasim müəllimin yanına gedib Elmiranın sözlərini ona çatdırdı. Rasim müəllim:
-İşin olmasın, – dedi. -Qızın üstünə çox da düşməyək. Gözləyək. qoy ölçüb-biçib qəti qərara gəlsin. Məncə, Fuadı bəyənib. Qızımın fikri əsasdır. “Hə” də deyə bilər, “yox” da. Amma onu tələsdirmə. Bu həyat onundur, seçim də onun olmalıdır. Çəkdiyini onsuz da çəkib.
Maral xanım onu başa düşdü. Fikirləşdi ki, əri düz deyir.
Elmira Fəridi də götürüb öz otağına çəkildi və oradan çıxmadı. Səhər də tezdən durub işə getdi.
Fərhad müəllim adəti üzrə işə tez gəlmişdi. Öz kürsüsündə əyləşib yazıb-pozurdu. İşçilər hələ gəlməmişdilər. Fərhad müəllim tez yerindən qalxdı:
-Qızım, sabahın xeyir. Necəsən?
-Yaxşıyam, sağ olun. Siz necəsiniz?
-Duaçınam. İnşallah hər şey gözəl olacaq. Fuad ağıllı-kamallı oğuldur. Oturuşunu-duruşunu biləndir. İşində ciddidir. Ailəcanlıdır.
Elmira susurdu.
-Müasir adamdır. Heç bir probleminiz olmayacaq. Burada da, orada da eviniz olacaq. Rus dilini də yaxşı bilirsən. Sankt-Peterburqda işə düzələrsən. İstəsən lap Fuadın yanında işləyərsən. Buraya gəlib-getmək də problem olmayacaq. Təyyarə ilə iki-üç saatlıq yoldur. Darıxanda gəlib burada qalarsan, valideynlərinlə görüşərsən, bizdə qalarsan. Daha bunlar öz işindir. Əlinizə-ayağınıza dolaşan olmayacaq. Öz əliniz, öz başınız olacaq. Hə, indi nə deyirsən. Eşitdim cavabını mənə bildirəcəksən. Elçiləri nə zaman göndərim?
Elmiranın qaş-qabağı açılmırdı:
-Fərhad müəllim, tələsməyin. Sizə sözüm var.
-Buyur, qızım.
-Dedikləriniz çox gözəl. Fuad xoşuma gəldi.
Fərhad müəllim xoşhal oldu. İstəyinə çatdığına sevindi. Övladının tərifindən hansı valideynin xoşu gəlməz?
Elmira sözünə davam etdi:
-Amma ona ərə getmək fikrim yoxdur.
Fərhad müəllimi tər basdı. Qulaqlarına inanmadı: “Doğru deyirlərmiş. Bu nə qəribə qızdır. Fuad kimi bir oğula “yox” deyir”.
Fərhad müəllim alnının tərini silib dedi:
-Neçə qızın oğlumda gözü var. Amma Fuad onların heç birinə meyl salmadı. Gözü səni tutdu. Mən də istəyirəm gəlinim olasan.
Elmiranın dodağına acı təbəssüm qondu:
-Fərhad müəllim, sizə böyük hörmətim var. Ağsaqqalımsınız. Dünya görmüş adamsınız. Sizə bir sualım var?
-Buyur, qızım.
-Fərhad müəllim, sizcə, ananın ürəyinə yol haradan gəlir?
Fərhad müəllim çaşdı. Nə cavab verəcəyini bilmədi. Onsuz da tutulub durmuşdu. Fikrini toplamaya çalışdı. Elmira özü dedi:
-Ananın ürəyinə yol övlad sevgisindən, övladına olan dərin məhəbbətdən gedir!
Fərhad müəllim onunla razılaşdı:
-Doğru deyirsən, qızım. Sualın qəfil olduğundan çaşıb qaldım. Fikrimi toplaya bilmədim ki, cavab verim. Bununla nə demək istəyirsən?
Elmira çantasını stolun üstünə qoyub dilləndi:
-Elə isə, mən deyim, siz özünüz nəticə çıxarın.
Fərhad müəllim keçib yerində əyləşdi, Elmiraya işarə etdi ki, o da otursun. Elmira da stolun arxasına keçdi. Fərhad müəllim diqqət kəsildi.
-Fuad gəldi, bir saatdan bir qədər çox evimizdə oldu. Öz işindən, uğurlarından danışdı, atamla, anamla, mənimlə söhbət elədi. İlk baxışda mənə çox yaxşı təsir bağışladı. Hətta son anlara qədər taleyimi onunla bağlayacağıma qərar vermişdim. Amma Fuad özü də hiss etmədən hər şeyi alt-üst elədi.
Fərhadın marağı artdı:
-Niyə, qızım? Oğlumun nəyi, hansı cəhəti xoşuna gəlmədi.
-Bayaq sizə sual verdim. Məsələnin kökü o sualdadır. Fuad gələndə oğlum divanda oturmuşdu. Axıra qədər də dinməzcə yerində qaldı, Arada qonağa təəccüblə baxır, onun marağında olmadığını görüb, oyuncaqları ilə başını qatırdı. Fuad çıxıb getdi. Amma nə gələndə, nə gedəndə, nə də bizdə olduğu müddətdə oğluma diqqət göstərmədi, ona sarı baxmadı. Nə onu dindirdi, nə də bir xoş söz dedi. Sanki o yoxmuş. Axı o mövcud idi, mənim oğlum idi. Mənim bir param, bir hissəm idi. Bu necə olur? Mənə elçi düşür, övladıma isə məhəl qoymur. Biz küçədə, bayırda, nəqliyyatda, ictimai yerlərdə tanımadığımız bir uşaq görəndə belə onu dindirir, əzizləyir, öpür, “Allah saxlasın!” deyirik. Mən Fuada razılıq verməli olsam, oğlumu atmayacağam, yaxud ata-anamın yanında qoymayacaq, onu da özümlə aparacağam. İndi siz deyin. Fuad indidən mənim oğlumu görməməzliyə vurursa, bəs sabah necə olacaq? Mən indidən, ilk andan, ilk gündən bu laqeydliyi, biganəliyi, saymamazlığı görürəmsə, niyə nəticə çıxarmamalıyam? Tutaq ki, evləndik. Bir müddət birgə həyat sürəndən sonra evimizdə “mənim oğlum”, “sənin oğlun” söhbəti başlayacaq. O zaman mənim oğluma yox, öz oğluna önəm verəcək. onun tərəfini saxlayacaq, mənim ürəyimi sındıracaq. Gözəl günlərin birində, yəni uşaqlar böyüyəndə belə bir münasibətin nəticəsi olaraq, yəqin Fuad oğlumu məcbur edəcək ki, onun oğlunun ayaqqabılarını silsin. Sonra da oğlumu öz oğlunun sürücüsü təyin edəcək. Fuada “yox” cavabımın kökündə, Fərhad müəllim, bax bunlar durur.
Fərhad müəllim deməyə söz tapmadı. Donub yerində qaldı. Oğluna acığı tutmuşdu. Pərt halda:
-Fuad düz hərəkət eləməyib. Səhvini düzəltsə necə?
-Yox, Fərhad müəllim, belə şeyləri kimsə deyəndən sonra düzəltmirlər. İnsanın öz qanında, xislətində olmalıdır. Bu gün bu səhvini düzəldirsə, sabah kim bilir, bundan betər hansı qüsura yol verəcək!
-Qızım, bəlkə…
-Yox, Fərhad müəllim, gecdir, çox gec! Qərarım qətidir. Mənim oğlum bir dəfə yetim qalıb, yetimliyini ona hiss etdirmirik. İkinci dəfə boynu bükük qalacaq. Bu, yetim olmaqdan daha pisdir. Hamı məndən soruşur: “Cavan, gözəl qızsan. İstəyənin çoxdur. Niyə ərə getmirsən? Bax buna görə! Bu münasibətə görə! Oğlumu yad əlinə vermək istəmirəm, özüm tərbiyə edəcəyəm. Mənim bundan sonrakı xoşbəxtliyim, səadətim, sevincim onunla bağlıdır. Onu xoşbəxt eləyə bilsəm, özüm də bəxtiyar olacağam! Bax belə, Fərhad müəllim. Məni bağışlayın. Ananın ürəyinə yol həqiqətən ana sevgisindən başlanır!
Fərhad müəllim deməyə söz tapmadı. Amma nə isə deməli idi. Nəhayət, yadına düşdü:
-Allah oğlunu sənə çox görməsin! Sən mən düşündüyümdən də ağıllı qız imişsən! Heyf. Xoşbəxt olun!
Aleksey Vasilyeviç Maksimov – onun babası, konservatoriyanın professoru, 65 yaşında
Vera Stepanovna Sinitsina – fiqurlu konki sürmə bölməsinin müdiri
Andrey Qaranin – 20 yaşında
Yuri Xabalov – 22 yaşında
İnqa Lavrova – 18 yaşında
MAKSİMOV. Tatyana!
TANYA. Yat, babacan.
MAKSİMOV. Yenə səhərin gözü açılmamış yataqdan qalxmısan? Axşam saat birdə yatağa uzanmısan.
TANYA. Deyinmə, babacan, lap doyunca yatmışam.
MAKSİMOV. Deyinmirəm, narahat oluram. İl on iki ay səhər saat beşdə qalxmaq oyanmaq olar? Tatyana, eşidirsən nə deyirəm, yəni məşqin vaxtını dəyişdirmək olmaz?
TANYA (yeyə-yeyə). Saat 8-də xokkeyçilər gəlirdilər.
MAKSİMOV. Məşq qurtarandan evə dəyib sonra instituta gedəcəksən?
TANYA. Yox, baba, vaxt haradadır? Mühazirəyə güc-bəla ilə çatacağam.
MAKSİMOV. Tatyana, vicdan haqqı ata-anana yazacağam.
TANYA. Xəbərçilik, sən deyən yaxşı iş deyil hə, babacan. Atamla-anam bu saat xaricdə mühüm tapşırığı yerinə yetirir. Sən isə gör nə fikirləşirsən, yazıb onları mən sarıdan nigaran qoyacaqsan. Yuxuları ərşə çəkiləcək. Bir də axı soruşmaq ayıb olmasın, niyə oyanmısan? Hələ üç saat da yata bilərsən…
MAKSİMOV. Özünü üzüb əldən salacaqsan, Tatyana, üzəcəksən özünü…
TANYA. Babacan, niyə başa düşmək istəmirsən, bir həftə sonra şəhər birinciliyidir. Axı…
MAKSİMOV. Öz aramızdır, Tatyanacan, öz konkilərinə yaman aludə olmusan… Heç olmasa əməlli-başlı yeyib-içdi?
TANYA. Babacan, uşaq-zadam məgər?
MAKSİMOV. Yəni məşqçiniz də səhər saat 6-da gəlir?
TANYA. Boris Feodoroviç? Nə danışırsan? O, hamınızdan qabaq gəlir.
MAKSİMOV. Məncə, sizin heç birinizin ağlı başında deyil… Andreyə deyərsən ki, axşam dərsim var, gələr, gözləyəcəyəm.
TANYA. Axşam onun məşqi var.
MAKSİMOV (əsəbi). Bir ay sonra konservatoriyada zaçotlar başlayır. Proqramın isə heç yarısı da yerinə yetirilməyib…
TANYA. Babacan, mən qaçdım. Sən isə, heç qanını qaraltma. Doğru sözümdür, sən mənim yaxşı babamsan. Xətrini dünyalar qədər istəyirəm. Gəl səni bir öpüm… (gedir).
MAKSİMOV. Hə, getdi… Qəribədir, dallarınca düşən yox, məcbur eləyən yox. Di gəl ki, saat 6-da buz kimi soyuq və nəm binada… Məşqçi Bobkov ağıllı adamdır… Di gəl ki… Yox, vallah ağıllarını itiriblər…
* * *
YURA. Mübahisə yox, buz üzərində yaxşı çıxış etmək lazımdır.
TANYA. Deməli mənim çıxışım pisdir?
BOBKOV. Öz səhvini boynuna almaqdan heç zaman çəkinmə . Tanya, Yura səhvə yol verəndə yüz dəfə, min dəfə təkrar edir. Sən səhv edəndə isə günahı onun üstünə yıxırsan.
YURA. Boris Feodroviç, görürsünüz də necə şıltaq qızdır….
TANYA. Sən isə, lovğasan, özündən bədgümansan….
BOBKOV. Yaxşı, ayırd edin, mən getdim. Axşama qədər…
TANYA. (sakitcə və nəvazişlə). Yura biz yenə də dalaşırıq?
YURA. Dalaşmırıq, işləyirik. Bu gün gözümə yaman şən görünürsən.
TANYA. Ola bilər. Məşqçi çığırır, oyundaş mübahisə edir, mən də sevinirəm…
YURA. Sevinmək hələ tezdir. Birincilikdə gərgin mübarizə aparmalıyıq.
TANYA. Apararıq.
YURA. Təkcə mübarizə aparmaq azdır. Maksimova-Xabalov dueti özünü doğrultmalıdır. İki dəfə ümumittifaq mükafatı almışıq, yadından çıxartma ha. Bizə yeni, daha yüksək nəticə gərəkdir…
TANYA. Yaman şöhrətpərəstsən, Yura Xabalov.
YURA. İstəyirəm beynəlxalq yarışda iştirak edim. Məgər bu pis arzudur?
TANYA. Elə bilirsən mən istəmirəm? Oy, Yurka, vaxtdır. Qaçdıq, mühazirəyə çatmaram.
YURA. Axşam gecikmə ha….
* * *
SİNİTSİNA. Sveta! Varlamova! Bir ayaq saxla….
VARLAMOVA. Salam, Vera Stepanovna.
SİNİTSİNA. Belə tez niyə? Sənin məşqin saat ondadır…
VARLAMOVA. Heç…. İstəyirəm özüm də bir az məşq edəm…
SİNİTSİNA. Deməli, belə, Varlamova. Babkovun idmançılarından şəhər birinciliyinə Maksimova-Xabalov düşüb. Dörd nəfər də Yudinanın idmançısıdır. Lavrova ilə Qaranini də sən məsləhət bilmisən. İnqa Lavrova güclü və perspektivli fiqurçudur. Qaranin isə,.. Hə isə, mənə elə gəlir ki… Bəlkə onu dəyişək?
VARLAMOVA. Məsləhət bilmirəm. Bu cavan oğlana zərbə olar…
SİNİTSİNA. Varlamova, risq etməyə vaxtımız yoxdur. Şəhərimizin şərəfini, bizim idman cəmiyyətinin şöhrətini qorumalıyıq. Özün bilirsən ki, ölkənin yığma komandasına düşmək necə şərəfdir. Gərək bu imkanı əldən buraxmayaq. Andreylə isə…..
VARLAMOVA. Yox, Vera Stepanovna, razı deyiləm….
SİNİTSİNA. Məşqçini öz şagirdləri qiymətləndirir, Sveta. Yadından çıxartma. Bax, elə Yudinanı götürək. Yetişdirmələri düz on ildir ki, birinci yeri tutur.
VARLAMOVA. Mənimsə idmana öz baxışım var. Vera Stepanovna.
SİNİTSİNA. Lavrova üçün layiqli bir oyundaş tapsaydın, bütün bu mübahisələrə asanlıqla son qoyulardı.
VARLAMOVA. Yox, Vera Stepanovna, İnqa ilə Qaranin çıxış edəcək….
SİNİTSİNA. Yaxşı öz işindir. Bir məşqçi kimi özün götür-qoy elə… Amma eşitmişəm başqalarına nisbətən o, az məşq edir.
VARLAMOVA. Elədir. Vaxtı azdır. Konservatoriyanın üçüncü kurs tələbəsi olmaq sizə zarafat gəlməsin.
SİNİTSİNA. Heç olmasa o Qaranin bir fərli pianoçudur?
VARLAMOVA. İstedadına söz ola bilməz. Belə deyirlər. Özü də professor Maksimovun tələbəsidir.
SİNİTSİNA. Əgər belə istedad sahibidirsə, nə düşüb fiqurlu konki sürmənin dalısıycan?
VARLAMOVA. İdmanı sevir, Vera Stepanovna.
SİNİTSİNA. Nə deyim? Ona görə sənin də qanını qaralacaq ha. Yadında saxla… yaxşı, mən getdim…
VARLAMOVA. Xoş getdin, Vera Stepanovna….
* * *
YURA. Anduruşka coşub…..
TANYA. Hə, yamanca coşub… Özü də bəxtəvər Şopendən çalır.
YURA. Şopendən çaldığını sən haradan bildin?
TANYA. Babamın bütün tələbələri evə gəlir. İstər-istəməz oyrənməli oluram….
YURA. Konservatoriyada yer azlıq edir?
TANYA. Otağa heyfin gəlir?
YURA. Pijonun birisi Şopendən çalır, səndə əriyirsən, hə?
TANYA. Qorxma, ərimərəm, buz üzərində gəzməkdən özüm də buza dönmüşəm….
YURA. Yenə ələ salırsan?
TANYA. Mən xoşbəxtəm.
YURA. Nə üçün?
TANYA. Özün bilirsən.
YURA. Maksimka…..
TANYA. Xoşbəxtəm, xoşbəxtəm, xoşbəxtəm!
YURA. Sənin kirpiklərin yağışdan islanıb.
TANYA. Yurka…. Birdən papam gələr…
YURA. Yanaqların da yaşdır,.. dodaqların da… Saçlarında da damcılar var.
TANYA. İndi babam gələr…
YURA. Onlar Şopenlə məşğuldurlar…..(musiqi kəsilir). Bir görürsən, Şopen də elə bil bir az musiqini uzada bilməzdi……
MAKSİMOV (Andreylə gəlir). Pis deyil, Andrey, deyəsən qaydasına düşür… Hə, Tatyana, axır ki, gəlib çıxdın. Salam, Yura.
ANDREY. Səhər tezdən Svetlana Nikolayevnanı xəbərdar eləmişdim ki, dərsim var.
TANYA. Svetlana bir söz demirdi. Amma İnqa bir əsib-coşdu ki, gəl görəsən.
ANDREY. Birinciyə kimləri göndərəcəklər? Qərara aldılar?
YURA. Siyahı çoxdan tərtib olunub. İnqa ilə sənin də adın var. Bax, Andrey, özünü gözlə ha… Rəqibik.
MAKSİMOV. Məncə, həvəskar idmanda rəqiblər olmur. Mübarizə yoldaşı, oyundaş var… Düz demirəm?
YURA. Aleksey Vasilyeviç, beynəlxalq yarışa var-tut üç cüt idmançı gedə-getməyə. Məgər rəqabət aparmaq mümkündür? Əlbəttə, müsbət mənada…
TANYA. Babacan, çay içəcəyik? Acından lap ürəyim gedir.
MAKSİMOV. Tort almışam. Tortu çox sevdiyini bilirəm.
TANYA. Bu xəyanətdir, babacan. Qəsdən tort almısan?
YURA. Axı bizə şirin şey yemək olmaz, professor…
MAKSİMOV. Acınacaqlı həyat keçirirsiniz, cavan adamlar. Çox, acımalı, çox qəribə…
TANYA. Bəs incəsənətdə necə? Hər şey asan başa gəlir? Tələbələrlə orqanda məşğul olmaq üçün hər gün səhər altıda konservatoriyaya getməyindən özün danışırdın ki,….
MAKSİMOV. Hə, incəsənət… istedad, məqsəd və sənətdir. Yura bədən tərbiyə institutunda oxuduğu üçün fiqurlu konki sürmə onun üçün sənət hesab olunur. Amma sizin üçün… Şəxsən mənə idman mane olmur… Bu gün bir zaçotu başdan elədim.
MAKSİMOV. “Başdan elədim”. Sən bunun sözünə bir bax. Başa bəla memar… Deməli, tezliklə Moskvaya gedirsiniz…. Heç olmasa ümid var?
YURA. O əsgər pisdir ki, professor….
MAKSİMOV. Bəs nə vaxt general olursunuz?
TANYA. Oh.. baba. Bir həftə sonra şəhər birinciliyidir. Sonra isə …..
* * *
KOMENTATORUN SƏSİ. … yaxşı taydırlar. Maksimova ilə Xabalov əla formadadırlar. Onların çıxışı hamını heyran edir. Zaldan eşidilən alqış sədaları da bunu təsdiq edir. Cəsarətlə demək olar ki, tezliklə qələbə öz qollarını onlara açacaq…
VARLAMOVA. İnqa, Andrey, nə badə zala, həkimlərə baxasınız. Tamaşaçılar haqqında da fikirləşməyin, fikriniz yalnız və yalnız bir-birinizdə və yerinə yetirdəcəyiniz hərəkətlərdə olsun. Çalışın hər elementi dəqiq icra edəsiniz. Dünənki çıxışınız xoşuma gəldi. Mümkün xaldan…
İNQA. 5,4. 5,5-ni qazandıq. Məgər bu, yaxşı nəticədir? Onların xalı isə 5,8-5,9-dur.
VARLAMOVA. Ruhdan düşməyin. Haydı buz sizi gözləyir. Boris Feodoroviç, mənimkilərə baxırsan?
BOBKOV. Bu dəqiqə gəlirəm. Hə, uşaqlar -Tanya, Yura, afərin sizə. Pis olmadı.
TANYA. Təşəkkürü biz sizə etməliyik. Boris Feodroviç. Özü də bir dəfə yox, milyon dəfə….
KOMENTATORUN SƏSİ (musiqi sədaları altında)… Lavrova ilə Qaranini yarışlara bizim gənc məşqçi Svetlana Varlamova hazırlayıb, hər ikisi yaxşı formadadır. Dünən mümkün xal uğrunda uğurla mübarizə aparmışlar, hazırda üçüncü yerdə gedirlər…. Eh…təəssüf… çox təəssüf ki, Qaranin səhvə yol verdi… Eyb etməz, bu çıxışın hələ başlanğıcıdır.
TANYA. Andryuşa həyəcan hissi keçirir. Yaman narahatdır.
KOMENTATORUN SƏSİ. Daha bir uğursuzluq… Qaraninin yıxılmasını deyirəm, heyf, çox heyf, dalbadal üç səhv. Onun oyundaşı İnqa Lavrova açıq-aşkar əsəbiləşib. Hiss olunur ki, uşaqlar özlərini itiriblər, həvəsdən düşüblər. Qaraninin daha bir səhvi… Təəssüf…
TANYA. Yurka, bu əməlli-başlı uğursuzluqdur. Bərkə heç çempionata buraxmadılar.
YURA. Bu, həkimlər kollegiyasının necə qərar qəbul etməsindən asılıdır.
* * *
TANYA. Andryuşa tək-tənha orada dəhlizə dayanıb. Get, ona təsəlli ver.
YURA. Bərkə tək olmaq ona daha xoşdur.
TANYA. Ola bilməz. İstəmirsənsə, mən özüm gedim.
YURA. Lazım deyil. Varlamova özü onunla danışar.
TANYA. İnqanı gördün? Hikkəsindən yeri-göyü dağıdırdı. Yaman tünd xasiyyəti var. Qapını var gücü ilə çırpıb xudahafizləşmədən çıxıb getdi, heç sabahını fikirləşmir. Fikirləşmir ki, öz başına da belə iş gələ bilər.
YURA. Zənn eləmə. O çox bacarıqlı idmançıdır.
TANYA. Andruşkanın yanına gedirəm. Gedim, qüssəsini dağıdım.
YURA. Bir bax, Andrey Cvetlana Nikolayevna ilə buraya gəlir.
VARLAMOVA. Tanya, Yura, dağılın biz Andreylə söhbət etməliyik. Hə, nə dayanmısınız, tərpənsəniz…
ANDREY. Svetlana Nikolayevna, mən sizi gözləyirdim. Gözləyirdim deyəm ki…
VARLAMOVA. İnqa ilə sən Moskvaya gedirsiniz?..
ANDREY. …deyim ki, mən fiqurlu konki sürməni tərk edirəm. Bəli, tərk edirəm. Özü də birdəfəlik…
VARLAMOVA (sanki eşitmir). … var qüvvəmizlə məşq edəcəyik…
ANDREY. … ona görə ki, mən idman üçün yaramıram. Bir də idmanla məşğul olmayacağam. Bu günkü çıxışım mənim üçün əla dərs oldu. İnqanı da, sizi də, özümü də biabırçı vəziyyətdə qoydum.
VARLAMOVA. Sən sap-sağlam oğlansan, isterik hal sənə yaraşmır.
ANDREY. Mənim üçün çətindir. Bacarmıram, mənə inanmırlar, mən…
VARLAMOVA. Sən bir buna bax: “Mənə, məni, mən….” Heç mənim haqqımda fikirləşmisən? Bu səkkiz ay ərzində sənin üstündə nə qədər əziyyət çəkmişəm. Nə qədər yuxusuz gecələr, narahat gündüzlər keçirmişəm. Elə bilirsən bundan ayrılmaq, özü də gücün, qüvvən olduğu halda ayrılmaq asan işdir? Mən məşqçiliyə məhz ona görə keçdim ki, sevdiyim peşəni sənin kimilərə öyrədim. Sizdə idmana məhəbbət, idmana sədaqət tərbiyə edim, igidlik dözüm aşılayım… (pauza)
ANDREY. Yaxşı, Svetlana Nikolayevna, deməli həmişəki kimi saat səkkizdə, eləmi?
VARLAMOVA. Hə… Saat səkkizə qədər Bobkovun məşqi var…
* * *
YURA. Yorulmuşam, Boris Feodroviş. İki saat at kimi məşq etmişik.
BOBKOV. Mən atlarla yox, idmançılarla məşq edirəm.
YURA. …. və mahiyyət etibarı ilə heç nəyə nail olmamışıq.
BOBKOV. Mən… başa saldım ki…
YURA. Mən isə oyuna yeni element daxil etməyi təklif edirəm…
BOBKOV. … başa saldım ki, bu mümkün olan iş deyil, proqrama ziddir, bildin?
YURA. Siz özümüzü sınamağa belə imkan vermirsiniz.
BOBKOV. Lazım bilmirəm.
YURA. İntizama boyun qoyuram, ancaq diktatorluğa…
TANYA. Yurka, dəli olmusan?
BOBKOV. Dayan, Tanya. Yura, sən bədən tərbiyə institutunda üçüncü kursda oxuyursan. Bundan xəbərimiz var. Sənə elə gəlir ki, artıq sən də özünə görə bir məşqçisən. Amma hələlik məşqçi yox, mənim şagirdimsən. Hazırlanmış proqramı dəyişmək olmaz, vəssalam… (gedir)
TANYA. Yur… Nə olub sənə? Nə özündən çıxmısan?
YURA. Səninlə mən artıq bəbə deyilik. Fiqurlu konki sürmə aləmində bizim də öz aləmimiz var.
TANYA. İdmançı kimi bizi Bobkov yetişdirib.
YURA. Boş sözdür, o da olmasaydı bir Allah bəndəsi bizimlə məşğul olacaqdı. əsas biz özümüzük.
TANYA. Düz on ildir bizim yolumuzda can qoyur. Naşükür olma. O vaxtlar sənin on iki mənim isə on yaşım vardı….
YURA. Biz onun əlinə göydən düşmüşük. O zamanlar bizim kimi şagirdləri əli çıraqlı axtarırdı. Elə indi də buna ehtiyacı var.
TANYA. Danışığını bilmirsən, bilmirsən ,Yura…
YURA. Bobkov ustadır. Amma əgər vicdanla desək, məşqçi kimi o, iki nömrəlidir.
TANYA. Sənə qulaq asmaq istəmirəm.
YURA. İki nömrəli. Və nə qədər ki, Yudina var, o elə iki nömrə olaraq qalacaq da. Yudinanın yetirmələri həmişə birinci yeri götürür. Hakimlər də artıq adət ediblər. Yudina – firmadır. Bir nömrəli məşqçidir. Açığı, Boris Feodoroviçin boynumuzda minnəti az deyil, amma biz də… Məşqçini şöhrətləndirən onun şagirdləridir, yadından çıxartma.
* * *
VARLAMOVA. Nə yaxşı ki, sən burdasan, Borya.
BOBKOV. Nə xəbər?
VARLAMOVA. İnqa Lavrova məni tərk edir, Borya.
BOBKOV. Şayiədir, yoxsa özü deyib?
VARLAMOVA. Öz sözüdür, heç nə olmayıbmış kimi çox sakitcə: “Svetlana Nikolayevna, acığınız tutmasın mən….” – dedi.
BOBKOV. Yudinanın yanına gedib?
VARLAMOVA. Demə, onunla da, Vera Stepanovna ilə də razılaşıbmış. Başa düşürəm. Yudina asdır… adı sanı… Mənim isə…
BOBKOV (acı kədərlə). Məşqçinin yoluna heç vaxt qızılgül səpmirlər, Sveta.
VARLAMOVA. Axı nə üçün məşqçiliyə tamah saldım (ağlayır). Hələ özüm yarışlarda da çıxış edə bilərdim.
BOBKOV. Şöhrətin aləmə yayıldığı bir vaxtda bizi tərk etdin.
VARLAMOVA. Şöhrətin mətləbə nə dəxli? Mən buzu sevirəm. İdmanı sevirəm. Bütün bu güzəştləri ona görə edirdim ki, lovğa bir qız çəkdiyim bütün əziyyətlərə tüpürsün və sakitcə çıxıb getsin?..
BOBKOV. Şəxsi şöhrəti deyil məhz idmanı sevdiyi üçün də, Svetacan, məşqçi oldun. Şöhrət göz qamaşdırıcıdır. Lakin sənin gözlərin ondan qamaşmadı. Əgər idmançı şöhrətə həddindən artıq aludə olursa, bu, təhlükəlidir. Bütün bu sınaqlardan şərəflə çıxmısan.
VARLAMOVA. Boriya, mənə bir yol göstər, de görüm nə edim? Bəlkə bölmədən çıxım gedim.
BOBKOV. Gedə bilərsən?
VARLAMOVA. Əgər… Axı ayıbdır
BOBKOV. Bəs Qaranin?
VARLAMOVA. Yəqin o da İnqa ilə gedəcək, axı onlar birgə çıxış edirlər.
* * *
TANYA. Bu, nankorluqdur, xəyanətdir, xəyanət.
İNQA. Səsin özünə xoş gəlməsin, Maksimova. Heç bilirsən Varlamova nə vaxt əsil məşqçi olacaq? Biz idmanı atandan yüz il sonra. Hə, Yudinanın yanına gedirəm. Bəs nə bilmisən? Bu, idmandır. Mübarizədir. Özünü əzib-büzməyin adı yoxdur. Birbaşa məqsədə doğru getmək lazımdır. Biz hamımız irəli çıxmağa, ad-san qazanmağa, yer tutmağa can atırıq…
TANYA. Ancaq yoldaşa badalaq atmaq hesabına yox. Svetlanaya yaman badalaq gəldin. O, təzə-təzə başlayırdı, sən da Andreylə…
ANDREY. Mən getmirəm…
YURA. Elə niyə? Siz ki, oyundaşsınız? İnqa, bu necə olur?
İNQA. Öz işidir, getmir – getməsin.
TANYA. Hələ sən oyundaşını da atırsanmış…
İNQA. Di, bəsdir. Evcik-evcik oynamağımız yetər. Yox, Maksimova, mən siz düşünən qədər də axmaq deyiləm. Zəhmət çəkirəm. Bəs onun bəhrəsini görməyim? Beş-altı saat konkidə nəyin xətrinə tər tökürəm?
TANYA. Doğurdan da maraqlıdır, nəyin?
İNQA. Tanyacan, düzünü bilmək istəsən, bizim hamımız birinci yerin xətrinə tər tökürük. Yox siz hələ bunlara baxın. Elə cəfakeşdirlər ki, hər biri öz yerini yoldaşına güzəştlə getməyə həvəslə hazırdır. Sizə inanmıram, yalandan özünüzü belə göstərirsiniz. Mən isə, heç olmasa, açıq danışıram: bəli, mən birinci yerə çıxmaq istəyirəm. Yalan deməyinə, yalan demirəm, amma hamınız üstümə tökülürsünüz…..
YURA. Hamı yox, mən sizinlə razılaşıram.
İNQA. Eşitdiniz? Xabalov ağıllı oğlandır.
YURA. Doğru buyurursan, İnqa. Evcik-evcik oynamaq vaxtımız deyil. Artıq yetişmiş idmançılarıq. Bizə ölkənin şərəfini qorumaq həvalə olunur.
ANDREY. Mən getdim, məşqçi gözləyir.
İNQA. Mən də getdim, hələlik.
YURA. Nahaq yerə ürəyinə salırsan, Tanya… Yoxsa mənə acığın tutdu?
TANYA. Yox, təəccübləndim.
YURA. Mən ürəyimdən keçənləri dedim.
TANYA. Paltarımı dəyişməliyəm. Xahiş edirəm, məni yalqız buraxasan.
YURA. Küçədə səni gözləyəcəyəm.
TANYA. Gözləmə, tələsirəm. Mühazirəyə gecikirəm.
YURA. Heç nədən qanını….
TANYA. Xahiş edirəm, çıxasan…
YURA. Başqaları üçün özünü belə həlak etməyini istəməzdim.
TANYA. Çıx get, xahiş edirəm, get…
YURA. Yaxşı, acıqlanma, gedirəm (gedir).
VARLAMOVA. Nə olub, Tanya?
TANYA. Heç (pauza). Andrey nə edir?
VARLAMOVA. O özünə inamı itirib. Necə qaytarım, bilmirəm.
ANDREY (gəlir). Bağışlayın, Svetlana Nikolayevna, bu gün gələ bilməyəcəyəm, çalışaram ki… sonra… bir qədər gec gəlim… Üzr istəyirəm…
VARLAMOVA. Yaxşı axşama qədər gözləyəcəyəm. Eh, Maksimuşka, dəli şeytan deyir, çırmala qollarını, gir ortaya, özün çıxış elə… Nə isə, hələlik, mən getdim.
ANDREY. Qulaq as, Tanya, səndən bir xahişim var… Özüm bacarmıram. Svetlana Nikoloyevnaya de ki, daha mən məşqə gəlməyəcəyəm… Doğru sözümdür. İdmanı tərk edirəm.
TANYA. Be-lə bayaq İnqa, indi də sən… Yoldaşı dar ayaqda qoyub qaçırsınız.
ANDREY. Qalmağımın və yaxud getməyimin heç bir xeyri yoxdur. Onsuz da qanıqaraçılıqdan savayı heç nə gətirmirəm.
TANYA (istehza ilə). Sən necə geniş qəlbli imişsən. Gör ha, heç bilməmişəm. Demək, məşqçinə yazığın gəlir? (ucadan, əsəbi). Bəs özündə elə bir qüvvə tapa bilmirsən ki, yaranmış vəziyyəti aradan qaldırasan, hə? Özün üçün də. Svetlana üçün də qələbə çalasan, buna gücün çatmır? Sənə nə var ki, incimiş vəziyyətdə baş götürüb gedirsən. Bəs başqaları?…
ANDREY. Eh elə bilirsəm mənim üçün asandır? fiqurlu konki sürmək Mənim üçün heç bilirsən nə deməkdir? Musiqi ilə də vidalaşmaq deməkdir. Maksimka, qorxuram bir pianoçu kimi də mənim bazarım bağlansın. Mən yalnız məşqdən qayıdandan sonra məşqçinin dediyinə əməl edə bildiyim gün yaxşı çalıram… Başa düşürsən, musiqidə mənə lazım olan şeyləri mən buzun üzərində tapıram….
* * *
BOBKOV. Niyə gecikirsən, Tanya? Gəzmədiyim yer qalmayıb? Yağlı əppək olub çəkilmişdin göyə. …Xabalov artıq buzun üstündədir. Sən heç paltarını da dəyişməmisən… Bəs konkilərin haradadır, Tanya?
TANYA. Sizə sözüm var, Boris Feodoroviç. Amma xahiş edirəm dərhal özünüzdən çıxmayasınız.
BOBKOV. Bəs sonra necə özümdən çıxsam olar?
TANYA. Mənim yaxşı idmançı olmağım üçün düz on il çalışmış, olmazın əziyyət çəkmisiniz… Təşəkkürümü heç bilmirəm necə bildirim?!. Minnətdaram… Sizi o qədər sevirəm ki….
BOBKOV. Sənə nə olub? Mənə vurulmusan nədir? (zarafatla) Bəs Yurka?
TANYA. Əgər bilsəydiniz mətləbi açmaqda necə çətinlik çəkirəm…
BOBKOV. Əgər çətinlik çəkirsənsə, birbaşa de…
TANYA. Qaranin oyundaşsız qaldı. O, təhlükədədir. Sarsıla bilər. Sveta Varlamova da pis vəziyyətdədir.
BOBKOV. Davam et.
TANYA. İcazə verin Varlamovanın komandasına keçim. Andreylə çıxış etmək üçün idmanın qarşılıqlı yoldaşlıq yardımı olduğunu bizə siz öyrətmisiniz. Komanda yoldaşlarının mənafelərinin birinci yerdə durduğunu da bizə siz başa salmısınız. Öyrətmisiniz ki, idman işə, yoldaşlara pak münasibət deməkdir.
BOBKOV. Xabalov bilir?
TANYA. Əvvəlcə sizinlə məsləhətləşmək qərarına gəldim.
BOBKOV. Axı o səninlə…. O… axı… Siz, sadəcə, oyundaş deyilsiniz
TANYA. O məni başa düşər……
***
VARLAMOVA. Borya, nə olub? Əllərin əsir.
BOBKOV. Svetlana Maksimova sənin komandana keçmək üçün məndən icazə istəyir.
VARLAMOVA. Yaxşı zarafatdır. Amma yeri deyil. Mən nə hayda, sən nə hayda…
BOBKOV. Doğru sözümdür, Sveta, özüm də razılıq verdim. Qəbul et. Qaraninlə çıxış etmək istəyir… Eh, Sveta, razılığımı bildirsəm də, acığımdan dişim bağırsağımı kəsir. Amma buraxmaya da bilmərəm. Vicdanım yol vermir. Bax, Siveta, yaşayırsan, işləyirsən, əlləşib-vuruşursan, qışqırıb bağırırsan… Sanki ətrafda heç bir dəyişiklik olmur. Birdən ayılıb görürsən ki, sən nəinki əla idmançı, habelə əsl insan yetişdirmisən. Bu, çox qiymətlidir, Sveta. Bu hər cür medal və rütbədən üstündür. (Yuranın səsini eşidib) Sən get, Sveta, cavanlar buraya gəlirlər. İndi bir hay-küy qopsun ki, gəl görəsən.
YURA. Onun başına hava gəlib. Bu… bu…. Mən bilmirəm necə adlandırım. Ümumittifaq turnir ərəfəsində… Bir il sonra beynəlxalq… Qaraninə yazığı gəlib. Heç bu da sözdür? Tüpürüm ona.
TANYA. Sənin belə yanaşacağını bilmirdim.
YURA. Sən yalnız özünü deyil, məni də məğlubiyyətə düçar edirsən. On il əziyyət çəkəsən, axırı da ki… Boris Feodoroviç, bəs siz niyə ağzınıza su almısınız?
BOBKOV. Qulaq asıram. Özü də böyük maraqla.
YURA. Deməli, razısınız. Deməli, mane olmayacaqsınız?
BOBKOV. Deməli, razıyam, deməli, mane olmayacağam.
YURA. Siz heç olmasa mənim haqqımda fikirləşirsiniz? Bəs mən nə edim?
BOBKOV. Lena Yaşşenko ilə çıxış edərsən. Onsuz da ona oyundaş lazımdır.
YURA. Belə. Deməli, sözləşmisiniz, Boris Feodoroviç. Mən Lena Yaşşenko ilə çıxış etmiyəcəyəm, mən İnqa Lavrova ilə çıxacağam.
TANYA. Sən? Yudinanın komandasına?
YURA. Mənim üçün idman oyuncaq deyil. İdman – işdir, Boris Feodoroviç, mən sizə borcluyam… Minnətdaram. Amma axır vaxtlar sizin yanınızda… Mən heç də həmişə sizinlə razılaşa bilmirdim. Mənə başqa məşqçi lazımdır. Tanyanın hərəkəti, nəhayət, mənə qəti addım atmağa ruhlandırdı.
BOBKOV. Sən nahaq yerə bu qədər danışırsan, Yura. Səni saxlamıram, səninlə Lavrova əla oyundaşsınız. Yudina da qiyamət məşqçi. Onun yanına getsən, itirməzsən. Əksinə, nə vaxtsa hətta çempion olarsan… Amma nədənsə sənin gələcəkdə çempion olmaq ehtimalın məni sevindirmir, Yura. Bundan sonra həyatda və idmanda necə yaşamaq haqqında fikirləş, Yura. Yaxşı yol…
YURA. Təşəkkür edirəm. Fikirləşərəm.
TANYA. Gör bir sən nə etdin? Necə cəsarətin çatdı?
YURA. Hamısı sənin ucbatındandır. Hər şeyi yoluna qoymaq olar. Hələlik gec deyil.
TANYA. Məgər məsələ təkcə bundadır?
YURA. Gəl birlikdə Yudinanın yanına gedək. O bizi götürər. Onu dilə tutaram.
TANYA. Sən heç nə başa düşmədin, heç nə, heç nə…
YURA. Biz həmişə bir yerdə olmuşuq. Həmişə bir yerdə…
TANYA. Burax məni, mən gedirəm, burax….
YURA. Andrey nəyinə lazımdır?
TANYA. Burax dedim…
YURA. Fikirləş, Varlamova sənə nə verə bilər? Fikirləş.
TANYA. Nə??? Ü r ə k… (qaçır)
***
VARLAMOVA. Tanya, bu gün Andreylə yaxşı məşq etdiniz. Belə getsə, yarış uğurlu keçəcək. Hə, yeri gəlmişkən, Yura ilə aran necədir?
TANYA. Biz ayrı-ayrı planetlərdə yaşayırıq.
VARLAMOVA. Dünən səni qapının girəcəyində çox gözlədi.
TANYA. Bilirəm o çıxıb gedənə qədər qəsdən oturub gözlədim.
VARLAMOVA. Amma bununla belə onu sevirsən.
TANYA. Ayrı-ayrı planetlər…
VARLAMOVA. Amma öz aramızdır, özün-özünə elədin.
TANYA. Bu barədə lazım deyil, Sveta. Hələ də özümə gələ bilmirəm.
VARLAMOVA. Bilirəm, İnqa orada onunladır.
TANYA. O, Yurkanı əldən buraxmaz. Zəli kimi yapışıb qopmaq bilmir.
***
SİNİTSİNA. Heç dinləmək belə istəmirəm. Maksimova ilə Qaranini Moskvaya aparmaq olmaz. Mən ki, Boris Feodroviç , özün gördün ki, necə zəif çıxış edirdilər.
BOBKOV. Uşaqlar Svetanın öyrətdiyi təzə elementləri hələ nümayiş etdirməyiblər. Tamaşa edin, ondan sonra etirazınızı bildirərsiniz. Andrey özünü doğruldub.
SİNİTSİNA. Çox gözəl, çox pakizə, qoy məşq etsinlər, bir il sonra gedərlər.
VARLAMOVA. Uşaqlar bu il çıxış etməli, özlərini göstərməlidirlər. Görürəm ki, razılıq vermək istəmirsiniz. Elə isə deyin görək, nəyin xətrinə bu qədər əlləşirik? Nəyin xətrinə bu qədər idman sarayları tikirik? Dövlət idmana böyük məbləğdə pul xərcləyir. Niyə, nədən ötrü? Bir-iki çempionun xətrinə? Əsla. Elə gənclər tərbiyə etmək istəyirik ki, onlar həm fiziki inkişafı, həm də mənəvi keyfiyyətləri ilə doğma yurdun şöhrət imarətini ucaltsınlar.
BOBKOV. Sveta doğru deyir, yalnız çempion yetişdirmək azdır, onlardan insan, öz isinə, öz əməlinə sədaqətli adamlar yetişdirmək lazımdır.
***
KOMMETATORUN SƏSİ (“Kampanella” çalınır). Bu iki nəfər ilk dəfə birlikdə buz üzərinə çıxırlar. Buz üzərində cəmisi üç ay məşq ediblər (alqışlar). Yaxşı təəssürat bağışlayırlar. Gənc məşqçi Svetlana Varlamova bu gün onların timsalında öz dəsti-xəttini nümayiş etdirəcək (alqışlar). Tamaşaçılar heyran olmuşlar. Hakimlər hələlik xalları müəyyənləşdirməkdə çətinlik çəkirlər. Nəhayət, xallar elan edilir: 5,5-… 5,5-… 5,5-… Tamaşaçılar narazılıqlarını bildirirlər. Xallarla razılaşmırlar…
Bu gün fiqurlu konki sürmə üzrə Maksimova ilə yanaşı daha bir idmançının – Andrey Qaranin adı parladı.
SƏSLƏR. Ədalətli olmadı. Düzgün qiymət verilmədi!
VARLAMOVA. Hay-küy qaldırmayın. Hər şey düzgün oldu. Proqram hələ bitkin deyil. Arada səhvlər də oldu. Amma biz istəyimizə nail olduq doğrudur, uşaqlar?
ANDREY. Tanya, Tanyacan, mənə acığın tutmur ki? …Axı sən mənə görə… İndi birinci yeri tutmuşdun.
TANYA (gülür). Gənc Verterin istirabları başlandı, ha, ha, ha…
BOBKOV. Haradadır onlar? Sveta, yaxın gəl, məni qucaqla, yoxsa özüm səni qucaqlayaram. Bu gün Allah haqqı sənə paxıllığım tutdu.
VARLAMOVA. Niyə, Borya. Onlar ki, mükafat ala bilmədilər.
BOBKOV. Məsələ yalnız mükafatdadır? Uşaqlara yalnız buz üzərində çıxış etməyi öyrətmək azdır, onlara həm də sevinməyi öyrətmək lazımdır. Uşaqlar, bu günkü çıxışınızı görüb, məşqçi ürəyim alacəhrə quşu kimi nəğmə oxumağa başladı. Təbrik edirəm.
SİNİTSİNA. İnqa ilə Yura bura gəlirlər.
İNQA (açıqla). Dördüncü yer. Az qala ürəyi partlasın.
VARLAMOVA. Dördüncü yer kubok uğrunda mübarizə aparmağa haqq verir.
İNQA. Nəyimə lazımdı dördüncü yer? Hakimlər təcrübəsizdirlər.
BOBKOV. Xallar düzgün müəyyənləşdirilib, İnqa. Yaxşı çıxış etdiniz, ancaq yaddan çıxarma ki, bura Moskvadır. Ölkənin ən güclü fiqurçuları buraya toplaşıb. Qələbə asanlıqla qazanılmır. Əgər sən fiqurlu konki sürməyi sevirsənsə…
İNQA. Axı, mənə o, nə verdi? Gecə bilmə, gündüz bilmə; Vaxtlı-vaxtında yeyib-içmə. Yoruldum, təngə gəldim daha. Qabaqda həmişə başqalarıdır. Bəs mən nə vaxt birinci yerə çıxacağam? Bu əzab-əziyyətsiz də yaşamaq olar. Özünüz çıxış edin. Qoyun Maksimova çıxış etsin. Baxın gözləri gülür. Amma heç onuncu yerə də çıxa bilmədi (ağlayaraq qaçır).
BOBKOV. Hə dostlar gedək bufetə? Qəhvə, pirojna… Qorxmayın, mən qonaq edirəm…
***
YURA. Tanya, xahiş edirəm, bir dəqiqə ayaq saxlayasan…
TANYA. Bəli, mən sizi eşidirəm.
YURA. O vaxt niyə çıxıb getdin? Səninlə mən bu gün daha yaxşı çıxış edərdim. Birinci yer bizim olardı.
TANYA. Yox, Yura. Elə məhz səninlə qələbə çala bilməzdim, heç vaxt. Amma sən kefini pozma. İnqa özünü əla alar, siz mükafata yiyələnərsiniz. İndi isə, acığın tutmasın. Mənim kefim yaxşıdır, gedirəm qəhvə içməyə…
YURA. Sabah geriyə qayıdırsan?
TANYA. Aha…
YURA. Biz hələ buradayıq.
TANYA (şən). Bilirəm. Sənə uğurlar arzulayıram, Yurka!..
YURA. Getdi… Bəs niyə mənə müvəffəqiyyət arzuladı?….
***
MAKSİMOV. Tatyana.
TANYA. Yat, babacan.
MAKSİMOV. Yenə səhərin gözü açılmamış qalxmısan? Özünü həlak edəcəksən.
TANYA. Deyinmə, babacan, mən vanna otağına getdim, sən də get, yat.
Bir həyətdə iki ev. Marqo zümzümə edərək yastıqları qonşunun evindən çıxarır, tələsik çırpır, günəşin altına sərir. Yaxınlaşan maşının səsi. Dudar görünür.
DUDAR. Sabahınız xeyir! Bəs Andro haradadır?
MARQO. Hələ uzanıb, yataqdan qalxmağa həvəsi yoxdur.
DUDAR. Əgər o qalxmasa, Sandronun dalınca bəs kim gedəcək?
MARQO. Doğru deyirsən. Bu saat qaldıraram.
DUDAR. Əlli tərpən. Yoxsa biz gedib çatana kimi onu xəstəxanadan buraxarlar.
MARQO (qışqırır). Ey, qoca, vaxtdır! (Dudara) Dünən doyunca gəzib, indi də tirlənib! (çağırır) Andro!
ANDRO (evdən çıxır, ləzzətlə gərnəşir, əsnəyə-əsnəyə). Qoymadın axıradək yuxu görüm! Bilirsən necə yuxu idi?! Elə bil rəngli televizora baxırdım!
MARQO. Günün bu vaxtında nə yuxu?!
ANDRO. Ah, bilirsən necə yuxu idi… Guya ki, sən ölmüsən, mən də… ehsanındayam.
MARQO (sözünü kəsir). Oh, bədbəxt! Mənsiz nə edərsən?
ANDRO. Bir qulaq as: ehsan yeri qadınla dolu idi, özü də bir-birindən gözəl! Mən də fikirləşirəm: kimə göz vurum?
MARQO. İki gözün çıxsın! Dudar gözləyir, xəstənin ardınca getmək lazımdır. Sənsə boşboğazlıq edirsən!
DUDAR. Sabahınız xeyir olsun!
ANDRO. Salam, oğul. Sən belə yuxular görmürsən ki? Hərçənd… sən hələ evli deyilsən! Belə ertə xeyir ola?
DUDAR. Ertə gəlməyi özünüz xahiş etmisiniz.
ANDRO. Mən xahiş etmişdim?
DUDAR. Hə. Sandronun dalınca xəstəxanaya gedib onu götürmək üçün.
ANDRO. Bəlkə də xahiş etmişəm. Bəs hansı maşınlasan?
DUDAR. “Jiquli” ilə.
ANDRO. Eşşəklə daha yaxşı olardı. Sağ-salamat minir, sağ-salamat da düşürsən. Amma bir işi pisdir ki, yavaş gedir!
MARQO. Sən tərpənincə qonşu evə piyada qayıdar.
ANDRO (Dudara). Ey, oğul, ürəyimə damıb, mənim kürəkənim olacaqsan. Sənə yazığım gəlir.
MARQO.Yazığın niyə gəlir? Mənim qızım kimi qız ələ düşməz! Onunla evlənən xoşbəxt olacaq!
ANDRO (Dudara). Bəs qayınanası! Amma qəm yemə, əvəzində qayınatan birinci növ olacaq. Yeni iləcən də maaşın artacaq.
DUDAR. Artacaq? Nəyə görə?
ANDRO. Qayınanana görə! Onun zərərliyinə görə əlavə pul alacaqsan!
MARQO. Dudar, yola düş! Onu işə saldın, saxlamaq çətindir! Xəstə isə orada gözləyir.
ANDRO. Onun xəstələnməsində kim günahkardır? Canı var evlənsin! (Dudara). Bilirsən onunçün necə adaxlı tapmışam. Qadın deyil, şəftəlidir! (Dudarla gedir).
MARQO (onların ardınca). Dudar, cərrahdan xahiş et, mənim qocamın dilini gödəltsin!
Yola düşən maşının səsi eşidilir.
Axır ki, getdilər! Tezliklə qayıdarlar, mənimsə görüləsi o qədər işim var. Artıq dörd ildir təkbaşına iki evə baxıram! Həm biş-düş elə, həm yır-yığış, hələ üstəlik qocalar küsəndə onları barışdır (zümzümə edərək yır-yığışı davam etdirir).
Koşer daxil olur.
KOŞER. Sabahın xeyir!
MARQO (təəccüblə). Sabahın xeyir, Koşer! Sən hara, bura hara!
KOŞER. Yaxından keçirdim… Qonşunu hələ gətirməyiblər?
MARQO. Yox.
KOŞER. Ərin necə, evdədir? Xahiş eləmişdi ona dəyim. Dedi, sən də şad olacaqsan. Yəqin ki, bizim işlər barədə… sənə danışıb!
MARQO (diqqətini toplayır, ehtiyatlı olur). Bir hələ içəri keç, keç görüm. Özün ətraflı danışarsan… O səni buraya, evə dəvət edib?
KOŞER. Bu gün evə dəvət edib. Bostana onun yanına isə, demək olar, hər gün gedirəm! Ah, bilirsən necə yerdir! Yaylaqdır, yaylaq! Taxta ev! Armud ağaclarının kölgəsi! Yaxınlıqda çay… Sənə nə danışım: özün bilirsən.
MARQO. Bilirəm. Necə də bilməyim?!
KOŞER. Axşamlar yanaşı oturur, qəlbimizi bir-birimizə açırıq. Bədirlənmiş Ay elə gözəl görünür ki! Külək gah çiyələyin, gah da gül-çiçəyin ətrini gətirir…
MARQO. Bəs pis hadisənin ətri gəlmir ki?
KOŞER. Məgər belə də ətir var?
MARQO. Var.
KOŞER. Orada bilirsən necə yunan qabağı yetişir!
MARQO. Məncə, orda təkcə yunan qabağı yetişmir!
KOŞER. Doğrudan? Oy, yenə baş çəkməli olacağam! Fikirləşmə ki, onun yanına boş əllə gedirəm. Həmişə özümlə üç ulduz konyak götürürəm! O isə məni dördüncü ulduz adlandırır! Həm də deyir ki, üç ulduzdan sonra dördüncüsü daha gözqamaşdırıcıdır! Marqo, nə axtarırsan?
MARQO. Süpürgəni.
KOŞER (göstərir). Odey.
MARQO. Bu, pilləkəndir, mənə isə qarğı süpürgə lazımdır.
KOŞER (ona qoşulur). Vətən bizlər üçün qoy nəğmə desin!
Marqo susur, Koşerə baxır.
Niyə belə diqqətlə baxırsan?
MARQO (nəvazişlə). Dişlərinin hamısı salamatdır?
KOŞER. Yuxarı dişlərim hamısı, aşağılar isə… Bu səni niyə maraqlandırır?
MARQO (şəfqətlə). Qorxuram tezliklə yuxarı dişlərini də itirəsən!
KOŞER. Doğrudan? Bilirsən necə dişlərim vardı?! Mirvari kimi! Hamı qibtə edirdi.
MARQO (maraqla). Üç ulduzdan sonra o, sənə daha nə deyir?
KOŞER. Hər cür xoş söz… Deyir, sən ərlik qız kimi günü-gündən qəşəngləşirsən. Sənin təklikdə yaşamağın günahdır.
MARQO. Öz söhbətlərinizdə çoxmu uzağa gedirsiniz?
KOŞER. Bəs nə?! (utanaraq). Əgər, deyir, razı olsan, mənim arvadımla bir həyətdə qohum təki yaşayarsınız!
MARQO. Oh, ölürəm!
KOŞER. Bəlkə həkim dalınca qaçım?
MARQO. Lazım deyil!
KOŞER. Bəlkə su?
MARQO. Köməyi dəyməz! Süpürgəni ver! Daha möhkəmini! (süpürgəni tapıb, Koşerə qulalayır).
KOŞER (quruyub qalır). Niyə görə?
MARQO. Hələ bir soruşursan da? (Koşeri vurur). Bir həyətdə deyirsən? Qohum tapılıb. Yaxşı, kişi, bu süpürgənin dadını sən də görərsən!
Koşer qışqıraraq qaçır. Bibo gəlir.
BİBO (ciddiyyətlə). Gün aydın, sahibə!
Marqo susur.
Deyirəm: gün aydın! Andro evdədir?
MARQO. Bəlkə sənə Sandro lazımdır?
BİBO. Sandro da lazımdır, amma əvvəlcə Andronu görməliyəm. Bağışlayın, siz kimin arvadısınız?
MARQO. Bəs sən kimsən?
BİBO. Mən? Rayon ictimai təminat şöbəsindənəm. Adım da Bibo.
MARQO. Yəqin təzə işçisən? Keçən il təqaüd alırdım, orada Dayran otururdu.
BİBO. İndi o, şəhərdədir. Nazirliyə dəyişdilər.
MARQO. Bizdə bu, nə qaydadır? Elə ki, rayona yaxşı adam gəlir, əlüstü şəhərə çəkirlər. Özlərinin heç nəyə yaramazlarını göndərirlər üstümüzə. Sən bizə haradan gəlmisən?
BİBO. Şəhərdən.
MARQO. Gördün? Mən deyəndir. Dayrana baxan təki bilirdin ki, mərifətli adamdır! Sənə baxanda isə… Elə bil on beş sutka yatıb bu saat çıxmısan!
BİBO. Nahaq belə fikirləşirsiniz, sahibə! Mən dörd il konservatoriyada oxumuşam!
MARQO. Öyrəndin?
BİBO. Nəyi?
MARQO. Konserv düzəltməyi.
BİBO (gülərək). Yox, əşi! Oxumağı!
MARQO. Hələ bir oxuyursan da?! Yəni buna nəfəsin çatır?
BİBO. Nəyə?
MARQO. Zada… Axı oxumaq üçün hava yığmaq lazımdır! (göstərir və oxuyur):
“O-o, mənə azadlıq verin-n…”
Aydındır?
BİBO (gülümsəyərək). Sizdə alınır! Yəqin yaxşı səsiniz olub? Bazar günü gəlirəm, birlikdə oxuyarıq.
MARQO. Gəl. Amma özünlə konyak gətir.
BİBO. Konyak?
MARQO. Hə, üç ulduz. Dördüncü isə özüm olacağam. Çay qırağına çıxar, armud ağacının altında oxuyarıq (ağlayır).
BİBO. Sizə nə olub? (onun əlindən süpürgəni almaq istəyir).
MARQO (vermir). Süpürgəni ərimçin hazırlamışam!
BİBO. Sandro üçün.
MARQO. Yox, Andro üçün.
BİBO. Niyə? O, elə xeyirxah, elə dərrakəlidir ki. Yaxınlarda mənə ərizə gətirmişdi.
MARQO. Boşanma barəsində? Görürsən qoca əclafı! Dizinlə bir dənə ilişdirəsən, çığırtısı qonşu küçədən eşidilə!
BİBO. Hansı boşanma barəsində danışırsınız? O, təqaüd üçün əlləşir! Qonşu üçün! Sandro üçün!
MARQO. Qoy, yaxşısı budur, öz təqaüdü barədə fikirləşsin. On yaş məndən böyükdür. Mən təqaüd alıram, o isə yox!
BİBO. Stajı çatmır?
MARQO. Onun stajı iki təqaüd üçün çatar. Fəhlə stajı da! Kolxoz stajı da! Müharibədə də olub. Dörd ordeni, dörd medalı var.
BİBO. Demək vuruşub?
MARQO. Vuruşub. Xaricdə də olub. Qayıtmasaydı, ondan yaxşı idi.
BİBO. Onu niyə belə qarğıyırsınız?
MARQO. Xaricdən adamlar dolu çamadanlar gətirdilər: paltar da, parça da, qab-qacaq da, hətta saç qırxmaq üçün maşın da! Bu sarsaqqulu isə atıla-atıla boş çamadanla gəldi. Çamadanın üstünə qadın şəkilləri yapışdırmışdı, şorgöz!
BİBO (gülür). Həmin çamadan indi haradadır?
MARQO. Sabuna dəyişdi.
Yaxınlaşan maşının səsi eşidilir.
Sandronu gətirdilər? Onunla nə edim?
BİBO. Sandro ilə?
MARQO. Yox, ərimlə! Mənə kömək elə! Sandronu ləngit. Təqaüd barəsində, oradan-buradan danış. Mənsə özümünkü ilə (süpürgəni göstərir) ayırd edim!
Bibo gülür, Dudar qaçaraq gəlir.
DUDAR. Hanı o? (Biboya). Salam. Biz gəldik. Onu artıq buraxmışdılar!
MARQO. Fürsəti əldən vermisiniz! Eh, nə deyim sizə!
DUDAR. Evdədir?
MARQO. Gəlib ki, evdə ola?! Mənim kişim haradadır?
DUDAR. Maşında.
MARQO. Bura göndər! Özü də cəld!
DUDAR. Qaçdım! (qaçır)
BİBO. Doğrudan, qocanı süpürgəyə qonaq edəcəksiniz?
MARQO. Qoca olan şəxs gecələr özgə qadınlarla ulduz saymır!
BİBO. Oho! Qısqanclıq ciddi məsələdir! Mən burada artığam (öz-özünə). Gedib xəbərdarlıq edim! (qaçır).
MARQO (həyətdə süpürgə ilə gəzinir). Vurum, vurmayım? Bəlkə onu yoldan Koşer çıxarır?.. Bəs necə? Yoxsa mənim ehsanım niyə onun yuxusuna girirdi? Əlbəttə, döymək lazımdır! Qoy atılıb-düşsün!
BİBO (tələsik gəlir). Marqo.
MARQO (süpürgə ilə onun başından vurur). Oy! Bibo!
Bibo yıxılır.
Dəyişik saldım! Kömək edin! Bu saat su gətirərəm! (evə qaçır)
BİBO (qalxır). Oy, başım! (gedir).
Andro daxil olur, süpürgəni qaldırır.
MARQO (əlində parç qaçaraq gəlir, ərini görür). Burada bir kişi uzanmışdı! Nə oldu?
Yola düşən maşının səsi eşidilir.
Süpürgəni yerinə qoy! Ciddi söhbətimiz olacaq!
ANDRO. Gəl danışaq! Vəhşi pişik kimi yad adamın üstünə niyə atılırsan?
MARQO. Səhvən! Hədəfə səni almışdım!
ANDRO. Koşeri də səhvən vurmusan?
MARQO. Salamat getdiyinə hələ bir sevinsin.
ANDRO (özündən çıxır). Yolunun üstünə hayanda çıxıb, balam?
MARQO (dil boğaza qoymur). Ah, sən bilmirsən? O, konyakla niyə sənin yanına gəlir? Bəlkə yunan qabağının necə yetişdiyinə tamaşa etmək üçün?
ANDRO. Axı, qadına baş nə üçün verilir?! İki həftə cəhd göstərmişəm! Gah sağ köndünə keçmişəm, gah da sol! Axır birtəhər yola gətirmişəm. Demişəm ki, onun ardınca gələndə daha özünü naza qoymasın, qonşum Sandroya ərə getməyə razılıq versin. Bilirsən nə qadındır: mehriban, ağappaq maya kimi, özü də yup-yumru! Deyirəm mənim arvadımla bir həyətdə qohum kimi yaşayacaqsınız. Səni lüzumsuz qayğıdan qurtarmaq istəyirəm! Di mənə yaxın gəl (süpürgəni hazırlayır).
MARQO (cəsarətlə qışqırır). Di, vur məni! Əgər əlin qalxırsa, o ağappağa, yupyumruya görə vur.
Andro süpürgəni qulaylayır, Sandro cəld daxil olur və özünün əl ağacı ilə zərbəni dəf edir.
SANDRO. Dayan! Necə cəsarət edirsən? Ay-ay-ay!
MARQO. Sandro, əzizim! (ona sarı atılır, qucaqlayır). Axır ki, qayıtdın!
SANDRO (Marqoya). Sağ ol, qonşu! Sən isə, Andro, öz silahını at və mənimlə görüş! Yoxsa gəlişimə sevinmirsən?
ANDRO (Marqoya). Ona təşəkkür et! (Sandroya). Sən də yaxşısan! Xəstəsən, uzan yerində. Xəstəxanadan buraxılan kimi düşmüsən yolun ağzına. Dudarla biz də maşınla dalınca gəlmişik! Maşın da maşın deyil, faytondur!
MARQO. Sən ona nəsihət oxuma, qucaqla! Kişi evinə qayıdıb!
ANDRO (cəld arvadına sarı çevrilir). Yaxşı, yaxşı! İndi ağzımızı açmağa macal verməyəcəksən!
(Marqo kənara çəkilir).
ANDRO (süpürgəni atır). Qonşu, əzizim! Sən qayıtdın?! Gəl səni bağrıma basım!
SANDRO. Axır ki, çatdı!
ANDRO. Kimi görürəm?
SANDRO. Bəs mən kimi görürəm?
SANDRO. Bəs mən kimi görürəm!
Qucaqlaşırlar.
MARQO. Süfrə açmaq vaxtıdır! (evə girir).
ANDRO. Di, otur, əzizim, danış görüm, orada həkimlər nə deyirdilər, nə danışırdılar?
SANDRO. Deyirdilər ki, böyrəklərimdə – daş, qara ciyərimdə –qum var. Bax, deyirəm, sevindirdilər! Bir yerimdə əhəng tapsaydılar, təzə ev tikməyə başlayardım!
ANDRO. Bəs şifer tapmağı vəd etmədilər?
SANDRO. Yox. Hə, bir də dedilər ki: ət yemə, çaxır içmə!
ANDRO. Həkim kişi idi, yoxsa qadın?
SANDRO. Qadın.
ANDRO. Aydındır. Kişi belə şeyi məsləhət eləməz.
SANDRO. Yağlı şey olmaz, yumurta olmaz.
ANDRO. Doğrudur. Yayda yonca, qışda silos ye. Bəs su olar?
SANDRO. Qaynanmış halda.
ANDRO. Bəs hava? Əşi, həkimləri də mənə söydürmə! Qabaqlar xəstə yeməyə başlayanda papaqlarını göyə atırdılar, demək üzü bəridir! İndi isə bildikləri üç sözdür: «Günəş, hava, su!»
SANDRO. Mənə günəşi də məsləhət görmürlər!
ANDRO. Deməli, mahnı köhnədir, sözləri isə yeni: “Kölgə, ay, bir də qaynanmış su?” Bilirsən nə var, əzizim, gedək evə, stol arxasında oturaq!
SANDRO. Ancaq ət yeməyəcəyəm!
ANDRO. Eybi yoxdur, mən yeyərəm.
SAKNDRO. Qədəhi əlimə götürmərəm!
ANDRO. Mənim əlimdən içərsən!
SANDRO. Bəlkə burada – kölgədə oturaq!
ANDRO. Məgər mənim evimin üstü açıqdır?
SANDRO. İstəyirəm səninlə xəlvəti söhbət edim.
ANDRO. Bax, bu, başqa məsələ.
SANDRO. Amma səninlə dərdləşə bilmirəm.
ANDRO. Dayan! Artıq başa düşdüm! Evlənmək istəyirsən? Bəyənirəm! Adaxlı da nəzərdə tutulub.
SANDRO. Ağlını başına yığ! Nə adaxlı? Adaxlının mətləbə nə dəxli var? Keçi can hayında, qəssab piy axtarır!
Marqo daxil olur.
Söylə, məgər mənim yerimdə olsaydın, evlənərdin?
ANDRO. Əlbəttə, heç söz ola bilməz! Arvadla həm istidir, həm işıqlı!
SANDRO. Bir buna bax! Məgər öz Morqonu həmişə «qaranquş» çağıran sən deyilsən?
ANDRO. Çağırıram! Nə olsun? Təzə arvadımı da belə çağıraram.
MARQO (onun arxasından). Kimi çağıracaqsan? Təzə arvadını?
ANDRO (özünü itirir). Sən buradasan, mənim qaranquşum? Çoxdan buradasan?
MARQO. Hansı arvadından danışırdın?
ANDRO. Əlbəttə, səndən! Deyirəm neçə il yaşamışıq, amma maşallah qaranquş kimi görünür?
MARQO. Təəssüf ki, ay kişi, bu söhbət şahid yanında oldu. Gedək, Sandro. Piroqlar artıq stolun üstündədir.
SANDRO. Bu saat, əzizim, ona deyiləsi iki kəlmə sözüm var!
Marqo evə girir.
Oh, dildən pərgarsan! Bax ha, bir vaxt səni pis vəziyyətdə qoyacaq!
ANDRO. Hamısı sənin ucbatındandır! Yaxşı, iki kəlmə sözünü de, görək.
SANDRO. Gör sənə nə demək istəyirəm… Biz səninlə südəmər deyilik.
ANDRO. Hə, biz çoxdan kişiyik.
SANDRO. Biz kişi də deyilik.
ANDRO (təəccüblə). Necə yəni kişi deyilik? Bəs kimik? Yox, dostum, deyəsən, sənə həkimlərin təsiri keçib axı? Şəhərliləri yamsılayırsan? Özlərini əqli işçilər adlandıranları? Qırx yaşına çatanda ayaqları sözlərinə baxmır! Sifətləri də ördək yumurtası kimi solğun-yaşıl olur! İşdə səkkiz saat – kresloda, müşavirədə, dörd saat –stulda, televizorun qabağında, dörd saat – divanda otururlar! Artıq kişilikdən əsər-əlamət qalmır! Hələ bir qadınlardan inciyirlər ki, onlar şalvar geyirlər! Yan-yörədə belə kişilər görən qadınlar bəs nə etsinlər?! Biz isə hələ ayaq üstəyik. Külək də bizi yıxmır. Gün yandırır, yağış da təravətli edir. Məgər biz kişi deyilik?!
SANDRO. Özünü tərifləmək səni təngə gətirməyib?! Altmışı haqladın, mavi işığını söndür.
ANDRO. Heç mənim atam yadına gəlir?! Mən anadan olanda onun altmış yaşı vardı, yüz yaşında hələ də ot çalırdı! Yüz iyirmi altı yaşında öldü. Dişlərinin hamısı cağbacağ idi. Ondan soruşanda ki: «Niyə belə çox yaşamısan?» Cavab verərdi: «Heç vaxt heç kimə qibtə etməmişəm!»
SANDRO. Hə, o sənin atan idi… Mənim heç yetmiş yaşım da yoxdur, ancaq dişlərimi belə saya bilmirəm… Bu gün xəstəxanadan sonra qarğıdalı sahəmin yanından keçdim, ürəyim ağrıdı! Onlara qulluq edə bilməyəcəyəm!
ANDRO. Edəcəksən!
SANDRO. Yox, Andro! O gücüm qalmayıb.
ANDRO. Elə qulluq edəcəksən ki!
SANDRO. Mənsə deyirəm: “Yox”. Cavab qaytarma!
ANDRO. Qaytaracağam!
SANDRO. Haqqın yoxdur! Mən səndən böyüyəm.
ANDRO. Sən? Yox, indi ki, belə oldu, mən səndən böyüyəm.
SANDRO. Sən yox, mən böyüyəm, düz doqquz gün!
ANDRO. Hər halda mən böyüyəm! Ona görə ki, sən yeddiaylıq, mənsə doqquzaylıq doğulmuşam!
SANDRO. Hə, nəyin məndən artıqdır, ey doqquzaylıq? Məgər, heç olmasa, bir dəfə ot biçimində məni ötmüsən? Hə? Bəs cərgəarası alaq etməkdə necə? Yadına sala bilmirsən?
Andro əyilir və ovcuna nə isə yığır.
Orda nə edirsən?
ANDRO. Həkimin haqlı imiş! Budur qum! Tökülür! Bəsdir həyəcanlandığın, yoxsa bu saat daşlar da düşəcək!
SANDRO (Andronu kənar edir). Sənə acığım necə tutmasın?! Sənə baş qoşan, elə sənin kimi gicbəsər olar! (əlini yelləyib evinə getmək istəyir).
ANDRO. Axı, mən zarafat edirdim, sən də uşaq kimi inciyirsən! Pişik itə mırıldayan kimi mənim üstümə nə düşmüsən?! Getmə, Sandro!
SANDRO. Xahiş eləmə, qalmaram!
ANDRO. Deməli belə! Özünün boş evində gəz-dolan! Qapını bağlayıb təkəbbürlü bayquş kimi otur orada!
SANDRO. Hələ bir özünə bax! Dəymiş taxılın arasındakı kök dişi bildirçin! Nə çovdarsan, nə darı!
ANDRO. Ah, sən beləysənmiş! Allaha şükür sənin kimi nə boşluğumda, nə də qara ciyərimdə daş var!
SANDRO. Mənim daşlarıma toxunma, onların ağırlığını sən hiss etməzsən! Məgər gözlərinin nədən çəp olduğunu unutmusan?
ANDRO. Ondan çəp olub ki, sən həmişə mənim gözlərimin qarşısındasan!
SANDRO. Yox, simiclikdən çəp olub! Öz toyunda yaxşı bişməmiş içalatı rezin təki dişlərinlə o yerə qədər dartışdırdın ki, çıxıb gözünə dəydi!
ANDRO. Mənimçin hazırcavab olub! Belə hazırcavabsansa, indiyə kimi niyə özünçün təqaüd düzəldə bilmirsən?
SANDRO. Bəs özün niyə almırsan?
ANDRO. Mənim qumum hələ tökülmür!
SANDRO. Bu qumu başıma nə qaxınc edirsən? Mənim həyətimdən çıx get!
ANDRO. Sənin həyətin niyə olur? Mən öz hissəmdəyəm, özün çəkil! Görürsən, sərhəd haradan gedir?
SANDRO. Sən mənim hissəmdə dayanmısan!
ANDRO. «Şiş» sənə, sən dayanmısan!
SANDRO. Yox, «şiş» özünə, çəp şoğərib!
MARQO (artırmadan). Yenə bir-birinizə olan məhəbbəti izhar edirsiniz?
SANDRO. Doğrudur! Əyri ağacın kölgəsi kimi. Marqo, əzizim əgər bizi bir qazanda da qaynatsalar, bilyon başqa olacaqdır! (uzun, yoğun kəndiri götürür).
MARQO. Sandro, kəndiri qoy qalsın! Bütün kənd bilir: əgər bu lənətəgəlmiş kəndir çəkilibsə, deməli, Andro ilə Sandro dalaşıblar!
SANDRO. Xahiş eləmə, əzizim, xahiş eləmə (kəndirin bir ucunu çəpərə bağlayır).
ANDRO. Bu tərsə yalvarıb-eləmə! Qoy bağlasın!
MARQO (kəndiri Sandronun əlindən alır). Boşla, xahiş edirəm, bizim dostluğumuzun xatirinə!
SANDRO (deyinir). Yenə ortaya girirsən? Dostluq xatirinə, dostluq xatirinə! Nədən yapışmağı bilirsən!
MARQO (Androya). Xəstə ilə necə rəftar edirsən? Üzr istə, insafsız! Yoxsa, mən də səninlə danışmayacağam!
ANDRO (Sandroya yaxınlaşır, təqsirkarcasına başını əyir, sonra onu qucaqlayır). Bağışla!
SANDRO. Yaxşı görək!
MARQO. İndi gedək süfrə başına.
ANDRO. Get, biz də gəlirik.
Marqo gedir.
Niyə görə səni belə sevirəm?!
SANDRO. Sən məni? İt dəyənəyi sevən kimi…
ANDRO. İnanmırsan? İstəyirsən sabah sənin həkiminin yanına gedim. Səndə nə qədər qum olduğunu öyrənim. Əgər bir girvənkədirsə, Terekin öz qumundan iki girvənkə yeyim!
SANDRO. Sağ ol, Andro, lazım deyil. Göylə yer arasında səndən yaxın adamım yoxdur. Ona görə də son vəsiyyətimi sənə eləmək istəyirəm.
ANDRO. Anlamadım. Vəsiyyət?
SANDRO. Hə, hə, vəsiyyət.
ANDRO. Ah, gör bir ağlına nə gəlib (istehza ilə). Əgər belədirsə, elə…
SANDRO. İnsanı son mənzilə yola salanda ona necə hörmət və ehtiram göstərilirsə, sonradan da onun barəsində həmin fikirdə olurlar.
ANDRO. Nə son mənzil? Hansı ehtiram? Söhbət kimdən gedir?
SANDRO. Söhbət məndən gedir. Sən məni öz qayda-qanunumuzla, ləyaqətlə, qafqazlısayağı yola salmalısan.
ANDRO. Mərhaba! Daha sonra?
SANDRO. Üstümdə elə vida nitqi deyərsən ki, camaat ağlayar!
ANDRO. Nitq olacaq. Bəs sonra?
SANDRO. Orkestr da olsun…
ANDRO. İkisi birdən olacaq. Lakin hər ikisi səhv çalır, itlər! Bəlkə qarmoşka gətirdim?
SANDRO. Qarmoşkanı özünçün saxla.
ANDRO. Yaxşı, saxladım. Daha nə kimi tapşırığın olacaq?
SANDRO. Sən ağlamalısan… Ağlamalı, ucadan və qəşəngcə oxşamalısan…
ANDRO. Özümü sınayaram.
SANDRO. Sına. Ağla, oxşa. İstəyirəm görüm necə alınar.
ANDRO. Əzizim, axı sən hələ mərhum deyilsən!
SANDRO. Mehribanım, mən mərhum olanda artıq heç bir şey eşitməyəcəyəm! Gec olacaq!
ANDRO. Bu gün isə tezdir.
SANDRO. Ən yaxşı dostum kimi mənim üçün bir balaca məşq etməlisən.
ANDRO. Edərəm, əyləş (kənara çəkilir). Orkestr çal! Sən də gözlərini yum! Bax, belə. Tərpənmə, nəfəs alma. Başlayıram (cibindən qəzet çıxarır, eynək taxır və oxuyur).
SANDRO (pauzadan sonra). Sən nə ilə məşğulsan?
ANDRO. Təzə qəzet oxuyuram.
SANDRO. Heç qəzetin yeridir?
ANDRO. Nekroloq axtarıram. Səninkini. Birdən səhv olar.
SANDRO. Nə oldu? Tapdın?
ANDRO. Bu qəzetdə yoxdur, yəqin divar qəzetində var. Nekroloqsuz başlayaq. Bir dayan, mərhumun oturduğunu harada görmüsən? Bu saat uzan!
Sandro həvəssiz oturacaqda əyləşir.
Bax belə yaxşıdır. Deməli mənim vida nitqim… Mehriban insanlar, mərhum haqqında, adətən, yaxşı sözlər deyirlər. Belə sözləri mən də deyə bilərdim, amma yalan söyləmək istəmirəm: o, qanmaz idi, qanmaz olaraq qaldı!
SANDRO (yerindən sıçrayır). Kifayətdir. Sən xainsən! Hanı mənim kəndirim?
ANDRO. Budur sənin kəndirin. Şakər edib, axmaq: vida, vəsiyyət, orkestr! Sənə evlənmək lazımdır, o dünyaya hazırlaşmaq yox. Sabah işə çıxırsan! Gələn şənbə günü isə elçiliyə gedəcəyik. Gicliyin keçər!
SANDRO. Kəndir! Hanı mənim kəndirim?
ANDRO. Götür. Mən kəndirsiz də sol tərəfə bir addım atmaram! Möhkəm çək! Baxarıq görək bizlərdən kim peşman olacaq!
SANDRO. Çəp şoğərib!
ANDRO. Sən də qanmazsan!
MARQO (çıxır). Yenə də məhəbbətinizi izhar edirsiniz?
Hər üçü eyni zamanda danışır.
SANDRO. Sənin ərin xaindir!
ANDRO. Bu axmağı ha istəyirsən həyata, işıqlı dünyaya çəkəsən, olmur ki, olmur!
MARQO. Bəsdir çərənlədiniz! Piroqlar soyudu!
Mübahisə davam edir, ehtiraslar coşur.
İkinci şəkil
Yenə də orada, həyət tarım çəkilmiş kəndirlə iki yerə bölünüb..
ANDRO (işdən qayıdaraq). Arvad! (iş paltarını çıxarıb onu kəndirin üstünə tullayır. O biri tərəfdə Sandronun evidir). Görüm səni bu kəndirdən asaydılar!
MARQO (küçədən gəlir, ərini görüb ağ xalatı arxasında gizlədir). Nə əcəb belə ertə?
ANDRO. Ertə? Harada idin?
MARQO. Harada ola bilərəm? Mağazaya qaçmışdım.
ANDRO. Axı səndən xahiş etmişdim ki, getməyəsən. Rayon ictimai təminat şöbəsindən Bibo gəlməli idi.
MARQO. Gözlədim, gözlədim… qaçdım.
ANDRO. Mağazaya? Ağ xalatda? Neçə dəfə demişəm ki, fermaya getmə. Təqaüd aldın? Nəyin çatmır? Pulun?
MARQO. Fuzanın uşağı xəstələnmişdi. Darya isə özü kefsizləyib, kömək etmək lazımdır. Sənsə pul barədə…
ANDRO. Adamların hərəsi bir cür fikirləşir. Deyərlər, simiclik edirik. Sandroya görə də yaxşı deyil. Elə fikirləşər ki, qəsdən ondan yan gəzirik. Yeri gəlmişkən, o haradadır? Çoxdandır gözümə dəymir!
MARQO. Hava açılar-açılmaz tarlaya getdi. Onun qarğıdalıları necədir, bilmirsən ki?
ANDRO. Heç nəylə öyünmək olmaz.
MARQO. Yazıq Sandro!
ANDRO. Onun dilindən kim yapışıb çəkdi ki, keçən ildəkindən çox məhsul verəcəyini vəd etdi? İndi budur: gecə-gündüz alaq otları ilə əlləşir.
MARQO. Haradan biləydi ki, xəstəxanaya düşəcək! Andro, əzizim, qorxuram camaat görə. Kim rast düşsə, hökmən soruşacaq: kəndir yenə də çəkilib? Dostlar dalaşıblar?
ANDRO. Qoy soruşsunlar. Sən də cavab ver ki: “Kəndir paltar üçündür!” köhnə paltarları buraya gətir, artıq söz danışmasınlar deyə sərək qurusun.
Marqo şeyləri çıxarır və Andro onları asır.
MARQO. Qonşu gəlir!
ANDRO. Belə tez qayıtmağa onu nə vadar edib? Bibo ilə onun rastlaşmasını istəmirəm!
Marqo gedir.
Bəlkə danışdırım? Yox. Günahkardır, qoy özü danışsın.
SANDRO (daxil olur, öz-özünə). Bəlkə danışdırım? Yox! Dözüm! Qoy iztirab çəksin (kəndirdən asılmış şeyləri səliqə ilə yığır, qatlayır və ehtiyatla «demarkasiya xəttinin» o biri tərəfinə qoyur).
ANDRO (onları götürüb səliqə ilə əvvəlki yerindən asır). Məni qızışdırmaq istəyir? Heç nə çıxmaz!
SANDRO (Andronun nə etdiyini görərək Marqonu səsləyir). Marqo! Marqo!
MARQO (astadan). Mənimləsən, Sandro?
SANDRO. Ərinlə danışmıram: ona çatdır ki, özünün cır-cındırlarını mənim kəndirimdən asmasın. Camaat elə bilər onlar mənimdir və deyərlər: “Qoca Sandro kanatı alt paltarı kəndirindən ayıra bilmir”.
ANDRO (asmaqda davam edərək). Arvad öz ağıllı qonşuna çatdır: “Əgər o mənimlə danışmaq istəyirsə, qoy iki şahid çağırsın, qoyun kəssin, bir tuluq çaxır hazırlasın, onda bəlkə də mən onunla danışdım. Xüsusi olaraq nəzərinə çatdırıram: bəlkə danışdım!”
SANDRO (şeyləri yığmaqda davam edərək). Marqo, əzizim, öz ağıllı ərinə çatdır. Xüsusi olaraq nəzərinə çatdırıram: ağıllı ərinə! Belə bir iş üçün qoyun nədir, heç cücə də kəsmərəm. Əgər mənimlə danışmaq üçün özünün ürəyi gedirsə, qoy şahidlər çağırsın, qoyun kəssin… Hədsiz xəsis olduğundan onsuz da qoyun kəsməyəcək… Heç olmasa hinduşkanın lap çölə atılası hissəsini qovursun! Yalnız onda, Marqo, sənə olan sonsuz hörmətə görə bəlkə onunla danışdım.
ANDRO (gülür). Arvad, qaranquşum! Ona çatdır ki, o mənimlə danışmasın deyə heç öküzə də heyfim gəlməz! O mənə gərək deyil!
SANDRO. O mənə gərək deyil!
ANDRO. Lap əla!
SANDRO. Allaha şükür!
ANDRO. Qurtarın. Sizə deyirlər!
ANDRO (arvadının üstünə düşür). Sən də sus! Aranı qızışdırma! Yemək ver! İşə tələsirəm! Bəziləri kimi avara deyiləm! Mənim sahəm bəzilərinki kimi alaq otu yetirmir!
SANDRO. Sahə! Yaman da sahən var! Yunan qabaqları ağ turpdan seçilmir!
MARQO (Sandroya). Sən də yaxşı görək! Təzədən başlama! Gedək nahar edək!
SANDRO. Gəlirəm, gəlirəm (onun ardınca gedir).
ANDRO (Marqoya). Sən bu adamı mənimlə bir süfrə başında oturtmaq isətyirsən?
SANDRO (öz evinə sarı dönür). Marqo, ona çatdıra bilərsən: mən onunla nəinki bir süfrə başında oturmayacağam, hətta bir sobada bişən çörəyi də yeməyəcəyəm!
Andro və Marqo mübahisə edə-edə öz evlərinə girirlər.
Mən də dalınca gedəcəyəm, gözlə! Deyir, sahə alaq otu yetirir! Görürsən bir! «Andro!» Hələ bunun adına bax! Məgər bu da addır? Hərflər çatışmır! “Sandro!” isə başqa məsələ. Hərflər hamısı yerli-yerində! Yox, kişi-kişi olmalıdır.
MARQO (önlüyünün altında yemək olan qazanı gətirərək çıxır). Sandro, nə qədər ki, soyumayıb get, ye!
SANDRO. Sağ ol, Marqo! Heç bilmirəm xəcalətindən necə çıxacağam!.. (qapağını açır). Pəh-pəh, bir iyinə bax! (Andronu xatırlayaraq). Sağ ol, Marqo, mən toxam!
MARQO. Ye görək, sonra ayırd edərik! Androdan inciməyə dəyməz!
SANDRO (iştaha ilə yeyir). Rayona getməliyəm… İstəyirəm ki, qarğıdalıma təyyarə ilə herbisid səpsinlər…
MARQO. Bəlkə əbəs yerə həyəcanlanırsan? Ərim deyir sənin sahən yaxşıdır.
SANDRO (yeməkdə davam edərək). Keçən ilkindən çox yığmağa söz vermişəm, sözün üstündə isə durmaq lazımdır.
ANDRO (evindən çıxır və onları müşahidə edir). Bəlkə Sandronu öz pasportuma yazdırdım? Arvadım onun qayğısına az qalsaydı, məcbur olub evlənərdi!
Sandro evinə girir.
MARQO. Evlənmək? Bu yaşda?
ANDRO. Bəs nə? Lap vaxtıdır? Özü də necə bir qadınla! Əldən çıxarmağa adamın heyfi gəlir!
MARQO. Yenə də öz inadını yeridirsən?! Mən fermaya getdim.
ANDRO. Get, saxlamıram! Amma Çermenə de ki, sən oraya puldan ötrü yox, hami kimi gedirsən.
MARQO. Deyərəm, deyərəm. Narahat olma.
ANDRO. Gecə qalma. Mənim evdə olmayacağım kifayətdir.
MARQO. Özünlə yemək götür (gedir).
ANDRO. Yemək də götürərəm… hələ üstəlik başqa şey də… (evə girir).
BİBO (yenə də). Əgər səhv etmirəmsə, siz Sandrosunuz?
SANDRO. Hə, Sandroyam!
BİBO. Mən Biboyam, rayon ictimai təminat şöbəsindənəm.
SANDRO. Boğazına nə olub?
BİBO (pıçıltı ilə). Qonşu arvad evdədir?
SANDRO. İndicə fermaya getdi.
BİBO (ucadan). Uf! Dalaşqan xaladır! Mən artıq burada olmuşam… Amma Andronu tapmadım.
SANDRO. Təqaüdə görə?
BİBO. Hə.
SANDRO. Hə, nə xəbər? Alacaq?
BİBO. Andro? O heç istəmir də.
SANDRO. Gör necə adamdır! İnadkardır! Yox, bir sən dayan, mən onu ifşa edəcəyəm!
ANDRO (təsərrüfat çantası ilə çıxır, Bibonu görərək). Bibo doğrudan ağzından qaçırıb! Mən ki, xahiş etmişdim! (Biboya). Xoş gəlmisən, Bibo! Sən hara, bura hara?
BİBO. İş var, iş. Gəlirəm, sizsə evdə olmursunuz!
ANDRO. Nə edəsən?! İşin başdan aşan vaxtıdır (onunla görüşür). Buyur mənim evimə.
SANDRO. Bibo, mən qananı, sən mənim yanıma gəlmişdin?
BİBO. Hə. Amma Andro da mənə lazımdır.
SANDRO. Onda, xahiş edirəm, əvvəlcə bizim evə buyur, yalnız bundan sonra!
ANDRO. Bibo, canım, sənin borcun əvvəlcə mənim evimə buyurmaqdır.
BİBO. Başa düşmürəm. Borcum niyə?
ANDRO. Necə niyə? Məgər məlumun deyil ki, mənim atamla sənin atan dost idilər. Hətta qardaş olublar?
BİBO. İlk dəfədir eşidirəm.
ANDRO. Onda bil: onların dostluğu döyüş meydanında başlayıb. Hələ rus-yapon müharibəsində!
BİBO. Üzr istəyirəm, Andro, burada nə isə anlaşılmazlıq var. Mənim atam rus-yapon müharibəsində olmayıb.
SANDRO (gülür). Əlbəttə, olmayıb. Bu hamıya məlumdur! Bibo mənim qapımı açmasa, böyük günah olar!
BİBO. Günah niyə?
SANDRO. Ona görə ki, atalarımız imperialist müharibəsində bir yerdə qan töküblər!
BİBO. Üzr istəyirəm, Sandro, amma burada da səhv var. Atam imperialist müharibəsində də olmayıb.
ANDRO (gülür). Əlbəttə, olmayıb. Yadıma düşdü: o, atamla yox, mənimlə xidmət etmişdir! Böyük Vətən müharibəsində, əvvəlcə Budyonnının, sonra Rokossovskinin yanında. Bəs nə! Bir dəfə Rokossovski onu çağırıb deyir: «Dostum!»
Bibo gülür.
Niyə gülürsən?
BİBO. Axı, mənim atam bu müharibədə də olmayıb.
ANDRO. Vətən müharibəsində olmayıb? Bəs hansında olub?
BİBO. Heç birində.
SANDRO. Sən qarışıq salırsan, oğlan. Bu ola bilməz.
ANDRO. Məgər o, dağlı deyil? Kim inanar hamı Vətəni müdafiə edib, dağlı isə evdə sobanın qırağını kəsdirib durub.
BİBO. Mənim atam müharibədən qabaq, yeni təyyarəni sınaqdan çıxaranda həlak olub. Anadan olmağıma bir ay qalmış…
Cansıxıcı sükut.
Bu kəndir buradan niyə asılıb?
SANDRO. Belə də… Həyətdə hər cürə əclaf veyillənməsin…
ANDRO. Mənim qonşum əməyə və müdafiəyə hazıram normasını ödəməyə hazırlaşır… Ona hündürlüyə tullanmağı məsləhət görüblər.
SANDRO. Ona qulaq asmaq faydasızdır, özü gecənin qaranlığında iynə saplayır, toyuğu isə qaz yumurtası yumurtlamağa məcbur edir. Sən mənim qonağımsan, buyur evimə…
ANDRO. Fərz edək ki, o mənim qonağımdır və mən onu heç yana buraxmayacağam (Bibonun qolundan yapışır).
SANDRO. Belə qonağı tale özü mənə göndərib, onu heç kimə vermərəm (o biri qolundan yapışıb dartıb).
BİBO. Bir dayanın görək, qəsdiniz məni parçalamaqdır, nədir?!
Onlar getdikcə qızışır, hərə Bibonu öz tərəfinə çəkir, nəticədə
onun paltarının qolu qopur.
Məni niyə bu kökə saldınız?.. İndi belə görkəmdə rayona necə qayıdım?
SANDRO. Bu istidə paltarın qolu nəyinə gərəkdir? Öz aramızdır belə daha yaxşıdır!
ANDRO. Qopubsa, demək artıqmış! (getməyə hazırlaşır)
ANDRO. Bu saat əzizim, həyəcanlanma (üç ayaqlı balaca stolu götürür, onu sərhəddə qoyur, çantasından çaxır olan bardaq və qəlyanaltı çıxarır). Əziz Bibo, sənə vurduğum həmin maddi ziyana görə (paltarın qoparılmış qolunu göstərir) dərindən üzr istəyirəm. Amma bu sənə olan hörmətimin nəticəsidir (çaxır süzür). Buyurun stola.
BİBO (Sandronu göstərir). Özümdən yaşlıdan qabaq otura bilmərəm.
Sandro stola tərəf gedir.
ANDRO. Ona içmək olmaz. Qara ciyərində kül tapıblar.
BİBO. Kül?
ANDRO. Böyrəyində də şifer qırıntıları.
BİBO. Heç olmasa, qoy bizimlə əyləşsin.
ANDRO. Gecəyə kimi yalvarsan, oturmaz.
Sandro balaca oturacaq gətirir və öz tərəfindən stolun arxasında əyləşir. Andro üzərində yemək olan stolu qaldırıb evinə aparır. Xoşagəlməz pauza. Baxışırlar. Sandro astaca süfrə başında ifa olunan mahnını züm-zümə edir. Bibo da ona qoşulur.
SANDRO. Yaxşı ki, getdi. Səninlə onun barəsində danışmaq istəyirdim (astaca). O, fəraridir!
BİBO. Necə yəni fərari? Müharibə dövründə olub?
SANDRO. Müharibəni o, ordenlə başa vurub. İndi isə fəraridir!
BİBO. Anlamıram!
SANDRO. Belə olsaydı, dərd yarı idi!
BİBO. İndi ikilikdə onu yola gətirərik!
SANDRO. Yox, biz dalaşmışıq, kəndiri görürsən? Çəkilibsə, demək aramız dəyib!
BİBO. Sübut göz qabağındadır (kəndirə toxunur), özü də son dərəcə inandırıcıdır! İstəyirsiniz sizi barışdırım.
SANDRO. O tülkü ilə? Allah eləməsin! Sən onu mənsiz sıxışdır. Qoy canını qoymağa yer tapmasın! (paltarın qoparılmış qolunu Biboya verir və evinə gedir).
ANDRO (çıxır, Sandronun arxasınca baxaraq). Dəvətsiz stol arxasında oturmaq ləyaqətsiz kişinin işidir. Səninlə o nə barədə danışırdı?
BİBO. Fərarilər barəsində.
ANDRO. Aydın olmadı. Bəs sən onunla nə barədə danışırdın?
BİBO. Mən də onlar barəsində.
ANDRO. Heç nə anlamıram, ona gəldikdə isə, eşşək kimi kəcdir.
BİBO. Onun barəsində belə deməyin, adlı-sanlı qarğıdalı ustasıdır.
ANDRO. Nə olsun? Onun yerinə başqası olsaydı, yaxasında qızıl ulduz parlardı! Onunku isə gətirmir!
BİBO. Nə üçün?
ANDRO. O irəlidə gedirdi. Kolxoz isə yerində sayırdı. Bu il də yatağa düşdü. Həkimlər də müalicə etməkdənsə, onu daha da qorxuya salıblar… Heç eybi yoxdur, mən onu ayaq üstə qaldıraram. Heç olmasa, təqaüd düzəlsəydi! Təqaüd!
BİBO. Deyirsiniz müharibəyə qədər Sadon şaxtalarında işləyib? Bəs sənədləri hanı?
ANDRO. Sənəd var. Budur (o, cib dəsmalına bükülmüş köhnə, saralmış, sürtülüb deşilmiş, qat bağlamış qəzeti ehtiyatla açır). Doğrudur, son günlərini yaşayır, amma sənəddir. Arvadım sandıqdan tapdı. Ehtiyatlı ol, müharibəyə qədərki qəzetdir! Budur Sandro! Şaxtaçı kaskasında! Rekord müəyyən etdiyini yazırlar!
BİBO (göz gəzdirir). Hə, bu – odur. Ancaq təəssüf ki, təqaüd işində qəzet sənəd deyil.
ANDRO. Necə sənəd deyil? Qəzeti ki, mənim qudam buraxmayıb. Dövlət öz qəzetinə inanmır? İndi o nə etsin? Şaxtaçı sənədləri qalmayıb deyə o, təqsirli deyil ki! Kolxoz stajı da çatmır. Sizə isə ya gərək şaxtaçı stajını tam verəsən, ya da kolxoz!
BİBO. Deyin görək, o, cəbhəyə şaxtadan gedib?
ANDRO. Əlbəttə!
BİBO. Demək belə bir sənəd tapmaq lazımdır.
ANDRO. Bəziləri sənəd barəsində fikirləşməyib, bütün ömrü boyu zəhmət çəkir, bir başqaları isə iş barədə fikirləşməyib ömrü boyu sənəd toplayır.
BİBO. Ona niyə belə can yandırırsan? Sizin ki, aranız dəyib!
ANDRO. Aramız dəyib? Kim dedi? Haradan beyninə gəldi?
BİBO. Görünür axa. Kanat çəkilmişdir.
ANDRO (özündən çıxaraq). Cavan oğlan! Təhsilli olsan da, savadsızsan! Uşaq da bilir ki, kəndir alt paltarı sərmək üçündur. Əslində isə burada kəndirlik iş yoxdur. Əgər bu kəndir Sandronun təqaüd almasına mane olursa, bu saat onu tikə-tikə edər və yeyərəm. Dalaşmışıq! Burada təəccüblü nə var ki? Ər də arvadla dalaşır, məgər axşam bir yastığa baş qoymurlar?
BİBO. Bunlar başqa-başqa şeylərdir… Andro, bəs siz niyə təqaüd almırsınız?
ANDRO (diqqətlə Biboya baxır). Bunu Sandro sənə dedi?
BİBO. Yox, partiya təşkilatı katibi.
ANDRO (məhrəmanə). Qonşumun ayna kimi təmiz ürəyi var. Yeganə bir oğlu vardı, sərhəddə qəhrəmancasına həlak oldu… Dörd il əvvəl arvadını itirdi… Tənhadır. Siqaretin var?
BİBO. Buyurun.
ANDRO (çəkir). Bibo, bu yaşda tənhalığın nə demək olduğunu anlayırsan? Tutaq ki, mən təqaüd alıram. Hər ay bizim poçtalyon Murad buraya gəlir və çağırır: “Ey, Andro, qol çək!” Mənim qonşumsa, bütün bunları görür… Heç kim bunu çağırıb: «Qol çək!» demir. Halbuki o buna layiqdir! Belə-belə işlər, dostum…
BİBO. Qəzeti verin (alır). Hə, Andro, yaxşı siyasətiniz var.
SANDRO (görünür). Ey, ictimai təminatçı, gücün çatmadı?! Həqiqəti düz onun gözlərinin içinə deyə bilmirsən? Əgər vicdanlı olsaydı, özü sənin yanına gələrdi!
ANDRO. Sərhəddi keçmə, Sandro!
BİBO. Bir dayanın! Sakit olun!
ANDRO. Sən qarışma!
SANDRO. Bizi sakitləşdirmə!
Marqo gəlir.
MARQO. Yenə kim onları işə salıb?
BİBO. O da gəldi. Mənim yazıq başım.
Başını portfellə örtür. Mübahisə davam edir. Onlar daha da qızışırlar.
PƏRDƏ
II HİSSƏ
Üçüncü şəkil
MARQO. Bax, görürsən, nə ins var, nə cins. Artıq bir həftədir ki, bizim kişi evdə gecələmir. Qonşu da sahədə itir.
DUDAR. Nə qədər ki, hava üzümüzə gülür, çatdırmalıyıq. İndi adamlar köçlü-külfətli tarlalardadır.
MARQO. Lap yaxşı. Mən də yorğanımı götürüb fermaya gedəcəyəm.
Dudar gülür
Sənə də acığım tutur.
DUDAR. Niyə görə?
MARQO. Fikirləşirdim ki, qızımı sevirsən, onu saxlar, belə uzağa buraxmazsan. Sənsə onu özün aeroporta apardın.
DUDAR (gülür). Narahat olmayın. Orada qış olmur.
MARQO. Oh, siz gənclər. Qoyasan elə qocaları ələ salalar. Qış olmur.
DUDAR. Andro nədənsə məni axtarıb. Bilmirəm gözləyim, yoxsa gedim.
ANDRO (gülümsəyir). Adəti bilirsən! Gələcək kürəkənə qayınata qarşısında dayanmaq lazımdır, eləmi? Amma bununla mənim başımı piyləyə bilməzsən. Mənə başlıq lazımdır. Anlayırsan, başlıq!
DUDAR (çaşıb qalır). Güman edirəm ki, bu, zarafatdır?
ANDRO. Zarafatlıq halım yoxdur. Sabahkı gündən gec olmayaraq başlıq! Yoxsa qulağının dibini görəndə mənim qızımı görərsən! Niyə dinmirsən?
DUDAR. Heç bilmirəm nə deyim…
ANDRO. Sənə kömək edərəm. Deyirlər, alaq otuna qarşı sizdə yeni kimyəvi preparatlar var.
DUDAR (çaşqın). Hə, herbisidlər…
ANDRO. Onları tarlaya səpirlər?
DUDAR. Hə.
ANDRO. Lap yaxşı, sabah herbisidinlə uçub gələr, Sandronun sahəsini qaydaya salarsan. Ondan sonra mən, günün və gecənin hansı saatında istəsən, elçilərini qəbul etməyə hazıram… Çatmadı? Mənə başlıq lazımdır, herbisid başlıq!
DUDAR (rahat). Çatdı, Amma kolxozdan sifariş yoxdur.
ANDRO. Kolxozun buraya nə qarışacağı? Başlıq mənə lazımdır.
DUDAR. Ah, deməli belə! İndi çatdı. Bəs necə edim?
ANDRO. Çox sadə. Səhvə yol ver. Onun qarğıdalısına səp, sonra təqsiri metereoloji şəraitin üzərinə yıx. Bir səhvi hətta Allahın özünə də bağışlamaq olar.
DUDAR. Bu, inandırıcı deyil!
ANDRO. Əşi, bu camaat nə pis olub! Dövlətin xeyrinə heç kim səhv etmək istəmir. Bu, qəbahətdir. Soltan «səhvən» üç ton kartofu öz həyətinə boşaltmışdı. Bunun eybi yoxdur? Yanılırsan, dost! Belə səhv üçün isə cavab vermək də günah deyil. Vaxt itiririk! Sonra kolxoz sizin kontorla haqq-hesab çəkər!
DUDAR. Oldu. Günü sabah səhvə yol verərəm. Bəs onun sahəsi hayandadır?
ANDRO. Amma gündüz yox, gecə! Qoy kimsə görməsin.
DUDAR. Qoy baxsınlar. Amma tarlada heç kim olmamalıdır! Kimyəvi preparatlar zəhərlidir!
ANDRO. Bəs mən nə deyirəm! Gecə yaxşıdır. Sonra, bilirsən, heç Sandronun da bundan xəbər tutmasını istəmirəm. Biz onunla, necə deyərlər, küsülüyük.
DUDAR. Axı, ertəsi gün o, özü də biləcək!
ANDRO. Bəlkə gecə yağış yağıb. Herbisid yağışı!
DUDAR. Bəs gecə vaxtı onun qarğıdalısını necə müəyyən edim?
ANDRO. Hər şeyi ölçüb-biçmişəm. Sahənin kənarlarına fənər qoyaram.
DUDAR. Yaxşı. Sabah saat doqquzda.
ANDRO. Bura bax. Yalan-palan olmasın ha!
DUDAR. Kişi kimi söz verirəm!
ANDRO. Qızımı deyə bilmərəm, amma mənim yaman xoşuma gəlirsən.
DUDAR. Gecəniz xeyrə qalsın.
ANDRO. Xeyrə qarşı!
Dudar gedir.
Marqo, qaranquşum, işin nə yerdədir? Vanna hazırdır?
MARQO. Nə qışqırırsan? Hər şey hazırdır! Bəs Dudar hanı?
ANDRO. Getdi.
MARQO. Ona niyə təklif etmədin?
ANDRO. Nəyi? Kürəyimi sürtməyi?
MARQO. Şam yeməyini.
ANDRO. Tələsirdi, televizorda futbol var. Dəsmal asmısan?
MARQO. Sabun da hazırlamışam. Ancaq mürgü vurma, yoxsa yenə də vannada yatarsan (gedir).
ANDRO. Öz vannamdır – istərəm mürgü vuraram, istərəm yox (evə girir).
Hava qaranlıqlaşır. Yorulmuş Sandro həyətdə görünür.
SANDRO (oxuyur).
Hara tələsirsən, qocalıq?
Nə olar, yollarda bir ləngisənə!
Hələ doymamışam mən ki həyatdan
Zövqümü, nəşəmi verimmi sənə?
Bir az ayaq saxla, yuban yollarda.
Gəlmisən, həyatdan mən nakam köçüm?
Ağ köpük kimisən, yelə qoşul, get
Vətən nəğməsini könlümcə içim.
Vaxtsız qonaq kimi döymə qapımı
Hər şeyin öz vaxtı, öz vədəsi var!
Bir az ləngi yolda, mürgülə yolda
Səndən uzaq olsaq, ömür uzanar!
MARQO (çıxır). Gəldin, Sandro?
SANDRO. Gəldim.
MARQO. Qara ciyərin əziyyət vermir?
SANDRO. Sağ ol, dərmanın kömək edir…
MARQO. İndi hamı otlarla müalicə olunur. Səninçün solmaz çiçəklə bir tərkib hazırlaram!
SANDRO. Sağ ol. Sənin qocan harada gizlənib? Onu heç görmürəm.
MARQO. Burdadır, çimir. Bir-birinizi didişdirməkdən əl çəkin. Hələ təngə gəlməmisiniz?
SANDRO. O, tərsdir. Həmişə istəyir ki, axırıncı sözü o desin.
MARQO. Sən də heç nədə ona güzəştə getmirsən!
SANDRO. Ona güzəştə getsəm, başımda oturar!
MARQO. Sən haqlısan, o, tərsdir. Belə adam gecə qabağına çıxsa, qaçarsan.
SANDRO. Elədir (birdən yadına salaraq). Niyə gecə qabağına çıxsa qaçarsan?! Onun nəyi pisdir?
MARQO. Elə sən özün də onunla dalaşmısan!
SANDRO. Onunla dalaşdığımızı ört-basdır etməkdənsə, məni onun üstünə qaldırırsan!
MARQO. Mən?
SANDRO. Səndən inciyirəm (pauzadan sonra). Androya nə olub? Onu sehrləyiblər nədir? Yaxınlarda onunla qarşılaşıram, fikirləşirəm «bir onu danışdırım», o isə məhəl qoymur.
MARQO. Söz verib: bir daha səninlə savaşmayacaq.
SANDRO. Oh, qadınlar! Yazığın gəlir? İçkiyə meyl göstərmirik, siqaret çəkmirik, domino oynamırıq. Yeganə əyləncəmiz var, onu da bizə çox görürsünüz!
MARQO. Camaat gülür. Hər yoldun ötən bu kəndirə baxır.
SANDRO. Qoy baxsın! Burada gülməli nə var ki? Kəndirdir də. Bəlkə dağıstanlılar kimi biz də məşhur kəndirbaz olmaq istəyirik? (pauzadan sonra) Yaxşı, Marqo, əgər o, söz veribsə, mən də and içirəm – bir də savaşmarıq (gedir).
MARQO İlahi, bunlarla nə edim? Bəlkə doğrudan da onu evləndirim? Axı gəlini özüm qovdum.
ANDRO (evdən). Marqo!
MARQO. Gəlirəm (qaçır).
Haradansa qədimi xalq mahnısı oxuyurlar. Sandro əlində bardaq görünür və həyətdə gəzinir. Andronun evində işıq sönür.
SANDRO. Deməli, yatağa uzandılar. Ey! O özü üçün şirin yuxular görəcək. Sənsə tənhalıqdan puç ol! Heç bir şey çıxmaz! (gedir və Andronun qapısnı döyür)
Andro alt paltarında çıxır. Sandronu görüb qapını örtür.
Nə? Belə niyə? (bir də döyür)
MARQO (qapını açır). Nə lazımdır, Sandro?
SANDRO. Sən məni bağışla, Marqo, ərinə de ki: qoy yanıma gəlsin, sözüm var.
MARQO. Yaxşı, deyərəm (qapını örtür).
Sandro yenə də həyətdə gəzişir. Andro əlində odçəkən görünür.
SANDRO. Çıx, çıx!
Andro əlində odçəkən “döyüş hazırlığı” vəziyyətində ona sarı gedir.
Odçəkəni niyə götürmüsən?
ANDRO. Xəncəri qınından çıxara bilmədim, ona görə odçəkən götürdüm.
SANDRO. Neçə illərdir odun işlətmirsən, odçəkən nəyinə gərəkdir?
ANDRO. Hər ehtimala qarşı götürmüşəm. İndi bilərsən. Əlindəki nədir? Arxanda tutduğunu deyirəm!
SANDRO (göstərir). Bardaq! İçək?
ANDRO. Qədəh hanı?
SANDRO. Bardaqdan içərik. Şəhərlilərsayağı.
ANDRO. Nə ilə qəlyanaltı edək?
SANDRO. Paltarımızın qolu ilə. Odçəkəni tulla. Yanımda əyləş.
SANDRO. Bax, bura ağrıyanda (sinəsinə vurur), istər-istəməz içirsən!
ANDRO. Sənin xətrinə kim dəyib? Kim, de!
SANDRO. Sən lənətə gəlmiş, sən!
ANDRO. Mən? Haçan?
SANDRO. Unutmusan? O gün səni danışdırdım, sənsə bir kəlmə ilə cavab da vermədin. Sonra isə Çermenlə ağızlaşdın. Buna nə ad vermək olar? Daha mənimlə ağızlaşmağı şəninə sığışdıra bilmirsən, başqa partnyor tapmısan?
ANDRO. Onunla nə təhər ağızlaşmayım? İki gün idi ki, xiyarları daşıyıb aparmırdılar. Günün altında xarab olurdu axı! Kolxoz malı zay olub gedir, mən də durum baxım? Görürəm, sən keflisən!
SANDRO. Kefli? Yaxşı! İndi sən də keflənərsən! Onda, nəhayət, ümumi dil taparıq (əli ilə Andronun boynundan tutur, o biri əli ilə bardağı ona sarı uzadır).
ANDRO (müqavimət göstərərək). Lazım deyil, istəmirəm!
SANDRO. İstəyərsən (içməyə məcbur edir). Hə necədir? İndi biz eyni vəziyyətdəyik.
ANDRO. Məncə, hə.
SANDRO. Onda odçəkəni tulla, ikitərəfli danışıqlara başlayaq.
ANDRO. Başlayaq (oturur).
SANDRO (əyləşir). Nə üçün sənə elə gəlir ki, məndən ağıllısan?
ANDRO. Ona görə ki, sən daha axmaqsan
SANDRO. Gəl, yoxlayaq! Sənə bir neçə sual verəcəyəm. Əgər onlara cavab tapsan, onda sən də mənim kimi ağıllısan. Yox əgər cavab verə bilməsən, deməli, mənim kimi sən də axmaqsan.
ANDRO. Başlayaq?
SANDRO. Başlayaq. De görüm «tangens» nə deməkdir?
ANDRO. Nə, nə? (fikirləşərək). Bu, ermənicədir, yoxsa türkcə?
SANDRO. Bilmirsən! Bəs «kotangens»? Bunu da bilmirsən!
ANDRO. Bəs özün bilirsən?
SANDRO. Mən? Əlbəttə! Tangens və kotangens – iki məşhur qədim sərkərdə, iki qardaşdır. Özü də biri digərinin böyrünə ya yaba soxub, ya da başını üzüb. Amma yadıma gəlmir. Tangens kotangensin, yoxsa kotangens tangensin?
ANDRO. Bunu haradan bilirsən?
SANDRO. Bunu hər bir məktəbli bilir. Özün kitab oxumursan, heç olmasa, qonşu uşaqları kitab oxuyanda onlara qulaq as. Hə, kim daha ağıllıdır? De də, dostum (ürəkdən gülür).
ANDRO. Kimə gülürsən, qonşu?
SANDRO. Sənə!
ANDRO (Sandro gülüb qurtarana kimi gözləyir). Qurtardın?
SANDRO. Qurtardım.
Andro gülməyə başlayır.
Sən kimə gülürsən?
ANDRO. Sənə. Axı, niyə məni yataqdan qaldırmısan? Elə buna görə? Deməyə ki, qədim zamanlarda kim kimin başını üzüb? Biz küsülü olduğumuz halda sən hansı əsasla mənimlə danışdın?
SANDRO. Onda qulaq as! Biz səninlə dalaşmışıq. Bunu hamı bilir. Qoy kəndir da asılı qalsın. Gündüzlər nə mən səninlə danışıram, nə də sən mənimlə. Axşamlar isə… Gəl, axşamlar dostluq edək, Andro. Hamı yatanda, heç kim bizi görməz. İstərik – gülərik, istərik – oxuyaraq, istərik – rəqs edərik. Hə, necə ideyadır?
ANDRO. Ancaq bir şərtlə: evlən. Bilirsən nə qadındır! Səmimi, ağappaq maya kimi, öz dərisinə güclə sığışır!
SANDRO. Bu yaşımda – arvad?! Nə üçün?
ANDRO. Niyə başa düşmürsən. Gündüz acsan, yedizdirəcək, gecə üstünü açsan, örtəcək! Axı xəstəsən, qara ciyərin ağrıyır! Bəd ayaqda sənə istiqac olar. Sənə layiq olanın adı isə birdir – Koşer!
SANDRO (dərindən köks ötürərək). Səncə, onun necə yaşı olar?
ANDRO. Bu nədir, bütün gecəni məni tapmaca tapmağa məcbur edirsən?
SANDRO (pauzadan sonra, ciddi). Axır ki, boynuma qoydun!
ANDRO (sevinir). Bax, dost belə olar! Bax, əsl kişisən! Sənin sakit toyunda bilirsən necə tozanaq qaldıracağam? (toy mahnısı oxuyur).
SANDRO (səsini onun səsinə qataraq). Sakit, arvad eşidər!
MARQO (artırmadan). Mənsə çoxdan sizə qulaq asıram!
(Üçlükdə oxuyurlar):
Çıxaq dağ çayının sahilinə biz,
Gül-çiçək havası udaq doyunca.
Osetin mahnısı oxuyaq bir az
Nəğmələr uzansın dərə boyunca.
Rəqs edək, əl çalsın, qoy el qızları.
Ürəklər boşalsın, dərdi-qəmi at.
Dostlar, yığışağın süfrə başına,
Osetin mahnısı oxuyaq hər vaxt!
Dördüncü şəkil
Həmin həyət. Axşam.
MARQO (zümzümə edərək, öz evindən Sandroya ütülənmiş arxalıq, qalife aparır). Bəyin paltarı necə lazımdırsa, ütülənib (Sandronun evinə girir, şeyləri qoyur və cəld çıxır). Bəyin kefi yoxdur (küçəyə baxır). Bəs mənimki hayanda itib-batdı? Gəlinin dalınca getdi, gəlib-çıxmaq bilmir. Oh, Andro, bütün adət-ənənəni pozuruq. Adətən, bəy özü gəlinin dalınca gedir, indi isə mənim Androm onu bəyə tərəf çəkir. Bəs mən onunla necə görüşəcəyəm? Elə bərk ilişdirdim ki, yəqin hələ də bədənində qançır gəzir.
ANDRO (cəld daxil olur, işgüzar). İşlərin necə gedir, Marqo?
MARQO. Qaydasındadır. Bəs gəlin hanı?
ANDRO. Darvazanın ağzında. Bəs bəy?
MARQO. Evində.
ANDRO. Özünü səliqəyə salıb?
MARQO. Bəs necə!
ANDRO. Geyinib-keçinib?
MARQO. Yox, kefi yoxdur!
ANDRO. Gəlin astanadadır. O isə çürükçülük edir.
Sandro görünür.
Bu nədir? Di cəld təzə arxalığını, xrom çəkmələrini gey, buxara papağını qoy, babanın gümüş xəncərini bağla!
SANDRO. Geyməyəcəyəm! Onları son mənzilim üçün hazırlamışam!
ANDRO. Sən o mənzilə hazırlaşınca onları güvə yeyəcək. Sənə deyirlər, inad eləmə,
SANDRO. Marqo, əzizim, o yenə yaxamdan yapışıb…
ANDRO (Sandroya). Hələ buradasan? (onu evə itələyir) Cəld geyin! Mənim başımı yerə soxarsan! (Marqoya) Get, ona kömək et. Arxalığını düymələ, çəkmələrini təmizlə!
Marqo tələsik Sandronun ardınca gedir.
(Doqqaza sarı addımlayır). Koşer, əzizim, səni gözləməyə məcbur etdiyimə görə məni bağışla (doqqazı açır, Koşerin əlindən tutur və toy mahnısı oxuyaraq onu həyətə gətirir). Koşer, əzizim, sən bu astananı adladın! Qoy bu bizim hamımıza xoşbəxtlik gətirsin!
KOŞER (pərt). Oy, Andro, doğrusu, utanıram. Camaat deyəcək: o mənə elçi düşmür, özümü mən ona sırıyıram!
ANDRO. Əvvəla, sən mənim evimə qonaq gəlmisən. İkincisi, sənə bədən həqarəti yetirmiş arvadımla səni barışdırmaq istəyirəm. Üçüncüsü… üçüncü barədə hələlik danışmayacağıq (qışqırır), Marqo, haradasan? Qonaqlar gəldilər!
Marqo çıxır, təqsirli kimi Koşerin qarşısında dayanır.
ANDRO. Çox gözəl. Siz burada söhbət edin, mən bir ona baş çəkim (Sandronun yanına gedir).
MARQO. Əyləş.
Əyləşirlər, susurlar.
Qançırlar getməyib?! (təqsirli) Süpürgə köhnə və bərk idi… İmkan eləyib təzəsini heç cür ala bilmirəm…
KOŞER. Andro tez gələr?.. Mən getməliyəm…
MARQO. Otur, hara tələsirsən? Uşaqlar ağlaşmır ki… Yanan bir şeyin də yox…
KOŞER. Bu kəndirə gecə it bağlayırsınız?
MARQO. Bizim itimiz yoxdur. Kim əlimizə düşürsə, onu bağlayırıq… Andro, tez gələcəksən?
ANDRO (cəld çıxır). Nə olub?
MARQO. Söhbətimiz qurtardı.
ANDRO. Səmimilik və dostluq şəraitində keçdiyini güman edirəm. Amma yaman qısa oldu, heç qadın söhbətinə oxşamadı. (Marqoya xəlvəti). Yenə söhbət edin. Nişanlı etiraz edir. Onu razı salmaq lazımdır. Bircə çəkmələrini geymək qalır. (ucadan) Koşer, əzizim, sən ki, yaxşı söhbət etməyi bacarırsan. Marqo lap səhərə qədər həvəslə qulaq asar. Mən bu saat (Sandronun yanına gedir).
MARQO. Di, danış, nə yenilik var? Külək ha yandan əsib ki, bizə gəlmisən?
KOŞER. Külək? Məgər Andro heç nə deməyib?
MARQO. Deyirdi ki, ərə getməkdən ötrü əldən-ayaqdan gedirsən…
KOŞER. Ərə? Mən?
MARQO. Məgər belə deyil? “Ulduzlar”la ərimin yanına bihudə yerə getmirdin ki! Boynundan niyə atırsan? Axı, istəyirsən!
KOŞER. Mənim başımı sənin ərin piyləyirdi! “Ona ərə get, deyirdi. Gecələr yatmır. Yuxuda da səni deyib sayaqlayır!”
MARQO. Ərimin belə boşboğaz olduğunu bilmirdim. Sandronu gecə-gündüz evləndirmək üçün dilə tuturduq, o isə öz inadını yeridir.
KOŞER. Bu, doğrudur?
MARQO. Sən isə, yəqin, belə fikirləşirdin: öz qiymətini qaldırma, elə ki, ərə getməyi təklif etdilər, o saat razılaş.
KOŞER. Bir ona bax, onun yerinə başqası olsaydı, sevinərdi ki, Andronun məni razı sala bilib.
MARQO. Sənin kimi həlim qadının saqqızını oğurlamaq çox da çətin deyil!
KOŞER. Hələ buna baxarıq! Elə bilmə ki, məndən ötrü təkcə Sandro əldən-ayaqdan gedirdi. Amma hamısından imtina etdim. Ona salamımı yetirərsiniz!
MARQO. Hara? Koşer! Belə olmaz axı! (qışqırır). Andro, haradasan! Onu saxla.
ANDRO (inadkarlıq edən Sandronu dartıb çıxarır). Biz burdayıq! Onu saxla.
MARQO. «Saxla» demək asandır!
ANDRO. Koşer, əzizim, hansı milçək səni sancdı? (Sandronu Koşerə sarı çəkir, onların əllərindən yapışır). Koşer, utanma! Sandro, sən də! Sakit olun! Özünüzü ələ alın! Rahat nəfəs alın! Ah, məhəbbət, məhəbbət! Bəzən onu saxlamaq elə çətin olur ki! Marqo, düz deyirəm? Cavan oğlan, qızla əl-ələ görüş! Di, cürətlə!
SANDRO (utanaraq). Axşamınız xeyir… qonaqlar…
ANDRO. Öz aramızdır, onun adı Koşerdir! (qadını əyləşdirir). Əyləş, Koşer!
Sandro oturmaq istəyir.
Sənsə qadının qarşısında dayan!
Sandro ayaq üstə dayanır.
Marqo, məncə, süfrə açmağın vaxtıdır!
KOŞER. Əgər mənim üçündürsə, onda lazım deyil.
ANDRO. Səni bilmirəm, amma Sandro ilə mən acmışıq.
Marqo gedir.
Ah, Koşer, kaş biləydin, burada səni görmək nə qədər xoşdur! Doğrudur, Sandro?
SANDRO (səksənir). Sən… mənimləsən?
ANDRO (Koşerə). Cavan oğlan həyəcanlanır. Buna sən günahkarsan! Sən onun ağlını yerindən oynatmısan! Şəklini gündüz ürəyinin başında gəzdirir, gecə yastığının altına qoyur.
KOŞER. Elə beləcə də inanmışdım! Siz onu güclə dilə tutmusunuz! Mənim barəmdə eşitmək belə istəmirmiş.
ANDRO. Ağlını başına yığ! Bunu kim deyib?
KOŞER. Marqo!
MARQO (artırmadan ucadan). Süfrəyə buyurun!
ANDRO. Səni görüm dilin qurusun!
MARQO. Niyə görə?
ANDRO. Cəfəng danışdığına görə! Bizi tələsdirmə. Sözümüzü qurtarmamışıq. («gənclərə») Uşaqlar, mən Marqoya kömək edim. Siz isə oturun, həyatdan … aydan … danışın. Bu saat gəlirəm (Marqo ilə kənara çəkilir).
SANDRO (qaşqabaqlı). Nə yenilik var, Koşer?
KOŞER. Yenilik… deyirlər, Amerikada prezidenti işdən çıxarıblar…
SANDRO. Prezidenti? Va! Bilirsən, Murtuzu da çıxarıblar.
KOŞER. Murtuzu? O kimdir?
SANDRO. Murtuz? Gecə direktoru, bizim gözətçi.
KOŞER. Bəs onu niyə?
SANDRO. Nə isə oğurlayıb, vələdüzna… Daha nə yenilik?
KOŞER. Sən məni yeniliklərə görə dəvət etmisən?
SANDRO. Mən dəvət etmişəm? (birdən ayılır). Hə! Əlbəttə. Həyatda hamı yeniliklərdən başlayır.
KOŞER. Səndə nə yenilik var?
SANDRO. Necə deyim. Hamısını birdən yada salmaq olmur.
Marqo və Andro artırmadan onlara tamaşa edirlər.
KOŞER. Sənə isti deyil? Axşamın bürküsündə papaq niyə qoymusan? Çıxar.
SANDRO (rahatca onu çıxarır). Çoxdandır səni görmürdüm. Dəyişmisən… Yaxşılaşmısan.
ANDRO (Marqoya). Şükür Allaha, dili açıldı (Marqo ilə gedir).
KOŞER. Sandro, mənə düzünü de, buraya sənin arzunla gəlmişəm, yoxsa Andronun?
SANDRO. Sənə necə deyim… Necə oldusa təsadüfən Androya dedim ki… heyf ondan… elə qadın… nə vaxtdandır dul qalıb… O, bunu yadında saxladı… Mənə isə bu yaşda ayıbdır… Xüsusən, xəstəlikdən sonra… Əlbəttə, yaxşı olardı ki… Amma necə.
KOŞER. Buna görə məni öz manqana götürmədin?
SANDRO. Buna görə… Axı, mən səndən çox böyüyəm… Bəlkə, rastına daha cavanı çıxacaq…
KOŞER. Məgər yaş illərin sayı ilə ölçülür?.. İnsan qəlbən qoca olanda… Sən isə, mənə elə gəlir ki, onlardan deyilsən…
ANDRO (evdən çıxır, əllərində bir neçə köhnə kerosin fənər tutub). Uşaqlar, üzr istəyirəm, mənə fənər lazımdır, Sandro. Bax beləsi. Səninki haradadır?
SANDRO (acığını boğaraq). Cibimdə! Hə, qaynara verilmiş kimi nə sıçrayıb çıxdın? Heç fənərin yeridir?!
ANDRO. Bağışla, Koşer, təcili lazımdır. Sandro, sənin fənərin var axı.
SANDRO. Vaxt tapdı… Mən özüm fənər təki…yanıram… Di gözümdən çəkil, eşidirsən? Həyasızsan, həyasız! Belə namünasib bir vaxtda yuyulmamış qaşıq kimi özünü dürtür. Belə bir söhbəti kəsdi… Sarayda axtar!
ANDRO. Üzr istəyirəm (saraya gedir).
SANDRO. Bağışla, Koşer. Hə, nə deyirsən? Nəzakət gözləmə! …Qızıl kimi sözlər dedin. Davam et. Qulağım səndədir.
KOŞER. İndi söz sənindir.
SANDRO. Mən belə sözlər deməyi bacarmıram… Hər gün iztirab hissi keçirirəm… Xüsusən gecə yatağa uzananda… Gah qara ciyərim incidir, gah böyrəklərim sancır… İstiqac qoymalı oluram…
ANDRO (qəfil görünür). Fənər yoxdur! Onu hara qoymusan?
SANDRO. Heç fənərin yeridir?
ANDRO. Nə uzadırsan?! Sən istiqacla qızışana kimi, Koşeri soyuq götürəcək. Ona öz ürəyini açmaq əvəzinə xəstə qara ciyərin barədə danışırsan. Oy, gecikirəm! fənər hanı?
SANDRO (sakit və nəzakətlə). Ah, fənər? Gecə işığın nə vaxt söndüyündən xəbərin var?.. Mənə elə gəlir ki, ora apardım… (göstərir) Sarayın yanındadır … Tələsmə, yanğın deyil!
Andro gedir.
Qəribə adamdır, həmişə, harasa tələsir…
KOŞER. Bu qədər fənər onun nəyinə gərəkdir?
SANDRO. Doğrudan da, bu qədər fənəri neyləyir?
ANDRO (görünür, fənəri göstərir). Tapdım! Tələsirəm! Siz isə oturun, söhbət edin. Əgər ləngisəm, Koşeri buraxma, gecədir.
KOŞER. Demək, bizi tərk edirsən?!
ANDRO. Nə etməli, mənim ulduzum, işim var. Fikrimcə, mənsiz də keçinərsiniz.
SANDRO. Mən isə fikirləşirdim ki, süfrə başında bir oturacağıq.
ANDRO. Oturarıq! Marqo hər şeyi hazırlayıb.
MARQO (görünür). Gecə vaxtı hara gedirsən?
ANDRO. Qonaqlara qulluq elə. Bir göz qırpımında gəlirəm.
MARQO. Gəlməyə də bilərsən. Sənsiz də keçinərik (evə girir).
SANDRO. Bu fənərlərlə o, hara tələsir?
KOŞER. Yəqin ki, işə.
Haradsa oxuyurlar
Bəlkə mən də gedim.
SANDRO. Bir dayan… Sənə nə isə vacib söz demək istəyirdim, unutdum… (gülümsəyir). Bəzən, Allah haqqı, öz adını, öz adını belə unudursan. Sənin yaddaşın yaxşıdır?
KOŞER. Mən heç nəyi unutmuram. Yadında varmı? Keçən il tarlada dolu bizi yaxaladı… Mən nazik paltarda idim, elə üşüyürdüm ki, dişim dişimə dəyirdi. Sən gödəkçəni çıxarıb çiynimə saldın… Hətta uzunboğaz çəkmələrini də çıxartdın. Mənim üçün… Mən heç nəyi unutmuram, Sandro…
SANDRO. Yaxşı yaddaşın var… Olub… Mən də xatırlayıram.
Təyyarə uğultusu eşidilir.
(yuxarı baxır). Gör bir nə alçaqdan uçur! Gecə vaxtı hara gedir?
Həmin həyət. Marqo və Sandro. Hərə öz tərəfində oturub. Son dərəcə dilxordurlar. Maşın gurultusu. Hər ikisi yerindən sıçrayır, küçəyə qaçırlar. Lakin boş qayıdır, öz yerlərində əyləşirlər. Pauza, yenə maşın səsi, yenə hər ikisi yerindən sıçrayır.
SANDRO. Otur, Marqo, mən özüm (küçəyə çıxır).
Sandro Dudarla qayıdır. Dudarın əlində bir dəstə fənər var.
MARQO (məzəmmət edərək). Mənə təsəlli verdiniz! Fənərlərini gətirdiniz! Heç olmasa, bunun üçün sağ olun!
SANDRO. Yenə gərək olar. Dudar, onları əlində nə saxlamısan? Bura qoy!
MARQO. Öz hissənə qoy! Onlara baxa bilmirəm!
DUDAR. Bəlkə doğrudan da gərək oldu?
MARQO. Mən hər şeyi dedim. Əgər ərim bu evə sağ-salamat qayıtsa, fənərlər daha gərək olmayacaq!
SANDRO. Hər şeydə günahkar mənəm. Amma qabaqcadan bunu heç kim duya bilməzdi!
MARQO. Gecə fənərlərlə onu sən göndərdin! Özünün isə başın məhəbbətə qarışmışdı! Öz Koşerinlə. Ah, mənim ağılsız başım. Bu yaşı ötmüş göyərçinlər üçün hələ piroq da bişirdim. Demə, həmin saatda gələcək kürəkənim o cür mehriban, o cür sakit ərimlə zəhər çiləyirmiş!
DUDAR. O özü məndən xahiş etdi! Məcbur elədi! Sandrodan gizlin.
MARQO. Bir buna bax! Mənim ərim xahiş etdi? Xahiş etdi ki, əziz qonşumuz Sandronun qarğıdalı sahəsində gözü görə-görə onu zəhərləyəsən?
DUDAR. Mən heç onu görmədim. Gecə idi!
MARQO. Hə, hə! “Gecə də qaranlıq idi!”
SANDRO. Aram ol, Marqo. Allaha şükür, sağ qalıb. Sağ olsunlar həkimləri, xilas ediblər.
MARQO. Əgər xilas ediblərsə, bəs niyə evində-eşiyində deyil?
SANDRO. Bu saat onu gətirərik. Gedək onun dalınca.
MARQO. Bəs onda müqəvva təki qarşımda nə dayanmısınız? Oh, Sandro! Oh, Dudar! Əgər mənim o cür mehriban, o cür sakit, o cür xeyirxah ərimi sağ-salamat gətirməsəniz, bu fənərlərlə sizə elə fənərlər qoyacağam ki!..
SANDRO. Razıyıq, əzizim. Dudar, getdik!
MARQO. Cəld! Dördayaq! Start!
Dudar və Sandro qaçırlar
(onların ardınca). Heç yerdə ləngiməyin!
ANDRO (səhnənin arxasından). Ku-ku!
Marqo göz gəzdirir, heç kəsi görmür və evə tərəf gedir.
Marqo, qaranquşum, ku-ku!
MARQO. Bu nədir? … Məni qara basır, nədir?
ANDRO (görünür). Qara-zad basmır!
MARQO (onun üstünə atılır, ağlayır). Bu sənsən? Bilirsən məni necə qorxutdun? (onu əli ilə yoxlayır). Sağsan? Salamatsan? (göz yaşları içərisində) Mən isə fikirləşirdim ki, bir daha səni sağ görmərəm.
ANDRO. Sağ-salamat qayıtdığıma ağlayırsan. Bütün bunlara bais sənsən.
MARQO. Mən?
ANDRO. Hə-hə! Yadına düşürmü, mən gedəndə sən hələ qarğış da elədin: «qayıtmaya da bilərsən»!
MARQO. Mən belə dedim?! Dilim qurusun! Dayan! Dayan! Sandro ilə Dudar maşınla sənin dalınca getdilər. Rast gəlmədilər ki?
ANDRO (gülür). Onlar gedəndə mən burada idim. Doqqazın arxasında gizlənmişdim ki, qoy getsinlər! Axır ki, onlarla haqq-hesabı çəkdim. Yadında varmı? Onun ardınca xəstəxanaya mən də getmişdim, onun isə orada izi də itmişdi. Bardovozda getmişdi.
MARQO. Bəs sən nəylə gəldin?
ANDRO. Mən də bardovozda. Yolda gələrkən bizim Sandronun sahəsinə baxdım. Qarğıdalı buna deyərəm! Əziz arvadım, gördüyün kimi, mən sağ və salamatam və qarşında dayanmışam! Səninlə bir yerdə az ömür sürməmişik, amma adama elə gəlir ki, elə dünən evlənmişik.
MARQO. Gedək, arxalığını gey.
Ər-arvad gedirlər. Boşqabda piroq və toyuq, ənənəyə görə ağ parçaya bükülü halda Koşer həyətə daxil olur.
KOŞER (boş həyətə göz gəzdirərək). Taleyin mənə nə hazırladığını bilmirəm, amma ayaqlarım özü məni bu həyətə gətirir… Təkliyin adama belə əziyyət verdiyini heç vaxt bilməzdim. Buradakılar xeyirxah insanlardır… Əlac nədir, gərək taleyin hökmünə boyun əyəsən. Qismətdən artıq yemək olmaz. Nə isə, sakitlikdir… Marqo! Yəqin hələ Andronu gətirməyiblər (süpürgəni götürür). Hələlik süpürüm.
BİBO. Kiminkisiniz? Buradansınız? (Sandronun evi tərəfi göstərir). Yoxsa onlardan? (Andronun evinə tərəf işarə edir).
KOŞER. Sizə necə deyim?
MARQO (evdən çıxır). Koşer, sən artıq işə girişmisən? Özüm süpürərəm (Bibonu görür). Sən də burdasan?
BİBO. Hə, salam. Ancaq süpürgəni götürməyin! Qoyun o, süpürsün. O, bu işi elə yaxşı görür ki!.. Qollarını geniş açır. İşgüzar bir qadın kimi!.. Baletdə olduğu kimi!..
KOŞER (əl saxlayır). Eh… süpürə bilmirəm! Mənə baxırsınız… Özümü itirirəm… Baxışlarınız altında… Süpürgə əlimdə durmur (süpürgəni əlindən salır).
ANDRO (təzə arxalıqda görünür). Bibo, sən burdasan?
BİBO. Əlbəttə, həmişə ayaq üstə!
ANDRO. Koşer də buradadır.
KOŞER. Bizi yaman qorxutdunuz! (gətirdiyini Marqoya verir).
MARQO. Bu nə zəhmətdir? Evdə hər şey var. Hər şey hazırlanıb… (evə aparır).
ANDRO. Belə qəbul olunub. Düzgün edirsən, Koşer. İndi Sandro da gələr, sənin piroqlarının dadına baxarıq. Düz deyirəm, Bibo? (onun qolundan tutur).
(portfelindən butulka çıxarır). Marqo istəmişdi! Üç ulduz konyak gətir, deyir, içərik, oxuyarıq (süfrə başında ifa edilən mahnını oxuyur).
ANDRO (arvadına). Bunu sən istəmişdin?
MARQO. Mən?.. Bu nə vaxt olub?
BİBO. O vaxt… (başını göstərir). Siz məni… qonaq edəndə.
MARQO (gülür). A-a! olub! Koşer sənin yanına konyakla gedən vaxtlarda. Hə, fikirləşirəm, madam ki, ərim ulduzları sayır, bəs mən niyə başlamayım? Ona görə də xahiş etdim! Sağ ol, Bibo! (butulkanı alır). İndi oxuyarıq!
Gələn maşının səsi, Andro gizlənir. Sandro və Dudar daxil olurlar.
SANDRO. Hanı o bic tülkü? Hamınızın sabahınız xeyir! Hara yox oldu?
MARQO. Kimi axtarırsan?
SANDRO. Sənin ərini!
MARQO. Onun dalınca siz getmişdiniz ki!
SANDRO. Getmişdik, amma o bizdən qabaq əkilib…
MARQO. Biz şərt kəsmişdik, əgər kişimi gətirməsəniz… Fənərlər hazır vəziyyətdədir!
SANDRO. Onlara dəymə! Bu saat onu yerin deşiyindən çıxararam. Dudar, ardımca! (getmək istəyir)
ANDRO (onun yolunu kəsir). Dostum, kimi hədələyirsən?
SANDRO. Səni Andro! Kimi ələ salırsan? Xəstəxanaya yaxınlaşmağa macal tapmamış bütün xəstələr gülüşməyə başladılar. Dedilər: Andro salam yetirməyi tapşırdı.
ANDRO. Bəs o dəfə dalınca gedib səni tapmayanda yaxşı idi? Oldu əvəz-əvəz.
SANDRO. Məgər ağıllı adam da herbisid yağışının altına soxular?
ANDRO. Bəs nə edəydim? Sakitcə dayanıb sənin iniltinə qulaq asaydım? «Alaq otları! Alaq otları!» Ona görə də sakit durmadım və qışqırdım “Dudar, zəhər”. (Dudara) Sağ ol, Dudar. Bolluca çiləmisən. Başlığı lap qaydasınca ödəmisən (gülür). Yoldaşlar, ancaq mən, öz aramızdır, zəhərləndiyimi dərhal başa düşmədim. Fikirləşirəm, nədən belə asqırıram? Sonra isə artıq fikirləşə bilmədim. Az qala əldən getmişdim! Birdən yadıma düşdü: əgər ayağa dura bilməsən, bəs Sandronu kim dəfn edəcək?
SANDRO (Koşerə baxır). Mən ölməyə hazırlaşmıram da (Marqoya). Ərinə de ki, dilini dinc saxlasın, yoxsa…
ANDRO. Di öz hissənə keç, oradan komanda ver!
SANDRO. Keçərəm! Amma bundan heç də ağlın artmayacaq (kəndiri keçirir). Marqo, əzizim… Marqo hara getdi?
MARQO (piroqları, qədəhləri və çaxırı gətirir). Buradayam. (Sandroya) Əziz qonşu, bizim tamadamız sənsən! Hamıdan böyüksən! Qədəhi qəbul et!
SANDRO (nəzakətlə). Hörmətin artıq olsun! (sağlıq deyir). Əzizlərim, bu kiçik badə ilə böyük sağlıqlar demək istəyirəm, gəlin, bu badələri hamımızın hörmət bəslədiyimiz, sədaqətli ər, gözəl ata, səmimi qonşu və mənim ən yaxşı dostumun sağlığına içək!.. Gəlin, arzu edək ki, Andro bu buynuzdakı çaxırda nə qədər damcı varsa, bir o qədər yaşasın. Sənin sağlığına Andro.
ANDRO. Nə? Nə dedin?
SANDRO (onun sözünü yarımçıq qoyur). Böyük danışanda, sözünü kəsmə (asta). Nədən danışırdım?
KOŞER (yadına salır). Sağlıq deyirdin…
SANDRO. Hə-hə, yadıma düşdü. Bibo, bu lənətə gəlmiş kəndiri aç. Yoxsa siz orada çoxsunuz, mən isə tək.
ANDRO. Dayan, Bibo! Əgər o, sülh istəyirsə, bir qoyun kəssin!
SANDRO. Qoyun niyə? Sarayda cöngəm var! (qədəhi Biboya verir).
BİBO. Bu təntənəli dəqiqənin şahidi olduğuma görə şadam. Ura!
Uğursuz kəndir açılır!
(Androya) Qədəhi saxla.
Kəndiri açır, qadınlar «tuş»u əvəz edən bir şey oxuyurlar. Andro qədəhi Biboya qaytarır və əlini Sandroya uzadır.
Təsirli andır! Ancaq mənim sağlığım bu barədə deyil! Biz iki həftə inadkar kəşfiyyatçılar kimi şaxtaçıların sənədlərini qurdaladıq və Sandronun izinə düşdük! Onu ifşa etdik. Budur onun təqaüd kağızı (sənədi Androya təqdim edir). Təbrik edirəm, Andro.
ANDRO. Sən Sandro demək istədin?!
BİBO. Yox, məhz Andro. Məncə, Sandro başa düşür ki, nə üçün!
SANDRO. Əlbəttə, başa düşürəm! Bu, həmin bu tərsin, fərarinin işidir!
BİBO. Fərarinin də qayğısına qalmışıq, gələn həftə o da özününkünü alacaq! Sizin sağlığınıza (içir).
ANDRO. Dillərinin əzbəri olub: təqaüd, fərari, kəşfiyyatçılar. Süzün (öz buynuzunu uzadır). Bu gün bizim həyətimizə bir quş uçub gəlib. Öz qanadlarında o, bizə sevinc və hərarət gətirib. Arzu edək ki, o, bizim həyətdən getməsin! Sənin sağlığına, Koşer! (rəqs edir)
SANDRO (Marqoya). O, sadəlövh olduğundan elə bilir ki, məndən yaxşı rəqs edir. Di, Marqo, bir çıx görüm. Əsl kişinin necə rəqs etdiyini ona göstərmək istəyirəm!
(Marqonu təntənə ilə dəvət edir və onunla yüngül osetin rəqsi ifa edir. Andro süpürgəni götürür və süpürməyə başlayır).
(dayanır) Nə edirsən?
ANDRO. Qum tökülür, onu süpürürəm.
SANDRO (qeyzlə). Qum deyib nə yapışmısan yaxamdan? Koşer kəndiri gətir! Koşer, biz belə bir ağılsızla bir həyətdə yaşaya bilmərik!
Koşer kəndiri gətirir, Koşer Bibo ilə köməkləşib Sandronu saxlayırlar. Marqo ilə Dudar həmin vaxt Andronu sakitləşdirirlər. Ehtiraslar coşur.