“KİTABİ – DƏDƏ QORQUD” DASTANINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ FƏALİYYƏT NÖVLƏRİNƏ BAXIŞ

“KİTABİ – DƏDƏ QORQUD” DASTANINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ FƏALİYYƏT NÖVLƏRİNƏ BAXIŞ

KAMAL CAMALOV

Pedaqogika elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Naxçıvan Müəllimlər İnstitutu

kamal.camalov@gmail.com

“Kitabi – Dədə Qorqud” dastanı Şərq tərbiyə sistemində tərbiyəçiyə və ya hər bir oxucuya öz fəa­liyyətində istifadəsi üçün zəngin material verir. Bu da tərbiyə sistemində ən qiy­mətli, ən zəngin mənbədir desək yanılmarıq. “Dədə Qorqud” dastanları üzərində tədqiqat aparan alimlər Dədə-Qorqudun şəxsiyyəti, dastanların məzmunu, əhəmiyyəti, əsərin dili, üslubu və sairə haqqında mülahizələr irəli sürmüşlər. Qeyd etmək yerinə düşər ki, bu əvəzolunmaz sənət abidəsi bir xalqın malı, sərvəti olmaqla məhdudlaşmamış, daha çox bəşəri ma­hiyyət kəsb edərək dünya mədəniyyəti xəzinəsinə qovuşmuşdur. Keçmiş irs təlim, tərbiyə və təhsil işində daim bizi müşayiət edir və etməlidir. Professor Əliheydər Həşimov yazır: “Təkcə bu günü deyil, sabahı-gələ­cəyi dərindən dərk etmək və qiymətləndirmək nöqteyi-nəzərindən də keçmişi yaxşı bilmək lazımdır. Çünki keçmiş, bu gün də olduğu kimi, gələcəklə də sıx əlaqədardır. Bu gün dünənin, sabah isə bu günün izləri olur; bir çox məsələlərdə gələcək üçün zəmin təşkil edən bu günün ağıllı, qabaqcıl fikirləri keçmişin mütərəqqi irsi ilə sıx əlaqədardır. Həmin irs bu gün də insanın ağlına, zəkasına qida və qüvvət verir, eyni zamanda gələ­cək üçün perspektivləri daha yaxşı aydınlaşdırmaqda, tərbi­yənin daha düzgün üsul və vasitələrini tapmaqda ona yardım göstərir” (Kursiv bizimdir – K.C.).

Biz müəllifin fikri ilə tam şərikik. Doğrudan da “bulaq damcılardan, çaylar bulaqlardan, dənizlər isə çaylardan” yarandığı kimi, gələcəyin dolğun məzmunlu etnopedaqogikası da tərbiyə sahəsində ayrı-ayrı xalqların irsindəki qabaqcıl ide­ya, fikir və təcrübələrdən yaranacaqdır.

Uşaq ailənin hər bir üzvünün vəzifələri barədə ilk təsəvvürü ailədə alır. Gələ­cək ailə sahibinin tərbiyəsi bir çox amillərlə şərtlənir. Onların arasında ata-anaların həyat tərzi və davranışı mühüm əhəmiyyət daşıyır. Övlad böyü­yüb boya-başa çatdığı evdə ata və anası arasındakı münasibətləri müşahidə edir. Qar­şılıqlı anlaş­maya, səmi­miyyətə, hörmətə, etibara, qayğıkeşliyə və s. əsaslanan həmin münasibət­lər, ixtilafa yol verməmək bacarığı öz təsirini uşağa göstərir. Ata və ana oğlanlarda cəsurluq, ailə və övlad borcu, kişi qeyrəti, qızlara və qa­dın­­lara hörmət; qızlarda məğrurluq, cid­dilik, şəxsi ləyaqət hissi tərbiyə etmək­də böyük imkanlara malikdir. Bu xüsusda “Kitabi – Dədə Qorqud” das­ta­nında deyilir: “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz”.

Xalqımız içərisində valideynin “üzünə qayıtmaq”, “üzünə ağ olmaq”, onun “bir sözünü iki etmək” böyük qəbahət sayılır. “Kitabi – Dədə Qorqud” dastanında bu barədə belə deyilir: “Ol zamanda (oğullar ataya müxalifət etməzdilər), oğul ata sözünü iki eləməzdi, iki eləsə, ol oğlanı qəbul etməzdilər”.

Evdə zabitəsi ilə tanınan atalar övladları üçün yeri gəldikdə analar qədər yan­mışlar. Məsələn, “Kitabi – Dədə Qorqud” dastanına nəzər salaq. Qazan xan kafirlərin əlində olan oğlu Uruzla görüşərək deyir: 

                                  Oğul, oğul, ay oğul!

                                  Qarşı yatan qara dağım yüksəyi oğul!

                                  Güclü belim qüvvəti, canım oğul!

                                  Qaranqulu gözlərim aydını oğul!

                                  Mənim  başım qurban olsun

                                  Canım oğul sənin üçün!

                                  Sən gedəli,

                                  Ağlamağım göydə ikən yerə endi.

                                  Gumbur-gumbur davullar döyülmədi,

                                  Ağır ulu divanım sürülmədi.

                                   Səni bilən bəy oğulları

                                  Ağ çıxardı, qara geydi.

                                  Qara bənzər qızım, gəlinim

                                  Ağ çıxardı, qara geydi.

                                  Qarıcıq anam qan-yaş tökdü…

Göründüyü kimi, lazım gələndə ürəyindəki övlad acısını öz övladı   qarşısında göz yaşı tökərək dilə gətirən atanı aftoritarizm, despotizm nümunəsi kimi qələmə vermək olarmı?

Həyatda müəyyən problemləri, çətinlikləri həll etmək üçün fiziki hazırlıq iradə, güclü, dözümlü olmağa ehtiyac vardır. Ona görə də ta qədimdən fiziki tərbi­yəyə xüsusi diqqət yetirmişlər. Professor Akif Abbasov haqlı olaraq qeyd edir ki, “uşaqların ailə həyatına hazırlanması məsələsinin dastanda qoyuluşu da diqqətəlayiqdir”. Ata-analar oğlan və qızlarını ev-eşik sahibi edərkən qarşı tərəfin fiziki xüsusiyyətlərini daim nəzərə almışlar. Məsələn, “Dədə Qorqud” dastanında göstərilir ki, Beyrək atasına evlənmək istədiyini söyləyərək belə deyir: “Baba mənə bir qız al ki, mən yerimdən durmadan o dursun. Mən qara qoç atıma minmədən o minsin. Mən qızıma varmadan o varsın…”.

Azərbaycan xalqının qədimliyini göstərən “Kitabi – Dədə Qorqud”dan mə­lum­­dur ki, azərbaycanlılar oğlan uşağını ailə həyatının bəzəyi, nəslin davam­çısı, vali­deynin sevinci və ümidi hesab etmiş, həmçinin sonsuzluğu böyük dərd və faciə saymışlar. Övladı olmadığına görə “qaraqayğular” içində qəhərlənən və ağlayan Bayburadan bunun səbəbini sorduqda cavab verir: “Necə ağlamayayım, necə bozlamayayım? Oğulda ortacım yox, qardaşla qədərim yox. Allah taala məni qarğayıb­dır… Bəylər, tacım taxtım üçün ağlaram.

Bir gün ola düşəm öləm, yerimdə-yurdumda kimsənə qalmaya… Mənim dəxi oğlum olsa xan Bayandırın qarşısın alsa dursa, qulluq eləsə, mən dəxi bax­sam, se­vin­­səm, qıvansam, güvənsəm – dedi” deməsi buna canlı misaldır. Yaxud, “Dir­sə xan oğlu Buğac” boyunda da ailə həya­tında övladın, əsasən də oğlan uşağının böyük rol oynadığına dair xalq fik­rini sərrast şəkildə ifadə edir.

Türk dünyasının qəhrəmanlıq dastanı sayılan “Kitabi – Dədə Qorqud”dan maraq­lı adətlər haqqında məlumat alırıq. Dədə Qorqud dastanından öyrənirik ki, gənc nəsli (oğlanları) vətənpərvərlik, qorxmazlıq, igidlik, düş­mə­nə qarşı mübarizlik, doğruçuluq, insana qayğı və məhəbbət ruhun­da tərbiyə edir və həmin tələblər baxımından da uşaqlara, oğlanlara ad qoyur­dular. Bu haq­da “Dirsə xan oğlu Buğacın boyu”nda deyi­lir ki, Dirsə xan oğlu Buğac uşaqlarda Bayandur xanın meydanın­da yoldaşları ilə aşıq oynadığı zaman qəflətən üzərinə hücum edən buğanın hücumunu dəf edib, onu öldürdüyü üçün oğuz bəyləri adqoyma mərasimi təşkil edib oğlana layiq ad qoymağı məsləhət görürlər. Qorqud ata adqoyma mərasi­min­də oğlana Buğac adı verir.

Yaxud Baybura xanın oğlu Beyrək Qara Dərbənd ağzında oğuz bəzir­gan­larının malını qarət, özlərini isə edən beş yüz kafirlə cəng edib onların üzərin­də qələbə saldığına görə ona Beyrək adı verirlər.

Qeyd etməliyik ki, hər bir ailədə ata öz oğluna və yaxud öz oğlanlarına  kişi qeyrəti, dəyanəti, cəsurluq, mərdlik, alicənablıq, igidlik, çətinliklərə sinə gərə bil­mək kimi nəcib sifətlər tərbiyə etməlidir. Xalqımızın möhtəşəm folklor nümunəsi olan “Kitabi – Dədə Qorqud” dastanı­na müraciət edək və “Qazan xanın oğlu Uruzun dustaq olduğu boy”a nəzər salaq: “Qazan sağına baxdı, qas-qas güldü. Soluna baxdı, çox sevindi. Qarşısına baxdı oğlan­cığını, Uruzu gördü, əlini-əlinə çaldı ağladı. Qazan oğlu Uruza bu iş xoş gəl­mə­di. Babasına dedi:

– Ünüm ünlə, sözüm dinlə, ağam Qazan

            Sağına baxdın, qas-qas güldün,

            Soluna baxdın, çox sevindin.

            Qarşına baxdın, məni gördün, qan ağladın,

            Səbəb nədir, degil mana.

           Qara başım qurban olsun, ağam sana – dedi:

Qazan dedi:

– Sağıma baxdım qardaşım Qaragünəyi gördüm. Baş kəsibdi, qan tökübdü, ad qazanıbdı.

Soluma baxdım dayın Aruzu gördüm. Baş kəsibdi, qan tökübdü, ad qazanıbdı.

 Qarşıma baxdım, səni gördüm. On altı yaş yaşladın. Bir gün ola düşəm öləm, sən qalasan. Yay çəkmədin, ox atmadın, baş kəsmədin, qan tökmədin.

Uruz buna cavabında dedi:

– A bəy baba! …Hünəri oğul atadanmı görər, öyrənər, yoxsa atalar oğuldanmı öyrənər? – dedi. …Mən səndən nə gördüm nə öyrənəyim? – dedi.

Qazan əlini-əlinə çaldı, qas-qas güldü:

– Uruz xub söylədi, şəkər yedi – dedi”.

Göründüyü kimi, oğlanlar kişilik etalonuna ataları ilə ünsiyyət sayəsində, onlardan nümunə götürərək sahib olurlar. Oğlanlar kişilik şəxsiyyətini ataya bən­zəməyə çalışaraq, onu təqlid edərək qazanır. Xalqımıza görə, oğlanların kişi kimi yetişməsi, onların sadəcə fiziki inkişafı ilə bağlı olub, kişi kimi görünməsi demək deyil. Professor Ə.Əlizadə xalqımızın təfəkküründə yer almış kişilik anlayışını belə xarakterizə edir: “Kişi xarakteri üçün iradə gücü, özünə sahib olma, kişi şərəfi və ləya­qəti, xeyirxahlıq, sözübütövlük, mərdlik və s. keyfiyyətlər xasdır. Qadına müna­sibət kişi ləyaqətinin ölçüsü sayılır. Uşağın oğlan olması hələ öz-özünə onu kişi etmir. Oğlan uşağı kişi kimi tərbiyə olunur”. Eləcə də “ana haqqı tanrı haqqı kimi başa düşülür”.

1500 il tarixi olan və “milli-mənəvi dəyərlərimizdən sayılan” “Kitabi – Dədə Qorqud” dastanında Oğuz yurdunun vali­deynləri qız uşağının da dünyaya gəlişindən şad olur və həm də onu qəhrəman, eləcə də gələcəkdə həyat yoldaşı olan ərinə sədaqətli qadın-ana kimi tərbiyə edirdilər. “Patriarxal düşüncənin əleyhinə olaraq buradakı qadınların əksəriyyəti (məsələn, Burla xatun, Banu Çiçək, Selcan xatun və b.) uşaqlıqdan aldıqları tərbiyənin, alışdıqları ilə ənənələrinin, qəbilə mühitinin təsiri nəticəsində elə formalaşır ki, lazım gələndə ailə namusu, nəslin şərəfi və ədalət uğrunda kişi kimi silaha sarılır, son dərəcə dözümlü, qoçaq, qüvvətli, mərd, eyni zamanda ağıllı, tədbirli, müdrik, alicənab qəhrəman kimi çıxış edirlər”.

Qeyd etdiyimiz kimi, oğuz qızları da cəsur və igiddir. Qızların Oğuz etnik-so­sial mühiti və psixologiyası ilə şərtlənmiş olan bu xarakter əlaməti etnik birlik daxi­lində cinslərarası münasibətdə, ünsiyyətdə ən mühüm rol oynayır. Budur Banu­çiçək Beyrək ilə yarışır, onunla at oynadır, ox atır və güləşir. Yalnız Beyrək bu sınaq­dan, yarışdan qalib çıxdıqdan sonra Banuçiçək onun məhəbbətinə cavab verir.

Qanturalı Selcan xatunu almaq üçün meydanda üç heyvanla vuruşmalı olur. İkisinə qalib gələndən sonra bir qədər yorulur. Buna görə də üçüncü hey­vanla – dəvə ilə çətinliklə vuruşur. Döyüşü hündür bir yerdən seyr edən Selcan xatun: “Dəvə burnundan əzilər” – deyə Qanturalıya xəbər göndərir və bununla dəvənin zəif yerini bildirir. Ancaq Qanturalı dəvəni qızın göstərdiyi üsulla əzməyi özünə sığışdırmır: “Oğuz ellərinə xəbər gedər ki, dəvə əlində girinc olmuşdu, qız xilas elə­di”. Və Qanturalı dəvəni öz üsulu ilə məğlub edir. Oğuz­larda belə bir qayda vardı ki, döyüşdə bir igidə başqası kömək etmək istəsə icazə almalıydı… Qanturalı düş­mənləri ilə vuruşarkən Selcan xatun onun köməyinə gəlir. Qız libasını dəyişdiyi üçün Qanturalı onu tanımır və düşmənlərinə hücum edən bu şəxsin hərəkəti ona toxunur, “izinsiz döyüşə girmək bizim eldə eyibdir” – deyə ona acıqlanır.

Göründüyü kimi, Banuçiçəyin, Selcan xatunun qılınc çalması, qılınc oynat­ması, at çapması valideynləri tərəfindən təlim-məşq zamanı öyrədilmişdir. Onu da qeyd etmək zəruridir ki, “Kitabi – Dədə Qorqud” dastanında Dədə Qorqud tərəfindən müqəddəs “Qurani-Kərim”dən sitatlar gətirilmiş, “əməyə, zəhmətə xüsusi diqqət yetirilmişdir”.

Sonda belə nəticəyə gəlirik:

  1. “Kitabi – Dədə Qorqud” dastanı həm uşaqların sağlam psixi inkişafı haqqında vali­deynlərə lazımi bilik verir, həm də bu materiallar uşaq psixikasının normal inki­şafına təsir edəcək imkana malikdir;
  2. “Kitabi – Dədə Qorqud” dastanından gətirilən materiallar min illərin təcrübə süzgəcindən keçərək bu günümüzə qədər gələn və bu gün də pedaqoq və psixoloqlar tərəfindən uşaqların pedaqoji-psi­xoloji inkişafının əsas göstəricilərindən olan şəxsiyyətlərarası münasibətlərin böyük rol oynadığı sübut olunan qaynaqlardır;
  3. “Kitabi – Dədə Qorqud” dastanında olan baxış və görüşlər cəmiyyətin qəbul etdiyi milli-mənəvi dəyərlər və fəaliyyət növləri bu gün də aparıcı rol oynayır;
  4. Oğlanların və qızların fiziki cəhətdən sağlam, igid, qüvvətli, ağıllı, saf  vətən övladı kimi tərbiyə olunmaları üçün “Kitabi – Dədə Qorqud” materiallardan istifadə etmək əvəzsiz imkan­lara malikdir.


KAMAL CAMALOVUN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

 “Ömür dastanının qıfılbəndləri” kitabı

Görkəmli şair Ramiz İsmayılın  “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub.

>>>>BUDAQ TƏHMƏZ

>>>>>>ƏLİ BƏY AZƏRİ

>>>>>>RAMİZ İSMAYIL

Budaq Təhməzin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində  işıq üzü görmüş kitabın redaktoru və ön sözün müəllifi yazıçı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəridir.

Rafiq Əliyev haqqında kitab – PDF:

rafiq-aliyev-su-kimi-sakit-ve-guclu-e-standart

Download

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xanlar Həmid – Bir şeir

DARIXDIRAR

Aranlısan, aranda qal,

Dağlar səni darıxdırar.
Dağ başına enən bulud,
Ağlar, səni darıxdırar.

Küləklər yanını kəsər,
Təpələr önünü kəsər,
Günəş də gününü kəsər,
Saxlar, səni darıxdırar.

Ha çırmala qollarını,
Dağlar sevdi qullarını,
Dar dərələr yollarını,
Bağlar, səni darıxdırar.

Güvənmə bizlərə, atam,
Nə yaxşı, azadsan, adam,
Burda hər gün Tanrım, Xudam,
Yoxlar səni, darıxdırar.

25.02.2024.

MÜƏLLİF: XANLAR HƏMİD

XANLAR HƏMİDİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÖZÜ ÖZÜNƏ BƏNZƏYƏN ŞAİR

SÖZÜ ÖZÜNƏ BƏNZƏYƏN ŞAİR

Bu dəfə şair-publisist, neçə ildi “Ulduz”-un yükünü çiyinlərində sevə-sevə daşıyan Qulu Ağsəs haqda tamam fərqli yazı yazmaq istədim. Heç şeirlərindən də misal gətirmək fikrim yoxdu bu dəfə.. Sadəcə özündən danışmaq istəyirəm. Düşündüklərimi üzünə deyə bilmirəm( ayağı yer tutar deyə) , heç olmasa gizlində danışım. Heç Qulu da bu yazının fərqli olduğunu bilməyəcək. Bir az eynəyi güləcək, vəssalam. Bilirəm. Tanıyıram axı. Bəzən təlatümlü , bəzən sakit şairin çoxlarının düşündüyü kimi nə eqosu var, nə təkəbbürü. Bir özüdü, bir də sözü. Anlayançun uşaq kimi safdı, başa düşməyənçün daş, qaya. Əvvəlcə mən də onun içində gizlənən o uşağı duya bilmirdim. İnciyirdim, incidirdim. Sonra eynəyiylə, daha sonra səsiylə , ən sonda sözüylə tanıdım Qulu Ağsəsi. Özündən də yaxşı tanıdım. Hərf-hərf, heca- heca,sətir -sətir anlatdı özünü və anladım ki, nöqtədən sonra vergül olmur.
Qulu Ağsəs hər adama etibar etməz, etibar etdiyinəsə axıracan güvənər. Bacarmadığı işin qulpundan yapışmaz, amma söz verdisə edər. Dünya dağılsa da eləyər. Ona zorla heç nə etdirə bilməzsən.Gərək özü istəyə. Ürəyinə bir şey yatmadısa, vəssalam. Bircə dəfə deyər sözünü. Amma sözü də daşdan keçər.
Tərifi inandığı adamdan qəbul edər ancaq. Səsindən tutarsan ürəyindən keçənləri. Onun paltarı da, çantası da, eynəyi də adamla danışar. Özü də şeircə. Adamın üstü, başı şeirdi elə.. Gözlərində doğar əvvəlcə şeir, sonra ürəyində, daha sonra barmaqlarında. Sirrlidi. Yerişi, duruşu, gülüşü, baxışı -hamısı sirrdi. Özünü bircə özü çəkər, kimsəyə etibar etməz.Ya da qıymaz kiməsə.Bəlkə özünə qıymaz Qulu Ağsəs. Susa -susa danışar bəzən. Susa-susa qışqırar, susa-susa küsər, susa-susa barışar, susa-susa ağlayar, susa-susa gülər, susa-susa axtarar, susa-susa gözləyər. Səssizliyinin öz dili var şairin. Tənhalığında bircə özüylədi. Heç kimə borclu qalmaz. Bircə borcu Tanrıyadı. Ürəyindən keçənləri dilinə gətirməz. Hünərin var onu səssiz anla. Kiməsə bənzəməyi sevməz . Elə özünə bənzəyər həmişə. Çox dostu yoxdu . Ən yaxın dostu sözüdü. Sözüylə nəfəs alar sadəcə. Gizlində yazar, gizlində pozar. Hər kəs anlamaz quş dilini. Mükəmməliyə qaçar. Yazdığını min dəfə özünə oxuyar . Varağa oxuyar, divara, tavana, qapıya, pəncərəyə oxuyar. Pıçıltısını uzaqdan eşidərsən. Hay-küyü sevməz. Elə hamıyçun da yazmaz Qulu Ağsəs. Heç hamı kimi düşünməz də .Elə hamı da onun kimi düşünə bilməz. Eynəyindən oxuyarsan ürəyindən keçənləri. Zarafat deyil .Onun qəhrini o eynəkdi çəkən elə. İkisi də bir -birinə vəfalıdı. Bir də əl çantasıdı ona dözən.. Heç yanından əksik etməz. Hara getsə özüylə daşıyar. Nə o çantaya yükdü, nə çanta ona. Yollaşıb gedirlər .
Yeriyəndə qolları özündən qabaqda qaçar. Elə bil ki, ayaqlarına yol açar qolları. Sükutunun içində şeir doğular. Elə gözəl yiyə durar ki, sözünə. Sözünün ağasıdı axı. Onu özündən heç kim çıxara bilməz, bircə özündən başqa. Sözü balası kimi sevər, amma özünə deməz. Dedim axı, Qulu Ağsəs fərqlidi. Hərdən elə söz çıxar ki, ağzından məətəl qalarsan. Sözü bişirənlərdən deyil axı. Fərasəti yoxdu bu sarıdan. Bər-bəzəkdən uzaqdı. İnnən belə istəsə də bəzək vura bilməz fikirlərinə. Necə düşünürsə elə danışır . Uçurub dağıtdığını da özü yığışdırar. 55 ildi bir üzü var. Min şükür….
Bilmirəm yazı necə alındı. Amma bir az Qulu Ağsəsə bənzədi deyəsən.

Müəllif: Təranə DƏMİR

Qulu AĞSƏSi öz səsində buradan dinləyə bilərsiniz.

Qulu AĞSƏS digər mənbələrdə: /www.adalet.az/

QULU AĞSƏSİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru