AKİF ABBASOV – AĞIL TƏKCƏ İNSANDA OLMUR Kİ…

AĞIL TƏKCƏ İNSANDA OLMUR Kİ…
(hekayə)
II Dünya müharibəsi illəri idi. Şabranın mərkəzi və kəndləri kimi Yosunlu dağ kəndi də ağır günlərini yaşayırdı. Kənddə hərdənbir kişi xeylağına rast gəlmək olurdu. Onlar da şil-kütül, şikəst, yaralandığı üçün ordudan buraxılmışlar və qocalar idi.
Nəinki ev-eşikdə, kənd-kəsəkdə də hər işi qadınlar, qızlar görürdülər.
İş-güc qadınlarda bir qadınlıq qoymamışdı. Nimdaş pal-paltarda gəzib-dolaşır, özlərinə fikir vermək yadlarına belə düşmürdü. Həm də kiminçin, nə üçün bəzəcəkdilər? Hansı günlərinə görə geyinib-keçinəcəkdilər? Ölkə qan ağlayırdı. Müharibə gedirdi.
Kənd qadınları səhər tezdən tarlaya gedir, gün batanda yorğun-arğın, taqətdən düşmüş vəziyyətdə evlərinə qayıdırdılar. “Yaman günün ömrü az olar” – deyiblər. Fəqət yaman gün qurtarmaq bilmirdi. Əksinə, hər gün cəbhədən qara xəbərlər gəlirdi. Vay-şivən kəndi başına götürmüşdü.
Nə isə, qayıdaq su məsələsinin üstünə.
Kənd camaatı su sarıdan çox əziyyət çəkirdi. Kolxoz sədri Gülbacı arvadları öz başına yığaraq:
-Ay xanımlar…
Qadınlardan kimsə söz atdı:
-Xanımlar ha…Bu günümüzə yaraşır xanımlığımız. İş-güç, çətinlik, gördüyümüz kişi işləri, müharibənin ağır xəbərləri belimizi elə əyib, bizi elə pis kökə salıb ki, elə bilirik qadın yox, kişiyik.
Qadınlar gülüşdülər.
-Ay Qızbacı, sən də başlama… Dayan görək yoldaş Gülbacı nə deyir. Bu su məsələsini necə həll edir.
Gülbacı sözə başladı:
-, Hamınıza məlum olduğu kimi, suyu yamacdan, təpənin yüksək nöqtəsindən gətirəcəyik.
Qızbacı dilini saxlaya bilmədi:
-Bə nə?! Kim dedi ki, suyu yoxuşdan yamaca aparacağıq? Söz danışdın da…
Hamı güldü. Gülbacını da gülmək tutdu.
-Sözümün canı var. Suyu gətirmək üçün bizim sərəncamımızda tələb olunan material yoxdur. Öz gücümüzdən istifadə etməli olacağıq. Yəni yamacdan yoxuşa arx çəkəcəyik. Bu işi başa çatdıra bilsək, su problemindən yaxamız qurtaracaq.
Validə dilləndi:
-Hər gün su daşımaqdan yorulub əldən düşmüşük. Bunun yayı var, qışı var. Qışda yamacdan yu daşımaq bir görün nə deməkdir!
Gülbacı sözünə davam etdi:
-Amma arx elə qazılmalıdır ki, sonradan bizə problem yaratmasın. Su necə gəldi çəkilə bilməz. Qazıntı işlərini biz özümüz aparacağıq.
-Yəni deyirsən ki, marşrutu müəyyənləşdirməliyik?
Bunu Südabə dedi.
-Doğrun buyurursunuz. Yaxşı düşünüb-daşınmadan arxı qazsaq, başımız ağrıyacaq. Səhvə yol verilsd, arx tutula bilər. Onda işimiz-gücümüz arxı təmizləmək olar. Bunun da xeyrindən çox ziyanı olar.
Bunu da Təranə dedi.
Gülbacı sözə başladı:
-Ona görə yaxşı bir mühəndisə ehtiyacımız var.
Yeri-yerdən dilləndilər:
-Bu hay-hayda mühəndisi haradan tapaq? Mühəndislər cəbhədə Hitlerlə vuruşur. Ona quyu qazırlar.
Gülbacı dedi:
-Mühəndis tapmışam. Buralardadır.
Qadınlar ətrafa boylandılar. Mühəndis nə gəzirdi.
Afət üz-gözünü turşutdu:
-Gülbacı, heç zarafatın yeridir?
Gülbacı bir az aralıda otlayan uzunqulağı göstərərək:
-Mühəndisimiz o uzunqulaq olacaq, – dedi.
-Dolamısan bizi?
Bunu Zərnigar dedi.
Gülbacı ciddi:
-Zarafat etmirəm, – dedi. -O ağacın budağına bir xurcun aşırmışam. Xurcunun cibləri ağ daşla doludur. Uzunqulaq dağ yamacımdakı suyun mənbəyinə ən münasib yolla gedəcək. Əlverişli yolla mənzil başına çata bilmək uzunqulaqlarda adət halını alıb. Bu sahədə əvəzləri yoxdur. Ən əlverişli yolu seçirlər. İnanın. O irəlilədikcə xurcundakı ağ daşlardan yola atacaq, iz qoyacağıq. Deməli, uzunqulaq hansı istiqamətdə hərəkət edəcəksə, arx həmin yol boyu qazılacaq.
Belə də oldu. Uzunqulaq ən əlverişli marşrutu müəyyənləşdirə bildi. Hamı onun mühəndislik qabiliyyətinə heyran oldu. Arx qazıldı. Kəndə su çəkildi.
Bakı şəhəri, 30 yanvar 2024-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir